Yanvarın 24-ü xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun vəfatı günüdür.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, yanvarın 24-də general Həzi Aslanovun doğulub boya-başa çatdığı Lənkəranda anım mərasimi keçirilib. Müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri generalın Lənkəran şəhərində ucaldılmış abidəsi önünə əklillər və gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.
Anım mərasimində çıxış edənlər qəhrəmanın mənalı həyat və şərəfli döyüş yolundan danışaraq bildiriblər ki, 34 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülən həmyerlimizin adı Azərbaycanda qəhrəmanlıq simvoluna çevrilib.
Mərasim general Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində davam etdirilib. Muzeyin direktoru Tamara Fətullayeva cəsur generalın şərəfli ömür yolundan söz açaraq iştirakçıları burada toplanmış eksponatlarla tanış edib. Xalq Artisti Qabil Quliyev və “Gənc Aslanovçular klubu”nun üzvləri Həzi Aslanova həsr olunmuş şeirlər söyləyiblər.
General Həzi Aslanovun anım günü ilə əlaqədar qəhrəmanın ev-muzeyində “açıq qapı” günləri təşkil edilib. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri, tələbələr, hərbi hissələrin əsgər və zabitləri, müharibə veteranları muzeyə gələrək igid həmyerlimizin zəngin və mənalı ömür yolu ilə yaxından tanış olurlar.
Muzeyin direktoru Tamara Fətullayeva ziyarətçilərin sayının ildən-ilə artdığını bildirərək deyib: “Ötən il muzeyə gələnlərin sayı 26 min 576 nəfər olub. Onlardan 12 min 168 nəfəri məktəblilər, 1185 nəfəri tələbələr, 1897 nəfəri hərbi qulluqçular, 2973 nəfəri turistlərdir. Muzeydə nümayiş etdirilən 2328 eksponatın 403-ü əsas fonda daxildir. İl ərzində 118 eksponat müxtəlif sərgilərdə nümayiş etdirilib”.
Muzeylə bağlı xatirələrini danışan T.Fətullayeva deyib ki, 1978-ci ildə bura müharibədə general Həzi Aslanovla bir yerdə vuruşmuş 40 nəfərədək tankçı gəlmişdi. Onların arasında Həzi Aslanovun şəxsi sürücüsü Qriqori Stepanov da vardı. Həmin gün Qriqori elə kövrəlmişdi ki, onu ovutmaq heç də asan olmadı. “Aslanovçular” Stalinqraddan gətirdikləri torpağı muzeyə hədiyyə etdilər.
Stalinqraddan Baltik sahillərinədək şərəfli döyüş yolu keçən Həzi Aslanov 1945–ci il yanvarın 24-də Latviyanın Priyekule kəndi yaxınlığında (Liepay rayonu) qəhrəmancasına həlak olub. Onun məzarı Bakıda Şəhidlər xiyabanındadır. Məzarı üzərində abidəsi ucaldılıb.
Cəsur döyüşçü Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidliyə görə üç “Qırmızı Bayraq” ordeni, 2-ci dərəcəli “Suvorov” ordeni, “Aleksandr Nevski” ordeni, 1-ci dərəcəli “Vətən müharibəsi” ordeni, iki “Qırmızı Ulduz” ordeni və medallarla təltif olunub.
Həmyerlimiz 1944-cü ildə Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı Baqramyan buna maneçilik törədib. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ölümündən 47 il sonra - 1991-ci ildə verilib.
Lənkəranda igid döyüşçünün ev-muzeyi yaradılıb, şəhərin mərkəzində heykəli ucaldılıb. Bakıdakı küçələrdən və metro stansiyalarından biri Həzi Aslanovun adını daşıyır.