Köhnəlməz tarixin əski yazısı .....                        Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                       
Tarix : 22-03-2016, 21:40
Bağırovun Vurğuna qarşı iki qovluq donosu



1956-cı ilin aprelində (12-16) qurulan məhkəməsində, şahidlərin bildirdiyinə görə, Səməd Vurğuna qarşı toplatdırdığı iki qovluq kompramat əşyayi-dəlil kimi nümayiş etdirildikdən sonra prokuror Rudenkonun: “Niyə Səməd Vurğunu həbs etmək və qətlə yetirmək istəmisiniz?” sualına Mir Cəfər Bağırov: ”Siz yaxşı araşdırmamısınız. Bu alçaq Baqramyan mənə onun günahkar olması barədə arayış gətirdi. Mən arayışın üstünə dərkənar qoymadım. İnanıb qoysaydım, o, indi sag olmazdı”.


Məhkəmədə iştirak edənlərdən bəziləri isə prokurorun sualına M.C.Bagırovun, təxminən, eyni məzmunu ehtiva edən “Bunu istəsəydim, edərdim” – cavabını verdiyini bildirirlər.

İndiki təəssübkeşləri də M.C.Bağırovun bu cavabını inandırıcı sayır, onun S.Vurğunu məhv etmək istədiyini yox, əksinə, qoruduğunu iddia edirlər...

M.C.Bagırov həbs ediləndə (1955) S.Vurgun “rəhbərliyi dövründə Azərbaycan dilində bircə kəlmə də işlətməyən satrap”dan, yəqin ki, canını qurtardıgını düşünmüş və bir qədər rahatlanmışdı da. Amma, bu rahatlıq, heç 2-3 ay da çəkməmiş, şair elə həmin vaxtlar çarəsiz xəstəliyə - xərçəngə düçar olmuşdu. 1956-cı ilin aprelində isə S.Vurgun ayaga qalxa bilmədiyinə görə təxminən iyirmi il təhdid və təzyiqlərinə məruz qaldıgı, ”şöhrətini gözündə “quru səs”ə döndərmiş” “mehriban düşməni”nin - M.C.Bağırovun məhkəməsində iştirak edə bilmirdi.

Şairin sagalmaz xəstəliyə düçar olmasından, yəqin ki, M.C.Bagırov xəbərsiz olub. Yoxsa, şairin “indi sag oldugu”nu “o şəkildə” vurgulamazdı. Onun “o şəkildə” cavabını, bir tərəfdən “Vurgun mənim sayəmdə indi sagdır”, digər tərəfdən isə “o sagdır—yaşayır, mən isə gedirəm” kimi də “oxumaq” olur. M.C.Bagırov onu da bilmirdi ki, bir neçə gün sonra—mayın 27-də Azərbaycanın ilk xalq şairi S.Vurgun əcəli ilə dünyasını dəyişəcək və dəfnində “iynə atmaga yer tapılmayacaq” - “Unudulmuş tək məzar”ı yazmış böyük sənətkarın məzarı “unudulmayan tək məzar”a çevriləcək, özü isə “saçlarını agardıb, ömrünü gödəltdiyi” (İndi bu böhtanlar mənə da gəlir; Saçlarım agarır, ömrüm gödəlir - S.Vurğunun “Böhtan” şeirindəndir) xalq şairindən 20 gün əvvəl güllələnəcək və... basdırılıb, basdırılmadığı belə bəlli olmayacaq (ölümləri fərqli olsa da, həm “hökmdar”ın, həm də “hüzuru”nda dayanmağa məcbur etdiyi şairin sovet rejiminin güdazına getdiyi şəksizdir)...

M.C.Bagırovun çoxlarına, o sıradan S.Vurguna qarşı münasibəti, dogrudan da müəmmalı - anlaşılmaz olub. Bir tərəfdən əleyhinə kompramat toplatdırıb, onu məhv etmək istəyib, digər tərəfdən istəyini yerinə yetirmək təşnəsində olan buyruq qullarına: ”O talantdır, ona toxunmayın!” göstərişini verib. Bir tərəfdən, yüksək mükafatlar alması və vəzifələr daşımasına mane olmamış, digər tərəfdən özü hakimiyyətdən uzaqlaşdırılana qədər şairi izlətdirmiş, ona qarşı hücumlar təşkil etmiş, hətta iki dəfə həbs də etdirmişdir. Arxiv sənədləri M.C.Bağırovun S.Vurğuna bu ikili münasibətinin əsassız olmadığından xəbər verir.

M.C.Bagırovun S.Vurguna gerçək münasibətinin səbəbini respublikaya rəhbərlikdən uzaqlaşdırılaraq “Kuybışevneft”ə rəis müavini göndərildikdən sonra - 1954-cü ildə özünə qarşı irəli sürülən ittihamlara cavab olaraq Sov.İKP Partiya Nəzarəti Komitəsinə yazdığı izahatdan (professor C.Həsənli sənədi dərc etdirib) aşkar görmək olur. Bu izahatda M.C.Bagırovun S.Vurguna münasibətinin əsil mahiyyəti ilə yanaşı, onun öz əməlləri və xarakterinə, eləcə də şairə qarşı bu gün irəli sürülən haqsız ittihamlara aydınlıq gətirə biləcək naməlum faktlar da kifayət qədərdir. M.C.Bağırov izahatında yazır:

“1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi.

Bundan sonra (yəni, Vurğunun xilasından – A.S.) bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə müraciət etdi: “Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad olub geri dönmələrinin bir yolunu tapmaq olmazmı?” Ondan ötəri ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən, Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat Partiyasının liderlərindən idilər. Bununla bağlı biz onu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən (H.Cavidi nəzərdə tutur—A.S.) ayırmışıqsa, bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir. Millətçilik ruhu qoxuyan şeirlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə mən şəxsən onu tez-tez tənqid etmişəm. O, qatı millətçi kimi necə vardısa, görünür, elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı musavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardır”.

Çoxlarına özünü müdafiəyə imkan verməyən, hətta, bəzi silahdaşlarını belə (məsələn, M.Cuvarlinskini) şikayətə getdiyi Moskvadan tutdurub gətizdirən və olmazın əzablar verdirən M.C.Bağırov bu izahatı, məlumdur ki, özünü müdafiə etmək – cəzadan qurtulmaq məqsədi ilə yazıb. Bunun üçün isə o, məlum oldugu kimi, əməllərinə - törətdiyi cinayətlərə haqq qazandırmalı idi. Bu səbəbdən də ondan - bagışlanmaz günahlar işlətmək, yumşaq desək, “taleyinə yazılmış” bir diktatordan obyektivlik gözləmək sadəlövhlük olardı.

Bu səbəbdən də məhkəməsinin sonunda “Məni güllələmək azdır, məni şaqqalamaq lazımdır” deyən (əslində, heç belə də deməyibmiş) Bagırov səmimi görünmür. Dogrudur, təəssübkeşləri bu ifadəni dəstavuz edərək, bütün təqsirləri ətrafındakı ermənilərin ayagına yazıb, onun günahsız olduğunu təsdiqə çalışır, dolayısı ilə törətdiyi cinayətlərə haqq qazandırırlar. Bəziləri isə daha absurd bir “üsul”a əl ataraq, repressiya olunan şair və yazıçıların həbsi və qətlində repressiya olunmayanları günahlandırırlar. O şair və yazıçıların həbs edilməsinə, guya, qalanların donosları səbəb olmuşdur. Başqa sözlə, onlar qalan şair və yazıçıları M.C.Bagırovu repressiyaya təhrik etməkdə günahlandırırlar.

Doğrudur, repressiya olunan şair və yazıçıların əleyhinə repressiya olunmayanların çıxışları olub, amma repressiya olunanların da olunmayanların, eləcə də bir-birinin əleyhinə ifadələri kifayət qədərdir. Amma, o da şəksizdir ki, bu “donosbazlıq hərəkatı”nın mexanizmi Moskvada hazırlanmış, respublikamızda isə onu “həyat tərzi”nə çevirən məhz M.C.Bağırovun özü olmuşdur. Yəqin ki, şəxsi istəyi yox, Moskvanın diktəsi və mövcud quruluşu, rejimi qorumaqdan ötrü. Lakin qətliamları Azərbaycanda yeni sovet quruluşunun möhkəmlənməsi məqsədilə həyata keçirən Bagırovun özü də təşkilində xüsusi “xidmətləri” olan sovet cəza rejiminin, dediyimiz kimi, qurbanı olmuşdur.

Düşünürük ki, Bagırov həmin “etiraf”ı əfv olunmaq xatirinə edib. Çünki günahkar olduğunu səmimi etiraf edən və özünün “şaqqalanmasını istəyən” şəxs heç bir partiyanın üzvü olmadıqlarını dəqiq bildiyi halda, H.Cavidi və A.M.Şərifzadəni “Musavat partiyasının liderləri” kimi qələmə verməz, dolayısı ilə onları və minlərlə günahsız insanı qətlə yetirdiyinə haqq qazandırmazdı...

M.C.Bağırov S.Vurğuna qarşı münasibətdə də səmimi olmayıb və izahatında onun da günahkar olduğunu təsdiqə çalışıb. Doğrudur, o, “millətçilik ruhu qoxuyan şeirlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə” S.Vurğunu “tez-tez tənqid etdiyini” etiraf edir, amma onu, özünün deyil, “cəza orqanları”nın həbs etmək istədiyini bildirir. Şübhəsiz, cinayət törətmiş insanları cəza orqanları həbs edir. Amma, hər kəsə məlumdur ki, M.C.Bağırovun tapşırığı olmadan cəza orqanları S.Vurğun kimi tanınmış bir sənətkarı, nüfuzlu şəxsiyyəti, ictimai xadimi nə təqib, nə də həbs edə bilərdi.

İzahatdan başqa bir maraqlı gerçək də ortaya çıxır: məlum olur ki, təəssübkeşlərinin yazdıqlarının əksinə olaraq, S.Vurğunu cəzadan M.C.Bagırov yox (əksinə, o, “əsərlərində böyük səhvlər və nöqsanlar” olduğuna görə, özünün də etiraf etdiyi kimi, S.Vurgunu cəzalandırmaq istəyib və “lazımi materiallar” da toplatdırıb), Stalin xilas edib, həm də “istedadlı şair” olduğuna görə (yəqin ki, Stalinin sanksiyasından sonra o da S.Vurgunun istedadını “görüb” və “o talantdır, ona toxunmayın!” göstərişini verib).

Qəribəsi odur ki, M.C Bagırov Stalinin sanksiyasından sonra da düz 1952-ci ilə qədər toplatdırdığı iki qovluq donosla S.Vurğunu təqib və təhdid etmiş, ölüm xofu altında saxlamış, hətta onu iki dəfə həbs etdirmiş və eyni zamanda özünü şairin xilaskarı kimi də qələmə vermişdir. Bunu həm M.C.Bağırovun məhkəməsində ifadə verən keçmiş NKVD əməkdaşları, həm şairin doğmaları və dostları, həm də yazdığı əsərlər təsdiq edir.

Xalq Daxili İşlər Komissarlığı orqanlarında çalışmış R.V.Xentov M.C.Bağırovun məhkəməsində verdiyi ifadədə Vurğunun 1937-ci ildə M.C.Bağırovun sanksiyası ilə həbs edildiyini bildirir. Əlavə edir ki, “İstintaqın gedişində ondan heç bir şey əldə edə bilmədikdə Bağırov “Allah tərəfindən göndərilmiş xilaskar” rolunda çıxış etdi və onu həbsdən özü azad etdi. Ancaq onun əleyhinə material toplamağa özü icazə verdi. Yemelyanov 1952-ci ilədək bu işlə məşğul olurdu”. (M.C.Bağırovun məhkəməsi. B., 1993, s. 65).

MTN-in arxiv sənədləri əsasında yazılmış əsərlərdə (C.Qasımov. Repressiyadan deportasiyaya doğru. B., 1998, s.179; A.Kənan. XX əsrdə repressiyaya məruz qalanlar. B., 2011, s.157) S.Vurğunun 1937-ci ildə həbs edildiyi (lakin tezliklə həbsxanadan azad olundugu üçün barəsində cinayət işi açılmadığı) təsdiqlənir. Qardaşı Mehdixan Vəkilovun xatirələrində də S.Vurgunun dəfələrlə NKVD-yə “axşamdan çagırılıb, səhər çağı qayıtdıgı” bildirilir.

M.C.Bağırovun S.Vurğunu təkcə 1937-ci ildə yox, 1940-1950-ci illərdə də təqib etdirməsi mərhum yazıçı Süleyman Vəliyevin və Vaqif Səmədoğlunun xatirələrində yer alıb. Daha doğrusu, M.C.Bağırovun məhkəməsində S.Vəliyevin S.Vurğundan donosçuluq etməyə təhrik edilməsinin də üstü açılmış və məlum olmuşdur ki, Böyük Vətən müharibəsində kontuziya alıb, düşmənə əsir düşmüş yazıçının bu “günahı”ndan yararlanmaq istəyən NKVD müstəntiqləri 1948-ci ildə ona S.Vurğunun əleyhinə “işverənlik” etməyi təklif etmiş, müqabilində günahının bağışlanacağını və firavan həyat vəd etmişlər. S.Vəliyev isə “tale yollarına şeriyyət nuru səpmiş, çətin vaxtlarında onu Yazıçılar İttifaqına işə götürmüş – bölmə müdiri təyin etmiş, mənzil verdirmiş, müharibədə olarkən qoca ata-anasına maddi yardım göstərmiş, yetim-kimsəsiz qalmış kiçik qardaşını Suvorov məktəbinə düzəltmiş...” Vurğuna qarşı çıxa bilməmişdir.

Müstəntiqlərin S.Vurğundan “söz almaq” üçün S.Vəliyevə təklif etdikləri “incə məqamlar” da az maraq doğurmur: “Səməd Vurğunun evinə gedin. Ona ağır həyatınızdan danışın. O, ürəyi rəhmlidir, kömək edər... Ona yeni əsərinizi oxuyun, elə edin ki, ürəyi sizə qızsın... Söhbətarası eşidəcəksiniz ki, o, millətdən danışır, pantürkistləri müdafiə edir və sonra... Bu sözləriniz bizə çox lazımdır.

Mən qəti etirazımı bildirdim”. (S.Vəliyev. Qanadı sınmış quş da uçarmış. “Azərbaycan” j., 1988 №3, s. 98). Göründüyü kimi, müstəntiqlər S.Vurğunun, belə demək mümkünsə, “zəif yerləri”ni yaxşı bilirlər: bilirlər ki, o, ”ürəyi rəhmlidir, əliaçıqdır, millətçidir və türkçüləri müdafiə edir”.

Yeri gəlmişkən, qeyd edək ki, S.Vurğun bir tərəfdən M.C.Bagırov və onun əlaltıları tərəfindən, həmçinin onların təhriki ilə həbs edilən ziyalılardan “alınan” ifadələrdə və barəsində yazılan məqalələrdə “millətçi”, həm də “qatı millətçi” və “əksinqilabi təşkilatın üzvü” adlandırılırdısa, digər tərəfdən dövrün ziyalıları, gəncləri, eləcə də digər xalqların şair və yazıçıları onu öz millətini sevən vətənpərvər kimi tanıyırdılar...

S.Vurğunun Vətən və millətsevərlik konsepsiyası milli dəyərlərin, eləcə də dilimizin qorunması və inkişaf etdirilməsi kontekstində daha aydın və əsaslı müşahidə edilir. Onun 1942-ci ilin sentyabrında Bakıda “Muğamat və xalq mahnılarının ifası” ilə bağlı keçirilən müşavirədəki çıxışı dövrün və rejimin nəzərində, dogrudan da, “qatı millətçilik” idi. Şair Azərbaycan gənclərinin Avropa musiqisinə (yəqin ki, o, “Avropa musiqisi” ilə yanaşı, rus musiqisini də nəzərdə tutub) meyl edib, milli musiqimizə barmaqarası baxmasını “xalq qarşısında xəyanət” adlandırır və əlavə edir ki, “Avropa Avropadır, Şərq Şərqdir, Azərbaycan da Azərbaycandır. Mən Avropa mədəniyyətini çox sevirəm. Bütün Avropa yazıçılarını bacardığım qədər oxumuşam. Ancaq öz yaradıcılığımı ölənə qədər Füzulinin, Vaqifin üzərində aparacağam” (S.Vurğun. Əsərləri 5 cilddə, V c., B., “Şərq-Qərb”, 2005, s.89).

Avropa musiqi mədəniyyətinə “digər bəstəkarlardan daha artıq hakim olan, lakin onu xalqımıza milli mədəniyyətimiz vasitəsilə çatdıran” Üzeyir Hacıbəyovu nümunə göstərən şair başqa vacib bir problemə də toxunur: “Biz musiqi məktəblərində nəinki Azərbaycan şöbəsi açmalıyıq, hətta musiqi məktəblərinin bütün işlərinin 90 faizini Azərbaycan dilində aparmalıyıq. Onun adı Azərbaycan Musiqi məktəbidirsə, orada Azərbaycan dili də hakim olmalıdır. Bu işlə İncəsənət İşləri İdarəsi, birinci növbədə Üzeyir bəy məşğul olmalıdır. Yaxşı bir sənətkar kimi inkişaf etmək istəyirsənsə, ayağını qoyduğun torpağa möhkəm basmalısan” (Orada, s. 89-90).

Xatırladaq ki, S.Vurğun bu çıxışı edəndə və bu təklifləri irəli sürəndə Azərbaycan Yİ-nın sədri idi, vəzifəsi və ümumiyyətlə rejim ondan tamam başqa ruhda çıxış etməyi tələb edirdi. Milli ruh və milli dəyərlərə sadiqlik hissi, onların keşiyində dayanmaq borcu, göründüyü kimi, şairi qətiyyətli və eyni zamanda qorxulu addımlar atmaqdan çəkindirmir.

Yeri gəlmişkən onu qeyd edək ki, həm sorğu kitablarında, həm biblioqrafiyasında, həm də haqqındakı tədqiqatlarda S.Vurğunun 1941-1948-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri olduğu bildirilir. Əslində isə o, 1941-1944-cü və 1947-1948-ci illərdə Yİ-yə rəhbərlik etmişdir. Sədrlikdən çıxarılmalarının səbəbi isə millətçilik ruhundakı çıxışları olmuşdur. Bu səbəbdən də hakimiyyət dairələrinin S.Vurguna qarşı “qatı millətçi” kimi mübarizə aparması təsadüfi deyildi. Onu xalq da, qeyd etdiyimiz kimi, Vətənini və Millətini sevən istedadlı şair və bütöv şəxsiyyət kimi tanıyır və sevirdi. ”İldırım” təşkilatının üzvləri də (İ.Rəhimov, G.Hüseynoglu, H.Zeynalov və b.) onu bu keyfiyyətlərinə görə təşkilatlarına sədr seçmək istəyirdilər. Onlar Yazıçılar İttifaqının 10 may 1944-cü il tarixində keçirilən müşavirədə millətçi çıxışına görə vəzifəsindən azad edilən S.Vurguna bir gün sonra “məxfi” məktub göndərib, təşkilatlarına rəhbərlik etməyi ondan xahiş etmişdilər. Məktubda deyilirdi: ”Hörmətli Səməd, bu məktubu yazan bizlər - zəncirlənmiş Azərbaycan xalqının vətənpərvər gəncləri çox şadıq ki, bizim bu cür agır şəraitdə olsa belə, böyük şairimiz vardır. Biz Sizinlə, Sizin sənətiniz və tutdugunuz müqəddəs amalla fəxr edirik...

Bizim bu məktubu yazmagımıza əsas səbəb sizin son çıxışınız oldu. Həmin çıxışınız bizə Namiq Kamalın bu sözlərini xatırlatdı: ”Ədəbiyyatsız bir xalq dilsiz insana bənzər. Dil kəsənlər isə cəlladlardır”.

Siz heç bir şeydən çəkinməyin. Bütün xalq sizinlədir! Biz gənclər isə Siz ziyalılardan dərs almaq istərdik. 11 may 1944-cü il. Dönməzlər”(Z.Bünyadov. Qırmızı terror. B., ”Azərnəşr”, 1993, s.307-308).

O illərdə Bakıda S.Vurgundan başqa da ziyalılar - şair və yazıçılar, elm və mədəniyyət xadimləri yaşayır və yazıb-yaradırdı. ”Dönməzlər”in onların sırasından məhz S.Vurgunu seçmələri və ona müraciət etmələri - onu özlərinə rəhbər seçmək istəmələri, əlbəttə ki, təsadüfi yox, özlərinin də qeyd etdikləri kimi, ”Səmədin simasında öz həmfikirlərini görmələri” idi. Onların fikri isə “...qolları baglı Azərbaycan xalqının istiqlaliyyəti ugrunda son ana qədər mübarizə aparmaq”(s. 308) idi...”

Təqib və təzyiqlərə baxmayaraq, S.Vurgun təkcə Bakıda yox, Moskvada da milli ruhlu çıxışlar edir və bu səbəbdən də, demək olar ki, qeyri-millətlərdən olan həmkarlarının hamısı onu doğma Vətəninə və soy-kökünə bağlı şair adlandırırdı.

S.Vurğunu “özünün bütün fikirlərilə doğma xalq zəmininə bağlı, qaynar coşqunluğu, qüvvətli istedadı ilə tamamilə Azərbaycana məxsus bir sənətkar” sayan və ilk simfoniyasını Moskvada müvəffəqiyyətlə ifa edən bir azərbaycanlı bəstəkar haqqında şahidi olduğu müzakirəni xatırladan Pavel Antokolski bildirir ki, musiqişünaslardan biri həmin bəstəkarın uğurunun səbəbini yaradıcılığında alman bəstəkarı Baxdan tutmuş rus bəstəkarı Musorskiyə qədər, bütün qüdrətli bəstəkarlardan öyrənməsi, faydalanması ilə əlaqələndirirdi. “Onun sözlərindən belə çıxırdı ki, azərbaycanlı bəstəkar öz istedadı üçün Qərbin böyük sənətkarlarına minnətdar olmalıdır.

Bu zaman Səməd Vurğun ayağa qalxaraq, natiqin sözünü böyük bir qızğınlıqla kəsdi və dedi: “Sən düz demirsən, əzizim, heç düz demirsən. Sən bizim bəstəkarın müvəffəqiyyətinin sirrini xalqın özündə axtarmalısan. O, bizim aşıqlardan, Üzeyir bəydən öyrənmişdir”.

Səmədin sözlərində böyük həqiqət var idi” (P.Antokolski. Səməd Vurğunun xatirəsi. “Drujba narodov” j., 1956, №7, s.144).

***

Milli ruhda yazdığı əsərlər, etdiyi çıxışlar S.Vurğunun M.C.Bagırov tərəfindən, qeyd etdiyimiz kimi, təkcə 1930-1940-cı illərdə deyil, 1950-ci illərdə də təqib və təzyiqlərə məruz qalmasına səbəb olmuşdur. Vaqif Səmədoğlu yazır: “1952-ci ildə Səməd Vurğunun həbs olunması haqqında artıq Respublika prokuroru order imzalamışdı... və bizim ailənin Qazaxıstanda gedəcəyi Kustanay vilayətində hətta kəndin adı da məlum idi. İstintaqda Səməd Vurğun dəfələrlə dindirilmişdi. Səməd Vurğunun kitabları kitabxanalardan yığışdırılmış, dramları səhnədən götürülmüşdü. Bu ağır günləri gözləmək dörd aya qədər davam etdi. Özümüzlə cəmi iki çamadan götürməyə icazə vermişdilər” (V.Səmədoğlu ilə müsahibə. Lent.az., 11 noyabr 2009).

Daha sonra V.Səmədoğlu atasının üç ay “əynində pencək, ayağında ayaqqabı” yatdığını, bu əzablara dözə bilmədiyini, ailəsi sürgünə göndərilənə qədər tutulmaq istəmədiyini bildirir: “Sonra anam balışının altından tapançasını tapdı. Yəqin istəyirmiş ki, biz sürgünə göndərildikdən sonra özü intihar etsin. Tapança da marşal Rokosovskinin hədiyyəsi idi” (V.Səmədoglu, orada).

Xatırladaq ki, V.Səmədoğlunun dedikləri Vurğunun M.C.Bağırova ünvanladığı ərizələrdə (Vurğun M.C.Bagırovun “pərdə arxasından dirijorluq etdiyini” - ona qarşı hücumları onun təşkil etdiyini - yaxşı bildiyinə görə opponentlərinə yazdıgı cavabların mətbuatda çap olunmasına icazə verməsi üçün “dirijor”un özünə müraciət etməyə məcbur olur, M.C.Bagırov isə buna icazə vermirdi. ”Aygün” poeması haqqında M.Quluzadənin yazısına S.Vurgunun qələmə aldıgı “Mirzaga Quluzadənin ədəbi səyahəti” adlı cavab məqaləsinin çapına da M.C.Bagırov icazə verməmişdi) və əsərlərində, xüsusilə də çap etdirə bilmədiyi şeirlərdə təsdiqini tapır.

Məsələn, MK-ya 1943-cü ildə etdiyi bir müraciətdən Vurğunun həmin ildə də kitablarının kitabxanalardan, dramlarının səhnələrdən yığışdırılması məlum olur. Yaxud, 1940-cı illərdə də özünə qəsd etmək istəməsi M.Rahimin Vurğun haqqındakı xatirəsinin nəşrə düşməyən hissəsindən də bəlli olur: S.Vurğun intihar etmək istədiyini 1946-cı ilin aprelində yanına gələn M.Rahimə bildirib. S.Vurğunun intihar etmək istədiyini tərcüməçisi A.Adalis də təsdiqləyir. Bu “istək” şairin bir neçə əsərində də özünə yer alıb. Onlardan biri:

El istər hər sözüm, şerim cahanda bir şüar olsun,
Paxıllar cəhd edirlər ki, sözüm gülzarı xar olsun.
...Rəzillər can atırlar ki, rübabim sınsın aləmdə,
Nəsibim, taleyim, haqqım – soyuq bir intihar olsun.


Yeri gəlmişkən: bəzi mütəxəssislər S.Vurğunun ölüm haqqında yazdıqlarını onun “öngörüm”ü - fövqəltəbii vergisi ilə əlaqələndirirlər. Əslində isə onun ölüm haqqında düşüncələrində fövqəlbəşəri heç nə yox idi - o öləcəyini yox, öldürüləcəyini - qətlə yetiriləcəyini dilə gətirirdi (“Bir gün ömrüm gedər bada”; “Məni yelkən kimi qərq etsə də dəryada zaman” və s.) və bu, “təbii” hisslər, onun hər addımda qarşılaşdığı təqib və təzyiqlərin gerçək yaşantıları idi. Və bu yaşantılar, təkcə, 1937-ni yox, həm ondan bir qədər əvvəli, həm də xeyli sonranı qapsayırdı. Ustad şairin 1935-ci ildə (29 yaşında) qələmə aldığı bu qitədəki ölüm xofu 1940-cı illərdə və 1950-ci illərin ortalarına qədər (yəni, şair dünyasını dəyişənə qədər) davam etmişdir:

Döyür pəncərəni qışın rüzgarı,
Vaxtsız ölümmüdür üstümə gələn?!
Çəkilsin gecənin qaranlıqları,
Ömrə son sözümü deməmişəm mən,
Vaxtsız ölümmüdür üstümə gələn?!

Və:

Böyük bir hünərim yoxdur, bilirəm,
Bəzən öz-özümə baxıb gülürəm.
Artıq can üstəyəm, artıq ölürəm,
Şöhrətim quru bir səsdir, a “dostlar”.

Bağırovun Vurğuna qarşı iki qovluq donosu


...Xatirələrdə M.C.Bağırovun S.Vurğunun əleyhinə toplatdırdığı “iki qovluq donos”dan çox danışılır. Xalq şairi Süleyman Rüstəm də M.C.Bağırovun “qovluqlar”la onu və S.Vurğunu təhtid etdiyini xatırladır. Lakin “o qovluqlar”ın sonrakı taleyi, aqibəti, təəssüf ki, hələ də qaranlıqdır. Onların aqibəti bəlli olmasa da, “əməlləri” şübhəsiz ki, bəllidir: ustad şairə “nə dövrana etibarım, nə insana gümanım var” dedirdən də, “sağ əli baltalı ölümün başının üstünü kəsdirməsi” də elə o qovluqlardakılar və onları yazdıranlar olub. Bir də o qovluqlar şairi ikili ömür yaşamaq məcburiyyətində qoyub. Bir tərəfdən o:

Xoşbəxt elimin yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir belə dövran ola bilməz,


- deməyə məcbur olub, digər tərəfdən də:

Biri gedir, biri gəlir paxıların bu dünyada,
Bir iblisdir ilan başlı, balıq qanlı bu insanlar.
Bir şairin yalnız ömrü tor içində gedir bada,
Nə yazıq ki, bu sirrimi nə anlayan, nə duyan var

- gerçəyi ilə üzləşib...
Aslan Salmansoy


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!