"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 16-06-2021, 15:31
İlham Əliyev Zirvə toplantısında çıxış etdi
İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısı keçirilib.


Butov.az Modern.az-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli Baş katib.

İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə 2-ci Zirvə toplantısının təşkilinə görə Birləşmiş Ərəb Əmirlikləri hökumətinə və İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyinə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.

Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib.

Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib. 2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz bunun növbəti təzahürü idi. Bununla yanaşı, biz, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramına da başlamışıq.

Biz Ermənistanın hərbi təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəklənməsini yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib. Bu mənada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun təsis edilməsi xüsusi qeyd edilməlidir.

Azərbaycan da öz növbəsində hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib.

COVID-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Hərəkatın koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və 2020-ci ilin may ayında həmin tədbiri uğurla təşkil etmişdir. Biz, həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşuq.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı göstərib.

“Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişafda olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı qeyri-bərabərlik bizi dərindən narahat etməkdə davam edir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.

Biz bir daha inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı göstərməyə çağırırıq.

Bildiyiniz kimi, Ermənistan 30 ilə yaxın idi ki, ölkəmizin təqribən 20 faiz ərazisini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan Xocalı soyqırımını törədib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, Qoşulmama Hərəkatının bəyannamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq qərarları münaqişənin həllinin hüquqi bazasını təşkil edirdi. Lakin Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayaraq, torpaqlarımızı əbədi olaraq işğal altında saxlamağa cəhd edirdi. Ermənistan 2020-ci ilin iyul, avqust və sentyabr aylarında üç dəfə dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl ataraq günahsız mülki əhalinin qətlə yetirilməsinin və müharibənin alovlanmasının səbəbkarı oldu.

Ötən ilin sentyabr ayında Ermənistanın irimiqyaslı hərbi hücumuna cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və işğal altında olan ərazilərin böyük hissəsini azad etdi.

44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altında olan digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu.

Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinin icrasını təmin etdi.

Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib. Xüsusilə mən müharibənin ilk günlərindən bizə siyasi dəstək ifadə edən Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm.

Ermənistan 30 illik işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün mədəni və dini abidələrimizi məqsədli şəkildə dağıdıb. Ermənistanın işğalı altında olmuş ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib, iki məscidə isə ciddi zərər dəyib və onlar təhqir edilib.

Mən həmkarlarıma bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyəm. Orada Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv olunması və darmadağın edilməsi öz əksini tapıb.

İslam Əməkdaşlıq Təşkilatı öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib.

Fürsətdən istifadə edərək, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi cənab Yusif bin Əhməd əl-Osayminə aprel ayında ölkəmizə səfər etdiyinə və Qələbəmizlə bağlı səmimi təbrikinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Baş katib vəzifəsində o, Azərbaycana altı dəfə səfər edib. Bu, onun ölkəmizə olan dəstək və ehtiramının təzahürüdür. Baş katib İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun artması və üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi işinə böyük töhfə verib.

Bu il İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri, habelə ICESCO-nun nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib və Ermənistanın İslam irsinə qarşı törətdiyi vandalizmin şahidi olub.

Biz Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik. Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz.

Bugünkü Zirvə toplantısının mövzusu elm və texnologiya olduğundan, vurğulamaq istərdim ki, ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır.

Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür. Bu gün bizim ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var.

Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Bu, beynəlxalq kosmik icma tərəfindən Azərbaycanın bu sahədə nailiyyətlərinin tanınmasının təzahürüdür.

Bu yaxınlarda Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən etdiyim beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da yer alır.

Hökumət innovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımlar atır.

Azərbaycan Ümumdünya İqtisadi Forumu ilə Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı saziş imzalayıb.

Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaqdır.

Biz qardaş İƏT dövlətlərindən olan şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma prosesində iştirakını görmək istərdik.

Sağ olun.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!