Çünki sənin adın Qadın! .....                        Cəlilabad sakini Bakıda dəm qazından öldü .....                        Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş... .....                        Şərif Trampdan İranla bağlı xahiş edib .....                        "Real" evdə uduzdu, "Arsenal" səfərdə qalib gəldi .....                        Ağdaban qətliamından 34 il ötür .....                        Küveyt hakimiyyəti: "Evlərinizdə qalın" .....                        ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi .....                        Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı .....                       
2-12-2024, 15:16
"Nidanın gücü, gücün nidası!"


"Nidanın gücü, gücün nidası!" adlı yazı müsabiqəsi keçirilir

Təşkilat "Nidanın gücü, gücün nidası!" adlı yazı müsabiqəsini davam etdirir.

"Uşaqların Gələcəyi Naminə" təşkilatı, Azərbaycan Ordusunun Zəfərinə həsr edilmiş “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsini davam etdirir. Bu barədə təşkilatın sədri Könül Quliyeva məlumat verib. Sədr qeyd edib ki, müsabiqə V-IX sinif şagirdləri arasında keçiriləcəkdir. Yazılar 02 dekabr 2024-cü il tarixdən 15 dekabr 2024-cü il, saat 18:00-dək təqdim olunmalıdır. Şagirdlər müsabiqəyə təqdim olunan yazıları şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə usaqlargelecek@gmail.com elektron ünvanına göndərməlidir. Yazının həcmi minimum 1 səhifə, yaxud 1 səhifə yarım olmalıdır. Yazı kompyuterdə yığılmalı, Times New Roman şifrələri ilə 14 ölçüdə təqdim edilməlidir. Müsabiqənin yekunlarına əsasən I, II, III yerlər üçün sertifikatlar və digər həvəsləndirici mukafatlar nəzərdə tutulur. Qaliblərin yazıları gələcəkdə kitab şəkilində dərc olunacaq. Müsabiqəyə təqdim edilən yazıları 5 nəfərdən ibarət ekspert komissiyası qiymətləndirəcək. Onu da qeyd edək ki, yazılar ekspertlərə imzasız təqdim ediləcək. Hər hansı bir sual yaranarsa (050) 969 38 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
1-12-2024, 01:05
Gığı məktəbinin 100 illiyi qeyd olunub


Gığı məktəbinin 100 illiyi qeyd olunub

Qərbi Azərbaycan İcmasında, Qafan rayonunun Gığı kənd orta məktəbinin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Tarix dolu bir məkanın təhsil ocağının keçdiyi bir əsrlik yolun təntənəsini qeyd etmək üçün təşkil olunan bu tədbir, həm də vətən sevgisinin, yurd həsrətinin çulğaşdığı mərasim idi.
Tədbir Qərbi Azərbaycanın Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun açılış nitqi ilə başladı. İlk növbədə, vətən yolunda canını fəda edən şəhidlərimizin və Gığı kənd orta məktəbinin dünyasını dəyişmiş müəllimlərinin əziz xatirəsi yad edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və tədbir rəsmi olaraq açıq elan olundu.
Məruzə ilə çıxış edən Bəhruz Piriyev Gığı kəndinin tarixi və kənddə yaradılan məktəbin keçdiyi şərəfli yoldan danışdı. O, nitqində məktəbin tarixi missiyasını belə ifadə etdi: "Vətən həsrəti, yurd həsrəti ilə döyünən qəlbimizdə daim ucalan Gığı kənd orta məktəbi Qafan rayonunun ən uca zirvələrindədir."

O, Qərbi azərbaycanlıların özlərini ifadə etmələri üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi və Qərbi Azərbaycana qayıdış yolunda milli birliyin əhəmiyyətindən danışdı.
Tədbir çərçivəsində Gığı kənd orta məktəbinin keçmiş müəllim heyəti və məzunları haqqında hazırlanmış videoçarx nümayiş etdirildi. Bu videoçarxda məktəbin yetirdiyi professorlar və ziyalıların həyat hekayələri, təhsil uğurları təqdim olundu. Tədbir iştirakçıları bu anlarda duyğulu anlar yaşadı, məktəbin əsrlik zəhmətinin şərəfini bir daha hiss etdilər.
AMEA-nın Tarix İnstitutunun əməkdaşı, professor Cəbi Bəhramov tədbirdə çıxış edərək Gığı kəndinin Osmanlı dövrünə aid sənədlərdə adının keçdiyini, Gığı kəndində müsəlman-türklərin yaşadığını qeyd etdi.
Tədbirin digər iştirakçısı, professor, şair Paşa Qəlbinur Sovetlər dönəmində dostları ilə birlikdə Gığı kəndinə etdiyi səyahətdən, kəndin mehriban insanlarının qonaqpərvərliyindən, təbiətinin gözəlliyindən bəhs elədi, o yerlərlə bağlı xatirələrini bölüşdü.

Tədbirin ən vacib mesajı isə iştirakçıların Qərbi Azərbaycana qayıdışa və Azərbaycanın bütövləşəcəyinə olan inam idi. İştirakçılar Prezident İlham Əliyevin rəhbərliyi altında bu arzunun gerçəkləşəcəyi ümidi ilə birləşdilər. Onların qəlbində yurd sevgisi və əqidələrinə sədaqət ən yüksək dərəcədə hiss olunurdu.
Gığı kənd orta məktəbinin 100 illik yubileyi yalnız bir təhsil müəssisəsinin tarixini deyil, həm də bir xalqın əzm və iradəsini nümayiş etdirdi. Tədbir, keçmişin xatirələri ilə gələcəyin ümidlərini birləşdirərək yaddaşlara yazıldı. Sonda xatirə şəkilləri çəkdirildi.
P.S.Tədbirdən hazırlanacaq geniş reportajı “Bütöv Azərbaycan” qəzetində oxuya bilərsiniz.
Tehran YUSİFLİ,
“Bütöv Azərbaycan” qəzetinin
Qərbi Azərbaycan üzrə Xüsusi müxbiri






[center]
27-11-2024, 18:39
Kaş biz də qayıdıb gələ bilərdik:

Kaş biz də qayıdıb gələ bilərdik:

Təranə Dəmir kəndlərimizin halını çox sənətkarlıqla nəzmə çəkib. O duyğuları yaşamaq keçdi könlümdən. Amma dəli-doluluqdan əsər qalmayıb. Kəndimə qayıtmaq istədim, yolları bağlıdı. Anamın bişirdiklərindən dadmaq istədim. Anamın nə özü var, nə qab- qaşığı. Ata ocağında qızınmaq istədim. Atamın nə özü var, nə ocağının közü. Qonşumun qapısından keçmək istədim. Nə qonşum qalıb, nə də qapı-bacası. Tay tuşlarımla oynamaq, bir az da dalaşmaq istədim, gördüm hamısı həsrətimi çəkir. Erməni-fars faşistləri yurdumuzu elə viran qoyub ki, daş üstə daş qalmayıb. Təranə Dəmir yaradıcılığına sevgi, özünə sayğı ilə bu şeirini oxucularımızla paylaşıram. Kaş hamı kəndinə qayıda bilə...
Tamxil ZİYƏDDİNOĞLU

Biz kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz mələk çağıydı.

Qayıdıb gələndə gördüm yaz hanı?
Bu kəndin çəməni, otu qocalıb.
Qocalıb böyürkən kollarınacan,
Pişiyi qocalıb, iti qocalıb.

Mənim gəlişimə sevinmədi heç,
Yollar tanımadı məni deyəsən.
Yadından çıxmışam torpağın, daşın,
Dumanın, çiskinin, çənin deyəsən.

Suvağı tökülən köhnə evlərin
Qapısı qocalıb, damı qocalıb.
Məni tanımadı təzə qonşular,
Məni tanıyanlar hamı qocalıb.

Üşüdüm buz kimi baxışın altda,
Yer tapa bilmədim özümə burda.
Düşdü baxışlarım fikir toruna,
Durdu xatirələr üzümə burda.

Biz kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz, mələk çağıydı.
Təranə Dəmir.
27-11-2024, 17:13
Yaqut ŞƏRİFOVA yazır:"Heydər Əliyev və təhsil"


Yaqut ŞƏRİFOVA yazır:
"Heydər Əliyev və təhsil"


“Mən dünyada müəllimdən uca ad tanımıram” Bu tarixi kəlamın müəllifi, zəmanəmizin görkəmli siyasi xadimi, ümummilli lider Heydər Əliyevdir. Özünəməxsus müdrikliklə “Təhsil millətin gələcəyidir”söyləyən dahi rəhbər Respublikamıza istər Sovetlər dönəmində(1969-1982), istərsə də hakimiyyətə qayıdışından sonra, müstəqillik dövründə (1993-2003) təhsilin, elmin, mədəniyyətimizin inkişafına böyük diqqət yetirmiş, qayğı ilə yanaşmışdır.
Sovetlər dönəmində Heydər Əliyev Respublika rəhbəri kimi Azərbaycanda təhsil sisteminin maddi texniki bazasının möhkəmləndirilməsi, pedaqoji kadrların yetişdirilməsi, formalaşdırılması, müəllimlərin təyinat yerlərində, hətta ucqar kəndlərimizdə uğurla çalışması üçün şərait yaradılması, onların mənəvi cəhətdən ruhlandırılması üçün əlindən gələni əsirgəməmişdi. Sovetlər İttifaqında Siyasi Büroda şəxsi nüfuzundan istifadə edərək Heydər Əliyev el balalarının, şagirdlərin təlim –tərbiyəsində, təhsilində fərqlənən qabaqcıl müəllimlərimizə, o dövrün ən yüksək mükafatı-Sosialist Əməyi Qəhrəmanı, Respublikanın Əməkdar müəllimi fəxri adının verilməsinə nail olurdu. Məsələn, Tovuz rayonu Bozalqanlı kənd orta məktəbinin kimya müəllimi Məhər Quliyevin Bakı şəhərində qabaqcıl ədəbiyyat müəllimi Zərbəli Səmədovun, Bakı şəhəri 190№-li məktəbin direktoru Sona xanım Tağıyevanın Sosialist Əməyi Qəhrəmanı, Əməkdar müəllim adına layiq görülməsi Heydər Əliyevin təhsilə verdiyi dəyərlərdən sayılır.

Ulu Öndərimizin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri –Cəmşid Naxçıvanski adına Respublika Hərbi liseyinin 1971-ci ildə istifadəyə verilməsi oldu. Məhz, bu Hərbi liseyin məzunları, burada yetişdirilmiş zabit kadrları sonralar torpaqlarımızın ərazi bütövlüyünü, vətənimizin istiqlaliyyəti naminə döyüşlərdə istər Birinci Qarabağ müharibəsində, istərsə də 44-günlük Vətən müharibəsində əhəmiyyətli rol oynadılar.
Ötən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi, təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın savadlı, istedadlı gəncləri, hər il 800-1000 nəfər gənc keçmiş SSR-nin ən böyük şəhərlərindəki ali məktəblərə oxumağa göndərilirdi. Bu kadrlar hal-hazırda Respublikamızın neft sənayəsində, kənd təsərrüfatında, Dövlət Təhlükəsizlik strukturlarında çalışırlar. 1993-cü il iyunun 15-də xalqın istəyi ilə, təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə vətəndaş qarşıdurmasına son qoydu və beləliklə siyasi sabitlik əldə edildi. Bu, adi qayıdış deyildi...Bu, zamanın, əsrlərin sınağından keçə-keçə, min bir əziyyətlə, amma dönmədən öz məqsədinə doğru addımlayan bir millətin özündən –özünə qayıdışı idi,bu, milli –mənəvi dəyərlərimizin, millətin sabaha inamının qayıdışı idi.
Məhz,Heydər Əliyevin hakimiiyətə bu qayıdışından sonra müstəqillik yollarında inamla addımlayan respublikamızda hər sahədə olduğu kimi təhsil sahəsində də canlanma yarandı. Azərbaycanın ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldiləməsi, tələbələrin elmi biliklərinin zənginləşdirilməsi, müəllimlərin əmək haqlarının artırılması, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul edildi.
Heydər Əliyevin doğma Azərbaycan dilinə, ana dilimizə məhəbbətindən ayrıca danışmaq lazımdır. Kommunist rejiminin tüğyan elədiyi bir vaxtda -1969-cu ildə Mərkəzi Komitəyə yenicə birinci katib təyin olunmuş Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin 50 illiyi tədbirində öz ana dilimizində bir saatdan çox nitq söylədi və qürurla dedi: “Mən Öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Sonralar müstəqillik illərində Ulu Öndərin daha bir kəlamı olan ümümxalq sevgisini daha da artırdı:
Hər bir xalqın milliyəti onun qürur mənbəyidir. Mən, həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Ana dilimizin yad təsirlərindən qorunması, inkişafı, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlər göstərib.
Dilçi alim, filologiya elmləri doktoru, professor Nizami Xudiyev yazırdı:
“ Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə -diplomatiya aləminə yol alması, zənginləşib nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi, tanınmış dövlət xadimi Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır.
Respublikamızın qəbul olunmuş Konstitutsiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi üçün Heydər Əliyev böyük qətiyyət göstərdi. Sonralar o, həmin dövrü belə yada salırdı:
Yadımdadır, 1978-ci ildə biz Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan nə qədər təzyiqlər göstərildi, ancaq biz, bu təzyiqlərə dözdük. “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” deyən Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ilin 31oktyabr-11noyabr tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirəyə çıxarıldı.12 noyabr 1995-ci il tarixdə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasında 21-ci maddədə Azərbaycan dili dövlət dili elan edildi. Heydər Əliyev deyirdi:
Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin, ancaq, birinci növbədə öz ana dilini-dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibadar dilimiz var və onu heç bir şeyə dəyişmək olmaz. Göründüyü kimi Azərbaycan gənclərini savadlı, xalqına, onun tarixinə, mədəniyyətinə və mənəviyyatına bağlı görmək istəyən Heydər Əliyev bildirirdi ki, hər bir Azərbaycan gənci birinci növbədə gərək öz dilini, ana dilini bilsin, bu dildə təhsil alsın, bu dildə yazsın və bu dildə oxusun. Onun gənclərimizə arzusu, tövsiyyəsi bu idi. Ulu Öndərin hakimiyyəti illərində rayonlarımızda mədəniyyət saraylarının, musiqi məktəblərinin, orta ümumtəhsil məktəblərinin, teatr binalarının tikintisinə xüsusi önəm verilirdi.
Bu gün təhsilimizin, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğıkeşliyindən bəhrələnməsin. Allah Ulu Öndərimizə rəhmət eləsin!
Eşq olsun Heydər Əliyev siyasətinə və bu siyasətin uğurlu davamçısı, Ali Baş Komandan Cənab İlham Əliyevə!

Yaqut ŞƏRİFOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi
25-11-2024, 10:11
ELMİN ÖMÜRLƏ VƏHDƏTİ

Oqtay Babayev -90

ELMİN ÖMÜRLƏ VƏHDƏTİ

Mən bütün həyatını elmə həsr etmiş babam-Əməkdar Kənd Təsərrüfatı İşçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Babayev Oqtay Kərəm oğlundan müsahibə aldım. Qeyd edim ki, babam taxıl toxumçuluğu sahəsində elmi potensialı və peşəkarlığı ilə Respublikada tanınmış mütəxəssislərdən biridir. O, uğurlu əmək fəaliyyətinə görə dəfələrlə yarış qalibi olmuş, rayon və qəsəbə sovetinə deputat seçilmiş, “Əməkdə fərqlənməyə görə” medalına layiq görülmüşdür. Babam 1997-ci ildən əmək veteranıdır. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 31 oktyabr 2008-ci ildən “Əməkdar Kənd Təsərrüfatı İşçisi”dir.
Baba, zəhmət olmasa özünüz barədə məlumat verərdiniz. Uşaqlıq və gənclik illəriniz yaddaşınızda necə iz buraxıb?
-Aysel, mən 1934-cü il yanvarın 12-də Gədəbəy rayonunda anadan olmuşam. Uşaqlıq və gənclik illərim İkinci Dünya müharibəsi illərinə və ondan sonrakı illərə təsadüf edib. Çox çətin illər idi. Atam İkinci Dünya müharibəsində həlak olmuşdur. 1954-cü ildə Gədəbəy orta məktəbini, 1959-cu ildə isə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq fakultəsini bitirmişəm. 1965-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun aspiranturasını bitirmiş və 1967-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışam. 1959-cu ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Sabirabad Təcrübə Stansiyasında Professor R.Rzazadənin şöbəsində elmi işçi kimi fəaliyyətə başlamışam. Professorla birlikdə Muğan zonasını qarış-qarış gəzərək bitki örtüyünü dərindən öyrənmiş və heyvandarlığın yem bazasının artırılması üçün 1961-ci ildə ilk dəfə olaraq, “Muğan zonasında topinanburunun (yerarmudunun) aqrotexnikasına dair” və “Muğanda qızıl sarmaşığın növləri və onlarla mübarizə tədbirləri” adlı elmi məqalələr dərc etdirmişəm. 1960-1962-ci illərdə Azərbaycan EA-nın Torpaq ekspedisiyasında torpaqşünas-mühəndis, baş mühəndis, daha sonra isə Genetika və Seleksiya İnstitutunda Akademik Ə.Quliyevin rəhbərliyi altında kiçik və baş elmi işçi vəzifəsində işləmiş, 1972-ci ildən akademik İmam Mustafayevin göstərişi ilə Qarabağ Elmi-Tədqiqat bazasına direktor vəzifəsinə göndərilmişəm. 1976-1983-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Müfəttişliyinin rəisi işləmiş, 1983-1996-cı illərdə Nazirliyin Əkinçilik və İpəkçilik idarəsində müxtəlif vəzifələrdə fəaliyyətimi davam etdirmişəm. 1996-cı ildən yenidən Dövlət Toxum Müfəttişliyinə qayıdaraq əvvəl baş aqronom kimi, 1999-cu ildən 2009-cu ilədək isə həmin Müfəttişliyin rəisi vəzifələrində işləmişəm. Bu sahədə çoxsaylı elmi məqalələrin, tövsiyələrin, bir ixtiranın və standartların müəllifiyəm.
-Ömür yolunda və elmi fəaliyyətinizdə həyat yoldaşınız Gövhər Rasizadə ilə birlikdə addımladınız. Geriyə baxanda o illəri necə xatırlayırsınız?
-Mən o illəri çox xoş xatirələrlə xatırlayıram.

Gövhər xanımla 1965-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda işləyərkən tanış oldum. 1967-ci ildə biz ailə həyatı qurduq. Gövhər Rasizadə biologiya elmləri sahəsində alim olmaqla bərabər, həm də qayğıkeş, fədakar ana və həyat yoldaşı idi. Biz tez-tez elmi işlərimizlə əlaqədar bir-birimizlə fikir mübadiləsi aparırdıq. Bizim “Fillokseranı bioloji aktiv maddələrin qarışığından yeni alınmış cövhərlə məhv etmək olar!!” adlı bir ixtiramız var. Bu üsul ekoloji cəhətdən təmiz, təhlükəsizdir. Ətraf mühitin çirklənməsinin, insanların zəhərlənməsinin, eyni zamanda müxtəlif xəstəlik və zərərvericilərin yayılmasının qarşısı alınır. Bu mübarizə üsulu demək olar ki, yenilikdir.
-Siz yetişdirdiyiniz yeni soğan sortunun adını niyə “Aytac” qoydunuz?

-Bəli Aysel, Mən bir neçə soğan sortu yetişdirmişəm. Onlardan biri də “Aytac” sortudur. Mən yeni soğan sortuna ilk nəvəm Aytacın adını qoymuşam. Məqsədim də bu olub ki, Aytacı elmə alışdıraq.
-Baba, səni Aytacın bu il Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə qəbil olunması münasibətilə təbrik edirəm.
-Çox sağ ol Aysel. Allaha şükür olsun. Bu məni çox sevindirdi. Aytaca yeni-yeni uğurlar arzulayıram.
-Siz elm sahəsində çalışan gənclərə nə arzu edərdiniz?
-Elm sahəsində çalışan gənclərə arzu edirəm ki, heç vaxt nail olduqları ilə kifayətlənməsinlər, daim öz biliklərini təkmilləşdirsinlər. Onlara çalışdıqları sahədə böyük uğurlar, böyük müvəffəqiyyətlər arzulayıram.
Baba, bəs mənə nə arzulayırsan?
-Adam balasına nə arzulayar?! Arzum sənin xoşbəxtliyindir. Yaxşı oxuyub universitetə qəbul olunduğun üçün qürurlandım. İndi də təhsilini uğurla başa vurub həyatına firəvanlıqla davam etməyini arzulayıram. Allah səni min budaq eləsin.
Minnətdaram, baba. Bu, bacımın və mənim elmə, təhsilə xüsusi diqqət olunan ailədə böyüməyimizdən irəli gəlir. Sizin kimi nənə, babanın nəvəsi olmaq mənim üçün böyük şansdır. Sizinlə fəxr edirəm.

Aysel MÜBARİZQIZI (Babayeva),
BDU jurnalistika fakultəsinin 4-cü kurs tələbəsi
23-11-2024, 09:30
AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25


AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25

TƏBRİK EDİRİK, UĞURLARINIZ DAVAMLI OLSUN ...

1999-cu ilin oktyabr ayında yaradılan Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi təkcə nur timsallı bu şəhərdə deyil, ətraf bölgələrdə də yaşayan yazarların üz tutduqları ədəbi mərkəzdir. Bölmənin xəttiylə həyata keçirilən yubiley və poeziya gecələri, kitab təqdimatı mərasimləri, oxucularla görüşlər klassik və çağdaş Azərbaycan ədəbiyyatının təbliği və bölgədə yaşayan yazarların tanınması baxımdan mühüm əhəmiyyət kəsb edir.
Mingəçevir ictimaiyyətinin, ədəbiyyat sevərlərin və yerli yazarların AYB Mingəçevir bölməsinin 25 yaşını qeyd etməyə hazırlaşdıqları bir ərəfədə bölmədə təmsil olunan söz adamlarının əsərlərini oxuculara təqdim edir, onlara uğurlar arzulayırıq. Dostlar, uğurlaınız davamlı, yolunuz açıq olsun!


İSMAYIL MƏRCANLI (İMANZADƏ)

YAXŞI Kİ...

Məni əldən salıb hərdən qüssə-qəm,
Tapdayıb keçdiyim nalədi-ahdı.
Başıma gəlibdi... yaxşı bilirəm,
Haqsızlıq ən böyük suçdu-günahdı.

Tamahı qılıncdan iti kəslərin,
Sonuncu qisməti boş bir təsəlli.
Tozanaq qoparan bəhsə-bəhslərin
Elə əzəli də, sonu da bəlli...

Bədxahlıq birinin qarnında sancı,
Aqillər bilir ki bu necə işdi.
Yaltağın, məddahın müftə “qazancı”
Qarğışdı, lənətdi, yağlı söyüşdü.

Məzlum ayaq altda qalsa əzilir,
Artır gündən-günə qana hərislər.
Yaxşı adamlara qənim kəsilir,
Hoppanıb qabağa keçəndə pislər.

Gör, indi insanlıq hansı gündədir,
Yamanlıq dünyanın artan mərəzi.
Yaxşı ki Tanrının əllərindədir,
Sonuncu haqq-hesab, mizan-tərəzi...
06.10.2024


NAMİQ ZAMAN
NECƏ SEVMƏYİM

Gözüm gözlərinin əsiri olub,
Baxışım üzündə ilişib-qalıb.
Varlığın gözümdən qəlbimə dolub.
De, necə sevməyim axı mən səni?!

Gözümü qınama, gözüm neyləsin,
Vəsfinə söz çatmaz,-sözüm neyləsin?
Sevdalı könülə dözüm neyləsin -
De, necə sevməyim axı, mən səni?!

Sinəmdə çağlayan selə dönmüsən,
Ruhumu oxşayan telə dönmüsən.
Elə bil mələksən, göydən enmisən -
De, necə sevməyim axı, mən səni?!

Bir ömür sevinci-qəmi bölüşsən,
Kim səni sevməz ki, bəxtinə düşsən?!
Bədrlənmiş Aysan, doğan Günəşsən -
De, necə sevməyim axı mən səni?!

Baxsa cəmalına, budur gerçəyi,
Utanar dünyanın gözəl-göyçəyi.
Ay payız ömrümün bahar çiçəyi -
De, necə sevməyim axı mən səni?!


ELÇİN MƏHƏRRƏM

TAKSİ

Dünən qazandığım son quruşumu
qoydum, solğun üzlü
taksi sürücüsünün
suluq tutmuş ovucuna.
Apar məni, taksi!
Çatdır məni
kəpənək qanadındakı
sakit dünənlərə,
xoşbəxt dünənlərə,
məktublarım var ölənlərə...

* *
Paslı mis qab
İçimdə bir sıxıntı,
içimdə bir boşluq var.
Daşla, qumla,
xəzəllə doldurun o boşluğu.
Bacarsanız
bir quruş da xoşbəxtlik tullayın
bu səfil dilənçinin
ÖMÜR adlandırdığı
PASLI mis qabına...



MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU
MƏNİ
Ötəri bir həvəs bilmə eşqimi,
Bənzətmə vədəsiz qonağa məni.
Sənin işıq saçan qara gözlərin
Bağlayıb o qaymaq dodağa məni.

Bənövşə qoxuyur bəyaz buxağın,
Lalə qönçəsidi bəlkə yanağın?
Şərbət çeşməsidi dilin-dodağın,
Tamarzı qoymusan bulağa məni.

Nəfəsindən gəlir cənnət havası,
Yıxdı Məhyəddini eşqin havası.
Ay bizim yerlərin nazlı sonası,
Axır ki, gətirdin qınağa məni.


BƏHMAN GÜLÖVŞƏLİ
GƏL

Nə vaxtdır gözlərim yollarda qalıb,
Qəm-qüssə qəlbimi ta əldən salıb.
Başımın üstünü duman-çən alıb,
Bir gün həsrətindən solasıyam, gəl.

Səni axşam-səhər axtarır gözüm,
Sinəmdə sızlayan dərd düzüm-düzüm.
İndi nə gecəm var, nə də gündüzüm,
Əl atıb saçımı yolasıyam, gəl.

Bağçamda bir ağac bitirməmisən,
Dar gündə özünü yetirməmisən.
Nəvəmi görüşə gətirməmisən,
Buludtək boşalıb dolasıyam, gəl.

Övlad dönüklüyü yamanmış, yaman
Dizimdə taqət yox, üzülübdü can.
Hələ ölüm mənə versə də aman,
Sənsiz gözü yaşlı qalasıyam, gəl.

Məndən başqa hər kəs gecələr yatır,
Xəbərim yox, günəş çıxır, ya batır…
Bilsəm dərd əlimdən yapışıb dartır,
Əcəl sorağında olasıyam, gəl.

ƏHMƏD ƏFSUN
DEYİN
Əhli-hal olanlar, ərzi-halım var,
Ərzimi car çəkin, birbaşa deyin.
Dağlara deməyin, dağlar dağılar,
Gəlsə rastınıza sal daşa deyin.

Buludlar götürmür daha tüstümü,
Aman Allah, göylər məndən küsdümü?
Qayğılar hər yandan alıb üstünü,
Üzübdü canını qarğaşa, deyin.

Gördüm bu dünyanın çoxun-azın da,
Çoxları yaşadı qurdun ağzında.
Bir aşiq qırx arşın quyu ağzında,
Qalıbdi sallaşa-sallaşa,-deyin.

Əfsun yada salmır odu(r) yar məni,
Dinsəm dirigözlü odduyar məni.
Bircə o anlayar, o duyar məni,
Mənim dərdlərimi Saldaşa deyin.

MAHİR MUSA
MİNGƏÇEVİR

İsti odum-ocağım,
Doğma elimsən mənim.
Ətirli gül-çiçəyim,
Şirin dilimsən mənim.

Neçə kəndlər, şəhərlər
Üz tutubdur nuruna.
Hamı heyran qalıbdır
Tükənməz qüruruna.

Günəş kimi nurlusan,
Dillərdə gəzir adın.
Halallıqdan söz açır
Sənin gücün-inadın.

Fəxrimsən, vüqarımsan
Mənim doğma şəhərim.
Hüsnünə heyran olur,
Hər gecəm, hər səhərim.

Bir möhtəşəm qalasan
Bozdağın ağuşunda.
Göz oxşayır həmişə,
Baharın da, qışın da.

MƏMMƏD MƏRZİLİ
QƏRİBƏM
Perik düşdüm öz elimdən, obamdan
Necə dözsün bu sitəmə axı can?
Qarabağsız sızlayıram mən hər an -
Heç bilmirəm necə deyim qəribəm?

Dərd yükü var çiynimdəki şələdə,
Tamarzıyam çiçəyə də, gülə də.
Əlim çatmır uzaqlara, hələ də -
Qan ağlayır yerim-göyüm, qəribəm.

Girovuyam fitnələrin-fellərin,
Tuşmu gəldim qarğışına dillərin?
Hesabını ititmişəm illərin -
Dərd sinəmdə düyüm-düyüm, qəribəm.

Gündə yüz yol dirilirəm, ölürəm
Göz yaşımı nisgilimlə silirəm.
Kimsə məni qınayacaq bilirəm,
Öz-özümü necə öyüm, qəribəm.

FƏXRƏDDİN ƏZİZ
OLASAN
Bağda gül ol, düzdə lala,
Gözəllikdə izin qala.
Yazdan soraq ala-ala,
Budaqda yarpaq olasan.

Neyləyirsən adı-sanı,
Alasan yar qadasını.
Qəfil döyüb qapısını,
Bir şirin soraq olasan.

Çarxı dönsə göyün-yerin,
Boşa çıxacaq əllərin.
Qeybə çıxa dərdin-sərin,
Sevincə ortaq olasan.

Yurda sahib çıxa ərən,
El düşməyə pərən-pərən.
Gül ətrindən soraq verən
Bir ovuc torpaq olasan.


ELŞƏN ƏZİM
AĞLA, MƏNİM ÜÇÜN...

Ağla, mənim üçün ağlayan adam,
Ağla, göz yaşların quruyanadək.
Yaşın qurudumu, quru səhrasan,
Yanağın gül açmaz, dodağın çiçək.

Ağlama, mənimçün ağlayan qadın,
Mənə yüz ox dəydi, mən ağlamadım.
Ömrüm peşkəşidir oğlun, övladın,
Mən bircə özümə gün ağlamadım.

Məni ağlamağa hər ağıçının
Sözü də yetişməz, dili də çatmaz,
Məni ağlamağa bizim dağların,
Siləli, qıjovlu seli də çatmaz.

Gözünü bu qədər isti eləmə,
Sudur, dondurmağa qış saxla bir az.
Gözünün yaşını sıxma hər qəmə,
Qəbrimin üstünə yaş saxla bir az.
Ağlama, mənimçün ağlayan qadın,
Ağla, mənim üçün ağlayan qadın.

MEHMAN RƏSULOV
AĞLAYIR
(20 yanvar şəhidlərinin xatirəsinə)

Vətənin dərdi böyük, gözləri al-qan ağlayır,
Mərd oğullar itirimiş analar hər an ağlayır.

Azadlıq yolundadır tökülən gunahsız qanlar,
Haqq səsi boğulursa, bu zülmə cahan ağlayır.

Baş əymədiniz zülmə, ey azadlıq yolçuları,
Bu mərdliyi anlayan, vicdanlı insan ağlayır.

Xalqıma qəsd edildi, yurdumu kor qoymaq üçün,
Ən böyük itgidir bu, sirri anlayan ağlayır.

Göz yaşı içindədir gecə-gündüz ana Vətən,
İgidlər nakam getdi, dərdə tar-kaman ağlayır.

Tənhalıq yaman dərddi, taleyin acı hökmüdür,
Bu ağır gündə Vətən görmədi həyan, ağlayır.

Xalqının haqq işinə əzəl gündən inansa da,
Ömründə sızlamağı görməyən Mehman ağlayır.

ELDƏNİZ CƏFƏROĞLU
ŞÜKR ELƏ
(Şərəfsizliyinə şükr edənlərə)

Bir olan Allah kimə nə bəxş edir,
Yaxşı bilir bəndəsi qul bəndədir.
Ömrünü zülmət gecəyə döndərir,
Sən bu qaranlıq gecəyə şükr elə.
Dörd tərəfin yar-yaraşıq, gül çiçək,
Pəncərədən bax küçəyə şükr elə.

Dərdi azar alsa əgər hər yanı,
Yoxdu pulun, pul yerinə ver canı,
Çox bahasa dərdlərinin dərmanı,
Burda sağalmaz yarana şükr elə,
Baş götürüb get İrana şükr elə.

Tez qızışıb, düz danışıb, düz demə,
Gəlsə əgər, Əzrailə söz demə,
Ver canını, heç sabahı gözləmə.
Əzrailin gəlməyinə şükr elə,

Lap dədənin ölməyinə şükr elə.
Dünyanı versən də yenə az deyən,
Eh, azad Avropadan olmaz deyən,
Beş kişidən sonra mənəm qız deyən,
Arvadının ismətinə şükr elə,
Hər nə düşüb qismətinə şükr elə.


NİCAT HUNALP
BİR AĞRI VAR ÜRƏYİMİN İÇİNDƏ
Məlhəmi yox, davası yox, həbi yox,
Bir ağrı var ürəyimin içində.
Könlümündə şeir yazmaq təbi yox,
Bir ağrı var ürəyimin içində.

Tanrı bilməz, Tanrı duymaz yerdəyəm,
Ruhum dalğın meyə uymaz yerdəyəm,
Tanrı məni göyə qoymaz, yerdəyəm,
Bir ağrı var ürəyimin içində.

Mən gecikdim yenə vallah bu köçə,
Doğma gəlmir daha bu yol, bu küçə,
Ağrılarla yaşayıram iç-içə,
Bir ağrı var ürəyimin içində.

Mən nə hayda, bu dünya nə haydadı,
Ömür-günüm gah yasda, gah toydadı,
Mən çəkdiyim həsrət Araz boydadı,
Bir ağrı var ürəyimin içində.

Saçlarıma daraq küsüb daramaz,
Məni daha bir dost-tanış aramaz,
Dinc qoymurki rahat qalam yaramaz,
Bir ağrı var ürəyimin içində.

AĞABALA SALAHLI
BƏNÖVŞƏ
Nə müddətdi həsrətini çəkirik,
Niyə görünmürsən gözə, bənövşə?
Səni görmək üçün çıxdıq çöllərə,
İzimiz qarışdı izə, bənövşə.

Bəd kəlməni ürəyində bitirmə,
Etibarı, sədaqəti itirmə.
Namərdlərin sözlərini götürmə,
Sığın bu torpağa, bizə bənövşə.

Mən necə ayrılım səntək gözəldən,
Hər ləçəyin bir bayraqdır əzəldən.
Gəlir xoş sorağın şeir-qəzəldən,
Vətən torpağını bəzə, bənövşə...
22-11-2024, 15:05
Aşıq Əlixanın adı ehtiramla xatırlanır

Aşıq Əlixanın adı ehtiramla xatırlanır

Azərbaycan aşıq sənəti Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri, şifahi xalq yaradıcılığının mühüm tərkib hissəsidir. Aşıq sənəti X-XII əsrlərdə formalaşmağa başlamışdır. Əbəs yerə deyil ki, Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli və b. aşıq sənətinin klassikləri hesab olunurlar. Müasir dövr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Abbas Şirvanlı, Aşıq Şakir Hacıyev, Aşıq Pənah Pənahov, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov, Aşıq Xanmusa və b. klassik açıqlarımızın ənənələrini davam etdirirlər.
Aşıq sənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır. Zaman-zaman bu sənətə böyük xalq məhəbbəti olmuş, aşıqlar xalqın ən çox dəyər verdiyi şəxslər kimi ehtiram qazanmışlar.

XX-ci əsrin 60-70-ci illərinin sayılıb-seçilən aşıqlarından biri də aşıq ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Tovuz aşıq məktəbinin yetişdirməsi Əlixan Niftəlıyevdir. O, bir müddət Aşıq Mikayıl Azaflının və Aşıq Əkbərin yanında şagirdlik etmiş aşıq sənətinin sirlərini öyrənəndən sonra Aşıq Əkbər Cəfərovla 22 il çiyin-çiyinə el şənliklərində, məclislərdə, dövlət tədbirlərində çıxış etmişdir. Mən onları uşaqliq illərindən tanıyırdım. 1972-ci ildə Gədəbəy rayonunun Hacılar kəndində Vəli babanın qızının toyunda lap yaxından tanıdım. O vaxt toya Aşıq Əkbər Cəfərov, ustadı Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov, Aşıq Əlixan Niftalıyev və yastı balabanın mahir ifaçısı Müseyib Abbasov gəlmişdilər. El şənliklərində məclisi açmaq, xeyir-dua vermək Aşıq Qədirə həvalə edilirdi. Sonra hər iki aşıq balabanın sədaları altında meydana girirdi. Sənətkarlar arada çay içəndə Aşıq Qədir məclis iştirakçılarının yorğunluğunu çıxarmaq üçün "qaravəlli" danışardı. Mənim yaddaşımda bu sənətkarlar beləcə qalıb...
Əslində, mən bu yazımı Aşıq Əlixan Niftəliyevə həsr etmək istəsəm də, yuxarıda adlarını çəkdiyim sənətkarları bir-birindən ayıra bilmədim. Aşıq Qədir İsmayılov rəhmətə gedəndən sonra hər üç sənətkar 1990-cı ilin avqust ayına qədər - Aşıq Əkbər bu dünyadan haqq dünyasına qovuşana qədər birlikdə çalıb oxuyub, Qəndabı Novruza qovuşdurublar (söhbət “Novruz-Qəndab” dastanından gedir). Aşıq Əkbər bu dünyadan köçəndən sonra balabançı Müseyib bildirib ki, mən balabanı Əkbərlə birlikdə dəfn etdim…
Aşıq Əlixanla bir neçə dəfə Tovuzda, sonra da Bakıda görüşüb, hal-əhval tutmuşam. Ondan soruşanda ki, necəsiniz, cavabı həmişə bu olurdu: “Qanadı sınmış Qartal kimi”. Mən onda bildim ki, Əkbər itkisi, Müseyib yoxluğu Əlixana çox pis təsir edib.
Haşiyə: Əlixan Abbasqulu oğlu Niftəliyev 1943-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbi bitirib və sonra ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra həyatını aşıqlıq sənətinə həsr edir. Şirin səsi və sənətə böyük marağı onu dövrünün ustad sənətkarı- Mikayıl Azaflının yanına gətirib və onun yanında şagird olaraq aşıq sənətinin incəliklərini mənimsəyir. Zil, şaqraq və məlahətli səsi ilə seçilən aşıq Əlixan 1968-1990-cı illərdə ustad sənətkar Əkbər Cəfərovla sənət yoldaşı kimi birgə məclislər aparıb. Ustad yanında püxtələşdikdən sonra el şənliklərində, dövlət tədbirlərində, respublikamızda keçirilən folklor festivallarında çıxış edib. Azərbaycan mədəniyyətini bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda layiqincə təmsil edərək qızıl medal, fəxri fərmanlar və hədiyyələrlə təltif olunub.

Əlixan Niftəliyev 1984- cü ildə Polşada keçirilən XI- çi Beynəlxalq Folklor festivalı laureatı, 1985-ci ildə Moskvada Böyük Vətən Müharibəsinin 40 illiyinə həsr olunmuş konsertdə qızıl medalla təltif olunmuşdur. 1987- çi ildə Almaniya, 1991- çi ildə Türkiyənin Konya şəhərində keçirilən Aşıqlıq festivalının qalibi və qızıl medalı ilə təltif olunmuşdur. Özünəməxsus ifa tərzi ilə seçilən aşıq həm də yaradıcılığı ilə də tanınırdı. O, ustadı Azaflı Mikayıla həsr etdiyi şeirdə yazır:
Qoca Qartal köç eylədi dünyadan,
Ellərin qəlbində yaşar Azaflı.
Mənim ürəyimdə əzəlki kimi,
Yenə nərə çəkib, coşar Azaflı,
Ellərin qəlbində yaşar Azaflı.

və yaxud uzun illər birlikdə el şənliklərində qarşı-qarşıya çıxış etdiyi, ustadı Aşıq Əkbər Cəfərova həsr etdiyi " Ağladım " qoşmasında yazır
Ömrümdə heç zaman ağlamamışdım,
Əkbərin ölmünə yandım, ağladım.

Gözlərim qaraldı, dilim tutuldu,
Elə yerimdəcə dondum ağladım.
Əlixan güclü natiqlik qabiliyyəti və dastanlarımızın mahir bilicisi kimi də aşıqsevərlərin rəğbətini qazanıb. Onun ifa etdiyi bir çox aşıq havaları və dastanlar Azərbaycan Televiziyasının “qızıl fond”unda saxlanılır. Bu sıradan “Novruz və Qəndab” dastanını xüsusilə qeyd etmək lazımdır.
Azərbaycan aşıq sənətinin inkişafında, yeniyetmə və gənclərdə bu sənətə meyl və marağın gücləndirilməsində böyük xidmətləri olan Əlixan Niftəliyev Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib. 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Əlixan Abbasqulu oğlu Niftəliyev 2022-ci il noyabrın 13-də, 79 yaşında vəfat edib. Hər zaman bənzərsiz ifası ilə seçilən ustad sənətkar Əlixan Abbasqulu oğlu Niftəliyevin əziz xatirəsi doğmalarının və bütün sənətsevərlərin qəlbində həmişə yaşayacaq. Mən isə sözümü Aşıq Əlixanın bir bəndi ilə tamamlayıram.

Ay Əlxan, az deyil xeyli var yaşın,
Saxta həqiqətdən yorulub başım.
Ürəyim dostumdur, sazım sirdaşım,
Ancaq həqiqəti özümdə tapdım.

Qəbri nurla dolsun!
Azərbaycanın aşıq sənəti bu gün də öz missiyasını uğurla davam etdirir, ustad aşıqların yaradıcılıq səltənəti gənc aşıqlar tərəfindən layiqincə qorunur, təqdir edilir.
Hər dəfə aşıq sənətindən söhbət düşəndə görkəmli aşıq Əlixan Abbasqulu oğlu Niftəliyevin adı ehtiramla çəkilir, əziz xatirəsi hörmətlə yad edilir. Bu, xalqın onun sənətinə olan böyük sevgisidir və bu sevgi əsrlər boyu yaşıyacaq.

Hüseyn İSAOĞLU (Məmmədov),
Yazıçı-publisist, AYB və AJB-nin üzvü.

20-11-2024, 18:16
QHT sədri ilə  müsahibə


QHT sədri ilə müsahibəni təqdim edirik:

İqlim dəyişikliyi dünyamızın ən vacib problemlərindən birinə çevrilib və bu, xüsusilə gələcəyin nəsli olan uşaqlar üçün böyük təhlükələr yaradır. Uşaqların sağlamlığı, rifahı və gələcəyi üçün bu məsələnin həlli həyati əhəmiyyət kəsb edir. Bu gün, "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva ilə iqlim dəyişikliyinin uşaqların gələcəyinə təsirləri, bu təsirlərin qarşısını almaq üçün atılacaq addımlar və təşkilatın bu sahədəki fəaliyyəti barədə söhbət etdik.
-Könül xanım, iqlim dəyişikliyinin uşaqların gələcəyi və rifahına mənfi təsirlərini azaltmaq üçün hansı tədbirlər həyata keçirilə bilər?
-İqlim dəyişikliyi uşaqların gələcəyinə çox ciddi təsirlər göstərir. Xüsusilə, sağlamlıq və təhlükəsizlik baxımından böyük risklər yaranır. Hava çirkliliyi, suyun keyfiyyətinin pisləşməsi, təbii fəlakətlərin artması kimi amillər uşaqların fiziki və psixoloji sağlamlığına mənfi təsir edir. İqlim dəyişikliyi nəticəsində artan xəstəliklər, məsələn, tənəffüs xəstəlikləri, uşaqlar arasında daha çox yayılır. Bu səbəbdən, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün həm təhsil, həm də sağlamlıq sahələrində ciddi tədbirlər görülməlidir. Təbii ki, ən önəmli addım uşaqları və valideynləri maarifləndirməkdir.
-Təşkilatınız COP 29 çərçivəsində iqlim dəyişikliyi ilə bağlı uşaqlar və valideynlər arasında maarifləndirmə aparmağı planlaşdırırmı?
-Bəli, bizim təşkilat COP 29 çərçivəsində iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə kampaniyaları keçirməyi planlaşdırır. Bu tədbirlərdə uşaqlara və valideynlərə iqlim dəyişikliyinin nə qədər ciddi bir problem olduğunu izah edəcək, onları bu məsələ ilə bağlı tədbirlərdə aktiv iştirak etməyə təşviq edəcəyik. Maarifləndirmə, təlimlər və interaktiv fəaliyyətlər vasitəsilə iqlim dəyişikliyi mövzusunda daha geniş məlumat paylaşılacaq. Biz, xüsusən uşaqların bu mövzuda daha çox məlumatlı olmasını və onlara gələcəkdə bu problemlə mübarizə aparmağı öyrətməyi hədəfləyirik.
-İqlim dəyişikliyinin uşaqların sağlamlığına olan təsir risklərinin qarşısını almaq üçün hansı strategiyalar hazırlanmalıdır?
-İqlim dəyişikliyi uşaqların sağlamlığına çox ciddi təsir edir. Hava keyfiyyətinin pisləşməsi və su çatışmazlığı kimi amillər xüsusən tənəffüs xəstəliklərini, allergiyaları və digər sağlamlıq problemlərini artırır. Buna görə, bu risklərin qarşısını almaq üçün həm fiziki, həm də psixoloji sağlamlıq məsələlərində güclü bir strategiya hazırlanmalıdır. Bu strategiyaların arasında təmiz hava, su və qida təminatının gücləndirilməsi, təbii fəlakətlərə qarşı hazırlıq tədbirləri, həmçinin xəstəliklərin qarşısını almağa yönəlmiş maarifləndirmə və təlimlər olmalıdır.
- “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi olaraq bu sahədə hansı konkret tədbirləri həyata keçirmək niyyətindəsiniz?
-Təşkilatımız uşaqlara və ailələrə iqlim dəyişikliyinin təsirləri haqqında məlumat vermək və bu təsirləri azaltmaq məqsədilə müxtəlif layihələr həyata keçirir. Biz iqlim dəyişikliyi ilə mübarizə aparan silsilə tədbirlər planlaşdırırıq, o cümlədən ağacəkmə aksiyaları, təlimlər, seminarlar və maarifləndirmə kampaniyaları. Bu tədbirlər vasitəsilə uşaqları və ailələri iqlim dəyişikliyi mövzusunda məlumatlandırmaq və onlara bu məsələyə qarşı mübarizə aparmaq üçün praktiki bacarıqlar öyrətmək istəyirik.
-Son olaraq, iqlim dəyişikliyinə qarşı mübarizədə dövlət və cəmiyyətin birgə fəaliyyətinə dair fikirləriniz nədir?
- İqlim dəyişikliyi ilə mübarizə yalnız bir təşkilatın və ya dövlətin vəzifəsi deyil, həm də cəmiyyətin birgə səyləri ilə həyata keçirilməli olan bir prosesdir. Dövlətin, qeyri-hökumət təşkilatlarının və cəmiyyətin hər bir üzvünün bu mübarizədə aktiv rol oynaması vacibdir. İqlim dəyişikliyi məsələsini həll etmək üçün həm fərdi, həm də kollektiv səylər tələb olunur. Cəmiyyət olaraq biz hər bir fərd, təşkilat və dövlət qurumu ilə birlikdə bu məsələyə diqqət yetirməliyik ki, gələcək nəsillərə daha sağlam və dayanıqlı bir dünya buraxaq.

Pərvanə FƏRHADQIZI
18-11-2024, 05:44
“Sazlı-sözlü kəlağayı” Tiflisdə

“Sazlı-sözlü kəlağayı” Tiflisdə

Tbilisidə “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib.

Noyabrın 16-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib. Azərbaycanın Gürcüstandakı Səfirliyinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin, Azərbaycan Kəlağayı Muzeyinin təşəbbüsü və təşkilatçılıgı ilə keçirilən layihə çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi açılıb. Sərgidə yaşı əsrlərə söykənən qədimi kəlağayılarla yanaşı, Şəki və İsmayıllının məşhur Basqal qəsəbəsinin istehsalı olan müasir kəlağayılar, Güllü Eldar Tomarlının yaşıl dünyanı özündə əks etdirən əl işləri nümayiş etdirilib.
İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlar üçün nəzərdə tutulan kəlağayılar iştirakçıların marağına səbəb olub. Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı deyib ki, şəhid Zaur İsmayılzadənin anası Sevil İsmayılzadə və şəhid Saleh Əliyevin anası Solmaz Əliyevanın Kəlağayı Muzeyinə təqdim etdikləri qədim kəlağayıların öz tarixi var. Bu kəlağayılar hər iki şəhidin gələcək həyat yoldaşları üçün saxlanılırdı. Lakin onlar şəhidlik zirvəsinə ucaldıqdan sonra hər iki ailə kəlağayını muzeyə təqdim edib.
Sərgidə yaşı bir əsrdən çox olan Aşıq Solmaz Kosayevaya məxsus kəlağayı, eləcə də üzərində Mirvarid Dilbazi, Pənahəli xan, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, xan qızı Natəvan, Qasım bəy Zakirin fotolarının həkk olunduğu kəlağayılar muzeyin maraqlı eksponatları sırasında olub. Həmçinin satış üçün Basqal kəlağayıları da təqdim edilib.
Gürcüstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva tədbirin əhəmiyyətindən danışıb.

Güllü Eldar Tomarlı çıxışında bildirib ki, Azərbaycan kəlağayısı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə cari ildə Azərbaycanın bölgələrində, Sankt-Peterburqda festivallar, tədbirlər, sərgilər keçirilib. Bu cür tədbirlər ilin sonuna qədər davam edəcək.
Daha sonra sabiq deputat Ramiz Əliyev, müəllimlərdən- Fatma Aslan, Növrəstə Həsənoa, Mədinə Həsənova, Savalan Osmanlı, Vənnahar Qəhrəmanova , Nurlana Mehmanqızı, '' Ceyran'' rəqs ansamblının sədri Ceyran Qurbanova və başqaları çıxış edərək kəlağayının tarixi, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğindəki rolu, dünyada kəlağayıya olan marağın artması, barədə məlumat veriblər. 44 günlük vətən müharibəsi şəhidi Orxan Məhərrəmovun bacısı Nuray Nəbiyevaya Mirvarid Dilbazi Poeziya Məclisi tərəfindən qırmızı rəngli Basqal kəlağayısı hədiyyə olunub.
Tədbirdə aşıqlardan Nargilə Mehdiyevann, Nuray Nəbiyevanın, Rustavi şəhər 18 saylı məktəbin şagirdlərinin milli rəqsləri, kəlağayı haqqnda söylədikləri şeirləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. İmir Məmmədlinin tərcüməsində Güllü Eldar Tomarlınn kəlağayı haqqında şeirlərini Rustavi məkbliləri gürcü dilində səsləndirdilər.
Sonda xatirə şəkili çəkildi.

14-11-2024, 15:42
General Kərim Kərimov fenomeninin sirri

Səməd Vəkilov yazır: "General Kərim Kərimov fenomeninin sirri"

Oktay Əhmədov: ”General Kərim Kərimov hər iki tərəfdən Azərbaycan türküdür, Oğuz soyundandır!”

25 il Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri (1966-1991) vəzifəsini tutmuş, Azərbaycanın milli iftixarı, kosmosun əfsanəsi adlandırılan artilleriya general-leytenantı Kərim Kərimovun 100 illik yubileyi Azərbaycanda və Rusiyada qeyd edilməkdədir. Həyatını sirlər dolu bir ömrə sığdıran məxfi general yalnız SSRİ süquta uğradıqdan sonra geniş ictimaiyyətə tanınmışdır.
General Kərim Kərimov kimdir?
Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi olmaqla bərabər məşhur milyonçu və mesenatlar Hacı Zeynalabdin Tağıyevlə və Murtuza Muxtarovla qohumluq əlaqələri olan bir şəxs SSRİ-nin ən məxfi və strateji sahəsinə rəhbərlik edən dövlət komissiyasının rəhbəri vəzifəsinə uzun illər rəhbərlik etməsi maraq doğurmaya bilməzdi. Hər kəsə məlumdur ki, SSRİ səviyyəsində türk soylu millətlərdən yalnız barmaqla sayılacaq səviyyədə mühüm post tutan şəxslər olmuşdur. Bu şəxslərdən biri də məhz məxfi general Kərim Kərimov idi. Kərim Kərimovun sirri nədə idi? Nədən o sıçrayışla vəzifə pillələrində irəliləyirdi?
Bioqrafiyasına nəzər salaq.
General Kərim Abbasəli oğlu Kərimov 14 noyabr 1917-ci il tarixdə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Təzə-Pir Məscidinin nəzdində mədrəsədə aldıqdan sonra, orta təhsilini Bakıda 8 saylı (hazırda General Kərim Kərimovun adını daşıyır) orta məktəbdə almışdır. O, 1934-cü il tarixdə orta məktəbi bitirir. Sonra 1936-cı ilin avqustunda Moskvaya gedir və Novoçerkaskdakı Sənaye İnstitutunun “Elektromexanika” fakültəsinə qəbul olur.
Evlənməsinə babası Əsədulla bəy Əhmədov xeyir dua verir.

Birinci kursda oxuduğu zaman artıq orta məktəbdə on il birlikdə təhsil aldığı və orta məktəb illərindən sevdiyi Zərifə xanım Hənəfiyeva ilə ailə qurur. Atası Abbasəli Kərimov bu evliliyə qarşı olsa da, ailədə nüfuz sahibi olan Cümhuriyyət Parlamentinin deputatı olmuş babası Əsədulla bəy Əhmədov bu evliliyə xeyir dua verir. Bu evlilikdən general Kərim Kərimovun 22 yanvar 1937-ci il tarixdə qızı dünyaya gəlir. Qızına anası Sürəyya xanımın şərəfinə onun adını qoyur. Ancaq bir müddət sonra ailə vəziyyəti ilə bağlı gələcəyin dahisi 1939-cu ildə Bakıda Sənaye İnstitutuna köçürülür. Həyat yoldaşı isə Sənaye İnstitutunun kimya fakültəsində təhsilini başa vurur. ( Z.Hənəfiyeva Moskava Dövlət Universitetində kimya fənindən dərs deyib) Lakin tale yenidən Kərim Kərimovun həyatını Rusiyaya bağlayır. Belə ki, o, 1942-ci ildə Dzerjinski adına Artilleriya Akademiyasına göndərilir. Qeyri-adi istedadını və biliyini nəzərə alaraq Kərim Kərimov birbaşa akademiyanın IV kursuna daxil olur və 1943-cü ildə akademiyanı topçu-mühəndis ixtisası üzrə bitirir. O, təhsil aldığı müddətdə “Katyuşa B 13” adı ilə tanınan yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanır. Silahın təkmilləşdirilməsi barəsində bir neçə səmərələşdirici təklif irəli sürən Kərim Kərimov həmin vaxtdan həyatını raket texnikası ilə bağlamış, bu texnikanın inkişafı naminə elmı və fiziki potensialını əsirgəməmişdir.
Baykonurun təməli qoyulan gündən Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan Kərim Kərimov kosmodromda çalışmağa başlayıb. O, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdi.
Tanış olduğum sənədlərə əsasən fəxrlə qeyd edim ki, kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində Kərim Kərimovun böyük rolu olub. Bunun nəticəsi kimi ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdu. 1945-ci ildən böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1961-ci ildə general rütbəsi verilmişdir. 1965-ci ildə Kosmik Vasitələrin İdarəsinin rəisi, 1966-cı ildən isə Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri vəzifələrinə təyin edilmişdir. Qeyd edək ki, general Kərim Kərimovun rəhbərlik etdiyi komissiyanın tərkibi 50 nəfərdən ibarət olub. Buraya SSRİ-nin müdafiə naziri, o cümlədən 7 nazir, digər mühüm komitə və struktur rəhbərləri daxil olmuşdur.

1975-ci ildə “Apollo” və “Union” gəmilərinin rekonstruksiyası və uçuşun hazırlığı ilə əlaqədar iş Kərim Kərimovun məsuliyyətində idi. Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən şəxs kimi məhz Kərim Kərimovu olmasını istəyirdi. Və bu təkid öz nəticəsini vermişdi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən uçuş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdı. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdı. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdı. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdu. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.
General-leytenant Kərim Kərimov 29 mart 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və elə orada da dəfn olunmuşdur.
Məxfi generalın zəngin bioqrafiyasının araşdırdıqda onun fenomenal həyat hekayəsinin əsl sirri aydın olur. Paradoksla olsa da Azərbaycan Cümhuriyyətinin parlament üzvü olmuş Əsədulla bəy Əhmədovun nəvəsi general Kərim Kərimovun dünyanın super gücü olan SSRİ-nin ən strateji sahəsinə rəhbərlik etməsi maraq doğurur. Onun sıçrayışlı karyera yüksəlişinin səbəbi qeyri-adi istedadı, fenomenal yaddaşı, təşkilatçılıq bacarığı, yüksək intellekti və çevik təfəkkürü olmuşdur. Əvəzedilməz generalın bu keyfiyyətləri cümhuriyyətçi ailəsindən olması faktorunun arxa plana keçməsinə səbəb olmuşdur.

General Kərim Kərimovun ailə şəcərəsinə yaxın qohumu (dayısı oğlu), Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi, xüsusi xidmət polkovniki Oktay Əhmədov işıq salır. Oktay Əhmədov: ”General Kərim Kərimov hər iki tərəfdən Azərbaycan türküdür, Oğuz soyundandır!”
Xatırladım ki, general Kərim Kərimovun atası Kərimov Abbasəli Hacıbalakərim oğlu 1879-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan türküdür. Azərbaycanın ilk ali təhsilli mühəndislərindəndir. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda bir müddət təhsil aldıqdan sonra 1912-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirmişdir. (Abbasəli Kərimovun fəaliyyətinin professor Ədalət Tahirzadə araşdırılmışıdr).
Anası Əhmədova Sürəyya Əsədulla qızı isə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, I Bakı Dumasının deputatı, “Nəşri-maarif” cəmiyyətinin təsisçilərindən biri Əsədulla bəy Əhməd oğlu Əhmədovun qızıdır. Azərbaycan türküdür.
1930-cu ildə Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovu NKVD tərəfindən istintaqa verdiyi ifadələrində əfsanəvi general Kərim Kərimovun məhz onun himayəsində yaşadığını bildirmişdir (sitat professor Ədalət Tahirzadənin araşdırmasından götürülmüşdür).

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!