Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 11-11-2024, 16:32
“Molla Nəsrədin”çilər haqqında yeni tədqiqat

“Molla Nəsrədin”çilər haqqında yeni tədqiqat

Mollanəsrəddinçilər mətbuat və ədəbiyyat tariximizdə həmişəyaşar sənət və sənətkarlıq məktəbi yaratdılar. Ona görə də bu məktəbə dünən də, bu gün də, sabah da ehtiyacımız var.
Qarşımda “Molla Nəsrəddin” ədəbi məktəbinin araşdırılmasında və elmi ictimayyətin diqqətinə catdırılmasında mühüm xidmətləri olan “elmi-publisistik təfəkkürə, üslub tərzinə malik istedadlı, ləyaqətli düşüncə sahibi”, filologiya elmləri doktoru, professor, pedaqoq Allahverdi Məmmədlinin “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyası var.
Monoqrafiyanı oxuyarkən yazıçı Anarın “Əbədi Mirzə Cəlil” başlıqlı məqaləsindən son sözlərini xatırladım. “Əbədi Mirzə Cəlil bütün zamanların övladıdır, hər yeni nəslin yol yoldaşıdır. Və bizdən sonra gələn nəsillər onu təzədən kəşf edəcək, öz yaşıdları, çağdaşları kimi tanıyacaq...”. Dahiyanə bir fikir.
Əvvala Mirzə Cəlil yaradıcılığ, savadı, vətənpərvərliyi, əyilməzliyi, düzlüyü ilə həqiqətən əbədiyaşar oldu. Elə ona görə də bütün zamanlar da, yaradıcılığına, sözünə, amalına, əməlinə ehtiyac duyduğumuz bir əhli-qələm sahibi kimi, yaddaşlara əbədi həkk edildi.
Yeri gəlmişkən onu da qeyd edək ki, bu böyük şəxsiyyətdən yazmaq üçün, onun qədər yüksək qələmə, sözə, vətənpərvərliyə sahib olmaq lazımdır. Görkəmli “Molla Nəsrəddin” ədəbi məktəbinin tədqiqatçısı Allahverdi Məmmədli də bu yüksək keyfiyyətlərə malik bir alimdir. Onun elmi yaradıcılığı demək olar ki, bütövlüklə bu ədəbi məktəbin tarixinə, fəaliyyətinə, ideyalarına, onun yazarlarının həyat və yaradıcılığının tədqiqinə (xüsusən də Mirzə Cəlilin) həsr edilib.

“Molla Nəsrəddin” ədəbi məktəbinin fəaliyyəti Allahverdi müəllimin uzun illərdi diqqətini cəlb edib və bu istəyin, marağın sayəsində alimin onlara həsr etdiyi çox dəyərli, sanballı, məzmunlu elmi əsərləri, monoqrafiyaları, dərs vəsaitləri ərsəyə gəlib.
“Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” (2003), “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq ideyalarının bədii təcəssümü (ərəb əlifbası ilə)” (2005), “Molla Nəsrəddin” ədəbi məktəbində milli varlıq problemləri” (2012), “Molla Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq” (2017), “Molla-Nəsrəddinçilik və milli ideya” (2018), “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” (2024) adlı əsərləri mollanəsrəddinçilərin yalnız Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində deyil, həm də ictimai fikir tarixində çox böyük rol oynadığını bir daha sübut edir.
Müəllif yenicə işıq üzü görən “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyasında çox böyük ustalıqla bu ədəbi məktəbin formalaşdırdığı azərbaycançılıq təliminin xüsusiyyətlərini açır və elmi təhlilə cəlb edir. Odur ki, filologiya elmləri doktoru, professor Vüqar Əliyev haqlı olaraq bu monoqrafiyanın çapını alqışlayır və onun nəşrinin “mətbuat tariximizin maraqlı bir faktına” çevrilə biləcəyini vurğulayır. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd isə həmin əsəri müəllifin “çoxillik elmi-tədqiqat işinin, gərgin axtarışlarının uğurlu nəticəsi” kimi yüksək dəyərləndirir.
Allahverdi müəllim bu monoqrafiyasında ən əsas məsələni; azərbaycançılıq ideologiyasının əhəmiyyətini, mahiyyətini açıqlamaqla yanaşı onu əsas hədəfin önünə çəkərək vurğulayır ki, “Ölkəmizdə azərbaycançılıq rəsmi dövlət ideologiyasıdır”. O, bütün əsər boyu bu prinsipə sadiq qalaraq Azərbaycanın maraqlarının hər şeydən üstün tutulmasını təbliğ edir. Məhz buna görə əsər bugün də, sabah da və hər zaman aktualdır.
Nə qədər Azərbaycan xalqı, dövlətçiliyi var azərbaycançılıq da var. Onu qorumaq, yaşatmaq, gələcək nəsillərə ərməğan etmək isə bizim bocumuzdur. Bununla mollanəsrəddinçilərin hələ yüz il bundan əvvəl irəli sürdüyü bu ideya öz aktuallığını, əhəmiyyətini bir daha sübut etdi. Bu ideya müstəqilliyimizin, dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin daha da zənginləşməsinə, əbədiyaşara çevrilməsinə xidmət edir. Nə qədər böyük, möhtəşəm, ülvü, müqəddəs bir ideya...
“Azərbaycan dilinin saflığını, gözəlliyini, zənginliyini, qüdrətini özündə yaşadan və gələcək nəsillərə ötürən bu böyük xəzinədə” yalnız ümummilli məsələlər deyil, həm də bəşəri ideyalar var. Çünki burada “hər bir fərdə böyük azadlığın və hüququn verilməsi müşayət olunur”.
Müəllif yenidən bu mövzuya müraciət etməsinin səbəbini belə açıqlayır ki, “əsas məqsəd bu ədəbi məktəb haqqında yeni elmi-nəzəri fikirlər ortaya qoymaq, “Molla Nəsrəddin” ədəbi məktəbi nümayəndələrinin yaradıcılığında azərbaycançılıq ideyalarının bədii əksini araşdırıb üzə çıxarmaqdır”. Odur ki, əsərdə azərbaycançılığın elmi-məntiqi, ədəbi-ictimai mahiyyəti araşdırmanın məğzini təşkil edir və müəllif bu prinsiplərə çox gözəl əməl edib.
Milli xarakter kəsb edən və fundamental ideoloji təfəkkür modelini əks etdirən azərbaycançılıq bu gün gənc nəsilin şüurunda, qəlbində, ürəyində, zehnində o qədər möhkəm kök salmalıdır ki, heç bir qüvvə onu oradan çıxara bilməsin. Budur Vətənçilik, dövlətçilik, Azərbaycançılıq...
“Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyanı oxuduqca bir daha əmin olursan ki, mollanəsrəddinçilər ona görə həmişəyaşar statusunu qazanıblar ki, çox böyük zəngin və maraqlı ədəbi-mədəni irsə malik olublar. Bu ədəbi-mədəni xəzininin xalqa catdırılmasında istedadı, bacarığı, zəhmətkeşliyi və ən əsası intelektual səviyyəsi ilə secilən Allahverdi Məmmədlinin öz payı, öz əməyi var. O, yazır ki, “Mollanəsrəddinçiliyin ideya əsasında azərbaycançılıq məsləki dayanır”. Elə Allahverdi müəllimin də məsləyində, amalında daima Vətəninə, dövlətinə, bayrağına və ən əsası insanlığa qarşı əzəmətli sevgi dayanır. Ona görə hər sözün də belə böyük azərbaycançılığı, Vətənçiliyi, dövlətçiliyi əks etdirən əsərlərin müəllifidir.
Əsərin sonunda müəllif bir daha vurğulayır ki, “Molla Nəsrəddin” ədəbi məktəbini doğuran ən başlıca səbəb azərbaycançılıq amalını ədəbi-bədii sözdə gerçəkləşdirmək, bunu xalqın, millətin idealına çevirmək olub”. Mollanəsrədinçilər də həmin ideyanın daşıyıcısı kimi öz yaradıcılıqlarında bir nümunəyə çevrildilər və 20-ci yüzilliyin əvvəllərində milli strategiyanın müəyyənləşməsində əsas rolu oynadılar.
Bildiyimiz kimi, “Molla Nəsrəddin” ədəbi məktəbinin tədqiqinə sovet dövründə kommunist ideologiyasının prinsiplərinə uyğun yanaşıldığı üçün bu sahədə bir sıra təhriflərə də yol verilib. Bunu Allahverdi müəllim də öz əsərində bir necə dəfə vurğulayır. Buna görə “Molla Nəsrəddin” ədəbi məktəbi, xüsusən də sovet dövrü fəaliyyəti yenidən, obyektiv və milli maraqlara uyğun tədqiqata cəlb edilməli idi. Allahverdi müəllim də bu yanlışlıqları aradan qaldırmaq üçün yenidən çox zəngin və maraqlı olan irsə müraciət edib və belə bir dəyərli əsəri ortalığa qoyub. Təqdirəlayiqdir ki, müəllif dəfələrlə müraciət etdiyi bu mövzuda yenə də maraqlı, diqqətçəkən mülahizələr, fikirlər söyləyə bilib. Çünki mövzuya tarixiliklə müasirliyin vəhdətində yanaşıb, mollanəsrəddinçilərə olan rəğbətini qəlbinin hökmü ilə ifadə edib və onların sənətini layiq olduğu mərtəbəyə yüksəldib. Bu müqəddəs yolda müəllifə daha böyük naliyyətlər arzu edirik.

Sevil Həsənova,
BDU-nun professoru,
Multimedia və elektron kommunikasiya kafedrası


Paylaş



Bölmə: Maarif / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!