15-08-2022, 15:50
Rusiyadakı ermənilərin ümidləri puç oldu...“Prezident İlham Əliyev AzTV-yə müsahibəsində erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazisindən tamamilə çıxarılması ilə bağlı ermənilərə kifayət qədər sərt mesajlar verdi. Laçın, Zabux və Sus kəndlərinin ermənilər tərəfindən dərhal boşaldılması məsələsi bir daha vurğulandı”.
Butov.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov bildirib. Deputat, həmçinin qeyd edib ki, İrəvanın Zəngəzur dəhlizi ilə bağlı qərarın qəbulunu təxirə salmaması tələbi və nəhayət, Qarabağ erməniləri üçün Azərbaycanın digər vətəndaşlarından fərqli hər hansı status gözləntiləri olmamalıdır. “Maraqlıdır ki, bütün bunlar bu yaxınlarda Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Konyada keçirdiyi görüşdən sonra səsləndirilib. Bundan əlavə, xatırladaq ki, Türkiyə lideri bir həftə əvvəl Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, onunla 4 saatlıq danışıqlar aparıbsa, güman edirəm ki, Rusiyadakı ermənilərin Türkiyə və Azərbaycanla qarşıdurmada ümidləri puç olub. Hazırda erməniləri çəkindirən bir şey var ki, bu da separatçı liderlərin davranışlarında və sözlərində aydın görünür. Lakin onlar istər-istəməz yeni geosiyasi reallıqlara dözməli olacaqlar”, - deyə parlamentari vurğulayıb.
15-08-2022, 15:46
“Qara qızıl” ucuzlaşdıDünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Butov.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,99 dollar azalaraq 97,16 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,92 dollar ucuzlaşaraq 91,17 dollar olub.
15-08-2022, 15:32
Arayik Qarabağ ermənilərini silahlandırmaqdan danışdı
Qarabağdakı erməni separatçıların başçısı Arayik Arutyunyan ötən gün Xocavənd rayonunun işğal altındakı Çartar qəsəbəsinə gəlib.
Butov.az xəbər verir ki, Arutyunyan Çartarda Rusiyada yaşayan xeyriyyəçi Vladimir Avakyanın vəsaiti hesabına tikilmiş, çoxfunksiyalı idman kompleksinin şəraiti ilə tanış olub. Separatçıların başçısı Çartardakı erməni icması ilə görüşüb, mövcud problemləri müzakirə edib. İcma üzvləri içməli və suvarma suyunun çatışmazlığından, yolların bərbad durumundan, bir sıra digər sosial-iqtisadi problemlərdən söz açıblar. Qarabağda baş verən son hərbi-siyasi hadisələrə toxunan Arayik Arutyunyan bildirib ki, bunlar əsasən geosiyasi vəziyyətlə bağlıdır. O, üçtərəfli bəyanatla qurulan kövrək sülhdən və bu sülhün qorunması funksiyasını öz üzərinə götürən Rusiya sülhməramlı kontingentindən narazılığını gizlətməyib. Separatçıların başçısı güclü səbirlə silahlanmanın vacibliyini vurğulayıb.
15-08-2022, 15:26
Bakı-Moskva reysi gecikir - Yenə problem yarandı
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysi texniki səbəbdən gecikir. Bu barədə AZAL-dan məlumat verilib. Bildirilib ki, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.
15-08-2022, 15:23
Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçürLaçının Zabux kəndində qanunsuz məskunlaşmış 14 erməni ailəsi Ermənistanın Zəngəzur vilayət administrasiyasına müraciət edib. Bunu “Sputnik Ermənistan”a Zəngəzur qubernatorunun müavini Nare Qazaryan deyib. Onun sözlərinə görə, həmin ailələr Zabuxdan Zəngəzura köçmək istədiklərini bildiriblər. Xatırladaq ki, “Laçın dəhlizi”nə çəkilən alternativ yolun istifadəyə verilməsilə əlaqədar Laçın rayonunun Zabux və Sus kəndləri, eləcə də Laçın şəhərində qanunsuz yaşayan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar. Azərbaycan tərəfi onlara yaşayış məntəqələrini tərk etmələri üçün avqustun 25-dək vaxt verib. Zəngəzurun vitse-qubernatorunun sözlərinə görə, bir həftədir vilayət qubernatorunun tapşırığı əsasında bölgəyə köçmək istəyənlərin problemləri ilə məşğul olan işçi qrupu yaradılıb. "Hazırda Ağavnodan (Zabuxdan-red.) olan 14 ailə Sünikdə (Zəngəzurda-red.) məskunlaşmağa hazırlaşır, onlar hələ hansı kənddə yerləşəcəklərinə qərar verməyiblər”, – Qazaryan bildirib. O, Laçın şəhərindən çıxacaq daha iki ailəni də gözlədiklərini deyib. Nare Qazaryanın sözlərinə görə, Qarabağdan gələnlər üçün yerləşdirmə və yükdaşıma məsələsi indi aktualdır. Vilayət rəhbərliyi insanların əşyalarını daşıması üçün yük maşını və yanacaq verməyə çalışır. Ermənistanın Əmək və Sosial İşlər Nazirliyi “Sputnik Ermənistan”a bildirib ki, Zabux, Sus və Laçın şəhərindən köçənlərə aylıq 40 min dram (təxminən 100 dollar) məbləğində dəstək veriləcək. Onlar bu məbləği mənzil məsələsi həll olunana qədər alacaqlar.
15-08-2022, 15:20
Müharibə iştirakçısını qətlə yetirən şəxs tutulduBakıda gənc oğlanı qətlə yetirən şəxs tutulub. Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranan mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq tədbirləri davam edir. Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
15-08-2022, 15:18

Bildiyimiz kimi, qardaş Türkiyəmizdə Trabzonun fəthi hər il təntənə ilə qeyd olunur.
Bü münasibətlə Trabzonda yüksək səviyyəli rəsmi tədbirlər, yürüş və ziyarətlər həyata keçirilir. Bu il də Trabzonun fəthinin 561-ci ildönümü TÜRKAV tərəfindən böyük coşqu ilə qeyd olundu. Belə ki, ənənəvi olaraq hər il 15 avqust tarixindən əvvəlki cümə günü düzənlənən "HER YIL BURADA OLACAĞIZ" devizli tədbir bu il avqustun 12-sinə təsadüf etdiyi üçün həmin gün Trabzonun Kadırğa yaylasında TÜRKAV tərəfindən yürüş təşkil olundu. Mehteran ( Yeniçəri Türk əsgəri) dəstələrinin müşayiəti ilə iştirakçılar tədbirin keçiriləcəyi məkana gəldilər. Tədbiri giriş sözü ilə açan TÜRKAV rəhbəri, Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Trabzon təmsilçisi Kenan Kuru belə bir önəmli tarixi gündə tədbirə qatılan hər bir kəsə minnətdarlığını bildirərək göstərdikləri duyarlılıq üçün təşəkkür etdi. TÜRKAV rəhbəri qeyd etdi ki, bu gün tarixin gerçəkliyini günümüzə daşımaq önəmli yer tutmakdadır. Birliyimiz tarixdə olduğu kimi, bu əsrdə də Türk millətini birləşdirən iradənin adını ifadə edir. Türk dövlətləri, eləcə də Türk milliyətçiləri Türk dünyasındakı müstəqillik və azadlıqları uzun müddətdən bəri arzu etməkdə idilər. Qazi Mustafa Kamal ATATÜRKün Türk dünyası hakkında işarət etdyi məqamlar Türkiyədə və Türk dünyasında reallaşmaqdadır. 2021-ci ilin noyabr ayında Türkiyənin Cümhur başqanı R.T.Erdoğanın dəvətiylə müstəqil Türk cümhuriyyətləri İstanbulda toplanmış, Türkcə Danışan Dövlətlər Birliyinin adını dəyişərək Türk Dövlətləri Birliyi adlandırmış, məqsədi ulu Turan olan böyük bir Türk birliyini formalaşdırmışlar.
Türk dünyasının siyasi, mədəni, elmi, sosial və digər sahələrdə birliyini daha da gücləndirmək, Türk milli mənəviyyat və xarakterini bir bütöv halında gələcəyə ötürmək məqsədilə görülən işlər sırasında TÜRKAVın gördüyü işlərin, o cümlədən "HER YIL BURADA OLACAĞIZ" devizli tədbirlərin də xüsusi əhəmiyyəti olduğunu vurğulayan Kenan Kuru tədbirdə iştirak edən dövlət rəsmilərinə, bələdiyyə rəhbərləri, elm, sənət adamlarına və bütün iştirakçılara təkrar minnətdarlığını bildirdi, bu həmrəyliyin Türk dünyasının gələcəyi baxımdan çox böyük önəm daşıdığını vurğuladı.
Daha sonra Trabzonun quruluşundan bu günə qədərki önəmli tarixlərə diqqəti yönəldən Kenan bəy Türk tarixində çox böyük rol oynayan Fatih Sultan Mehmetin bilinməyən yollarla, ən ağır şərtlərdə Trabzona daxil olduğunu, gördüyü işlərə və xidmətlərinə görə hər zaman minnət duyulan şəxslərdən biri kimi xatırlandığını, daim rəhmətlə anıldığını bildirdi. Trabzon tarixindəki 8 dövrdən ən önəmlilərinin Trabzonun Sultan Mehmet tərəfindən fəthi və Cünhuriyyətin qurulmasından sonrakı dövr olduğunu deyən TÜRKAV rəhbəri ürəyində Vətən duyğusu, Türklük şüuru, millət sevgisi, Şəhidə minnət, Qaziyə hörmət, əcdada vəfa kimi dəyərləri yaşadan hər bir kəsin Türk tarixində rolu olan insanları hörmətlə yad etməli olduğunu vurğuladı. Kadırğadakı açıq hava məbədinin Türkiyədə xüsusi iz buraxdığını qeyd edən Kənan bəy bu məbədi yaradanlara və açıq hava ziyarətini gerçəkləşdirən hər bir kəsə minnətdarlıq etdiyini bildirdi.
O, haqlı olaraq qeyd etdi ki, Türk milliyətçiliyində insana sevgi, əcdada bağlılıq, tarix və dövlətçilik ənənələrində şərəfli mövqeyini mühafizə etmək gücü vardır. Elə 1461-ci ildə fəth olunan Trabzonda Kabaktepe, Harmantepe və digər şəhidliklərdə uyuyan türk qəhrəmanlarının hər zaman anılması da milli şüur və təfəkkürlə əlaqədardır. Türk tarix və əsalətində Bilgə Kağan öyüdü, Dədə Qorqud nəsihəti, Yunis İmrə sevgisi, Fatih Sultan Mehmet uzaqgörənliyi, Atatürk öndərliyi, Bağbuğ çağırışı, liderin yolgöstərənliyi vardır. Türk dövlətlərinin dünyanın lider dövlətləri sırasına çıxması yönündə TÜRKAV da öz fəaliyyətini genişləndirməkdədir.
15 avqust 2022-ci il tarixində qeyd olunacaq fəthin bəxtiyarlığı içindəyik. Trabzon Valiliyinin öncülüyündə ilk dəfə 15 Avqustda fəth gününü qeyd edəcəyik.
Belə bir önəmli gündə Vətəni Vətən edən şəhidlərimizi, tariximizdə xüsusi yer tutan şəxsiyyətlərimizi bir daha rəhmətlə anır, ruhlarının şad olmasını təmənna edirik.
Rasafil Bayramov
ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri,
ATA tv və İctimai Xəbər Agentliyinin baş direktoru,
Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti, ATXQ İB-nin həmsədri, İctimai Xəbər Agentliyinin direktoru
15-08-2022, 15:15
Əşrəf Qani ölkədən qaçma səbəbini açıqladı
Əfqanıstanın keçmiş dövlət başçısı Əşrəf Qani bir il əvvəl "Taliban" hakimiyyətə gələndə ölkədən qaçma səbəbini açıqlayıb. Sabiq prezident ilk dəfə bu barədə CNN-ə müsahibə verib. “Buna səbəb "Taliban" hərəkatının hökumətin legitimliyi haqqında sənədi məcbur imzalatdırması olub. Mən heç vaxt ölkəni tərk etmək fikrində olmamışam. Külli miqdarda pulla Əfqanıstandan çıxmağım da yalandır”,- keçmiş prezident vurğulayıb. Qeyd edək ki, ötən il avqustun 15-də Əfqanıstanın o zamankı prezidenti Əşrəf Qani vitse-prezident və digər yüksək vəzifəli məmurlarla birlikdə ölkədən qaçmışdı. Bundan sonra Əfqanıstanda hakimiyyət "Taliban"a keçib.
15-08-2022, 15:09
Küveyt İranla barışdı - 6 il sonra səfir təyinatı
Küveyt hökuməti 6 ildən sonra İranla diplomatik münasibətləri bərpa edib.
Butov.az xəbər verir ki, Küveyt İrana yeni səfir təyin edib. Diplomat Bədr Abdulla əl-Manix etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiana təqdim edib. Qeyd edək ki, 2015-ci ildə İranın Ali Liderinin tərəfdarları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etdikdən sonra Ər-Riyad Tehranla münasibətləri kəsib. Məlum hadisə Küveytlə İran əlaqələrinə də mənfi təsir göstərib.