“Temu” çatdırılma ilə bağlı bir çox şərtlərini dəyişib. Bu barədə “Temu Azərbaycan” teleqram kanalı paylaşıb. Bildirilib ki, artıq “Temu”dan sifariş edilən bağlamalar 87 günə qədər çatdırıla bilər. Əgər 87 günə qədər çatdırılmazsa ödənilən pul geri qaytarılır. Həmçinin 57 gün fasiləsiz olaraq bağlamaların statusunda heç bir yenilik olmasa, ödəniş geri qaytarılır.
Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, zərərçəkən şəxs valideynləri ilə birgə Polis İdarəsinə dəvət edilərək izahatı alınıb. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Qeyd edək ki, Xırdalanda bir qrup məktəblinin dalaşması ilə bağlı sosial şəbəkədə videogörüntü yayılıb.
Fevralın 8-də Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2026-cı il Həcc mövsümü (hicri təqvimi ilə 1447) üçün vizaların verilməsinin başlayacağını elan edib. Vizaların verilməsinin belə erkən başlanması Krallığın 2030-cu il Vizyonuna uyğun olaraq xidmət hazırlığını artırmaq və zəvvarların rahatlığını ayinlərdən təxminən dörd ay əvvəl təmin etmək üçün hazırlanmış sürətləndirilmiş proqramın bir hissəsidir. Nazirlik xaricdən gələn zəvvarlar üçün müqəddəs yerlərdə xidmətlərin 100 faizini əhatə edən müqavilələrin, eləcə də Məkkədəki qonaqlama razılaşdırmalarının Nusk platforması vasitəsilə yekunlaşdırıldığını təsdiqləyib. Məlumata görə, bu günə qədər 750 min zəvvar qeydiyyatdan keçib və 30 min əcnəbi üçün birbaşa öz ölkələrindən paketlər sifariş edilib. Bundan əlavə, müqəddəs yerlərdə beynəlxalq zəvvarlar üçün təxminən 485 düşərgə ayrılıb və 73 Həcc işləri ofisi əsas müqavilə tənzimləmələrini tamamlayıb. Həm Krallığın daxilində, həm də xaricində Həcc işləri ofisləri və xidmət təminatçıları ilə əlaqələndirmə davam edir. Səudiyyə rəsmiləri qeyd edirlər ki, vizaların erkən mərhələdə verilməsi Həcc mövsümü üçün proaktiv planlaşdırma yanaşmasını əks etdirir, daha mütəşəkkil təcrübəyə töhfə verir və dünyanın hər yerindən milyonlarla zəvvara göstərilən xidmətlərin səmərəliliyini artırır.
Tovuzda ev yandı - 84 yaşlı kişinin meyiti aşkarlandı
Tovuzda yanğın olub. Hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Belə ki, Qovlar şəhərində yerləşən fərdi yaşayış evlərinin birində baş verən yanğın zamanı 1942-ci il təvəllüdlü C.Kazımovun meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Ordusunun əsgəri vəfat edib. Quru Qoşunlarında xidmət edən Coşqun Zülfüqar oğlu Sadıqov fevralın 4-də dünyasını dəyişib. O, dəfn edilib. Qeyd edək ki, mərhum vəfatından 10 gün əvvəl - yanvarın 26-da hərbi xidmətə gedibmiş.
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Dəyişikliyə əsasən, bundan sonra bir sıra mallar, o cümlədən avtomobil benzini üçün rüsumlar ayrıca müəyyən ediləcək. Qərar 30 gündən sonra qüvvəyə minəcək.
Bakıda 32 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, fevralın 7-dən bu xətlər üzrə avtobusların hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin küçəsi ilə təşkil ediləcək. Qeyd edilib ki, Kövkəb Səfərəliyeva küçəsində müşahidə edilən nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası intervalın artmasına səbəb olur. Dəyişiklik avtobusların ləngiməsinin qarşısını alacaq, marşrutların nizamlı fəaliyyətinə şərait yaradacaq.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimi zamanı fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Zakir Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində baş tutan görüşlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhvə verdiyini vurğulayıb. Briqada generalı Əziz Nəsirzadə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə edilib. Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
İrəvanın Şenqavit rayonunda evlərdən birinin həyətində güllə yarası almış 15 yaşlı yeniyetmənin meyiti tapılıb. İntihar ehtimalı ilə bağlı cinayət işi açılıb. İlkin məlumata görə, meyitin yanında pnevmatik tapança aşkar edilib.
Pakistanın paytaxtı İslamabadın Tarlay rayonunda yerləşən Xədicətül-Kubra adlı şiə məscidində partlayış baş verib. Partlayış nəticəsində azı 24 nəfər ölüb, 101 nəfər yaralanıb. Ehtimala görə partlayışı terrorçu törədib. Özü də həlak olub. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. İslamabad polisi hadisənin detallarını araşdırır.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!