Bu günlərdə “SOCAR” Dövlət Neft Şirkətinin binasında “Dərbənd” Xeyriyyə İctimai Birliyi “Azərbaycan Dili ”adli dərsliyinin təqdimatını keçirib. Qeyd edək ki, dərsliyin sponsoru “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” (ABTM) İctimai Birliyidir.Butov.az xəbər verir ki, təqdimat mərasimində dərsliyin müəllifləri, ABTM-in və “Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvləri iştirak ediblər.
Tədbirdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, ABTM-in İctimai Birliyinin sədri Xalik Məmmədov giriş sözü ilə çıxış edərək dərsliyin müəlliflərini təbrik edib.
Təqdimat zamanı məlumat verilib ki,“Azərbaycan Dili” dərsliyi dilimizi öyrənmək istəyən bütün əcnəbi vətəndaşlar üçün ilk dəfə dərc edilən kommunikativ üsulla yaradılmış çoxfunksiyali vəsaitdir və xarici dil kimi öyrənilməsinə tamamilə yeni bir yanaşmadır. Dərslikdə ünsiyyətin tipik nümunələri göstərilir, xüsusi dərketmə qiraət mətnlərindən istifadə olunur, dinləmə materialları və fərdi şəkildə, qrupla iş tapşırıqları dili dərindən qavramağa imkan verir. Həmçinin, qeyd olunub ki, bu dərslik əsas olaraq Dərbənddə yaşayan soydaşlarımız üçün təqdim edilib.
Sonra “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru Nurulla Əliyev çıxış edərək dərsliyin müəlliflərinə və sponsorlarına – bu kitabın araya-ərsəyə gətirilməsində əməyi keçən hər kəsə, təmsil etdiyi qurumun üzvləri adından dərin minnətdarlığını ifadə edərək, Dərbənddəki soydaşlarımız üçün “Azərbaycan Dili dərsliyinin ən qiymətli hədiyyə olduğunu bildirib. Onu da diqqətə çatdırıb ki, əslən Dərbənddən olan Bakı ziyalılarının təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Dərbənd” Xeyriyyə İctimai Birliyi Azərbaycan və Dağıstan Respublikaları arasında münasibətlərin inkişafına öz töhfəsini verib və bu gün də verməkdədir.
“Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən “Dərbənd” Xeyriyyə İctimai Birliyi müntəzəm olaraq müxtəlif tədbirlər, görüşlər keçirir, həmyerlilərimizin vəziyyəti ilə maraqlanır. Təşkilat Dərbənddəki məktəblərdə Azərbaycan dilinin tədrisində, Dərbəndin tarixinin və mədəniyyətinin təbliğində fəallığı ilə seçilir. Vaxtaşırı mətbuatda çıxış edən qurumun üzvləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasəti, tolerantlıq ənənələrini, mədəniyyətlər və sivilizasiyalararası dialoqu fəal dəstəkləyir, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və respublikamızın inkişafı naminə səylərini əsirgəmirlər.”
Çıxışına davam edən birliyin sədri N.Əliyev qeyd edib ki, Dərbənddə yığcam yaşayan azərbaycanlıların doğma dilimizin öyrənilməsi və təkmilləşdirilməsi üçün ABTM tərəfindən əvəzsiz olaraq, ayrılan dərslikləri məmnunluqla qəbul edərək, onların yaxın günlərdə Dərbənd Mərkəzi Kitabxanasına və şəhərin orta məktəblərinə çatdırılacağını bildirib.
Daha sonra tədbirdə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvləri Teyfuq Bağırov, Soltanat Əliyeva, Rəhilə Əsgərova , o cümlədən “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” Təhsilə Nəzarət Departamentin rəisi Ələkbər Ələkbərov, “Azərbaycan Dili” adli dərsliyin müəllifləri Bakı Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekanı G.H. Rəhimova, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova, E.N. Fərəcullayeva, R.Y. Həbibli, Beynəlxalq Dizaynerlər İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvü, CQE-nin XIV Beynəlxalq konvensiyasının “ Əsrin Keyfiyyəti” qızıl mükafatçısı, “RAYMOND ART” studiyanın rəhbəri Raymonda Xıdırzadə və başqaları çıxış ediblər. Çıxış edənlər Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin rolunu , məhz bu dahi şəxsiyyətin səyləri nəticəsində xalqlarımız arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmlənməsi barədə xüsusi fikirlərini vurğulayıblar.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsidir ki, son illərdə hər iki respublika arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələr sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Sərəncamı ilə Dərbənddə mədəni obyektlərin yenidən qurulmasına vəsaitin ayrılması, Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil müəssisələrinin binalarının əsaslı təmiri və yenidən qurulması və s. faktlar hər iki respublika arasında əlaqələrin inkişafının bariz nümunəsidir.
Tədbirin sonunda ölkə Prezidenti İlham Əliyevin Azərbaycan dilinin təbliğində misilsiz xidmətlərindən, həmçinin yeni dərsliyin əcnəbi vətəndaşların, xüsusilə Dərbənddə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinin vacibliyindən danışılıbı və səmərəli təkliflər verilib.
Təqdimat xatirə şəklinin çəkilməsindən sonra başa çatıb.
[/center]