Parisdə keçirilən Yay Olimpiya Oyunlarında LGBT təbliğatı böyük əks-səda doğurub. Olimpiya Komitəsinin paradda homoseksual şəxsləri yerləşdirməsi və “Drag Quee” kimi xarakterizə edilən şəxslərin Olimpiya məşəlini daşıması sosial mediada geniş tənqidlərə səbəb olub. Bundan başqa, Avropa mətbuatında məşhur rəssam Leonardo da Vinçinin “İsanın son şam yeməyi” tablosunun LGBT şəxslər vasitəsilə təqdim edilməsi hörmətsizlik kimi qiymətləndirilib. Fransız rejissor və aktyor Tomas Jolly-nin bədii rəhbəri olduğu mərasimdə 204 ölkədən idmançıları və Olimpiya Komandasını daşıyan 85 qayıq Austerlitz körpüsünün altından yola düşərək Sena çayı boyunca 6 kilometrdən çox yol qət edib.Yağış altında keçirilən və təxminən 300 min insanın iştirak etdiyi açılış mərasimi tədbirlər və məşhur adların səhnəyə çıxması ilə davam edib. Bütün dünyanın canlı izlədiyi tədbirdə qadın-qadın və kişi-kişi münasibətlərinin normallaşması diskomfort yaradıb. 4 ildən bir keçirilən Olimpiadanın tarixinə indiyədək belə hal yaşanmamışdı.
Ukrayna prezidenti Vladimir Zelenski Yaponiya İctimai Televiziyasına müsahibəsində bildirib ki, Kiyev 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır. Ukrayna prezidenti qeyd edib ki, belə bir məsələni onun administrasiyası və diplomatik komandası qarşısında qoyub. Zelenski əmin olduğunu bildirib ki, Ukrayna ordusunun güclənməsi, ilk növbədə ABŞ-ın dəstəyi və Rusiyaya beynəlxalq diplomatik təzyiqlər münaqişəyə ədalətli son qoyacaq üç komponentdir. Bundan əvvəl o, Moskva ilə danışıqları istisna etmədən, Rusiya Federasiyasının nümayəndələrinin Ukraynada sülh məsələsi üzrə ikinci sammitdə iştirak etməli olduğunu açıqlamışdı.
Parlament seçkilərini müşahidə edəcək müşahidəçilərin sayı
1 sentyabr növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. O deyib ki, indiyə qədər 2794 müşahidəçi qeydə alınıb. Onların 1867-si öz təşəbbüsü ilə müraciət edib, 569-u QHT-lər, 126-sı isə YAP xətti ilə qeydiyyatdan keçib. ATƏT Təsisatlar və İnsan Hüquqları Bürosunun isə 11 beynəlxalq müşahidəçisi qeydə alınıb.
87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK sədri
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsidir. Ümumilikdə 516 namizədliyi irəli sürülən şəxsin siyasi partiya mənsubiyyəti var. "Deputatlığa namizədliyini irəli sürənlərdən 1092 nəfəri imza vərəqəsi alıb, 388 nəfər isə imza vərəqələrini qaytarıb", - deyə MSK sədri əlavə edib. M.Pənahov qeyd edib ki, indiyə qədər 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
"Hələ seçkiqabağı təşviqat başlamayıb, media orqanları bunu nəzərə almalıdır". Bunu oyulun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib. MSK deyib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməli, təşviqata başlamamalıdırlar. “Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”, - o əlavə edib.
Önümüzdəki zamanlarda minimum əmək haqqının artırılacağı ilə bağlı xəbərlər yayılıb. Hazırda 345 manat olan minimum əmək haqqının artım faizi nə qədər ola bilər? İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, böyük ehtimalla minimum əmək haqqı yanvarın 1-dən artırılacaq: “Artımın 10-15% arası olacağı gözlənilir. Ötən il 8.8% infilyasiya olub, bu il də infilyasiya gözlənilir. Ona görə də minimum əmək haqqının artırılmasında bu nüansların nəzərə alınacağını düşünürəm. Amma minimum əmək haqqının artırılması ciddi qərar olduğu üçün ciddi də analizlər tələb edir. Bu ölkədə əməkhaqqlarının şəffaflaşmasına dəstək verir”. Ekspertin sözlərinə görə, burada özəl sektor da qanunvericiliyə riayət etməlidir: “Bu baxımdan minimum əmək haqqının kəskin artırılması ölkədə özəl sektor üçün ciddi surətdə problem yarada bilər. Çünki özəl qurumların imkanlarınn məhdud, zəif olması, işçilərə daha yüksək əmək haqqı verilə bilməməsi problem yaradır. Hökumət işçi xərcinin kəskin artırılması zamanı özəl sektorun qarşılaya biləcəyi məbləği hesablayır. Bu zaman dövlətin özünün də maliyyə imkanları hesablanır”. X.Kərimli qeyd edib ki, minimum əmək haqqı dedikdə maaşların ən aşağı miqdarı nəzərdə tutulur: “Azərbaycanda əmək qabiliyyətli əhalinin yaşayış minimumu var ki, bu şəxslərə minimum nə qədər məbləğ lazımdır. Minimum əmək haqqı yaşayış minimumundan hazırda da yüksəkdir. Minimum əmək haqqı hər il infilyasiyaya uyğun olaraq artırılır. Önümüzdəki il də maksimim 390-400 manat olacaq”.
Türkiyənin tanınmış aktyoru Salahsun Hekimoğlu dünyasını dəyişib Televiziya və səs aktyoru Salahsun Hekimoğlu 74 yaşında vəfat edib. Qeyd edək ki, aktyor "Payitaht Abdülhamid", "Diriliş: Ertuğrul", "Kurtlar Vadisi", "Arka Sokaklar" və "Kavak Yelleri" kimi bir çox məşhur seriallarda rol alıb. S.Hekimoğlu 1 yanvar 1950-ci ildə anadan olub. İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin məzunu olan Hekimoğlu 1988-ci ildən film və serialların səsləndirilməsində iştirak edir. Hekimoğlu aktyorluğa 2003-cü ildə "Həyat Bilgisi" serialındakı rolu ilə başlayıb.
Pezeşkianın andiçmə mərasiminin vaxtı irəli çəkildi
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın səlahiyyətlərinin icrasına başlama mərasimi sabah - iyulun 28-də keçiriləcək. Mərasimdə yüksək səviyyəli siyasi və hərbi rəsmilərin iştirakı planlaşdırılıb. Tədbirdə İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei də iştirak edəcək. Məlumata görə, Pezeşkianın səlahiyyətlərinin icrasına başlama mərasimi sabah Tehranın İmam Xomeyni Hüseyniyyəsində keçiriləcək. Yeni seçilmiş prezidentin andiçmə mərasimi yerli vaxtla saat 10:00-da İran telekanalları və "KHAMENEI.IR" və "Leader.ir" saytları vasitəsilə canlı yayımlanacaq. Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-u baş tutacaq. Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən 14-cü prezident seçkilərində qalib gəlib. O, milliyətcə etnik azərbaycanlıdır.
İyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-16° isti olacaq.
Ermənilər “Yarım gilə” mahnısını oğurladılar - VİDEO
Ermənilər Azərbaycanın Əməkdar İncəsənət Xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti Brilyant Dadaşovanın ifa etdiyi “Yarım gilə” mahnısını oğurlayıblar. Belə ki, sosial şəbəkələrdə mahnının erməni dilində ifasının videogörüntüləri yayılıb. Modern.az-ın məlumatına görə, Cavanşir Quliyev “Pressklub”a açıqlamasında bildirib ki, bu mahnı 1991-ci ildə Azərbaycan televiziyasının baş rejissoru Ramiz Həsənoğlunun qızının toyuna hədiyyə olaraq yazılıb. Və ilk dəfə də həmin toyda ifa olunub. Sonra mahnını studiya şəraitində Brilyant Dadaşova ilə yazıb, efirə veriblər: “Brilyant xanım bu mahnını oxudu, klipini də çəkdi. Daha sonra Türkiyəli Ezgi Mert adında müğənni də bu mahnını oxuyub, albomuna saldı”. Bəstəkarın sözlərinə görə, sonra da bir gürcü müğənni “Yarım gilə”ni oğurlayaraq, oxuyub: “Mən onları axtarıb, tapdım. Hüquqi işlər başlatmaq istədiyimi bildirəndən sonra həmin ifaçı məndən üzr istəyib, dedi ki, mahnının müəllifi olduğunu bilmirmiş. Onlara bir erməni deyibmiş ki, mahnı bütün Qafqazda yayılan mahnıdır. Yəni, xalq mahnısıdır. Görünür, həmin erməni sakit durmayıb, mahnını öz soydaşlarına da verib. Amma ola bilər ki, həqiqətən də müəllifi olmayan xalq mahnısı hesab ediblər. Və ya bilərəkdən də etmiş ola bilərlər. Çünki mahnı uzun zamandır internetdədir. Dünyadakı bütün musiqi platformalarında var”. Müsahibimiz deyib ki, məsələ ilə bağlı hüquqi yollara baş vurub: “Əqli Mülkiyyət Agentliyinə müraciət etmişəm. “You Tube”də mənim hüquqlarımı müdafiə edən şirkətin başçısına da bildirəcəm. Məsələ burasındadır ki, mən həmin videogörüntünü “Facebook”da görmüşəm.” You Tube”dadırsa, onu tapıb, “You Tube” vasitəsilə hüquqi işləri görmək olar. Amma “Facebook”da kiminsə səhifəsindədirsə, onu tapmaq çətin olacaq. Yalnız şikayət edib, videonun səsini bağlamaq olar. Hər bir halda, məsələnin həlli üçün nə lazımdırsa, edəcəm”. Maraqlıdır, bu hadisə ilə bağlı Əqli Mülkiyyət Agentliyi bir tədbir görəcəkmi? Mahnı agentlikdə rəsmi qeydiyyata alınıbmı? Məsələ hansısa şəkildə qaldırılacaqmı? Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, agentlik məsələni araşdırıb, lazımi məlumatı verəcək. Qeyd edək ki, bir neçə gün öncə sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilmişdi. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi isə həmin mahnının mövcud platformalardan silinməsinə nail olub. Ümid edirik, bu dəfə də aidiyyəti qurumların qarşı tərəfə cavabı gecikməyəcək.