Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
9-11-2022, 13:40
İstibdad qaranlığından istiqlal aydınlığına...

İstibdad qaranlığından istiqlal aydınlığına...

Bədii əsərlərdə əksər hallarda qəhrəmanlar hadisənin gedişinə, zavyazkanın açılışına xidmət edir. Qələm adamı qəhrəmanı ön plana çəkir. Çox vaxt yazıçı emosionallığı artıraraq bədii sualdan istifadə edir. Bədii sonluğu da qələminin gücü ilə tamamlayır. Bu, bədii ədəbiyyatda ən mühüm şərtlərdən hesab edilir. Elmi əsərlərdə, yazılarda bu məsələ tamam fərqlidir. Vacib və əsas şərt zaman və faktdır. Qəhrəmanları da qələm adamı deyil, tarix özü yaradır. Bəzən araşdırmaçı öz oxucusunu tarixi gerçəklikdən doğan suallarla baş-başa qoyur. Çox vaxt araşdırmanın sonluğu insanı heyrətə gətirir. İllərlə qaranlıq qalan tarixi reallıqlar, üzəri qara yalanla örtülən ağ gerçəkliklər substansiya qarmağında üzə çıxır. Bu, elmi araşdırmanın subsitansional əlamətidir. Bütün bu əlamətləri özündə əks etdirən kitabın adı belədir: "TARİX HEÇ NƏYİ UNUTMUR" .
Elmi-publisistik məqalələr toplusundan ibarət olan kitabın müəllifi Qərənfil Dünyaminqızı (Quliyeva) Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci qadın elmlər doktorudur. Kitabın redaktor və məsləhətçisi, Filologiya elmləri doktoru Abid Tahirli, Ön söz müəllifi Milli Mətbuat Tarixi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor Cahangir Məmmədlidir.
Obyektivlik xüsusiyyətləri, peşəsinə sarsılmaz bağlılıqları ilə seçilən hər üç müəllimdən auditoriyada dərs almaq böyük xoşbəxtlikdir. Özümü daha xoşbəxt hiss etməyimin bir səbəbi də odur ki, müəllimlərimin yaradıcılığını müntəzəm olaraq mətbuat vasitəsilə izləyirəm. Beləliklə, tələbə və oxucu olaraq öyrənmək missiyası davam edir.
Kitab haqqında tələbə fikirlərini kağıza köçürmək daxilimdə iftixar, məsuliyyət və əhəmiyyət dərəcəliyilə fərqli hisslər doğurur. Amma narahat da deyiləm. Burada iki məqam var. Birincisi, kitabda yer alan bir çox esseləri, elmi araşdırmaları zaman-zaman oxumuşam. Sənət adamlarından biri deyirdi: "Tarix qalın bir kitabdır; vərəqlənir zaman-zaman". Bu mənada tariximizə sadiq olmaq, laqeyd münasibətdən çəkinmək gərək ki, tarix xeyirimizə vərəqlənsin...
İkinci məqamın özü də iki yerə bölünür: birincisi, kitab haqqında yazı yazmaq istəyimə Qərənfil Dünyaminqızının: "Oğul, tənqid də edə bilərsən" cümləsi, ikincisi, auditoriyada tələbələrinə "oğlum", "qızım" deyəcək qədər sadə və səmimi müəllim, dərs müddətində ayaqüstə milli mətbuat tarixini yorulmadan tədris edən görkəmli və həssas alim, tələbənin tənəffüs zamanını bir an belə "kəsməyən" vicdanlı insan olmasıdır.
Kitabın içliyində olan esseləri oxuduqca milli mətbuat fədailərinin, Azərbaycan aşiqlərinin əzabını duyan, dərdini anlayan, mahiyyəti yazılarla oxucuya ötürən müəllifin müəllimimiz olduğundan qürurlanırsan. Və tam əmin olursan ki, güclü istək, ağır zəhmət, yuxusuz gecələr, davamlı səy və sadalanacaq bir çox nüanslar var ki bunlar insanla birlikdə məqsədə çatmaq yolunda qoşa addımlayır. Sözsüz ki, bütün bunlar zamanla həll olur. Bəzən ayrılan zaman qarşıya qoyulan məqsədə dəyərdən, sevgidən, halallıqdan doğur. Belə olan təqdirdə peşəyə olan sevgi ən çətin sınaqlar qarşısında məğlubedilməz və müqəddəs olur.
Bir mübarəkliyi də görkəmli alim Qərənfil Dünyaminqızının "Üzeyir dünyası, Üzeyir dühası" başlıqlı essesində görmüş oluruq. Məqaləni oxuduqca müəllifin Üzeyir bəyin ömür yoluna, yaradıcılığına, bütövlükdə şəxsiyyətinə olan sonsuz ehtiramı bütün detalları ilə gözə çarpır. Dühanın millətinə bağlılığı, sənətinə sadiqliyi və istedadının tükənməz və zənginliyini görməmək mümkün deyil. Müəllifin Üzeyir bəyin şəcərəsinə, ilk bəy nəslindən olmasını təsdiqləyən sənəddən tutmuş, ömrünün sonuna qədər geniş və çoxşaxəli yaradıcılığının essedə toplanmasında dərin zəhmət çəkib, tədqiq edərək gözəl bir nümunə yaratmışdır. Bu, geniş ictimaiyyətimiz, habelə oxucu üçün, eyni zamanda dərs vəsaiti nümunəsi olaraq olduqca müstəsna araşdırmadır. Ancaq Üzeyir bəyin milli ayrı-seçkilik, Çar Rusiyasının Qafqazda apardığı siyasət, erməni xislətini açan faktların essedə daha geniş yer tutmasını məqsədə müvafiq olduğunu düşünürəm.
Üzeyir bəy həm də dövlət xadimi – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından idi. O, bəzən məqalələri, yeri gəldikdə musiqiləri ilə düşmənə qarşı mübarizə aparırdı. Belə bir fenomen şəxsiyyət hər xalqın qismətinə düşmür. Mərhum Şirməmməd Hüseynov deyirdi ki, Üzeyir Hacıbəylinin "Koroğlu" operasının libbrettosu həm də onun özünə aiddir.
Görünən odur ki, zaman keçməsinə baxmayaraq erməni xisləti dəyişilməyib. Bu mənada Üzeyir bəy qədər erməni-müsəlman davasına, bütövlükdə xalqımızın başına gətirilən müsibətlərə öz səxavətini, şəxsi keyfiyyətləri ilə açıb göstərən çox az adam olmuşdur. Bunlar hamısı dünyanın xilası, bəşərin yaşamağı üçün ən böyük xidmətlərdir. Bu məqamda Üzeyir bəyin əməli ilə üst-üstə düşən fikirlərini xatırlayaq:
"Dünyada ən alçaq sifətlərdən birisi cürətsizlikdir. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz". Üzeyir bəyin bu kəlamı təsadüfdən xatırlanmadı. Despotizmin, qırmızı terrorun tüğyan etdiyi bir zamanda, repressiyanın hökm sürdüyü bir vaxtda Hüseyn Cavidə, Tofiq Bakıxanova və digərlərinə arxa durdu, ömür və sənət yolunda onların yaşaması, fəaliyyəti üçün böyük cürət göstərərək sözün əsl mənasında onları qorudu.
Qərənfil Dünyaminqızı "Üzeyir dünyası, Üzeyir dühası" adlı araşdırmanı maraqlı sonluqla bitirir: "Allah Sizə qəni-qəni rəhmət eləsin Şirin ana. Siz təkcə bir ailəyə yox, böyük bir millətə Üzeyir bəxş etdiniz!"
Bu sonluq səbəbsiz deyil. Bəşər kültüründə qadına ən yüksək ehtiram Türk soyunda göstərilib. Üzeyir bəyin "Sənsiz", "Sevgili canan" romanslarının özü də təkcə musiqi şedevri deyil, həm də Qızlıq, Xanımlıq, Xatınlıq, Analıq adını uca tutan nur haləli Türk qadınına olan sayğının aliliyinə dəlalətdir.
Zaman ötür. Azərbaycan qadını öz ali keyfiyyətlərini qoruyub saxlayır. Təbəddülatlı, təlatümlü dünyada bunlar nə qədər çətin olsa da sürgündə namusunu qoruyan Şükriyyə xanım, 44 günlük Haqq savaşında əri və qardaşı şəhid olan və qürurla ərinin hərbi geyimində tabutunu zərif çiyinləri üstə alan Narıngül xanımlar dünyanı heyrətə gətirir.
"Bir Polad əvəzi mini gələcək" adlı esseni oxuduqca gözlər önündə general anası – analar anası canlanır. Ağ saçlı, qara örpəkli, nur çöhrəli – Səmayə Haşımova. Bu məqamda "Oxşar taleli rəfiqələr" adlı essenin son sözlərini xatırlamaq tam yerinə düşür:
“Sofiya xanım, Həmidə xanım kimi anaların həyatı, ömür yolu, ailələrinin, övladlarının xoşbəxtliyi uğrunda çəkdikləri cəfalar örnəkdir bugünkü gənc analarımıza".
Digər bir örnək Mirzə Cəlilə ömür-gün, amal, əməl yoldaşı olan, Münəvvəri Mina qədər sevən, "Mən görmədiklərimi yaza bilmərəm" – deyərək Mir Cəfər Bağırovun göstərişinə qeyzlənən, bununla da qulduru qəhrəmana çevirməyən Həmidə xanım Cavanşirdir. "Talesiz bacılar" başlıqlı araşdırmada Azərbaycan qadınının üzərinə düşən missiyanın nə qədər çətin, yaşadığı həyatın hər anının məşəqqətli olduğu görünür.
Aydın görünən bir məqam da odur ki, şər qüvvəyə, düşmənə qarşı mübarizədə Azərbaycan xalqının kişisi də, qadını da hər zaman birlikdə mübarizə aparmışdır. Müqaisə üçün "Erməni terrorunun xaç atası" adlı araşdırmaya nəzər salaq. Qafqaz canişininə bəxşiş verilən erməni Jannalar, vəzifə adamlarına "arvad" olan Lizalar, qadın düşkünü Vorontsov-Daşkovlar timsalı artıq həqiqəti çılpaqlığı ilə göz önünə gətirir.
Müəllifin apardığı tədqiqat, araşdırma öz mükəmməlliyi ilə ona görə seçilir ki, ötən əsrlərdə Çarizmin, SSRİ-nin ermənilərə olan sədaqətinin paralelliyini aparır, bir xalqın başına gələn bütün müsibətlərə faktlar əsasında güzgü tutur.
Qərənfil Dünyaminqızının təkzibedilməz, danılmaz dəlillərlə zəngin kitabını vərəqlədikcə aydın olur ki, tarix unutqanlığı sevmir. Və bu ərəfələrdə – Noyabrın 1-də Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlamətdar və yaddaqalan çıxışı baş tutur.
Prezident İlham Əliyev imperiya və müstəmləkə əsarətinə, zaman-zaman kütləvi qətliamlara, soyqırıma toxunur. Fransanın insanlıq əleyhinə törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətinin, həmçinin tədbir iştirakçılarının diqqətinə çatdırır. Prezident İlham Əliyevin nitqi soyqırım qurbanı olan xalqlar və millətlərin tarixi taleyinə, dünya ictimaiyyətinin biganə qalmamasına dair insanlıq və müharibə cinayətlərinə qarşı kəskin etiraz və millətlərin bəlaya bir daha düçar olmamasından dərs çıxarmasına yönəlmiş tarixi çıxış idi. Ermənistanın ölkəmizə qarşı müharibə cinayətini, işğal zamanı törətdiyi qətliam və soyqırımı bütün dünyaya bəyan edir.
Bütün təsadüflərin zərurətdən doğduğunu nəzərə alsaq həqiqətpərvər alim Qərənfil Dünyaminqızının "Tarix heç nəyi unutmur" kitabı haqqında tələbə düşüncələrimi qələmə aldığım bir zamanda Prezident İlham Əliyevin Zirvə toplantısındakı tarixi çıxışının üst-üstə düşməsi də tarixin həqiqətən anına nişanədir...
Qərənfil Dünyaminqızının "Qəlbimizdə milli iftixara yer varmı” başlıqlı məqaləsi, fikrimcə, ən azı iki əsri əhatə edən bir zamanda millətimizə qarşı İmperiyanın planlı şəkildə məkrlə, hiylə və zorla illər uzunu ayrı-ayrı xalqlar və millətlərə, xüsusən də arealı hüdudsuz olan, ərazisi geniş, coğrafiyası Altaya, Çinə, habelə Balkan ölkələrinə, Pribaltikadakı Karainlərin, Kazan və Krım türklərinin, Qaqauzların, Şimali Qafqazın Məhsəti və axalkələk türklərinin, Bolqarların, Qaraçərkəzlərin, 410 min kv.km ərazisi olan, 33 dəfə bölünən, kəsilən Azərbaycanın, bütövlükdə Türk millətinin zora, işğala, deportasiyaya, ayrı-seçkiliyə, soyqırımlara məruz qaldığını, tarixi keçmişdən bugünədək hələ də davam etməsinə üsyan qoparan Millət Fədailərinin qardaşı, soydaşı, qandaşı naminə dönməz mübarizələrinə tarixin dərslərindən lazımınca ibrət götürə bilməməyimizə sönməz məşəl tutan Türk Dünyasının milli taleyini dərindən düşünən və millətinin təəsübünü çəkən Vətəndaş Alim sualıdır!!!


Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
9-11-2022, 13:11
Qadından taksi sürücüsü olar?

Qadından taksi sürücüsü olar?
( Fikirlər haçalandı)

Son illərdə ölkəmizdə taksi xidmətlərinin sayı günü-gündən artmaqdadır. Hər gün fərqli qiymətlərdə, müxtəlif taksi xudmətlərinin adını eşidirik. Taksi şirkətlərində sürücülərin əksəriyyəti kişilər olsalar da, bu sektorda fəaliyyət göstərən qadın sürücülər də az deyil. Bəzi insanlar xanımların bu peşə ilə bağlı narazılıqlarını dilə gətirirlər. Amma elə insanlar da var ki, xüsusilə, qadınların sürdüyü taksilərdən istifadə edirlər. Bu, sevindirici haldır. Xanımların bu sahəyə yönəlməsinə səbəb həm onların işə olan tələbatından, həm də həvəsdən irəli gəlir. Bəzi insanlar hələ də qadınları sürücü olaraq qəbul etmək istəmirlər. Qadınların bu sahədə işləməsi həm də gender bərabərliyin bərqərar olduğunu da göstərir. Yəni qadınlar da kişilər kimi avtomobil idarə edə, hətta taksi sürücüsü də ola bilərlər.

Bu məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlının münasibətini öyrəndik. O, bildirdi ki, qadın sürücülərlə bağlı tendensiya müşahidə olunur:
İnsanlar iş tapmağa çalışırlar. Azərbaycanda da xanım sürücülərin sayı kifayət qədər artıb. Sürücülük hüququ olan xanım sürücülərin sayı, bildiyim qədəri ilə 80 minə çatır. Bu xeyli inkişaf deməkdir. Beş il öncə göstərici 40 min idi. Əsas səbəb isə başqa sahələrdə iş tapa bilməməkdir. Avtomobil idarə edə bilirlərsə, taksi kimi onlardan istifadə edirlər. Əslində normal haldır. İş tapa bilmirlər, halal zəhmətləri ilə bu sahəyə üz tuturlar. İstənilən halda istirahət və iş rejiminə diqqət etmək lazımdır. Qaydalara əməl etmək tövsiyə olunur”.

Sosioloq Əhməd Qəşəm oğlu isə məsələnin əsas səbəbini qadınlar arasında sürücülük peşəsinə yiyələnənlərin çoxalmasında gördü:
“Qadınlar arasında sürücülük peşəsinə yiyələnənlərin sayı artıb. Diqqət etsək görərik ki, qadın sürücülər çoxdur, nəinki taksidə, hətta şəhərdə özləri avtomobil idarə edirlər. Tələbə olduğum zamanlarda qadın sürücü görəndə hamı heyrətə gəlirdisə, hazırda normal hal kimi qarşılanır. Digər əsas səbəb isə işsizliyin çoxalmasıdır. Artıq qadınların çoxu özlərinə uyğun iş tapa bilmirlər, işsizdirlər. Düşünəndə ki, o bu sahəni bacarır, şirkətlərdə də tələbat var, təbii ki, qadınlar ora üz tuturlar. Bu da qeyri-adi hal deyil. Eyni zamanda xanımlar bundan daha yaxşı iş tapsalar, o işə üz tutarlar. Digər tərəfdən də xanımların sürücülük etməsi dövrümüzdə adiləşib. Amma onların çoxu gecələr taksi sürməyə ehtiyat edirlər. Hər ünvana gedə bilmirlər. Ona görə də təhlükəli ünvanlarda özlərini qorumaq üçün bıçaq kimi müxtəlif vasitələrdən istifadə edirlər”.
Ekspert bu işə münasibətin birmənalı olmalı olmadığını diqqətə çatdırdı: “Təbii ki, qadın üçün münasib iş deyil. Qadın öz təbiətinə uyğun olan fəaliyyətlə məşğul olsa daha yaxşı olar. Amma belə fəaliyyət sahələri tapmaqda çətinlik olduqda nə etmək olar? Qadın öz ləyaqətinə uyğun olaraq davranmaqla sürücülüklə də məşğul ola bilər”.

Aytac Fuadqızı,
BDU Jurnalistika fakültəsinin tələbəsi

9-11-2022, 13:00
Tural Abbaslı: «Tələbimiz Zəngəzur olmalıdır»

Tural Abbaslı: «Tələbimiz Zəngəzur olmalıdır»

2020-ci il sentyabrın 27-si başlayan və 44 gün davam edən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən tariximizin parlaq səhifəsinə çevrilmiş İkinci Qarabağ müharibəsinin nəticələrini dünya ölkələri fərqli cür qarşıladılar. Müharibə bitdikdən sonra isə Azərbaycanın mövqeyinin dəyişməyəcəyi açıq şəkildə bildirilsə də, status məsələsi əsas müzakirə mövzusuna çevrildi. Son zamanlarda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Dağlıq Qarabağın statusu məsələsini gələcək nəsillərə saxlamaq lazımdır”-deyə səsləndirdiyi fikir mübahisələrə səbəb olub. Bu mövzu barədə münasibətini öyrənmək üçün Ağ Partiyasının sədri Tural Abbaslıya müraciət etdik:
O bildirdi ki, Qarabağın statusu məsələsinin gələcək nəsillərə saxlanılması fikri Rusiya prezidenti Vladimir Putinin ortalığa atdığı ideya olub:
“Bu, əslində hazırkı vəziyyətdə qalib Azərbaycanın növbəti addımlarının qarşısını almağa yönəlib. Aydındır ki, Azərbaycan artıq 44 günlük müharibədə güclü tərəf olduğunu sübut edib. Bir tərəfin əzici üstünlüyü, qalibiyyəti digər tərəfi reallıqlarla barışmağa və təslim olmağa məcbur edir. Lakin hazırda Ermənistan süni şəkildə oyunda saxlanılır, yəni bəzi ölkələr başda Rusiya, sonra Fransa və nisbətən ABŞ olmaqla Ermənistanın bu prosesdən məğlub kimi çıxmasının qarşısını almağa çalışırlar. Dərinə endikdə bu ölkələrin niyyəti qətiyyən Ermənistan xalqına olan sevgi deyil. Həmin ölkələr Cənubi Qafqazda təsir imkanlarını saxlamaq üçün konfliktin sonlanmasını istəmir, çünki münaqişə bitsə həm Azərbaycana, həm də Ermənistana təsir etmək mümkün olmayacaq. Bu, regionda qalmaq istəyən Rusiyaya və regiona daxil olmağa çalışan ABŞ və Avropaya sərf etmir.”
Tural Abbaslının fikrincə, statusun gələcək nəsillərə saxlanılması fikri olduqca absurddur:
“Məsələni bu gün həll etməsək, gələcək nəsillərə daha ağır formada çata bilər. Bu fikrin səslənməsinin tək səbəbi Azərbaycanın qalib olmasıdır. Azərbaycan sona qədər bu məsələlərin bitdiyini bəyan etməlidir və edir. Prezident İlham Əliyev Vladimir Putinlə görüşdən öncə keçirilən brifinqdə mətbuata verdiyi açıqlamada da qeyd etdi ki, Qarabağ problemi artıq tarixdir və biz bu barədə danışılmasının tərəfdarı deyilik. Bu, status eləcə də Azərbaycanın erməni vətəndaşlarına veriləcək heç bir ayrıcalıqdan söhbət gedə bilməz deməkdir. Çünki Azərbaycanda kifayət qədər etnik millətlər var. Hər birinə ayrı-ayrı status verməklə dövlətçilik ənənəsini pozmaq olmaz. Bu baxımdan Azərbaycan öz mövqeyində möhkəm durur. Nəzərə alsaq ki, beynəlxalq aləmdə də Rusiya, Fransa, ABŞ və s. ölkələrin qarşısında tək deyilik. Türkiyə kimi dünya gücünə çevrilməkdə olan müttəfiqimiz var.”
Partiya sədri həmçinin bildirdi ki, Azərbaycan bu və ya digər məsələləri həll etmək gücünə malikdir:
“Növbəti mərhələdə tələbimiz Zəngəzur olmalıdır. Zəngəzur Azərbaycanın tarixi torpağı olmaqla bərabər Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında əlaqə yaradan, Sovet dönəmində xalqın iradəsi nəzərə alınmadan qoparılan torpaq parçamızdır. Bununla da ədalət yerini tapmalı və ölkəmiz bütövləşməlidir».

Gülay Məmmədova,
BDU Jurnalistika fakültəsinin tələbəsi



9-11-2022, 12:57
Ömrümə doğmayan “Soyuq Günəş”

Ömrümə doğmayan “Soyuq Günəş

Son illərdə Azərbaycanın tamaşaçı marağına səbəb olan filmlərin sayı elə də çox deyil... Bəzən bunu ssenarilərin bayağı olması, kadr kasadlığı və maliyyə çatışmazlığı ilə əlaqələndirirlər. Lakin insanların sevgisini qazanmaq üçün külli miqdarda puldan daha çox real hekayələrin olduğu kimi təqdimatı yetərlidir.
Azərbaycanın belə uğurlu filmlərindən biri də ssenaristi Sədaqət Kərimova olan "Soyuq Günəş"dir. Filmin baş qəhrəmanları Yarqunat və Yarmətdir. Film müharibə problemləri və məhəbbət mövzusunda lentə alınıb. Əsərin baş qəhramanları olan Yarmət və Yarqunat bir-birlərini sevirlər, ancaq Yarqunatın anası və atasının söhbətindən aydın olur ki, onlar qızlarını kənddə varlı ailədən olan Osmanla evləndirmək istəyirlər. Yarqunat buna qarşı çıxaraq Osmana arvad olmayacağını bildirməyinə rəğmən, anası qərarından dönmür, belə olan halda bir-birini sevən iki gənc qaçmaq qərarına gəlirlər. Ancaq onların bu cəhdi də uğursuz sonlanır. Osman vasitəsilə xəbər tutan Yarqunatın qardaşı Həmdullah onları tapır və Yarqunatı geri qaytarır. Bundan sonra Osmanla Yarqunatın toyu tezləşdirilir…
Nəhayət , toy günü çatır, Yarmət gəlib Yarqunatı aparmaq istəsə də, o, ənənəyə qarşı çıxıb gedə bilmir. Həmin vaxt kənddə xəbər çıxır ki, müharibə başlayır, əli silah tutan hər kəs müharibəyə yola düşür. Yarmət də bunlardan biri olur. Yarqunata nə qədər təzyiqlər olunsa da, o, Osmanın ona toxunmasına icazə vermir, yatağına xəncər qoyur, Osmana arvad olmur.
Yarmətin müharibəyə getdiyindən xəbər tutan Yarqunat huşunu itirir, ölümdən dönür, bundan sonra onu atası evinə gətirirlər. Yarqunatın ailəsi elədiyi əməldən peşman olur, Həmdullah kənddə qala bilməyib evini tərk edir.
Müharibə bitsə də, gətirdiyi fəlakətlər çoxunun evini işıqsız qoyur. Yarmət müharibədən qayıtmır, anası oğlunun həsrətinə dözə bilməyib dünyasını dəyişir. Yarqunat bundan sonra Yarmətin evinə köçür, onun bacısı uşağını övladlıq götürüb, min cür əzab-əziyyətlə boya-başa çatdırıb oxudur. Yarmət oğlu Sadir alimlik dərəcəsinə yüksəlir, Türkiyədən elmi konfransa dəvət alır. Bütün əsas hadisələr bundan sonra baş verir. Sadir Türkiyədə kafedə olarkən bir qızın ifasında Yarqunat mahnısını dinləyir, həmin xanımla söhbətindən aydın olur ki, qız Yarmətin övladıdır.
Ləzgiyyə ilə Sadirin arasında az müddət ərzində bir doğmalıq yaranır və Ləzgiyyənin ailəsi ilə Sadir tanış olur. Sadirin Ləzgiyyənin anası ilə söhbətindən Yarmətin illərdən bəri vətən həsrəti çəkdiyi, amma müharibə dövründə alman dustaqlığından qurtulmuş əsgərlərin vətənə qayıtmasına icazə verilmirdi. Sadir Ləzgiyyə ilə sağollaşıb Azərbaycana qayıdır və tezliklə, onları Azərbaycanda gözlədiyini bildirir...
Ləzgiyyəgilin Azərbaycana gəlmək üçün sənəd düzəltmələri tam 1 il çəkir, bu müddət ərzində Sadir bunu anasından gizlədir, nəhayət, 40 ildən sonra Yarmət doğma torpağına yola düşdü. Və uzun illərin həsrətindən sonra Yarmət və Yarqunat bir-birlərinə qovuşurlar. Bu vaxta qədər Yarməti gözləyən Yarqunat fikirlərini belə ifadə edir:
-Mən elə bilirdim ki, sən mənim həyatıma isti günəş kimi doğacaqsan, sən demə, sən “soyuq günəş”sənmiş. Köhnə xatirələri yada salan Yarmət və Yarqunat sağollaşırlar, bu zaman Yarmət qəbiristanlıqda ana və atasının yanında özünə yer ayırıb vəsiyyət edir. Yarqunat isə cavabında deyir:
«Görürsənmi etibarını, o biri dünyada da məni yanında istəməmisən, orda mənə yer yoxdurmu?! Get,Yarmət, get, ömrümə doğmayan, mənə xoşbəxtlik bəxş etməyən soyuq günəş. Həyatıma ikinci dəfə soyuq günəş kimi doğdun, ümidlərlə dolu qəlbimi buza çevirdin”.
Və yenə səslənir Yarqunat mahnısı.
-Get,Yarmət,get... Mənə sənlə bağlı xatirələr yetər.
Bunu deyən Yarqunatın son istəyi Yarbulağın suyu olur, bir ağacın altına çökən Yarqunat gözlərini əbədi yumur...
Uzun illərin ayrılığından sonra bir-birini tapan iki insanı həyat yenidən ayırır. Belə bir deyim var: “hər kəsin həyatı öz əlindədir, istəsə, yaxşı həyat sürdürər, istəsə, pis”. Bəzən heç də belə olmurmuş, valideynlərimizin səhvinə görə bir ömür boyu əziyyət çəkirmişik, xoşbəxtliyi var-dövlətdə görən ailələr bilmirlər ki, övladlarını pula qurban verirlər. Valideynlərin övladlarına böyük sevgisi və xoşbəxtlik arzusu bəzən onlara reallığı görməyə imkan vermir, ürək, qəlb məsələlərində övladlarla valideynlərin milli adət-ənənələrin təsiri altında bir-birinə güzəştə getmələri bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Qızlarına duz yükü kimi baxan, “Tez evlənənlə tez yuxudan duran qazanar” şüarını əllərində bayraq edən valideyinlərin sonrakı peşmanlığı heç bir fayda vermir. Digər tərəfdən isə, qadın vəfasına, sadiqliyinə, şərəfinə şahid oluruq. Ssenarist Yarqunat obrazı vasitəsilə əsl Azərbaycan qadınını nümayiş etdirir.
Fikrimcə, hər bir ailənin təməli saf məhəbbətdir. Valideynlər bunu unutmamalı, övladlar isə öz xoşbəxtlikləri uğrunda mübarizə aparmağı bacarmalıdır. Əgər adət-ənənələr bizim xoşbəxtliyimizə kölgə salırsa, həmin adət-ənənələri məhv edin, getsin.

Şahanə Tağızadə,
BDU Jurnalistika fakultəsinin tələbəsi
9-11-2022, 10:04
PANFARSİST TULALARI HÜRMƏYƏ BAŞLADILAR

PANFARSİST TULALARI HÜRMƏYƏ BAŞLADILAR

İran İslam Respublikasının Azərbaycan Respublikasına yönəlik siyasəti prezident İbrahim Rəisinin komandası (2021-ci il avqustundan) öz vəzifəsini icra etməyə başlayandan sonra yeni prinsiplərə əsaslanmağa başlayıb. Həmin prinsiplərin nədən ibarət olduğunu təsəvvür etmək üçün Təbrizdə İran Radio-Televiziya Şirkəti rəhbərliyinin 2021- ci ilin oktyabr ayında dörd Cənubi Azərbaycan vilayəti radioteleviziya idarələrinin rəhbərliyi ilə keçirilən birgünlük toplantında qəbul edilmiş qərarlar yada salınmalıdır.
Toplantının yekununda elan edilmişdir ki, bundan sonra İran mediası İran–Azərbaycan münasibətlərinin ideoloji aspektini tamamilə yeni prinsiplər əsasında, yeni məzmunda təqdim edəcək.
Həmin prinsiplər aşağıdakılardır:
1.İran-Azərbaycan münasibətlərini fars-türk deyil, türk-türk münasibətləri kimi nəzərdən keçirmək;
İranın Azərbaycan Respubliasına yönəlik siyasətinin ideolji əsası indiyə qədər türk/azərbaycanlı/(Şimali Azərbaycan)-fars(İran) kim təsəvvür edilirdi. Artıq belə yanaşmanın vaxtı keçdiyindən, həmin münasibətləri türk/azərbaycanlı (Cənubi Azərbaycan)-türk/azərbaycanlı (Şimali Azərbaycan) münasibətləri, rəqabəti kimi təqdim etmək qərara alınmışdır.
2.Cənubi azərbaycanlıların dini kimliyini gücləndirmək;
Cənubi azərbaycanlıları Şimali azərbaycanlılara qarşı qoymaq üçün onların dini kimliyini gücləndirmək və guya dövlətin dini strukturlarında mövqelərini möhkəmlətmək və statuslarını yüksəltmək planlaşdırılır.
3.Cənubi azərbaycanlılarda Şimali Azərbaycanın ədalətsizliyi hissini gücləndirmək;
Cənubi azərbaycanlılardan Şimali Azərbaycan dövlətinə qarşı istifadə etmək üçün Şimali Azərbaycanın İranla bağlı hərəkətləri və siyasətini ədalətsiz kimi qələmə vermək nəzərdə tutulur.
Biz bu yeni siyasətin ilk təzahürünü artıq kimliksiz, millətinin düşməni olan birinin aşağıda qeyd olunan böhtan və iftiralarında görürük. İran tərəfi Şirazda mavzoley kompleksində baş verən (26.10.2022) terror hadisəsində Azərbaycan Respublikasının vətəndaşının( İŞİD-çi adlandırılan) guya aparıcı rol oynadığını bütün dünyaya elan etdi. Halbuki, nəinki dünyada, eləcə də İranda, terrorun İran xüsusi xidmət orqanları tərəfindən törədildiyni yaxşı bilir və bəyan edirlər. Bununla belə, Cənubi Azərbaycanda həmişə panfarsistlərə qulluq edən və öz milli hüquqları və milli kimliyindən imtina edən şəxsləri, az da olsa, görmək olar. Belələrindən biri, hətta ana dilinin fakultativ fənn kimi məktəblərdə tədris olunmasının, azərbaycanlıların türk kimliyi və ümumiyyətlə ayrıca etnik kimliyə malik oması əleyhinə mübarizə aparan keçmiş SEPAH zabiti və uğursuz siyasətçi olmuş, hazırda nə işlə məşğul olduğu bilinməyən bir yaramazdır (bax: “ANAJ” saytı, 8 noyabr 2022).
O, yuxarıda qeyd edilən provakasiya xarakterli, əsasız ittiham və düşünülmüş böhtandan ilham alaraq, həyasızcasına Azərbaycana qarşı ağasından daha böyük ittiham və böhtanlar irəli sürərək deyir: ”Təəssüflər olsun ki, Qarabağ terrorçuların əlinə keçib, Türkiyə və Azərbaycan hökuməti terrorçuları ora toplayıb, onlara təlim keçmək, manevr etmək imkanı verib”.
Belə həyasızlıqla iftira atan bu şərəfsiz daha da irəli gedərək müstəqil Azərbaycan dövlətinə zooloji düşmənçiliyini açıq aydın bəyan edir, Azərbaycan hökumətinə qarşı ağasının başından böyük hədələr irəli sürür. Təbii ki, bu tör-töküntü yuxarıda qeyd edilən siyasətin aciz bir piyadasıdır, ona görə onun hədyanlarını burada təkrar etməyə ehtiyac yoxdur. Onun niyə və nə demək istədiyinə aidiyyatı qurumlar daha yaxşı qiymət verə bilərlər. Amma əsas məsələ zahirən Cənubi azərbaycanlı birisinin Şimali Azərbaycana qarşı ideolji müharibə cəbhəsini açmasıdır.
İnsan şərəfsiz və ləyaqətsiz olanda, bir qab yal üçün hara, kimə, özününkünə, özgəyə, nə vaxt desən, hürməyə hazırdır. Biz əminik ki, belə ləyaqətsiz, şərəfsiz və milli kimliksiz şəxslərin sayı ketdikcə nəinki Cənubi Azərbaycanda, eləcə də bütün İranda daim azalacaq.
Vidadi Mustafayev,
dosent, tarix üzrə fəlsəfə doktoru,
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin müdiri
8-11-2022, 20:29
Çin Şarl Mişelin çıxışına icazə vermədi


Çin Şarl Mişelin çıxışına icazə vermədi

Çin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin müraciətinin televiziyada yayımlanmasına icazə verməyib. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mişelin müraciəti Çində keçirilən sərginin açılış hissəsində yayımlanmalı idi. O, sözügedən çıxışında Rusiyanın Ukraynada apardığı qanunsuz müharibəni kəskin şəkildə tənqid edib. Məlumata görə, bu səbəbdən onun çıxışına Çində qadağa qoyulub. Mişel isə Çini müharibənin tənzimlənməsində nüfuzundan istifadə etməyə çağırıb.
8-11-2022, 20:28
“İrəli” gəncləri Zəfər Gününü silsilə tədbirlərlə qeyd ediblər

“İrəli” gəncləri Zəfər Gününü silsilə tədbirlərlə qeyd ediblər
8 Noyabr – Zəfər Günü “İrəli” İctimai Birliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunub.
Birliyin Mətbuat xidmətindən Butov.az-a məlumat verilib ki, təşkilatın nümayəndə və üzvlərinin iştirakı ilə II Fəxri xiyabanda Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirlər planı çərçivəsində “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə “N” saylı hərbi hissədə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirə başlamazdan öncə “İrəli” gəncləri hərbi hissədə əsgərlər üçün yaradılmış şərait və hərbi texnikalarla tanış olublar.
Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, habelə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən “N” saylı hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin rəis müavini, mayor Nəcəf Xurşudov bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə öz adını qızıl hərflərlə yazdı. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi bu gün hər bir azərbaycanlı üçün böyük qürur və fəxarət mənbəyinə çevrilib.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışı zamanı ikinci Qarabağ müharibəsində qazanılan şanlı qələbəyə görə dövlətimizin başçısına öz təşəkkürünü bildirib. Vətən müharibəsinin ikinci ildönümü çərçivəsində “İrəli” İctimai Birliyi tərəfindən bir sıra tədbirlərin keçirdiyini bildirən təşkilat rəhbəri diqqətə çatdırıb ki, 44 günlük müharibədə şəhidlik zirvəsində ucalmış qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin buraxılışları indiyədək 45 rayon və şəhərdə 5000-ə yaxın gəncin iştirakı ilə nümayiş etdirilib.

Hərbi qulluqçulara Zəfər Günü münasibətilə təbriklərini çatdıran Şahin Rəhmanlı qeyd edib ki, “İrəli” İctimai Birliyi tərəfindən ordumuzun şəxsi heyətinin ruh yüksəkliyinin artırılması, həmçinin dövlətimizin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlərə töhfələr verməyə bundan sonra da davam edəcək.
Rəsmi hissənin sonunda “İrəli” İctimai Birliyi tərəfindən öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Silahlı Qüvvələrinin bir qrup əsgərə təltifnamələr təqdim olunub.
Tədbir bir sıra müğənnilərin iştirakı ilə konsert proqramı və əsgərlərlə birgə naharla davam edib.
Zəfər Gününə həsr olunmuş tədbirlər planına uyğun olaraq “İrəli” İctimai Birliyinin İntellektual mərkəzinin təşkilatçılığı ilə “Zəfər Tarixi” adlı intellektual turnir keçirilib. “Nə? Harada? Nə zaman?” formatında, ümumilikdə 100-dək gəncin iştirakı ilə baş tutan intellektual turnirdə 8 komanda birincilik uğrunda mübarizə aparıb.

8-11-2022, 20:25
Çavuşoğlu Ermənistana mesaj ünvanladı: Sülh üçün...


Çavuşoğlu Ermənistana mesaj ünvanladı: Sülh üçün...

“Cənubi Qafqazda barış və rifah üçün Ermənistanla normallaşma prosesi aparırıq”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Böyük Millət Məclisinin (TBMM) komitə iclasında deyib. XİN başçısı qeyd edib ki, Türkiyənin Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanı regionda sülhdə maraqlı olan tərəfə çevirmək cəhdləri davam edəcək. Nazir, həmçinin Azərbaycanla müdafiə, enerji, logistika, nəqliyyat sahələrində, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpasında hərtərəfli əməkdaşlığın davam etdiyini vurğulayıb.
8-11-2022, 20:23
Fransa dünya çempionatını ərəblərə satıbmış - Gözlənilməz etiraf


Fransa dünya çempionatını ərəblərə satıbmış - Gözlənilməz etiraf

Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter Qətərin 2022-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnu almasını səhv addım adlandırıb. O, dünya çempionatının ev sahibi ölkəsinin seçiminin təfərrüatlarından, o cümlədən Yaxın Şərq ölkəsi ilə Fransa arasındakı gizli razılaşmadan danışıb. Blatterin fikirlərini İsveçrənin “Tages-Anzeiger” qəzeti yayıb. Blatterin sözlərinə görə, 2010-cu ildə çempionatın keçiriləcəyi məkanı seçməzdən əvvəl FİFA icraiyyə komitəsi faktiki olaraq razılaşıb ki, Rusiya 2018-ci ilin, ABŞ isə 2022-ci ilin dünya çempionatına ev sahibliyi edəcək. Təşkilatın eks-prezidentinin fikrincə, “uzun müddətdir siyasi rəqiblər olan iki ölkə dünya çempionatlarını ard-arda keçirsəydilər, bu, sülh jesti olardı”. Lakin seçimdən bir həftə əvvəl Blatterə UEFA-nın o vaxtkı rəhbəri Mişel Platini zəng edib və planın baş tutmayacağını bildirib. O, Yelisey sarayında Qətərin vəliəhdi ilə nahar edən Fransa prezidenti Nikola Sarkozi ilə görüşdüyünü söyləyib. "Sarkozi Platiniyə deyib: "Dünya çempionatının ev sahibinin seçilməsi zamanı görün, siz və UEFA-dakı həmkarlarınız Qətər üçün nə edə bilər"”, - Blatter əlavə edib. Onun sözlərinə görə, sonda 2022-ci il dünya çempionatının ABŞ-a yox, Qətərə verilməsində Platini və tərəfdarlarının 4 səsi həlledici rol oynayıb. Eyni zamanda, Blatter bunun həm Fransa prezidentinin istəyi, həm də pul müqabilində baş tutduğunu qeyd edərək, “6 ayda Qətərin fransızlardan 14,6 milyard dollara qırıcı təyyarələr aldığını” bildirib. Bundan əlavə, Yozef Blatter Qətəri futbol üzrə dünya çempionatının keçirilməsi üçün çox kiçik ölkə adlandırıb. Blatter 1998-ci ildən FİFA prezidenti vəzifəsində çalışıb. 2015-ci ildə korrupsiya qalmaqalına görə tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu ilin iyulunda Blatter bəraət qazanıb.
8-11-2022, 20:21
Şəhid övladından atası ilə bağlı təsirli paylaşım


Şəhid övladından atası ilə bağlı təsirli paylaşım

Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev 8 Noyabr - Zəfər Günü ilə bağlı təsirli paylaşım edib. Butov.az şəhid övladının atası haqqında yazdığı statusu olduğu kimi təqdim edir: "Canım, gözüm, fəxrim atam. Ata sən mənim, Azərbaycanın qəhrəmanı, qürur mənbəyisən. Ata sənin üçün çox darıxmışıq, səni görmək, səninlə söhbət etmək üçün nələrimi verərdim bir bilsən. Amma, bu gün həm kədərli, həm qürurluyam. Çünki ata, bu gün sənin və sənin kimi bu Zəfər yolunda canından, qanından keçmiş, şərəfli Vətən övladlarının günüdür. Atam, sən bizdən narahat olma heç vaxt sənin övladların, görmək istədiyin yerlərdədir. Bizim borcumuz sənin adını uca tutmaqdır və uca tutacağıq daima. Atam, bu gün Şəhidlər Xiyabanına ziyarətinə gəlmişdik, hiss etdinmi? Gördünmü bizi? Azərbaycan xalqı orada idi, qürurlandın, fəxr etdin, əminəm. Çünki sən əminsən ki, əbəs yerə can verməmisən. Çünki bu xalq səni unutmadı, unutmayacaq və unutmağa qoymayacaq. Azaddır torpaqlarımız, azaddır həsrətində olduğun Şuşa. Artıq, yerli sakinlər ora əmin amanlıqla gedir və gedəcək. Bunu siz bacardınız, öz qanınız və canınızla. Haqq uğrunda savaşdın, yorulmadın, bezmədin üzündə hər zaman Vətən gülüşü var idi. Son tapşırığını şərəfli, peşəkar zabit kimi fəxrlə yerinə yetirərək şəhid oldun. Zəfəriniz mübarək olsun, əziz şəhidlər, zəfəriniz mübarək olsun, əziz həmvətənlərim, Zəfərin mübarək olsun Azərbaycan, Zəfərin mübarək olsun ATAM!”
Xatırladaq ki, polkovnik İlqar Mirzəyev 14 iyul 2020-ci ildə Tovuz istiqamətində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!