Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
4-02-2022, 12:40
BAHALIĞA SEVİNƏN ADAMLAR

Mina Rəşid


Bu gün yaxınlıqdakı mağaza sahibi əlimdəki qablardan öyrəndi ki, filankəsin inəyi quruyub. Amma buna inanmaq istəmədi, öz xislətinə uyğun xüsusi rəy söylədi. Dedi ki, südün, qatığın qiymətini qaldırmaq üçün belə deyir. Hə, donub yerimdə qaldım və bu acgöz, yalançı, şərçi adam məni bu yazını yazmağa vadar elədi. Doğrudan da bəzi adamlar elə bilir, hamı onlar kimi düşünür. Gözü doymayan, bahalığa sevinən, çəkidə aldadan alverçi elə bilir dünya tək puldan ibarətdi. Pula bir büt kimi səcdə edir, o qədər pul düşkünü olub xırdalanır ki, insanlığından əsər-əlamət qalmır.
Yadıma iki qardaşın əhvalatı düşür. Deməli, onlardan birinin 99, birinin isə bir inəyi olur. O 99 inəyi olan qardaşının bir inəyinə göz dikir. O bircə inəyi də onun əlindən qapıb 100 inəkli olur. A.S.Puşkinin çox ibrətamiz “Balıqçı və balıq” nağılında olduğu kimi, acgöz adamlar nəyi görsə qamarlayıb udmaq istəyir. Onlar üçün Vətən, millət, insanlıq, mərhəmət anlayışı olmur. Rüşvət verməsən yüz il də səni işə götürməz, hansısa vəzifəli bir adam tapşırmasa yaxına buraxmaz, kimsəyə rəhm eləməz. Sonra da efirdə, mətbuatda, tədbirlərdə Vətəndən, insanlıqdan, gözəllikdən danışar, gülümsəyər...
Peyğəmbərimiz buyurur ki, insanların təkcə ibadətinə, xarici görünüşünə, sözlərinə deyil, onun pula olan münasibətinə baxın. Onda onun necə bir mömin, səmimi insan olduğunu biləcəksiniz. Doğrudan da, həyatda gördüklərimiz, öyrəndiklərimiz bu fikri təsdiq edir. İlk mətbuatımızın banisi H.b.Zərdabi millətin balalarını oxutmaq üçün xeyriyyə cəmiyyətinə pul toplayanda da, bizim bığıburma bəylərimizin, imkan sahiblərimizin necə bir xislətə sahib olduğunu öyrənirik. Bu gün də belə adamlar var. Bahalığa sevinən alverçilər, faizlə pul verənlər, baş kəsənlər, ev yıxanlar...
Deyir, aclıq bir il gedər, töhmət min il. Pandemiya şəraitində sərt karantin dövründə insanlar bir-birinə dayaq oldu, əl-ələ verib o çətin günləri, ayları arxada qoydular. Fəqət bu fürsətdən sui-istifadə edən məmurlar, icra başçıları da oldu. Məsələn, dövlətin dəstək göstərərək imkansız ailələr üçün ayırdığı yardımlar hansısa icra başçısının evindən çıxanda adam dəhşətə gəldi. Hələ on illərlə hansısa imkansız ailənin sosial müavinətini mənimsəyənlər, imkanı ola-ola hökumətin 190 manatına da göz dikənlər meydana çıxdı...
İndi kimi bahalığa sevinir, kimi də, təşviş içindədi. Amma ruzini verən Allahdı. Həyatda gördüklərimizdən, ağır vaxtlarda başımıza gələnlərdən öyrəndim ki, insan gərək pula görə ləyaqətini itirməsin...
4-02-2022, 12:20
Qızıl mədənləri ilə zəngin Vərziğan əhalisi səfil gündədir


Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin cümə imamı Mehdi Purməhəmməd bölgənin qızıl və mis mədənləri ilə zəngin olmasına baxmayaraq, əhalinin səfil gündə yaşadıqlarını etiraf edib:
“Qızıl və mis mədənləridə daxil olmaqla çox sayda təbii sərvətlərə malik olmağımıza baxmayaraq, bölgədə infrastruktur yox səviyyəsindədir, əhali ağır durumda yaşayır və hələdə məsulların onlara diqqət ayırmasını gözləyirlər”.
Cümə imamı xüsusilə “Süngün” mis mədəninin fəaliyyətinin əhaliyə heç bir xyirinin olmadığını, ondan əldə edilən gəlirdən işsizliyin, tibbi mərkəzlərin, yolların, içmıli suyun, kanalizasiya sisteminin və başqa bu kimi vacib ehtiyacların həlli üçün vəsait ayrılmadığını qeyd edib.
“Müxtəlif çətinliklərdən əziyyət çəkən Vərziğan əhalisinin əyalət valisinə dəfələrlə müraciət etməsinə baxmayaraq o bölgəyə səfər etməyib”-deyə, Purməhhəmməd Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəmi tənqid edib.

O, “İran Milli Mis Şirkəti”nin 3 öncə “Süngün” mis mədənindən əldə edilən gəlirlərdən bir hissəsinin bölgədə işsizlik probleminin həllinə görə sərmayə qoyacağı barədə vədini xatırladıb.
“Hamı bilməlidir ki, İran Milli Mis Şirkəti Azərbaycana diqqət ayırıb sərmayə qoymaq istəmir”-deyə, cümə imamı şirkətin Azərbaycana qarşı qərəzli davrandığını bildirib.
Vərziğanın cümə imamı höccətül-islam Mehdi Purməhəmməd bundan öncədə bu sayaq tənqidi və sərt çıxışları ilə medianın diqqətində olub.
Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.
Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.
Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir.
Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.
4-02-2022, 12:17
Siyasi məhbus Əlirza Fərşinin məzuniyyət müddəti uzadılıb

Yanvarın 9-da Tehranın “Fəşafuyə” zindanından tibbi məzuniyyətə buraxılan ana dili fəalı, siyasi məhbus Əlirza Fərşinin tibbi məzuniyyət müddəti həkim arayışı əsasında uzadılıb. Bu barədə siyasi məhbus Əlirza Fərşi fevralın 2-də özünün sosial media hesabında yazıb. O, əməliyyatdan sonra müalicə prosesinin davam etdirilməsi üçün məzuniyyət müddətinin daha bir həftə uzadılması barədə qərarın Baharistan şəhərinin Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinin hakimi Vəliullah Heydərnejad tərəfindən verildiyini bildirib.
Milli fəal yanvarın 27-də elektron qandalla Tehranın “Bina” xəstəxanasına yerləşdirilib və gözündən əməliyyat (Kornea transplantasiyası) edilib. Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.
4-02-2022, 12:15
Ərdəbil İranda yoxsul əyalətlər sırasındadır


İran Statistika Mərkəzinin son hesablamalarına görə, Ərdəbil İranda yoxsul əyalətlər sırasındadır. Məlumatda Ərdəbil əyalətinində yoxsulluq səviyyəsinin ölkə üzrə ortalama göstəricidən yüksək olduğu bildirirlir. Rəsmi statistikada ölkədə ailələrin 22,8%-nin mütləq yoxsulluq həddində olduğu göstərilib. Hesabata əsasən mütləq yoxsulluq səviyyəsinə görə, Sistan və Bəlucistan əyaləti hələ də ən pis vəziyyətdədir və orta hesabla bu əyalətdəki ailələrin 51,4%-i mütləq yoxsulluqdan əziyyət çəkir.
Statistika Mərkəzinin məlumatına görə, yoxsulluqdan ən az əziyyət çəkən əyalət 11.1% yoxsulluq göstəricisi ilə İranın mərkəzində yerləşən fars dilli Yəzd əyalətidir. Ərdəbil əyaləti geniş potensialına, kənd təsərrüfatına, yeraltı və yerüstü sərvətlərinə baxmayaraq yoxsulluq sıralamasında ölkə üzrə 12-ci yerdə qərar tutub.
4-02-2022, 12:13
İran hakimiyyətindən şovinist addım


Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Qasım Nazimi Azərbaycan türkcəsində çəkilən “Qolçaq” filminin “Fəcr” film festivalına buraxılmamasına etiraz edib.

O, məsələ ilə bağlı film festivalının mərkəzi qərargahına, festival katibliyinə etiraz məktubu yazdığını və bunun səbəbini soruşduğunu qeyd edib:
“Tərəfimizdən məsələ izlənilir. Onlar bizə bildiriblər ki, filmin məzmunu dialoqlardan ibarətdir və dil türkcə olduğu üçün münsiflər heyəti onu anlamaqda çətinlik çəkir. Bu üzdən festivala buraxılmamasına qərar veriblər”.
Qeyd edək ki, Güney Azərbaycanın türkcə “Qolçaq” filmi hər il İranda keçirilən Beynəlxalq Fəcr Film Festivalına buraxılmayıb. Münsiflər heyətinin üzvləri bunu filmin türkcə olduğu ilə əlaqələndirirlər.
“Qolçaq” filminin rejissoru bundan öncə türk dilində çəkdiyi “Ev” filmi ilə Güney azərbaycanlıların rəğbətini qazanan tanınmış rejissor Əsgər Yusifinejaddır.
Bu, ilk hərəkət deyil və bundan öncə 2019-cu ildə türk dilində olan “Atabay” filmi də bir sıra şovinist dairələrin qəzəbi ilıə qarşılanmışdı.
Fars dilli jurnalist Əmir Fərzullahi “Atabay” filminin təqdimat mərasimində dediyi sözlər qəzəblə qarşılanıb.
“İranın rəsmi dövlət dili fars dilidir. Kimsənin haqqı yoxdur bu ölkədə türk dilində film çəksin”-deyə, şovinist yazar bildirib.
Filmin ssenari müəllifi və oyunçusu Hadi Hicazəfər fars jurnalistə sərt cavab verib:
“Sənin düşüncələrin faşizmə dayanır. Kimsənin türk dilini təhqir etmək haqqı yoxdur. Ölkə konstitusiyasına görə, türk dili məktəblərdə tədris olunmalıdır”.
4-02-2022, 12:10
Təbrizli bəhai müvəqqəti azadlığa buraxılıb

Yanvarın 17-də təhlükəsizlik məmurları tərəfindən Təbrizdə həbs olunaraq ETTELAAT təcridxanasına aparılan bəhai dininə mənsub Sina Şəhri fevralın 2-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Sina Şəhrinin evində qanunsuz olaraq məhkəmə hökmü olmadan axtarış aparan təhlükəsizlik məmurları, ona məxsus bir neçə şəxsi əşyanı,o cümlədən bilgisayar və mobil telefonunu götürüblər.
Girov qarşılığında sərbəst buraxılan Sina Şəhrinin nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.
Ehtimal edilir ki, onun həbs edilməsinə səbə bəhai təriqətinə mənsub olmasıdır.
Yanvarın 22-də isə Sina Şəhrinin xanımı Nigar Nəsiri İran Təhlükəsizlik Nazirliyinin Təbriz bölməsinin “27-ci otaq” kimi tanınan informasiya şöbəsinə çağrılmış, yanvarın 23-də isə dindirilmişdi.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.
Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.
1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.
4-02-2022, 12:03
Zəncanda su qıtlığı



Güney Azərbaycanın Zəncan şəhərinin icra başçısı Pərviz Xaliqi şəhər və ətraf kəndlərin əhalisinin qış aylarında da su qıtlığından əziyyət çəkdiyini bildirib.
O, ətraf kəndlərdə əkin yerlərinin suvarılması üçün davamlı problem yaşandığını və bunun həlli üçün tədbir görülmədiyi təqdirdə yaxın gələcəkdə daha ciddi böhranın baş verəcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Zəncan əyalətində su və kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulan layihələr vəsait çatışmazlığı ucbatından yarımçıq qalıb. Əyalətdə su və kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulan layihələri tamamlamaq üçün 2500 milyard tüməndən çox vəsaitin lazım olduğu bildirilir.
Əlirza Cüz Qasimi Zəncan şəhərinin içməli su təminatı üçün nəzərdə tutulan layihələrin də yarımçıq qaldığını, 500 milyard 300 milyon tümən vəsait tələb olunduğunu deyib.
4-02-2022, 11:56
Ustadımızın Ustad yaşı


O, maarif və mədəniyyət məbədinin beşiyində böyüdü. Bu məbədin işığında müqəddəs amalı yolunda canını şamtək əritdi. Məbəd işığı onun varlığı ilə daha da nurlandı. Daxilində təmiz qəlbi, göylərdə saf ruhu bir-birinə dayaq oldu: həyatı və yaradıcılığı qəlb və ruh birliyi şəklində bugünədək mənəvi saflığını, mənəvi ucalığını qoruyub saxladı. İnsanlarla şəfqətlə davranması, həlim xasiyyəti, gözəl əxlaqı, saf qəlbi ona müqəddəs bir yol açdı. Bu, seçilmişlərin yolu idi. Bu yolda: qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, çətinliyə şükürlə, cəzaya bağışlamaqla cavab verdi.
Bu gün Yunus Əmrə kimi qəlbi Çələbin taxtı bilən, Nəsimitək Yaradanın nurunu əməllərində təcəlla etdirən Ustadımızın - BDU-nun Jurnalistika fakültəsinin Professoru Cahangir Məmmədlinin ömür təqviminin yeni ilidir. Bu gün qəlbi nurla nurlanan, ruhu saflıqla saflanan müəllimimizin xeyirxah əməllərilə Yaradana yar - bəndə olduğu gündür.
O günlər Azərbaycanın tarixi talehi ilə bərabər, həm də talehi tarixi - müqəddaratı həll olunurdu. Alman qoşununun Volqaya çıxması nəticəsində Bakı ilə əlaqə kəsilmişdi. Düşmən ordusunun Qafqaza yaxınlaşmasının acı xəbərini isə indi də sözlə ifadə etmək çətindir. İkinci dünya müharibəsinin ən qanlı-qadalı, xalqın sabaha ümidini itirdiyi bir zamanda Novruzlu kəndində öz sabahkı dərdi ilə birlikdə doğuldu Cahangir Məmmədli.
O, hər an öz dədə-baba yurduna bağlılığı, ruhunun dolaşdığı, qəlbinin xatırladığı və dilindən düşmədiyi elinə-obasına sonsuz sevgisi ilə seçildi. Hətta bu yaxında saytların birində bir daha böyük qürurla dedi: "Mənim dünyada ən əziz yerim Novruzlu kəndidir". Əlavə edərək: "Bu el Xudu Məmmədov, Rafiq Əliyev, Əli Əmirli və digər şəxsiyyətlər yetirib" - söylədi.
Bu, "mikro Vətən" (C.Məmmədli) həm də Sizi Azərbaycana yetirib, Ustad! Siz bu kəndə çörəyi yetirən torpağı, bu torpağa bərəkət gətirən yağışı, ("Beşinci fəsil" filmində doğma torpaqda Vətən yağışı altında təpədən-dırnağa qədər su içində öz fikirlərini tamaşaçıyla bölüşməyiniz yadımdan çıxmır) həmçinin göyün xoşbəxtlik və kədər damcılarını müqəddəs səmadan bizlərə bəxş edən Yaradanı sevdiniz və gördünüz. Bəli, gördünüz, bəsirət gözü ilə.
Novruzlu kəndinin kimsəsiz bir yerində böyüdünüz. Fəqət, Yaradanın sevgisi və nəzəri ilə. Atasız böyüməyinizə baxmayaraq, böyük məhəbbətlə "Ata Canı" kəlməsini Sizin dilinizdən eşitdik. Valideyn sevgisi görməsəniz belə, ancaq Vətənə, el-obaya, dosta, tələbəyə, doğma Bakı Dövlət Universitetinə olan sevginiz hər birimizə örnək oldu. Maddi-mənəvi dəstəkçiniz, Ağdamın sayılıb-seçilən ziyalılarından olan filosof Zeynal Məmmədli isminə sevginiz hər zaman qəlbinizdə yaşadı, dilinizdən xatırlandı. Heç bir zaman, hətta Ustad məqamınızda belə, bir vaxtlar Sizə dəstək olan müəllimlərin(m)izi: Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Firidun Hüseynov, Ağamusa Axundovu… unutmadınız. Üstəlik, gənc jurnalist nəslinə də tanıtdınız.
Sizin Yaradan qarşısındakı əməlləriniz, həyatın ağrı-acısını qəlb və ruhunuzla Rəbbin qismət payı kimi qəbul etməyiniz, bizlər üçün örnəkdir. Siz Pərvərdigarın mətbuatımıza qismət etdiyi fikir, tələbələrinizə müəllim, cəmiyyətimizə isə ziyalı payısınız.
Mövlana Cəlaləddin Ruminin: "Aclığa səbr - oruc, ağrıya səbr - mətanət, insanlara səbr - xoşgörüş, istəyə səbr - dua, duyğulara səbr - gözyaşı, darıxmağa səbr - həsrət, sevgiyə səbr - eşq" fəlsəfəsini Ustad Cahangir Məmmədli ömrünün qısa xronologiyası kimi də qeyd etmək olar. Sual yarana bilər: "Nə üçün?" - Bu dəqiqə deyim. Çünki hər çətinliyə qatlaşan insanlar bədənində daşıdığı canı ilə, ərşi-gürşü xəlq edən Sübhanın öz ruhundan bəndəsinə üfürdüyü ruhu ilə, yeri - göyü Yaradana, Yaradanın yaratdığı yaradılışa - bəndəyə heç vaxt çınqır - çınqır qorranan qəlbinin göynəltisini hiss etdirməzlər. Torpaq dərd əlindən qayalaşsa da, ancaq bu böyük insanlar Yaradanın dərdini də dərman bilərlər: bu, səadət dərmanı adlanar.

Professor C.Məmmədli Jurnalistikaya, elmə, bədiiliyin yüksək mərhələsinə, hətta yazılarında boya-başa çatdığı Ağdama - Novruzluya, Vətəninə - Azərbaycana bir sözlə tüm yaradıcılığına, dünəninə və bu gününə, eləcə də sabahına fəaliyyətilə sədaqətli oldu - səadət günəşitək doğdu. Məişət xırdalıqlarından, dedi-qodulardan kənar gəzən, yaradıcılığı Vətən – xalq – el-oba idealları ilə mayalanan, məmləkətinin səadəti yolunda öz canını fəda etməkdən çəkinməyən vətəndaş - jurnalist Cahangir Məmmədli haqqında hələ o zaman "Anlamaq dərdini anlamaq səadətinə çevirən adam" başlıqlı yazı yazmışdım. Bilirik ki, Yaradana xitab şeirilə başlayan "Qutadqu Bilik" əsəri "səadət gətirən elm" mənasını verir. Bu əsəri zaman-zaman işıqlı ziyalılarımız Kamil Vəliyev, Ramiz Əsgər və Xəlil Rza Ulutürk tərcümə etmişlər. Xəlil Rza Ulutürk də xalqın səadət şairi idi. Məhz onun yazdığı "Anlamaq səadəti" şeirini də adını yuxarıda çəkdiyim yazıma əlavə edərək, Ustad müəllimimə xitab etmişdim. Sanki bu şeirdə Xəlil Rza Ulutürk Ustad müəllimimiz - Cahangir Məmmədli talehini yaratmışdı:
Mən səni duyuram, bilirəm, ustad,
İdrakın əlindən nələr çəkmisən.
Qələmdən kağıza söz yox, sətir yox,
Beyninə dağ basan odu tökmüsən.
Yaxud:
"Ən böyük dərd imiş anlamaq dərdi!" –
deyib…
İçin-için gizli yanmısan.
Dərk edə bilsəydi, dağ əriyərdi,
Sən dağdan-qayadan mərd dayanmısan.

Həqiqətən də, Ustad müəllimimiz zamanın çətinliklərinə mərdliklə, dəyanətlə sinə gərdi. Qəlbi və ruhu ilə Yaradana bağlandı. İnsanpərvərlik hissilə aşiqi-hürriyyət olmağı bacardı. Mükafatını da insanlığa hizmətdə arayaraq yüzlərlə, minlərlə tələbə sevgisini əbədi qazandı. Bütün bunların - müəllim-tələbə sevgisinin mayasında saf ruh və təmiz qəlb vəhdəti dayanır. Qəlb - mənəvi varlığın ifadəsi, ruh - müqəddəs ucalığın təzahürüdür. Bu iki cövhər Ustad Cahangir Məmmədlinin həyat kredosunu təşkil edir.
"Qəlb" və "Ruh" xeyirxahlığın, nəcibliyin... nüvəsidir. Sözlərin birliyi - ikilik, mənəvi birliyi - əkizlik yaradır.
Əziz oxucu, ürəkdən axan söz nəhrinin, fikir bəhrinin önünə sədd çəkmək istəməzdim, ancaq bu məqamda kiçik bir haşiyə çıxmağı özümə borc bildim, bunu mövzudan kənara çıxmaq kimi qəbul etməyin. Bu kiçik fikirlər oxucu və müəllif qəlbinə uzanan işığı zəiflətməyəcək, əksinə, daha da gurlaşdıracaq, çünki mövzumuza təkan verir. Təki anımız - təkanımız qəlb və ruh bağlılığı ilə keçsin.
Kolumbiya Universitetinin professoru Kelli Hardinq qeyd edirdi ki, iş yerində, məktəbdə və evdə şəfqətli olmaq insanın özünü və başqalarının xeyirxahlıq duyğusunu inkişaf etdirir. Beləcə, ali hissin toxumları ətrafa yayılaraq insanlara "yoluxur": İnsan daxilində var olan, ancaq varlığı bilinməyən insanlıq duyğusunu "oyadır".
Təbəddülatlı dünyada bəzi məqamlar birmənalı qarşılanmasa da, ancaq böyük bir dövlətə uzun illər başçılıq etmiş B.Obamanın sözləri yarımçıq insanlara, yarı yolda olanlara, yarım qalan fikirlərə tamlıq bütövlük gətirir: "Yaxşılığın, mərhəmətin, xeyirxahlığın zəifliklə heç bir əlaqəsi yoxdur".
Rus qələm adamlarından biri cəmiyyətin mənəvi və fiziki qeydinə qalan böyük (sözün hər mənasında) Anton Çexov haqqında yazırdı: "Xalqımızın ən gözəl oğulları təvəzökar olublar. Onlar özünü tərifləməklə, özgəyə gülməklə, özlərini başqa adamlara misal çəkməklə məşğul olmurdular".
Çexovun əsərləri, hekayə və yazıları ilə Cahangir Məmmədli yaradıcılığı arasında kəsişən bir xətt var. Bu kəsişmə: İnsan qəlbindəkiləri hiss etmək, ruhun ağrı-acılarını duymaq, yüksək alicənablıq, cəmiyyətdə barışdırıcı mövqe, bir sözlə mənəvi dərinliyə varmaq və bu dərinlikdə var olmaqdan irəli gəlir. Çexov bir həkim kimi, bir yazıçı kimi, Cahangir Məmmədli də bir vətəndaş kimi, bir jurnalist kimi bilirdi: Cəmiyyət daxilində mütləq barışıq olmalıdır. Hər iki insanın qələmi qarışıqlıqdan uzaq, qar işığı qədər parlaq idi.
Cahangir Məmmədli haqqında xoş sözlər çox eşitmişdim. Ancaq dahilərin bir sözü var ki, səmimiyyəti hiss etmək üçün mən öz gözlərimə inanıram, nəyinki eşitdiklərimə. Həqiqətən də Cahangir Məmmədlini tanımaq və onun nəcibliyinə, səmimiyyətinə bürünmək insanı bir ömür boyu xoşbəxt edir. Bu məqamdaca gəlin C.Məmmədlinin "Universitet yolumun ilk çırağı: professor Firidun Hüseynov" başlıqlı yazısından bir hissəyə nəzər salaq: "İnsan taleyinin qəribə anları olur. Bəzən bir anın, bir dəqiqənin hansısa hökmü bütöv bir ömrün, bütöv bir həyat yolunun dönüş nöqtəsi olur və bu nöqtə səni zamanın sınaqlarından çıxarıb, sonunda təmiz dünyaya qovuşdurur". Biz də Cahangir Məmmədlini tanımaqla, təmiz dünyanın xoşbəxt sakininə çevrildik. Bu xoşbəxtlik isə bir an deyil, bir ömür boyu bizimlədir.
Bu xoşbəxtliyə gedən yol 1 Avqust 2019 -cu ildə baş tutan qabiliyyət imtahanı ilə başladı. Düzü, mən də Cahangir Məmmədlinin "Jurnalistikanın müasir inkişaf meylləri" kitabı vardı. İmtahan zamanı "İnformasiyanın həyatımızda rolu" mövzusunu seçdim. Bundan iki gün öncə isə adın qeyd etdiyim kitabdan "İnformasiya janrları" haqqında oxumuşdum. Əlqərəz. Beləcə, bir neçə gündən sonra qabiliyyət imtahanının ən yüksək balla qalibiyyət sevincini yaşadım. Elə buradaca qara üzlüklü kitabımızın ağ səhifələrinə təşəkkür edirəm. C.Məmmədli demişkən: “Hər nə varsa kitabdan başlayır”- müəllimimin icazəsilə fikirlərinə əlavə edərək deyərdim: “Elə kitabla da davam edir”.
Elm adamlarından biri deyirdi ki, müəllim dərsə və ya auditoriyaya daxil olanda tərləyib çıxmalıdır. Bu fikir Cahangir Məmmədlinin dərs zamanı auditoriyada yorulmaq bilmədən ayaq üstə mühazirə deməsində, hər tələbə ilə fərdi işləməsində və dərsdən sonra da tələbələrə can yandırıb onlara zaman ayırmasında öz təsdiqini əyani şəkildə tapır. Ustad müəllimim dərsdən sonra yazılarımı oxuyur və düzəlişlərini edirdi. Hər dəfə mütləq mənə qəzet və kitab hədiyyə edirdi. İndi də o qəzetlərdən, kitablardan yararlanıram. Cahangir müəllimlə istər imtahan öncəsi, istərsə də hansısa bir yazı haqqında saatlarla telefonla danışırıq. Bir də heç zaman mənim sosial şəbəkədə yazdığım statusları - yazıları cavabsız qoymur.
Cahangir müəllim fikir adamıdır, həm də bu fikirlərini tanıdıqları ilə bölüşəcək qədər mərd adamdır. "Ən nadir mərdlik, fikir mərdliyidir." (Anatol Frans) Çalışır ki, tələbə öyrənsin. O, bu gün bütün canı və qanı ilə tələbələrə yorulmadan, usanmadan təhsil xəzinəsinin qapılarını elm açarı ilə açmağı öyrədir. Qəlbinin isti qanı ilə, ruhunun istiqanlığı ilə hər məsələyə doğma valideyn kimi, əziz dost kimi münasibətin bildirir. Yazı əsnasında dəfələrlə qeyd etdiyim kimi: Bütün bunlar ruh və qəlb işidir.
Verilişlərin birində sevimli şairimiz Nəriman Həsənzadə görkəmli yazıçı, alim, müəllim Mir Cəlal Paşayev haqqında belə bir fikir söylədi. Sitat: "Cəlal müəllim mənim kiçik bir şeirimə, mətbuatda çıxan yazıma elə qiymət, elə dəyərli fikirlər söyləyirdi ki, bu qiymət məni ruhlandırırdı". Bütün bu məziyyətləri Cahangir müəllimdə də görürük. O da eynilə böyük ədibin sevimli şairə göstərdiyi səmimiyyəti biz tələbələrinə göstərir. Səmimiyyət heç vaxt saxtalığı, riyakarlığı, bəsitliyi, natamamlığı, qəbul etmir. Səmimiyyət üzdən, gözdən göründüyü kimi əməldə də daim təzə libas kimidir.
Cahangir Məmmədli öz daxilində həmişə mənəvi ucalığı, ülfəti, saflığı hifz edib, qoruyub saxladı. Ani bir xoşbəxtliyi ruhunu və qəlbini uca tutan əzabdan üstün bilmədi. Belə olan halda insanın ruhu da, qəlbi də saflığa köklənir: Qəlbin sarı simi, ruhun ağ simi kökdən düşmür, həmahəngliyini… itirmir.
Əbdürrəhim bəy Haqverdiyevin məşhur hekayələrinin birində şeyda bülbül tardan çıxan səsdən ehtizasa gəlib özünü alətə çırpır. Bunlar hamısı ruhla, qəlblə bağlı məsələdir. İstənilən alimin, sənət adamının və ən sadə insanın belə qəlbi, mənəvi aləmi zəngin deyilsə, o heç vaxt istər yaradıcılıq əsərlərində, istərsə də özünü ifadə tərzində mənəvi ucalığa yüksələ bilmir. Hətta hürufiliyə görə kamil insanın bütün müsbət keyfiyyətlərini daşıyan Nəyimi də Həzrəti Adəmin ruhunun daşıyıcısıdır. Nəsiminin özü də böyük Ustadı Fəzlullah Nəyiminin saf mənəviyyatının daşıyıcısı idi. Nəsimi öz şeirlərilə əsrarəngiz böyük bir fəlsəfi, poetik, qeyri-adi səslənən fikirləri yaradıcılığına gətirdiyi kimi doğruluq, dürüstlük, saflıq kimi ruhi- mənəvi keyfiyyətlər ruhun daşıyıcısı olaraq müəllimdən tələbələrinə keçir, ötürülür. Əbəs yerə deyildi ki, Nəsimi müəllimi Fəzlullah Nəyimi haqqında deyirdi ki, o, "haqqın məzhəridir" – əlbəttə, özündə də ondan mütləq bir zərrə daşıyır.
Bir neçə il bundan öncə Şəkidə ənənəvi “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirildi. Açıq havada, güllü-çiçəkli məkanda dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Yuxarı Karvansaray”da nümayişi zamanı yerli, həbelə əcnəbi qonaqların diqqətini çəkən və hər kəsin marağına səbəb olan nadir hadisə baş verdi. Leylinin ifası zamanı ağ göyərçin səhnənin yaxınlığında dayanaraq dahi Nizami sözünün qüdrətinə, Üzeyir bəyin musiqisinin ruhuna sanki səcdə qılaraq ecazkar musiqini dinlədi və ifa tamam olandan sonra pərvazlanıb səmaya qalxdı. Bu az təsadüf olunan hadisə hamının diqqətinə, marağına və heyrətinə səbəb oldu. Baxın, bütün bunlar dəfələrlə qeyd etdiyimiz kimi, gözlə görünməyən ruhun daşıyıcısıdır.
Ədəbiyyatımızın söz mülkünün sultanı - Nizami, qiymətli gövhəri - Nəsimi, qəlb və ruh şairi isə Füzulidir. Yazının sonuna yaxın qəlb şairi Füzulinin adını heç də təsadüfi çəkmədik. Çünki dahi şairimizin yaradıcılığının qayəsi olan: pak hisslər, qəlblərə münəvvərlik, saf məhəbbət, yüksək mənəvi zövq, insani ləyaqət, etibarlılıq və ən əsası güclü əxlaq özünü məhz Cahangir Məmmədli həyatında və yaradıcılığında sözün tam mənası ilə təcəlli etdirir.
Qəlbi nurla nurlanan, ruhu saflıqla saflanan Ustadım - Cahangir Məmmədli, ustad yaşınız mübarək olsun. Bu yaşın 8 rəqəmi həm də sonsuzluğa işarədir. Bu, tələbənin müəlliminə olan sonsuz sevgisinin rəqəm təzahürüdür. Ustad, sizə sonsuz xoşbəxtlik, sonsuz sağlıq və ömrünüzə sonsuz bərəkət arzu edirəm.
Yaxşı ki varımızsınız! Varlığınız mübarək!
Əsgər İsmayılov,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi

Redaksiyadan: Cahangir müəllim bizə ilk dərsi keçəndə indiki yaşının yarısındaydı. Elə onda da tələbələrinə eyni sevgi, eyni hörmətlə yanaşırdı. İlk gündəncə bizə tələbə kimi yox, həmkar kimi yanaşırdı və bu yanaşmanın cavabını daha çox sevgiylə alırdı. Müəllimimizi yaradıcı kollektivimiz adından da təbrik edirəm. Mən tanıdığım dövrdən sonrakı ömrünü səksənə çatdırmasını arzulayıram!
Dərin ehtiramla: Tamxil Ziyəddinoğlu
4-02-2022, 11:51
Türkiyə parlamenti Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ


Türkiyə Böyük Millət Məclisi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib.
TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi həmin komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.
Daha sonra Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı TBMM-də səsvermə keçirilib. Qanun layihəsinin lehinə 266 deputat səs verib.
Qeyd edək ki, Azərbaycan Milli Məclisi Şuşa Bəyannaməsini fevralın 1-də təsdiqləmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!