Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 8-04-2023, 10:11
Sabir Arazlı Özgün yazır: "CƏSUR PİLOT"


Sabir Arazlı Özgün yazır: "CƏSUR PİLOT"
(poemadan parçalar)

Vətən Müharibəsi Qəhrəmanı, Tərtər-Suqovuşan – Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olaraq Tanrı dərgahına yüksələn Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot Ramiz Vaqif oğlu Qasımovun şərəfli ömür yoluna həsr olunan bu əsəri həyat yoldaşı Günel xanımın dilindən, onun duyğu və düşüncələrinin, yaşadığı kövrək və həsrətli anların təzahürü kimi qələmə alıram.

Ramiz, dayanmışam şəklin önündə,
Baxışların salıb məni kəməndə...

Ancaq bu məqamda bilmirəm necə,
Heç bilmirəm necə, necə başlayım,
necə sapa düzüm bu hekayəti.
Uzun illər sənnən, səninlə birgə
yaşadığım nurlu, eyni zamanda
Ağrılı-acılı, sirli bir ömrün
o qədər çoxdur ki sözü-söhbəti.
Mənimçün salnamə,
qalın kitabdır, –
şirin xatirədir onun hər qatı.
Söyləyə bilmək də çətindir bu gün
mənə... tarixləşən, əbədiləşən,
bu solmaz, tükənməz, parlaq həyatı...

Ay Ramiz, ay mənim odum-ocağım,
Özün de, neyləyim?..
Toxtayım deyə
yeddi yerdən partlasa da dodağım,
Üz tutub dağlara, qayalıqlara,
Üz tutub içimin ümid şamına,
Gur axan çaylara, bəyaz dumana,
Sübhün şəfəqinə, qürub çağına,
Payızın rüzgarlı qərib çağına,
Xatirələr məni yorana kimi,
Qəlbim yorğun düşüb durana kimi...
Bütün olanları, olmayanları
yenə söyləyirəm, – toxtayım deyə
səhər-axşam sənnən danışacağam.


...Yenə dayanmışam şəklin önündə,
Beləcə baxırdın, Ramiz, dünən də!
Baxışın dəyişmir... o nurlu gözlər
“Sabahınız xeyir” deyir hər səhər.

...Səndən sonra bəzən məcbur qatlannam,
Neçə müşkül işə sənin yerinə.
Bilirsənmi, indi təkcə ana yox,
Həm də ata ollam övladlarına.
Sən lap arxayın ol, hər şey yolunda,
Əndişən olmasın oğuldan- qızdan.
Gözüm üstündədir üçünün də, bil!
Bizim uşaqlardan qalma nigaran...
Böyüyür Gülanə, əl atır mənə,
Gülay da,Vaqif də bil ki, əzizim,
Kölgən altındadır yenə, əmin ol.
Sağ olsun el-oba,
Yurdumda hər kəs
ehtiram göstərir sənə, əmin ol!

Ancaq nə gizlədim, deməsəm olmur,
Uşaqlar əvvəlki kimi deyillər.
Ramiz, Gülanənin eyni açılmır,
Gözləri heç gülmür, keçsə də illər.

Bəzən hiss etməyim deyə gizlincə
şəklini oxşayır, sənnən danışır.
Mən də seyr edərəm onu gizlincə,
Çünki o duyğular mənə tanışdır...

Görürəm... səninlə danışan zaman,
İstəmir göz-gözə gəlsin mənimlə.
Görürəm ki, hərdən... ərklə, tələblə
bir dostun, doğmanın ailəsinə,-
Mübariz əmisigilə, Vətən dayısıgilə...
baş şəkmək istəyir Ramiz, səninlə.

Baxar, üzə vurmaz, bir söz demərəm.
İstəyirəm... könlü istəyən kimi
bir xeyli səninlə baş-başa qalsın.
Sənnən xatırlasın ötən illəri,
Özünə qapılıb xəyala dalsın...


***
... Bilirsən yadıma nə düşdü, Ramiz?
Gülanə dünyaya qədəm qoyanda,
necə sevinirdin... Lap uşaq kimi!
Sən elə baxırdın, elə bil ki, heç
çağa görməmişdin bu günə kimi...
Vallah söyləyirəm bunu səmimi!

Gözlərin gülürdü sevincdən, sanki,
İlahi möcüzə idi bu çocuq.
Onu kirimişcə seyr eləyirdin,
Közərirdi içindəki od-ocaq.
Gülanəyə baxıb ona nə isə
demək istəyirdin, deyə bilmirdin.
Oxşaya bilmirdin,öyə bilmirdin...
Mən yaddan çıxmışdım, sorğulayırdın:
“Bu gerçəkmi, yoxsa... röya?!”-
Bilmirdin.

Gördüm ki, nə qədər fərəhli imiş,
Ana olmaq qədər ata olmaq da.
Zaman göstərdi ki, əsil atalıq
ancaq sənin kimi ailəcanlı,
Qayğıkeş, yanımcıl ata olmaqdı!

...Necə xoşbəxt idin o gün, ay Ramiz,
Üzündə nur vardı, təbəssüm vardı.
Böyüdükcə oxşayaraq deyərdin:
Mənim qızım doğuluşdan kübardı.

Deyərdin ki, “gül-buta”dır ailəm;
Günel-qızılgüldür,
Gülay-ağ çiçək,
Gülanə-qırmızı güldür mənimçün.
Evimin dirəyi, başımın tacı,
Vaqif də ki... bir bülbüldür mənimçün...

Ramiz, evimizin daş-divarında,
Bakı küləyinin qanadlarında
mən sənin səsini hiss eləyirəm.
Gecəli-gündüzlü ruha dad verən
məlhəm nəfəsini hiss eləyirəm.

Gecəli-gündüzlü səninləyik biz...
Bilirsən nə olur hərdən, ay Ramiz?
Bəzən Gülay gecə oyanıb deyir:
“Qapımız döyülür elə bil, ana!
Bəlkə, atam gəlib, gedib açsana!? ”
Səksəkəli olub uşaqlar, belə.
Səndən sonra məni ovudan yoxkən,
Məcbur oluram mən, uşaqlarımı
ovudam birtəhər... tutaraq dilə.

Bu şələ nə qədər ağır olsa da,
Bezib soyumuram, Ramiz, heç zaman.
Çünki başımızın üstündə ruhun,
Qəlbimdə daim yaşayan İNSAN,-
SƏN VARSAN!

***
...Füzuli,Zəngilan, Qubadlı, Laçın,
Murov, Suqovuşan uğrunda gedən
döyüşün hər anı hərb tariximdir.
Qisas almaq üçün coşan, kükrəyən,
sinəsini sipər eləyən əsgər
mənim qürurumdur, mənim fəxrimdir.
Bu gün o qürurdur yaşadan bizi!
44 günlük savaş-möhtəşəm Zəfər
parlaq gələcəyin möhkəm təməli...
Yumruq tək birləşib deyirik: bəli,
Ramizin bu Zəfər salnaməsində

əbədi həkk olub qalacaq izi.

Bəli,
öyünərək deyirik, çünki...
Fələk sinəsində yara açsa da,
Acı ölüm şərbətini içsə də,
İllər, qərinələr ötüb keçsə də,
Unutmaz bu torpaq,Vətən Ramizi.
Unutmaz deyirik,
deyirik, çünki,
“Qalib gələcəyik biz bu savaşda!..”
deyən Qəhrəmanın- cəsur pilotun
“Yaşa, Azərbaycan!” oldu son sözü...

Odlar Diyarının hər köşəsində
Onun arzuları gül açacaqdır,
İstəyi, əməli nur saçacaqdır.
Əzmi, rəşadəti coşduracaqdır
zaman-zaman bizim ürəyimizi.

Ramiz- fırtınadır, Ramiz- zirvədir,
Günəşli dan üzü, fəsli-bahardır.
Ramiz- Qarabağdır, Ramiz- Vətəndir,
Dünən vardı, bu gün, sabah da vardır...
Ramiz- tunc heykəli yenilməzliyin,
Ramiz- qəhrəmanlıq, igidlik rəmzi!

04.01---18.03.2023
Haramı- Beyləqan- Bakı








Paylaş



Bölmə: Şəhidlər / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!