İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        ELMİN ÖMÜRLƏ VƏHDƏTİ .....                        "Beşiktaş" doğma meydanında məğlub oldu .....                        Şirvanda 4 nəfəri maşın vurdu .....                        Britaniyada fırtına: fövqəladə vəziyyət elan edildi .....                        Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub .....                        Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat cərimə .....                        İstanbulda qar həyatı iflic etdi - FOTO .....                       
2-11-2024, 07:03
AĞBİRÇƏK

Rəsul RƏXŞANLI

AĞBİRÇƏK
Geniş həyətimizdə ağbirçək peyda oldu. Canı sulu, zirəng arvad idi. Adamın gözünün içinə elə baxırdı ki, çaş-baş qalırdı. Elə bil onun ürəyindəkini, başındakını öyrənmək istəyirdi. İki-üç ar-vadın, qız-gəlinin yığışdığnı görəndə az qala yüyürürdü onların yanına. Qulaq asır, sual verir, əlavə edirdi. Onlarla danışarkən gözləri yan-yörəsində nəsə axtarırdı. Gözünə dəyəndə ki, üç-dördü o biri küncdə-bucaqda pıçıldaşır, becid yeriyirdi oraya. Arvad dükanda, bazarda gözümə dəyirdi.
Bu yaraşıqlı ağbirçək örpəyindən, üst-başından kənd adımına oxşayırdı. Dedilər ki, filan-kəsin qayınanasıdı. Əri dünyasını dəyişdiyindən kənddə tənha qalıb. Oğlu gətirib yanına.
Balacaları bağçaya qoyub qayıdırdım. Arvadla üz-üzə gələndə salam verdim. Salamımı alıb gözlərimin içinə elə baxdı ki, sanki məni nədəsə təqsirləndirəcəkdi:
– Ay gəlin, işləmirsən, bütün günü evdəsən. İki balana niyə evində baxmırsan? Niyə uşaq bağçasına verirsən?
Özümə tez gəldim, sual asan idi:
– Bağçada uşaqlar çoxdu, oynayırlar. Onlara şeir əzbərlədirlər, mahnı oxudurlar, şəkil çəkdirirlər. Günləri xoş ötür.
Mən danışdıqca onun sanki təqsirləndirici baxışı gözlərimə zillənmişdi. Sözümü bitirəndə düşündüm ki, görəsən dediklərimdə hansı pürçürlüyü tapacaq.
– Dediklərin düzdüsə dəyər, – deyib aralandı.
Onun gəliniylə görüşəndə arvaddan söz açdım. Qaynanası gələndən işi yüngülləşib. Dü-kan-bazarı boynuna götürüb. Biş-düşə də əl atır, bir işi olmaya da.
– O nə işdi?

– Gördüyü, eşitdiyi hər adama, hər şeyə şübhəylə yanaşır. Mən də səksəkədə qalıram.
Ağbirçək haqda pahatsızlığım bir qədər seyrəldi. Deməli, təkcə mənə qarşı belə deyilmiş, adətkərdə imiş.
Uzaqdan onu görəndə özümü yığışdırdım. Görəsən bu dəfə nə deyəcək, nə soruşacaq? Düz tapmışdım, soruşdu.
–Pəh-pəhlə şəhər dediyiniz bu yerdə necə yaşayırsız? Havasını almaq olmur, suyunu iç-mək. Səhərəcən maşın səsindən göz yummaq mümkün deyil. Qız-qadınlar orda-burda topa-topa yığışıb qiybət qırır. Nədəndi? Hamısı bekarçılıqdan. Bunların hərəsinin bir həyətlik toyuq-cücəsi, bir- iki baş heyvanı olsaydı qiybətə vaxt tapılmazdı. Süfrələri də bərəkətli olardı. Təzə ət yedizdirərdilər evdəkilərə, donmuş əvəzinə. Burada necə yaşayırsız? Anlamıram.
Gülümsədim:
–Alışmışıq. Neyləyək? Çörəkpulumuz burada çıxır.

– Kənddə məgər çörəkpulu çıxmır? Qollarınızı çırmalasanız çıxar, artıqlamasıyla. Kənd camaatının hər şeyi var. Soyuducusu da, televizoru da, maşını da, camaşıryuyanı da. Şəhərdə olan bir şey də var ey, televizora bənzəyir, adı yadımda qalmır. Otururlar qarşısında, şəhərdəki qohum-əqrabayla danışırlar, bir-birini görürlər, əl eləyirlər. Çox gözəl şeydi. Bəziləri lap elə xarıçdəki qardaş-bacısıyla da görüşüb danışır. Ona nə deyirlər? Bir təhər adı var, dilimə də yat-mır.
– Kompüterimi deyirsən?
–Hə, hə, onu deyirəm, hə. Həqiqətən, çox gözəl şeydi.
Çörək dükanından birgə qayıtdıq. Ağbirçək qızları göstərərək:
– Sən bir bunlara bax, - deyib sifətini turşutdu, - birisi sinəsini açıb, o birisi göbəyini qo-yub bayırda, ta birisi budlarını göstərir. Məgər şəhərdə qızı bayırda qoyduqlarına görə alırlar? Nəzakətdən də kasaddılar. Metroya minirəm, avtobusa minirəm, oturanların əksəriyyəti qızlardı. Yaşlıya, qocaya yer verən yoxdu. Guya görmürlər, hərəsi bir cür başını qatır. Düşün-mürlər ki, bəlkə yetmiş yaşlının yeddi, səksən yaşlınınsa səkkiz azarı var. Ayaq üstə güc-bəlayla dayanırlar. Bir qalxaq, yeri onlara boşaldaq, insaf da yaxşı şeydi. Məgər özləri qocalmayacaq? Televizorda veriliş vardı. Araşdırırdılar ki, niyə oğlanlar evlənmək istəmir. Əksəriyyət maaşın azlığından gileylənirdi. Nəzakəti, tərbiyəni dilinə gətirən tapılmadı. Sanki dilimizdə belə sözlər yoxmuş. Məni çağırsaydılar gördüklərimi, bildiklərimi söyləyərdim. Guya oxumuşları, ağıllıları çağırırlar. Böyük həyat təcrübəsi olan ağıllı-kamallı ağsaqqallar, ağbirçəklər qalır qıraqda.
Gözləyirdi mən də nəsə deyim. Onun sözünün qabağında söz desəydim bir mız qoya-caqdı. Mız deyəndə ki, özünün ağlı kəsəni. Ağlı kəsənsə az deyil. Deməyə söz axtaranlardan deyil.
–Hansı ağıllı oğlan abırsız qıza evlənər? Hə, mən də eşidirəm, bilirəm, düzdü, var-dövlətə görə lap elə əxlaqsıza da evlənən tapılır. Bizdə eləsini kişi saymazlar. Nə yaxşı ki, belələri tək-tük-dü. Onların da qarşısıını kəsməliyik, saflığımızı qorumalıyıq.
–Neyləyəsən, meşə çaqqalsız olmaz,- dedim.
Arvad bu sözümə də cavab tapdı, qətiyyətlə dedi:
– Meşə çaqqalının ayağını şəhərdən kəsməsək kəndə də ayaq açar.
Susduqsa da onun üz-gözü hələ danışırdı.

–Qayıdacam kəndimə, - arvadın daha nələr deyəcəyi maraqlı idi,- balalarımın buradakı ev-eşiyini gördüm, güzəranını gördüm. Şükür olsun, babat dolanışıqları var. Yanıma qayıtmaq istəyəni hələ ki, yoxdu. Bacımın sonbeşiyi nişanlıdı, bir mərifətli oğuldu. Kəndin abırlı qızları arasından da ən abırlısını seçib. Kişim rəhmətlik həyətdə sıra-sıra evlər tikdirmişdi övladları-mıza. Deyəcəyəm sonbeşiyə gəlini gətirsin bizim evə. Otaqlarımızdan necəsini istəsə verəcəm. Toyuq hinini, heyvan damını da. Gəlin həkimdi, amma göz dəyməsin, əlli-ayaqlıdı. Ata evində toyuq-cücəyə də baxır, heyvana. Əsil kənd qızıdı, gəlinidi. Bizdə beləsinə deyirlər ki, yıxılı evin dirəyidi. Şəhərdə evlənən oğlan düşünür ki, qızın atası hesabına varlanacaq. Ərə gedən qız da fikirləşir ki, qaynata kölgəsində sərinlənəcək. Xəyallar puça çıxan zamanda boşanırlar. Kənddə necədi? Oğlanla qız əl-əl verib dolanırlar, ömürlərinin axırınacan. Mən cavanlarımıza göz olaram, onlar da mənə həyan durar.
– Bəs bacının sonbeşiyi nəçidi?
– O da oxyub kəndimizə qayıdıb. İşıq işinə baxır, mühəndisdi, yaxşısından. Camaatımızın işinə yarıyır. Təmir də əlindən gəlir. Soyuducu, ütü, paltaryuyan, hər şey.
Bu söz-söhbətli ağbirçəyin kiminləsə danışığının səsi arxadan qulağma çatanda özümü yı-ğışdırdım. Yaxınlaşanda:
– Evlərinizin dörd bir yanında qəssab dükanı var, - dedi- , bəs əti hansından alırsan?
Düşündüm nədən xəbər alır, tapa bilmədim:
– Binamızla üz-üzə olandan. Nəsə baş verib?
– Günbatandakı qəssab gözümə salamat adam təki dəyməyir.
– Niyə, ay ağbirçək?
– Onu da sizə açıqlayacam. Həyətinizin gəlinləri, ağbirçəkləri nədənsə beləsinə göz qoy-mur, ya fikir verməyir. Deyəcəyəm ki, arxamca danışanların dilinə yaxşılığa da bir söz gəlsin.
– İndi niyə demirsən?
– İndi desəm yarımçıq olar. Yaxşılığı bütöv eləməlisən. Hövsələn olsun, axırına çıxacam, sonra geyəcəm.
– Niyə gedirsən? Qalsan sən də alışacaqsan.
– Əsla! Əsla alışmaq fikrimdən keçməyir. Çörəyindən, suyundan mədəm qıcıqlanır, hava-sından burnum. Sanki çörəyi qatqılıdı, suyu təmişlənmir, havasının hayına qalınmır. Hayıf deyil-mi kəndimiz?!
Deyəsən axı hirsləndi, azca da olsa. Dil tökməkdən çəkindim, amma getməsini istəmir-dim. Sakitcə ayrılanda son zamanlar dillərə düşmüş bir bəlaya toxundu:
– Kəndlərdən gəlirlər iri şəhərə. Burada tünlükdü, necə deyərlər it yiyəsini tanımır. Atalar boşuna deməyib ha, ara xəlvət olan yerdə tülkü bəy olar. Dəb düşüb, burada imkanlılar soy adına bəyli, xanlı sözü əlavə elətdirir. Yəqin bu da bəzilərinin əl çirki adlandırdığı şeylə başa gə-lən işdi.
– Bunu hardan bilirsən?
– Niyə də bilməyim? Adam nə qədər çox bilsə bir o qədər yaxşıdı. Bizdən biri var burda. Camaatımız babasına o qədər daş atdı ki, meşənin qırağında ev tikib köçdü, bayquş təki dolandı. Nəvəsi gəlib burada necəsə vəzifə başına keçib, soyadını abıra salıb, axırına bəyli əlavə eləyib. Əl çirki hesabına bəyli, xanlı mümkün olan şəhərdə...
Ağbirçək sözünü bitirmədən məndən gen oldu. Nə deyəcəyini anlayacağıma yəqin əmin imiş.
Bütün günü həyətdə elədən-beləyə, belədən-eləyə dolaşan ağbircək gözə dəymirdi. Qaynanan görsənmir deyəndə gəlini təəssüfləndi.
– Hə, bura alışa bilmədi. Bizdə qaldığı müddət ərzində həm də ağzımız dada gəlmişdi.
Tam anlamadım, gerisini deməsiyçün ona baxanda səbəbini açıqladı:
–Mən asan hazır olan, tez bişən xörəklərə üstünlük verirəm, - o özünə güldü,- arvadsa ləzzətli xörəklər bişirtdirirdi. Unudulmağa gedən xörəklərdən bişir, deyirdi. Gələcəkdə səni həm-çinin dadlı bişirən ana, nənə təki xatırlasınlar. Qadın deyilsənmi? Həvəsim olmayanda qaynanam özü qollarını çırmalayırdı. Ədviyyatı da əlaltda saxlayırdı. Barmaqlarımızı yalamayınca boşqab-dan-kasadan əlimizi çəkmirdik ha. Adamı silkələyən sualları, şübhəli baxışı olmasaydı, tayı olmazdı.
Arvadın gəlini nə deyəcəyimi gözləsə də dinmədim, qaynanası haqda onun daha nələrsə deyəcəyini istəyirdim. Gəlin dilə gəldi:
– Arvad bir dəfə nə desə yaxşıdı? Bişirəndə qızını da yanında saxla, elə indidən öyrənsin. Ailəsinin ağzını dadlı saxlasın. Bu nədi? Şəhərdə gəlinlər sosisi suda bişirib, kolbasanı yağda qızardıb xörək əvəzi ərinə, balalarına yedizdirir. Guya vaxt yoxdu. Televizor qarşısında lövbər salmaq, söhbətgahda boşboğazlıq etmək vacibdi, yoxsa doğmalarına dadlı xörək bişirmək?
Gəlinindən soruşdum ki, onu saxlamaq mümkün deyildimi? Cavab verdi ki, yox. Qaynananın dilincə desə, pəh-pəhlə şəhər adlanan, amma çənnətdən uzaq bu yerdə ürəyi sıxılırdı. Adı Cənnətməkan olmasa da əslində cənnət təki məkan olan kəndinə qayıdacaq. Am-ma bir iş var, istədiyini elədi, sonra getdi. Bir qəssabın alverini bağlasa da yazanı tapdı, bizə tanıtdı.
–Hə, yadıma düşdü,- dedim,- o tərəfdəki qəssabla bağlı nəsə deyəcəkdi.
– Deməmiş yola düşmədi ha. Nə desə yaxşıdı? Oradakı, - əliylə göstərdi,- qəssab ət satar-kən kürək sümüklərini alıcıların gözü qabağında baltalayıb atmır. Arvad qəssabların hamısından ət alıbmış, buna da diqqət yetiribmiş. Bu da elə-belə deyilmiş. Əti soyulmış kürək sümük-lərinin də alıcısı varmış. Onu yazanlar sifariş verirmiş.
– Nəə? Yazanlar? Hansı yazanlar?
– Cadu-piti yazanlar, bədlik gətirənlər, bəxt bağlayanlar. Yazanlar bəd əməllərini kürək sü-müyü üstündə yazırmış, qayda belədi. Beləsi keçərli olurmuş. Arvad tənbəllik eləməyib, həmin küpəgirən qarının kimliyini öyrənibmiş. Şəhər kənarındakı iri kənddən imiş. Belə adamlar ca-maat arasında tanınmaqdan qorxur. Bir-iki etibarlı adamı vasitəsiylə kürək sümüyünü alır, ca-maatla əlaqə saxlayır, yazdırlarını da onların vasitəsilə sifarişçilərə çatdırır.
– Bəs qaynanan küpəgirənlə necə görüşüb?
– Qaynanamı elə-belə arvad bilmə. Küpəgirənin etibarlı adamını tanıyanda heç bilirsən nə eləyib? Deyib onun sifarişi eləsindəndi ki, yazana özü deməlidi. İnandıra bilib, yazana çıxa bilib. Onun kimliyindən həyətimizdəkiləri xəbərdar edib. Onun haqqında səs yayılsa qaçacaq, İtib batacaq.
– Sağ olsun. Ağbirçək mənə demişdi ki, bir yarımcıq işi qalıb, bunu nəzərdə tutubmuş. Onu başa çatdıranda kəndə qayıdacaq. Arxasınca qırıldadanlar az olmayacaq. Bəlkə bu işini də dilə gətirən bir nəfər kişi qızı tapıla. Ömrü uzun olsun beləsinin. Arvad mənimlə danışanda özü-mü yığışdırırdım. Bir dəfə qaş-gözünü işə salmaqla mənə iradını bildirmişdi. Yəni ucu-bucağı bilinməyən məhəlləmizdə nə bir yaşlı, nə bir cavan tapılmayıb ki, qəssablara göz qoysun. O qəs-sab ətdən qazandıqlarına qane olmaq istəmir. Nəfsinə sahib çıxa bilmir. Kürək sümüyünə də göz tikir. Arvadın şübhəli baxışları yersiz deyilmiş.
– Düz deyib, - gəlin qaynanasına tərəfkeşli elədi, - bəxt bağlayan birisinin olduğunu eşidirdik, amma bu haqda düşünmürdük. Kürək sümüyündə yazıldığını bilmədiyimizdən. Qaynanamsa, necə deyərlər, bir güllə ilə iki dovşan vurdu. Tərsəməssəb qəssabı da, əli qələmli küpəgirəni də müflis etdi.
Arvadın gəlinini süzürdüm. O qaynanasıyla fəxr edirdi. Təəssüflə başını yellədi:
– Hayıf getdi. Ondan çox şey öyrənirdim. Kəlləli arvaddı ee. Bir gün mənə nə desə yaxşıdı? Hər bir adam necə düşünürsə eləcə də iş görür, danışır. Adam düşündüyü kimi hərəkət etdiyindən onun düzgün düşünməsinə nail olmağın vacibliyi aydınlaşır. Bu işdə bezməyə, yorğunluğa yol verməyə qətiyyən yaramaz. Bu səbəbdən də iş görməli, kiminləsə danışmalı olanda tələsmə, yaxşıca ölç-biç, sonra düşündüyünə uyğun danış, işini gör. Uşaqları da indidən belə öyrət, düzgün düşünsünlər. Onda yaxşı işləri çox olar.
– Gör nələrə fikir verir, nələr bilir. Hələ oxumayıb belə şeylər bilir, oxusaydı...Ay qız, heç belə qaynananı da əldən buraxarlar?
– Neyləyəydim? Özüm də, ərim də olmazın dil tökdük. Uşaqları öyrətdik yalvarsınlar. Dedi ki, burada ürəyi sıxılır. Nə varsa kənddə var, nə qalıbsa kənddə qalıb.
–Sən də əl çəkdin, hə?
–Yox, yox, əsla yox. Sonuncu ümidgahıma əl atdım. Onu and verdim ərinin ruhuna. O ərini çox istəyirdi, özündən də çox, dünyalar qədər istəyirdi. Cavab verdi ki, onun ruhuna qurban olaram, əmma baş-qulağımı aparma, şəhər mənlik deyil.





2-11-2024, 06:48
Başlanğıcdan sona doğru: mənim səyahətim


Nuranə İSMAYILOVA,
BDU Jurnalistika fakültəsinin tələbəsi


Başlanğıcdan sona doğru: mənim səyahətim

Məzuniyyətə doğru irəlilədikcə, belə həssas anlarda, universitet həyatımı formalaşdıran təcrübələrimə geri dönərək düşünürəm. Universitet illəri, yalnız akademik biliklərin əldə edildiyi bir dövr deyil, eyni zamanda dostluqların qurulduğu, yeni maraqların kəşf olunduğu və şəxsi inkişafın baş verdiyi bir zaman dilimidir. Yaşadığım hər an-istər həyəcan dolu olsun, istər əyləncəli anlar mənim bugünkü kimliyimi formalaşdırıb. Bu yazıda yadımda qalan sevinclərimi, kədərlərimi, öyrəndiyim dərsləri və qurduğum dostluqları sizinlə paylaşacağam. Çalışacağam ki, universitet macəramın canlı mənzərəsini sizin üçün "çəkim".
Təəssüf ki, mən universitet həyatıma pandemiya vaxtı başladım. İlk semestr dərslərimiz hibrid formada keçirilirdi. Bu səbəbdən bəzi müəllimləri çox az tanıdım. Bu müddətdə həm yaxşı, həm də müəyyən mənada qəliz müəllimlərlə qarşılaşdım (yəqin ki, ifadəmə görə inciməzlər). Həqiqətən də dərsləri maraqlı və mənalı edən, mənə motivasiya verən yaxşı müəllimlərim oldu. Univerisitet illərimdə xüsusilə Mübariz Göyüşlü və Qərənfil Dünyaminqızı kimi sevimli müəllimlərimin rəhbərliyi və dəstəyi mənim üçün böyük bir ilham mənbəyinə çevrildi.

Mübariz müəllim sadəcə mənim yox, demək olar, fakültədəki bütün tələbələrin ən sevimli müəllimidir. Deyərdim ki, hər dərsi bir-birindən maraqlı idi. Bu yaxınlarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Mübariz Göyüşlünün "II Qarabağ müharibəsinin Türk ölkələrinin mətbuatında əks olunması" mövzusunda elmi seminarı keçiriləcək. Bu səbəbdən müəllimimizə uğurlar diləyirəm. Digər əziz müəllimim Qərənfil Dünyaminqızının mühazirələrindəki təqdimatı və tələbəlik illərindəki jurnalistika fəaliyyəti ilə bağlı xatirələrindən bəhs etməsi məni təhsil aldığım sahəyə çox həvəsləndirdi. Yeri gəlmişkən qeyd edim ki, ötən həftələrdə Türk dünyası üçün əlamətdar hadisələrdən biri-Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunan və Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi baş tutdu. Bu əlamətdar hadisə içində digər bir tarixi ana fakültəmiz timsalında cəmiyyətimiz, xalqımız şahidlik etdi. Əli bəy Hüseynzadənin 160 illiyinə həsr olunan "Füyuzatçılar" kitabının təqdimetmə mərasimi oldu.

Əlbəttə, müəllif bizim dəyərli müəllimimiz Qərənfil Dünyaminqızı idi. Tədbirə qtıldım və müəllifin kitabını imzalı şəkildə əldə etdim. Qarşıda bizi sonuncu semestr imtahanı gözləyir. Və hər dəfə təqvimdə yanvar ayını gördükdə tanış bir gözləmə və narahatlıq hissi içimi bürüyür. Mənə görə bu ay sadəcə qiymətlərdən ibarət deyil; biliklərimi, vaxtımı düzgün idarə etmək üçün bir dövrdür. Hər il bu dövr gecə-gündüz dərs hazırlığı və məsuliyyətli anlarla dolu olur. İmtahandan "A" aldığımda yaşadığım sevinc, bütün zəhmətimin qarşılığının simvoludur. Universitet illərimdə klassik dünya ədəbiyyatına marağım artdı. Dünya ədəbiyyatını daha çox mütaliə etdikcə müxtəlif mədəniyyətlər ilə tanış oldum. Hər bir klassik mənə yalnız fərqli dövrlər və cəmiyyətləri tanıtmadı, eyni zamanda sevgi, mübarizə və kimlik kimi mövzular üzərində düşündürdü. Bu əsərlərin zamansızlığı, həyatımın növbəti mərhələsinə hazırlıq görərkən mənə ilham verməyə davam edir.
Tələbəlik müddətində qrup yoldaşlarımla çox yaxın olmasam da ilk illərdə bir neçə qrup yoldaşımla dərsdən sonra bəzən kinoya və ya restorana getmək üçün bir araya gəlirdik. Bu qeyri-rəsmi qarşılıqlı əlaqələr, dərindən şəxsi olmasa da, universitet təcrübəmə əyləncə qatdı və dostluqlarımı, necə olursa-olsun, qiymətləndirməyimə kömək etdi. Gələcəkdə bu anları yaddaşımda daşıyacaq, sadə, amma mənim üçün dəyərli anların verdiyi sevinci unutmamağa çalışacağam.
2-11-2024, 06:28
İşğalçı kim idi? Türklər, yoxsa bizanslılar


Çingiz Qaraşarlı
professor


İşğalçı kim idi? Türklər, yoxsa bizanslılar

Hazırda öz gerçək tarixlərini ya unutmuş, ya da bilərəkdən saxtalaşdıran yunanlıların bəşəriyyəti inandırmağa çalışdıqları mifə görə, Konstantinopol da, onun yerləşdiyi Anadolu da tarixən bizanslılara məxsus olmuş və bu əraziyə ilkin olaraq Osmanlı dönəmində gəlmiş türklər onların yurdlarını işğal etmişlər.
Anadolunun Bizans imperiyası tərkibinə daxil olmasından çox-çox əvvəllər bu bölgədə mövcud olmuş qüdrətli Troya və onun əhalisinin mənşəyi haqqında isə onlar susmağı üstün tuturlar. Halbuki, bu ərazinin daha qədim sakinləri troyalıların türk olduqlarını VII-XIV əsrlərə aid Avropa yazarları açıqca qeyd edirlər. VII əsrə aid Fredeqar Xronikasına görə, Türklər Troyanın istilasından sonra iskit torpaqlarında yerləşmişdilər (E.Afyoncu, Truvanın intikamı).
Troyalıların türk olduqlarını XII-XIV əsr Avropa müəllifləri Nikole Gilles, Tireli Vilyam, Andrea Dangalo, Brakkiolini, İsidor, Feliks Fabri və digerleri yazırlar.
İstanbulu fəth edən Sultan Mehmed 1462-ci ildə Midillinin fəthi zamanı Çanakkaledə Troya xarabalıqlarının olduğu yerə gələrək, qəhrəmanların məzarlarını araşdırmışdı. Troya haqqında bütün yazılanlardan xəbərdar olan Fateh Sultan Mehmed Troya xarabalığındaykən başını aşağı əyərək demişdi: «Allah məni bu şəhərin və xalqının müttəfiqi olaraq bu zamanadək qoruyub saxladı. Biz bu şəhərin düşmənlərinə qalib gəldik. Yunanlıların biz asiyalılara qarşı etdikləri pis davranışların intiqamını aradan uzun zaman keçməsinə baxmayaraq, onların nəsillərindən aldıq» (E.Afyoncu, Truva‘nın intikamı).
Sultan Mehmedin dediyindən göründüyü kimi, İstanbulun fəthini o, işğal deyil, qisas hesab etmiş, vaxtilə yunanlıların işğal etdikləri bu torpağı gec də olsa qurtardığını dilə gətirmişdi.
Troyalılarla türklərin eyni şəxs adlarını daşımaları da qədim Avropa mənbələrinin məlumatlarını təsdiq edir:
Priam troyalıları qədim türklərlə bağlayan ilginc bir şəxs adıdır. O, Troyanın sonuncu çarı olmuş və Troya onun çarlığı dövründə süquta uğramışdır.
Priam şəxs adına qədim türk (qazax) eposunda («Priyamın hekayəti») rast gəlirik. Burada Priyam Turan ölkəsinin qəhrəmanı, Əfrasiyab bahadırı kimi təsvir olunur.
Troya – türk onomastik paralelləri arasında çox sayda şəxs, tayfa, yer və mifoloji surətlərin adlarını aşkar edirik. Həmin adların türk variantları qədim türk dilində, eləcə də qədim türk adlarını qoruyub saxlamış qazax, qırğız, tatar, başqırd, çuvaş və Sibir türklərinin dillərində aşkar olunur:
Alber. Troyalı döyüşçüyə məxsus Alber şəxs adı qə¬dim türk antroponimiyasındakı Alper, Alp er, Alp ər şəxs adının fonetik variantıdır. Türkoloq N.A.Baskakov Alper şəxs adının alp («igid», «qəhrəman») və er («ər», «bahadır») sözlə¬ri əsasında yarandığını yazır.
Əfsanəvi Turan ölkəsinin hökmdarı Alp er Tonqa eyni adı daşımışdır.
Alp qədim türk dilində bir neçə mürəkkəb şəxs adının da tər¬kibində işlənmişdir: Alp Tarxan, Alp Teqin, Alp Turmuş.
Askan. Homerin «İliada» poemasında troyalılardan biri bu adı daşıyır. Bu şəxs adının tam qarşılığına qədim hunlarda və müasir altay türklərinin dilində rast gəlirik.
Türk dilləri əsasında bu şəxs adının aydın etimoloji yozu¬mu var: çuvaşca askan sözü «şux», «dəcəl», «çoşğun», «az¬ğın», «güclü» mənalarını ifadə edir.
Paris. Troya çarı Priamın oğlanlarından biri olmuş Paris xa¬kas türklərinə aid Paris kişi adı ilə müqayisə edilə bilər. Bu şəxs adı başqa türk dillərindəki Baris, Barıs, Barış, Bars variantlarında işlənmiş kişi adının xakas variantıdır. b


2-11-2024, 06:12
Bədii zövqün radial simmetriyası...


Bədii zövqün radial simmetriyası...

Qrupumuzun Universitetdə ilk dərs günü "Qəzet laboratoriyası" adlanan otaqda olmuşdu. Onda Jurnalistika fakültəsi üçüncü mərtəbədə yerləşirdi (əsaslı təmirdən sonra dördüncü və beşinci mərtəbəyə dəyişdi). Professor Akif Rüstəmov "Jurnalistikaya giriş" fənnindən mühazirə deyirdi. İkinci dərs günü də həmin fənnin tədrisi eyni otaqda keçirildi. Laboratoriyada müəllim və tələbələrdən savayı kimsə yox idi. Akif müəllim otağın tən ortasındakı oval stolun yuxarıbaşında, tələbələr də ətrafında əyləşmişdilər. Laboratoriyada bir-birinə baxan iri kitab şkaflarının yanında müəllimlərin iş masaları yerləşirdi. Otağın sol küncündə pəncərəyə bitişik yazı stolu vardı. Məni maqnit kimi özünə çəkən həmin iş masası Akif Rüstəmovun idi. Jalüzün arasından stola düşən günəş şüaları altında Akif müəllimin sanki xəttat dəqiqliyilə işlənən yazıları gözümə dəydi. Maraqlıdır ki, hər masada xüsusi qələm və kitab-dəftər qoymaq üçün hissə vardı. Dəyirmi masanın ətrafındakı stulların kürək hissəsi də setkalı idi.
Əlqərəz. Sonradan yerimi rəhmətlik Ayaz Musayevin iş masasına dəyişdim. Ayaz müəllimin yazı-pozu stolundakı səliqə-sahman çox diqqətimi çəkdi. Ümumiyyətlə, Ayaz Musayev oturuşu-duruşu ilə seçilən, geyimi həmişə yerində olan ziyalı alim, tədris etdiyi sahənin kamil bilicisi idi. Sağda Diləfruz Şahbazovanın iş masası yerləşirdi. O, iş stolunda kompüter və klaviatura, dəftər və qələmdən eyni anda istifadə edir, klassika ilə müasirliyin vəhdətin yaradırdı. Üzbəüzdə gözəl pedaqoq, yüksək ləyaqət sahibi, xanım-xatınlığı ilə seçilən, abır-həyalılığı ilə nümunə olan Rəhilə Kəsəmənlinin iş masası yerləşirdi. Düzünü desəm, müəllimlərimin iş masasında əyləşmək çox xoş və qürurlu idi. Mən Akif Rüstəmovun "Jurnalistikaya giriş" fənninin mühazirəsini dinləyə-dinləyə xəyal gücümü işə salır, gözlərim önündə şəkillərdə gördüyüm, yaradıcılığını sevərək oxuduğum Nəsir İmanquliyevi də canlandırmağa çalışırdım. Bir vaxtlar bu fənnin tədrisini həm də Nəsir müəllim edərmiş. Hər zaman Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında nəhəng söz, fikir adamları çalışıb və çalışmaqdadırlar. Onlardan biri də kafedra müdiri Ustad Cahangir Məmmədlidir. Və Ustadın otağı "Qəzet laboratoriyası"ndan solda yerləşirdi.

Zaman ötəcək professor Cahangir Məmmədlinin mətbuat janrları, praktiki fəaliyyətin beynəlxalq prinsipləri, qəzet istehsalında standartlara yaradıcı münasibət və digər məsələləri özündə əks etdirən olduqca sanballı “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” dərsliyini imzalı şəkildə ən böyük mənəvi hədiyyə kimi müəllimimdən qəbul edəcəkdim. Bir mərtəbə aşağıda "İnternet jurnalistikası" auditoriyası, ondan öndə sağ tərəfdə Zaur Babayev və Mirakif Babayevin iş otağı yerləşirdi. Kiçik otaq tələbələrin ən doğma məkanı idi. Və hər iki müəllimimiz darısqal otaqda yüksək səmimiyyət və mehribanlıqla çalışırdılar. Bu doğmalıq və soyadların eyniliyindən o zaman belə bir qənaətə də gəlmişdim: elə bilirdim, müəllimlərim doğmaca qardaşdırlar. Bu təəssüratlardan sonra yenidən qayıdaq "Qəzet laboratoriyası"na.
Beləcə, ilk qırx beş dəqiqənin tamamında laboratoriyanın şam ağacından olan parlaq laklı qapısı ehmalca açıldı. Qapının kandarında zabitəli xanım göründü. Xüsusi kübarlıqla Akif Rüstəmovdan içəri keçməsi üçün izin istəyən xanım sonradan bizim müəlliməmiz olacaqdı. Özü hiss etdirməsə də, anladıq ki, Gülnarə Sadıqova dərsin gedişatını pozmamaq üçün yarıdakı fasiləni gözləyibmiş. Əvvəlcə özünün yazı masasına əl gəzdirdi. Sonra otağa nəzər yetirdi. Pencəyimi stulun söykənəcəyindən asıb, köynəyimin qolunu dirsəyəcən çırmalayıb, ovcumla yanağımı dirsəklənib tutmuşdum. Gülnarə Sadıqova otaqdakı havasızlığı hiss edib, jalüz pərdəni yuxarı qaldırdı. Ağ rəngli plastmas pəncərəni açdı. İçəri dolan təmiz hava tələbələrin üzünə dəyərək onlara toxtaqlıq gətirdi. Tədrisin ikinci günü özünü dərsə güclə yetirən qrup yoldaşlarımdan birinin beyninə oksigen çatandan sonra "dili açıldı" və boynunu mənə tərəf buraraq, sanki özünü Sartrın "Bağlı qapılar arxasında"kı kimi hiss edərək Estelfason sual verdi:
"Bizi nəyə görə bura yığıblar?" Tələbə yoldaşımın "əndirəbadi" sualına həmin gün heç cürə cavab tapa bilmədim. Yadıma hindlilərin "kanjus makkhiçus" ifadəsi düşdü. Yoxsulluğun maddi tərəfini anlamaq olar, vay o gündən ki, mənəvi tərəfdən boşluğun, kasadlığın ola. Dərd ondadır. Ancaq tələbədən fərqli olaraq pəncərə önündəki iri yarpaqlı, qırmızı reyhana bənzəyən gül gündoğana tərəf boylanırdı. Üzərində asılı qalan nübar qönçəsi sağa-sola yellənərək, elə bil səbəbkara təşəkkürünü bildirirdi. Dibçəkdəki güllər də, laboratoriyadakı tələbələr də ciyərlərinə hava çəkdikdən sonra dərsin ikinci yarısı başladı. Akif müəllim yazı bacarığımızın inkişafı üçün esse yazmağı tapşırmışdı. Yoxladığı yazılarda hansı nöqsanlarımızın olduğunu bir-bir qeyd etdi. Mövzu "Mənim ilk müəllimim" idi. Akif Rüstəmov yazımı bəyənsə də, ancaq mövzudan kənara çıxdığımı xüsusi vurğuladı. Dərsin gedişində Gülnarə Sadıqova əvvəlcə üzünü Akif Rüstəmova tərəf tutdu:

-Üzr istəyirəm, Akif müəllim, dedi. Sonra sözünə əlavə etdi: -Görəsən, indiki tələbələr vaxtilə fakültədə dərs demiş müəllimləri tanıyırlar? Sualdan sonra otaqda yaranan sakitliyi pozdum. -Bəli, müəllimə, tanıyıram, -dedim. Düzü Gülnarə Sadıqovanın tələbələrə ünvanlı sualına hədsiz sevindim. Çünki dərs mövzusu olaraq tapşırılan essedə məhz Gülnarə Sadıqovanın dediyi müəllimlərdən -Qulu Xəlilov, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Famil Mehdi, Əliş Nəbili... yazmışdım. Sonra zaman ötəcək və biləcəkdim ki, müəlliməmiz Gülnarə Sadıqovanı Bakı Dövlət Universitetinə uzun illərin doğmalığı bağlayırmış. O, gənclik illərindən, fakültədə təhsil aldığı müddətdən ta bu günədək elmi, yaradıcı fəaliyyətlə məşğuldur. Elə ilk gündən hiss etmişdim ki, Gülnarə Sadıqova özünə və başqalarına münasibətdə hədsiz tələbkar, işində səliqəli, məsuliyyətli, həm də güzəştsizdir. Sözdə və əməldə bütöv olduğu kimi, ona verilmiş sözün də arxasında dayanmağı istəyir. Dərs müddətində istisna halları çıxmaq şərtilə tələbəyə güzəştə getmir. İki dəfə fakültəmizin ənənəvi Quba səfərində müəllimimiz Gülnarə Sadıqovayla yol-yoldaşı olmuşam. O zaman tələbəyə valideyn qayğısını, doğma münasibətini görmüşəm. Onda anladım ki, müəllim-tələbə tam başqa, müəllim-dost bir başqa. Rusların "cлужба" və "дружба" məsəli kimi.
Gülnarə Sadıqovanın tədris metodikası fərqli və maraqlıdır. Fərqli ona görə ki, dərs situasiyasını təlim-tədris prosesinin tərkib hissəsi hesab edir. Dərsin ümumi gedişatında müəllim nüfuzundan istifadə eləmir. Tələbənin potensialının tam üzə çıxması üçün münbit şərait yaradır. Maraqlı ona görə ki, dərs müddətində hansısa tələbə vaxt azlığına görə kənarda qalmır. Ümumi gedişat, aparılan sorğu-sual kifayət edir ki, tələbənin dərsə münasibəti, hazırlıq səviyyəsi müəyyənləşsin. Bu gedişat həm də görkəmli pedaqoq Mehdi Mehdizadənin "Müasir dərs" haqqında söylədikləri ilə tam uyğun gəlir ki, dərs müddətindəki tələbə fəallığının əsas amillərindən biri diqqətin eyni nöqtəyə yönləndirilməsindən ibarətdir. Ancaq bu nöqtədə hər bir tələbənin şəxsi düşüncə, mülahizə aparmaq, yeni fikir ortaya qoymaq bacarığı olmalıdır. Gülnarə Sadıqova bu mənada görkəmli pedaqoq Adolf Disterveqin, psixoloq və ədəbiyyatşünas Lev Semyonoviç Vıqotskinin nəzəriyyəsinə -təfəkkürü ön plana çəkməyin vacibliyinə əsaslanır. Tələbənin şablon cümlədən, çeynənmiş ifadələrdən istifadə etməsinə heç vaxt güzəştə getmir.
Yadımdadır: onlayn dərsdə tələbə yoldaşlarımızdan biri müəllif fikirlərini öz qələm məhsulu kimi ortaya qoymaq cəhdinin qarşısını Gülnarə Sadıqova anındaca alır və bunun bütün hallarda yolverilməz olduğunu bildirir. Həmin onlayn günlərin birində dərs mövzusu kimi, iki esse yazmışdım. Bu onun səbəbi idi ki, müəllim dərsi bütün gücü ilə öyrədir və sevdirirdi. Həm də Gülnarə Sadıqova rus və yerli ədəbiyyatı, həmçinin milli və xarici jurnalistikanın nəzəri tərəflərini yaxşı bildiyi üçün ondan nəyisə gizlətmək çətin məsələdir. Bir də ona dərs deyən nəhəng müəllimləri də nəzərə alsaq, o zaman məsələ lap müşkülə çevrilir.

Gülnarə Sadıqova çalışır ki, tələbənin yaradıcı təfəkkürü, tədqiqatçılıq qabiliyyəti tərəqqi etsin: qələmə alınmamış kəlmələr yaratmağa, çeynənmiş ifadələrdən saqınaraq yeni sözlər axtarışına yönəlsin. Tələbə kiçik də olsa öz fikir məhsulunu ortaya qoysun, beləcə, Uşinskinin yaradıcılığındakı şəxsiyyət obrazını öz yetirmələri üzərində inkişaf etdirsin. Əbəs yerə deyildi ki, onun bir çox tələbələri zaman ötdükcə televiziya, radio, qəzet və jurnal materialı üzərində işləyərkən vaxtilə bu səpkidə yazıların hazırlanması üsulunu öz müəllimlərindən öyrəndiyini qeyd edirlər. Düşündüm ki, vaxtilə bizə yazı qaydalarını öyrədən müəllim haqqında bu dəfə tələbəsi olaraq əlimə qələm götürüb ürək sözlərimi yazım. Yazını hazırladıqca gözlərim önündə Gülnarə Sadıqovanın rəsm əsərləri canlandı. O, həqiqətən də yaradıcı insandır: ruhu və cismi ilə. Kağız üzərində qələmi ilə söz xalısı yaradan Gülnarə Sadıqova, həmçinin parça üzərində muline saplarla sənət əsəri toxuyur. Bədii zövq duyğuların, hisslərin tərənnümçüsünə çevrilir. Bu yaradıcılıq nümunələrində həssaslıq, təxəyyül və səbirlə bərabər, həm də elm görünür. Çünki rənglərlə işləməyin özü də bir elmdir. Leonardo da Vinçinin dediyi kimi, "rəsm köklü mədəniyyət" və "metod üzərində çalışmaq" deməkdir.
Gülnarə Sadıqovanın tələbələrə öyrətdiyi elm bizlər üçündürsə, ərsəyə gətirdiyi yaradıcılıq məhsulu bütün bəşəriyyətə xidmət edir. Bu əsərlər "dil açıb" dünyanı və insanı təmizliyə çağırır. Azərbaycan qadınının mənəvi ucalığından "danışır". Biz bu ucalığı fransız yazıçı Dümanı şahmat taxtası arxasında zəkası ilə mat qoyan Qarabağ xanlarının nəslindən olan şairə Xurşudbanu Natəvanın əl işlərində görmüşük. Şairə ikinci dəfə Aleksandr Dümanı öz əli ilə tikdiyi pul kisəsini bağışlamaqla heyran qoyur. Gülnarə Sadıqovanın yaradıcılığı onun daxili dünyasının, saf mənəviyyatının təzahürüdür. Çünki onun sözü və fırçası təkcə kağız və parça üzərində gözəllik yaratmır, o, həmçinin həyatda da hər işi həssaslıq və təmizliklə görür. Bunu ən azından əyani şəkildə anamın anasında görmüşəm. O, ixtisasca həkim olmağına baxmayaraq, həmçinin kətan parça üzərində rəsmlər çəkir, ipək saplarla rəsmlər ərsəyə gətirirdi. İlk baxışdan estetik görünsə də, mahiyyət tikmə sənətinin yaşadılması idi.
Bu gün Gülnarə Sadıqova bütün fəaliyyətilə ərsəyə gətirdiyi işləri fonunda milliliyi və kübarlığı qoruyur. Gül-çiçək rəsmləri bizə Tanrının cənnətini, zamanın yaxşılıq axarını, kainatın paklıq rəmzini xatırladır. Əl işlərindəki başlıca amil rəng ahənginin incəliyidir. Bu incəlik, ələlxüsus rəng həllindən asılıdır. Musiqidə qamma üzərində işləmək nə qədər vacibdirsə, rəsmdə də rəng qammasını yaratmaq bir o qədər əhəmiyyətlidir. Burada da muline sapların birləşməsi ahəngdar rəng qamması yaradır. Bu ahəngdarlıqda bəzən bizim təbiətdə müşahidə etmədiyimiz rəng çalarları gözə dəyir və ən əsası da Gülnarə Sadıqovanın bədii təxəyyül yaradıcılığındakı hər məqam onun yaşam tərzindəki kimi, riyazi sintezə, simmetriyaya, təmizliyə və günəşli günlərə - səadətə və sədaqətə bağlıdır.

Əsgər İSMAYILOV
2-11-2024, 05:55
Qəlbimdə yaşamaq, "yanmaq", yaratmaq eşqi...


Ləman RƏCƏBOVA,
Bakı Slavyan Universitetinin
Xarici Dili Müəllimliyi fakültəsinin tələbəsi


Qəlbimdə yaşamaq, "yanmaq", yaratmaq eşqi...

Bəzən olur ki, xəyalən keçmişə qayıdırıq. Xatirələri "oyadırıq". Xəyal nuru mənəvi aləmimizin ən dərin qatına işıq salır. Çox keçmir ki, xəyaldan ayrılır, gələcəyi düşünürük. Bu məqam daxilimizdə doğan sual bizi özümüzlə baş-başa qoyur: mənim üçün yaşamaq nədir? Məsələn, ünlü şairimiz Bəxtiyar Vahabzadə "yaşamaq yanmaqdı" yazırdı. Mətbuat tədqiqatçısı Şirməmməd Hüseynov yaşamağı qanmaqda, dərk etməkdə görürdü. Yazıçı Anar kimlik, milli varlıq, özünüdərk prosesi əsasında yaratdığı əsərə-kitaba "Yaşamaq haqqı" ismini vermişdi. Bu mənada fiziki, mənəvi, bioloji var olma, yaşama və böyümə (sözün hər gerçəkliyində) atlasının müəyyənləşdirdiyi mənzərə fonunda qəlb aləminin dəruni dərinliklərindən eşidilən, insanı oraya səsləyən sədalar yüksəlməyə başlayır. Bu mənzərə gözlər önündə gün işığı qədər aydın, yaxud payız yağışına qarışmış dumantək qarışıq da görünər...
Yaşamaq sadəcə gündəlik işlərimizi həll etdikdən sonra başımızı buludabənzər ağ yastığa qoyaraq rahatlıq tapmaq deyil. Gərək ki, düşünəsən, suallarla özün-özünə müraciət edəsən: Həyat, görəsən, bizi lacivərd səmaya — göyün ənginliklərinə qaldıran xəyallardanmı, ya gözümüzü bağlayanda ürəyimizdən keçən istəklərdənmi ibarətdir? Biz həyatdan nə istəyirik: yaşamaq, görmək, anlamaq, kəşf etmək, sevmək, sevilmək? İnsan həyatı dərk etdiyi andan böyüyür, yaşayır (!).. O, anlayır. Anlayır ki, əsla öz dəyərini dəyərdən salmamalıdır. Həyat prizmasına öz pəncərəsindən baxmağı öyrənməlidir. O, tək qalmaqdan, düşünməkdən və beləcə böyüməkdən qorxmamalıdır. İnkaretmə yanğısına düşməməli, özünü tapmalı və onunla üzləşməlidir. Həyatdan nə istədiyinin fərqinə varmalı və yelkənini başqa dənizlərə açmağı öyrənməlidir.
Məncə, hər insan həyatında bir dəfə də olsa öz yaşamından uzaqlara getməli, həsrət yanğısına düşməli, başqa qəlblərin incəliyinə toxunmalıdır. Fərqində olmalıdır ki, qoca dünyaya nə üçün gəlib və nə istəyir?!
Əgər mən nədənsə əziyyət çəkirəmsə, deməli, burada mənim üçün sıxıntı, narahatlıq var. Bəli, mümkündür ki, bir başqası üçün bu adi haldır. Buna görə insan gərək çətinlikdən, ən əsası həyatdan qaçmasın, qorxmasın... Özünü rüzgara buraxsın və dərindən nəfəs alsın. Başını səmaya qaldırsın: nizamlı şəkildə düzülən durna qatarına nəzər salsın. Məncə biz çox yaxşı bilirik ki, rüzgar o qədər də qorxulu bir şey deyil. Əsas odur ki, gəmini dənizə çıxaracaq qədər cəsarətin olsun. Qasırğa isə hər zaman, hər insanın həyatına bir az da olsa müdaxilə edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!