Qəzza zolağına inzibati nəzarəti həyata keçirən Fələstinin HƏMAS hərəkatı İsraildən Qəzza zolağındakı fələstinli qruplarla barışıq əldə etməyə hazır olduqları barədə mesaj alıb. Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. “Vasitəçilər HƏMAS-a İsrailin atəşkəsə əməl etməyə hazır olduğunu çatdırıblar”,- məlumatda deyilir. Qeyd olunub ki, Misir, Qətər və BMT nümayəndələri Qəzzadakı radikal Fələstin qrupları ilə İsrail hakimiyyəti arasında təmaslarda iştirak edir.
Azərbaycan və Türkiyə pilotları səmada öz bacarıqlarını göstərdi
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar icra olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları Su-25 hücum və ikiyerli təlim-döyüş F-16 qırıcı təyyarələrində türkiyəli pilotlarla birgə uçuşlar, eləcə də plana uyğun müxtəlif tapşırıqlar yerinə yetiriblər. Təlim uçuşları zamanı pilotlarımızın F-16 tipli təyyarələrin idarə olunması üzrə bilik və bacarıqları, uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb. Təlimdə, həmçinin Türkiyə və xarici ölkələrin fotoqrafları da iştirak ediblər. Fotoqraflar bazalanma aerodromunda təlimdə iştirak edən aviasiya vasitələri, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarələri ilə yaxından tanış olub, təhlükəsizlik qaydalarına riayət etməklə uçuş-enmə zolağında pilotlar tərəfindən yerinə yetirilən tapşırıqları izləyiblər. Sonda təlimdə aviasiya vasitələrinin qısa intervalda nümunəvi uçuşları icra olunub, Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Yıldızları" aviaqrupu müxtəlif manevrlər ediblər.
Sülhün yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir - Zaxarova
ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində əhəmiyyətli irəliləyiş olması barədə açıqlamaları İrəvan və Bakının mövqeləri ilə ziddiyyət təşkil edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında deyib. Zaxarova bildirib ki, Ermənistan və Azərbaycan əsas məsələlərdə fikir ayrılıqlarının qaldığını qeyd edirlər. Onun sözlərinə görə, bundan sonra da Moskva fəaliyyətini davam etdirəcək və artıq iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar üçün platforma təklif edib: "Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir". Xatırladaq ki, 1-4 may tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Görüşlərdə ABŞ dövlət katibi Entoni Blinken və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da iştirak edib. Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması barədə mövcud məsələlərə dair mövqelərini bildiriblər. Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
İlham Əliyev xanımı ilə Dəmir Yumruq küçəsinin açılışında iştirak etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər. Dövlət başçısına və birinci xanıma küçədə aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verilib. Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin edən və xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilən Dəmir Yumruğun şərəfinə adlandırılan bu küçə şəhərin mərkəzi hissələrini əhatə edir. Dəmir Yumruq küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir. Bərpa-yenidənqurma işləri Şuşanın tarixi görkəminə uyğun qaydada yüksək səviyyədə aparılır. Dövlət başçısı Dəmir yumruq küçəsinin lövhəsinin açılışını edib.
Türkiyə Rusiyayla qaz ödənişlərinin təxirə salınmasında razılığa gəldi
Türkiyə Rusiya ilə 600 milyon dollarlıq təbii qaz ödənişlərinin 2024-cü ilə qədər təxirə salınması barədə razılığa gəlib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik bildirib ki, bu, ötən həftə elan edilmiş saziş çərçivəsində ilk belə təxirə salınmadır. Məlumatda, həmçinin qeyd olunub ki, “Türkiyənin Rusiyaya enerji ödəmələrində gecikmələr 4 milyard dollara çata bilər”. Enerji qiymətlərinin artması buna böyük təsir edib. Xatırladaq ki, mayın 3-də Türkiyənin energetika naziri Fatih Dönməz “Qazprom”la təbii qaz ödənişlərinin bir hissəsinin təxirə salınmasına dair razılığın əldə edildiyini açıqlayıb. Lakin o, ödənişi təxirə salınan vəsaitin həcmini açıqlamayıb. Rusiya Türkiyəyə təbii qazın əsas tədarükçüsüdür. Türkiyəyə idxal olunan qazın 40%-dən çoxu Rusiyaya məxsusdur.
Türkmənistandakı səfirliyimizin yeni binası açıldı
May 10-da Azərbaycanın Türkmənistandakı Səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul keçirilmiş və bir müddət əvvəl inşası başa çatmış Səfirliyin yeni inzibati binasının rəsmi açılışı olub. Səfirlikdən verilən xəbərə görə, tədbirdə fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalov Azərbaycan Səfirliyinin yeni inzibati binasının bir müddət öncə tikilsə də rəsmi açılışının məhz Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günü edilməsinin qərara alındığını qeyd edib. Mərasimdə Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Türkmənistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri və əməkdaşları, media və ictimaiyyət nümayəndələri, eləcə də soydaşlarımız iştirak ediblər.
Prezident ailəsiylə Saatlı məscidinin açılışında iştirak etdi
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi. Bildirildi ki, Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib. Aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunub və minarə ona uyğun bərpa edilib, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb. Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri məscidin həyətində ağac əkdilər.
Çin sülhün və bu istiqamətdə danışıqlarının tərəfdarıdır - Nazir
Çinin xarici işlər naziri Qin Qang Almaniyanın Berlində almaniyalı həmkarı Annalena Baerbok ilə birgə mətbuat konfransı keçirib. Qanq mətbuat nümayəndələri qarşısında Rusiya-Ukrayna müharibəsindən danışıb, ölkəsinin siyasi mövqeyini açıqlayıb. “Ukrayna məsələsi olduqca mürəkkəbdir. Sadələşdirmək və emosionallaşdırmaq həll yolu deyil. Yeganə çıxış yolu sakit və rasional qalmaq, siyasi həll üçün şərait yaratmaqdır. Çin nə münaqişənin təşəbbüskarı, nə də münaqişənin iştirakçısıdır, sülhün və bu istiqamətdə danışıqlarının tərəfdarıdır. Ümid olunur ki, Almaniya tərəfi aparıcı rol oynayacaq və balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik çərçivəsinin yaradılması üçün konkret tövsiyələr verəcək”, - deyə Çin rəsmisi bildirib.
Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan haqqında həbs qərarı verib. Bu barədə AFP agentliyi Xanın vəkillərinə istinadən məlumat yayıb. Sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. Qeyd edək ki, İmran Xanın dünən keçirilən məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. Yüzlərlə şəxsin həbs edildiyi bildirilir.
Muharrem İncenin mitinqləri səhhətiylə bağlı təxirə salındı
Türkiyə prezidenliyinə namizəd, Məmləkət Partiyasının sədri Muharrem İncenin səhhətində problem yaranıb. Bu barədə partiyanın deputatlığa namizədi Figen Okan "Twitter" hesabında paylaşım edib. O qeyd edib ki, İncenin səhhətində yaranmış problemə görə İzmir və Manisada keçirilməsi nəzərdə tutulan mitinqləri təxirə salınıb. Siyasətçi partiya liderinin vəziyyəti barədə məlumat verməyib.