Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 17-02-2023, 07:18
Ramiz - qəhrəmanlıq, igidlik rəmzi ...


Ramiz - qəhrəmanlıq, igidlik rəmzi ...

Nədir qəhrəmanlıq?..
Türk şairi Hüseyn Nihal Adsız deyir:
Qəhrəmanlıq
nə yalnız
bir yüksəliş deməkdir,
Nə də ulduzlar kimi
parlayıb sönməməkdir.
Qəhrəmanlıq ...
içərək
acı ölüm tasından,
İrəliyə atılmaq
və sonra dönməməkdir.


Dahi Azərbaycan filosofu Asif Əfəndiyev (Asif Ata) yozumu və qənaəti,- açımı,
anlamı tam fərqlidir. Filosofa görə, qəhrəmanlığın mayasında dörd mühüm əlamət cəmləşib; Yalnız Bütöv qəhrəmanlıq, yalnız Kamil qəhrəmanlıq , yalnız Mütləq qəhrəmanlıq, yalnız Sonsuz qəhrəmanlıq – Qəhrəmanlıqdır.
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik – leytenantı, USTA dərəcəli pilot, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Vaqif oğlu Qasımovun şərəfli döyüş yoluna nəzər salanda “Qəhrəmanlıq nədir?” sualının cavabını hər kəs çox aydın şəkildə dərk etmiş olur. Çünki onun rəşadəti Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Çünki o, 2020-ci il sentyabrın 27-də başalyan II Qarabağ müharibəsi zamanı savaşın ilk saatlarından başlayaraq “SPAYK” uzunmənzilli raketlər ilə silahlanan “Mİ - 17” hücum helikopteriylə səmaya qanadlanan, cəbhənin Tərtər – Suqovuşan – Ağdərə istiqamətində erməni hərbi birləşmələrinin strateji əhəmiyyətli hədəflərinə sarsıdıcı zərbələr endirən ilk pilotdur.
Polkovnik – leytenant Ramiz Qasımov 1975-ci fevralın 17- də Jdanov (indiki Beyləqan) şəhərində anadan olub. 1981-ci ildə şəhər 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1992-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə qəbul olunan R. Qasımov 1997-ci ildə həmin məktəbi yüksək təhsil göstəriciləriylə bitirmişdir.
Ramiz Qasımov 1992-ci ildən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər rayonu ərazisində yerləşən Qala hərbi aviabazasında xidmətə başlamışdır. O, xidmət etdiyi müddətdə Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan bütün tip helikopterlərdə uçuşlar həyata keçirmişdir...

15 il öncə.
14 fevral 2008-ci il idi. Axşamdan güclü qar yağmışdı Bakıya. Hava şaxtalı, yollar buz bağlamışdı. Ancaq... Qala kəndindəki “N” saylı hərbi hissədə keçiriləcək rəsmi tədbirdə iştirak etmək üçün biz,- Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə xanım, Milli Qəhrəman Tahir Bağırovun həyat yoldaşı Leyla xanım və övladları Ariflə Tahir hər şeyə rəğmən yol üstəydik. Çünki tədbirə qatılmağımız vacib idi.
Tədbirdən sonra nahar süfrəsində yanımda əyləşən gənc pilotla təmasda oldum. Söhbətləşdik. O, əvvəlcə tədbirdəki çıxışımla, oxuduğu “Səma şahini” kitabımla bağlı bəzi suallar verdi. Soruşdum:
- Hansı rayondansan?
Dedi:
- Beyləqandan. Adım Ramizdir. 33 yaşım, Gülanə adlı bir qızım var.
Nahar bitdi. Mən MQ C.Rəhimovun yatağını ziyarət etdim, ona aid olan və tumbuçkasında toxunulmadan saxlanan əşyalara baxdım. Bu müddətdə qonur gözlü həmin gənc də bizimlə bərabər oldu. Ayrılarkən mən onun,- xoş rəftarlı, yapışıqlı, enerjili, alovlu baxışlarıyla diqqəti cəlb edən Ramizin gözlərinə baxdım. O gözlər sanki deyirdi, “Qəhrəman səma şahinlərimiz haqqında yazmaq, onları təbliğ etmək çox vacibdir. Əlləriniz yorulmasın ”.
Taleyin qismətinə bax ey !.. Bu gənc ədəb-ərkanlı Ramiz Qasımov idi ...

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq erməni hərbi birləşmələri Tovuz rayonu ərazisinin sərhəd zonasında Azərbaycan Sərhəd Xidmətinin mövqelərini iriçaplı artilleriya qurğularından atəşə tutdular. Dərhal əks həmlə ilə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cavab atəşi açdılar və düşmən təxribatının, növbəti hücum cəhdinin qarşısı alındı. Sərhəddə ayıq-sayıq dayanan döyüşçülərimizin sərrast atəşi nəticəsində qarşı tərəfin cəmləşdiyi nöqtələr müəyyən edilərək həmin istiqamətə sarsıdıcı zərbələr endirildi. Beləliklə, intensiv keçən ilk döyüş günündə erməni hərbi birləşmələrinin atəşi səngiməyə başladı. Döyüşün ilk saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3-ü şəhid oldu, 4 nəfər isə yaralandı.
İyulun 12-dən 13-nə keçən gecə də Dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin döyüşlər davam etdirildi. Ordu Korpusunun və Azərbaycan Hərbi Hava Qüvvələrinin qatıldığı hərbi toqquşma zamanı artilleriya və minaatanların, həmçinin döyüş helikopterlərinin tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi nəticəsində əks tərəfin artilleriya qurğuları və çox sayda canlı qüvvələri məhv edildi. Düşmənin dayaq məntəqələrinə və canlı qüvvəsinə havadan endirilən zərbələr, məhz Ramiz Qasımovun idarə etdiyi “Mİ-17” döyüş helikopterindən endirilmişdir.
İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam etdi. Nəticədə erməni hərbi birləşmələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edildi.
Bu döyüşlər zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan və “SPAYK” uzunmənzilli raketlərlə silahlandırılan “Mİ - 17” hücum helikopteri məhz polkovnik – leytenant Ramiz Qasımov tərəfindən idarə edilmişdir.
2020-ci il sentyabrın 27-də səhər saat 6 radələrində Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, artilleriya qurğularından intensiv atəşə tutuldu. Ölənlər, yaralananlar və dağıdılan mülki obyektlər oldu. Ona görə, düşmənin döyüş fəaliyyətinin qarşısını almaq məqsədiylə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən bütün cəbhəboyu zonada əks-hücum əməliyyatlarının başlaması barədə ƏMR verildi.
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Ramiz Qasımov otuz ilə yaxın işğal altında olan Qarabağın və ətraf rayonların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı “SPAYK” uzunmənzilli raketlərlə silahlanan “Mİ - 17” helikopterinin heyətində Suqovuşan və Talış kəndləri istiqamətində düşmənin hərbi hədəflərini məhv etmək üçün havaya qalxdı. O, “Dağlıq Qarabağ” separatçı rejiminin müdafiə ordusu tərkibindəki Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarının arsenalında olan üç ədəd (hər biri 10.300.000 ABŞ dolları dəyərində) “9K33 OSA” ZRK (ümumilikdə 30.900.000 ABŞ dolları dəyərində) və bir ədəd Repellent “P-19” Radiolokasiya stansiyasını dəqiq atəş zərbələriylə məhv etdi. Məhv edilən dördüncü qurğu isə Rusiya istehsalı olan Repellent “P-19” radiolokasiya stansiyasıdır ki, həmin qurğu da uzaq məsafədən Pilotsuz Uçuş Aparatlarının (PUA) idarəetməsini ələ almaq gücünə malikdir və iş rejimini pozaraq məhv edə bilir. II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun arsenalında olan Pilotsuz Uçuş Aparatlarından (PUA) geniş istifadə olunduğunu nəzərə alsaq həmin qurğuların məhv edilməsi önəmli hədəflərdən biri idi.
Beləliklə, həmin qurğuların polkovnik-leytenant Ramiz Qasımovun idarə etdiyi “Mİ - 17” hücum helikopteri tərəfindən məhv edilməsi Azərbaycan Ordusunun Tərtər- Suqovuşan – Ağdərə istiqamətində artilleriya üstünlüyünə sahib olması üçün mühüm şərait yaratdı.
Daha bir önəmli məqam da ondan ibarət idi ki, polkovnik – leytenant Ramiz Qasımov o gün hədəfləri sıradan çıxarmaq üçün havaya nəzərdə tutulduğu vaxtdan 20 dəqiqə tez qalxmışdı.

... Həmin gün polkovnik - leytenant Ramiz Qasımov uğurlu əməliyyatdan sonra bazaya geri dönürdü. Helikopter Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi istiqamətində olan zaman düşmənin Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vuruldu. Nəticədə helikopter sürətlə hündürlüyünü itirməyə başladı və idarəolunmaz həddə çatdı. Bu zaman R.Qasımov bortda olan digər iki nəfər heyət üzvünə “atılma” əmrini verdi. Özü isə “Mİ -17” hücum helikopterinin min beş yüz nəfər əhalinin yaşadığı Azad Qaraqoyunlu kəndinin yaşayış evlərinin üstünə düşməməsi üçün onu xüsusi ustalıqla boş sahəyə yönəldə bildi və nəticədə helikopter yaşayış məntəqəsindən uzağa,- boş əraziyə istiqamətləndi. Cəsur pilot son anda paraşütlə atılsa da, ağır zərbə aldı. Havada ikən düşmənin intensiv atəşinə məruz qaldığından paraşüt dəlik-deşik olmuş, Ramiz Qasımovun bir qolu qoparaq sallaq vəziyyətdə qalmışdı.
Kənd adamları vəziyyəti həyəcanla izləyir, hadisə yerinə doğru hərəkət edirdilər. Lakin hər şey çox gec idi. Bununla belə camaat cəsur pilotu döyüş zonasından uzaqlaşdırsalar da, Ramiz Qasımov qan itirmişdi. Əli adlı bir mülki vətəndaş onu şəxsi maşını – “Niva”sı ilə təcili olaraq Bərdə rayon xəstəxanasına çatdıra bildi. Xaliq həkim ilk tibbi yardım etsə də, bu yetərli deyildi. Bundan sonra onu Silahlı Qüvvələrin Baş Hospitalına apardılar.
Polkovnik – leytenant Ramiz Qasımov uzun müddət koma vəziyyətində qaldıqdan sonra oktyabrın 22-də gözlərini əbədi yumdu. O, II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Vaqif oğlu Qasımov (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medallarıyla təltif olunmuşdur.
R.Qasımov ailəli idi. Həyat yoldaşı Günel, övladları Gülanə, Gülay və babasının adını daşıyan Vaqif bu gün “Vətən sağ olsun !” deyib ulu Yaradana dua edirlər.

... Ali Qəhrəmanlığa – Şəhidlik zirvəsinə ucaldı polkovnik-leytenant Ramiz Qasımov. Əbədi olaraq Tanrı dərgahında, gül bağçalarında nur içində uyuyur Şəhidim.

Sabir Arazlı Özgün


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!