Əsrin "Xocalı" faciəsi
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı törədilən cinayət iyirminci əsrin ən dəhşətli faciəsi olaraq tarixə düşdü. Bəli, söhbət XOCALI qətliamından, Xocalının fəryadından, Azərbaycan xalqının bir ömür boyu xatırlamağa borclu olduğu dəhşət yuxusundan gedir. Faciə zamanı erməni silahlı qüvvələri SSRİ-nin 366-cı motoatıcı hərbi alayı ilə birlikdə can Xocalımızı qan gölünə çevirdi. Həmən gün yerli əhali, silahsız, çarəsiz və köməksiz idi. Neçə Azərbaycanlı ürək qətliamın qurbanı oldu. Xocalıda baş verənlər sadəcə və sadəcə bir dəhşət idi. Həmən gecə şəhidlik mərtəbəsinə ucalan 63 körpənin ruhu cənnətdəki 70 nəfər qocanın gəncliyinə çevrildi. İtkin düşən 150 nəfər mələklər kimi görünməz oldu. Hər iki valideyinini itirən 25 uşaq Azərbaycan xalqında birlik olmaq ruhunu formalaşdırdı. Yaralanan 487 nəfər bizə yaralarımızı sarımağı öyrətdi. Əsir götürülmüş 1275 nəfərsə, xalqımıza vətəndən ayrı vətənpərvər olmağın sirlərini açdı. Və daha nələr, nələr....
XOCALI ürəyimizdə böyük dərd idi. Ancaq "Hər qaranlıq gecənin bir aydın sabahı vardır" deyirlər. Nə tarix kitabının vərəqlərinin rəngi solmuşdu, nə də Çingiz Mustafayevin kitabın üz qabığına yerləşdirdiyi fotolar. Bəli, tarix gördüklərini yazırdı. Azərbaycanlı jurnalist Çingiz Mustafayev Xocalıda yerli əhaliyə qarşı törədilən vəhşilikləri lentə alaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışsa da, bu mümkün olmadı. Əfsus ki, jurnalistin özü də qətliamın qurbanı oldu. Ancaq illər acı xatirələrin üzərindən 2020-ci ildə xətt çəkdi. Qəhrəman Azərbaycan əsgəri cəmi 44 günə Xocalı daxil olmaqla işğal altında olan bütün torpaqlarımızı azad etdi. "Vətən müharibəsi"nin gedişində Xocalı qurbanlarının qisası alındı, onların qanı yerdə qalmadı. Biz bu gün böyük qürur hissi ilə deyirik ki, artıq XOCALI qan ağlamır. İllər boyu ürəyimizdə dərd etdiyimiz "Xocalı fəryadı, ah-naləsi" daha eşidilmir. Bütün bunların fonunda sözün bütün mənalarında tək bir şüar səslənir: Qalib Azərbaycan!
Maarif Məmmədli, BDU Jurnalistika fakültəsinin tələbəsi