Qafan Rayon İcma üzvlərinin daha bir görüşüMartın 18-də Qərbi Azərbaycan İcmasında Qafan Rayon icma nümayəndələrinin növbəti toplantısı olub. Tədbiri giriş sözü ilə açan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasov tədbir iştirakçılarını “Novruz” bayramı münasibətilə təbrik etdikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verib. Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələrin həyata keçirilməsində qafanlıların üzərinə düşən öhdəliklərdən söz açıb.
Tədbirdə rayon icmasının strukturunun formalaşdırılması və təşkilati məsələlər müzakirə olunub. İcmanın ideoloji məsələləri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyevə, icmadaxili mədəni-kütləvi tədbirlərin təşkili isə Aşıq Pəri Məclisinin sədri Pərvanə Zəngəzurluya həvalə edilib.
Qərbi Azərbaycan İcmasının şöbə müdiri Qalib Qasımov tədbir iştirakçılarına QAİ sədri, millət vəkili Əziz Ələkbərlinin “Novruz” təbriklərini çatdırıb. Qafan Rayon İcmasının sürətlə təşkilatlandığını xüsusi eyd edən natiq Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın siyahıya alınması və görəcəyimiz digər işlər barədə məlumat verib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına qayğısından danışıb. Onu da bildirib ki, Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə Şəhid olanlarla bağlı 3 cilddən ibarət kitab hazırlanır. Əziz Ələkbərlinin rəhbərliyi altında hazırlanan, kitabın 630 şəhidimizi əhatə edən ilk cildi artıq çapa hazırdır.
QAİ Zəngəzur bölgəsi üzrə kurator Ələsgər Məmmədov və Polad Poladov Qafan rayonundan deportasiya olunanların siyahıya alınması ilə bağlı vəziyyət barədə məlumat verdikdən sonra Nazim Qasımov, Bəxşeyiş Ələmşahov və digərləri ürək sözlərini söyləyib, təkliflərini səsləndiriblər.
Yekunda qərara alınıb ki, Qafan Rayon İcmasının ilk geniş tərkibli tədbiri aprel ayında, Heydər Əliyev ili çərçivəsində, Ümummilli liderin 100 illiyinə həsr edilsin. Tədbir “Zəngəzur Azərbaycandır” şüarının sədaları altında başa çatıb.
“Bütöv Azərbaycan”