Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
30-08-2025, 10:15
Lilpar Cəmşidqızının qəzəlləri


Lilpar Cəmşidqızının qəzəlləri

Lilpar Cəmşidqızı 31 dekabr 1965-ci ildə Bərdə rayonunun Mustafağalı kəndində anadan olub. Həmin kənddə orta təhsil alıb. 1992-ci ildə Azərbaycan Neft və Kimya institutunu (indiki Neft Akademiyası) mühəndis-texnoloq ixtisasına yiyələnərək bitirib. Bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. İlk şeirlərini heca vəznində yazıb. "Tənhalıq içində əllər üşüyür", "Qəzəllər", "Rübailər", "Qarabağa gedən yollar", "Divan", "Şuşada bir gül soldu", "Tənha bir ananın fəryadı", "Zəfəri yaşadanlar" kitablarının müəllifidir. Hazırda ikinci "Divan" kitabı üzərində çalışır. “Divan” kitabı haqqında irihəcmli məqalə və qəzəlləri 2024-cü ildə Türkiyədə müasir dövrdə “Azərbaycanda Divan şairləri” kitabında çap olunub. Elə həmin ildə Türkiyədə keçirilən “Uluslararası Füzuli Sempozyemu”nda qəzəllərinə yer verilib və eyni adlı kitabda qəzəlləri çap olunub. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Çeşmə” ədəbi məclisinin sədridir. Lilpar xanımın qəzəllərini “Bütöv Azərbaycan”ın oxucularına təqdim edirik:

Nə qədri yolla gəlmişəm, ömür keçib qulac- qulac,
Gözüm tox oldu hər zaman, heç olmayıbdı nəfsim ac.
Halal çörək qazanmışam, düz olmuşam sözümdə mən,
Unum xəmirdə islanıb, fətir bişib, yananda sac.
Qazandığım qəpik- quruş, əlimdə kirlənib mənim,
Xəyanət eyləyib, Xuda, fələk gəlib alıb xərac.
Ömür yolunda döngələr çox oldu, Tanrı, yorğunam,
Sevinci solda gizlədib, yaratdı qüssə, qəm tıxac.
Çoxaldı xəstəlik, ölüm, çatıbdır aləmin sonu,
Yerin, göyün də dərdi var, Xudayə, tez gətir əlac.
Qərası yoxdur ismimin, şükür, vəfalı bəndəyəm,
Təmiz bir ad qazanmışam, həyam olub başımda tac.
Kitab- kitab qəzəllərin içində Lilpar olmuşam,
Alışmasam zaman- zaman, külün tökər, sönər sirac.
Sirac- şam, çıraq
***************
Ey can, ürəyim dözmür, dərmanımı sən tez tap,
Göndərdi şəfa Loğman, bax yerdədi, dur gəz, tap.
Dərdim çoxalan gündən, yazmışdı şirin bir həb,
Zülmətdə gözüm görmür, gəl çarəmi gündüz tap.
Bülbül kimi aşiqlər, əfqan eləyib hərdəm,
Gülşəndə, könül, axtar, tək lalə və nərgiz tap.
Ömrün tükənən vaxtın, alnımda yazıb Tanrım,
Ey bəxti qəra könlüm, ağlımda nə var, düz tap.
Hər yolda qalan bilməz, hardan dolanıb gəlsin,
Adəm, ayığ ol başdan, fırlanma, dəqiq iz tap.
Hərdən gəzirəm tənha, ruhum göyə bağlansın,
Dünyaya gələn gündən, vardır belə yalqız, tap?
Aləmdə nələr gördün, hərdən düşün, ey Lilpar,
Xoşbəxt ola bilmişdir, oğlan ilə bir qız, tap?


********
Ürəyim quş kimi pərvaz eləyir, dardı qəfəs,
Daralır yer göyün altında mən aldıqca nəfəs.
Gəl apar ruhumu, Allah, qoy özün can evinə,
Daha ömr etməyə səbrim tükənib, yoxdu həvəs.
Mənə xoş gün yaza bilsən, yaşaram ləzzət ilə,
Qara günlər yenə qismət eləsən, ömrümü kəs.
Heç azalmır fərəhimdən çox olan qüssə, qəmim,
Nə zaman dinləyəcəksən, de, mənim arzumu bəs?
Kor olan bəndəyə nur göndərər ancaq Yaradan,
Necə insan yaşayar, göydən əgər gəlməsə Səs?
Cücərən hər toxumun nəfsi kökündən su içib,
Bu təbiətdə bitib, xan çinar altında vələs.
Elə bil küldü bu torpaq, kor edib gözlərini,
Nə vəfa qaldı, a Lilpar, nə səfa yerdə, tələs.

****
Bağlamaz zülmətdə heç bir aşiqin röya gözün,
Bir ziyasan, nur verir, ey Dilbərim, şəhla gözün.
Gül ləbindən bal çəkir, hərdəm mələklər göndərir,
Bir şəfəqdir, dan yerindən parlayır rəna gözün.
Ayrılar ruhum bədəndən cənnətin tapmaz yolun,
Bir qulun üstündən, Allah, çəkməsin Zəhra gözün.
Çən gələr, dağlar dumandan, zirvələr qəmdən çökər,
Asimandan yol çəkilməz, aldadar xülya gözün.
Cəftəsiz qəlbin içindən yar gələr, mehman olar.
Keçsə Məcnun, can evindən, bağlayar Leyla gözün.
Sevgisiz torpaq gül açmaz, məhv olar, gülməz cahan,
Göydə şimşək çaxsa hər gün, gizlədər dərya gözün.
Ey Xudavəndim, bu şair bəndənin ruhun qoru,
Sevdi Lilpar göydə Yarın, çün tutub sevda gözün.


****
Çəkilən zəhmətə hər dəm özü qiymət verib O,
Gecə- gündüz çalışan bəndəyə sərvət verib O.
Yerin altında və üstündə nələr xəlq eləyib?
Onu kəşf etmək üçün adəmə qüdrət verib O.
Yaradıb aləmi, Adəm baba, Həvva nənətək,
Bu fəna mülkə gələn hər kəsə möhnət verib O.
Özü şah olmayanın məthəmətin zalım edib,
Qulu incitmək üçün güclüyə şiddət verib O.
Nəyi göndərsə təbiətdə bitib, məhsul olub,
Bəşər övladını doydurmağa nemət verib O.
Günəşin şöləsi Peyğəmbər odundan yaranıb,
Əli aydır, səpir öz nurunu, rüsxət verib O.
Qəzəlin bəhrini Lilpar rəməl üstündə qurub,
Yenə misradən alıb, hər sözə hikmət verib O.


*********
Bir qulam, qibləm, pənahım, ruhumun padşahı var,
Dönmərəm eşqin yolundan, hər kəsin öz rahı var.
Bir günəşdir çün Məhəmməd, göydə parlar, yer gülər,
İsmi Həzrət, lütfü sərvət, nurdur, Allah, mahı var.
Məzlumun qəlbin qıranlar, Tanrıdan üz döndərib,
Zülm edənlər bilmir ancaq bəndənin bir ahı var?
Mərhəmət eylər, bağışlar, səhv edib dönsən əgər,
Yer üzündən sonra, insan, Tanrının dərgahı var.
Kainat yerdən və göydən cəmlənib, dünya budur,
Bir çiçək yoxdan yaranmır, aləmin səyyahı var.
Axirətdən ayrı düşməz, sevməyən dünya malın,
Çün qiyamət vaxtı bir gün, aləmin dəsgahı var.
Bəndənin şeytan əlindən aldadır, ağlın alır,
Zikr edir Lilpar, yorulmur, dildə bismillahı var.
****
Seçib ömrümdə mənim ruhum əzəl qarəni rəng,
Eləyib tellərimin üstünə ağ rəngi çələng.
Nə qədər qan tökülüb torpağa, insan "qırılıb",
Gül açar yer üzü, Allah, bu cahan görməsə cəng.
Günəşin şöləsinə aşiq olar mavi səma,
Dağıdar köksünü tərpətsə əgər güllə- tüfəng.
İgid əsgər döyüşüb, bir daha qan axmasa ta,
Sevinər, nəşələnər, yerdə zəfər, göydə fişəng.
Meşənin sahibi var, qurdu-quşu ram eləyər,
Yemi ağzında gələr, şah olar ormanda pələng.
Yerin öz tarixi, öz fəlsəfəsindən yaranıb,
Gecə- gündüz dəyişən dairədi, şardı nəhəng.
Onu qızlar götürüb kəndə bulaq üstə gedib,
Qədim alətdi, sərinlik gətirib qəlbə səhəng.
Çalışan yayda qışın ruzisin aləmdə yığar,
Yatan insan küt olar, pas atar, olmazsa zirəng.
Daha, Lilpar, bəyaz üstündədir ömrün, dəyişib,
Yenidən bəxtinə gəlməkdə sənin qırmızı ləng.


Mehman edərəm xanəmə yar, etsə təvəqqe,
Ruhum eləyər eşqi nübar, etsə təvəqqe.
YaRəb, sənin eşqinlə zimistanda gül açmış,
Qəlbim duyar aləmdə bahar, etsə təvəqqe?
Bir gül nə zamandır ki, gülüstanda solubdur,
Qan eyləməsin bağrını xar, etsə təvəqqe.
Eşq atəşi çox aşiqi kül etdi cahanda,
Mən yandıracam qəlbimi, nar etsə təvəqqe.
Bir xəstə gedər çarəni loğmanda tapar, yar,
Dərman gətirər, bəlkə nigar, etsə təvəqqe.
Bağban sulayan hər ağacın məhsulu olmaz,
Verməz quruyan bir "qolu" bar, etsə təvəqqe.
Qəlbində məhəbbət çoxalıb Tanrıya, Lilpar,
Hər bir qulu Sultan qoruyar, etsə təvəqqe.

********
Getmişdi dağın köksünü viran edə Fərhad,
Bir canı Şirin eşqinə qurban edə Fərhad.
Sevda gülünün ruhunu qəlbində böyütmüş,
Niyyət eləmişdir, onu canan edə Fərhad.
Çəkmiş nə qədər cövrü cəfa, gəlməmiş afət,
Tökmüş gözünün yaşını, ümman edə Fərhad.
Sınmışdı könül aynası, çəkmişdi məşəqqət,
Allah yaradıb ömrünü zindan edə Fərhad?
Dərmişdi gözəl bir gülü bağban budağından,
Girmiş bağa, bülbül kimi əfqan edə Fərhad.
Rəsmin elə çəkmişdi, Şirin sanki dil açmış,
Vermişdi hərarət, onu insan edə Fərhad.
Lilpar, daş olan yerdə məhəbbət çiçək açmaz,
Yol vermə gəlib qəlbini ünvan edə Fərhad.

*****
Nə qədər şövq eləsən ruhumu Loğmanə tərəf,
Çəkirəm cismimi, ey dil, yenə dərmanə tərəf.
Mənim eşqim necə sığsın bu kiçik qəlbimə, yar?
Aparır cismimi yox, ruhumu cananə tərəf.
Bitirər həsrəti Canan, yenə vüslət gətirər,
Qovuşar ruhum əgər, getməsə hicranə tərəf.
Dolaşar flrtına hərdən, gəmi sahildə qalar,
Çevirər səmtini ancaq yenə ümmanə tərəf.
Yaradan sevdiyi hər bəndəyə verdikcə bəla,
Açılar çox qapılar dəhrdə insanə tərəf.
Sevən aşiq yerin üstündə gözəllik yaradar,
Gətirər bülbülü qəm sünbülə, reyhanə tərəf.
Mələk ismində olan qızları cənnət çağırar,
Səni, Lilpar, ürəyin göndərər ünvanə tərəf.

*****
Xudaya, səhvim olsa gər, mələklərin yazar günah,
Cinayət eyləyənlərin, qanında gizlənib tamah.
Yaratdığın yerin, göyün günahla doldu, gəl yetiş,
İbadətim azalmamış Sən arxa dur, gətir rifah.
Çətin günümdə hər zaman mənim yanımda durmusan,
Sevimli bəndənəm, Xuda, bu qəmli qəlbə ol pənah.
Bəyaz günümlə birgə hey toran gətirdi qismətim,
Telimdə qar çiçəkləyib, içində yoxdu bir siyah.
Çiyinlərimdə qoyduğun mələklərin yazır, pozur,
Savabı yazdı sağ cinah, günahı yazdı sol cinah.
Bədənlə ruhu vermisən, idarə eyləyir başım,
Xudaya, gözlərim görür, keçir zaman, gəlir sabah.
Sazaqda, qarda gözləyən, itaət eyləyən qulam,
İsinsə könlü Lilparın, demək ki, var yanında Şah.

*****
Ey sevgi- məhəbbət, darıxan könlümə yol aç,
Qəlbim, bu hərarətdən oyansan, yenə dil aç.
Yol bağlıdı, həsrət tökülür şor bəbəyimdən,
Kirpikləri yarın deyə bilmir, kora göl aç.
Zülfümdə pərişanlığı heç görmədi şanəm,
Əl çək bu dağılmışlara bir- bir yana tel aç.
Qəlbim selə aldanmasa, eşq atəşi sönməz,
Vur xəncəri, töksün qanı, köksümdə tunel aç.
Gün doğmasa, zülmət bürüyər aləmi, ey dil,
Çəkmişsə niqabın günəş olmaz onu, yel, aç.
Yarın qızaran çöhrəsi bir laləyə bənzər,
YaRəb, tumu eşqin səpilibdir, onu gül aç.
Lilpar, səni Allah nə gözəl bəxtəvər etmiş,
Vardırsa bu aləmdə günahın, Ona əl aç.
30-08-2025, 10:06
Musiqinin diliylə danışan Fərman


Musiqinin diliylə danışan Fərman

Haqqında söhbət açacağım gənc xanəndə Fərman Məmmədov Azərbaycanın ən gözəl, səfalı bölgəsi olan, ilin hər fəslində, dünyanın hər yerindən turistlər gələn, Şahdağın qoynunda məskən salan Qubada, Birinci Nügədi kəndində anadan olub. Şəninə mahnılar yazılan, tarixləşən Şahdağı, Xınalığı, dünyanın sirr sandığı olan “Qəçreş”, “Təngəaltı”, şəlaləsiylə hər kəsi heyran edən Quba. Cümlə gözəlliyi ilə öyünən Quba!
Dağların şahıdı, Şahdağın sənin,
Nazlı bir gəlindi çölün, çəmənin.
Azərbaycan adlı ulu vətənin,
Sirli, möcüzəli daşısan, Quba!

Xınalıq dünyanın sirr sandığıdır,
Möcüzə bağçası cənnət bağıdır,
Hər günün toy-büsat, çal-çağırlıdır,
Cümlə gözəlliyin tacısan, Quba!

Qudyalçayın layla çalır gecələr,
"Qəçrəş"ində çox qonağın dincələr,
"Təngəaltı" baxışlara nur çilər,
Cənnətin özüylə qoşasan, Quba!

Şahdağda Quba, həm Qusar bərqərar,
Ətəyində möhtəşəm bir dünya var,
Şəninə yazılıb şeir, dastanlar,
Yaşın çox olsa da, cavansan, Quba!..

Məmmədov Fərman Ağagül oğlu doğulduğu Birinci Nügədi kəndindəki Z.Kərimov adına 1 saylı orta Quba Uşaq Musiqi məktəbində 5 il musiqi təhsili alıb. Məktəbin müdiri İlqar Məmmədov Fərmanın səsini, ifaçılıq bacarığını görmüş və qarmon sinifindən xanəndəliyə yönəltmişdir. 5 il Coşqun Beydullayevdən musiqi təhsili almışdır. Musiqilə nəfəs alan bu balaca, gülərüz, mehriban oğlanın üzünə İlahi uğur qapısı açmışdır. Xan Şuşinskinin 115 illiyinə həsr olunmuş 3-cü muğam festivalında uğurlu çıxışına görə “Fəxri Fərman”la təltif olunub. Bununla yanaşı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 130 illik yubileyindəki çıxışı, ifası çox bəyənilmiş və sanki onun ilk uğurlu konsert proqramı olmuşdu. Sonra ardıcıl Quba, Ağsu, Xaçmaz rayonlarında, Milli Xalça Muzeyində və bir çox dövlət tədbirlərində çıxışları onu daha çox tanıtdırıb. Hər çıxışından sonra diplomlar, mükafatlar, tərifnamələr verilir.
Xanəndə olmaq hər kəsin arzusu ola bilər, amma insanların sevgisini ifasıyla qazanmaq, sevilmək yalnız Fərman kimi istedadların bacaracağı işdir...
Fərmanı telekanallarda görmüşdüm, səsini, ifasını çox bəyənmişdim. Söhbət etdikdən sonra bir daha əmin oldum. Axı mən həm də musiqişünasam, istedadı tanıya bilirəm...

Musiqiçi olmaq – möhtəşəm ifasıyla qəlb qapıların açmaqdır. Bizim bu gözəl oğlan Fərman həmin qapılardan asanlıqla içəri girməyi bacarır. Söhbət zamanı ona sual verdim ki, bu uğurların üçün kimə borclusan?
“Öncə bizi yaradan uca Allaha, sonra məni dünyaya gətirən, hər əziyyətimi çəkən, böyüdən ağzı dualı gözəl anama, 1-ci sinifdən bu günə qədər mənə elm, təhsil öyrədən nəcib, xeyirxah insan olan müəllimlərimə ömrüm boyu borcluyam, minnətdaram”.
Mənim qəhrəmanım gənc ifaçı Fərman səsi ilə könülləri, musiqilə yolları işıqlandırmışdır. Əslində musiqinin dili ilə danışmağı bacaran insan sanki dünyanın ən gözəl, mənalı, unudulmaz həyat hekayələrini söyləyir. Bizim Fərman da o insanlardan biridir...
Fərmanın səsi, sadəcə bir melodiya deyil, həm də ruhun sükutuna toxunan həzin bir pıçıltıdır. Onun hər ifası gözəldi, gəncliyini, nəfəsini, istedadını rəngarəng musiqiyə çevirmişdir.

Bunu öncə deməliydim, Fərman 2019-da Asəf Zeynallı adına musiqi kollecinə, xanəndəlik sinifinə daxil olur. Xanəndəlik üzrə Xalq artisti Alim Qasımovun sinfini bitirir. Muğam üzrə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalardan dərs alır, mükəmməl öyrənir, onların sevimli tələbəsi olur.
2023-cü ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olur. Burada Konservatoriyanın baş müəllimi Vüqar Əliyevdən dərs alır. Elə bu musiqi ocağında əməkdar artist Bəyimxanim Vəliyevadan metodika üzrə, vokal dərslərini isə Prezident təqaüdçüsü, Əməkdar artist Ramil Qasımovdan almışdır.
Fitri istedadı, səhnə mədəniyyəti, şux qaməti, bənzərsiz səsi olan Fərman, media aləmində, sosial şəbəkələrdə, kanallarda tanınmağa başlamışdır. O, muğamla yanaşı, xalq, bəstəkar mahnılarına da müraciət etmiş və uğur qazanmışdır. Özünün dediyinə görə ilk trend olduğu mahnılardan biri çox dəyərli, unudulmaz mahnıların bəstəkarı Bəhram Nəsibovun “Sənsiz yaşaya bilmirəm” ”mahnısı olub. İnstqram və tiktokda uğur qazandı. Sonra dünya şöhrətli Xalq artisti Zeynəb Xanlarovaya məxsus olan “Gül mənimdir” mahnısı oldu. Fərman təzə mahnılar üzərində məsuliyyətlə, sevgilə işləyir, musiqisi bəstəkar Əli Baxışa, söz Z.Bəhmənliyə aid olan mahnıları var, artıq hazırdır. Söhbət zamanı Fərmana belə bir sual verdim:
“Sənin nəslində musiqiçi kimsə olub? Bu istək səndə hardandır?”

“Bəli, ana nənəmin çox gözəl məlahətli, zil səsi olub. Nənəm rayonumuzda, obamızda xınayaxdı, nişan və qadın toy məclislərində iştirak edib. Nənəmin gözəl səsi və oxumaq arzusu olmağına baxmayaraq, babam və ailəsi səhnəyə çıxmağa icazə verməyiblər. Nənəmin arzusu, musiqiyə olan sevgisi elə o məclislərdə qalıb. Möhtəşəm səsi vardı nənəmin. Sanki mən nənəmin yarımçıq qalan arzularını yaşadıram, yolunu davam etdirirəm”.
Bundan əlavə, iki-üç nəfər də nəslimizdə tar-qarmon çalan kişi ifaçı olub.
Yuxarıda adlarını çəkdiyimiz şöhrətli, hörmətli müəllimləri Fərmanla fəxr edir, onu çox sevirlər. Fərman səsin sehrinə düşüb, musiqi ilə nəfəs alır, melodiyalarda gizlənən gənclik, bütövlükdə ulduz kimi parlayacaq.

Əzizimiz Fərman bəy, bu sənət yolunda sənə əbədi yaşıl işıq, bol uğurlar, sağlam, bərəkətli ömür, xoşbəxtlik diləyirəm. İnşallah, sorağın dünyanın hər yerindən gələcək. Buna biz inanırıq.
Zeynəb Bəhmənli,
şairə-publisist, musiqişünas,
Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliklərinin üzvü, “Qızıl qələm”, “Natəvan”,
“Məhsəti”, “İraq-Türkmən Yazarlar Birliyin”in
fəxri üzvü, “Dünya Söz Akademisi”nin Edebiyyat
və şeir diplomçusu, Prezident mükafatçısı



30-08-2025, 09:58
XOŞ TƏSSÜRATLI BİR SƏFƏR


XOŞ TƏSSÜRATLI BİR SƏFƏR

Dünya söz Akademisinin Uluslararası Halk Ozanları Hacı Bektaş Buluşması Kültür Merkezinin simpoziumunda 11 ölkədən tanınmış ziyalılar, elm, sənət adamları iştirak etmək üçün dəvət almışlar. Azərbaycandan 3 nəfər Qarabağ Universitetinin filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizağa Nəcəfov, həmin üniversitetin dosenti, filologiya elmləri doktoru Aynur Nəcəfova və mən.
Öncə onu deyim ki, uzun illərdi qardaş ölkə Türkiyəni görmək, sənət incilərindən biri olan Ayasofiyanı, Hacı Bektaşi ziyarət etmək və Atatürkün heykəlini görmək ən böyük arzum olub. Mən bu səfər üçün öncə Uca Allaha, sonra Söz Akademisini Azərbaycanda təmsil edən şair-dramaturq, doktor Qardaş bəy Əlişoğluna, Dünya Söz Akademisinin başkanı, professor Hayrettin bəy İvginə və Mustafa bəy Özcivana çox təşəkkür edirəm. Bu səfər günlərində mənə övladım kimi sevgi, diqqət, qayğıyla yanaşan Əzizağa bəyə və Aynur xanıma minnətdaram, Allah onlardan razı olsun.

Mən ilk dəfə Türkiyədə belə mötəbər tədbirdə olurdum. Bakıdan İstanbula, oradan da Kapadokiyaya uçduq. Heç kimi tanımırıq, amma bizi qarşılamağa gələnlər saat yarım gecikən təyyarəmizi səbrlə gözləyiblər. Bir də gördük ki, əllərində bizim adlarımız yazılmış iri plakat olan iki nəfər o baş-bu başa gəzirlər. Beləcə bizi gördülər və apardılar Nevşehir Hacı Bektaş ilçəsinə “Evrim otel”ə. Orada bizi professor Hayrettin bəy İvgin, Mustafa bəy Özcivan və digər ölkələrdən gəlmiş nümayəndələr gözləyirdilər. Bir az dincəldikdən sonra bizi yeməyə apardılar. Bizimlə bərabər Özbəkistan, Kosova, Qazaxıstan, İran, Qırğızıstan, Ankara, Anadolu, Gürcüstandan olan sənət, elm adamları da var idi. Səhəri gün saat 10:00-da Hacı Bektaş Veli Kültür Mərkəzində proqram üzrə tədbir başlandı. Hamımızı adımızla hansı ölkədən gəlmişiksə, təqdim etdilər. Çıxış üçün hər kəsə 10 dəqiqə vaxt verilmişdi. Azərbaycandan Əzizağa və Aynur Nəcəfovlar, mən Zeynəb Bəhmənli, Özbəkistan İslam Mədəniyyət Mərkəzindən Durdana Rasulova, Kosovadan Taner Güclütürk, Qazaxıstandan Marlen Adilov, Qırğızıstandan Tolkun Asirdınova, Kyral Asanaliyeva, Gürcüstandan Şərqşünas Mzısa Buskivadze, İrandan İlqar Baharlı, Türkiyədən Çiğdem Boz, Mehmet Çeribaş, Mehmet Yardımçı və digərləri. Səhəri gün Ankaradan gəlmiş (60 nəfər) ozanlar xor kollektivi çıxış etdi. Xarici ölkələrdən gələn qonaqlara müxtəlif diplomlar təqdim olundu.
Orada olduğumuz 4-cü gecə “Evrim otel”in akt zalında qonaqlıq və çal-çağır, konsert oldu. Öncə Hayrettin İvgin çıxış etdi, sonra Mustafa bəy şeir dedi, həm də oxudu. Amma Hayrettin bəy öz çıxışından sonra mənə söz verdi, Qarabağa və Türkiyəyə aid şeirlər söylədim, kitablar və “Mübariz qadın” jurnalımızı təqdim etdim. Həmin simpoziumda mənə ayrılıqda 2 diplom və 1 təşəkkürnamə verildi. Ozan Nurgül Ateş çoxlu aşıq mahnıları oxudu.
Sonra Xanım Göyçəlinin ifa etdiyi, sözləri mənim olan “Mən gözəllər gözəliyəm” oynaq saz havasına yaxşıca oynadlılar. Əsas onu qeyd edim ki, tədbirdən sonra bizi tarixi yerlərə, ziyarətgahlara apardılar. Birinci Atatürkün heykəlini ziyarət etdim.
Nevşehirdə, Hacı Bektaşda olduğumuz yerlər:
1. Hacı Bektaşın ev muzeyi;
2. Bektaş türbəsi;
3. Dörd qapı məqamı;
4. Aslanlı çeşmə;
5. Badəm Sultan türbəsi;
6. Qaymaqlıda yeraltı şehir;
7. XI yüzilliyin Görəmə monastrı və 7 külesi. Rahibələr ilə rahib okulu;
8. Üçhisar kalesi, 9 mərtəbəli Göremə qülləsi;
9. Pəri bacaları;
10. Göremə Açıq hava muzeyi;
11. Kapadokiya vadisi;
12. Kapadokiya bəyaz atlar ölkesi;

Hacı Bektaş Veli adına Türk xalqı sayqı ilə ehtiramla inam bəsləyir. Hacı Bektaşın adına tarix muzeyi, ev muzeyi, xüsusi qızlar liseyi, Mədəniyyət Mərkəzi, ziyarətgah, Hacı Bektaş Veli Atatürk tarix muzeyi var. Bunların hamısında xatirə şəkilləri çəkdirdik. Bu saydığım, yuxarıda adını çəkdiyim 12 tarixi yerlərə dünyanın hər yerindən turistlər gəldiyini gördüm.
Yeri gəlmişkən Hacı Bektaş Veli Xorasanın Nişabur şəhərində dünyaya gəlmişdir. Onunla eyni illərdə Xorasanın Belh şəhərində tarixi şəxsiyyət Mövlana Cəlaləddin Rumi də dünyaya gəlibdi. Türkiyədə onlar görüşmüşlər.
Hacı Bektaşın babası Hz. Mühammedin nəvəsi (torunu) 7-ci imam Museyi Kazımın soyundan olan seyid İbrahimin və Hatem xatunun oğludur. Ona bəzən Hacı Bektaş Xorasani də deyirmişlər. O, 1221-ci ildə Xorasanı tərk edərək, Azərbaycan üzərindən keçib Anadoluya gəlmişdir. M.K.Atatürk Ankaraya gedərkən 1919-cu ildə Hacı Bektaşı və Çələbi Cəmalləddini ziyarət etmişdir.
Mən bizim “Mübariz qadın” jurnalımızı da aparmışdım. Mahirə xanım Əsədovaya hərs olunmuş xüsusi buraxılışı məclisdə Dünya Söz Akademisinin başkanı professor, dəyərli yazar Hayrettin bəy İvginə təqdim etdim və o xanım haqqında məlumat verdim. Başkan da öz dərgisi olan “Kültür çağlayanı” adlı jurnalından və kitablarından göndərdi. Mənə də jurnal, “Sarı gəlin”, “Aşıq Veysəl” və “Şah İsmayıl” kitablarını hədiyyə etdi. Yeri gəlmişkən deyim ki, Hayrettin bəy “Sarı gəlin” kitabında tarixi faktları açıqlayıb. Mənfur ermənilərin yalanını üzə çıxarıb. Eləcə də “Aşıq Veysəl”in həyat və yaradıcılığını göz önünə gətirib, çox dəyərli bir əsərdi.

Orada digər tanımış yazar Kamber Özcivan bəy mənə gözəl, nəfis formada hazırlanmış kitab bağışladı.
“Hacı Bektaş Veli Dergahı ve Bektaşilik” adlı bu kitabı çox sevdim. Kitabda İslamın dəyərləri, Alevi-Bektaşı toplumunun sorunlarını, çözüm yollarını qələmə almışdır. Bu mövzuda ilk kitabı tanınmış yazar Kamber bəy Özcivan yazıb. Kitab çox dərin məzmunlu, samballı, oxunaqlı, tarixi faktlara əsaslanır.
Mən kitablar üçün professor Hayrettin bəy İvginə və yazar Kamber Özcivana çox təşəkkür edirəm...
Orada mənə Uluslararası Dünya Söz Akademisinin “Kültür ve Edebiyyat Ödülü” diplomu təqdim olundu.

Zeynəb Bəhmənli,
AYB-nin və AJB-nin üzvü,
İrak-Türkmən Yazarlar Birliyinin fəxri üzvü,
Prezident mükafatçısı, şairə-publisist, Musiqişünas

30-08-2025, 09:16
PUBLISISTIKA – POEZIYANIN MƏNƏVI QIDASIDIR.

PUBLISISTIKA – POEZIYANIN

MƏNƏVI QIDASIDIR.


Özbəkistan Jurnalistlər birliyinin Namangan vilayəti bölməsinin sədri, Yazıçılar İttifaqının üzvü, “Namangan həqiqəti” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri Nasircən DEHQONOV (Nasir ABBAS) ilə müsahibə.

- İfadə etdiyiniz poetik aləmdə həsrət, iztirab, səbrlilik, ümid hisslərinin hansı üstündür?
-Hisslər sanki on səkkiz min aləmin zərrələri kimidir – rəngarəng və təkrarsız. Lakin poetik yaradıcılığımda hansının daha çox hiss olunduğu barədə düşünməmişdim. Əgər sualınıza cavab olaraq danışmalı olsam – həsrət… gələcəyə duyulan həsrət. İztirab da ön sıradadır. Axı arzusu, amalına çatmaq istəyi olmayan insan olmadığı kimi, iztirabsız insan da yoxdur. Xüsusilə şairlik, iztirabın sadiq dostu kimi daim insanın ruhunu müşayiət edir. Çünki iztirab bəzən ruhunun sıyrılmış qatlarını bərpa edir, onu saflaşdırır. Elə anlar olur ki, hisslərin savaşında səni saflaşdıracaq iztirabları arzulayırsan, hətta onlara ehtiyac duyursan.
Səbr... Bəs səbr nədir? Mən anlayıb dərk etdiyim səbr duyğusunu başqalarına izah edə bilməməyin çətinliyini yaşayıram. Ona görə də səbr mövzusu açılanda, sinəmdən sanki “səbr nədir?” sualı axır... Hələlik üç poetik toplum çap olunub. Onlardan birinin adı “Səbrin təbəssümü”dür.

Nə qədər ki, səndən iztirab gəldi,
Mən bu dünyadan yaxşılıq gördüm.
Səbir gülümsəyir sənin bağrında,
Mənim hər nəfəsim bir nisgil, bir dərd…

Ümid – mənim xilaskarımdır. Bu duyğu həyatsevərliyin, quruculuğun, yaradıcı düşüncənin, insanlığın damarlarında axan bitib-tükənməz bir gücdür, qaranlıqlarda yanan nur, eşq və inamın köküdür.
- Namangan ədəbi mühiti necə idi?
- Namanganda ali təhsil aldım. Ədəbiyyatla məşğul olan insan üçün paytaxt – Daşkənd və digər böyük şəhərlərin “havası”nın nə qədər zəruri olduğunu daha gənclik çağlarımdan hiss etmişdim. Lakin ötən əsrin 80-ci illərində tanışlıq və korrupsiyanın açıq-aşkar çiçəkləndiyi bir dövrdə ailə vəziyyətimə görə Daşkəndə gedə bilmədim. Anam çox öyüd-nəsihət verərdi. Atam isə dürüst, prinsipial bir insan idi – xalq dilində desək, "kommunist" idi. Əslində məktəbi bitirən kimi Daşkəndə gedib oxumaq imkanım vardı... Bu nisgil tez-tez qəlbimi didib-dağıdır.
Ozod Şarofiddinov, Matyoqub Qoşconov, Rauf Parfi, Erkin Vohidov, Şavkat Rəhmon, Xurşid Davron, Abdulla Oripov, Həlimə Xudoyberdiyeva... onların Daşkənd ədəbi mühitində necə güclü simalara çevrildiyi göz önündədir.
Sualınıza dönsək: Mən Çortoq rayonundan vilayət mərkəzinə işləməyə gələndə artıq qırx yaşa yaxın idim. Rayon qəzetində çalışaraq yerli səviyyədə jurnalist və şair kimi tanınırdım. Vilayət mərkəzinə isə mənəvi müəllimim, o dövrdə “Xalq irodəsi” qəzetinin baş redaktoru Mahmudjon Parpiyevın dəvəti ilə gəldim.
Özbəkistan Xalq şairi Həbib Sədulla, dramaturq və publisist Abdulla Cabbor, ustad şair Ziyovuddin Mansur, həmçinin ədəbi mühitin sütunlarından biri olan professor Odiljon Nosirov, İsmatullo Abdulla, Əlixon Xəlilbekov, NamDU müəllimləri Mahmudjon Mamurov, Qodirjon Nosirov, xalq artistləri Kamoliddin Rəhimov, Ürinboy Nuralıyev, şairə Dilbar Bonu ilə tanış oldum. Onların məhəbbət və diqqətindən bəhrələndim. Təhsil fədailəri Nazimjon Qozokov, Həbibullo Ubaydullayev, Dilşoda Dadajanovalardan ruhlandım. Xüsusilə “Özbəkistan səsi” qəzetinin vilayət müxbiri kimi qazandığım uğurlarda Namanganın ədəbi mühitinin rolu böyük oldu. Özbəkistanın Əməkdar jurnalistləri – Farhod Yolchiev, Gulomjon Akbarov və tanınmış yazıçı-jurnalist Rüstamjon Ummatovun təsiri ilə peşəkar məsuliyyət və şəxsiyyətimi formalaşdırmağa çalışdım.
“Qoşa çayın nəğmələri” və “Mühabbətdən ərzim var” adlı poetik toplularım sayəsində oxucu diqqətini qazandım və Yazıçılar İttifaqının üzvü oldum.
- Jurnalist kimi sözə olan məsuliyyət sizdə hansı meyarlar əsasında formalaşdı?
— İnkarolunmaz bir qənaətim var: Ədəbiyyat – söz sənətidirsə, jurnalistika – söz siyasətidir! Jurnalist kimi müxtəlif janrlarda materiallar hazırlayarkən sözə münasibət mənim üçün həmişə ön sıradadır. Çünki hər bir sözün məna çaları, məntiqi işarəsi var. Təəssüf ki, jurnalistikada sözə məsuliyyət məsələsi bir qədər zəifləyib. Bəzən bədii üslubla rəsmi üslubun fərqləndirilməməsi də diqqəti cəlb edir. Əksər jurnalistlər bir qəlibdə yazmağa vərdiş ediblər. Reportaj, lövhə, felyeton kimi janrlar demək olar ki, mətbuat səhifələrindən silinib. Bu isə həqiqətən üzücüdür. Kompüter texnologiyalarının imkanlarından yalnız xəbər və xronika üçün istifadə edilir. Bu isə söz xəzinəsini yoxsullaşdırır və özbək dilinin imkanlarını daraldır.
Dilin şirinliyi, sözün yersizliyi isə qrammatikanın pozulmasına da səbəb olur. Lüğətlərlə işləmək, hər sözün mənşəyini, kökünü, məntiqi mənasını, sinonim və omonimlərini, hal və şəkilçilərini düzgün işlətmək vacibdir. Məncə, qrammatikanı dərindən bilmək, sözə olan məsuliyyəti unutmaqdan qoruyur.
-Publisistika ilə poeziya arasında bir mənəvi bağ varmı?
- Publisistika – poeziyanın mənəvi qidasıdır.
Şeir, bəli, hissin və duyğunun məhsuludur, amma publisistik pafosla yoğrularsa, oxucuya daha təsirli çatır. Mübəmmalıqdan aydınlığa keçmək, həqiqəti duymaq üçün publisistikanı mütəmadi oxumaq, düşünmək, hiss etmək lazımdır. Məncə, ancaq bu yolla canlı söz yaratmaq mümkündür. Bu isə artıq böyük bir mövzudur.
-Şairlər hər zaman cəmiyyətin "vicdanı" olublar.
Bu anlayışın bugünkü mənası necə dəyişib?
-Şairlər – cəmiyyətin vicdanı, ayıq səsi, canlı nəfəsidirlər. Bu həqiqət qarşısında bu gün susmaqdan başqa söz tapmırsan, insan. Çünki bu gün plagiatlıq bir çox gənc qələm sahibləri üçün artıq qəbahət sayılmır.
Bu gün şairlərdən çox “şairciklər” meydana çıxıb. Beşinci sinif şagirdinin altı poetik kitabı çap olunub. O kitablarla tanış olanda insanın içində narahatlıq doğurur. Bəzən müsabiqə və yarışların şərtlərində “Kitabı çap olunubmu?” sualı yer alır. Bu da kitab üçün süni tələbat, təqib və yarış yaradır. “Kitab” anlayışının ucuzlaşdırılması, kiminsə şeirlərini düzəltdirib, hətta başqasına yazdırıb, pul qarşılığında “şair”, “yazıçı” adını qazanmaq cəhdləri, nəticə etibarilə kitab anlayışına olan münasibəti zədələyir.
- Gənc yaradıcılar üçün ən çox məsləhətiniz nədir: oxumaq, yazmaq, ya da öyrənmək?
- Mən gənc yaradıcılar üçün ən çox “çox yazmağı” məsləhət görürəm.
Çox yazmaq təbii olaraq çox oxumağa səbəb olur. Məncə, bəzən gənclər xalq ağız ədəbiyyatından uzaqlaşırlar, halbuki bu sahə yaradıcı fikrin qaynaq mənbəyidir. Folklorda incə bənzətmələr, müxtəlif sifətlər, bəzən kədərli, bəzən qürurlu, bəzən musiqili, bəzən dərin ritmi duymaq mümkündür. İnsan psixologiyasını nəzərə alaraq danışan fəlsəfi müşahidələr, həyati hadisələrin sirləri- bunların çoxu xalq ağız yaradıcılığının parlaq nümunələrindən gəlir.
Mən “Alpomış” dastanını, “Məlikə‑i ayyor” kimi əsərləri oxumağı tövsiyə edirəm - bu kitablar yaradıcı gənclərin estetik zövqünü zənginləşdirir, ruhuna yeni melodiyalar bəxş edir.
- Yaradıcılıq prosesində daxili psixoloji vəziyyətiniz necə dəyişir? Stress və ruh düşkünlüyü ilə necə mübarizə aparırsınız?
- Bəzən müasir insanlarda stress və ruh düşüklüyü geniş görünür.
Təəssüf ki, həssaslıq bəzən bu cür hisslərin yaranmasına səbəb olur. Mən özümü stressdən və ruh düşkünlüyündən yazmaqla xilas edirəm. Yazmaq mənim üçün bir ruh sığınağıdır. Gözlənilən və gözlənilməyən zərbələrdən qorunmaq üçün yazıya sarılıram.
Nədənsə təsirlənə‑təsirlənə fikrimdə yaranan sətirlər varsa onları kağıza köçürürəm. Yaradıcı anlar mənim üçün “yalnızlıq içində yalnız qalan” ləzzətli, ilahi anlardır.


-Namangan ədəbiyyatının özəllikləri və Özbək ədəbiyyatındakı yeri haqqındakı fikirləriniz?
-Namangan- güllər şəhəridir. Dağlıq ərazidə doğulan insan dağa xas sərtlik, bağda yetişən isə bağın yumşaqlığını daşıyır. Bu təsir mistik səslənsə də, məkan şərtləri ruhumuzun formasını müəyyən edir. Namanganlılarda zəriflik, azad ruh, gözəlliyə məftun olmaq hissi var. Bu xüsusiyyətlər onların yaradıcı üslubunda da görünür. Namangan ədəbiyyatı özbək ədəbiyyatında incə təsvirlər, sükunət, estetik ləzzət, parlaq obrazlarla tanınır.
- Beynəlxalq miqyasda Özbək ədəbiyyatının mövqeyi və tanıdılması barədə nə deyə bilərsiniz?
- Özbək ədəbiyyatını beynəlxalq səviyyədə tanıtmaq üçün bir sıra əhəmiyyətli layihələr var. “1000 kitab”, “Vikipediya” kimi təşəbbüslər özbək dilinin zənginliyini göstərməkdədir. Kərim Bəhriyev tərəfindən hazırlanmış “Dünya poeziyası antologiyası” üç cildlik kitabdır və 5 qitədən 144 ölkənin 500-dən çox şairinin əsərlərini özbək dilində təqdim edir - bu doğrudan da sevindirici uğurdur.
11 dildən özbəkçəyə tərcümə edilmiş bu şeirlər xalqlar arasında dostluğu və sülhü möhkəmləndirməkdə vacib rol oynayır. Mən Ibrohim Gafurov, Xurşid Davron, Güzal Begim, Gülnoz Möminovanın tərcümə uğurlarından dərin qürur duyuram.
- Jurnalist kimi sözün gücü və məsuliyyətə yanaşmanız, milli jurnalistikanın bu günkü çağırışları nədir?
- Sözün gücü və məsuliyyəti məni həmişə düşündürür.
Yaxın zamanda Özbəkistan Jurnalistlər Birliyi, Namangan və Sirdaryo şöbələri ilə birgə “Çodak konfransı” keçirdik. Mövzu: Milli kontent və süni intellekt texnologiyaları idi. Milli jurnalistika üçün məlumat texnologiyalarını bilmək, milli kontent yaratma bacarığını inkişaf etdirmək və süni intellekt sahəsində təbliğatı gücləndirmək indi vacib zərurətdir.
Süni intellekt -ikiüzlü qılıncdır: əgər biz onu özümüz yaratmasaq, başqalarının platformasına bağlı qalacağıq və o, bizi nəzarət altına ala bilər. İnternet trafiqimiz, fikirlərimiz, hətta üz və səsimiz izlənə bilər. Buna görə milli təhlükəsizlik yalnız hərbi gücdən deyil: rəqəmsal müstəqillik və alqoritmik suverenlik də müzakirə olunmalıdır.
Süni intellekt platforması olmayan dövlət digər dövlətlərin AI-sı tərəfindən idarə oluna bilər. Bu səbəbdən AI həm iqtisadi, həm də milli müdafiə vasitəsidir.
-Maarifləndirici işlər üçün media və jurnalistika sahəsində hansı yenilikləri təklif edirsiniz?

-Maarifləndirmə üçün daha çox matbuat nəşrlərinə dönüşü prioritet sayıram. İnternet jurnalistikası inkişaf etsin, əlbəttə -onu təqdir edirəm. Lakin qəzet və jurnalların gündəlik istehlaka qayıdışı, oxucuların kağız mətbuata yenidən maraq göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Əgər oxucu qəzet‑jurnal oxumağa qayıtsa, kitabxana yenidən gündəmə gələcək. Maarifçiliyin yüksəlməsində məhz qəzet‑nəşrlərə münasibəti yeniləmək -ən təsirli və dayanıqlı yol ola bilər.


Söhbətləşdi: Cahangir NAMAZOV,
"Butov Azərbaycan” qəzetinin Özbəkistan təmsilçisi.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!