Tələbələr Bakıya qayıdır: kirayə bahalaşır, yataqxanalar isə...Yeni tədris ilinin başlamasına 1 ay qalıb. Artıq ali təhsil müəssisələrinin yuxarı kursda oxuyan tələbələri, həmçinin ixtisas seçimində Bakıda yerləşən universitetlərə müraciət edən şəxslər paytaxtda kirayə mənzil və yataqxanalar barədə maraqlanmağa başlayıb.
Kirayə mənzil axtarmaq üçü Bakıya gələn tələbələrin bəziləri qiymətlərin artmasından şikayətlənir. Yataqxanalarda isə vəziyyət ürəkaçan deyil.
Əmlak eksperti Ramil Osmanlı da gələn ay kirayə qiymətlərində artım gözlədiyini bildirib.
Onun sözlərinə görə, sentyabr ayında tələbə axını nəticəsində kirayə evlərdə qiymət artımı gözlənilir:
“Azərbaycan kirayə mənzil bazarında son illərdə daha çox təklif portfelinin məhdudlaşmasını, daralmasını müşahidə edirik. Kirayə mənzil kimi bazara çıxarılan ucuz mənzillərin sayı sürətlə azalır. Şəhərsalma prosesi sürətləndikcə bir və ya iki mərtəbəli yaşayış binaları söküntüyə məruz qalır. Eyni zamanda köhnə mənzil fonduna aid olan bəzi çox mənzilli binalar da söküntüyə məruz qalır. Bu səbəbdən də biz xüsusi ilə kirayə mənzil bazarında təklif portfeylinin məhdudlaşması və daralmasını müşahidə edirik. Bunun müqabilində yeni tikililər inşa olunur və bazara daha bahalı mənzillər daxil olur. Bütün indiki iqtisadi şərtlər kirayə mənzil bazarı üçün qiymət artımını şərtləndirir”.
Bakıda tələbələrin qalmaq üçün üz tutduğu növbəti ünvanlar yataqxanalar olur. Azərbaycanda bir çox universitetin yataqxanalarında keçmiş məcburi köçkünlər yaşayır, ancaq bəzi ali təhsil ocaqlarının yataqxanalarında tələbələr üçün yaxşı şərait var.
Yataqxanaların qiyməti hər universitetə görə fərqlidir. Qiymətlər yataqxananın şəraitinə görə dəyişir.
Bakı Dövlət Universitetinin yeni istifadəyə verilmiş 5 mərtəbəli, 220 yerlik tələbə evində bir nəfər üçün aylıq ödəniş 75 manatdır.
Memarlıq və İnşaat Universitetinin 112 otağı olan və hər il 252 tələbə qəbul edilən təbələ şəhərciyində isə aylıq qiymət 40 manat təşkil edir. Azərbaycan Tibb Universitetinin 4 yataqxanası mövcuddur. Yataqxanalar oğlan, qız və xarici tələbələr üçün ayrılıqda bölünüb. Tələbənin qalması üçün 968 yer mövcuddur. Qiymətlər 50-80 manat arasında dəyişir. Universitet yataqxanasında otaq tutumu 1 nəfərlik, 2 nəfərlik, 3 nəfərlik və 4 nəfərlik olaraq bölünür.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 320 nəfərlik tələbə şəhərciyi fəaliyyət göstərir. Burada hər otağın qiyməti 100 manatdır. Otaqlar 2, 3 nəfərlikdir.
Bakı Avrasiya Universitetinin yataqxanası isə yalnız qız tələbələrin qalması üçün nəzərdə tutulub. Otaqların aylıq ödənişi 80-100 manat arasında dəyişir. Aztəminatlı tələbələrin burada qalması üçün şərait yaradılacaq və qiymət barəsində müəyyən güzəşt ediləcək.
Ali məktəblərdən bildirilib ki, şəhid və qazi övladlarına, valideynlərini itirmiş və digər həssas qrupa aid olan tələbələrə güzəştlər edilir. İxtisas seçiminin nəticələri bəlli olduqdan sonra yataqxanalarda tələblərin yerləşdirilmə planı daha dəqiq bilinəcək.