Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru.Azərbaycan-Türk xalqları Qardaşlığı ictimai birliyinin həmsədri, Turan Elçiləri Təşkilatının Azərbaycan Akademik Kurul başqanı İnsanlığın faciəsi - Xocalı soyqırımıXIX əsrin sonlarından fəaliyyətə başlamış, adını siyasi partiya qoysalar da, əslində silahlı terror qruplaşması olan “Daşnaksütyun” adlı mənfur təşkilat yarandığı vaxtdan günümüzədək “Dənizdən-dənizə böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədi ilə hər cür qəddarlığa, insanlığa yaraşmayan əməllərə əl atmış, xalqımıza qarşı neçə-neçə faciələr törətmişdir ki, bunların içərisində Xocalı soyqırımı öz amansızlığına görə xüsusilə seçilir. Başqa sözlə, Xocalı soyqırımı xəstə psixologiyalı erməni şovinistlərinin Çar Rusiyası və Sovet dövründən başlayaraq təşkilatlanmış və planlı şəkildə Bakıda, Qubada, Şamaxıda, Gəncədə, Qarabağın müxtəlif hissələrində, o cümlədən Türkiyə və Cənubi Azərbaycan ərazilərində həyata keçirdikləri 31 Mart soyqırımı da içərisində olmaqla çoxsaylı qırğınların, Qərbi Azərbaycandan soydaşlarımızın bir neçə dəfə deportasiya edilməsinin, 1980-ci illərin sonlarından etibarən Sumqayıt, Kərkicahan, Meşəli, Quşçular, Malıbəyli, Qaradağlıda törətdikləri faciələrin, terror aktlarının davamı və ən dəhşətlisi idi. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olmuşdur”. Çünki Xocalı, sözün əsl mənasında, insanlıq faciəsi, soyqırımı idi.
Xocalıya qədər XX əsrdə dünyanın iki yaşayış yerində oxşar qətliamlar törədilmiş, insanlar xüsusi amansızlıq və qəddarlıqla öldürülərək yaşayış məskənləri yox edilmişdi. Bunlardan birincisi,
1941-ci ildə alman faşistləri tərəfindən məhv edilmiş Belarusun Xatın, ikincisi isə Vyetnam müharibəsi zamanı partizanlara dəstək verilməsi bəhanəsi ilə sakinləri uşaqdan-böyüyə tamamilə öldürülmüş Sonqmi kəndi idi. Lakin Xocalı qətliamı dünya tarixinə dinc əhalinin soyqırımı kimi daxil olmuş bu iki faciədən daha dəhşətli, miqyasına və günahsız qurbanlarının sayının çoxluğuna görə heç bir qətliamla müqayisə oluna bilməyən vandalizm aktı idi. Buna baxmayaraq, indiyə qədər dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar bu amansızlığa göz yummuş, qatillərin cəzalandırılması istiqamətində lazımi hüquqi işlər həyata keçirilməmişdir.
Bəs Xocalıya olan bu qəddar münasibətin səbəbi nə idi? Məlumdur ki, yerli və xarici etnoqrafların tədqiqatlarında dünyanın ən qədim yaşayış məskənlərindən olan Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin əhəmiyyəti vurğulanmış, Xankəndindən 10 km şimal-şərqdə, Qarabağ dağ silsiləsində yerləşən Xocalının başdan-başa tarixi-memarlıq abidələri diyarı olduğu göstərilmişdi. Burada
e.ə. XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələri, Kurqan çölü, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropol, eramızın əvvələrinə aid alban kilsələri, XIV əsrə aid Hacı Əli günbəzi, 1356-cı ildə tikilmiş dairəvi türbə, XVIII əsrə aid Əsgəran qalası və onlarca başqa tarixi abidələr var idi ki, tanınmış sovet etnoqrafları və yerli tədqiqatçılar qədim dövr abidələrimizi, əsasən, Xocalı və Xankəndi yaxınlığından tapmışdılar. Arxeoloji qazıntılar zamanı bu ərazidən kurqanlar, qəbir daşları və müxtəlif yaşayış məskənləri aşkar edilmişdi. Ən maraqlı tapıntılar arasında qədim Xocalı qəbiristanlığında 11 saylı kurqandan tapılan, Assuriya çarı olmuş Adadnirariyə (e.ə. 1307-1275 ) aid mixi yazılar, eləcə də cürbəcür saxsı qablar, bəzək əşyaları, şüşə muncuqlar və s. diqqəti xüsusilə cəlb edirdi. Bu yazılar Azərbaycan xalqına məxsus qədim əlifba və yazı mədəniyyətindən, yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verirdi. 1920-ci ildən Azərbaycan
alimləri tərəfindən tədqiq edilməyə başlanan Xocalı abidələr kompleksi Ə. Ələkbərovun sözləri ilə desək, Azərbaycan abidələri haqqında dolğun təsəvvür yaratmaq üçün açar rolunu oynayır, tariximizin və maddi və mənəvi abidələrimizn zənginliyini göstərirdi. Ən qədim yurd yerlərimizdən olan Xocalı toponimiyası xalqımızın minilliklərə dayanan məşğuliyyətini, sənətkarlıq və mədəniyyətini, dini baxışlarını, mənəvi dünyagörüşünü əks etdirirdi.
Təəssüflər olsun ki, bu abidələri tədqiq edən alman arxeoloqu E. Resler, rus şərqşünası M. Xanıkov, ingilis F. Beyer, fransız A. Berje və başqaları əldə etdikləri tarixi əşyaları özləri ilə apararaq ayrı-ayrı dünya muzeylərinin eksponatlarını zənginləşdirmişdilər. Bu gün Xocalıda aşkarlanan mədəni, tarixi tapıntılar Paris, Almaniya, London, Sankt-Peterburq muzeylərini bəzədiyi halda, öz muzeylərimiz bu nadir nümunələrdən məhrum olmuş, ən dəhşətlisi isə sovet dövründə bu tapıntıların çox hissəsi Ermənistana daşınıb aparılmışdır.
1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. 1988-ci ildə Ermənistandan, daha sonra Xankəndidən didərgin salınmış xeyli azərbaycanlının, o cümlədən 1989-cu ildə Fərqanədən qovulmuş Məhsəti türklərinin bir hissəsinin də məskunlaşdığı Xocalı elə bir strateji əhəmiyyətə malik idi ki, Qarabağa hava və quru yolları məhz buradan keçirdi. Erməni kəndlərinin əhatəsində qalan, Əsgəranla Xankəndi arasında dayanan Xocalı ermənilərin əl-qol açmasına imkan vermirdi. Ona görə də bu qədim türk yurdu ermənilərin və onların havadarlarının qəzəbinə daha çox tuş gəlmişdi.
1992-ci ilin 18 fevralından başlayaraq Xocalı ətrafındakı ərazilərdən azərbaycanlılar çıxarılmış, bütün yüksək mövqelər ermənilərin əlinə keçirilmişdi. 1992-ci il fevralın 19-da Rusiya prezidenti Boris Yeltsinin Moskvada Ermənistan prezidenti Levon Ter-Petrosyan və rus qoşunlarının komandanı Şapoşnikovla gizli görüşündən sonra bölgədəki hadisələr daha da kəskinləşdi, fevralın 25-dən 26-a keçən gecə erməni terrorçuları SSRİ-nin vaxtilə Xankəndində yerləşdirdiyi 366-cı motoatıcı alayın hərbi heyətinin və zirehli texnikasının köməyi ilə Xocalıda dünyanın gözü görmədiyi soyqırım həyata keçirdilər.
Fevralın 25-i axşam saatlarından zirehli texnikanın güclü atəşinə məruz qalmış şəhərdə dəhşətli yanğınlar başlamış, 5000-dən artıq şəhər sakini Ağdama çatmaq məqsədilə qarlı qış gecəsində evlərindən çıxıb meşələrə üz tutsa da, azğınlaşmış qatillərin hücumlarına məruz qalaraq vəhşicəsinə qətlə yetirilmiş, soyuqdan donaraq ölmüş, yaralanmışdılar. Şəhərin 3 tərəfdən atəşə tutulması dinc əhalini çaş-baş salmış, Əsgəran istiqamətinə qaçan insanların qarşısı meşələrdə qəddar erməni qaniçənləri tərəfindən kəsilmiş, günahsız insanlara xilas olmaq üçün aman verilməmişdi. Uşaqlar, qocalar, qadınlar zirehli texnikanın altında əzilmiş, diri-diri süngüyə keçirilmiş, yandırılmış və daha neçə-neçə ağlasığmaz işgəncələrə məruz qalmışdılar. Avtomatlarla zirehli texnikaya qarşı döyüşən özünümüdafiə batalyonları məhv edilmiş, təpədən dırnağadək silahlanmış ermənilərin müqavimətini qırmaq mümkün olmamışdı. Ağ geyimlərdə meşələrdə gizlənən, vertolyotlarla ətrafı dolaşan ermənilər insanları gizləndikləri yerlərdən çıxarır, dözülməz əzab-əziyyətlərə məruz qoyaraq öldürür və ya əsir götürürdülər.
Fevralın 28-də jurnalistlərdən ibarət qrup vertolyotla cəsədlərlə dolu olan, dəhşət doğuran əraziyə çatsa da, onlara hərəkət imkanı verilməmiş, jurnalistlər yalnız 4 meyiti götürə bilmişdilər. Mart ayının 1-də əraziyə daxil olan xarici və yerli jurnalist qrupunun gördüyü mənzərə isə daha dəhşətli idi: meyitlərin başlarının dəriləri soyulmuş, qulaqları və digər bədən üzvləri kəsilmiş, gözləri çıxarılmış, çoxsaylı bıçaq və güllə yaraları almış, misli görünməmiş vəhşiliklərə məruz qalmışdılar.
Xocalı soyqırımının dəhşətlərini görən xarici jurnalistlər beynəlxalq mətbuatda çoxsaylı məqalələr çap etdirmiş, faciə qarşısında öz heyrət və qəzəblərini gizlədə bilməmişdilər. Həmin məqalələrdən bir neçəsinə diqqət yetirək:
“Sandi Tayms” qəzeti, 1 mart 1992 (London): Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.“İzvestiya”, 4 mart 1992 (Moskva): Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü.
“Tayms” qəzeti, 4 mart 1992 (London): Çoxları eybəcər hala salınmışdır. Körpə qızın ancaq başı qalmışdır.
“Faynenşl tayms” qəzeti, 9 mart 1992 (London): Ermənilər Ağdama gedən dəstəni güllələmişlər. 1200-ə qədər cəsəd sayılmışdır.“İzvestiya”, 13 mart 1992 (Moskva) Mayor Leonid Kravets: Mən şəxsən təpədə 100-ə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmış qadın, uşaq, qocalar görünürdü.
“Faynenşl tayms” qəzeti, 14 mart 1992 (London): General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır.
“Le mond” qəzeti, 19 mart 1992 (Paris): Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır.
“Valer aktuel” jurnalı, 14 mart 1992 (Paris): Bu “muxtar region”da erməniləri silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livandakı hərbi düşərgə və silah anbarlarından istifadə edən ermənilər 100-dən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağda azərbaycanlıları nəhv etmişlər.
Livanlı kinooperator ölkəsindəki varlı daşnak icmasının Qarabağa silah və adam göndərdiyini etiraf etmiş, İngiltərənin “Fant men nyus” teleşirkətinin hadisə yerində olan jurnalisti R.Patrik “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz!” demişdi.
Rəsmi sənədlərdə 613 nəfər (aralarında 63 uşaq, 106 qadın, 70 qoca olmaqla) göstərilsə də, göründüyü kimi, bölgədə olan xarici jurnalistlərin də yazdıqlarından məlum olur ki, Xocalıda 2500-dən artıq insan xüsusi anansızlıqla qətlə yetirilmiş, 8 nəsil tamamilə məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirmiş, aralarında 76-sı uşaq olmaqla 487 nəfər nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, yüzlərlə adam itkin düşmüşdür.
Araşdırma və təhlillər göstərir ki, Xocalıda törədilmiş əməllər əvvəlcədən düşünülmüş, milli əlamətlərinə görə konkret bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinə xidmət edən, beynəlxalq hüquqi sənədlərə əsasən birbaşa soyqırım anlayışına uyğun gələn cinayət – vandalizm hadisəsi idi. Belə ki, bu qanlı qətliam ən ağır beynəlxalq cinayət aktı kimi sülhün və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayətlər sırasındadır. Bu soyqırımın əsas cinayətkarları erməni silahlı dəstələri və Rusiyanın 366-cı motoatıcı alayının hərbi heyəti, ermənilərə dəstək olan o zamankı Rusiya rəhbərliyidir.
BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, soyqırım dedikdə hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə edilən hərəkətlər nəzərdə tutulur ki, Xocalıda baş verənlər bu deyilənlərə tamamilə uyğun gəlir. Belə ki, Xocalı soyqırımının qanlı hadisələrini təhqiq etmək üçün
yaradılmış istintaq qrupunun 181 nəfərin cəsədi üzərində apardığı məhkəmə-tibbi ekspertiza zamanı məlum olmuşdur ki, ölənlərin çoxu yaxın məsafədən güllələnmiş, əksəriyyəti baş nahiyəsindən vurulmüş, qadınlara təcavüz edilmiş, 2 yaşından 15 yaşına qədər uşaqlar, onlarla qoca və qadın güllələnmiş, bir çox meyitlər eybəcər və tanınmaz hala salınmışdır ki,
bununla da Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruan Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin və bir sıra digər beynəlxalq hüquqi sənədlərin maddələri
vəhşicəsinə pozulmuşdur.
Şükürlər olsun ki, Ali Baş Komandanımızın əmri ilə xalqımızın qəhrəman oğulları 2020-ci ilin 27 sentyabrında 44 günlük Vətən savaşı, 2023-cü ilin sentyabrında isə qısamüddətli antiterror əməliyyatı nəticəsində 30 ildən bəri qətlə yetirilmiş soydaşlarımızın, o cümlədən Xocalı qurbanlarının intiqamını aldılar, torpaqlarımızı düşmən tapdağından xilas edərək xalqımızı möhnət yükündən qurtardılar. Dünya ölkələri Azərbaycan xalqının öz torpaqları uğrunda canından keçməyə hazır olduğunu gördü, canı ilə, qanı ilə tarix yazan oğullarımızın qəhrəmanlığı dillərdə dastan oldu. Aparılan antiterror əməliyyatları nəticəsində bu qanlı soyqırımı törədən Raşid Beqlaryan, Madat Babayan, Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan, Davit Manukyan, David Babayan, Levon Mnatsakanyan, Ruben Vardanyan başda olmaqla bir qrup terrorçu həbs edildi. Lakin 32 il keçməsinə baxmayaraq, dünya ictimaiyyətinin Azərbaycanın Xocalı soyqırımının əsas təşkilatçılarının cəzalandırılması tələbinə göz yumması hər birimizin qəlbində qəzəb doğurur. BMT Təhlükəsizlik Şurasının qərarı ilə beynəlxalq cinayət baş vermiş ölkədə xüsusi
olaraq beynəlxalq cinayət tribunalları yaradılması təcrübəsindən, həmçinin çoxsaylı hüquqi sənədlərin tələblərindən çıxış edərək Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasını, Xocalı qatillərinin dünya ictimaiyyətinin gözü qarşısında cəzalandırılmasını tələb edirik! Çünki Xocalı təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın faciəsi, üz qarasıdır!
Redaksiyadan: Xocalıda azı 3813-nəfər qətlə yetirilib. Qeyd olunan 613 nəfər cəsədləri ələ gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
…Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin, rayonun qırılmış əhalisinin sayı qəsdən az göstərilib.
Bir daha təkrar edirəm, o zaman, yəni işğala qədər Xocalı rayonunda 2944 ailə, 10 302 nəfər Azərbaycan Türkü yaşayıb.
P.S. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım.(Tamxil Ziyəddinoğlu) Dedi:
”Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir. 5 min nəfərədək salamat qutaranımız var”.
Belə anladım ki, Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min 302 nəfərdən xəbər-ətər yoxdur… Qarabağ İşğaldan azad olunandan sonra Xocalı ətrafında və digər yerlərdə tapılan toplu məzarlıqlar qeydlərimizi bir daha sübut edir.