“Həmişə həmkarlarıma hörmətlə yanaşmışam. “Kayrat”ın baş məşqçisi Kurban Berdıyevin uğurlu karyerası olub. Çempionlar Liqasında və Avropa Liqasında yaxşı nəticələr qazanıb. Onun hansısa oyuna məsuliyyətsiz yanaşdığını görməmişəm”.
Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcəkləri Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyev haqqında danışarkən deyib.
49 yaşlı mütəxəssis Bakıdakı qarşılaşmanın Berdıyev üçün çox vacib olduğunu söyləyib:
“Qarşımızda çox təcrübəli və bacarıqlı baş məşqçi olacaq. Oyunun gedişatında müxtəlif rotasiyalar edə bilər. Biz də bütün bunlara qarşı diqqətli olmalı və öz oyunumuzu qurmalıyıq”.
Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumu haqqında da danışıb:
“Meydançanın durumu pis deyil. Amma tam formalaşmayıb və ot tam olaraq torpağa bərkiməyib. Bəzi yerlərdə problemlər var idi. Buna baxmayaraq ümumi gedişat mənim üçün yaxşıdır. Ot örtüyünü bu səviyyəyə gətirib çıxartmaq yaxşıdır. Lakin meydança tam hazır deyil. Bu oyundan sonra meydanı bərpa etmək üçün xeyli vaxt lazım olacaq. Bu gün məşqimizi burada keçirsəydik, meydan daha çox yüklənəcəkdi”.
Təcrübəli baş məşqçi 15 oyun məğlub olmamaları ilə bağlı fikirlərini bölüşüb:
“Mənim narahat olduğum məqamlardan biri elə budur. Bir tərəfdən bu statistikaya sevinirəm. Komanda haqqında xoş sözlər deyilir. İstər-istəməz psixoloji zərbələr futbolçulara təsir edir. Bəzən belə seriya olanda düşünürlər ki, komanda nə vaxt məğlub olacaq? Mən heç istəmərəm ki, bu oyunlarda belə hal yaşansın. Çox istəyərəm ki, məğlubiyyətsizlik haqqında yazılar daha az olsun. Biz deyə bilərik ki, bu, bizə təsir etməyəcək. Belə nəticələr digər tərəfdən komandaya inam və ümid verir. Biz uğurlu nəticələr əldə etmək istəyiriksə, 15 oyunluq məğlubiyyətsizlik seriyasını unutmalı və qarşıdakı görüşə köklənməliyik”.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kayrat” oyunu saat 20:45-də başlanacaq.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!