Qərb ölkələri Ukraynanın NATO-ya üzv olması məsələsindən yayınmağa çalışır. Bu barədə “Politico” nəşri yazıb. Bildirilib ki, bu mövzu Qərb ölkələri üçün təhlükəlidir və bu səbəbdən NATO üzvü olan ölkələrdən bəziləri Ukrayna ilə bağlı müzakirələrdən yayınmağa çalışır. “Sentyabr ayında rəsmi Kiyevin hərbi təşkilata yenidən müraciət etməsindən sonra alyans yenə də konkret cavab verməkdən imtina edib. Sadəcə 2008-ci ildə Ukraynanın NATO-ya üzv ola biləcəyi ilə bağlı verilən vəd yada salınıb”, - deyə nəşr yazır. “NATO üzvləri Ukraynanın alyansa daxil olmasından qaçır”, - deyə məlumatda əlavə olunub.
Bundan sonra Ermənistan Respublikasının istefada olan prezidentləri və keçmiş baş nazirlərinin dövlət himayəsinə alınması yalnız vəzifədə olan baş nazirin qərarı ilə mümkün olacaq. Bu barədə “Jogovurd” qəzeti yazıb. Bildirilib ki, dekabrın 9-da Ermənistan parlamentinin növbədənkənar sessiyası keçiriləcək. Sessiyanın gündəliyinə “Xüsusi dövlət mühafizəsi altında olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinə dair sənəd zərfi daxildir. Bu layihələrlə respublikanın istefada olan prezidentləri və baş nazirlərinə verilən şəxsi dövlət mühafizəsi müddətlərinin məhdudlaşdırılması təklif edilir. O cümlədən, Ermənistan Respublikası ərazisində prezidentlərə və baş nazirlərə verilən şəxsi dövlət mühafizəsi müddətinin müvafiq olaraq 7 və 10 ilə məhdudlaşdırılması təklif olunur. Həmçinin, istefada olan prezidentlər və baş nazirlərin bir il ərzində ümumi müddəti 20 gündən çox olmayan xarici ölkələrə səfərləri zamanı dövlət mühafizəsi ilə təmin olunmasının hüquqi tənzimləmələri məsələsinə də baxılacaq. Bu layihəyə əsasən, Milli Təhlükəsizlik Xidməti baş nazirə tabe olan orqan statusuna malik olacaq. Beləliklə də, baş nazir Nikol Paşinyan yeni səlahiyyətlərə sahiblənəcək.
İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Araşdırma aparılır. Qeyd edək ki, N.Məhərrəmov Vətən müharibəsi qazisidir. Onun idarə etdiyi avtomobil qardaşına məxsus olub.
Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub. Ötən gün keçirilən məhkəmə prosesində azərbaycanlı gənclər adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, milliyətcə erməni olan əcnəbi azərbaycanlıları onu döyməkdə günahlandıraraq polisə şikayət edib. Lakin indiyədək keçirilən məhkəmə proseslərində ittihamı təsdiqləyən heç bir fakt təqdim olunmayıb. Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Azərbaycanın 2 güləşçisi dekabrın 10-da ABŞ-ın Ayova ştatının Koralvill şəhərində start götürəcək Dünya Kubokunda iştirak edəcək. Federasiyadan verilən məlumata görə, sərbəst və qadın güləşi üzrə 2 gün davam edəcək yarışda ölkəmiz fərdi qaydada təmsil olunacaq. Sərbəst güləşdə Dünya yığmasının tərkibində Osman Nurmaqomedov (92 kq) yer alıb. Bu komanda B qrupunda Yaponiya və İranla mübarizə aparacaq. A qrupunda isə ABŞ, Gürcüstan və Monqolustan çıxış edəcək. Qadın güləşində isə Dünya yığmasının heyətində Jalə Əliyeva (57 kq) qüvvəsini sınayacaq. Bu kollektiv B qrupunda Çin və ABŞ-la münasibətlərinə aydınlıq gətirəcək. A qrupunun iştirakçıları Yaponiya, Ukrayna və Monqolustandır. Reqlamentə əsasən, ayın 10-da qrup görüşləri keçiriləcək. Qrup qalibləri finala, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda görüşə vəsiqə qazanacaq. Final və 3-cü yer uğrunda qarşılaşmalar dekabrın 11-də baş tutacaq.
Gürcüstan Ukraynaya hərbi yardım edə bilməz və etməyəcək. Bunu Gürcüstan parlamentinin çoxluqda olan “Gürcü Arzusu” fraksiyasının rəhbəri Mamuka Mdinaradze bildirib. Deputat qeyd edib ki, Gürcüstan Ukraynaya tam siyasi dəstək verir və humanitar yardımlar edir, lakin hərbi yardım göstərə bilməz. O, bu qərarın Gürcüstanın özünün Abxaziya və Cənubi Osetiya ilə bağlı problemlərinin olması ilə əlaqəli olduğunu söyləyib.
Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyət təltif olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandırıblar. Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyət qarşısında çıxış ediblər. Cənab H.Akar çıxış edərək Baş Qərargah rəisi və digər qoşun növləri komandanları ilə birgə təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etməkdən məmnunluğunu bildirib. Türkiyənin milli müdafiə naziri qeyd edib ki, dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir. Türkiyənin hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazır olduğunu xüsusi bildirən Hulusi Akar vurğulayıb ki, dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük. General-polkovnik Z.Həsənov çıxış edərək qardaş Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Müdafiə naziri vurğulayıb ki, təlimlərdə bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər. 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət – iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə - Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə - Azərbaycan qardaşlığı!
Beynəlxalq hüquqla dövlətlərin sərhədlərinin tanındığı bir dövrdə dövlətlərarası mübarizə xeyli dərəcədə “kəşfiyyat-pozuculuq səngərləri”ndə baş verir. Ötən müddət ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində qonşu dövlətlərin xeyrinə casusluq edən şəxslər və onların əməlləri, xarici havadarların himayəsində fəaliyyət göstərən təşkilatlar barədə məlumatlar tez-tez gündəm olub. Bəs qeyd olunan Azərbaycan vətəndaşları xaricdən necə maliyyələşdirilir? Hazırda xaricdən pul vəsaitlərinin dövlət nəzarətindən gizli əldə edilməsinin xeyli dərəcədə qanunsuz pul köçürmələri yolu ilə təşkil edildiyi məlumdur. Kölgə iqtisadiyyatının mövcudluğu şəraitində xarici xüsusi xidmət orqanları üçün belə şəxslərə pul çatdırılması xeyli asanlaşır. Təsadüfi deyil ki, müasir dövlətlərdə “kölgə iqtisadiyyatı”na, eyni zamanda iqtisadi və milli təhlükəsizliyə təhdid olan mexanizmlərə qarşı sərt mübarizə metodları var. Ötən illərdə bir çox ölkələrdə terrorçu birləşmələrin, kriminal təbiətli siyasi radikal dairələrin, dini ekstremistlərin və casusların məhz heç yerdə dövlət qeydiyyatı və nəzarəti olmayan “həvalə” adı ilə tanınan və digər analoji pul çatdırma şəbəkələrinin imkanlarından istifadə edilərək maliyyələşdirilməsi müəyyən edilib. Müxtəlif səs-küylü işlər aparılıb. Vurğulanan məsələlərlə bağlı bir çox dövlətlər daxili və ölkələrarası hüquqi mübarizə mexanizmləri yaradıb. Heç kimə sirr deyil ki, korrupsiya cinayət əməllərinə qurşanmış şəxslər də qanunsuz pul köçürmələri üsullarından istifadə edərək cinayət yolu ilə əldə etdikləri külli miqdarda vəsaitləri ölkədən çıxarıblar. Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 6 dekabr 2022-ci ildə qüvvəyə minən qanunla Məcəlləyə “Qanunsuz pul köçürmələrinə görə” cinayət məsuliyyəti nəzərdə tutan 206-1-ci maddə əlavə edildi, Azərbaycan Respublikası Prezidentinin həmin tarixli fərmanı ilə belə cinayət əməllərinə görə cinayət işləri üzrə istintaqın İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacağı müəyyən edilib. Göründüyü kimi, Azərbaycanda qeyd olunan istiqamətdə, o cümlədən ümumilikdə “kölgə iqtisadiyyatı”nın bütün zərərli təzahürlərinə qarşı xüsusi islahatlar, sərt mübarizə tədbirləri həyata keçiriləcək.
Kütləvi şəkildə məhv olan suitilərin ölüm səbəbi bəlli oldu: İnsan vəhşiliyi
Dağıstanda Xəzər dənizinin sahilində 2 min 500-ə yaxın Xəzər suitisinin (Phoca caspica) cəsədi aşkarlanıb. Suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib. Zoologiya İnstitutundan bildirilib ki, baş verən hadisə son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. Suitilərin ölüm səbəbi hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırılır. Bakterioloji-virusoloji analizlərin aparılması üçün tələf olmuş heyvanlardan nümunələr götürülüb. Məsələ ilə bağlı açıqlama verən Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi dosent Süleyman Süleymanov bildirib ki, Xəzər suitisi yay aylarında Abşeron yarımadasının Bakı arxipelaqı adaları sularında dolanır, noyabr-dekabr aylarında isə çoxalmaq üçün Şimali Xəzərin Rusiya sularında sürü halında bir yerə cəmləşirlər: “Ehtimal olunur ki, Xəzər suitisinin kütləvi şəkildə qırılmasına səbəb həmin ərazilərə axıdılan çayların suyunun güclü çirklənməsi ola bilər. Digər səbəbin isə balıqçılar tərəfindən balıq əldə etmək üçün istifadə edilən partlayıcılarla bağlı olduğu güman edilir”. O qeyd edib ki, dəqiq səbəb heyvan cəsədlərindən götürülmüş patoloji materialının laborator analizinin nəticəsindən sonra bilinəcək. Bir neçə il əvvəl Xəzərin Azərbaycan sektorunda da suitilərin kütləvi tələfatının qeydə alındığını xatırladan S.Süleymanov bildirib ki, aparılan müşahidələr neft-qaz işlərinin daha da sürətlənməsi ilə əlaqədar olaraq son 10 ildə Xəzər dənizində güclü çirklənmə prosesinin getdiyini göstərir. Bu fakt təkcə Azərbaycan ərazisinə aiddir. S.Süleymanov hazırda Xəzər dənizinin Azərbaycan sektorunda ölü suitilərin aşkarlanmadığını, lakin yaxın günlərdə suiti leşlərinin Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilməsi ilə bunun gözlənilən olduğunu bildirib.
Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi qeyd olunub. Bildirilib ki, memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşılıb.