Heydər Əliyev – 100Heydər Əliyevin elə şöləsaçan işləri var ki, onlar zaman-zaman xatırlanıb dərc edilməli, gələcək nəsillərə çatdırılmalıdır.Məlumdur ki, 1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin I müavini vəzifəsinə keçməsilə Azərbaycana və azərbaycanlılara diqqət xeyli dəyişdi. Ən başlıcası, Heydər Əliyevin xeyir-duası ilə SSRİ-nin müxtəlif şəhərlərində təhsil alan tələbələr elə SSRİ-nin müxtəlif yerlərində iş aldılar, yüksək vəzifə postuna nail oldular. Həmin dövrdə Bakıda «Kommunist» («Azərbaycan») nəşriyyatında baş direktorun müavini işləyirdim. İşdə narazılığım yox idi. Lakin kiçik oğlumun səhhətində problemlər olduğundan həkimlər onun bir neçə il Rusiyanın orta hissələrində yaşamağını məsləhət görürdülər. Bununla əlaqədar Sov İKP MK-ya məlumat verib Rusiyada işləmək istədiyimi bildirdim. Poliqrafiya işləri ilə əlaqədar bütün məsələlərimizi Moskvada həll etdiyimizdən məni orda yaxşı tanıyırdılar. Nəşriyyatda həyata keçirdiyim yenilikləri Moskva da bəyənir, Rusiya nəşriyyatlarında da tətbiq edirdilər… Bakıda «Yeni kitab» mətbəəsində direktor olduğum dövrdə mətbəələr arasında birin\ci yeri tutduğumuza görə SSRİ Nazirlər Sovetinin Keçici Qırmızı Bayrağını Mətbuat Komitəsinin sədri B.N.Stukalin Azərbaycana şəxsən özü gətirmişdi.
İki həftədən sonra məni Moskvaya dəvət etdilər. Qəbul zamanı bildirdilər ki, Rusiyanın beş şəhərində nəşriyyat direktoru yeri boşdur. Elə ilk söhbətimizdən məlum oldu ki, Rusiyada işləməyimə ilk rəy verən Ulu Öndər olmuşdur. Güclü yaddaşa malik Heydər Əliyev Azərbaycanın bütün kadrlarını yaxşı tanıyır, iş qabiliyyətlərinə bələd idi. Odur ki, hər hansı nəşriyyata rəhbərlik edəcəyimə əminliklə razılıq vermişdi. Bunları fəxarətlə dinlədikcə məsuliyyət hissim daha da artırdı. Odur ki, etimadı doğrultmaq üçün ən ağır vəziyyətdə olan «Ulyanovskaya Pravda» nəşriyyatını seçdim. Altı ay direktor yeri boş olduğundan kollektivdə hərc-mərclik idi.
Nəşriyyatla tanış olmaq üçün Ulyanovska getdim. Ulyanovsk Vilayət Partiya Komitəsinin I katibi Gennadi Vasilyeviç Kolbin məni qəbul etdi. İlk görüşümüzdə haqqımda kifayət qədər məlumatlı olduğunu hiss elədim. Moskvada müdafiə edib poliqrafçı alim olduğumu da bilirdi. Məni «zemlyak» (yerlim) adlandırmasına təəccübləndim. Demə, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Kolbin Gürcüstan KP MK-da II katib vəzifəsində işləyirmiş. O illərdə Heydər Əliyevə Qafqazın ağsaqqalı kimi hörmət etdiyindən bu münasibət Rusiyada da davam edir və Heydər Əliyevə olan münasibətinə görə mənim üçün hər cür şərait yaradacağına söz verdi.
Əmrimi alıb işə başladım. Kollektivdəki intriqalar işlərin gedişatına ciddi maneələr törədirdi. Kollektivin bir qrupu alkaqolluq üstündə işdən çıxarılmış direktorun yenidən qayıtmasını tələb edirdi… İşləri çətinliklə də olsa, yoluna qoymağa nail oldum. Nəşriyyat saat mexanizmi kimi ahəngdar işləyirdi. Kolbin vilayətin rəhbəri olaraq diqqət və qayğısını nəşriyyatdan əsirgəmirdi. İşimi yüksək qiymətləndirirdi və bu barədə Heydər Əliyevə də məlumat verirdi. Həmin illərdə Ulyanovsk şəhərində alkaqolizmə qarşı mübarizə gedirdi. Mən də bu işə qoşularaq çayın təbliğinə başladım. Sexlərdə istirahət otaqları yaratdıq. Hər otaq üçün samovar aldıq və orada hamı istirahət edə-edə çay içirdi. Özü də hamımız Azərbaycan çayı içirdik. Hər sahədə Heydər Əliyevin etimadını doğrultmağa çalışırdım.
Ulyanovskda yaşayan müxtəlif millətlərin nümayəndələri Heydər Əliyevi yaxşı tanıyır və yüksək qiymətləndirirdilər. Əliyev ilk dəfə Ulyanovska 1977-ci ildə Nəriman Nərimanovun abidəsinin açılışına gəlmişdi. Sovet dönəmində Azərbaycanda Nərimanova abidə qoyulması müşkül məsələ idi. O ki ola Rusiyada… Əlbəttə, hər iki abidənin qoyulması məhz Heydər Əliyevin səyi nəticəsində başa gəlmişdi. Şəhər əhalisi onu geniş dünyagörüşə malik bir şəxs kimi xatırlayırdı. Hətta duzlu zarafatlarını da yadda saxlamışdılar. Ulu Öndər bütün ömrünü, fəaliyyətini Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatının inkişafına sərf etməklə Vətənimizin beynəlxalq aləmdə geniş miqyasda tanınması üçün əlindən gələni əsirgəməmişdi. Nərimanovun abidəsinin açılışı zamanı çıxışında yubilyarın xidmətlərini hərtərəfli şərh edərək onu elə bir zirvəyə çatdırmışdı ki, vilayət sakinləri Nərimanovu öz doğma adamları hesab edirdilər.
Heydər Əliyev Ulyanovska ikinci dəfə 1983-cü ildə Siyasi Büronun üzvü, SSRİ Nazirlər Sovetinin sədrinin I müavini olaraq, gəminin körpüyə çırpılması nəticəsində baş vermiş insan tələfatını araşdıran komissiyanın sədri kimi gəlmişdi. İnsanların ağrılı, həyəcanlı günlərində onlarla necə həmdərd olduğunu, xeyirxahlıqla dolu söhbətlərini, təsəllilərini bütün şəhər əhalisi minnətdarlıqla xatırlayırdı. Həlak olanların yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri, sadə əmək adamları ilə keçirdiyi görüşlər, səmimi söhbətlər onun şəxsiyyətinə dərin hörmət və rəğbət formalaşdırmışdı.
Hər dəfə bu söhbətləri dinləyəndə düşünürdüm ki, yalnız bir şəxsin simasında millət haqqında fikir formalaşa bilərmiş. Və çalışırdım öz işimlə Rusiyada rəhbər vəzifədə işləmək üçün namizədliyimi verən bu şəxsin etimadını doğruldum. Onu da bilirdim ki, Heydər Əliyev Moskvada işləyəndən sonra SSRİ-nin hər hansı bir yerində azərbaycanlılara münasibət yaxşı mənada dəyişmişdi.
İşimlə əlaqədar tez-tez Moskvaya – MK-ya gedirdim. Mənə münasibət tam fərqli olurdu. Bütün bunlar Heydər Əliyevə görə idi. O, xalqımızın başucalığı idi. Ulyanovskda minlərlə soydaşımız yaşayırdı. Onların böyük əksəriyyəti avtomobil sənayesi ilə bağlı olan insanlar idi. Gəncədə tikilməsi nəzərdə tutulan avtomobil zavodu üçün Ulyanovskda kadr hazırlığı da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi.
Doxsanıncı illərin məlum hadisələrindən sonra artıq Bakıya qayıtmışdım. 1992-ci il idi. «Azərbaycan» nəşriyyatında baş direktor işləyirdim. Heydər Əliyev Naxçıvanda yaşayırdı. Muxtar Respublikanın Ali Sovetinin sədri idi.
Respublikada hərc-mərclik dövrüydü… Yay aylarıydı. Üç vətəndaş kabinetə daxil oldu. Birinin əlində qovluq vardı. O, qovluğu mənə verərək dedi:
– Şəddat müəllim, bu kitab Türkiyə Prezidenti Süleyman Dəmirəlin Naxçıvan səfərinə həsr olunmuşdur. Kitabı təcili çap etmək lazımdır…
Qovluqdakı mətn və şəkillərə baxdım. Orada Heydər Əliyevin Süleyman Dəmirəl və başqaları ilə çoxlu şəkli vardı. Bir anlıq fikrə getdim. Bilirdim ki, Heydər Əliyevin şəkilləri, demək olar ki, heç yerdə dərc olunmur. Lakin həyatım boyu səcdə etdiyim, yüksəlişimdə, inkişafımda mühüm rol oynamış bir şəxsə aid kitabı çap etməməyə mənəvi haqqım yox idi.
Nəşriyyatda gərgin günlər yaşanırdı. Çapa lazım olan materiallar yalnız pulu ödənildikdən sonra Rusiyadan gətirilirdi. Pulu ödəmək çox çətin idi, büdcədən rus pulu almaq mümkün deyildi. Çap materiallarının çatışmazlığından dövlət qəzetləri də vaxtında çıxa bilmirdi. Bütün bunları ürəyimdə götür-qoy etsəm də, qonaqlara kitabı çap edəcəyimə söz verdim. Başqa cür ola bilməzdi. Axı onlar Heydər Əliyevin adından gəlmişdilər. Mən bu işi görməsəydim, onlar kitabı Türkiyədə və digər dövlətlərdə çap etdirəcəkdilər. Amma mən ömrüm boyu vicdan əzabı çəkəcəkdim.
Beləliklə, «Naxçıvan yaşayır, döyüşür…» kitabını lap qısa müddətə 20 min sayda yüksək səviyyədə çap etdirib sifarişçilərə təhvil verdim. Kitabın üz qabığında Heydər Əliyevlə Süleyman Dəmirəlin də şəkli çap olunmuşdu.
Heydər Əliyevin adından gələn sifarişçilər Mirzə Əsgərov, Fərhad Cəfərquliyev və Akif Axundov kitabı arzu olunan səviyyədə görəndə razılıqlarını bildirdilər və məni də kitabı təqdim etmək üçün Naxçıvana dəvət etdilər. Mən isə nəşriyyatda işim çox olduğundan vaxt tapıb gedə bilmədim. Lakin Naxçıvana getməməyimin peşmançılığını hər zaman çəkirəm. Çünki Ulu Öndərlə şəxsən görüşmək bir daha mənə nəsib olmadı.
Kitabı Ulu Öndərə çatdıranda mənə minnətdarlıq etməyi tapşırır.
Kitabın sevincini yaşadığım günlərdə telefonuma zəng oldu. Tanımadığım şəxs qışqıra-qışqıra:
– Sənə kim ixtiyar verib Heydər Əliyev haqqında kitab çap edəsən?
Məni hədələyən şəxs cavab gözləmədən ünvanıma nalayiq sözlər deyərək məni təhqir edirdi. Sonra hədə-qorxuya keçdi:
– İndi gəlib səni 5-ci mərtəbədən ataram aşağı (direktorun kabineti 5-ci mərtəbədə yerləşirdi).
Artıq səbrim tükənmişdi. Telefon dəstəyini ağzıma bir az da yaxınlaşdıraraq:
– Atmayan kişi deyil!!! – deyib, dəstəyi yerinə qoydum.
Həmin gün də həmişəki kimi işdən axşam saat 8-dən sonra çıxdım. Lakin otağıma heç kim gəlmədi.
Səhər işə gələndən sonra dünənki hadisəni nəşriyyatın mühafizə rəisinə danışdım. O mənə iki cangüdən təhkim olunmasını təklif etdi. Mənsə bundan imtina etdim və ona dedim:
– Əgər məni Heydər Əliyevdən ötrü öldürürlərsə, bu ölümü özüm üçün şərəf sayaram.
Sonralar 25 yanvar 1997-ci il tarixli «İki sahil» qəzeti həmin çətinlikləri belə açıqlamışdı: «O dövrdə Heydər Əliyevin şəklini çap etmək təhlükəli olsa da, Şəddat Cəfərov dahi siyasətçinin şəklinin çap olunmasından qorxmadı. Açığı, Prezident Aparatının tabeliyində olan bir nəşriyyatda bu kitabı çap etmək heç də asan deyildi. Ona görə də kitab çap olunduqdan sonra müxtəlif təzyiqlərə məruz qaldı. Lakin haqq işinin təbliğatçısı olduğuna görə bütün bu təzyiqlərə fəxarətlə dözdü».
Şəddat Cəfərov,
İqtisadiyyat üzrə fəlsəfə doktoru,
poliqrafçı alim