İran-Azərbaycanla sərhədi açılır? - Səfirdən önəmli AÇIQLAMA .....                        Azərbaycanda 78 yaşlı şəxs peşə məktəbinə qəbul olub .....                        Ərdoğan Mahmud Abbasla görüşdü .....                        “2025-ci il Əliyevi siyasi strategiyasının zirvəsidir” .....                        MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi .....                        Məhkəmə "Oleq Bakinski" ilə bağlı qərar verdi .....                        Ağdam şəhəri sakinlərini gözləyir - Köçün tarixi AÇIQLANDI .....                        Astarada 71 yaşlı qadın qətlə yetirildi .....                        Bu il Xocəvəndə 1552 ailə köçürüləcək - Xüsusi nümayəndə .....                       
21-02-2022, 15:10
Bakıdan deputatlar getdi, ermənilər yolu bağladı


Qarabağda döyüşən 100-ə yaxın erməni Ermənistan- Türkiyə münasibətlərinin normallaşması prosesinə etiraz olaraq İrəvanın Zvartnots hava limanına gedən yolu bağlayıblar.
Axar.az erməni mətbuatına istinadla xəbər verir ki, aksiyanın keçirildiyi ərazidə çoxlu sayda avtomobil yığılıb, polislə toqquşmalar var.
“Azərbaycanlı deputatlar Ermənistana gəliblər, Türkiyə ilə resylər açılıb. Bəs, bizim Qarabağda ölən uşaqlarımız necə olsun?” - aksiya iştirakçıları bildiriblər.
“Onlar (azərbaycanlılar – red.) artıq bizim evimizə giriblər. Əgər belə davam etsə, biz daha ciddi addımlar atacağıq. Bəlkə onlara çay, kofe də verək? Türklər üçün fərqi yoxdur ki, Ermənistan var, ya yoxdur. Biz türklərlə dostlaşmaq istəmirik. Bunu kim istəyirsə, o alçalmışdır”, - etirazçılar deyib.
Aparılan danışıqlardan sonra avtomobillərin hərəkəti qismən təmin olunub, lakin vəziyyət hələ də gərgin olaraq qalmaqdadır.
Qeyd edək ki, sabah İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. İclaslarda AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov da iştirak edəcək.
20-02-2022, 21:53

Nuray Nəzərova yazır: "Aynadakı  personaj"

Nuray Nəzərova yazır: "Aynadakı personaj"

Bəzən həyatımızda elə anlar olur ki, dostlarımızın ya da sevdiklərimizin həyatımızda daima var ola biləcəyini düşünürük. Heç vaxt xəyanət etməyəcəklərini, ya da heç vaxt bizdən imtina etməyəcəklərinin fərziyəsinə qapılırıq. Lakin elə bir an gəlir ki, o insanların həyatımızda niyə və nə üçün var? Sualına öz-özlüyümüzdə cavab tapa bilmirik.
Bu günlərdə təsadüfən internet saytlarının birində gəzişdiyim zaman yazıçı Elçinin müsahibələrindən birini izləmək nəsibim oldu. Görkəmli dramaturqumuz İlyas Əfəndiyevin yadigarı olan yazar verdiyi müsahibədə xoşbəxtliyin də, bədbəxtliyin də, hətta doğmalığın belə nisbi məna daşıdığını vurğuladı. Hətta İspan yazar Migel de Servantesin məhşur əsəri “Don Ki Xot” əsərini də nümunə olaraq qeyd etdi.
Əminəm İspan yazarın bu əsərini oxumayan yaxud da adı ilə tanış olmayan kimsə yoxdur. Çünki xatirimdədir, yazarın bu əsərindən nümunəyə məktəb zamanımızda ədəbiyyat kitablarında da rast gəlmək mümükün idi. Hətta uşaq vaxtı bu əsər oxuduqlarım arasında ən sevdiyim və ən çox güldüyüm əsərlər sırasındaydı. Mövzunu çox yaxşı xatırlayıram. Və düşünürəm ki, həqiqətən bir zamanlar Servantesin “ağıldan kəm” dediyimiz bu qəhrəmanından fərqim yoxmuş. Təəssüf ki, yalançı “Divlərlə” mübarizə aparıb, yalançı “Şahzadələrə” xidmət edirmişəm. Bir də axı elə bir insan yoxdur ki, həyatının bir zamanın da özünü Don Ki Xota bənzətməsin.
Əl qərəz sözümün canı odur ki, fərqi yoxdur həyat dediyimiz bu hekayənin ömrü nə vaxta qədər davam edəcək. Ya da həyat dediyimiz bu teatr tamaşasının vaxtı nə zamana qədər uzadılacaq. Bu vaxt dediyimiz çarx hansı zamana qədər çıqqıldaya biləcək. 33 ya da 65 il dayanmadan tamaşanı seyr etmiş olacağıq. Əsas odur ki, davam edən bu tamaşanın qəhrəmanı özümüz olaq. Bir hekayə yazılırsa həyat denilən bu səhnədə qələmi başqasının əlinə verməyək. Unutmamalıyıq əsas personaj bizik-özümüz. Yazar da, aktyor da, rejissor da bizik. Qələm bizə aiddir.
Qələmin yazdığı bütün personajların ən gözəli, ən bacarıqlısı, çətinliklərdən çıxa biləcək ən yaxşı savaşçısı aynada gördüyümüzdür. Qələmin yazdığı digər personajlarsa ki biz onları aynada görmürük, onlar tamaşanın əsas qəhrəmanına yardımçı olan obrazlardır. Bəli, bəli, sadəcə yardımçı obrazlar. Qəhrəman bizik özümüz. Qəhrəman mənəm, sənsən.
Fərqi yoxdur günün hansı saatıdır, keyfimiz necədir. Əsas odur ki, həyatımızın qəhrəman personajına nə vaxt aynada rast gəlsək ona-Səni Sevirəm- deməyi unutmayaq. Axı həmişə tamaşanın əsas personajları alqışın ən böyüyünü almaq haqqı qazanır. Tamaşaçı bu tamaşanı bəyənsə anşlaqı olmayacaq tamaşadır. Ona görə də məsuliyyətini özümüz üsləndiyimiz bu tamaşanın hər səhnəsini zövq alaraq oynamalıyıq. Bu tamaşada heç bir məşq, heç bir təkrar yoxdur. Əsas istedaddır. Onun da ən yaxşısını bacaran aynadakı personajdır.


19-02-2022, 20:50
Təmiz qələm və iman sahibi


Məhəmməd NƏRİMANOĞLU-60


Təmiz qələm və iman sahibi
Qələmin müqəddəsliyinə sadiq qalaraq, həmişə sözün düzünü yazmağa çalışan, çətinliyə düşənlərə mümkün xeyirxah vasitələrdən istifadə etməklə dayaq duran, elini, obasını, xalqını canından əziz bilən, adətən, mülayim-həlim görünən, arabir kükrəyib-coşan, haqq yolunda səsini ucaltmaqdan çəkinməyən, ən qəliz məsələlərdən də hamının anlaya biləcəyi dildə yazan istedadlı qələm sahibi, gözəl ailə başçısı, hərəsi bir dağ olan iki oğul atası, xoş əməlləri ilə valideynlərinə rəhmət qazandıran “ağsaqqal” dostum Məhəmməd Sadıqovun adını ilk dəfə “Yeni Azərbaycan” qəzetində çiyin-çiyinə çalışdığı gədəbəyli Mübarizdən eşitmişdim: “Eloğlumuz Məhəmməd Nərimanoğlu bizim bacarıqlı, mübariz və qələmə sadiq yazarlardandır. Sonralar bu fikri “Respublika” qəzetində çalışarkən Qəşəm İlqardan və rəhmətlik İlham Paşayevdən (qəzetin məsul katibi idi) də eşitdim və bir daha yəqin etdim ki, jurnalistikamızın sıraları güclənməkdədir. Onlar sözardı əlavə etmişdilər ki, ölməkdə, daha doğrusu, can verməkdə olan jurnalistikamıza belə qələb sahibləri mütləq lazımdır.
Sonra onun səsini, xoş sədasını Qaçqınkomun orqanı olan “Vətən səsi”ndən eşitdik. Burada da yaxşı insanlarla, onların qayğısı ilə əhatə olunmuş Məhəmməd müəllim özünün bacarığını və qabiliyyətini, başlıcası isə istedadını bir daha göstərməyə başladı. Hər dəfə qəzetin baş redaktoru Rafiq müəllimdən Məhəmməd barədə razılıq ifadələri eşitmək olurdu. Bu qəzetlə mənim də ara-sıra əməkdaşlığım var idi. Hər dəfə bura yazı verəndə Məhəmməd müəllimlə də rastlaşır, hal-əhval tutur, bir-birimizlə yaradıcılıq polemikası aparırdıq. Bu münsibətlər bizi daha da yaxınlaşdırır, bir-birimizə olan hörməti, rəğbəti və diqqəti artırırdı. Bir sözlə, Məhəmməd Nərimanoğlunun istedadı getdikcə burada parlayırdı.
İstedadlı olmaq yaxşı şeydir, amma hamıya nəsib olan keyfiyyət deyil. Əgər ona yol açmasan, olmağındansa, olmaması yaxşıdır.
Şükürlər olsun ki, Məhəmməd Nərimanoğlu uzun illər çətinliklərə sinə gərərək, həyatın sınaqlarından mətanət və şərəflə çıxaraq, səmimiliyi, paklığı, mehribanlığı və qərəzsizliyi ilə kollektivin hörmətini qazana bildi.
Məhəmməd Nərimanoğlu kəlbəcərlidir. Orada böyüyüb boya-başa çatıb. Bu yurdun suyundan içib, bir-birindən gözəl təbii təamlarından dadıb, can dərmanı havasından udub, qiymətli, bərəkətli torpağının üstündə addımlayıb, məktəbə gedib, məktəbi qurtarıb. Sonra da ali məktəbə daxil olub və oranı da bitirib. Bir müddət də burada, doğma ocaqda çalışıb. Bunları nəyə görə xatırlatdım? Məqsədim odur ki, Məhəmməd dağ oğludur, mənim kimi. Məhəmməd dağların qoynunda çox müsibətlər görüb, ömürlüyündə problemlər yaşayıb. Anasını, atasını, yaxınlarını itirib. Ən böyük dərdi yurdsuzluqdur, Kəlbəcəri üçün burnunun ucu göynəyir. İçi göynəyir o doğma ellər üçün.
Ömürnaməsindən: Məhəmməd Nəriman oğlu Sadıqzadə 1957-ci il fevral ayının 18-gə Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbi, 1982-ci ildə Gəncə Politexnik Texnikumunu, 1990-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu, Moskvada Jurnalist Peşəkarlığı İnstitutunu bitirib. İxtisasca rejissor və jurnalistdir.
1976-1978-ci illərdə Rusiyanın Krasnoyarsk vilayətində hərbi xidmətdə olub. 1980-1986-cı illərdə Kəlbəcər rayon Mədəniyyət Şöbəsində və aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evində bədii rəhbər və baş metodist, 1987-ci ildən 1993-cü ilədək Kəlbəcərdə çıxan "Yenilik" qəzetində ədəbi işçi, müxbir, şöbə müdiri, məsul katib, 1993-1995-ci illərdə "Respublika", 1995-2000-ci illərdə "Yeni Azərbaycan" qəzetlərində məsul katib, 2000-2003-cü illərdə "Gələcək", "7-ci qitə" və "Ozan" qəzetlərinin baş redaktoru vəzifələrində çalışıb. 2003-cü ildən isə "Vətən səsi" qəzetinin şöbə müdiri, 2006-cı ildən "Yenilik Press" qəzetinin təsisçisi və baş redaktorudur.
Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayan M.Nərimanoğlu dövri mətbuatda məqalələri ilə çıxış edib, respublika mətbuatında çap olunub.
1994-cü ildə ilk kitabı ("Dağların sinə dağı") işıq üzü görən bu istedadlı qələm sahibinin 28 kitabı oxucuların ixtiyarına verilib. 100-ə yaxın ədəbi-bədii kitabın redaktoru və naşiri, onlarla bədii-publisistik kitabın öz söz müəllifidir. O, keçmiş SSRİ Jurnalistlər Birliyinin üzvü olub və hazırda Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Ailəlidir, Sənan və Kənan adında iki övladı var. Birini bu yaxınlarda baş-göz elədi. Allah xoşbəxt eləsin. Tezliklə baba olması münasibətilə Məhəmməd Nərimanoğlunun təbrik edək.
***
Uzun illər onun çətinlik və sıxıntı içində yaşadığını da müşahidə etmişəm, özü isə bunu heç vaxt büruzə verməyib. İmkanlı vaxtlarımda ürəkdən istəsəm də, ona kömək etmək mənə qismət olmayıb. Bircə misalla kifayətlənəcəyəm.
Hazırda birlikdə çalışdığımız “Azərbaycan” qəzetində elə bir əməkdaşımız yoxdur ki, onun sağlamlıq durumu ilə maraqlanmasın. Amma bu yaxınlarda o xəstə yatarkən işimin çoxluğu (işimizin xarakterini Məhəmməd müəllim bildiyi üçün üzümə belə vurmadı) xəstəxanada yatan, sonra isə ev şəraitində müalicəsini davam etdirən Məhəmmədi ziyarət edib, heç olmasa, başına sığal çəkmək belə mənə qismət olmadı. Hər dəfə bir iş çıxırdı.
Amma təsəvvür edin: mənim işsiz vaxtlarımda o, dəfələrlə mənə kömək etməyə cəhd göstərib. Bir neçə dəfə olub ki, zorla mənə pul vermək istəyib və mən dəqiq bilmişəm ki, bu onun cibində olan sonuncu manatlardır, bəlkə özünə yolpulu da saxlamayıb. O anlarda onun gözlərində ancaq mərhəmət və yalvarış görmüşəm, “Qardaş götür, əlimi qaytarma!” - fikrini duymuşam üzündən. Və bu yardım etmək istəyi birgə işlədiyimiz indiki vaxtlarda olub…
Hər şey – yaxşı əməl də, pis əməl də köklə, genlə bağlıdır. Məhəmməddə olan xeyirxahlıq duyğusu ulu babalarından, rəhmətlik atası Nəriman dayıdan gəlir. Yaxşı əməllər onun övladlarında da təzahür edir və edəcək.
M.Nərimanoğlu kiminsə haqqının batmasını istəməz və imkanları daxilində onu bərpa etməyə çalışır. Məhəmməd müəllim Bakıya təhsil almağa gələn eloğlularının hamısına həyan olmağa çalışıb. Özünün problemləri olmasına baxmayaraq, ona pənah gətirənlərə yardım əli uzadıb, təhsil dövründə çətinliyə düşəndə bu xeyirxah insan onların xilaskarına çevrilib.
Təcrübəli qələm sahibi olan M.Nərimanoğlu neçə-neçə gənc jurnalistin, şairin, eləcə də yazıçının ilk yazılarının işıq üzü görməsinə kömək olub. “Yenilik Press” qəzetində və digər mətbuat orqanlarında neçə-neçə gəncin ilk ədəbi-bədii yazılarının işıq üzü görməsinə yardım edib. Bu gün də özünün ənənəsinə sadiq qalaraq dayağını gənclərdən əsirgəmir. Bir sözlə, bir an da xeyirxahlıqdan və bu yolda mübarizədən əl çəkmir.
Bu gün Məhəmməd müəllim “Azərbaycan” qəzetinin humanitar siyasət şöbəsiində çalışır. Bu işin nə qədər məsuliyyət və həssaslıq tələb etdiyini dərk edərək üzərinə düşən vəzifələri yerinə yetirməyə, qələmini bu sahədə sınamağa çalışır. Hər məktub bir insan taleyidir, burada gərək tükü tükdən seçə biləsən. Onlarla davranmağı bacarmaq lazımdır. Dəfələrlə iş otağında onun gənc müəlliflərlə necə səbirlə, mərhəmətlə söhbət elədiyinin və davrandığının şahidi olmuşam.
Haqqın, ədalətin tərəfində olan Məhəmməd müəllimin 60 yaşı tamam olur. Ömrünün çox hissəsini bu sahəyə həsr edib. Çörəyini qələmindən çıxarıb.
Onu tanıyan hər kəs böyük iman sahibi, zəhmətkeş və yaxşı işçi, diqqətcil və dostluğa sədaqətli insan kimi xarakterizə edir.
***
Biz bəzən həyatda görmədiklərimizi, bilmədiklərimizi, eşitmədiklərimizi, uzun ömrün dolaylarında sınaqlarından keçirmədiklərimizi bədii cəhətdən kamil, həyat hadisələrilə zəngin əsərlərdən öyrənirik. Bu, roman da ola bilər, povest də, insan ömrünün, həyatın bir anını əks etdirən hekayə də, fərqi yoxdur. Əsas odur ki, bu, ustad qələmindən çıxsın, həyatın, cəmiyyətin, təbiətin rəngarəng lövhələrini əlvan boyalarla canlandırsın, insanın hiss və duyğularını oyatsın. Belə əsərlər daim bizim yol yoldaşımıza çevrilir, həyat yolumuzun əbədi bələdçisi olur. Mən həyatım boyu bu hissləri zaman-zaman yaşamışam, mükəmməl bədii əsərlərlə ömrün harmoniyasına qovuşmuşam. Məhəmmədin də həyatı, ömrü belə harmoniyada davam edib…
Onun məndə çoxlu kitabları var. “Ömrüm kitab ömrü”nü oxuyandan sonra onu qeyri-adi bir insan və istedadlı qələm əhli kimi sanki yenidən dərk etdim, iç dünyamda yazıçı ilə bağlı özümdən-özümə yönəlmiş mənəvi-əxlaqi və estetik bağları yenidən çözələdim. M.Nərimanoğlunun kitabları yaşadığımız dünyanı bizim üçün sanki yenidən kəşf edir, bizə yenidən tanıdır. Bu cazibə dairəsi o qədər güclüdür ki, ondan heç vaxt ayrılmaq olmur. Onun yaradıcılığında yaxın və uzaq dövr tariximiz canlı insan kimi nəfəs alır, keçmiş solmuş bir xatirə yox, canlı yaddaş təsiri bağışlayır.
Bu kitablarla yenidən tanışlıq mənəvi dünyamı bir daha zənginləşdirir.
Hörmətli Məhəmməd müəllim, yaxşı ki, varsan, millətə xidmət edirsən. Yaxşı ki, bu yolu seçərək irili-xırdalı əsərlərinlə biz oxuculara dünya boyda sevinc bəxş etmisən. Təxəyyülündə çoxlu insana ömür vermisən, obrazlar, xarakterlər yaratmısan.
Məhəmməd Nərimanoğlunun istər ədəbiyyata, istərsə də jurnalistikaya, bir sözlə, yaradıcılıq dünyasına öz istedadı gətirib. O, müxtəlif səpkili povest, hekayə, oçerk, eləcə də məqalələrində Azərbaycanımızın sağalmaz yaralarından, Qarabağımızdan, onun faciələrindən, torpaq itkilərindən söz açıb, Azərbaycan gerçəkliklərini professional şəkildə qələmə alıb. Onun bütün əsərlərində xalq ruhu, torpağa, elə, obaya bağlılıq, vətən sevgisi, adət-ənənələrimizə hörmət, azərbaycançılıq, milli dəyərlərə rəğbət zəngin bədii dil və obrazlı yanaşma tərzilə canlanır.
Məhəmməd müəllimin ən böyük müəllimi həyatdır. O, həyatı fantastikcəsinə, romantikcəsinə deyil, gördüyü kimi, real təsvir edir. Onun qəhrəmanları süni deyil, təbiidir, adi insanlardır, onlar xalq dilində danışırlar, bizim hər birimiz kimi düşünüb-daşınırlar.
Onun yaradıcılığı haqqında müxtəlif monoqrafiyalar, məqalələr yazılıb çap olunub. Məni bu məqaləni yazmağa səsləyən tamam başqa bir hiss oldu. Bu, sevinc hissi idi. Qeyd etdiyim kimi, Məhəmməd müəllimin kitablarının çapdan çıxdığını eşidəndə və bu kitabları fərəh hissi ilə kitab dolabıma düzəndə qəlbimdə həmişə qəribə hisslər baş qaldırıb. Minnətdarlıqmı deyim, qələm sahibinə qarşı mənəvi borcmu deyim, bilmirəm. Həmin anda qəlbimdən keçənləri kağız üzərinə köçürmək istəmişəm (Yazdıqlarımı yazmışam, yaza bilmədiklərim isə ürəyimdə düyün kimi qalıb).
Mən jurnalistəm. Özüm də Məhəmməd Nərimanoğlu yaradıcılığının vurğunuyam. Bu gözəl insanın ədəbi dünyasını dost-tanışa, gənclərə də tanıtdırmağı, sevdirməyi bacarmışam. Ona təkcə yazıçı-publisist kimi deyil, həm də bir şəxsiyyət kimi həmişə pərəstiş etmişəm. Onu bütöv şəxsiyyətli, ləyaqətli, mübariz, gələcəyə inamla baxan mətin bir sənətkar kimi tanımışam. Özlüyümdə onu qollu-budaqlı, fırtınalara, qasırğalara baş əyməyən, üstünə kölgə düşməyən, həmişə qürurla, “ayaq üstə” dayanan bir çinara, ömrünü də bir çinar ömrünə bənzətmişəm. R.Rzanın “Çinar ömrü” şeirində olduğu kimi:
Bir belə çinar ömrü
Olsun deyirəm ömrüm,
Bir ömür ki, kimsəyə
Əziyyəti dəyməmiş olsun
Bir ömür ki,
Heç kəsə baş əyməmiş olsun.

Bütün görkəmli qələm sahibləri, filosoflar, siyasətçilər, mütəfəkkir insanlar dünyanın sözlə idarə olunduğunu bu və ya digər şəkildə zaman-zaman etiraf etmişlər. Doğrudan da, sözün kəsəri və qüdrəti hər silahdan daha güclüdür. Müasir elmi-texniki, kosmik, kompyuter əsrində sözə münasibətin zəiflədiyini, sözə etinasızlıq göstərildiyini, sözün zamanı olmadığını söyləyənlər yanılırlar. İnsanlar bu gün də quru, şablon, sxematik texniki vasitələrlə deyil, sözlə tərbiyə olunurlar. Məhəmməd Nərimanoğlu kimi müqtədir qələm sahiblərinin sözü ilə, xalqın tarixi keçmişinin, bu gününün əxlaqi-mənəvi dəyərlərini, insanın hiss və duyğularının, əqlinin, intellektinin yaddaşı, milli mentalitetimizin daşıyıcısı, kodu olan, torpağımızın ətrini, təbiətimizin təravətini yaşadan söz ilə. Odur ki, Məhəmməd müəllim, nə qədər ki, bu xalq var, bu Azərbaycan var, onun övladlarının ruhən, qəlbən, əqlən Sizin qüdrətli sözünüzə ehtiyacı olacaq.
Və sonda sənin 60-na xoş gəldin deyirik. Yarım əsrı adlayıb üstünə bir onluq da gətirən ömrün mübarək, qardaşım! Bizi oxşayan, düşündürən poeziyan mübarək, qardaşım! Gün o gün olsun ki, gözəl ailənlə, övladlarınla, bizim kimi sadiq dostlarla bərabər yüzdən sonrakı dövranının da sevincini dadasan, qardaşım!
Səmimi hisslərlə,

Daşdəmir ƏJDƏROĞLU
18-02-2022, 09:51
Misralarla dərdləşən Şəhid atası


Misralarla dərdləşən Şəhid atası

Quliyev Sabir Cahad oğlu 1942 ci ildə İyun ayının 6 da Samux Rayonunun Çırdaxan kəndində dünyaya göz açıb. Hər ömür bir insanın öz yaşam tərzi, həyata, cəmiyyətə baxışı və dünyagörüşü olaraq xatirələşir. Sevinclə, kədərlə, qayğılarla dolu dünyamızda şair olmaq o qədər də asan deyil. Çünki şairlər, ümumiyyətlə sənət, incəsənət adamları digərlərinə nisbətdə, həyata, ətrafa həssas olurlar. Bəzən çılğın, bəzən susqun, bəzən də mübariz, döyüşkən əhval-ruhiyyədə. Sabir Quluyev öz təbiətinə, taleyinə Qəmli təxəllüsünü yaraşdırıb.
Yazıya yox pozu hardada olsan,
Tapacaq qəm səni istədikdə bil.
Başını uca tut,nə qədər sağsan,
Əyilsən Allahın önündə əyil...

Sabir Qəmli yazdığı hər sətirdə həqiqəti əks etdirib, ömür yolu keşməkeşli olsa belə hər zaman alnı açıq üzü ağ yasayıb. Nəyə nail olubsa öz halal zəhməti, alın təri ilə nail olub. El-obada, cəmiyyət içində hörmət sahibi olub. Kəndin ağsaqqalarından sayılan Sabir Qəmlidən nə qədər yazılsa da haqqıdır. Həyat, insan ömrü də bu dünyada bir əmanətdir. Hərə o əmanətə bir cür sahib çıxır və hərə özünəməxsus bir iz qoyub gedir. Sabir Qəmlinin söz aləmində bu dünyanın hər üzündən bəhs edilir. Onun vətən sevgisi daima hər sətrində coşub çağlayır.
Baxma mənim yaşıma,
Baharıma qışıma.
Torpağıma daşıma,
Yurduma qurban olum.

Bəli onun qəlbindəki Vətən sevgisi hər sətrində duyulur və öz əksini müxtəlif şəkildə ifadə edir. Sabir Qəmli uzun müddət “Azər Enerji”də işləyib öz peşəsinə sevə -sevə xidmət edib. Şairimiz Vətən yolunda bir övlad qurban verib. Allah şəhidlərimizə rəhmət eləsin! Sabir Qəmli də Şəhid atasıdır. O övladı ilə həm fəxr edir, həm də onun həsrətilə yaşayır. Hətta yuxularında görmək ümidilə axşamları gözləyir...
Sızlayır məzarın ustündə bağrım,
Sən gedən gündən çoxalıb ağrım,
Nolar bircə dəfə gəl ginən oğlum,
Gecələr yuxumda mən görüm səni.!
Hər zaman haqqınn, ədalətin tərəfində olan şairimizə can sağlığı, uzun ömür arzu edirik .və onun bir neçə şeirini diqqətinizə çatdırirıq:


AZƏRBAYCAN İGİDLƏRİ
Ucaldın üç rəngli şanlı bayrağı,
Alın düşmənlərdən ulu torpağı,
Yenidən qaytarın siz Qarabağı,
Sizədir ümüdlər sizədir pənah-
Azəri yurdumun mərd igidləri.!
Qalxın, düşmənlərin verin cəsazın,
Bizim torpaqlarda izi qalmazın.
Qələbə sədası elə yayılsın,
Sizə kömək olsun o uca Allah-
Azəri yurdumun mərd igidləri.!
Zəfər sədanızdan xoşbəxt oluruq,
Xoş arzu, xoş dilək arzulayırıq
Sizinlə fəxr edir, qurur duyuruq,
Sabir sizdən yazdı hey varaq-varaq,
Azəri yurdumun mərd igidləri.!


AY OĞLUM
Oğul, dur məzardan məni şad elə,
Oyan, ayağa qalx, yatma ay oğlum!
Dərdimi, qəmimi bir an yox elə,
Sən sada tək tənha qoyma ay oğlum.

Axı sənlə döyünürdü ürəyim,
Sən idin qolumun gücu gərəyim,
İndi tək qalmışam bilməm neyləyim,
Tut əlim, buraxma heç vaxt ay oğlum!
Yoxluğun dərd verdi, məni qocaltdı,
Sənsizlik ən böyük kədər qübardı,
Həkimlər dərdinə dəva olmadı,
Çarəsiz halina qurban ay oğlum!

Üç il vuruşdun Vətən yolunda,
Səngəri özünə doğma bilmisən,
Canından qanından oldun bir anda,
Sən Vətən naminə qurban getmisən!
Sabir Qəmliyəm sən gedən andan
Bir bilsən nə çəkir, bu xəstə atan,
O, şux qamətinə boyuna qurban,
Sənsiz darıxıram hər an Ay oğlum!


Sabir Qəmli danışanda da hər zaman deyir ki, mən şair deyiləm. Sadəcə qəlbimin səsini ağ vərəq üstə düzüb misralarla dərdləşirəm. O, “Nisgilli talehim” adlı kitabın müəllifidir. Yazıları müxtəlif dövrlərdə bəzi almanax jurnallarda çap olunub.
LEYLA İSMAYILOVA
18-02-2022, 08:56
Qürbətdən gələn səs

Kifayət Nemətabadlı


Abbasova Kifayət İsmayıl qızı, Ağdaş rayonunun Nemətabad kəndində dünyaya gəlib. Hazırda ailəsi ilə Qazaxıstan Respublikasında yaşayır. Qürbətdə yaşasa da Vətən həsrətli ilə yazıb-yaradır. Beş şeir kitabının müəllifidir. Onun şeirlərini oxucularımıza təqdim edirik:
Ürək
Soldu bir andaca gül yanaqlarım,
Nədən susub, dinmir bal dodaqlarım?
Göz yaşı tökürəm mən narın- narın,
Niyə sızlayırsan, söylə ay ürək?

Axı hər çətinə hünərin vardı,
Gücün, qüvvən vardı, təpərin vardı.
Qarşıda hələ çox zəfərin vardı,
Niyə sızlayırsan söylə ay ürək?

Kifayət etmədi sənə xəyanət,
Onda var çətinə dözüm, dəyanət.
Səni Rəbbim verib mənə əmanət,
Niyə sızlayırsan söylə ay ürək?

Şairin
Şair demək olmaz hər yazan kəsə,
Yazdığı misralar xoşa gəlməsə.
Yoxdursa qabiliyyət, düşmə həvəsə,
Qismətin mələklər yazır şairin.

Ləl-govhər süzülə sözündən gərək,
Kədər hiss oluna üzündən gərək,
Baxanlar anlaya gözündən gərək,
Ruhu asimanlar gəzir şairin.

Kifayət, ilhamı al Yaradandan,
Dərsi götür o müqəddəs Qurandan.
Qəfil zərbə alsa nakəs, nadandan,
Göz yaşı yanaqdan süzür şairin.

Ana

Adına bərabər yoxdur dünyada,
Olsa da dövlətin həddən-ziyada.
Birin dəyişmərəm müqəddəs ada,
Ağzımın ən ləziz dadısan, ana!

Övlad məhəbbətin bənzər bahara,
Dünya-aləm hara, söylə, sən hara?
Sənsiz günəş belə gəlmir ki, kara,
Ocağımın yanan odusan ana.

Kifayət o nurlu üzünə qurban,
Gözümün üstündə yerin var hər an.
Səni əvəz etməz özgə bir insan,
Dilimin müqəddəs adısan, ana!

Ağdaşım
Kaş ki, dönüm bir anlığa,
Səndə keçən cavanlığa.
Həsrətəm firavanlığa
Sənsən mənim üzük qaşım,
Doğma vətənim Ağdaşım.

Adın qürur yerim oldu,
Həm ocağım, pirim oldu.
Cah-cəlalım, varım oldu,
Şəninə nəğmələr qoşum,
Doğma vətənim Ağdaşım.

Gəl unutma Kifayəti,
Səninlədir şan-şohrəti.
Sənsiz dözəmmirəm qəti,
Əzizdir torpağın, daşın,
Doğma vətənim Ağdaşım.

Cavanlığım
Həsrətini çox çəkirəm,
Gəl ay mənim cavanlığım!
Dərd becərib, qəm əkirəm
Gəl ay mənim cavanlığım!

Ömür sürdüm qürbət eldə,
Misralarım gəzir dildə.
Səni atıb gəldim eldə,
Gəl ay mənim cavanlığım.

Kifayət il yorğunudu
Axan sellər durğunudu.
O dağların vurğunudu,
Gəl ay mənim cavanlığım.

Dünyasan

Adəmdən, Həvvadan bizə,
Yadigar qalan dünyasan.
Sənə gələn bir gün gedir,
Boşalıb, dolan dünyasan.

Baxmırsan varlı kasıba,
Zülümün gəlmir hesaba.
Ürək dözmür bu əzaba,
Doğru, həm yalan dünyasan.

Kifayəti yaxşı tanı,
Onun da gedər karvanı.
Neçə Sultan Süleymanı,
Taxtından salan dünyasan
Boşalıb, dolan dünyasan.

Azərbaycanın

İstəmirəm boş yerə nə şöhrəti, nə şanı,
Başıma tac bilirəm atam ilə anamı.
Hər vaxt müqəddəs bildim and yerimiz Quranı,
Mən ismətli qızıyam doğma Azərbaycanın!

Yazıram ki, tarixdə mənim də izim qalsın,
El-obanın dilində söhbətim-sözum qalsın,
Məni xoş xatirə tək hər kəs yadına salsın,
Söhbətiyəm, sözüyəm doğma Azərbaycanın.

Elə danış, eşidən səni ürəkdən duysun,
Etdiyin xoş əməllər qəlbə, könülə dolsun.
Yazdığım misralarım dillərdə əzbər olsun,
Gül-cicəlki düzüyəm doğma Azərbaycanın.

Çalış yaxşı örnək ol, öz obana,elinə,
Tarixdə qalmaq üçün qələm aldın əlinə,
Mizrab toxunan zaman simin hər bir telinə,
Qəmli çalan sazıyam, doğma Azərbaycanın,
Mən İsmətli qızıyam doğma Azərbaycanın.


Sevindir
Sən gələndə sevinc gəlir hər yana,
Gəl ay bahar, qəlbimizi sevindir.
Çağlasın hər kəsin qoy söz ilhamı,
Gəl ay bahar,könlümüzü sevindir.

Sən gələndə qaranquşlar oxuyur,
Sən gələndə torpaq ətir qoxuyur.
Sən gələndə qızlar çələng toxuyur
Gəl ay bahar, gəlişinlə sevindir.

Kifayətin ilhamına qanad ver,
Təbiətdə hər nə varsa həyat ver.
Çiçəklərdən yal-yamaca xalı sər,
Gəl ay bahar, könlümüzü sevindir.


Bahar gəlir

Bülbülün xoş avazıyla,
Yurdumuza bahar gəlir.
Aşığın telli zazıyla,
Yurdumuza bahar gəlir.

Göy gurlayır, şimşək çaxır,
Bulud dolur, leysan yağır.
Dərələrdən sellər axır,
Yurdumuza bahar gəlir.

Kifayət də ilham alır,
Dərin xəyallara dalır.
El-obasın yada salır,
Yurdumuza bahar gəlir.

Vətən torpağında


Aşıq bir Kərəmi çalsın,
Könlüm ondan ilham alsın,
Yazıram ki, izim qalsın,
Doğma Vətən torpağında.

Bizik bu dünyada qonaq,
Ömür ötür varaq-varaq.
Gəncliyimdən verin soraq,
Doğma Vətən torpağında.

Kifayət xəyala dalıb,
Ötənləri yada salıb.
Neçə xoş xatirəm qalıb,
Doğma Vətən torpağında.

Gedir əldən

Qocalıram qürbət eldə,
Cavanlığım gedir əldən.
Ömür ötür qüssə ilə,
İncidim hər ötən ildən
Cavanlığım gedir əldən.

Öz yurdumda gəzə-gəzə,
Kaş yetirəm ömrü yüzə.
Yaş çoxalır arzu təzə,
Doymamışam şirin dildən,
Cavanlığım gedir əldən.

Budur Kifayətin sözü,
Sizə qurban iki gözü,
Uçdu, həsrət qoydu bizi,
Yasilbaşlı sona göldən,
Qocalıram qürbət eldə
Cavanlığım gedir əldən.

Vətənim

Həsrətinlə yaşayıram,
Sənə qurban can, Vətənim.
Şair qızın qərib eldə,
Arzular hər an Vətənim.

Qürbət mənə sanki qəfəs,
Sənsiz almıram ki, nəfəs.
Cavan ömrüm keçdi əbəs,
Oldu zimistan, Vətənim.

Kifayətin ömrü heçdi,
Aylar, illər ötüb keçdi.
Tale mənə qürbət seçdi,
Qalmadı güman Vətənim,
Sənsizəm inan Vətənim.

Ay Sevil
(aşıq Sevil Ədalətə)

Bahar nəfəsiylə, yaz nəfəsiylə,
Qəlbimə od saldın ay Sevil xanım.
Sinənə sıxdığın telli sazınla,
Məni məndən aldın, ay Şevil xanım.

Çöl-çəmənin gül-çicəklə doludu,
Tutduğun yol insanlığın yoludu.
Dəhanından süzülən nə balıdı,
Ürəyimdə qaldın ay Şevil xanım.

Kifayət də qızım deyibdi sənə,
Tərifin eyləyib o dönə-dönə.
Üzümü çevirib ana Vətənə,
Xəyallara daldım ay Şevil xanım,
Səni yada saldım ay Şevil xanım.

16-02-2022, 15:10
Rusiya ermənini Bakıya göndərirdi - Qarşısı alındı


Rusiya ermənini Bakıya göndərirdi - Qarşısı alındı
Ermənistan Baş Prokurorluğu ölkə vətəndaşının Rusiyadan Azərbaycana deportasiyasının qarşısını alıb.
“Sputnik Armenia” xəbər verir ki, Azərbaycanda doğulmuş erməni Rusiyada inzibati qaydaları pozub, buna görə onun ölkədən deportasiyası barədə qərar verilib. Məhkəmə qərarında səhvən onun Azərbaycan vətəndaşı kimi göstərilməsinə görə, Ermənistan vətəndaşının Bakıya deportasiyası riski yaranıb.
Ermənistan tərəfinin müraciətindən sonra Rusiya tərəfi qərara dəyişiklik edib və o, Ermənistana deportasiya edilib. (APA)
11-02-2022, 18:35
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama


Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır və mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bunu Prezident İlham Əliyev Azərtac-a müsahibəsində deyib:
"Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Bunun üzərində biz işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır."
11-02-2022, 07:54

İLTİMAS SƏMİMİNİN SÖZ DÜNYASI


MƏNİ
Qurtula bilmirəm çəkir özünə,
Çəkir o baxışlar, o gözlər məni.
Durduğum yerdəcə donub qalıram,
Xəyala qərq edir xoş sözlər məni.

Onun işığına mələklər gələr,
Eşqinə düşənlər Məcnunam deyər.
Yerişi bir dünya baxan qəm yeyər,
Öldürər gecələr, gündüzlər məni.

Sevən qəlbimizə tənhalıq bir yük,
Baxıb taleyindən, bəxtindən küsdük.
Söylədim, biləsən həsrətim böyük,
Yandırar bu alov, bu közlər məni.

Həsrət çəkə -çəkə, qəm yeyə -yeyə,
Gözümün yuxusu çəkildi göyə.
Verdim həyatımı mən bu sevgiyə.
Çəkdi sınaqlara bu hisslər məni.

01.01.2022.
MƏHƏBBƏTİN
Çəkilib göylərə yuxusu yaman,
Ardımca boylanan qara gözlərin.
Ürəkdən keçəni gizlətmək olmur,
Qəmli baxışların həsrəti dərin.

Bu da bir şaxtalı, qarlı qış günü,
Düşüb hicranlara sevgi arama.
Nə baxış təsəlli, nə göz təsəlli,
Nə də daş ürəklər gələr ilhama.

De, kimlər yanmadı sevgi odunda,
Bu sonsuz ümmanda üzmək çox çətin.
Sevgi dirigözlü oda atılmaq,
Gücünü bilmirsən sən məhəbbətin.
01.01.2022.
OLMASIN
Bir az Məcnun olum, bir az da Fərhad,
Sevgi Leyliyə ruh, Şirinə qanad.
Payız xəzəlidir sevgisiz həyat,
Sevən ürəyində şubhən olmasın.

Səadət istədin, səadət inam,
Təmiz ürəklərdə məhəbbət inam.
Xoş arzu, xoş dilək, xoş niyyət inam,
Sevən ürəyində şubhən olmasın.

Pirə inananın şəfası pirdir,
Sevənin qəlbində sevgisi birdir.
Sevgi sevməyənə açılmaz sirdir,
Sevən ürəyində şubhən olmasın.

İnan, şəkk edənlər batar günaha,
Gözəl nə olar ki, sevgidən daha.
Sevən səadətlə çıxar sabaha,
Sevən ürəyində şubhən olmasın.
02.01.2022.
ÇAĞIDIR
Xəyala qərq edir məni bu payız,
Yarpağın saralan, solan çağıdır.
Sıxılır köksümdə ürəyim yaman,
Gözümün buludtək dolan çağıdır.

Hanı o çiçəklər, hanı o güllər,
Vaxt da günəş kimi qüruba gedər.
Həsrət çəkə -çəkə ömür də ötər,
Dərdin qalaq-qalaq olan çağıdır.

Payız, yağışmısan yoxsa ki, külək?
Arzular gözümdə solan yarpaq tək.
Hələ məndən sonra kimlər deyəcək,
Fəqət xatirələr qalan çağıdır.
15.01.2022.
YAŞAMAQDIR
Suçu susmaqdır, danışsa,
Artırar günahları.
Solunda dəniz,
Sağında məzarlıq
Yollar üzünə bağlı.
Sükut...
Yanında bir kimsə yox,
Qoluna kədər girib.
Arzusu bir az da yaşamaqdır.
02.01.2022.
QALIB
Yorma ürəyini,
Ömür bir az bahar,
Bir az payız, bir az da qışdır.
Yaddaşında tozlanan
Xatirələri bir kimsəyə söyləsən də,
Ürəyin ovunmaz.
Bu yolların sonu bilinmir,
Son mənzilə
Bəlkə də bir-iki addım qalıb.
03.01.2022.
ÖZÜNÜ ALDATMAQDIR
Salam, kimsəsiz küçə,
Kimsəsiz şəhər.
Kimsəsiz evlər,
Üstündən toz tökülən ağacların
Söylədiyi xatirələri
Daha quşlar dinləməz...
Ovcumu açıb taleyimi oxuma,
İndi taleləri küləklər oxuyur.
Üstündə qara ruhlar dolaşdıqca,
Daşların qurd –qurd ulayır,
Yolların toz qoxuyur, toz...
Kimsəsizlərin göz yaşısan,
Əllərimi sənə sarı uzadıb
Aman istəmərəm.
Amansızsan,
Ağlar qoydun çoxlarını.
Səndən ümid diləmək
Özünü aldatmaqdır.
03.01.2022.
ÖMÜR BİR YAZ
YAĞIŞIDIR

Bu yolları birlikdə adlayıb
Getmək
Ürəyimizə təsəllidir.
Ölüm hələ bizdən uzaq,
Hələ ümidlər bitməyib...
Gözlərin bir kimsəni
Axtarmasın,
İndi hamı eyni cür taleyi yaşayır.
Alın yazıları eyni, kədəri eyni...
İçində tabut-tabut daşıdığın
Ağrılar...
Nəfəsin meyid qoxuyur.
Daha özünü aladıb gümanla yaşama,
Ömür bir yaz yağışıdır.. .
03.01.2022.
BU ADAMLAR
Sağım adam, solum adam.
Topa -topa gəlib keçir,
Məndən belə bu adamlar.
İçim adam, çölüm adam,
Tabut-tabut daşıyıram
Adamları xatirələr yaddaşına.
Boylanıram məzarlıqda
Doğmaların başdaşına,
Vaxtsız ölən adamların
Yaxınların göz yaşına.
Bir az torpaq, bir az hava,
Bir az od, bir az da sudur.
Uddar hələ öz nəfsinin caynağında
Çapalayan adamları,
Üşüdəcək yer üzünü,
Yandıracaq içimizi,
Boğularıq damlasında...
Sel adamlar,
Dərya kimi talatümlu,
Sonra belə torpaq olub,
Torpaqlaşar bu adamlar...
04.01.2022.
MƏZARI OT BASACAQ
Çoxmu yubandın,
Yoxsa yollar yordu səni?
Hardasa bir yad baxış
Ardınca boylanıb.
“Əlvida” kəlməsi
Küləkdənmi eşitdin?
Ölümü yada salmaq ürəyə dərddir.
Nə vaxtsa yoxluğunu
Düşünmək əzabı
Yandırırmı səni?
Xatırlamaz bir kimsə
Məzarı ot basacaq.
06.01.2022.
UÇULAR XƏYALIMDAKI
YER KÜRƏSİ

Əllərim saçlarına toxunar,
Baxışların içimi köz-köz yandıran
Həsrəti söndürər.
Bir az ilk görüşün
Həyəcanı,
Bir az gözlərinin sehri,
Bir az da aşıb-daşan hisslər...
Yum gözlərini,
Əllərin ovcumdan qoy sivişməsin.
Uçular xəyalımdakı yer kürəsi.
08.01.2022.
BİR İNSAN DA AZALIB
Səni bir kimsə xatırlamadı,
Unuduldun.
Nə adını çəkən oldu,
Nə xatirə söyləyən.
Elə bil bir damla yağış idin,
Düşdün torpağa.
Üşütdü yolları küləkin uğurtusu...
Sükutu sevməzdin,
İndi sükut məzarın qədər.
Başdaşına qonan sərçələr
Hardan bilsin ki, yer üzündə
Bir insan da azalıb.
09.01.2022.
QAÇMAQ İSTƏYİR
Daha göz yaşı tökməyə dəyməz.
Nə keçmişə qayıtmaq olur,
Nə keçmişi unutmaq.
Yaddaşında yarpaq -yarpaq
Boy atan xatirələr
Ayrılıqlar qoxuyur.
Nəfəsin payız küləyidir,
Baxışında ilan-ilan qıvrılan
Bir uşaq təbəssümü
Baş götürüb keçmişə
Qaçmaq istəyir.
16.01.2022.

YOXLUĞUNU XATIRLATDI
Üz tutub sənə sarı gəlmək istədim,
Yoxuşlu yollar üzdü ümidimi.
Kəsildi nəfəsim,
Qulağıma axan səslər
Ürəyimə ox tək sancıldı.
Yaddaşımda xatirələr,
Gözümün önündə rəsmin,
Baxışlarında donan təbəssümün
Yoxluğunu xatırlatdı.
19.01.2022.
AĞRILARI
Sən də dinlə
Ağaclara söylədiyim sözlərimi,
Ağacların yaddaşı var.
Axan sular yaxşı bilir
Xatırımda olanları.
Danışmışam buludlara,
Qayğılarla dolu olan uşaqlıqdan.
İnsanların sərt üzünü görə -görə,
Acı sözlər udda -udda
Bəzən elə göz yaşlarım selə dönüb.
Mən heç nəyi unutmadım,
Yaddaşımda qalaq -qalaq xatirələr,
Bir də qəmli ürəyimin ağrıları...
25.01.2022.
UNUTMUSANMI?
Tanrı dərgahına açılan
Bir kimsəsiz tənhanın əlləri
Titrəyir yarpaq-yarpaq.
Hər şeydən ümidi üzülən
Tanrının unutduğu adam...
Gözlərində bir dağılmış dünya,
Qara buludlarla örtmüş göy üzü,
İnsanı qorxudan qara ruhlar.
Baxtıqca sıxılır ürəyim,
Tanrım, sevdiklərinə
Tale yazmağını unutmusanmı?
25.01.2022.
QOY BİRCƏ BALIQDA
YATIB QALMASIN

İsidə bilmədi səni bu bahar,
İçində çovğunlu, boranlı bir qış.
Acı xatirələr ürəyə dağdır,
Bir az taleyindən, bəxtindən danış.

Qaçsın qoy dənizin yuxusu tamam,
Qoy bircə balıq da yatıb qalmasın.
Sahili gəmirsin dəli dalğalar,
Heç əcəl zəngini vaxtsız çalmasın.

Bəlkə, ünvanına gecikir kimsə,
Bəlkə, gecikənlər tələsir yaman.
Bəlkə, tələsənlər dayansın bir az,
Bəlkə, onları heç xoşlamır zaman.
26.01.2022.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!