Polşa ərazisinə "raket zərbəsi" ilə bağlı insidentdə Rusiyanın heç bir günahı yoxdur. Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. “Rusiyanın Polşadakı insidentlə heç bir əlaqəsi yoxdur. Burada hər şeyi öz adı ilə çağırmaq lazımdır", - Peskov vurğulayıb. “Qərbin nümayəndələri baş verənlərlə bağlı real məlumat olmadan Polşaya “raket hücumu” ilə bağlı bəyanatlar veriblər. Bütün bu vəziyyət qızğın rusofobiyanın başqa bir nümunəsidir”, - Kremlin sözçüsü əlavə edib.
Noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb. Yarışda 16 ölkədən 72 atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Körpücük üzərinə bu dəfə “Qartal” Ağır Atletika Klubunun nümayəndəsi İsa Rüstəmov və “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Ömər Cavadov çıxıblar. Onlar 73 kq çəki dərəcəsində yarışıblar. İsa Rüstəmov 285 kq (130+155) nəticə ilə yarışda 6-cı yeri tutub. Ömər Cavadov birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə gümüş medal qazanıb. O, təkanla qaldırma hərəkətində 155 kq-ı qaldıraraq bu hərəkətdə 6-cı, toplam 293 kq (138+155) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.
Tarixi Şəhərlər Liqasının (TŞL) Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində baş tutan Baş Assembleyanın iclasında Şuşa şəhərinin liqaya üzvlüyü elan edilib. Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb. Bununla bağlı TŞL-in baş katibi Shibata Shigenori çıxış edərək, Şuşanın liqaya üzv seçilməsini elan edib. Daha sonra Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək, Şuşanın tarixi və mədəni əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq və Şuşada aparılan abadlıq və quruculuq işləri barədə Baş Assembleyanın iştirakçılarına məlumat verib. Qeyd edək ki, TŞL dünyanın fərqli ölkələrindən 126 şəhəri özündə birləşdirən beynəlxalq bir platformadır. TŞL çərçivəsində fərqli şəhərlər tarixi-mədəni irsin qorunması, tarixi-mədəni abidələrin qorunması və üzv şəhərlərin turizm potensialının artırılması istiqamətində sıx əməkdaşlıq edirlər.
İlin əvvəlindən ölkə əhalisinin sayı 48408 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 10204774 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.
Azad edilmiş ərazilərdə bərpasına xərclənən vəsait açıqlandı
“Vətən müharibəsində tarixi qələbəmizdən dərhal sonra azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə toplam 9 milyard manatdan artıq vəsait yönəldilib”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, 9 milyard 700 milyon vəsait 3 ildə azad edilmiş ərazilərin bərpası üçün xərclənib: "Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətinin canlandırılması məqsədilə bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib. Prezidentin azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”.
Sabah, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-16° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaq.
Baydendən Trampın yenidən prezident olmaq istəyinə reaksiya
ABŞ lideri Co Bayden Donald Trampın 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək niyyətinə reaksiya verib. Butov.az xəbər verir ki, Bayden Twitter-də sələfinin "nailiyyətlərini" xatırladan qısa video yayımlayıb. Trampın sadalanan “nailiyyətləri” arasında iqtisadiyyatı zənginlərə yönəltmək, rekord işsizlik, səhiyyə sisteminə hücum, ekstremistlərlə flört etmək, qadınların hüquqlarına zərbə vurmaq və s. qeyd edilib. Bayden videonun altına "Donald Tramp Amerikanı məğlub etdi" yazıb. Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqladığı barədə məlumat yayılıb. Onun köməkçiləri seçkilərdə iştirak üçün rəsmi ərizə veriblər. "Amerikanın qayıdışı indi başlayır!", - Tramp Floridadakı iqamətgahının qarşısında toplaşan tərəfdarlarına müraciət edərək deyib. Tramp eyni zamanda, ABŞ-ın hazırkı prezidenti Baydeni Ukrayna münaqişəsinin öhdəsindən gələ bilmədiyi üçün ölkəsini nüvə müharibəsi astanasına gətirdiyinə görə tənqid edib.
Ukraynada azərbaycanlı zabit və 2 qardaş həlak oldu
Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub. Butov.az xəbər verir ki, Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik leytenantı Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub. Bundan başqa, Ukraynaın Xerson vilayətinin hələki işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olublar. Ölən gənclərin yaxınları ərazinin hələlik Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyib.
Xızıda raket mərmisi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Xızı rayonunun Məşədi Həsən kəndi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 140mm-lik OF-14M turboreaktiv raket mərmisi olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Bayden Sunakla Polşadakı raket insidentini müzakirə etdi
ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak G20 sammiti çərçivəsində Polşadakı raket insidenti ilə bağlı görüş keçiriblər. Butov.az xəbər verir ki, məlumatı Ağ Ev yayıb. Ağ Evin bəyanatında Bayden və Sunakın Ukraynaya raket zərbələri ilə bağlı müzakirələr apardığı və ABŞ və Böyük Britaniya hökumətlərinin Kiyevi dəstəklədiyi vurğulanıb. "Onlar həmçinin Polşanın şərqində baş verən partlayışı və Polşa ilə bağlı davam edən təhqiqata tam dəstəyimizi müzakirə ediblər", - məlumatda deyilir. Noyabrın 15-də axşam Polşa mediası iki raketin Polşa ərazisinə düşdüyünü - Ukrayna ilə sərhəddəki kənddə iki nəfərin həlak olduğunu bildirib. Ölkənin Xarici İşlər Nazirliyi Polşaya düşən raketin Rusiya istehsalı olduğunu bildirib. ABŞ-dan verilən yeni açıqlamada raketin Kiyevin Rusiya raketlərini vurmaq üçün atdığı raketlərdən biri olduğu bildirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilməyib və bəzi dağıntıların dərc edilən fotolarının Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.