Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
18-01-2024, 16:17
Təbrik edirik!


Təbrik edirik!


Qərbi Azərbaycanın sayılıb-seçilən ziyalılarından olan Eldar Qarayevin doğum günüdür. Onu bu münasibətlə ürəkdən təbrik edir və oxucularımızla tanış etmək istəyirik:
Eldar Səməd oğlu Qarayev 1956-cı ilin yanvarında Zəngəzur mahalının Qafan bölgəsində, füsunkar gözəlliyilə insanları heyran edən Gərd kəndində dünyaya gəlib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olub. 1978-ci ildə universiteti bitirərək təyinatla AMEA-nın Fizika İnstitutuna göndərilib. Bir müddət Biomərkəzdə işləyib. 1979-1981-ci illərdə Sovet Ordusu sıralarında, zabit kimi, həqiqi hərbi xidmət keçib. 1982-cı ilin əvvəlindən doğma universitetə qayıdaraq Fizika fakültəsində-Ümumi fizika kafedrasında çalışıb, elmi dərəcə qazanıb. Az qalıb 20 il ola ki, fizika fakültəsində dekan müavini işləyir, dosentdir.
Eldar müəllim əlliyə yaxın məqalə və tezisin, bir neçə dərs vəsaitinin müəllifidir. Ən əsası gözəl ailə başçısıdır, 3 övladı və sevimli tələbələri var.
Eldar müəllim, sizi bir daha doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərinizdə uğurlar arzulayırıq!
Dərin ehtiramla:
“Bütöv Azərbaycan” qəzetinin kollektivi və
“Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyəti adından
Tamxil Ziyəddinoğlu
17-12-2023, 19:32
Nekroloq


Nekroloq
Rəşid Təhməzoğlu (Quliyev)

Azərbaycanın elm ictimaiyyətinə, Zəngəzur mahalına ağır itki üz verib. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq institutunun əməkdaşı, Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Rəşid Təhməzoğlu (Quliyev) haqqa qovuşub.
Quliyev Rəşid Təhməz oğlu 30 may 1939-cu ildə Zəngəzur mahalının Qafan bölgəsinin Yuxarı Girətağ kəndində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş, “Əhməd Cəmilin yaradıcılıq yolu” mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi almışdır. Onun 82 elmi əsərindən 35-i xaricdə çap olunub. “Nazim Hikmətin yaradıcılığında Şərq” və “Zəngəzur folkloru antologiyası” elmi əsərləri də alimin gərgin tədqiqatları nəticəsində ərsəyə gəlib.
Rəşid Təhməzoğlu həm də poetik maraq dairəsi çox geniş olan çağdaş poeziyamızın tanınmış simalarından biridir. O, Azərbaycan poeziyasının incəliklərini yaxşı bilən, aktual mövzu seçimində öz dəsti-xətti ilə olan, müasir həyat həqiqətlərinin təsvirini bacarıqla qələmə alan, orijinal ifadə vasitələri, şeiriyyəti ilə seçilən istedadlı nüfuz sahibi idi. O, həm elm sahəsində, həm də poetik yaradıcılıqda yorulmaq bilməyən, aktual mövzular sahəsində çox səmərəli araşdırmalar aparan, maraqlı fikirləri ilə fərqlənən elm adamı və şair kimi hər kəsin diqqətini cəlb etməyi bacarmışdır.
R.Təhməzoğlunun qələmindən çıxan bütün sözlər ürəkdən gəlir və həmişə də xalqımız üçün müqəddəs hissləri tərənnüm edirdi. Müasirləri Rəşid Təhməzoğlunu yeni strukturlu şeirlərin müəllifi, bədii təsvir və ifadə vasitələrinin ustası, bənzərsiz poetik düşüncələrin bilicisi kimi dəyərləndirmiş, bu keyfiyyətləri onun bir ədib kimi üstünlüyü və özünəməxsusluğu hesab etmişlər.
Rəşid Təhməzoğlu lirik təfəkkürlə epik təfəkkürü bir arada sığışdırıb, ayrı-ayrılıqda minillik Azərbaycan şeirinin bu iki qolunu yüksək sənət nümunəsi kimi yaşada bilib. Onun qələmi, amalı, niyyəti, arzusu saf, təmiz olduğu kimi qələmə aldığı şeirlər də oxuculara eyni saflığı, ülviliyi, digər nəcib hiss və duyğuları aşlayır.
Rəşid müəllimin 2004-cü ildə nəşr olunan, Zəngəzur mahalının Qafan bölgəsindən olan tanınmışlar ça həsr olunmuş “Ucalıq yurdu” kitabı böyük rəğbətlə qarşılanmışdı.
R.Təhməzoğlunun poeziyasında vətən sevgisi, vətən məhəbbəti xüsusi önəm kəsb edir. Şair uşaqlıq illərində gəzib dolaşdığı yerləri, böyük məhəbbətlə sevdiyi ana yurdun dağlarını, meşələrini, yamaclarını, çaylarını, bulaqlarını həsrətlə xatırlayar, xəyalən doğma ellərin seyrinə çıxar, o ulu torpağın dünyada belə tayı-bərabəri olmadığını vurğulayardı və bir gün dogma ocağa qayıdacağına çox inanırdı.
Təəssüfki əcəl ona bu müqəddəs arzusuna çatmağa macal vermədi. Rəşid Təhməzoğlu cismən aramızdan getsə də, əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ruhu şad olsun!

Qafan Rayon İcması adından:
Eldar Abbasov,
İcmanın sədri
16-12-2023, 13:43
Xatirələrdə yaşayan el ağsaqqalı


Xatirələrdə yaşayan el ağsaqqalı

Elə insanlar var ki, özü həyatda olmayanda da sağlığında buraxdığı iz özündən sonra gələnləri doğru yolla doğru mənzilə aparır. Belələrindən biri noyabrda 100 illiyi qeyd olunan mərhum Mürsəl müəllimdir. Həyatı keşməkeşlərlə dolu olan Tağıyev Mürsəl Bayram oğlu 1923-cü ilin noyabr ayında Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Açağu kəndində anadan olub. Orta təhsilini elə öz yaşıdı olan məktəbdə-qonşu Şəhərcik kənd orta məktəbində alıb. 1940-cı ildə Orta məktəbi bitirib İrəvan Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsinə daxil olub.
İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar ali təhsilini yarımçıq dayandıraraq cəbhəyə gedib. 1942-1944-cü illər ərzində bir sıra qanlı döyüşlərdə fəal iştirak edib. İlk sınaqları 77-ci atıcı diviziyanın tərkibində başlanıb. Çevikliyinə, vəziyyəti düzgün dəyərləndirərək operativ qərar qəbul etmək qabiliyyətinə görə taqım komandiri təyin olunub. Gənc komandir növbəti mühüm döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb. Müəyyən müddət müalicə olunduqdan sonra hərbi qulluğuna 416-cı Taqanroq diviziyasında davam edib. Bu əfsanəvi diviziyada şərəfli döyüş yolu keçən leytenant Mürsəl Tağıyev Taqanroq, Kerç, Mozdok, Xasavyurt Melitopol və digər şəhərlərin azad olunmasında qəhrəmanlıqla döyüşüb, fədakarlıq göstərib . Təəssüf ki, 1943-cü ildə yenidən və daha ağır yaralanıb. Hərbi həkimlərin yazdığı xəstəlik tarixindən çıxarışda göstərilib ki, onun təkcə ayaqlarında 53 qəlpə yarası olub. Qəlpələrdən 6-sının çıxarılmasında həyati təhlükə hiss edildiyindən cərrahlar həmin qəlpələri çıxarmaq fikrindən daşınıblar. Mümkün olan qədər müalicə aldıqdan sonra fəaliyyətini arxa cəbhədə davam etdirmək məcburiyyətində qalıb. Beləliklə 6 qəlpə ömrünün sonuna qədər Mürsəl Tağıyevin ayaqlarında qövr eləyə-eləyə onunla əbədi yol yoldaşı olub.
Əslində yaralı olsa da faşistlərin yağdırdığı od alovun içindən salamat çıxmaq, illərlə təlaş içində yol gözləyən el-obanı, qohum əqrabanı sevindirmək də böyük yaradanın bir lütfü idi.
Beləcə gənclik həyatına müharibənin acı gerçəklərilə sınanandan sonra başlayan Mürsəl Tağıyev vətənə qayıdaraq doğmalarına qovuşub. Dinc həyata qayıtsa da, müharibənin ailələrə gətirdiyi fəlakətlər və cəbhədə döyüş yoldaşlarının həlak olması ilə bağlı keçirdiyi sarsıntılarla uzun müddət yaşamalı olmuşdur.
Bəli, qanlı müharibə çox arzuları yarımçıq, çox anaları ağlar, çox uşaqları yetim qoyub. Nişanlı qızlar illərlə nişanlısının gələcəyi günü gözləyib. Kimisi sevdiyinə qovuşub, kimisinin gözləri ölüncə yollardan yığışmayıb, kimisinin də nəsibi “Qara kağız” olub.
O illər bir-birindən ağır gəlsə də Mürsəl Tağıyev təhsilini davam etdirmək fikrindən daşınmayıb. Müharibə bitdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinə qəbul olub. Ali təhsil almaqla bərabər, həm də əmək fəaliyyətini davam etdirib. Əvvəlcə Oxtar kolxozunda partkom işləyib. Qısa müddətdə etimadı doğrultduğundan Oxtar kənd məktəbinə direktor təyin edilib.
Gənc olmasına baxmayaraq yüksək təşkilatçılıq qabiliyyəti, istənilən sahədə tapşırılan işə məsuliyyətlə yanaşması sayəsində Mürsəl müəllim qısa müddətdə rayonda hörmət sahibi olub, şöhrət qazanıb. Tezliklə ona rayonun ən böyük qəsəbələrindən olan Şəhərcik qəsəbəsindəki axşam məktəbində direktor vəzifəsi verilib. Bir müddət orda işlədikdən sonra axşam məktəbi ləğv olunub. Mürsəl Tağıyevə daha çox etimad göstərərək onu Şəhərcik qəsəbə 8 nömrəli orta məktəbin direktoru vəzifəsinə təyin ediblər. Aylar, illər keçdikcə gənc pedaqoq həm peşə təcrübəsi, həm həyat təcrübəsi toplayıb. Ailə qurub, ev-eşik, oğul-uşaq sahibi olub. Ev, məktəb, el-oba qayğıları, hamısı bir-birinə qarışıb. Amma hamısına da təpərlə sinə gərib. Şagirdini övladından, müəllimlərini qohum-qardaşından ayırmayıb. Kənar kəndlərdən məktəbə müəllim təyin olunduqda onların qayğısına qalıb. Kənddəki boş evlərlə yeni gələnləri təmin edib. Bəzən boş ev olmayanda gəlmə müəllimlərə öz evində yer verib. Onları otaqlarından birində yerləşdirməklə, doğmalarından ayırmayıb. Beləliklə hər təzə gələn onun xeyirxahlığından nəsibini alıb, gedəndə də xoş əməllərinin sorağını aparıb.
Məsələ burasındadır ki, Mürsəl müəlim müəllimlərin özlərinə qarşı nə qədər qayğıkeş, diqqətcil olubsa, işlərinə, pedaqoji fəaliyyətlərinə qarşı bir o qədər tələbkar olub. Zaman-zaman müəllimlərin iş üslubun, pedaqoji metodikasın yoxlamaq üçün dərslərində oturub, qulaq asıb, məktəb metodikasının sirlərini təcrübəsiz müəllimlərə öyrətməyə çalışıb. Əgər hər hansı bir müəllim bildirilən iradlardan, verilən tövsiyələrdən nəticə çıxarmayıbsa, öz şəxsi nüfuzundan, qanunun yol verdiyi imkanlardan istifadə edərək həmin müəllimin yenisi ilə əvəzlənməsinə nail olub.
Mürsəl müəllim əmək fəaliyyətini Şəhərcik qəsəbə 8 nömrəli orta məktəbin direktoru vəzifəsində 1971-ci ilədək davam etdirib. Ondan sonra doğulduğu Açağu qəsəbindəki 14 nömrəli səkkizillik məktəbə direktor təyin olunub. Maraqlı orasıdır ki, onun doğma kənd məktəbində ilk diqqətini çəkən uşaqların yaxşı. xətt yaza bilməməsi olub. Açağu məktəbində şagirdlərin yazı xətlərinin yaxşı olmadığını müşahidə etdikdə 1-8-ci siniflərin hamısına əlavə hüsnüxətt dərsi keçirilməsini təşkil edib. Nəticədə şagirdlərin əksəriyyətinin yazı nümunələri yaxşılaşıb. Həmin dövrün şagirdləri o günləri şükranlıqla xatırlayırlar.

Mürsəl müəllim bütün müsbət keyfiyyətlərilə bərabər, həm də ensiklopedik biliyə malik olub. Onu yaxından-uzaqdan tanıyanlar, hətta sevimli şagirdləri belə müəllimlərinin ixtisasca riyaziyyatçı, fizik, coğrafiya sahəsinin mütəxəssisi, yoxsa tarixçi, ədəbiyyatçı, ya filosof olduğunu ayırd etməkdə çətinlik çəkiblər. O, vaxtlar yuxarı siniflərdə İctimaiyyət fənni tədris olunurdu. Mürsəl müəllim bu fənni bir il tədris edəndən sonra, demək olar ki, təxminən 300 səhifəlik kitabı əzbər bilirdi. Onun o qədər fenomenal yaddaşı vardı.
O zaman ermənilər azərbaycan məktəblərində tədris olunan Azərbaycan tarixi və Azərbaycan SSR coğrafiyası fənlərinin erməni tarixi, Ermənistan coğrafiyası ilə əvəz olunmasını tələb kimi qarşıya qoyublar və bunu məktəblərdə həmin fənlərə aid kitabların azlığı ilə əlaqələndiriblər. Mürsəl Tağıyev müəllimlərin avqust konfransında çıxış edərək dəyişikliklərin qarşısını alıb. Beləki rayondakı bütün Azərbaycan məktəblərinin həmin kitablarla təmin olunmasını təşkil edə biləcəyini söyləyərək şovinistlərə fürsət verməyib.
Mürsəl müəllimin fəaliyyəti təkcə məktəblə, tədrislə məhdudlaşmayıb. O, eyni zamanda, ictimai əsaslarla Açağu qəsəbə sovetinin sədri vəzifəsini icra edib, həm Açağu, həm də qonşu kənd və qəsəbələrdə yaşayan azərbaycanlıların problemlərinin həllində fəal rol oynayıb, camaatın məsləhət yeri, sözün əsil mənasında elinin ağsaqqalı olub. Əslində təkcə öz kəndlərinin deyil ümumiyyətlə rayonda yaşayan bütün soydaşlarının probleminə şəxsi problemi kimi yanaşıb. Çəkinmədən milli ayrıseçkilik aparanlarla kəllə kəlləyə gəlib. Azərbaycanlılar yaşayan kəndlərə gedən yolların dağıdılmasına, onların təmir edilməməsinə qarşı çıxıb. Bu tipli digər fərqləndirmələri, ikili münasibətləri aradan qaldırmaq üçün dəfələrlə rayon rəhbərliyi ilə sərt danışıqlar aparıb. Həm müharibə iştirakçısı olmağı, həm ürəyindəki təpər, həm də qanunları yaxşı bilməsi belə söhbətlərdə həmişə ona üstünlük qazandırıb. Dəfələrlə Açağu kənd camaatının köçürülməsi və ərazisinin Kacaran Mis-Molibden Kombinatına verilməsi məsələsi qaldırılsa da, kənd əhalisinin yerli suya və mühitə öyrəşdiyindən, başqa yerlərdə tələf olma ehtimallarının yüksək olduğunu əsaslandıra bilib. Bu məqsədlə kənddəki suyun laborator nümunələrinin hazırlanmasını təşkil etməklə fitnənin qarşısını alıb.
Bir sözlə Qafan rayonunda işlədiyi müddətdə azərbaycanlıların haqlarının qorunmasında olduqca fəal iştirak edib, dəfələrlə çəkinmədən öz həyatını təhlükəyə ataraq millətçi erməni vəzifəlilərini yerlərində oturtmağı bacarıb. Eyni zamanda milli-mənəvi dəyərlərimizə daha çox tapınıb. Adət-ənənələrimizin
qorunub saxlanılması yolunda da öz təşkilatçılıq qabiliyyətini nümayiş etdirib, ilaxır çərşənbənin, Novruz bayramlarının hər dəfə bir birindən təntənəli keçirilməsində fəal iştirak edib, nəsə bir ehtiyacı olanlara köməyini əsirgəməyib.
Təəssüf ki, ötən əsrin sonlarında növrağımız pozuldu. Quduzlaşmış erməni faşistləri, rus-sovet imperiyasının zəncirini çeynəyə-çeynəyə soydaşlarımızı min illərlə yaşadıqları Oğuz yurdundan, Qərbi Azərbaycandan didərgin saldılar. Bakıya pənah gətirən Mürsəl müəllim o ağır günlərində də el-obasını diqqətdən qaçırmayıb. Qacqınlıq vaxtlarında pərən-pərənə düşən kənd əhalisinin bir-biri ilə əlaqəsinin itməməsi üçün övladlarına tanış bilişlərin, qonum –qonşu ailələrinin hamısının ünvanlarını, telefon nömrələrini tapmalarını tapşırıb. Bir biri ilə telefonla əlaqə saxlamaq, yaxud görüşmək üçün ev ünvanları və telefon nömrələri yazılmış broşürlər hazırladıb. Həmin broşürlərə metrolardan və ya digər mərkəzlərdən gedən avtobus marşrutlarının siyahısını da əlavə edib. Kənd camaatına yazdığı müraciətlə birlikdə broşürlərin hər bir ailəyə paylanmasını təmin edib.
O, xeyirxah, humanist, qayğıkeş olduğu qədər də cəsur, qorxubilməz olub. El-obası Zəngəzurdan qovulandan sonra belə, 1989-cu ildə ölümü gözə alaraq kəndə gedib, hətta bir gecəni tək, tənha öz evində qalıb. Erməni dilini mükəmməl bildiyinə görə, o vaxtlar Xəzər rayon notariusu Qərbi Azərbaycandan qaçqın düşmüş əhalinin sənədlərinin tərcümə olunaraq təsdiqlənməsi zamanı həmin sənədlərin düzgünlüyünü təsdiq etmək səlahiyyətini ona verib.
Mürsəl müəllim o illərdən ömrünün sonunadək Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə tarix və coğrafiya müəllimi işləyib. Burada da qısa müddətdə yerli əhalinin dərin hörmətini qazanıb. Qayğıkeşliyi, biliyi, ətrafındakı hər kəsə doğru yol göstərməyi sayəsində yerli camaatla tez qaynayıb qarışıb. El ağsaqqalı statusunu burda da qoruyu, saxlayıb.
Mürsəl Tağıyev 1995-ci ilin baharında - aprelin 6-da vəfat edib. Mərhumun əziz xatirəsi onu tanıyanların qəlbində daimi yaşayacaq.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun!

Mürsəl müəllimin ruhuna ehtiramla:
Nailə İBRAHİMOVA

18-11-2023, 03:30
İnsanlığın fövqündə dayanan adam

Rauf Tağıyev

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru


İnsanlığın fövqündə dayanan adam

1985-ci ilin payızı idi. Azərbaycan Dövlət Universitetindən dərsdən çıxıb tələbə yataqxanasına gedirdim. Bir-iki addım atmışdım ki, yanımda bir maşın dayandı. Cavan, yaraşıqlı bir oğlan maşının qapısını açaraq, nəzakətlə, buyur əyləş,- dedi. Onu tanımasam da, kimliyini, məni hara aparacağını bilməsəm də, heç nə soruşmadan maşına oturdum. Maşını yerindən tərpətməmiş dedi, -əgər dostun, yaxının varsa, onu da götürək. Yox, -dedim, hələ qrup yoldaşlarımla düz-əməlli tanış olmamışam. Beləcə sükut içində yol yoldaşlığımız başladı. Nətanışım məni tanımadığım bir möhtəşəm restorana gətirdi. Ömrümdə görmədiyim, çeşid-çeşid nemətlərlə bəzədilmiş zəngin süfrə açdırmışdı. Heyrət içində baş verənləri və gördüyüm mənzərəni seyr edirdim...
Süfrə arxasında tanışlığımızdan məlum oldu ki, Rauf müəllim Azərbaycan Dövlət Universitetində işləyir. Həm də mənim qəbul imtahanı verdiyim illərdə qəbul komissiyasında çalışıb. Üzləşdiyim haqsızlıqların şahidi olsa da, müdaxilə etmək səlahiyyəti olmadığından vicdan əzabı çəkib. Elə məni tapmağına da təəssübkeşliyi, humanistliyi və işlədiyi müqəddəs təhsil ocağının şərəfini qorumaq istəyi səbəb olub. Düzü bu hadisə məni çox duyğulandırdı. Üzləşdiyim o qədər vicdanını pula satan rüşvətxorların arasından belə bir vicdanlı ziyalının çıxması neqativ təsəvvürümü alt-üst elədi. Bu qədər ali mərtəbədə qərarlaşan birinin bu davranışına necə qarşılıq verəcəyimi bilmədim. Düşündüm ki, nə bu dərəcədə təəssübkeşlik olar, nə də bu qədər vicdan duyğusu. Belə ucalıq, belə mənəviyyat yalnız insanlığın fövqündə duranlara xas ola bilər.
Görüşümüz, tanışlığımız başa çatandan sonra mən bir daha Rauf müəllimlə görüşmək, onunla ünsiyyət qurmaq haqqında düşünmədim. Çünki o mənim kimilərlə oturub duracaq səviyyənin sahibi deyildi. O qədər kübar, o qədər nəcib, o qədər lütfkar biri idi ki, alicənablığının, davranış tərzinin, xoş rəftarının qarşısında adam özünə yer tapa bilmirdi.
Aradan bir müddət keçmişdi. “Novruz” bayramı ərəfəsi idi. Bir də gördüm ki, Jurnalistika fakültəsinə gəlib. Bayramımı təbrik elədi, xatirə şəkili çəkdirdik. Onu tanıyanlar yaxşı bilir ki, Rauf müəllim çox həssas insandır. Tanıdıqlarına, ünsiyyətdə olduqlarına qarşı həddindən çox diqqətcildir. 1988-ci il martın 20-də 30 yaşım tamam olurdu. Günün bir vaxtı qapı döyüldü. Çıxıb gördüm gələn Aqildir- Rauf müəllimin qardaşı. Əlində böyük bir bağlama gətirmişdi. Bağlamanı mənə uzadıb, Rauf göndərib,- dedi. Doğum gününü təbrik edir. Beləliklə, həyatımın ilk doğum günü hədiyyəsi də Rauf müəllimdən gəldi. Qeyri- ixtiyari düşündüm ki, bu adam dünyanın ən halal süd əmmiş, ən halal çörəklə böyümüş adamıdır. Ona görə də öz nəcib əməllərilə ətrafındakıların günahını yuyur. O qədər işgüzar, o qədər zəhmətsevərdir ki, hətta öz arzusuna çatmaq üçün zəhmətə qatlaşanları mükafatlandırır...
Həmin ilin bağ mövsümündə Rauf müəllim övladları ilə məni bağına apardı. Özü yer belləməyə, nəsə əkməyə başladı. Mən də bir işin qulpundan yapışmaq üçün beli götürdüm, əlimdən aldı. Lapatkanı götürdüm, onu da əlimdən alıb kənara atdı. Bir sözlə nəyə əl uzatdımsa, heç bir iş görməyimə imkan vermədi. Dedi,-sən uşaqların başın qatsan işləməyimə mane olmayalar bəsdir. Onda uşaqlar balaca idlər, yanılmıramsa, hələ məktəbə də getmirdilər. Uşaqlarla bir az əylənmişdik ki, ataları bizi süfrəyə dəvət elədi. Ömrümüzün bir günü də belə rövnəqləndi. Günümüz maraqlı, əyləncəli keçsə də, heç bir iş görməməyim məni daxilən narahat edirdi. Axı necə olar ki, kənddə böyümüş, fiziki işdə bərkimiş birinin bostan əkininə kömək etməsinə imkan verməyəsən?!
Bu sualın cavabını Rauf müəllimin xoşgörüsündə, dərin analizetmə təfəkküründə və könülləri rametmə qabiliyyətində tapdım. Yəqin düşünüb ki, əgər mənim işləməyimə imkan versə, fikirləşərəm ki, məni bağa istirahətə deyil, işlətməyə gətirib. Onda da saf niyyəti fəzilətə keçməz, diqqət və qayğısına kölgə düşər, süfrəsindəki çörəyin dadı, duzu qaçar. Bəli, o gün heç vaxt yaddan çıxmayan bir gün oldu. O vaxtlar mənim müəyyən qədər dünyagörüşüm, həyat təcrübəm olsa da, 30 il ərzində insan övladından qarşısındakına belə isti münasibət görməmişdim. Təzə bilmişəm ki, o məndən cəmi-cümlətanı 4 yaş böyükmüş. Amma onun heyrətamiz davranışı, uşaq kimi əzizləyib nəvaziş göstərməsi məni doğrudan da uşaqlaşdırırdı. Çox utanırdım. Mənə elə gəlirdi ki, Rauf müəllim lap qocamandır, ululardan uludur. Dədə Qorqudun, Nizaminin, Füzulinin yaşıdıdır. Qısa müddətdə o, ruhu, ziyası, fəhmi ilə könül sarayımda özünə elə möhtəşəm taxt qurdu ki, o taxtın qiymətsiz tacı yalnız ona məxsusdur.
Təəssüf ki, səmimi görüşlərimizin, xoş günlərimizin ömrü qısa oldu. Qarabağda baş qaldıran separatizm Qərbi Azərbaycanda erməni faşizmi formasında təzahür elədi. Bütün soydaşlarımız kimi, Zəngəzur mahalındakı ailələrimiz, qohum-əqrabalarımız qanlı qırğınlarla doğma od-ocağından didərgin salındı. Başımız onların dərdlərinə qarışdı. Ardınca Azərbaycanı Milli Azadlıq Hərəkatı bürüdü. Təbii ki, hamımız erməni faşistlərinin işğalçılıq siyasətinə, onları açıq-aşkar himayə edən Sovet imperiyasına qarşı mübarizəyə qoşulduq. Daha Rauf müəllimlə görüşə bilmədik.
1990-cı ildə universiteti bitirib redaksiyaya təyinat aldım. Millətimizin övladı olaraq qanlı, qadalı illəri yaşaya-yaşaya dövlətimizin müstəqilliyini bərpa elədik. 20 Yanvarın qaranlığında qırğınlardan keçdik. Xocalı soyqırımının acısını yaşadıq. Bir milyon qaçqının, məcburi köçkünün dərd yükündən hamımıza pay düşdü. Bir-birimizdən xəbərsiz eyni amal, eyni əqidə uğrunda-Bütöv Azərbaycan yolçuluğuna çıxdıq. 4 il sonra bir təsadüf nəticəsində yollarımız yenidən kəsişdi. Beləki, 1992-ci ilin aprelində Milli İstiqlal Partiyasından Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Etibar Məmmədovdan müsahibə almaq üçün partiyanın qərargahına getdim. İki gün ərzində AMİP-in qərargahında Etibar Məmmədovla görüşməyimiz mümkün olmadı. Mühafizəçilər qarışıq kimə müraciət elədimsə, heç kəs E.Məmmədova yaxınlaşıb müxbir müsahibə almağa gəlib deməyə cəsarət etmədi. Üçüncü gün də eyni vəziyyət təkrarlananda əsəbiləşib qışqırdım: “Burda bir kişi tapılmır ki, hünəri çata Etibara deyə jurnalist səndən seçki ilə bağlı müsahibə almaq istəyir.”
Səsimə yan otaqdan Rauf Tağıyev çıxdı. Qardaş, niyə hirslənmisən, deyib məni köksünə sıxdı. Gözlənilməz görüşdən həm çaşdım, həm sevindim. Amma dərdləşməyə vaxtımız çatmadı. Rauf müəllim vəziyyəti bilən kimi, tərəddüd etmədən içəri keçib namizədin razılığını aldı. Beləliklə Etibar Məmmədovdan müsahibə götürdüm. Bu məqamda bir nüansı xüsusi qeyd etmək istəyirəm. O zaman müsahibənin sonunda Etibar Məmmədovdan soruşmuşdum: “İlk seçiciniz olub səs verməyəcəyim sizi bədbinləşdirmir ki?”
Etiraf edim ki, 30 min tirajla çıxan bir qəzetdə Prezidentliyə namizədə belə münasibət sərgiləmək o vaxtkı ictimai rəyin formalaşdırılmasında mühüm rol oynamışdı. Maraqlı orasıdır ki, Azərbaycan Milli İstiqlal partiyası sədrinin köməkçisi – sədr aparatının rəhbəri Rauf müəllim aradan keçən 31 il ərzində o məsələni nə bir dəfə üzə vurdu, nə də açıb ağartdı. Axı Etibarla məni o görüşdürmüşdü. Daha bilmədim ki, partiya liderinə münasibətdə qənaətimin düzgünlüyünə əmin idi, yoxsa böyüklüyündən belə şeylərə əhəmiyyət vermirdi...
Aradan illər keçdi. Qərbin, Amerikanın yeni-yeni texnologiyaları məmləkətimizə ayaq açdı. Mobil telefonlar həyatımızın bir parçasına çevrildi. Dost-tanışla, qohum-əqraba ilə telefon görüşmələri insanlararası münasibətləri soyutmağa başladı. Avropa qapıları Azərbaycana ayaq açandan evlərdən qonum-qonşu ayağı kəsildi. Qonaq-qara qeybə çəkildi. Bir sözlə çox şey dəyişdi. Amma Rauf müəllim heç dəyişmədi. Nəzakəti, təvazökarlığı, hər şeyin incəliyinə qədər ölçüb biçmə xasiyyəti olduğu kimi qaldı.Onunla növbəti görüşümüz Azərbaycan Televiziyasında oldu. Nə xoş ki illər əvvəl bağlarında Gizlən-qaç oynadığım balaları artıq böyümüşdü, atası da məni oğul toyuna dəvət etməyə gəlmişdi. Xəbər məni nə qədər sevindirdisə, bəy atasının zəhmət çəkib ora qədər gəlməsi bir o qədər narahat elədi. Dedim:- bir zəng vurub, ünvanı deməyiniz yetərdi, nahaq zəhmət çəkmisiniz. Dedi,- o işlər elə olmur. İllər uzunu həsrətlə gözlədiyin günün müjdəsini dostlara telefonla verməzlər. Gərək üz-üzə dayanıb gözündəki sevinci görəsən, ürəyindən keçənləri duyasan...
Toy günü Rauf müəllimin dostlarının sırasında olmağın qürurunu yaşadım. Ürəkaçan məclisdə heç kimi diqqətdən kənarda qoymadı. Hər masaya dönə-dönə baş çəkdi. Onun hər gəlişi hamıya müsbət enerji verirdi. Ona görə də şadlıq sarayında qeyri-adi aura yaranmışdı.
Rauf müəllimlə ünsiyyətdə olduqca gördüm ki, istiqanlı, dostcanlı olmaqla bərabər, həm də fövqəladə təşkilatçılıq qabiliyyəti var. Bu qənaətə ən çox da Oktay Əsədovun seçki gərargahında gəldim. Hər kəs onunla ünsiyyətdə olmağa, kimisi bir tapşırıq almağa, kimisi də gördüyü iş barədə hesabat verməyə can atırdı. Ona görə də seçki kampaniyasının təbliğat-təşviqat işləri yüksək səviyyədə keçirilirdi. Bir neçə dəfə, seçki qabağı, Oktay Əsədovun fəaliyyəti ilə bağlı Azərbaycan və rus dillərində yazılan məqalələrin çap olunmamış variantlarını oxuduğunun şahidi olmuşam. 40 ilin peşəkar jurnalistlərinin buraxdıqları siyasi, məntiqi və bəzən də texniki səhvləri elə ustalıqla redaktə edirdi ki, savadına, yaradıcılıq səriştəsinə heyran qalırdım.
2008-ci ildə “Bütöv Azərbaycan” qəzetini təsis edib, çapına başlamışdım. Bir müddət sonra bir səhər Rauf müəllim mənə zəng eləyib, işə gedəndə burdan keç, sözüm var,- dedi. Onda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyirdi. Yanına getdim. Qəzetə görə təbrik edib, uğur arzuladı. Hamımızın amalı Azərbaycanımızı bütöv görmək və bu yolda hər cür fədakarlığa hazır olmaqdır,-dedi. Redaksiyamıza bir qabı açılmamış notebook bağışladı. Düzü, həmin vaxt redaksiyamız təzə formalaşırdı, o notebooka çox ehtiyacımız var idi.
Bəzən insan övladının dəyəri onun sözə, sənətə verdiyi qiymətlə də ölçülür. Bu mənada Rauf müəllimi örnək göstərmək olar. 2012-ci ildə nəğməkar şair Hafiz Baxışın 80 illik yubileyini keçirirdik. Ondan soruşdum ki, sizin vaxtınız olacaq yubiley tədbirinə qatılmağa. Dedi:- bəs necə? Bu, Hafiz Baxışdı e, o vaxta filana baxmaz. Mən də gələcəm, həyat yoldaşım Nailə xanım da. Elə də oldu. Hər ikisi gəldi. Onu da qeyd edim ki, kabinetindəki stolun üstündə Hafiz Baxışın kitabları tığlanmışdı. Gələn-gedən dost tanışlarına kitab hədiyyə etməklə həm şairi təbliğ edir, həm də ata yurdu Zəngəzurun kitabda vəsf olunmuş gözəlliklərini diqqətə çatdırırdı. Əslində bu da vətən sevgisinin, insanpərvərliyin bir təzahür formasıdır.
2018-ci ildə “Xudafərin” şadlıq sarayının “Təbriz” zalında qəzetin 10 illiyini və “Güllə səsinə açılan qapı” kitabımın təqdimatını keçirirdik. Təxminən 100 nəfərin iştirakını nəzərdə tutmuşduq. Qapı açılıb Rauf müəllim içəri daxil olanda çox qürurlandım, həm də xəcalət təri məni basdı. Onu yubileyə dəvət eləmədiyimə görə pərt olduğumu görüb, dedi-heç narahat olma! Bilirəm ki, mənə əziyyət vermək istəməmisən. Sən də onu bil ki, “Bütöv Azərbaycan” qəzeti təkcə sənin deyil, şüarında yazdığın kimi, Azərbaycanı bütöv görmək istəyənlərindir. Odur ki hamımızın yolu bir, amalı eynidir. Bu yolu birlikdə, əl-ələ verib sona qədər getməli, bölüklənmiş vətənimizi bütövləşdirməli, ayrı düşmüş millətimizi birləşdirməliyik.
Rauf müəllimlə son vaxtlar nisbətən tez-tez görüşürük. Qərbi Azərbaycan İcmasının işində çox fəal iştirak edir. Atalar demiş: -niyyətin hara, mənzilin ora. Onun da niyyəti, məqsədi soydaşlarımızın Qərbi Azərbaycandakı dədə-baba yurdlarına, öz doğma ata ocaqlarına qayıdacaqlarına inam hissini artırmaq, onların karvanına qoşulub doğulduğu Açağu kəndinə qayıtmaqdır.
Rauf müəllim elə bir ucalıqdadır ki, çox-çox uzaqlardan seçilir, yaxınlaşdıqca hərarəti könül qızdırır, yaxşı tanıyanlar tərəfindən ürəkdən sevilir və özünün olmadığı yerlərdə yeri görünür. O böyüklükdə insanın həyatını, fəaliyyətini, missiyasını bir qəzet məqaləsi deyil, heç bir kitaba da sığdırmaq mümkün deyil. Mən sadəcə öz gördüklərimin, bildiklərimin bir qismini yazmaqla onun nə qədər təmənnasız, nə qədər comərd, xeyirxahlıqdan zövq alan alicənab olduğunu oxucularımızın diqqətinə çatdırmaq istədim. İstədim hamı bilsin ki, təkcə mənə- tanımadığı, üzünü görmədiyi birinə bu qədər sayğıyla, bu qədər diqqət və qayğıyla yanaşan insan dostlarının, doğmalarının, ətrafındakıların yolunda nə qədər əzab-əziyyətə qatlaşıb. Nə qədər ağır yüklərin altına çiyin verib?! Bir sözlə, nəsil-nəcabətinə baş ucalığı, el-obasına üz ağlığı gətirmək üçün özünü şam kimi əridib. Əridikcə də nuru çöhrəsinə vurub.
Əzizim Rauf müəllim, sizə hədiyyə edəcək dəyərdə nəsə tanımıram . Ona görə də xahiş edirəm, 70 illik yubileyinizə ünvanladığım söz çələngimi qəbul edin! Sizə sevgi və sayğılarla:
Tamxil ZİYƏDDİNOĞLU,
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
Hərbi Jurnalistlər Birliyinin sədri.



Rauf Tağıyev həyat yoldaşı Nailə xanımla

Soldan qardaşı Nurəddin, oğlu İlqar, Rauf və qardaşı Aqil

Rauf Tağıyev general-leytenant Kərim Kərimovla

Nəvəsi Fatehlə

Tələbələri ilə


Tanıtım: Rauf Tağıyev 1953-cü il noyabrın 18-də Qərbi Azərbaycanın Qafan rayonunun Açağu Kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat fakültəsini bitirib.1986-cı ildə elmi iş müdafiə edərək Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
alimlik dərəcəsi alıb. 30-a yaxın elmi məqaləsi çap olunub.
1997-ci ildən Bakı Dövlət Universiteti Ali riyaziyyat kafedrasının baş müəllimi olan Rauf Tağıyev paralel olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiə Nazirliyi kollegiyasının məsul katibi, məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Miqrasiya İdarəsinin rəisi, Dövlət Əmək Müfəttişliyinin rəis müavini və rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikasında yaradılmış bir sıra dövlət, hökumət komissiya və nümayəndə heyətlərinin üzvü, 2002–2007-ci illərdə Avropa Şurası Miqrasiya Komitəsinin (SDMG) Azərbaycan təmsilçisi olub. Azərbaycan Respublikasının bir sıra qanunlarının (o cümlədən, Əmək Məcəlləsinin, Miqrasiya Məcəlləsinin) hazırlanmasında fəal iştirak edib.
12-11-2023, 12:30
Seyfulla Abbasov: Qədim Azərbaycan şəhəri Qafanım…

27-10-2023, 18:20
"BÜTÖV-Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması "proqramına start verilib.


"İrəli"İctimai Birliyinin təşkilatçılığı,Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi,Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə "BÜTÖV-Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması "proqramına start verilib.

Proqram çərçivəsində ali təhsil müəssisələrində təqdimatların keçirilməsinə başlanılıb.Bu istiqamətdə ilk tədbir "Azərbaycan" Universitetində baş tutub.
Ümumilikdə 100-dən çox gəncin iştirakı ilə keçirilən görüş Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Vətənimizin azadlığı,suverenliyi bahasına canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik anma sükutu ilə açıq elan edilib. Tədbiri giriş sözü iıə açan "Azərbaycan" Universitetinin Siyasi elmlər kafedrasının müdiri,siyasi elmlər üzrə siyasi doktoru Elvin Talışinski"Bütöv"- Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması " programı çərçivəsində ilk görüşün " Azərbaycan Universitetində keçirilməsinə görə "İrəli" İctimai birliyinə təşəkkürünü bildirib.Programın işində uğurlar arzulayan Elvin Talışinski gəncləri proseslərsə aktiv olmağa çağırıb.
Tədbirin davamında "İrəli"İctimai Birliyinin baş katibi İlqar Axundov çıxışı zamanı program çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı məlumat verib.Diqqətə çatdırılıb ki,layihənin növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini,mədəniyyətini coğrafiyasını gənclərə aşılamaq ,Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə təşəbbüs qruplarının yaradılması nəzərdə tutulur.Program çərçivəsində həmçinin təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoroliklərin hazırlanması da planlaşdırılır.

Sonra isə söz verildi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, proffesor İbrahim Bayramov tarixən Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımız etnik mövcudluğuna deportasiya edilərək son qoyulması və onların mədəni irsinin məhv edilməsi son əsrlərdə erməni dövlət siyasəti səviyyəsində gerçəkləşdirildiyini qeyd edib.
Diqqətə çatdırılıb ki, 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri ermənilər tərəfindən qarət edilərək, mənimsənilib.İbrahim Bayramov "Qərbi Azərbaycana qayıdış konspesiyası "nın icrasında hər bir Azərbaycan gəncinin iştirakının vacibliyini vurğulayaraq, gəncləri bu istiqamətdə səfərbər olmağa çağırıb.
Qeyd edək ki,"Bütöv-Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun arıtırlması "programının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin,Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması ,Qərbi Azərbaycanla bağlı multimedia,
elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.

26-10-2023, 09:57
YUBİLEY TARİXİ BİR GÜNƏ DÜŞDÜ


Unudulmaz simalar – Nəsrulla Nəsrullayev

YUBİLEY TARİXİ BİR GÜNƏ DÜŞDÜ

Adı böyük hərflərlə yazılmağa layiq azərbaycanlı, 57 il yarımlıq ömründə neçə böyük ömürlərə sığan vəzifə səlahiyyətlərini həyata keçirən, sözün həqiqi mənasında böyük insanpərvər Nəsrulla Nəsrullayevin doğum tarixinin 103-cü ilidir. 80, 90 illik yubileyləri prezident sərəncamları ilə keçirilsə də, 100 illiyi Qarabağ torpaqlarımızdakı savaş günlərinə düşdü. “Söz” jurnalı olaraq yubilyara xüsusi buraxılış həsr etdik. “Ləyaqətli və şərəfli ömrün illəri” “Söz”də vərəqləndi. Ruhu şad olsun.

Nəsrulla Hidayət oğlu Nəsrulayayev 1920-ci ilin 25 oktyabrında Bakı şəhərində anadan olmuşdur. Yeddillik təhsildən sonra Sənaye Texnikumunu və Sənaye İnstitutunu bitirib. N.Nəsrullayevin əmək fəaliyyətinin böyük hissəsi Bakı Elektrik Maşınqayırma Zavodu (BEMZ) ilə bağlıdır. 1960-cı ildə Respublika Xalq Təsərrüfatı Şurası yanında Neft və Kənd təsərrüfatı sahələri ilə birlikdə Elektrotexnika sənayesi idarəsi yaradılır. Bu işə rəhbərlik N.Nəsrullayevə tapşırılır. Sonra Bakı Şəhər Partiya Komitəsinin I katibliyinə (1961 1966) irəli çəkilir. 1966-69-cu illərdə Azərbaycan Dövlət Plan Komitəsi sədrinin I müavini kimi də səmərəli fəaliyyət göstərir. 1969-cu ildə Nəsrulla Nəsrullayev Azərbaycan SSR-in Rabitə naziri təyin olunur. Onun Rabitə naziri işlədiyi illər (1969-1975) rabitənin yüksək inkişafı müşahidə olunur.
Rabitə sahəsində həyata keçirəsi arzu və planları çox olsa da, respublika rəhbəri Heydər Əliyev N.Nəsrullayevi Yüngül Sənaye naziri təyin edir. Nəsrullayev özünə xas olan enerji ilə bu sahədə də fəaliyyətə başlayır. İlk növbədə müəssisələrin modernləşdirilməsini həyata keçirməyə çalışır, lakin ağır xəstəliyi bu sahədə işlərini başa çatdırmağa imkan vermir. Qəlbi qurub-yaratmaq eşqilə dolu olan bu insanın ürəyi dayanır. Nəsrulla Nəsrullayev 1978-ci il aprelin 26-da vəfat edir. Son mənzili I Fəxri Xiyabandadır.
1995-ci ildə Respublika Prezidentinin sərəncamı ilə Bakı Elektrik Maşınqayırma Zavoduna (BEMZ) ilk direktoru N.Nəsrullayevin adı verilmişdir. 2006-cı ildə Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə N.Nəsrullayevin yaşadığı evə (Neftçilər prospekti, 93) xatirə lövhəsi vurulmuşdur.
N.Nəsrullayev dəfələrlə SSRİ Ali Soveti və Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Uzun illər Xarici Ölkələrlə “Dostluq" Cəmiyyətinin sədr müavini olmuşdur. Vəfatından 45 il keçsə də, xatirəsi bu gün də sevilərək anılır. Bir şəxsiyyət və vəzifə adamı olaraq unudulmaz siması ürəklərdədır.
Nəsrulla Nəsrullayev bu dünyayla vidalaşanda ölkə rəhbəri Heydər Əliyev onu çiyninə alıb son mənzilə yola salmışdı. Ailə üzvləri hər dəfə Nəsrulla Nəsrullayevi ziyarətə gedəndə Ulu öndərin məzarına da baş çəkir, onu xoş xatirələrlə anır, ruhuna rəhmət diləyirlər. Həmin gün - oktyabrın 25-də - Nəsrulla müəllimin 100 illik yubiley günündə Fəxri Xiyabana gələnlərin çöhrəsində qələbə sevincindən doğan bir qürur hissi vardı. Dağlar diyarı Qubadlı rayonu həmin gün işğaldan azad edilmişdi. Nəsrullayevin 100 illik yubileyinin məhz bu vaxta - işğal altında qan ağlayan Qarabağ torpaqlarının azad edildiyi günlərə düşməsi təsadüfi deyildi. Hər təsadüfün zərurətdən doğmasına isə min faiz əminəm.
Bu şəxs Azərbaycanın ağlasığmaz dərəcədə vurğunu idi, o özü də separatçılarla mübarizəyə az qatılmayıb. Mənfur qonşularımız tarix boyu bizə düşmən olublar. Altmışıncı illərin əvvəllərində Nəsrullayev Bakı Şəhər Partiya Komitəsinin I katibi idi. Qarabağda o illərdə də iğtişaşlar törədilərdi. Nəsrulla müəllim həmin dövrdə Xankəndinə, Şuşaya ezam olunar, iğtişaşları dəf etməyə nail olardı. Bu gün bütün nigaran ruhlar kimi Nəsrulla müəllimin də ruhu şaddır. Onun sevdiyi vətən torpağında, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda, mədəniyyət beşiyi Şuşada üçrəngli AZƏRBAYCAN BAYRAĞI dalğalanır.

Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru





24-06-2023, 11:34
Bitməyən dərs..

Bitməyən dərs...
(...Məzunların müəllimlərlə görüşü)

65 illik ömrümüzün yarıdan çoxunu yurddan aralı, qürbətlərdə odsuz-ocaqsız, bir-birimizdən ayrı keçirdik. Uşaq vaxtı nə qədər çox dalaşırdıqsa, böyüdükcə bir-birimiz üçün o qədər çox darıxdıq. Qarı düşmən bizə burnumuzu göynədən qəriblikdən xilas yolu saxlamadı. 1988-ci ildən sonra ümumilikdə ellərimiz pərən-pərən salındı. Bu dərd yükün şələlənib hərəmiz dünyanın bir ucuna üz tutduq. İllərlə bir-birimizdən xəbər tuta bilmədik. Sən demə sıralarımız yavaş-yavaş seyrəlirmiş. Bəzilərinin heç ölümündən xəbərimiz olmayıb. Ömrümüzün ahıl çağlarında -Gığı kənd orta məktəbindən məzunluğumuzun 48-ci ildönümü münasibətilə görüşmək istədik. Təəssüf ki, bu görüşə əzizlərimizdən Söhbət Mətiyev, Zahid Kərimov, Əyyub Balakişiyev, İmamverdi Orucov, Adil Azadəliyev, Xavər Həmzəyeva, Zahid Quliyev, Elenora Mahmudova, İslah Mahmudov, Mirim Əsədov, Südabə və Tamella Niftalıyeva əmiqızları gələ bilmədilər. Çünki ruhları göylərə çəkilib, xaraba kəndlərimizin viranələrini dolaşırdı. Yeniyetməlik illərimizin yadigarlarından bizə acılı-şirinli xatirələr qaldı:
Əzizim, dərdə sarı,
Dərd çəkər dərdə sarı.
Qürbətdə dərd əlindən,
Sinəm oldu dərd hasarı... (T.Z)


Bu görüş üçün özəl bir gün seçilmişdi- 28 may Azərbaycan Dövlətinin Müstəqilliyi günü. Zəngəzur mahalının Qafan bölgəsindəki Gığı kənd orta məktəbinin 1975-ci il məzunlarının 2023-cü ilə təsadüf edən görüşünün qonaqları da özəl idi. Əslində biz sinif yoldaşlarımızın bir qismi ilə martın 26-da Masazır qəsəbəsindəki “Qədim Naxçıvan” Ailəvi İstirahət Mərkəzində görüşmüşdük. Elə orda da növbəti dəfə müəllimlərimizin işığına yığışmağı qərara almışdıq.
Qəribədir ki, həmişə müəllimlərin sinif otağına geç girməsini arzulayan qoca “məktəbli”lər bu dəfə müəllimlərin gəlişini həsrətlə gözləyirdilər. Kimisi yola baxır, kimisi yaxınlaşan maşının qabağına qaçır, kimisi də bu duyğulu anları kameranın lent yaddaşına alırdı. Sucəddin müəllim məkana hamıdan qabaq gəlmişdi. Ürəyi çox yuxalmışdı. Heç kimdən dərs soruşmadı, heç gecikənləri tənbehləmədi də. Hər kəsi illərlə həsrətini çəkdiyi balası kimi bağrına basdı. Müəllimimiz 48 illik ayrılıqdan sonra bizi öpdü, biz də elə 48 il əvvəlki kimi uşaqlaşdıq...
Beləcə ömrümüzün ən yaddaqalan bir gününü yaşadıq... Yuxarıda adları qeyd olunan mərhum sinif yoldaşlarımızın xatirəsini sayğı duruşu ilə yad elədik. Dünyasını dəyişən müəllimlərimizin ruhları qarşısında, görüşümüzə gələn müəllimlərimizin- Sucəddin Məmmədovun, Mübariz Vəliyevin və Tofiq Hüseynovun şəxsiyyətləri qarşısında baş əydik.
Beləcə görüşün təşkilatçısı Sərvər Azadəliyev hər kəsə xoş gəldin deyib, Sucəddin müəllimdən məclisimizi axara salmağı xahiş etdi.

Sucəddin Məmmədov: Xoş gördük hamınızı! Aradan keçən illər ərzində çox şey dəyişib. Çöldə dayanmışdıq, gələnlərinizin bəzilərini çətinliklə tanıdım. Bunların hamısı deportasiyanın, ayrılığın yaddaşımızda buraxdığı izlərdir. Halbuki tanıya bilmədiyim “uşaq”ların hamısının adları mənim siyahımda var. Dediyim siyahıda ali məktəbə qəbul olan 1803 şagirdimin adı yazılıb. O cümlədən aranızda əyləşənlərin hamısının.
Mən arzu edirəm ki, belə görüşlər davamlı olsun. Çünki belə görüşlərin, ünsiyyətlərin davamlılığı insanlar arasında səmimiyyətin artmasına, mehribançılığın yaranmasına səbəb olur. Sizi görəndə mən 1973, 74, 75-ci illəri xatırladım. O vaxt sinif otaqlarına sığmayan, qanı qaynar yeniyetmələr idiniz. Amma indi hərəniz bir peşə sahibisiniz, bir süfrə arxasındayıq, artıq bəzilərinizlə iş yoldaşı olmuşuq. Yəni müəllim şagird münasibətləri fərqli çalar alıb. O vaxtkı mühit başqaydı, abu-hava isə bambaşqaydı. Bilirsiniz insanlar arasında səmimiyyətin azalması insanlığın yox olması ilə nəticələnir. Səmimiyyət varsa, demək hər şey var...
Bu arada Sucəddin müəllim öz müəllimlərini də xatırladı. Muxtar Baxşəliyevi rəhmətlə andı. Dedi ki, Muxtar Baxşəliyev həm mənim müəllimim olub, həm xeyirxahım olub, həm də ixtisas seçimimə vasitəçi olub. Beləki böyük qızı Nüşabə ailə həyatı quranda cəbr, həndəsə, fizika kitabları ata evində qalmışdı. Muxtar müəllimin mənə verdiyi həmin kitablar ali məktəbə qəbul olmağımda çox köməyimə çatdı. Gəlin fürsətdən istifadə edib aramızdakı tək bacımız, həm də Muxtar müəllimimin yadigarı İradə xanımı dinləyək:

İradə Baxşəliyeva: İnanın ki, bu görüşü çox həsrətlə gözləyirdim. Biz bu yaxınlarda bir WotshApp qrupu yaratmışıq. O qrupdakı sinif yoldaşlarımızın hamısının səsini eşitmək üçün ürəyim əsir. Uşaqlarımdan qabaq sinif yoldaşlarımın səsini dinləyirəm. Sinif yoldaşımız Muxtarın səsinə həmişə azı 3-4 dəfə qulaq asıram. Hər dəfə də gözlərim dolur. Çünki Muxtarın həm adı mənə doğmadır, atamın adını daşıyır, həm də elə danışıq forması mənə atamı xatırladır. Sizinlə hərəmiz bir kənddən gəlirdik, amma Sucəddin müəllimlə eyni kənddənik. Kartof əkini yerlərimiz yan-yana idi. Anası Əsmər xala həmişə kartof yığımı vaxtı bizi yanına çağırıb, böyük ağacın qanadları altında süfrə salardı, qonşuları qonaq edərdi. Bir də bizim çoxlu gilas ağacımız vardı. Atam ağacın birini Bakıda yaşayan əmilərim, birini də şagirdləri Sucəddin müəllim, Mübarək, Feruz, Oktay və Arif üçün ayırmışdı.
İradə xanım qonşuluq münasibətindən tutmuş kənd toylarına, müəllimlərimizin şagirdlərinə göstərdiyi diqqət və qayğıya qədər hamısını xatırladı...

Müəllimimiz Mübariz Vəliyev 28 May Respublika Günü münasibətilə müəllim yoldaşlarını və şagirdlərini təbrik etdi. Ünvanımıza bütün şagirdlərin öz müəllimindən eşitmək istədiyi ən xoş sözləri söylədi. Bizlərlə qürur duyduğunu bildirdi. Hamıya uzun ömür, sağlamlıq arzuladı. Bir də arzu etdi ki, bayrağımız həmişə yüksəklərdə dalğalansın. Onun şagirdləri olaraq dost, yoldaş və vətəndaş kimi bir-birimizin üzünə, gözünə dik baxa bilək.
Uşaq həkimi Ələmşah Əliyev, Şikarı müəllim Nəcəfov, Nəbi müəllim, mühəndis Ramiz Tahirov, Vahid həkim Umudov, Firudin, Kərəm Ağalarov və başqaları ayrı-ayrılıqda müəllimlərimizə olan sevgilərindən danışdılar. Məktəb illərinin xatirələri çözələndi...
Tamxil Ziyəddinoğlu bildirdi ki, insan həyatında 3 yaradılmış var ki, onlara münasibət ömür boyu dəyişmir. Birinci valideyndir ki, övlad onun qabağında 1 yaşında da uşaqdır, 100 yaşında da. İkincisi və daha müqəddəsi müəllimdir ki, şagirdi 7 yaşında da 77-sində də müəlliminin qarşısında şagirddir və hərtətəfli cavabdehdir. Müəllimlərim bağışlasın, ölüncə dəyişməyən üçüncü hiss isə valideynlik hissidir.
Tamxil Ziyəddinoğlu müəllimlərinin onun həyatında, ixtisas seçimində oynadığı rolu ibtidai sinifdən başlamış ali məktəbə qədər təhlil etdi. Müəllim sevgisi ilə fənn sevgisi arasında qırılmaz bağ olduğunu bildirdi. Qeyd etdi ki, ibtidai sinif müəllimim Əlayət Bayramov olub:
Yazmağı mənə Əlayət müəllim öyrətdi. Bizim sinfin bütün şagirdləri, necə oxumasından asılı olmayaraq, gözəl xətlə yazırdı. Çünki müəllimimiz fərq qoymadan hamımıza, özü kimi, yaxşı yazmağı öyrədirdi. İbtidai təhsil vaxtı mərhum Möhbalı Bəndəliyev hesab-riyaziyyat dərsi keçirdi. Bizi yarışdırır daha yaxşı oxumağa həvəsləndirirdi. Riyaziyyatı sevə-sevə öyrənib, yaxşı oxuyurdum. 1970-ci ildə sevimli müəllimim kənddən köçüb getdi. Sanki özü ilə bərabər riyaziyyata olan sevgimi də apardı. Texniki fənlərə marağım azaldı, həvəssiz oxumağa başladım. Kəndimizdə orta məktəb olmadığından 9-10-cu siniflərə Gığı kəndinə getdik. Orda məktəbə yenicə təyinat almış gənc, yaraşıqlı, ciddi görkəmi olan Sucəddin Məmmədovun şövqlə tədris etdiyi Fizika fənnini eyni şövqlə öyrənib, yaxşı hazırlaşırdım. Amma bu dəfə də bəxtim gətirmədi. Aradan üç ay keçmişdi, sevimli müəllimim Sovet Ordusu sıralarında xidmətə getdi. Fizikaya “qonan quşumu”da onun gedişi uçurdu.
Beləcə müəllimlərim dəyişdikcə ovqatım da, dünyaya baxışım da dəyişdi. Orta təhsil illərimin son ruhdaşı ədəbiyyat müəllimimiz mərhum İdris Piriyev bir gün mənə dedi ki, əgər yaxşı oxusan baban Əbdürrəhimin nağılını sənə danışacam...
Rüblük, illik 5 yazdı, amma nağılı danışmadı. İmtahandan 5 alarsan danışaram,-dedi. Beləcə məni ovuda-ovuda jurnalist elədi. Fəqət 1937-ci illərin repressiya qurbanı babamın nağılını danışmağa ömrü vəfa etmədi...

...O illər bambaşqaydı. 15, 16, 17 yaşlar arası. Yeniyetməlikdən gəncliyə keçid dövrü, ömrün ən qaynar çağı. Qonşu kəndlərdən qəşəng qızlar, çılğın-çılğın yaraşıqlı oğlanlar bir mərkəzə- Gığı kənd orta məktəbinə axışırdı. Bəzən od çıxan, şimşək çaxan baxışlardan ürəklərə eşq atəşi düşürdü. Kimisi səadətini burda tapırdı, kimisi bir ömür daşıyacağı könül yarası alırdı, kimisinnin də qismətinə sevdasını ürəyinə gömmək düşürdü. Beləcə hərə öz taleyinə düşəni götürüb ömür yoluna davam edirdi.
Budur, 48 ildən sonra yollarımız yenə kəsişib. Amma hərənin bir umudla gəldiyi bu yollar o yollar deyil. Nə Çayarasında haçalanan dağ yolları var, nə Həçətinin sıldırım qayaları, nə də Gülxacın köhlənyoran yoxuşları. Nə Pəyhanda işıq yanır, nə Pürülüdə tüstü çıxır, nə də Qazangöldə kef məclisi, çal-çağır var. Bu dəfə hərə öz öləzimiş arzularının qanadıyla yurd həsrətini körükləyir...
Xatirələrini bölüşən Xürrəm Bədəlov 28 may günü Türkiyədə prezident seçkilərinin ikinci turunun keçirildiyini xatırladaraq, Türk Dünyasının lideri Rəcəb Tayyib Ərdoğana müqəddəs Turan yolçuluğunda uğur dilədi. Bəlkə bu yol bizim də kəndlərimizdən keçər deyə,- öz şeirini oxudu:
Allah mənə qanad verə,
Göydə uçan quş olaydım.
Uçub gedib o yerlərə,
Bir anlığa tuş olaydım.

Getmə, dayan, a boz duman,
Dağlar yada düşüb yaman.
Əgər keçsəniz Qafandan,
Mən də sizə qoşulaydım.

Gəzəydim o dağ dərəni,
Görəydim bəndi, bərəni.
Toplayanda göy tərəni,
Toz torpağa bulaşaydım...


Muxtar İsmayılov əvvəlcə bütün sinuf yoldaşlarımız adından müəllimlərimizin qarşısında baş əydi. Sonra yaddaşına həkk elədiklərini bölüşdü, hətta bir az da irəli gedib müəllimlərimizi xarakterizə elədi. Dedi,- Tofiq müəllim xasiyyətcə bir az mülayim idi. Ancaq Sucəddin müəllim, sizin zəhminiz bu gün də mənim gözümün qabağındadır. Bizim heç birimiz sinifdə hansısa qeyri-normal hərəkət edə bilməzdik. Hər adamın həyatda bir idealı olur. Mənim idealım sizsiniz. Oturuşunuz, duruşunuz, bir müəllim kimi, şagirdləriniz qarşısında davranışınız, dediyiniz dərs, tələb elədiyiniz cavab və s. Gığı kənd klubunda Üzeyir bəyin “O olmasın, bu olsun” operettasını səhnələşdirmişdiniz. Tarda ifa edirdiniz, Kərəm də qəşəng zəngulə vururdu.
Muxtar o vaxtlar müəllimlərindən soruşa bilmədiklərini fürsət tapmışkən burda soruşdu. Amma deyim ki, soruşduqlarının fizikaya heç bir dəxli yox idi. Yəqinki elə o vaxtlarda bu emosianal gəncin fikri dərsdə yox, dağda-daşda, bir gözü müəllimlərdə, biri pəncərədən keçənlərdə, qulağı zəng səsində olub...
Görüşə yekun vuran Tofiq müəllim erməni faşizminin xalqımıza, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə vurduğu yaralardan, onların xisləti ucbatından sevimli şagirdlərindən ayrı düşməsindən təəssüflə söhbət açdı. Sucəddin müəllimlə deportasiyadan sonra da eyni kollektivdə çalışmasından danışdı...

...Arada yenə uşaq zarafatları, bir-birinə söz atmalar başladı. Müəllimlərimizin gözündən iraq düşən kimi qoca “uşaqlar” bir-birinin paxırın açdı. Bilmədiyimiz, unutduğumuz o qədər hadisələr yada düşdü ki, o illərə, o günlərə, elə o yerlərə qayıtmaq istədik.
Görüş təəssüratlarımı, 2004-cü ildə yazdığım və ilk dəfə sonradan quda olan sinif yoldaşlarım Əlisahiblə Tərgül xanımın övladlarının toyunda səsləndirdiyim “Özüm gələcəyəm, Qafanım mənim!” şeirilə yekunlaşdırıram:

Qafanım mənim!

Dözə bilməm sən yağıda qalınca,
Gözlə, ordum döyüş əmri alınca.
Azərbaycan əsgərinin dalınca,
Özüm gələcəyəm, Qafanım mənim!

İlanbaşlı yağıları əzməyə,
Əsir düşmüş oymaqları gəzməyə,
Lalələri, nərgizləri üzməyə,
Özüm gələcəyəm, Qafanım mənim!

Köç gözləyir bir gün geri dönməyə,
Gədiklərdən bulaq üstə enməyə,
Yorğa köhlənləri yenə minməyə,
Özüm gələcəyəm, Qafanım mənim!

Laçında düşmənin kəfənin biçib,
Mehridə atlanıb, Gorusdan keçib,
Orda qan içənin qanından içib,
Özüm gələcəyəm, Qafanım mənim!

Əl uzatdı qol boynuna salmağa,
Dədəm dözəmmədi sənsiz qalmağa,
Oğul böyüdürəm qisas almağa,
Özüm gələcəyəm, Qafanım mənim!

Çevirib düşmənin taxtı-tacını,
Siləcəm köksündən ağrı-acını,
Ziyarət etməyə Acıbacını.
Özüm gələcəyəm, Qafanım mənim!

Tamxil deyər, ormanlara baxmağa,
Qartal kimi qayalara çıxmağa,
Al bayrağı başın üstə taxmağa,
Özüm gələcəyəm, Qafanım mənim!


Tamxil ZİYƏDDİNOĞLU
Gığı məktəbinin 1975-ci il məzunu

"Bütöv Azərbaycan" qəzeti
23 iyun 2023
25-05-2023, 21:59
Söz-söz ucalan şair


Söz-söz ucalan şair

Sumqayıt şəhər Poeziya Evində şair Təvəkkül Goruslunun “Ömrüm, çiçəyim” və “Kağıza şeirimin qanı tökülür” şeir kitablarının təqdimatı və imza günü keçirildi. Tədbirin aparıcısı şair Qəşəm Nəcəfzadə tədbiri giriş sözü ilə açaraq müəllifin həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi.

Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin direktoru İbrahim İlyaslı Təvəkkül Goruslunun yaradıcılığından, onun şeirlərinin oxucu ruhuna təsiredici məziyyətlərindən söz açdı, şeirlərindən nümunə gətirdi.
“Azad qələm” jurnalının baş redaktoru, şairin 3 kitabının redaktoru olmuş Nəcibə İlkin Təvəkkül Göruslu yaradıcılığının çoxşaxəli janrlarından söhbət açdı. Qeyd etdi ki, Təvəkkül Goruslu ilk tanıdığım müddətdən bu günə kimi yaradıcılıq sahəsində uğurlu inkişaf mərhələsi keçib. Onun yaradıcılığı millətimizin dərdləri, ağrı-acısı ilə yoğrulub. Ona görə də onun yazdığı şeirləri ürək yanğısı keçirtmədən, göz yaşı axıtmadan oxumaq olmur.

“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Təvəkkül Goruslunu şəxsən tanımadığını bildirdi. Qeyd etdi ki, bu görüşə məni Təvəkkülün yaradıcılıq ruhu gətirib. Onun “Bayraq” şeirini oxuduqca Təvəkkül Goruslunun özü də gözlərimdə söz-söz, misra-misra sevgilə tərənnüm etdiyi al bayrağımız kimi ucaldı. Azərbaycan bayrağının eşqinə Goruslunun əlini sıxmağa gəlmişəm.
Xalçaçı rəssam Fazil Abasquluzadə müəllifin fotosu əks olunmuş xalçanı müəllifə hədiyyə edərək ürək sözlərini dilə gətirdi. Rəssam sənətinin xarakterinə uyğun olaraq tədbirə xüsusi rəng də qatdı. Beləki Təvəkkül Goruslunun tədbirdə iştirak edən müəllimlərini tribunaya dəvət edərək, onları yetirmələrinin yubileyi və kitablarının işıq üzü görməsi münasibətilə təbrik etdi. Müəllimləri öz sevimli şagirdlərini öpdülər, onun haqqında şirin xatirələr danışdılar, qürur duyduqlarını ifadə etdilər. Xeyli duyğulu anlar yaşandı.

Şairlərdən: Nazlı Hacılı, Əzizə Ağahüseynqızı, Qalib Arif Nuri, Qəzənfər Məsimoğlu, Vahid Çəmənli, Polad Məmmədov, Miraslan Rasim, Elçin Bağırov, Yunis Qaraxanoğlu, Vüsal Ağa, Şəfəq Üfüq, Lilpar Cəmşidqızı çıxış edərək müəllifin yeni çap olunmuş kitabları haqqında öz fikirlərini bölüşdülər.
Oxucu Günel Balakişiyeva, həkim Rəna Rzayeva, müəllifin sinif yoldaşları və ailə üzvləri, Gülzar müəllimə, Eldar müəllim, Pənah müəllim, Nəzakət xanım, Raya xanım da tədbir iştirakçıları sırasında yer almışdılar.
Sonda şair Təvəkkül Goruslu tədbir iştirakçılarına təşəkkür etdi, müəllimlərinə, zəhmət çəkib onun görüşünə gəldiklərinə görə, minnətdarlığını bildirdi. Tədbir iştirakçıları üçün kitablarını imzaladı.
İmza mərasimi bitdikdən sonra fotoqraf Şakir Rəhman xatirə şəkilləri çəkdi.


"Bütöv Azərbaycan" qəzetinin
26 may tarixli sayında çap olunur
4-05-2023, 14:49
XANIM – XATIN  RƏHİLƏ  XANIM, AD GÜNÜNÜZ MÜBARƏK!


XANIM – XATIN RƏHİLƏ XANIM, AD GÜNÜNÜZ MÜBARƏK!

Keçən yüzilliyin 80-ci illərində dünyaya gəldiyim Rustavi şəhərindəki 7 saylı orta məktəbin şagirdi olanda televiziyada “Lalə” qızlar ansamblının konsertinə baxırdıq. Sazlı-sözlü mühitdə böyüsəm də, Azərbaycan xalq və bəstəkar mahnılarını doymazlıqla dinləyərdik. Milli geyimli musiqiçi qızlar və müğənnilər elə ruh yüksəkliyi ilə ifa edirdilər ki, az qalırdıq onlarla birgə oxuyaq. Rəhilə Bəndəliyevanın o zamandan səsinin və səhnə mədəniyyətinin vurğunu olmuşam. Onun səsi oxuduğu mahnıdan, muğamdan asılı olaraq gah coşub-çağlardı - kükrəyən dağ çayı, şaqraq şəlalə kimi, gah kövrək olardı - bağların boynubükük bənövşəsi, zəmilərin gözəli qara xallı lalə kimi.
Bakıya gələndən sonra ulu yaradan mənim onunla tanış olmaq arzumu çin elədi. Görüşdük, həmsöhbət olduq, döğma münasibət yarandı, sirdaş olduq. Müxtəlif tədbirlərdə iştirak etdik, səfərlərdə olduq, bir-birimizi daha yaxından tanıdıq. Onun Azərbaycan qadınlarına xas xanım-xatınlığını, şəxsiyyətinin bütövlüyünü, dönməz əqidəsini hamımız örnək kimi qəbul etdik.
Onun 60 illik yubileyinin iştirakçısı oldum, təbrik etdim, arzularımı dilə gətirdim. Bu da taleyin xoş bəxşişi idi ki, gəncliyimdə televiziyada görüb sevdiyim insanın yubileyində ürək sözlərimi deyə bildim.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaradanda Məclisə ilk xeyir-duanı verənlərdən biri də Rəhilə xanım olub. Mirvarid Dilbazinin 110 illiyi ərəfəsində ilk qadın Xalq şairimizin “Azərbaycan qızıyam” şeirinə bəstələnən mahnını ilk dəfə Rəhilə xanım ifa edib. Cəlilabad Rayon İcra Hakimiyyəti ilə “Mirvarid Dilbazı Poeziya Məclisi”nin birgə təşkilatçılığı ilə Cəlilabadda keçirilən Mirvarid Dilbazinin 110 illik yubiley tədbrində Rəhilə xanım Məclisin üzvləri ilə birlikdə iştirak etmiş, onun oxuduğu “Azərbaycan qızıyam” mahnısı alqışlarla qarşılanmışdır.

Köküm ulu torpaqda,
Haqqın yolu torpaqda,
Fikrim, hissim, xəyalım
Daim haqqı sormaqda,
Azərbaycan qızıyam.


“Azərbaycan kələğayısı – min illərin yadigarı” layihəsi çərçivəsində tədbirlərin birində Südabə İrəvanlının “Nə gözəl yaraşır kələğay bizə” şeirinə yazılmış mahnını Rəhilə xanım şövqlə oxudu. Həm səsinə, həm də başı kəlağayılı müğənninin xanım-xatınlığına, milli dəyərlərə xüsusi önəm verməsinə tamaşaçılar heyran qaldılar.
Rəhilə xanımın müğənni, musiqiçi olmaq istəyinin qarşısına çox səddlər çəkməyə, yolundan döndərməyə çalışsalar da, inadından dönməyib. Milli mentallığımızın bəzi “qayda-qanun”ları belə onun qarşısında aciz qalıb. Təkcə atası onu anlayıb, yolunda yaşıl işıq yandırıb, sevimli qızına uğurlu yol arzulayıb:
”Kim nə deyir, desin, özü üçün deyir, mənim qızımsansa, get, ağıllı ol.”
Həyat Rəhilə xanımın yoluna Vahid Abdullayev, Səkinə İsmayılova, Ceyran Haşımova kimi qayğıkeş, xeyirxah insanlar çıxarıb. Ustadların dərsləri, tövsiyələri muğam məktəbinin şagirdinin, “Lalə” qızlar ansamblının solistinin səsini cilalayır, Azərbaycan musiqisinin əsaslarını daha dərindən öyrənməsinə kömək edir.
Indi təkcə şou-biznesin yox, hətta ciddi muğam sənətinin nümayəndələri pul dalınca qaçdığından, bəzən sənət unudulur. Rəhilə xanım kimilərin bircə amalı var – sənətə xəyanət etməmək, işini mükəmməl öyrənmək!” O, Ceyran Haşımovanın diqqətini, qaygısını unutmur.
Rəhilə xanım 45 ildən çox səhnədə olsa da, hər an öyrənir, özünə qarşı çox tələbkardır, sənətdə mükəmməlliyi sevir. Ömrün keçən illərində əlinə düşən imkanlardan maksimum istifadə etmədiyinə görə özünü qınayır. Xalq artisti Səkinə İsmayılovanın Asəf Zeynallı adına Musiqi Texnikumunda (indi Musiqi Kolleci) müəllim olmaq təklifinə razı olmayıb. Dövlət imtahanında oxuduğu “Orta Mahur”u, daha sonralar “Mirzəhüseyn Segahı”, “Şahnaz” dəstgahlarını, “Qarabağ şikəstəsi”ni səsinin şaqraq vaxtında yazdırıb Azərbaycan musuqisi tarixinin səhifələrinə yerləşdirməyib. Vaxtında yazdırsaydı, inanıram ki, qızıl fondda saxlanılardı.
Rəhilə xanım “Lalə” qızlar ansamblı ilə Azərbaycanın bölgələrini, kəndlərini, tarlalarını, bir çox ölkələri diyar-diyar dolaşmış, Azərbaycan musiqisini tərənnüm və təbliğ etmişdir.
O, xoşbəxt anadı, nəvələrinin sevimli nənəsidi. Nəvələrinin körpə çağlarında mahnılarımızı laylay kimi zümzümə edərək onları mənəvi cəhətdən zəngin böyüdüb. Ömür-gün yoldaşı onu yaxşı anlayıb, uğurlarına qol-qanad verib. Övladları musiqi duyumlu olsalar da, ananın yolunu davam etdirməyiblər. Ancaq Rəhilə xanımın sənətinə sayğı ilə yanaşırlar.
Dövlətimiz onun sənətini yüksək qiymətləndirmişdir. 2007-ci ildən “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adını ləyaqətlə daşıyır.
Rəhilə Bəndəliyeva birinci Qarabağ və 44 günlük Vətən müharibəsi dövründə tez-tez cəbhə bölgələrinə gedən, əsgər və zabitlər qarşısında çıxış edən sənətkarlardandır. Onun ifasındakı musiqilər Vətən oğullarının döyüş ruhunu, qələbə inamını, Vətən, torpaq sevgisini coşdurub. O, zəfərimizə öz töhfəsini verən sənət adamıdır.
Azərbaycan musiqi sənətinin yorulmaz tərənnümçüsü ömrünün 65-ci baharını yaşayır, mahnıları, şirin səsi, mənəvi dünyası ilə Vətənə xidmət edən əsgərdi, bəşər övladlarını barışa çağıran anadır. Əmindir ki, yer üzündə barışı qoruyacaq ən etibarlı silah ana qəlbidir.
Yorulmayasınız, Rəhilə xanım. Daha uğurlu illər, sağlam yaşam arzulayıram. Daşların arasından özünə yol tapıb işıqlı dünyaya çıxan büllur bulağın suyu kimi dupduru səsiniz həmişə çağlasın!

Güllü Eldar TOMARLI,
“Mirvarid Dilbazi Poeziya Məclisi”nin sədri,
Kəlağayı Muzeyinin direktoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!