Kobaxidze sərt danışdı: “Heç kimə imkan verməyəcəyik!” .....                        Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov .....                        Hər üç ölümdən birinin səbəbi ürək-damar xəstəliyidir... .....                        III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı .....                        Netanyahu Qətərə zəng edib üzr istədi .....                        Sumqayıtda 350 min manata yol cizgiləri çəkiləcək .....                        Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu danışdı .....                        Əsas məsələ yalnız bilik əldə etmək deyil - Nazir .....                        Qalib gələcəyimizə əminəm - Paşinyan .....                       
12-08-2022, 21:42
Ermənistanla normallaşma prosesində Qarabağ mövzusu yoxdur


Ermənistanla normallaşma prosesində Qarabağ mövzusu yoxdur

"Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir". Butov.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. “Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən. Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm”, - deyən dövlət başçısı qeyd edib ki, yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Çünki biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, yerli əhalidən qoruyurdu, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar orada var idi. Bir müddətdən sonra onlar çıxıb getdilər. Təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiya sülhməramlısının olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bizim inşaatçılar orada, kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi. Təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik. Ermənistanın tarixində, nəinki Qarabağın, belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, hələ bir il keçməyib. Ona görə bu təmaslar artıq gedir və bu, çox önəmlidir. Mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli sülhə xidmət göstərəcək”.
9-07-2022, 00:21
Vahid MƏHƏRRƏMOV  yazır: "Korlanan siftə"

Vahid MƏHƏRRƏMOV yazır: "Korlanan siftə"
Belə-belə işlər

Ölmədən dirilən adamın televizor sərgüzəşti
və yaxud

Bu günə qədər bir çox fantastik və fantastik olmayan əsərlərdə öləndən sonra peşiman olub dirilən adamlar barəsində xeyli hekayə, rəvayət və əfsanələr oxumuşuq. Bu mövzuda baxılası babat filmlər də çəkilib. Belə əsərləri nə qədər oxusaq da, belə filmlərə nə qədər baxsaq da, ölənlərin dirilməsinə heç cürə inanmamışıq. Çünki bu ağlın kəsə biləcəyi bir iş deyil. Dünya binə olandan bəri hələ belə bir şey olmayıb. Heç vaxt da olmayacaq. Axı ölən adam bir neçə aydan sonra necə dirilə bilər? Öldü qurtardı getdi də! Necə deyərlər, vəssalam, şüttəmam, fatihə. Başqalarını deyə bilmərəm, mən indiyə qədər ən azından beş-üç kitab oxumuşam. Oxuduğum kitabların arasında öləndən bir müddət sonra dirilənlərdən bəhs edənləri də var. Cəlil Məmmədquluzadənin “Ölülər”ini, Mir Cəlalın “Dirilən adam”ını, Aleksandr Belyayevin “Professor Douelin başı”nı, Konan Doylun “Görünməz adam”ını və başqa fantastik əsərləri oxusam da, ölünün dirilməsinə inanmamışam. Fikirləşmişəm ki, fantastik əsərlərdə nə desən baş verə bilər. Çünki bu əsərlər yazıçı təxəyyülünün məhsuludur. Adam öldüsə heç vaxt dirilməz. Əgər diriləcəkdisə, daha niyə ölürdü? Yaşayaydı də! Amma o günləri eşitdiyim bir xəbər əvvəl-əvvəl bu gözəl fikirlərimi alt-üst elədi.
Sən demə, işlər içi mən qarışıq oxucuların inanmağı ilə deyilmiş, dirilən adam eləcə dirilərmiş.
Bu yaxınlarda saytların birində oxuduğum xəbər hamı kimi məni də, sözün həqiqi mənasında əməlli-başlı şoka saldı. Ölkəmizdə möcüzə baş vermişdi, ötən il öldüyü bildirilən bir nəfər dirilərək dünyamıza qayıtmışdı. Geri qayıdan kimi də kreditlə televizor almaq eşqinə düşmüşdü. Bəlkə də, heç dirilən adam dünyamıza yaşamaq üçün qayıtmamışdı. Qayıtmışdı ki, televizor alıb geriyə – qəbrinə dönsün. O dünyadan əli və cibi boş gəldiyinə görə üstündə pulu olmamışdı. Bəlkə də, qəbirdən çıxanda pulu olubmuş, amma mollalar əlindən alıbmış. Pulu alındığına görə də televizoru kreditlə almaq istəyib ki, qəbiristanlıq yoldaşlarının yanına əliboş qayıtmasın.
Kredit alan zaman bankda onun şəxsiyyət vəsiqəsinə baxanda görüblər ki, bu insan ötən il rəhmətə gedib. Bankda çalışanlar ilk dəqiqələrdə bundan şoka düşərək çaş-baş qalıblar. Bilməyiblər ki, nə etsinlər, necə etsinlər. Bir az götür-qoy edəndən sonra dirilən adama kredit verməyiblər. Bankları da qınamalı deyil, ha. İş yeri bilinməyən, yaşayış yeri məlum olmayan, ölmüş bir adama necə kredit versinlər? İndiki çətin vaxtlarda kreditləri heç dirilər qaytara bilmirlər, o ki, qalmışdı ölülər ola. Təkcə banklar deyil, ee, heç ölüyə sələmçilər də borc vermirlər. Axı ölmüş adam krediti, yaxud borcu necə qaytara bilər? Onun işi-gücü basdırıldığı qəbirdə yatmaqdır. Öldüyünə görə təqaüdünü də kəsiblər.
İnanılmaz, ağlasığmaz bu xəbər məni xeyli əziyyətə salıb düşünməyə məcbur etdi. Axı ölən adam birdən-birə necə dirilə bilərdi? Hələ ki indiyə qədər, o dünyadan bu dünyaya qayıdan olmayıb. Bu dirilən adam kim idisə dirilməsi ilə dünyada böyük ad qoyacaqdı, adını tarixə yazdıracaqdı. Yəqin ki, uzun müddət bütün yer üzünün camaatı dirilib televizor almağa gəlmiş bizim ölümüzdən danışacaqdı. Bu hadisə yüz faiz Ginnesin rekordlar kitabına da düşəcəkdi. Planetin bütün oxucuları bu kitabı oxuyanda görəcəkdilər ki, dünyada ilk dəfə ölü bizim ölkəmizdə dirilib. Doğrudan da, bu çox qürur duyulası bir hadisə idi. Biz hamımız dirilən bu ölümüzlə ürəkdən fəxr edə bilərdik. Bir anlıq təsəvvür edin ki, bütün dünyanın qəzetləri bu qeyri-adi hadisədən yazacaq, bütün televiziyalar bu möcüzəli hadisəni göstərəcəkdi. Müxbirlər bir-birinin ardınca ölkəmizin paytaxtına axışıb dirilən vətəndaşımızdan müsahibə götürəcəkdilər. Bu xəbəri oxuyan, eşidən və görən bütün insanlar ölkəmizə turist səfərinə gələcəkdilər. Gələcəkdilər ki, həmin dirilən adamla görüşsünlər. Turistlərin gəlişi isə büdcəmizi xeyli artacaqdı. Belə yanaşanda bu hadisə ölkəmizə xeyli xeyir və səmərə gətirəcəkdi. Bu vətəndaşımız dirilib təzədən həm sayımızı artıracaq, həm də qayıdışı ilə ölkəmizə xeyli səmərə verəcəkdi. Sözün açığı, mən buna hamıdan çox sevinirdim.
Deməli, möcüzələr təkcə bu dünyada deyil, o biri dünyada da baş verirmiş. Bütün bunları ağlımdan keçirə-keçirə öz-özümə ölünün dirilmə prosesini anbaan gözlərim önündə canlandırırdım. Sanki fantastik bir filmə baxırdım. Budur, ölü yenidən cana gələrək dirilir. Dirilən kimi də yavaş-yavaş gözlərini açır. Yaxşı ki, dirilən adamın bədəni tam çürüməmişdi. Yoxsa gözləri açılmazdı, əl-ayağı hərəkət etməzdi, televizor almağa gələ biməzdi. Ölünün dirilmə səhnəsinə baxa-baxa düşünürəm ki, bəlkə də, ölü gözlərini açan kimi “Yolun düşsə, bu dünyaya bir də gəl” mahnısını xatırlayır. Deyəsən, fantastik əsərlərdə yazılanlar reallığa çevrilərək bu ölünün başına gəlir. Bəlkə də, dirilən adam uzun müddət komada olub. Komadan ayılan kimi də, bütün gücünü toplayaraq qəbrini dağıdıb. Güc-bəla ilə təzədən yerin altından üstünə çıxıb. Fikirləşirəm ki, bəlkə də, heç yazıq yaşamaq üçün dirilməyib. Dirilib ki, televizor alıb qəbrinə qayıtsın. Bəlkə də qonşuluğundakı ölülər dirilən anda ondan xahiş ediblər ki, şəhəri yaxşı tanıyır, gedib televizor alsın. Pulu olmasa da, kredit götürsün. Sonra ölülər “atışıb” televizorun pulunu birtəhər ödəyərlər. O dünyada zaman gec keçir. Vaxtlarını səmərəli keçirmək üçün ölülər dirilərin çəkdiyi kinolara, verilişlərə baxmaq, oxuduqları mahnılara qulaq asmaq istəyiblər. Daha neynəsinlər, darıxdırıcı həyatdan canlarını qurtarmağa çalışıblar. Dirilən adam da televizor almaq üçün kredit götürəndə bank işçiləri ölmüş olduğunu bilib verməyiblər. Bununla da onun bütün planları pozulub.
Təəssüflər olsun ki, dirilən adam məsələsini araşdırmağa başlayanda bəzi qaranlıq məqamlar üzə çıxdı. Öyrəndim ki, bütün bunlar yalan imiş. Həmin adam ölməyibmiş ki, dirilə də. Dirilmək üçün gərəkdir ki, əvvəlcə öləsən. Amma həmin adam ölməmiş dirilib. Çoxlarının ağlına gəlməyən fırıldağa əl atıb. Əvvəlki illər törətdiyi cinayətlərdən qaçmaq üçün maşınına bir qalaq mənşəyi bilinməyən sür-sümük yığıb yandırıb. Guya ki, ölüb. Bu hərəkəti ilə törətdiyi cinayətlərin izini itirməyə çalışıb. Yəni onu ölmüş bilib bir daha axtarmasınlar. Amma heç özü də bilmədən bu hərəkəti ilə daha ağır bir cinayət törədib. “Öləndən” az-çox keçər-keçməz gəlib kreditlə televizor almağa. Bankda da ona pul vermək əvəzinə, tutub qollarını qandallayıblar.
İşin bu cür alınmasından yaman məyus oldum. Mən də bu xəbəri eşidəndə xeyli sevinmişdim. Sevinmişdim ki, dediyim kimi, bütün dünya bizim dirilən ölümüzdən danışacaq. Şəhərimizə xeyli turustlər, müxbirlər gələcək. Yeni əsərlər yazılacaq, filmlər çəkiləcək. Çoxlarının can atdığı Ginnesin rekordlar kitabına düşəcəyik. Ölkəmizin büdcəsi xeyli artacaq. Amma təəssüflər ki, bunların heç biri olmadı. Ölməmiş “dirilən adam” bütün işlərimizin nizamını pozdu, siftəmizi korladı. Dünya camaatının yanında biabır olduq. Ay zalım, oğlu zalım, ölmüsənsə özünü ölü kimi apar, dirisənsə də özünü diri kimi apar də. İkisinin arasında qalıb bizi girinc eləmə. Ya o yanlıq ol, ya bu yanlıq. Bir də bu cür nə ölmə, nə də dirilmə!




20-06-2022, 03:59
"TƏBRİZİN BAŞ MOLLASI NƏ İSTƏYİR?"

Vidadi Mustafa


"TƏBRİZİN BAŞ MOLLASI NƏ İSTƏYİR?"

Bir neçə gün əvvəl bir qrup Təbriz mollası birgə bəyanat imzalayaraq, Azərbaycan Respublikasında İslam dininin, onun şiə məzhəbinin və ən əsası İran rejiminin əlaltıları olan ekstremist və radikal islamistlərin müdafiəsinə qalxmışdılar. 36 nəfərlik siyahıda Təbrizin baş mollası, yəni Rəhbərin Şərqi Azərbaycanda nümayəndəsi və Təbriz cümə imamı Al Haşımın adı yox idi. Fikirləşdik ki, bu etiraz bəyanatı aşağı səviyyəli dairələrin mövqeyini əks etdirir. Görünür, Al Haşıma həmin bəyanatı imzalamadığı üçün xəbərdarlıq edilib. Odur ki, “səhvini düzəltmək” üçün bu gün, CÜMƏ günü xutbəsində, 18 iyun 2022-ci il tarixində (cümə imamlarının həftəlik icmal və gələn həftə üçün göstərişlərin verilməsi ilə bağlı uzun-uzadı xütbə etdikləri gün) Azərbaycan hökumətindən İslam dininin bu ölkədə qorunması ilə bağlı tələb irəli sürübdür.
Çox qəribədir ki, rejimin İranda və Cənui Azərbaycanda nümayəndələri və əlaltıları öz statusu və səlahiyyətlərinə baxmadan, bir başa Azərbaycan HÖKUMƏTİNDƏN …..tələb edirlər.
Yenidən mollaların Azərbaycan Respublikasının daxili işlərinə qarışmağa cəhd göstərməsi və həmin işə mərkəzin göstərişi ilə Təbriz mollalarının başlamasının səbəbi hələ ki, məlum deyil. Amma bir qədər əvvəl Təbrizin Şiə dünyasının paytaxtı adlandırıldığını nəzərə alsaq, həmin şəhərin Azərbaycan Respublikasına qarşı ideoloji mübarizənin mərkəzi kimi seçildiyini deyə bilərik. Təbriz mollaları onlara göstərilən etimadı doğrultmağa və onların çiyinlərinə yüklənən missiyanı yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirirlər.

Dini amil ideoloji mübarizə üçün çox əlverişli bəhanədir. İran özünü İslam dininin və bu dinin müqəddəslərinin, müqəddəs dəyərlərinin qoruyucusu hesab edir və bundan lazım gəldikdə bəhanə kimi tez-tez istifadə edir. Ən maraqlısı odur ki, İran İslam dinini müsəlman ölkəsi olan Azərbaycanda müsəlmanlardan qorumaq iddiasındadır. Halbu ki, qeyri-müsəlman ölkələrində İslam dini və onun müqəddəs şəxsiyyətləri və dəyərləri açıq şəkildə təhqir olunanda, siyasi mülahizələr səbəbindən ağzına su alıb susur. Ən axırıncı nümunə Hindistanda hakim partiyanın bir neçə üzvünün (rəsmi şəxsin) dünyanın gözü qarşısında İslam dini və Məhəmməd peyğəmbəri təhqir etməsi hadisəsi idi. İranda həmin hadisəyə qarşı heç bir rəsmi bəyanat verilmədi, şəhərlərdə etiraz aksiyaları keçirilmədi. Yəni Hindistanın xətri xoş ollsun deyə, Məhəmməd peyğəmbərin belə müdafiəsinə əhalini küçələrə çıxarmadı.
İndi nə oldu ki, İran Təbriz mollalarını guya Azərbaycanda dini müqəddəslərin lazımınca qorunmadığna etiraz etməyə vadar edir. Əslində isə İran Təbriz mollalarının dili ilə Azərbaycanın milli maraqlarına zərbə vuran, Əsas qanununa əməl etməyən, xarici ölkənin maraqlarına xidmət edən ekstremist, radikal islamistləri və onların başçılarından biri olan öz sadiq nökərini müdafiə edir. İran nəyin müqəddəs, nəyinsə sıradan bir dəyər, daha doğrusu, anti-dəyər olduğunu qəsdən qarışdırır.
Bununla belə, İranın Təbriz mollarının dili ilə Azərbaycandan nə istədiyi hələ ki, tam aydın deyil. Amma tezliklə hər şey ortaya çıxacaq.
3-06-2022, 06:16
Leyla YAŞAR yazır: Tale yükünü daşıyan qadın

Leyla YAŞAR yazır: Tale yükünü daşıyan qadın

Ah qadın, qadın...
Qadın anadı, qadın bacıdı, qadın həyat yoldaşıdı, bibidi, xaladı, nənədi...Saymaqla bitməyən vəzifə daşıyan qadın. Bax, o tində dilənən qadın, yaxşı–yaxşı bax zibil yığan qadın, əri tərəfindən döyülən qadın, övladı tərəfindən atılan qadın, söyülən qadın, pis yola düşən qadın…
Ah qadın, qadın…
Mental dəyərlər zəncirində boğulan qadın. Ər evindən kəfənlə çıxacaqsan deyə valideyinləri tərəfəfindən təhdid ediən qadın, ölsən də bu evə qayıtma, camaat nə deyər deyə sinəsindən geri itələnən qadın, sahib çıxılmayan qadın, namusumuzu kirlətdin deyib qardaşı tərəfindən öldürülən qadın …
Hələ gəl bir az da yaxından bax dostum, o qadın gecəsini gündüzünə qatıb çalışır. Bilirsənmi niyə? Uşaqların saxlamaq üçün. Soruşacaqsan ki, əri yoxdu? Var niyə yoxdu ki? Fərsizin biridi, bu zülm çəkir, o kef çəkir. Hələ o birinə bax əllərinin, ayaqlarının ağrısından, zənbilini yerə qoyub oturub dincəlir ki, yenidən yoluna davam etsin. O, ayrılıb yoldaşından, aliment ala bilmir. Əri deyir ki, mənim pulum yoxdur, canın cıxardı boşanmazdın. Ta demir ki, mən səni bezdirdim, xəstə saldım, “öldürdüm”. Deməz axı…
Qoy hamı günahı bu biçarədə görsün. Hələ o xısın–xısın danışan qara donlu arvadlara bax. Əziliblər, döyülüblər, sevgidən uzaq “yaşayıblar”. İndi ağıl verirlər ki, sən də bizim kimi döz. Biz dözdük arvad olduq. Elə bilirsən bizim atamıza, anamıza, söyməyiblər, elə bilirsən yağ içində böyrək kimi yaşamışıq? Qocaldıqca düzələcəlkər. Hamı da elə olur. Dözmək lazımdı bala. Elə bilirsən tək uşaq saxlamaq asandı? Adını qoruya biləcəksən? Ağılını başına yığ qayıt evinə, başını sal aşagı bir tikə çörəyini ye.
Niyə, nə üçün? Ölmək üçünmü doğuldumu bu qadın?
Bax o qoca qadını çölə atıblar. 4 oglu var. Zülümlə, əlinin qabarıyla, danlaq götürə-götürə böyüdüb onları. Bu gün atıblar çölə. O biri tərəfdə narkotik çəkən qadına bax, onun yanındakı siqaret tüstülədənə bax, o tində adını pis yola yazdıran o gözəl qadına bax…O tərəfdə 3 körpə uşaqla, uşaqların sayıdan çox zənbillə gələn o çəlimsiz qadına bax! Sevgisiz yaşayan, özünü şən göstərməyə çalışan , deyib–gülən, qəlbi qan ağlayan qadına bax!
Boynunda qadınlıq damğasını asıb, bu adı nə olursa olsun qoruyub, doğrultmağa çalışan o adı saxlamaq üçün yaşamağa məhkum olan qadın. Bəxtsiz, tale yüklü qadın…
Aglayıb göz yaşında bogulan qadın...
Qonşuda yenə aləm dəyib bir–birinə. Niyə? Heç ər arvad arasında olan şeydi. Ərinin ixtiyarı var. Arvadı bu gün dırnağına lak çəkib, bunu da qaynana görüb oğluna xəbər verib ki, bunun ipini yığ. Bu gün lak çəkəcək, sabah saçın rənglədəcək, o biri gün pis yola düşəcək. Belələrini biz çox görmüşük bala. Görə–görə gəlirik. Bizim ixtiyarımız nə idi qapıdan başımızı çıxardaq. Nolub bəyəm, pis arvad olmuşuq? Ər də arvadını “başa salır”.
Bax, o biri evdə qız təhsil almaq istəyir. Hər gün içib gələn atasının qeyrət damarı tutub: “Qız uşağı nədi, oxumaq nədi?” Bax o birisində qızın sevdiyi oğlan var. Qardaşı bilib, gedib oglanın payını verib, gəlib bacısını “başa salır”.
Gecə saat 2-də ipə paltar sərən qadındı? Bax o gördüyün, uşaqlar indi yatıb, o da durub işini görür, saat 6- da ərini yola salmalıdı. Bax gecə–gündüz o evdən ağlaşma səsi gəlir. Ana oglunu şəhid verib.
Ah qadın, qadın… Gecələri ağlayan, gündüzləri gülən qadın. Amansız qismətinin üzünə gülən qadın…Zərif ad altında yaşayan qadın…Adı qadın, əslində sonuncda arvad olan qadın… Əli qabarlı, üstü unlu, gözü yaşlı qadın… Xoşbəxtlik axtarışında olan qadın, səliqəli görsənməyə çalışan qadın, bütün günü istər evdə, istər işdə çalışan qiymətləndirilməyən qadın. Gecələri yatmayıb təkbaşına uşaq saxlayan qadın, tərbiyə edən qadın, Zülümlə yaşayan amma yaşadan qadın, ev quran qadın… Saymaqla bitməyən, dəyərləndirilməyən, yazılmamış vəzifələr…
Sevildiyini düşünüb xəyanət görüb ayrıla bilməyən qadın. Ayrılmağa gücü çatmayan, itirməyə qorxan, yaxınlarının yaxın durmadığı, kişiyə olar deyə cəmiyyətin qınadığı qadın… Bəxtsiz qadın…
Bax indi bildinmi qadın öz tale yükünü öz zərif, zəif çiyinlərində necə əzmlə, şərəflə daşıyır? Əzilərək, döyülərək, söyülərək, alçaldırılaraq “yaşayır”.
Qadınlarımızın qədrini bilək, onlarsız bu həyat heç nədir.



28-05-2022, 09:19
Vahid MƏHƏRRƏMOV yazır: "Acgözlük"

Vahid MƏHƏRRƏMOV yazır:

Belə-belə işlər rubrikasından:
Acgözlük

Dədə-babadan çox eşitmişik ki, vəzifə həm yaxşı şeydir, həm də pis şey. Yəqin, bu cümləni oxuyanlar fikrə gedib bir az düşünməli olacaqlar. Düşünə-düşünə də öz-özlərinə sual verəcəklər ki, eyni bir şey həm yaxşı, həm də pis ola bilərmi? Maraqlı sualdır, deyilmi? Çünki vəzifə ya yaxşı olmalıdı, ya da pis. İkisinin arasında çox girinc qala bilməz. Bu düzgün sualı, düzgün də açıqlamağa çalışacağam. Deməli, əgər vəzifəyə təyin olunan biri vəzifəyə xidmət edirsə, bu, yaxşıdır. Yox əgər, vəzifəni döyə-döyə özünə xidmət elətdirirsə, bax bu, pisdir.
Vəzifəni özünə xidmət elətdirməyin bir adı da acgözlükdür. Acgözlük sözünün lüğətlərdə izahı gözü doymazlıq və acgözlük kimi yazılıb. Məncə gözü doymazlıq deyilən nəsnə də, ağır xəstəliyə bənzəyən heyvərə bir şeydir. Hələ, vallah, bəlkə də ondan da pisdir. Çünki hansısa bir xəstəliyin yaxşı-pis müalicəsi var. Amma acgözlüyün müalicəsini həkimlər neçə illərdir axtarsalar da, hələ tapa bilməyiblər. Bu gedişlə, yəqin ki, heç tapmayacaqlar da. Tapan olsaydılar, indiyə qədər bir açıqlama-filan verərdilər.
Min təəssüflər ki, bu gün gözəl cəmiyyətimizdə vəzifədə çalışanların bəziləri vəzifəyə xidmət etmək əvəzinə, acgözlük edərək, vəzəifəni özlərinə xidmət elətdirməyə çalışırlar. Bəzən buna nail olurlar da, vəzifə çox dərinə getmədən onlara tabe olur. Bəzən isə vəzifə onlara boyun əyməkdən qəti imtina edir. Birinci variant olanda, vəzifə acgöz adamların acgözlüyünü ildırım sürəti ilə artırır. Əllərinə balaca bir vəzifə keçən həmin acgöz adamlar başlayırlar bala-bala millətin, dövlətin əmlakını, pulunu, ərzağını, torpağını mənimsəməyə. Mənimsədikcə mənimsəyir, yedikcə yeyirlər. Doymaq nə olduğunu bilmirlər. Sanki bu hissi itirirlər. Yedikcə yemək, tıxdıqca tıxmaq istəyirlər. Göz doyanda qarın doymur, qarın doyanda da göz doymur. Orqanizmin balansı pozulur. Bəzən acgöz nə qədər yesə də, doymadığını hiss etməyib yemək yediyi qabı yalamağa başlayır. Düşünür ki, yeməklə doymadım, bəlkə yalamaqla doyaram. Yalamaqla da doymur ki, doymur. Bilmir ki, yeməklə doymayan yalamaqla da doymaz.
Acgözlükdən, gözü doymazlıqdan söz düşəndə gözlərim önündə həmişə “Qafqaz əsiri” filmindən ibrətamiz bir epizod canlanır. Yəqin ki, mənimlə bərabər o gözəl epizoda çoxları baxıb. Amma bilmirlər ki, mən hansı epizoddan söz açmaq istəyirəm. Məşhur aktyor Nikulin və dostları “əsirlikdən” qaçan qızı tutmaq üçün ərzaq daşıyan yük maşınına minirlər. Bir az gedəndən sonra maşını saxlatdırmaq üçün onu içəridən döyürlər. Az sonra sürücü maşını yolun kənarında saxlayır. Arxa qapını açıb maşına doluşanları düşürür. Nikulin yerə düşəndə maşındakı cəmdəklərdən birini də qamarlayıb özü ilə götürür. Bunu görən sürücü cəmdəyi onun əlindən alıb maşına atır. Bu epizod anlayan və qanan üçün çox ibrətamizdir. Qanmayan üçün isə heç nədi, yəni boş bir şeydi! Deməli, bu adamlar onlara verilən tapşırığı yerinə yetirməyiblər. “Əsirin” keşiyini yaxşı çəkməyiblər, onu qoruya bilməyiblər, qız qaçıb. İndi onlar “əsiri” axtara-axtara həm də özgəsinin olan cəmdəyə də göz dikirlər. Bu dar məqamda, necə olursa olsun, acgözcəsinə özlərinin olmayana sahib çıxmaq istəyirlər. Bizim bəzi acgöz məmurlarımız da, əllərinə düşmüş vəzifə fürsətindən yararlanaraq özlərinin olmayanlara sahib çıxmağa çalışırlar. Amma çox çəkmir ki, atalar demiş, su səhəngi suda sınır. Bir gün acgöz vəzifə sahiblərinin qapısı astaca döyülür. Sandıqlar açılır, pambıqlar bala-bala çölə tökülür. Acgözün dövlətin və xalqın varını oğurlayan əlini qandallayırlar. Sonra məhkəməyə çəkirlər, istintaq aparırlar, mənimsədiklərini geri qaytarırlar. Bu, bir növ filmdəki sürücünün oğruların əlindən cəmdəyi alıb maşına atmağına bənzəyir.
Acgöz adamların başları vəzifələrindən istifadə edib yeməyə, mənimsəməyə o qədər qarışır ki, ətrafında baş verənlərdən xəbər tuta bilmirlər. Bəlkə də, xəbər tuturlar, sadəcə, ibrət dərsi götürmürlər. Əgər gördüklərindən ibrət dərsi götürsələr, yəqin, bir az utanar, bir az da qızararlar. Amma yox, bu acgözlər dünyanın gərdişinə fikir vermədən nəfslərinin əsirinə çevrilərək gözləri doymadan var-dövlət yığırlar. Təəssüflər ki, bu gözü doymayanlar özlərinin olmayan var-dövləti gec-tez əsl sahiblərinə - xalqa qaytarmalı olacaqlarını unudurlar.
Yəqin ki, bu acgözlər özlərindən əvvəlki acgözlərin taleyindən xəbərsizdirlər. Əgər xəbərləri olsaydı, həmin acgözlərin başlarına gələnlərdən ibrət dərsi götürərdilər. Bütün acgözlərə müraciət edib demək istəyirəm ki, bu gün ətrafınızda baş verənlərdən ibrət götürün. Çalışın ki, zamandan geri qalmayasınız. Əgər geri qalsanız, bax həmin kinodakı sürücü böyürdən çıxıb mənimsədiklərinizin hamısını əlinizdən alıb maşınına atıb aparacaq. Siz də həm baxa-baxa, həm də yana-yana qalacaqsınız. Ona görə də, çalışın həyatdan ibrət dərsi götürün, yaşadığınız zamandan geri qalmayın. Acgözlükdən əl çəkin, yoxsa...




21-05-2022, 08:52
Dəyanət Osmanlı yazır: "Günə Ön söz"

Dəyanət Osmanlı yazır: "Günə Ön söz"


Azərbaycan dili və ədəbiyyatı dərslikləri barədə tv müzakirəsində Qəşəm Nəcəfzadə tamamilə haqlı, milli mövqedən çıxış edir. Qəşəm gözəl şair, müəllim, milli təəssübkeş ziyalıdır. Dili yaxşı bildiyi şeilərindən bəllidir. Dili sevməyən adam dili yaxşı bilə bilməz, öncəliklə yaxşı bilib də daim korlamağa çalışar.
Aşağı siniflər üçün Azərbaycan dili dərslikləri ilə bağlı ciddi islahat getməlidir. Qəşəmin toxunduğu məsələ milli-ictimai aktual və yaralı mövzudur. Hələ misal gətirdiyi nümunələr nöqsanların az bir qismidir. Doğrudir, heç kimin tanımadığı o müəlliflərin bərbad mətnləri formalaşma dövrü keçən yeni nəslin dil, ədəbiyyat zövqlərinə, milli məfkurə təməllərinə ciddi zərbədir. Hardan tapıb cəmiyyətə sırıyırlar bunları... və niyə? Maraqlı nüanslardan bir də budur.
Hanı bütün yaradıcılığını uşaq ədəbiyyatına həsr etmiş tanınmış şairlərimizin şeirləri? Kimdir bu cızma-qaralara meydan verənlər?
Dərslik müəllifləri təcrübəli ola bilər. Ancaq şagirdlərin düşüncəsinə neqativ ötürən belə nümunələrin seçilməsi, dərsliyə salınmasına izn verilməsi hər cür təcrübənin üstündən xətt çəkir. Artıq bu, ya səviyyə məsələsi, ya da bilərəkdən atılan zərərli addımdır. Dərsliklərlə bağlı komissiya belə dərsliyin çapına, dövriyyəsinə niyə imkan verir?
Görünür, Azərbaycan insanının həyatında, milli təfəkküründə dil məsələsinin nə qədər önəmli olduğunu hələ də anlamayanlar, yaxud yaxşı anlayıb zərbə vurmağa çalışanlar və onlara dəstək verənlər vardır. Millətin gələcəyini şərtləndirən dəyərlər ciddiyyətlə qorunmalıdır.
O dəyərlərsiz biz heç kimik!..
2-04-2022, 08:57
Məhərrəm Mustafa yazır: Əsgər oğlum


Məhərrəm Mustafa yazır: Əsgər oğlum

Əsgər oğlum, bilirəm ki, sən yatmamısan, sərhəddə keşikdəsən.
Mən də yatmamışam, daha doğrusu gözümə yuxu getmir, yuxum qaçıb, yata bilmirəm. Nə üçün yata bilmədiyimi heç özüm də bilmirəm.
Bu sualın cavabını tez tapdım. Səndən nigaranam, sən yatmamısan, mən də ona görə yata bilmirəm...
Gözlərimi yumuram. Ürəyimdə yavaş - yavaş oxuyuram:
İgid əsgər möhkəm dayan… və məni şirin bir yuxu aparır.
Mən səninlə fəxr edirəm, oğlum. Bu şirin yuxunu mənə tək sən yox, gecə - gündüz vətənimizin keşiyini çəkən, bizi mənfur düşmənlərimizdən qoruyan əsgər balarımız göndərdi.


23-02-2022, 12:23
“İran Nizami Gəncəvini farslaşdırmaq uğrunda mübarizəyə başlayır”

Vidadi Mustafa:

“İran Nizami Gəncəvini farslaşdırmaq uğrunda mübarizəyə başlayır”
(İranda 21 esfənd 1396-cı ilin 21 esfənd 2018-ci ilin 12 mart günü İranın rəsmi təqvimində Nizami Gəncəvi günü elan edilib)

İran bu il Nizami Gəncəvi gününü İranda və bütün dünyada ən geniş şəkildə keçirmək üçün İranın bütün müvafiq qurum və təşkilatlarının iştirakı ilə son dərəcə geniş tədbirlər proqramı həyata keçirməyi nəzərdə tutur. Həmin məqsədlə böyük şairin şərəfinə layiqli və geniş tədbirlər keçirmək işlərini təşkil etmək məqsədi ilə İrşad nazirliyinin (dövlətdə milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə məşğul olan mərkəzi icra hakimiyyəti orqanı – V.M.) Nizami günləri qərargahı yaradılıb. Qərargahın sədri, İrşad nazirinin məsləhətçisi və “Fars dilini qoruma Şurası”nın katibi olan şəxs və Qərargahın katibi bu gün (22 fevral 2022) qurumun Nizami günləri ilə bağlı planlaşdırılan tədbirləri haqqında mətbuata geniş məlumat vermişlər.
Qərargah rəisinin sözlərinə görə, tədbirlər 15 esfənd 1400/6 mart 2022-ci il tarixindən başlanacaq. Onun sözlərinə görə, Nizami haqqında danışmaq üçün 1 gün kifayət etmədiyindən Nizami həftəsi geçirmək nəzərdə tutulur. Qərargahın rəisi və katibi tədbirlər haqqında danışarkən bildiriblər ki, tədbirlər bir həftə yox, bir aydan çox, yəni 15 esfənd/6 martdan başlayıb ordibeheşt 1401/21 aprel 2022-ci il tarixinə qədər davam edəcəkdir.
Qeyd edildiyi kimi, tədbirlər bütün mədəniyyət, təhsil, incəsənət, musiqi, kino, teatr və mənəvi-mədəni həyatla bağlı bütün sahələri, eləcə də İranda bütün iri və xırda şəhərləri, həmçinin bütün xarici ölkələri əhatə edəcəkdir. Tehrandakı “Azadlıq qülləsi”ndə İranın bayrağı ilə yanaşı Nizami bayrağı qaldırılacaq və ilk dəfə Tehranda meydanların birində Nizaminin yeni düzəldilmiş heykəli qoyulacaqdır.
***
Böyük Nizami Gəncəvini ehtiramla yad etmək, onun misilsiz bədii, mənəvi irsini dəyərləndirmək, xatirəsini əziz tutmaq nəinki hər bir azərbaycanlının, farsın, eləcə də hər bir mədəni insanın borcudur və ölkə miqyasında keçirilən hər bir belə tədbir yüksək qiymətləndirilməli və təqdir edilməlidir. Amma İran bu tədbirləri Nizami Gəncəvinin layiq olduğu ən yüksək dəyəri ona verməkdə göstərdiyi səhlənkarlığı unutdurmaq üçün deyil, həmişə olduğu kimi, ideoloji mübarizə vasitəsi kimi həyata keçirməyi nəzərdə tutur. Belə ki, jurnalistlər qarşısında çıxış edən Qərargah rəisi və katibi qeyd ediblər ki, hətta Nizami gününün təqvimə salınmasından sonra belə İranda Nizamiyə lazımi diqqət ayrılmamış, ona görə bu böyük şairi İranda tanımırlar. Amma əsas məsələ Nizaminin İranda tanınmaması ilə bağlı deyil, onun adını başqa ölkələr tərəfindən mənimsəmək səylərindədir. Başqa sözlə, Nizamini xaricdə də bir fars şairi kimi tanıyan yoxdur. İranın hazırki hakimiyyətinin əsas vəzifələrindən biri Nizamini iranlılara və xaricilərə təkcə fars dilində yazan şair deyil, həm də bir fars kimi tanıtmaqdan ibarətdir.
Beləliklə, İran bu tədbirləri ilə Nizaminin bir fars şairi olduğunu iranlılara və xaricilərə qəbul etdirmək uğrunda mübarizəyə start verir. Mətbuat konfransından hazırlanan hesabatda Nizamiyə və onun mənəvi irsinə hansı ölkənin sahib çıxmağa çalışdığı qeyd edilməsə də, hansı ölkənin nəzərdə tutulduğu aydındır. İdeoloji mübarizənin artıq başlandığını göstərən detallardan biri hesabatda bir dəfə də olsa Nizami Gəncəvi ifadəsinin işlənməməsidir. Böyük şairin adı yalnız Nizami kimi qeyd edilir.
İranda Nizamiyə belə geniş diqqətin məhz bu il başlanmasının səbəbini araşdıranlar, bunun Azərbaycan tarixinin ən parlaq səhifəsinin yazılmasından sonra baş verdiyini nəzərə almalıdırlar. İran hakimiyyəti Nizami Gəncəvini özünün məlum ideoloji mübarizəsində güclü bir vasitəyə çevrməyə çalışır.
Doğrudan da, İranda Nizami Gəncəviyə o qədər də diqqət ayrılmırdı. Keçən il (2021) Nizami günü münasibəti ilə yazılmış bir neçə yazıda qeyd edilirdi ki, Nizami Gəncəvi tədris proqramlarında, xüsusən magistratura səviyyəsində yer alsa da, düz-əməlli tədris olunmur və öyrənilmir, çünki Nizami insanların dini (şiə) və fars şovinistlərinin millətçilik şüurunu heç nə ilə zənginləşdirmir. Nizamiyə diqqətin ayrılmaması, qeyd edildiyi kimi, bir tərəfdən onun dini-ideoloji məqsədlərə xidmət etməməsindən qaynaqlanır. Hakimiyyətin dini qolunun ideoloqları belə hesab edir ki, Nizami Gəncəvinin əsərləri eşq və məhəbbət süjetləri əsasında qurulduğundan, real insani sevgini əks etdirdiyindən dindar adamın Allaha sevgisini azaldır, ona görə onu mədəni həyatdan kənar tutmaq lazımdır.
Nizami Gəncəviyə İran İslam Respublikasında uzun illər diqqətin ayrılmaması, qeyd edildiyi kimi, digər tərəfdən fars millətçiliyi ideologiyasına xidmət edə bilməməsi ilə bağlı idi.
Belə ki, Nizami Gəncəvi Firdovisidən fərqli olaraq fars millətçiliyinə tamamilə yad bir şairdir. Fars millətçiləri Nizamini ona görə sevmirlər ki, Nizaminin ən böyük, onun bütün fəlsəfi, elmi, siyasi, ictimai biliklərini, dünyagörüşünü, dəyərlər sistemi və ideallarını əks etdirən ən böyük əsəri farsların ən böyük imperiyası olmuş Əhəmənilər imperiyasını (e.ə.550-330) nəinki məğlub etmiş, eləcə də tarix səhnəsindən silmiş Qərb Fatehi Makedoniyalı İsgəndərə həsr edilmişdir. Farslar 19-cu əsrə qədər, bəyənmədikləri Qərb alimləri müəyyən edənə qədər İranda belə bir imperiyanın olmasından xəbərsiz idilər. Bu məhz İsgəndərin sayəsində baş vermişdi.
İsgəndərin farslar qarşısında ikinci ən böyük xidməti onların etnik dilinin də siyasi-ictimai, mədəni həyatdan bayıra atılması olmuşdur. İsgəndərin və daha sonra digər yunan-makedon sülaləsənin hakimiyyəti dövründə fars millətçilərinin dünyanın ən qüdrətli dili hesab etdikləri etnik dili bilmərrə həmin dilin daşıyıcıları tərəfindən unudulmuşdu.
Fars tarixi və mədəniyyətini, dilini tarix səhnəsindən silən bir böyük fatehə ən böyük əsərini həsr edən Nizami Gəncəvi təbii ki, şovinistlərin hiddətinə səbəb olmalı idi.
Odur ki, panfarsistlər Nizami Gəncəvinin fars dilində yazmasından çıxış etsələr də, onun ədəbi-bədii, fəlsəfi irsində hakim şovinist milləıtçi ideologiyaya xidmət edə biləcək heç nə tapa bilmirlər. Ona görə Nizami Gəncəviyə sahib çıxmaq məqsədinin arxasında Nizami Gəncəvinin vətəninə qarşı ideoloji mübarizə məqsədinin dayandığını demək olar. Qeyd edilən tədbirlər yeni mərhələyə daxil olmuş həmin mübarizənin mühüm tərkib hissəsini təşkil edir.
Bu məkrli məqsədin digər bir cəhəti İranda yenidən “iranşəhri nəzəriyyəsini” (Sasani dövrü hakimiyyət qaydalarının, yəni dinin siyasi hakimiyyətə və kilsənin hökmdara tabe olması ənənəsini bərpa edilməsi nəzəriyyəsi) canlandırmaq və həmin nəzəriyyə tərəfdarlarını fəallaşdırmaqdır. İran hakimiyyəti öz əli ilə hakimiyyətin dini qolunun zəiflədilməsi istiqamətində yeni bir addım atmaqdadır.
Beləliklə, İran İslam Respublikasının birdən-birə Nizami Gəncəvinin kimliyi və irsinə belə geniş diqqət yetirməsinin əsas səbəbini, qeyd edildiyi kimi, İranın məlum hadisələrdən sonra məlum prosesə qarşı ideoloji mübarizəsində axtarmaq lazımdır. Daha doğrusu, həmin tədbirlər ideoloji mübarizənin mühüm tərkib hissəsini təşkil edir. Tədbirlərin daxili hədəfini məlum etnik-siyasi və etnik-mədəni birlik və onun az-çox mədəni fəalları və ən nəhayət, sekular qüvvələrin radikal dinçiləri təşkil edir. Bu səbəblər içərisində birinci yerdə müəyyən məqsədə xidmət edən və məlum xatrici subyektə qarşı yeridilən ideoloji mübarizə hədəfləri durur...

4-02-2022, 12:40
BAHALIĞA SEVİNƏN ADAMLAR

Mina Rəşid


Bu gün yaxınlıqdakı mağaza sahibi əlimdəki qablardan öyrəndi ki, filankəsin inəyi quruyub. Amma buna inanmaq istəmədi, öz xislətinə uyğun xüsusi rəy söylədi. Dedi ki, südün, qatığın qiymətini qaldırmaq üçün belə deyir. Hə, donub yerimdə qaldım və bu acgöz, yalançı, şərçi adam məni bu yazını yazmağa vadar elədi. Doğrudan da bəzi adamlar elə bilir, hamı onlar kimi düşünür. Gözü doymayan, bahalığa sevinən, çəkidə aldadan alverçi elə bilir dünya tək puldan ibarətdi. Pula bir büt kimi səcdə edir, o qədər pul düşkünü olub xırdalanır ki, insanlığından əsər-əlamət qalmır.
Yadıma iki qardaşın əhvalatı düşür. Deməli, onlardan birinin 99, birinin isə bir inəyi olur. O 99 inəyi olan qardaşının bir inəyinə göz dikir. O bircə inəyi də onun əlindən qapıb 100 inəkli olur. A.S.Puşkinin çox ibrətamiz “Balıqçı və balıq” nağılında olduğu kimi, acgöz adamlar nəyi görsə qamarlayıb udmaq istəyir. Onlar üçün Vətən, millət, insanlıq, mərhəmət anlayışı olmur. Rüşvət verməsən yüz il də səni işə götürməz, hansısa vəzifəli bir adam tapşırmasa yaxına buraxmaz, kimsəyə rəhm eləməz. Sonra da efirdə, mətbuatda, tədbirlərdə Vətəndən, insanlıqdan, gözəllikdən danışar, gülümsəyər...
Peyğəmbərimiz buyurur ki, insanların təkcə ibadətinə, xarici görünüşünə, sözlərinə deyil, onun pula olan münasibətinə baxın. Onda onun necə bir mömin, səmimi insan olduğunu biləcəksiniz. Doğrudan da, həyatda gördüklərimiz, öyrəndiklərimiz bu fikri təsdiq edir. İlk mətbuatımızın banisi H.b.Zərdabi millətin balalarını oxutmaq üçün xeyriyyə cəmiyyətinə pul toplayanda da, bizim bığıburma bəylərimizin, imkan sahiblərimizin necə bir xislətə sahib olduğunu öyrənirik. Bu gün də belə adamlar var. Bahalığa sevinən alverçilər, faizlə pul verənlər, baş kəsənlər, ev yıxanlar...
Deyir, aclıq bir il gedər, töhmət min il. Pandemiya şəraitində sərt karantin dövründə insanlar bir-birinə dayaq oldu, əl-ələ verib o çətin günləri, ayları arxada qoydular. Fəqət bu fürsətdən sui-istifadə edən məmurlar, icra başçıları da oldu. Məsələn, dövlətin dəstək göstərərək imkansız ailələr üçün ayırdığı yardımlar hansısa icra başçısının evindən çıxanda adam dəhşətə gəldi. Hələ on illərlə hansısa imkansız ailənin sosial müavinətini mənimsəyənlər, imkanı ola-ola hökumətin 190 manatına da göz dikənlər meydana çıxdı...
İndi kimi bahalığa sevinir, kimi də, təşviş içindədi. Amma ruzini verən Allahdı. Həyatda gördüklərimizdən, ağır vaxtlarda başımıza gələnlərdən öyrəndim ki, insan gərək pula görə ləyaqətini itirməsin...
1-02-2022, 10:24
London məhkəməsi deputatın 10 milyonunu geri qaytardı

Xəbər verildiyi kimi, London məhkəməsi mülki iş üzrə Pərvanə Feyziyevaya, Orxan Cavanşirə və Elman Cavanşirə məxsus bank hesablarında olan 15 milyon funt sterlinqi dondurmuşdu.

AZƏRTAC xəbər verir ki, London məhkəməsi həmyerlilərimizin xeyrinə qərar çıxarıb.

Ötən ilin noyabr ayında iki həftə davam edən araşdırmaların nəticəsini məhkəmə hakimi elan edib.

Hakim Con Zaninin qənaətinə görə hesablarda olan vəsaitin 10 milyondan bir qədər çoxunun qanuni fəaliyyət nəticəsində qazanıldığı və qanuni şəkildə Böyük Britaniyaya köçürüldüyü London məhkəməsində heç bir şübhə doğurmur. Hakim proses zamanı təqdim olunmuş sübutları araşdıraraq qərara gəlib ki, həmin vəsaitlər qanuni yolla qazanılıb. Ona görə də hakim Con Zani həmin vəsaitlərin öz sahiblərinə qaytarılması üçün bank hesablarının dərhal açılması barədə qərar qəbul edib.

Qalan 5 milyon vəsaitin köçürülmə mexanizmində məhkəməyə tam aydın olmayan məqamlar olduğunu bildirən hakim izah edib ki, bu məqamlar bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş qalmaqalla bağlıdır. Böyük miqdarda pul vəsaitlərinin itkisi ilə üzləşmiş Beynəlxalq Bankın fəaliyyətində şəffaflığın olmaması həmin bank vasitəsilə köçürülmüş bütün vəsaitlərin sual altına düşməsinə səbəb olub. Hakim belə qənaətə gəlib ki, pulların köçürülməsi ilə məşğul olan bankların daxili nəzarət sistemlərində mövcud olan boşluqlar şübhə doğurur, lakin köçürmə prosesində baş vermiş mənfi halların Pərvanə Feyziyeva, Orxan Cavanşir və Elman Cavanşirlə bilavasitə bağlılığı yoxdur.

Cavabdehlərin sözçüsü Coş Kemeron Britaniya mətbuatına açıqlamasında bildirib ki, müdafiə tərəfində qalan vəsaitlərin də qanuni fəaliyyət nəticəsində qazanıldığını və köçürmə əməliyyatlarının qanuniliyini təsdiq edən təkzibolunmaz sənədlər var, amma məhkəmə araşdırmaları zamanı həmin sənədlərin təqdim olunması tələb olunmadığından onlardan indiyədək istifadə olunmayıb.

Vəkil Çarlz Bott da öz açıqlamasında hələ də araşdırmaya ehtiyacı olan köçürmə əməliyyatlarının doğruluğunu sübut etmək üçün növbəti mərhələdə daha yüksək instansiyalı məhkəmədə davam etdiriləcəyini bildirib və nəticədə bütün vəsaitlərin tam şəkildə öz sahiblərinə qaytarılacağına əminliyini ifadə edib.

Beləliklə, 10 milyon funt sterlinq sahibinə qaytarılıb.

Qeyd edək ki, adıçəkilən şəxslərdən Pərvanə Feyziyave Milli Məclisin deputatı Cavanşir Feyziyevin arvadı, Orxan Cavanşir isə oğludur. Elman Cavanşirə gəlincə, o, Cavanşir Feyziyevin qardaşı oğludur.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!