Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
13-05-2022, 07:38
NƏZAKƏT MƏMMƏDOVA YARADICILIĞINDA VƏTƏNPƏRVƏRLİK DUYĞULARI

NƏZAKƏT MƏMMƏDOVA YARADICILIĞINDA VƏTƏNPƏRVƏRLİK DUYĞULARI
(“Müasir poeziyamızda Qarabağ ağrıları” silsiləsindən)

Nəzakət xanımla ilk görüşümüz Əlyazmalar İnstitutunda keçirilən bir yığıncaqda olub. Sonralar “Xatirə kitabı” redaksiyasında bir neçə dəfə görüşüb söhbətləşmişik. Mənə özünün iki şeir kitabını və haqqında yazılmış kitabları verdi. Elə həmin gün şeir toplularını oxudum. Sadə, səmimi insan təsiri bağışlayan, əsl qadın xarakterinə malik bu xanımın şeirlərini oxuyanda bir qədər çaşdım. Xüsusilə də vətənpərvərlik mövzusunda yazdığı şeirlərdəki siqlət bir qadının qaldıra biləcəyi yükə bənzəmirdi. Elə diqqətimi çəkən və bu yazını yazmağıma səbəb olan da bu oldu. Müəllifin “Qarabağ qoxusu” adlı şeirində bir haray, bir hayqırtı var.

Gözüm arzu dolu körpülər salır
Üzü Qarabağa gedən yollara.
Qəlbimdə sönməyən ümid əl edir
Bizdən ayrı düşüb itən yollara.

Könlüm daşa basır ayrılıqları,
Ruhumdan Qarabağ qoxusu gəlir.
Adını çəkdikcə Mübarizlərin,
Vətən ağrısının yuxusu gəlir.


İllərlə sönmüş ocaqların həsrətini çəkən, qəlbinin odunu yığıb o ocaqları qalamağa, yenidən alışdırmağa gedəcəyi günü gözləyən, Xarı bülbülün ağlar gözünü silməyə Allahdan ümid diləyən, Qarabağ yollarını misra-misra gəzən şair sonda fikrini belə yekunlaşdırır: “Hər vətən övladı qarabağlıdır”. Sona Vəliyeva Nəzakətin “Yurd dediyim bu torpaq” kitabına yazdığı “Ruhun poetik yaddaşı” adlı yazısında şairin Qarabağ ağrı-acısını dindirərək yazır: “Nəzakət xanımın misraları yol olub Şuşadan, Xankəndidən, Xocalıdan, Daşaltıdan keçib, yol alıb Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Ağdam döyüş meydanlarından keçir, içimizin ağrısına bələnərək ümid-ümid çiçəkləməyə tələsir...”.

İrəvanda gur səsiniz döyünə,
Qarabağda bayrağımız öyünə.
Ayaqyalın gedim o toy-düyünə,
Öpsün Vətən torpağını gözlərim,
Dəysin Vətən torpağına dizlərim.


İllərlə haray çəkib, vətən ağıları yazan, qaçqının, köçkünün yurd dərdini, ataların, anaların oğul dərdini, körpələrin ata dərdini qələmə alan şairin gözləri ağlayır, qəlbi sızlayır. Üst-üsə qalanan dərdlərin dərdini çəkən şair sonda bu dərdləri misralara əkir: “Qayada, daşda da dərdin izi var”, “Yatmış vicdanların qeyrət dərdi var”, “Qanın axıb, bu qan yerdə qalınca, Vətən, bizi bağışlama!”, “Cıdır düzü” deyib könül dağladım”, “Çatlayır nar kimi sinəmdə ürək”, “Ana layla deyir qəbir daşına”, “Sığal çəkib dərd könlünün barına”, Ocağını söndürübsə fələklər, Nə umursan bəxt dediyin çıraqdan”, “Dözməkdən bezmişəm, ruhum ağrıyır”...
Barat Vüsal”Sözdən düşən işıq, yaxud ağrıyan ruh” adlı məqaləsində Nəzakət sözünün işığına bələnib, bu işıqda şairin ağrıyan ruhuna təsəlli verə-verə onun bütün xarakterini açıb göstərir və bir şair kimi bir şair dərdini, bir insan kimi bir insan dərdini, bir vətəndaş kimi bir vətəndaş dərdini açıqlayaraq yazır:
“Nəzakək Göyün Yer dərdini, Yerin Göy dərdini çəkə-çəkə cadar səhraları yağışa, cadar dodaqları neyə həsrət qoymayan şairlərdəndir. Dərdlər içində ən ağır dərdlərdən biri də əlbəttə ki, Yurd həsrətidir, Yurd dərdidir.
Şair dərdlərə laqeyd, biganə qalan, necə deyərlər, şiniyə-şiniyə baxan gözlərin də dərdimiz üstünə dərd gətirdiyinə dözmür...”.

Əliyalın qalan yaralı yurdum,
Boylandı özündən-özünə sarı.
Milli qeyrətimin möhür yeridir
Torpaqda ucalan şəhid məzarı.


Deyən Nəzakətin ağrıları hələ 1988-ci ilin fevralında başlayıb, 1990-cı il yanvarrında dərinləşib, hər rayon alındıqca, yara üstdən yara alan şair qəlbi Allahın verdiyi şair ilhamına üz tutub, şair qələminə sarılıb, misra-misra, şeir-şeir, kitab-kitab yanıb:
“Şəhid qızı” şeirində həm atasız bir körpəyə təsəlli var, həm də ordan şairin atasızlıq dərdi boylanır.

Ağlama, şəhid qızı,
Dərdin mənə tanışdır.
Ürəyim paramparça,
Qəmim naxış-naxışdır.
Ağlama, şəhid qızı,
Mən də ata itirdim;
Atamı itirəndə
Elə sən yaşda idim...


Nəzakətin dərdi illər öncə çiçəkləyib, şair illərlə bu dərdi içində daşıyıb, gizlicə ağlayıb-sızlasa da, yazıb-yaratmağı, ayaq üstdə durmağı bacarıb. Atasız böyüyən, özünü-aldada-aldada təsəlli tapan, ümidin, təsəllinin əlindən tutan şair şəhid qızına da təsəlli verir. Nəzakətin şəhid ağrısını digər şeirlərində də görürük. “Şəhidim” adlı şeirdə qisası alınmayan şəhidlərin ruhunun narahat olduğunu, gerçəklərin yalan olduğunu, gül-çiçəklərin solduğunu, illərdir anaların qara ləçəyini açmadığını, göz yaşlarının sel olduğunu, Vətənə gedən yolların bağlı olduğunu, şəhidlərin ruhu qarşısında xəcalətli olduğumuzu misralayan şair şeiri belə yekunlaşdırı:

Nə qədər ağrın var, ağrınla varam,
Yaramdı köksünün altdakı yaran.
Sən göyddən enəsən, mən burdan duram,
Gələ zəfər günü, gələ, şəhidim.


Hikmət Məlikzadə “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən kodları” adlı kitabında şairin poeziyasını hərtərəfli araşdırmış, şeirləri həm mövzu cəhətdən, həm də bədiilik cəhətdən təhlilə çəkmiş, şairin poetik düşüncələrini, şeirlərdəki obrazları, əsərlərin bədii siqlətini, bədii təsvir və ifadə vasitələrini sitatlar verməklə əyani şəkildə oxucuya çatdırmışdır. Müəllif yazır: “Nəzakət xanım “Yurd dediyim bu torpaq” kitabında mənfi ilə müsbətin çarpışdığı vadilərə, haqqa doğru səmt tapan arzulara boya sürtmək, lirik-ictimai çək-çevirlərində isə poetik ruhunu işığa batırıb oxucu könlünə nur çiləmək israrındadır. Əsas odur ki, o, çılğın fırtınasında da, dəli rüzgarında da hədd gözləyir, duyğularını çağdaş həyatın ən səciyyəvi məqamına yüksəldir”.
Nəzakət xanım həm də gözəl anadır. Üç övlad böyüdüb ərsəyə çatdıran bu xanım həm də zabit anasıdır. Milli duyğulara bələnən, vətənpərvərlik hisslərilə yaşayan, yazıb-yaradan şairin oğlu Ramilə ünvanladığı “Mən zabit anasıyam” adlı şeirdə də analıq hissi ilə yanaşı vətəndaşlıq hissi görürük.

Şükür, sənin yanında alnım açıqdır, Vətən,
Bir cəsur, bir qəhrıəman oğul böyütmüşəm mən.
Bir qarış torpaq üçün canını fəda edən,
Bayrağına, himninə, şərəfinə and içən
Zabit anasıyam mən!


Düşmən oyaq olduğu üçün rahat yuxu yatmadığını, içində intiqam hissinin çoşub-çağladığını qeyd edən şair sonda oğluna müraciət edərək “Səni Vətənə verdim, Sən Vətənin oğlusan” deyir.
Nəzakət Məmmədovanın Xocalı faciəsinin 25 illiyinə həsr etdiyi, vətənpərvərlik duyğularının zirvəsi olan poeması elə “Şəhid zirvəsi” adlanır. Şəhidlik zirvəsini ən uca məqam hesab edən müəllif bu poemada xalqımızın qarabağ ağrılarını poetik obrazlarla qələmə almışdır. Əsərin proloqunda “Elə bil səngər tək qazılıb sinəm”, “Ruhu Qan ağlayır Molla Pənahın”, “Böyük Pənah xanın ruhu göynəyir”, “Həsrətdən üşüyür Bülbülün səsi” deyən şair Şuşa, Laçın nisgilinin millətin köksündə dağ olduğunu qeyd edərək fikrini belə yekunlaşdırır:

Boylanır yaddaşın binələrindən
Bir ovuc bayatı, bir yarpaq ağrı.
Vətən ağrısını duymayan ömrü
Heç vədə isitməz Vətən torpağı.

Poemada müəllifin Qarabağ ağrıları, Xocalı harayı, vətənpərvərlik duyğuları, ürək çırpıntıları poetik boyalarla öz ifadəsini tapmışdır. Burada maraqlı obrazlar diqqəti çəkir: “Didərgin naləsi yurd yerlərində Matəm bayrağı tək dalğalanırdı”, “Qana bələnmişdi şirin arzular, Ümid çəkilmişdi dara saçından”, “Qisməti elə bil gəlmişdi qara Vətənin ömründən keçən yolların”, “oğullar yazırdı ürək qanıyla Tarixə millətin hesabatını”, “Hönkürə-hönkürə axırdı sular, Yolların üzündən kədər yağırdı”, “Barıt tüstüsündə, mərmi odunda Göz yaşı içirdi körpə arzular”, “Xəyanətkəsmişdi bəndi, bərəni, Hünər körpə kimi iməkləyirdi”.
Poemanın V hissəsi və epiloqunu oxuyanda adama elə gəlir ki, müəllif bu hissələri “Zəfər günü”ndən sonra yazmışdır:

Vətənin ağrılı, çətin anında
Ömrün qapısından çıxdı şəhidim.
Əsgər hünərini, əsgər andını
Düşmənə güllə tək sıxdı şəhidim.

Hünər qanad açdı onun ruhunda,
Dilləndi qanında bir ulu “Cəngi”.
Əsgər qeyrətindən həvəslənərək,
Üçrəngli bayrağın açıldı rəngi.


Eləcə də müxtəlif məqamlara diqqət edəndə poemanın sonunda müəllif sanki zəfər himni çalır: “Bir vətən oğlunun döyüşçü ömrü Açdı qapısını ölümsüzlüyün”, “Ölməzlik nəğməsi hopub ömrünə Torpağı Vətənə döndərənlərin”, “Qürurla söyləyir şəhid anası: Ey müqəddəs Vətən, başın sağ olsun”, “Baxıb hünərinə öyünür vətən, Zəfər ünvanısan, Vətən əsgəri”, “Oğlun heykəlləşib yurd yaddaşında, Sil göz yaşlarını, şəhid anası”, “Şəhid ucalığı düşüb baxtına, Ana layla deyir şəhid oğluna”, “Oğlunun yetdiyi Şəhid zirvəsi Ananın yeganə təsəllisidir”...
Nəzakət xanıma yeni yaradıcılıq uğurları arzulayırıq...

Sona XƏYAL
13-05-2022, 07:31
“YARALI“ ÇƏKMƏ

Leyla Yaşar

“YARALI“ ÇƏKMƏ


Müharibənin odlu – alovlu günləri olsa da, kənd əhalisi kəndi boşaltmamışdı. Öz doğma yurd – yuvalarını tərk etməməkdə israrlı görünürdülər.
Hər gün eşidilən silah səsləri onları qorxutmur, əksinə qələbə əzmi ilə yaşayırdılar .
Asif meşəyə getməyə hazırlaşırdı. Odun ehtiyyatları tükənmək üzrə idi. Meşəyə belə vaxtı getmək təhlükəli olduğundan, o həmişə getdiyi cığırdan yox, başqa istiqamətdən getməyi planlaşdırırdı.
Baltasını götürüb meşəyə yollandı. Evdən çıxarkən hər kəslə sağollaşdı. Geriyə qayıtmaya da bilərdi axı.Tanımadığı yeni cığırla səssiz addımlarla irəliləməyə başladı . Yaxınlıqdan gələn vahiməli mərmi səsləri onu diksindirsə də, özünə təsəlli verib heç nə olmamış kimi yoluna davam edirdi.
Canlar alan müharibə bitmək bilmirdi. Hərdən sərhəd kəndi olduğu üçün əsgərlər görsənirdi onların kəndində. Çox sevirdi əsgərləri. Özünün yaşı əsgərliyə çatmırdı. Əsgər görən kimi həsədlə baxırdı onların özlərinə, geyimlərinə. Əsgər gedəcəyi günü səbrsizliklə gözləyirdi.
Yolu azmamaq üçün getdiyi yerlərə işarələr qoyurdu. Hərdən gələn şıqqıltı səslərindən diksinir, sonra toxtayıb yoluna davam edirdi.
Payız fəsli olduğundan ağaclar “paltarlarını soyunmağa” başlamışdılar. Ona görə hər yeri aydın görmək olurdu. Aha, deyəsən qabaqda istədiyini tapmışdı. Baltanı bərk vura bilməyəcəkdi deyəsən, bura tam açıqlıq idi. Səsi aləmi götürəcəkdi. Eləcə yerə tökülən ağacların qol-budağından yığıb tez uzaqlaşmalı idi. Çünki yaxınlıqdan silah səsləri ilə bərabər, qarışıq danışıqlar da eşidilirdi. Yolu da aza bilərdi, Çox irəli getmişdi.
Deyəsən, bura mərmi düşmüşdü. Hər yer darmadağın idi. Ayağını irəli atmışdı ki, gözünə əsgər çəkməsi dəydi. Ürəyi əsə-əsə yaxınlaşdı. Həmişə müqəddəs bildiyi çəkməni yaxından görmək istədi. Böyrü üstə düşən çəkməni qaldırmaq üçün aşağı əyildi. Və həmin anda, az qaldı ki, ürəyi getsin. Çəkmənin içində qanlar içində, dizdən aşağı kəsilmiş əsgər ayağı var idi. Qanı qurumayan ayağın təzəlikcə bura düşdüyü açıq-aydın görsənirdi.
Asif nə edəcəyini bilmədi. Bir az özünə gəlib, elə həmin yerdəcə çəkməni basdırmağa qərar verdi . Əlindəki baltayla torpağı bir qədər qazdı. Çəkməni özünə bir tikə çörək qoyub gətirdiyi torbaya büküb elə ordaca basdırdı. Sonra həmin yerə bir daş qoyub baş tərəfinə bir ağac basdırdı ki, yeri itməsin. Ağacın üstünə baltanın tini ilə “yaralı“ çəkmə yazdı.
Bir az çıl-çırpı topalayıb ordan uzaqlaşdı.
Axır ki, neçə-neçə ailələri başsız qoyan, evlərin çırağını söndürən lənətə gəlmiş müharibə bitdi. Asif də artıq böyümüşdü. Bu gün-sabah əsgər gedəcəkdi. Meşədə gördüyünü heç kimə danışmamışdı, amma yadından da çıxmırdı. Hər gün o ayağın sahibinin ayaqsız necə yaşadığını düşünür, pis olurdu. Bəlkə də heç həyatda deyildi , o “yaralı” çəkmənin sahibi …
Bir gün kəndə səs düşdü. Əsgərlər gələcəkdi kəndə. Hamı onlara qələbə sevincini yaşadan o igidləri görmək istəyirdi. Müharibənin bitməsindən üç il keçməsimə baxmayaraq hələ də qələbə abu -havası hökm sürürdü.
Budur, əllərində bayraq bir neçə gənc, əsgər paltarında kəndin mərkəzinə doğru irəlləyir. Bütün kənd burda idi. Asifin boyu hündür olduğundan, əsgərləri daha yaxşı görür, ətrafındakılara məlumat verirdi.
Şəhid bulağının yanına gələn əsgərlər, əl -üzlərini yuyub qoyulan stullarda oturdular. Onlar artıq əsgər deyildilər. Əyinlərindəki geyimə görə hər kəs:
– Eşq olsun bizim ordumuza – deyib qışqırırdı.
Bəzilərinin yaralı olduğu hiss olunurdu. Asifin diqqətini kənarda sakitcə oturub, uzaqlara qəmli-qəmli baxan oğlan çəkdi. Bir-bir müharibə ilə bağlı xatirələrini danışan komandirin gözləri dolub – boşalırdı. Keçdikləri o şərəfli yolda, qazandıqları qələbədə, hər kəsin əməyi olduğunu söyləyir, həm maddi, həm mənəvi cəhətdən onların yanında olan kənd camaatına öz dərin minnətdarlığını bildirirdi.
Sonra bir-bir əsgərlər müharibə ilə bağlı ağrılı-acılı xatirələrini bölüşdülər. Asifin diqqətini çəkən o gəncə söz verildi. Utana-utana ayağa qalxan gəncin dizdən aşağı ayağının olamadığını görən Asif hayqırmaq istədi. Özünü güclə saxlayıb gəncin danışığına diqqət kəsildi .
Gənc dili -dodağı əsə-əsə bir- iki kəlmə danışdı. Sonda üzünü meşəliyə tutub:
– Mənim yeriyən ayağım bu meşəlikdə gəzir. Mən onu sizlərə ənanət verdim. Keşkə bircə hara düşdüyünü biləydim.
Asif qabağa şığıyıb, oğlanı bərk-bərk qucaqladı. Ürəyi az qala yerindən qopub çıxacaqdı. Hər kəs nə baş verdiyini anlamağa çalışdığından, səs – küy aləmi götürmüşdü.
Hamı Asifdən açıqlama gözləyirdi .
Asif ağlaya – ağlaya:
-Arxamca gəlin – dedi.
Hər kəs səssizcə onun arxasınca düşdü.
Budur, Asifin çəkməni basdırdığı yer.
İlahi, gənc necə ağlayırdı.
Əlləri ilə həmin yeri qazıb, çəkməsini çıxartdı.
Maraqlıdı, çəkmənin içində ayaq tam çürüməmişdi.
Asifi qucaqlayan gənc necə minnətdarlıq edəcəyini bilmirdi.
Asif onu sakitləşdirib:
– Qardaşım, bu gün çox xoşbəxtəm, sənin əmanətini qoruyub saxlaya bilmişəm. Sənin o bir parçan, bizim can parçamızdı, qardaş.
“Yaralı” çəkmə basdırılmaq üçün gəncə verilsə də gənc onu götürmədi.
– Vətənimə canım qurban olsun.
Qoy mənim bir parçam bu meşəlikdə uyusun.
“Yaralı” çəkmənin basdırıldığı yer o vaxtdan ziyarət yerinə çevrildi.





13-05-2022, 07:26
BƏŞƏRƏ XƏRCLƏNƏN ÖMÜR PAYI

BƏŞƏRƏ XƏRCLƏNƏN ÖMÜR PAYI

“Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır".
(Əbu Turxan)
Ömür Tanrının insan oğluna bu dünyadakı bəxşişi, tale payıdır. Deyirlər Tanrı insan oğlunu yaradıb Yer üzünə göndərəndə onu faili-muxtar, ixtiyar sahibi qərar verib. Hər bir insan öz ömrünü elə yaşamalıdır ki, onun əməlləri həyatının hansısa məqamına ləkə vurmasın. Əks təqdirdə, özümüz öz əlimizlə həyatımıza xəyanət etmiş olarıq. Xəyanəti isə nə həyat, nə insan, nə cəmiyyət, nə təbiət, nə də Tanrı bağışlayır. Tanrının sənə verdiyi həyat və ömür qarşısında günahkar olmaq istəmirsənsə, ləyaqətlə, şərəflə yaşamalısan.Yəni ona Tanrı bəxşişi olan barmaqla sayılası, sadə ədədlərə sığan ömür payını hara və necə xərcləməsini öz ixtiyarına buraxıb. Bəzisi bu illəri elə-belə, boşuna xərcləyir, daha doğrusu, illərin necə xərclənməsindən heç xəbəri belə olmur, amma bəzisi də var ki, ömür payını tək özünə deyil, çevrəsinə, elinə, obasına xərcləyir. Elə sağlığındaykən özünə bəşərin yaddaşında əbədi yer qazandırır, elin, obanın sevimlisinə çevrilir. Bu gün təkcə respublikamızda deyil, dünyanın böyük dövlətlərində bir vətənpərvər insan kimi dövlətinin uğurlarını hamıya tanıtdıran Əmir Pəhləvan da belələrindəndir. Ömrünü tək özünə deyil, insanlığa xərcləməklə məşğuldur.
İllər ötür, insan müəyyən zaman kəsiyində həyat məktəbi keçir. Təhsil alır. Kitablar oxuyur. Elm, bilik sahələrinə baş vurmağa çalışır. Çünki dünyanı dərk etmək üçün yüksək düşüncə, geniş təfəkkür, ümumilikdə zəngin mədəniyyət sahibi olmalısan. Təbii ki, burada söhbət normal insandan gedir. Bəli, illərin təcrübəsi insanı kamilləşdirir və uşaqlıqda eşitdiklərinə, gördüklərinə yeni baxış bucağından nəzər salır. Hər bir məqama daha dərindən nüfuz etməyə başlayır. Nizami Gəncəvinin təbirincə, yanaşsaq:

“Sirri dərk edir ancaq nəzər əhli başbilən,
Nadanın nə ilgisi dövrün keşməkeşiylə.”


Beləcə görə-görə götürür, götürdükcə də götürdüklərini cilalayıb ümumun malına çevirir Əmir Pəhləvan.
Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvan (Hacılı Əmir Pəhlivan oğlu) 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. 1976-cı ildə Cəlil Məmmədquluzadə adına Şahbuz rayon orta məktəbini bitirib, 1977-79-cu illərdə Sovet ordu birləşmələrinin tərkibində Rusiyanin Novosibirsk vilayətində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1980-1985-ci illərdə Universitetin Jurnalistika fakultəsində təhsil alıb. 1981-ci ildən Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında "Gəncliyin səsi" proqramının yaradıcısı kimi fəaliyyətə başlayıb. 1985-1988-ci illərdə "Baku", "Bakı" axşam qəzetlərində, 1988-1990-cı illərdə "Azərbaycan müəllimi" qəzetində müxbir işləyib.
1985-ci ildə Əmir ali məktəbin sonuncu kursunu bitirməmiş "Bakı", "Baku" axşam qəzetlərinə müxbir kimi işə götürülüb. Buradan o, "Azərbaycan müəllimi" qəzetinə dəvət olunub. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist kimi tanınan Əmir Pəhləvanın "O ay bir də doğmayacaq" adlı ilk kitabı çapdan çıxıb.
1990-cı ildə "İlham" mədəniyyət qəzetini təsis edərək baş redaktoru olub. Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə Əmir müəllimin bütün yazılarında xalqın sərt və dönümsüz "alın yazısı", "qisməti" diqqət mərkəzinə çəkilib. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq qismətə boyun əyməkdən qaçırlar. O, bütün bunları, sadəcə, təsvir eləmir, çəkilən əzablara, iztirablara, məşəqqətə qoşulur, inanır ki, qismətdən "yuxarı" ulu bir varlıq var! Belə bir qismət publicist, yazıçı - şair Əmir Pəhləvanı zamanın axarı ilə kinoya gətirib. Daha doğrusu, o, qəzetdə "deyə bilmədiklərini" ekran dili ilə dünyaya çatdırıb. 1995-ci ildə "Step LTD" kinoşirkətini təsis edib. Elə şirkətin xəttilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Sivilizasiya beşiyi – Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru olub.
Əmir Pəhləvan qərbləşməyə Paris dəbi kimi baxanların içində mədəni köləliyi "Fransız" adlı filmi ilə damğalayır. Növbəti "Qarabağ şikəstəsi" filmi ilə o, Azərbaycanın acı taleyini, qismətinə qaçqınlıq düşmüş insanların vətən nisgilini incə bir yumorla ekrana gətirir. Bu filmlər yeniləşən Azərbaycanda sovet kino incəsənətinin standart stereotiplərini və şablonçuluğunu dağıdaraq milli kinomuza, dramaturgiyamıza yenilik gətirir.
Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallarda ölkənin kino sənətini bu və digər dərəcədə təmsil edib. 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatında milli atributlarımızdan olan Bayrağımıza həsr etdiyi "Spasibo" adlı bədii filmi Hollivud sənədli filmlər festivalında mükafata layiq görülərək Los-Ancelesin 18 telekanalında yayımlanıb. "Bakı nefti və Nobellər" adlı üç hissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən "Üç qitə" kinofestivalında 2 medala layiq görülüb. Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanıb.
Əmir Pəhləvanın 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabi keçmiş possovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunub. "Bakılı Nobel", "Neft taleli Nobel",“Ayrılıq”, “Səfir” "İsa, Məryəm və Sona" sənədli romanları, "Bakı nefti və Nobellər" üçhissəli sənədli filmi DVD formasında Almaniyada işıq üzü görərək, yüksək tirajla dünya oxucularına və tamaşaçılarına təqdim edilib.

Bu gün Amerikada nəşr olunan ən nüduzlu ədəbi-bədii mətbuat dərgisi – “Dünya ədəbiyyatı bu gün” jurnalı postsovet məkanında 42 yazıçının əsərlərini təbliğ və təqdir edir. Onlardan biri də, məhz Əmir Pəhləvandır. “Qalxın, Cavid gəlir!”, “Əkilən başlardı, torpaq əkilmir”, “Turan türküləri”, “Səfir”, “Təbrizim, türk izim!”, “Kəngərlər”, “Türklüyün yol xəritəsi”, “O Ay bir də doğmayacaq”, “Yaşamağı bacarmaq lazımdır”, “Vətən dahiləri” ( l – ll hissə ) Azərbaycanda ən çox oxunan kitablarıdır. "İnsan və İblis" pyesi 1999-cu ildə Bakı Bələdiyyə Teatrında , "İstədiyim yar idi…" librettosu 2009-cu ildə Musiqili Komediya Teatrında səhnələşdirilib. Qırğızıstan, Qazaxstan və Quzey Kıbrız Türk Cümhuriyyətlərinin Dövlət mükafatları Laureatıdır. Qırğızıstan Respublikasının “Manas” mükafatçısıdır.
Rəqəmlərdə qabarsa da, sadəcə rəqəmlərə sığmayan bir ömür illərini varaqladıq. Bəzən insan oğlu oturur ötən illərlə üz-üzə, göz-gözə. Suallar meydana çıxır. Mən nə etmişəm, necə yaşamışam? Ömrümün illərinə bəzəkmi vurmuşam, ləkəmi salmışam? İllər mənə nə verib, mən illərə nə vermişəm? Qazandığım nə olub, itirdiyim nə? Bax bu cür suallarla ötən illər insana, insan isə geridə qoyduğu illərə bir növ hesabat verir. Yəni ortalığa, sözün böyük mənasında, haqq-hesab məsələsi qoyulur. İnsan ömrünə düşən illəri halalmı yaşayıb? Həyatına haramlıq qatmayıb ki?
Zənnimcə, insan həyatının yola saldığı hər anı ilə halallaşmalıdır. Ömrü ilə haqq-hesabı düzgün olmalıdır. Ömrünü bu dünyaya, günlərə, aylara, illərə xərcləyəndə düşünməlidir. Bilməlidir ki, qazandığı nə olacaq? Daha doğrusu, bu dünyadan nə istəyir? Ömrə naxələflik etsən, təbii ki, onun sənə verəcəyi də naxələfliyin nəticəsinə uyğun olacaq, artıq nəsə gözləməyin özü məntiqə sığışmayan işdir. Bir sözlə, insan öz ömrü ilə haqq-hesabda düzgün olmalıdır məntiqi halallıq müstəvisində belə görünür: həyatda yalnız və yalnız çəkdiyin zəhmət qədər bəhrə götürməlisən. Artıq götürəndə halallıq çərçivəsini aşmış olursan. Haram isə gec-tez hər şeyi yandırır, məhv edir. Ətrafdakılar bir yana, insanı öz ömrü qarşısında xəcalətli qoyur, peşiman edir. İnsan bilməlidir ki, nə əkirsə, onu da biçəcək, aşına nə tökürsə, qaşığına da o çıxacaq. Ömür də belədir. Onu necə yaşayırsansa, həmin yaşam tərzinə uyğun da ənamını alacaqsan. Maddiyata uyub mənəviyyatı itirsən hər şeyini itirəcəksən. Çox şükür, təbii ki, mənimlə razılaşarsınız ki, sadalanan parametrləri qəlib olaraq götürsək Əmir Pəhləvanın xərclədiyi ömür illərini saf-çürük etsək bütöv bir ömrü müsbət yüklərə köklənmiş, faydalı iş əmsalı yüksək olan ömür illəri ilə baş-başa qalarıq.
Və bir də, təbii ki, əgər insan yığdığı maddi sərvətlərdən özüylə bir çöp də apara bilmirsə, onda dərindən düşünüb bu dünya ilə alverini, haqq-hesabını düzgün aparmalı, Tanrının halallıqla verdiyinə haram qatmamalıdır. Yəqin ki, bu sayaq təhlil hər kəsin həyatında müxtəlif məqamlarda baş verir. Yəni, insan bəzən özü-özü ilə tək qalır və keçdiyi həyat yoluna nəzər salır. Ötən illərdə nə itirib - nə qazanıb, ömrünü necə yaşayıb, sevinci - kədəri nə qədər olub? Bir sözlə, insan yaşamış olduğu zaman kəsiyində yola saldığı aylarla, illərlə üz-üzə dayanır və haqq-hesab edir. Hər bir insan öz əməlinə görə həyat yaşayır. Buradan belə qənaət yaranır ki, insan öz əməli ilə ömrünün sevinc və kədər payının müəyyənləşməsinə əvəzsiz töhfə verə bilər. Məncə, insan öz ömrü ilə haqq-hesab edərkən bunları unutmamalıdır: hansı əməl sevincimi çoxaldıb, hansı əməl kədərimi. Bax, bu, həyatla insan arasında bir imtahana bənzəyir. Əmir Pəhləvan ömrü də bu imtahanlardan üzüağ çıxanlardandır.
Allahın nursifətli, zəhmətkeş, bəxtigətirən bəndələrindən olan Əmir Pəhləvan!
Bundan sonrakı ömrünüzü də şəstlə, səxavətlə xərcləyin, Allahın verdiyi ömür payını elə Allahın özü üçün, bəşər üçün, el-oba üçün xərcləyin
Yalnız uğur diləyilə ürəyi özündən böyük insan!

Leyla Qadir qızı Məcidova
Tarix üzrə Fəlsəfə doktoru,
Lənkəran Dövlət Universitetinin baş müəllimi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!