1-02-2023, 23:26
Avroviziya seçimlərində haqsızlıq - Eldar Qasımov ittiham edildiBu il Böyük Britaniyada keçiriləcək Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün nümayəndə seçimlərində haqsızlığa yol verildiyi iddia olunur. Seçimlərdə iştirak etmiş Rauf Kingsley ləqəbli ifaçı şəxsi instaqram hesabında bununla bağlı müraciət ünvanlayıb. Gənc müğənni iddia edir ki, münsiflər heyətinin üzvü Eldar Qasımov və onun meneceri Omar Abdulkarim müsabiqəyə qatılan sənətçilərin mahnılarını dəyərləndirməyib. Onun sözlərinə görə, müsabiqənin yekununda Omar Abdulkarimin meneceri olduğu "Mamagama" qrupu qalib seçilib. "Bir neçə gün əvvəl qrupu dağıdıb, xarici vətəndaş olan qrup üzvünü kənarlaşdırıb, bir gecə ilə qondarma qrup yaradaraq Avroviziyaya göndərməyi planlayıblar" - müğənni paylaşımında qeyd edib. İddiada adı hallanan "Mamagama" qrupunun üzvü Safael Mişiyev açıqlamasında müsabiqəyə hələ seçilmədiklərini, digər seçim iştirakçıları kimi gözlədiklərini bildirib: "Biz hələ heç yerə getməmişik, seçilməmişik, cavab gözləyirik. Kim seçiləcəksə, uğurlar olsun". S.Mişiyev təmsil etdiyi musiqi qrupunun dağıdılaraq, yenidən yaradılması ilə bağlı iddialara da cavab verib: "Roman xaricdə işləyir, işi atıb bura çox vaxt gələ bilmir. Qrup isə dağılmayıb". Müğənni Eldar Qasımov və Omar Abdulkarimlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Seçimləri təşkil edən İctimai televiziyadan isə deyilənlərin yalnış olduğu, iddialar barədə rəsmi açıqlama veriləcəyi bildirilib. Qeyd edək ki, ötən il müsabiqədə Ukrayna qələbə qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib. Mayın 9-u və 11-də Avroviziya mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.


1-02-2023, 18:05
Ermənistan KTMT-nin bu qurumlarla əməkdaşlığı istəmir"İrəvan KTMT PA-nın İslam Əməkdaşlıq Təşkilatı və TÜRKPA ilə mümkün əməkdaşlığından görə narahatdır". Bunu Ermənistanın KTMT PA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-spikeri Akop Arşakyan deyib. "Bu, Ermənistan tərəfi üçün qəbuledilməzdir, çünki bu strukturlar Ermənistan əleyhinə addımlar atır, Azərbaycanı dəstəkləyir", - deyə o bildirib.
1-02-2023, 18:00
Ağırçəkili nəqliyyat vasitələrinə yeni rüsum tətbiq edildiÜmumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumu müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi birinci oxunuşda qəbul olunub. Layihəyə əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.
1-02-2023, 17:54
Naxçıvan-Türkiyə sərhədi açıldıNaxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında sərhədlər açılıb. Bu gündən etibarən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən Türkiyəyə keçməyə icazə verilib. Hazırda sərhəddən yalnız şəxsi avtomobillərlə keçmək mümkündür. Məlumata görə, Türkiyəyə Naxçıvan sakinləri buraxılır, digər regionlarda qeydiyyatda olan vətəndaşların Naxçıvandan Türkiyəyə keçməsinə icazə verilmir. Hələlik Türkiyə sərhədini avtobuslarla keçmək mümkün deyil. Qeyd edək ki, Naxçıvan-Türkiyə sərhədi ötən il bağlanmışdı.
1-02-2023, 17:52
Estoniyada Zelenskinin abidəsi ucaldıldıUkrayna prezidenti Volodimir Zelenskiyə Estoniyanın Tırva şəhərində abidə ucaldılıb. Abidənin açılışını Estoniyanın baş naziri Kaya Kallas edib. Qeyd edək ki, abidə Amerikanın Azadlıq Heykəli üslubunda hazırlanıb.
1-02-2023, 17:48
İtə işgəncə verən “qadın” cərimələndiBinəqədi rayonunda hər gün iti vəhşicəsinə döyən qadın cərimə edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində itin qeyri-insani rəftara məruz qalaraq döyülmə videosu yayılıb. Həmin görüntülərdəki şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib və Polis Bölməsinə dəvət olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi üzrə protokol tərtib edilib və həmin şəxs 500 manat məbləğində cərimələnib.
1-02-2023, 17:00
İsveçin NATO-ya üzvlüyü məsələsində mövqeyimiz qətidir - Ərdoğan“İsveç, boş yerə çabalama. Mənim müqəddəs kitabımın yandırılmasına icazə verdiyin müddətcə, biz sizin NATO-ya üzv olmağınıza “hə” deməyəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə Prezidenti bildirib ki, NATO-nun genişləndirilməsi ilə bağlı prosesləri yaxından izləyir. “Finlandiyanın NATO-ya üzvlüyü məsələsində mövqeyimiz müsbətdir, amma İsveç məsələsində mövqeyimiz qətidir. Bunu da belə bilin”, - deyə Ərdoğan qeyd edib.
1-02-2023, 16:57
Rusiyanın təcavüzünə qalib gələ bilərik - Zelenski"Ukrayna Rusiyaya qalib gələcək". Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb. "Biz hər gün xalqımızı, sərhədlərimizi və dəyərlərimizi qorumaq üçün mübarizə aparırıq. İndi biz əminliklə deyə bilərik ki, biz Ukrayna torpağında Rusiyanın təcavüzünə qalib gələ bilərik", - deyə o qeyd edib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
1-02-2023, 16:53
Saakaşvillinin yeni görüntüləri yayılıbGürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan yeni görüntüləri yayılıb. Gürcü siyasətçinin fotolarını rusiyalı müxalif siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz facebook hesabında paylaşıb. Fotolarda Saakaşvilinin köynəyinin üzərində “I'm Ukrainian” (Mən ukraynalıyam) yazısı diqqət çəkib. Məhkəməyə onlayn qatılan Saakaşvili hakimə vəziyyətinin ağır olduğunu söyləyib və adekvat müalicə tələb etdiyini bildirib: "Mən bütün biliyimi Gürcüstana vermişəm... Lazım olsa, canımı da verərəm. İndi tək xahişim odur ki, mənə müalicə almaq imkanı verilsin. Çünki vəziyyətim kəskin şəkildə pisləşib". Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin məhkəməsi keçirilir. Saakaşvili iclasa müalicə aldığı klinikadan onlayn qoşulub.
1-02-2023, 16:48
Sabahın hava proqnozu - Gündüz çiskin, gecə yağış yağacaq Fevralın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz çiskinli olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.