TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
31-01-2025, 14:34
Böyük itkimiz - Mustafa Vəkiloğlu yazır


Böyük itkimiz - Mustafa Vəkiloğlu yazır

Nə edəsən, neçə illərdir fələk bizim bayramımızla matəmimizi də ələmlərə qərq eləyib. Bugün milli bayram günümüzdür, 28 May Azərbaycanın hürriyyət və istiqlalına qovuşmasının ildönümüdür. Fəqət mən bu bayram günündə də yenə ağrımızdan, yəni matəmimizdən bəhs edəcəyəm.
Çox dəyərli milli mücahidimiz Əmin bəyi itirdik. Əmin bəyin ölümü ilə milli mücadilə cəbhəmizdə böyük bir boşluq hasil oldu. Bu lənətə gəlmiş qırmızı istila heç cür bitməz, tükənməz oldu və 35 ildir bütün dəhşət və vəhşətiylə davam edir. Sıralarımız, hürriyyət və istiqlal səflərimiz il ötdükcə seyrəkləşir. Bir tərəfdən qırmızı cəlladlar, digər tərəfdən də amansız əzrayıl bizə göz verib, işıq vermir. Ən qiymətli, ən idealist və imanlı dostlarımızı bir-bir aramızdan alıb aparır.
Əmin bəylə ilk tanışlığım I Dünya müharibəsində türk ordusunun Qafqaz cəbhəsində kritik anlarının olduğu zamana təsadüf edir. Və sonradan onunla bərabər keçən acı-şirin günlər indi bir-bir film lenti kimi gözümün önündən keçir. Türk ordusu Ərdəhan və Qars ərazilərindən geri çəkilir və onu təqib edən ermənilərin də daxil olduğu rus birləşmələri o ərazilərdəki türk-müsəlman xalqı qılıncdan keçirərək bütün kəndləri, qəsəbələri xarabazara çevirirdilər. Canlarını və namuslarını qurtarmaq üçün anaların yollara atdıqları körpələrini bəzi mərhəmətli rus zabitləri və əsgərlərinin topladıqlarını o vaxt Ərdəhanda gözlərimlə gördüm. Bunları toplayaraq Bakıya yetimxanalara göndərirdik. Bu milli fəlakət Azərbaycanda ümumi bir qaynama yaratdı. Bakı və Gəncə bu qaynamanın başında idi. Bu münasibətlə Bakıda məşhur xeyriyyəçilərimizdən milyonçu Hacı Zeynalabidin Tağızadənin bildiyimiz o möhtəşəm evində seçilmiş nümayəndələrin iştirakı ilə tərtib edilən toplantıda milliyyət pərvərlərimizdən Əliəkbər bəy Rəfibəylinin söylədiyi “Biz milli şərəf və heysiyyətimiz ayaq altına atıldıqdan sonra sağ qalmaq istəmərik” sözləri Azərbaycanın hər tərəfini çalxalandırdı. Bakı Xeyriyyə Cəmiyyəti hərəkətə keçdi və bütün Rusiya türkləri arasında ianə toplamaq üçün hökumətdən icazə aldı. Yəni çar hökumətindən, yəni Qafqaz cəbhəsində ruslarla türklər arasında qanlı savaşların davam etdiyi o anlarda cəbhənin düz yanında rus ordusu tərəfindən “cəzalandırılmış” olan türk xalqına yardım üçün.
Ah, zavallı Azərbaycan, nələr etmədin, nələr düşünmədin. Bu, ümumi milli həyəcan o zaman Moskva Universitetində təhsil alan bizləri də sardı. Əziz dostum Hüseyn Camal Yanarla universitet dərslərimizi buraxaraq Bakıya hərəkət etdik və Xeyriyyə Cəmiyyətinin Qars və Ərdəhan ərazisinə göndərdiyi “Qardaş köməyi” qrupuna könüllü olaraq qatıldıq. Bakıya gəldikdə “Açıq söz” qəzetinin idarəxanasına baş çəkdim. Milli mübarizəmizi iman və səbatla müdafiə edən bu qəzetin sahibi və baş mühərriri Rəsulzadə Əmin bəylə tanış olmaq istədim. Çox sadə otaqda, bitişik mətbəədən gələn taqqıltı səsi arasında adi bir masa başında Əmin bəylə tanış olduq və köhnə iki yoldaş kimi gündəlik məsələlərlə bağlı danışmağa, dərdləşməyə başladıq. Xatırlayıram, aramızdakı yaş fərqinə rəğmən Əmin bəylə hadisələr barədə hisslərimizin alovu eyni idi.

1917-ci ilin mayında Əlimərdan bəy Topçubaşının rəyasətində Moskvada toplanacaq Rusiya Müsəlmanları Konqresinə Bakıdan gedən 5 nəfərlik heyətdə Əmin bəylə bərabər idik. Heybətli bir toplantı idi bu konqres. Moskvanın “Tatarskiy Pereulok” adlanan səmtindəki Bakı milyonçularından Şəmsi Əsədullahın “Moskva Müsəlman Xeyriyyə Cəmiyyəti”nə bağışladığı böyük binanın geniş salonunda baş tutan o konqres toplantıları hələ də gözümün önündə canlanmaqdadır. Şahinlər kimi Rusiyanın hər tərəfindən buraya yığışan 800 nümayəndənin həyəcanı o böyük salona sığmırdı. Çar idarəçiliyi çökmüş, inqilab, böyük bir inqilab dalğaları içində idik. Günün siyasi mövzusu Rusiyada qurulacaq respublikanın mərkəziyyətçi, yoxsa federativ olması idi. Bu mövzu bizim konqresdə də bir xeyli münaqişələrə səbəb oldu. Azərbaycan, Krım və Türküstan heyətləri Rusiyada yeni qurulacaq idarəçilik formasının federativ respublika olması tərəfdarı idilər. Əmin bəy bu konqresdə bu tezisin qüvvətli və hərarətli müdafiəçilərindən idi.
Bəxtsiz Cümhuriyyətimizin sevinc və həyəcanla dolu istiqlalı dövründə də Əmin bəylə eyni səflərdə, Müsavat Partiyasının məbusları olaraq bərabər çalışırdıq. Milli hərəkatımızda böyük rolu olan Müsavat Partiyası rəisi ünvanıyla da Əmin bəyin xidməti çox qiymətli və əhəmiyyətlidir.
Mühacirətin qara günləri başlayır. Yenə Əmin bəylə bərabərik, bir arada çalışmaqla yanaşı didişməkdəyik. Maliyyə vəziyyətimiz pərişandır. Köhnə mühacirlərimizdən İsmayıl Fəyyaz bəyin Çəmbərlitaşdakı kiçik evində Əmin bəy, Abbas bəy (Abbasqulu Kazımzadə) və mən bərabər qalırıq. Həmşərimiz İsmayıl bəyə çox minnətdarıq, çünki bizdən ev kirayəsi almır, pulsuz qalırıq. Yeməyimizin əksəriyyəti zeytun yağında qızarmış kartofdu. Dostumuz mərhum Abbas bəyin bəzi günlər bazardan alıb gətirdiyi qızarmış qoyun başı süfrəmizdə bayram havası yaradırdı, bunun üstünə Abbas bəy xarab qarmonunu alaraq “Ay uca dağlar” mahnısını oxuyardı. Vəziyyət belə ikən mübarizəmizi müdafiə məqsədilə nəşriyyat həyata keçirməyi düşünürdük. Amma nəylə? Pul yox, əlhəmdulillah, ətrafdan salam verib üzümüzə baxan da heç yoxdur...

Belə halda? Allah hər ikisinə də qəni-qəni rəhmət eləsin, dostumuz Əbdüləli bəy Əmircanla Böyük bəy Ağasıbəylinin günlərlə qapı-qapı dolaşaraq həmşərilərimizdən topladıqları pullarla mühacirətdə ilk nəşr orqanımız olan “Yeni Qafqasya” məcmuəsini çıxarmağa başladıq. Hər nüsxə çıxdıqca İstanbul Universiteti tələbələrimizdən Əhməd bəy (Professor Əhməd Cəfəroğlu) Abbas bəylə birlikdə “Yeni Qafqasya” paketlərini qoltuqlarına alaraq Çəmbərlitaş Eminönü poçtxanasına aparardılar. Bu işin zəhmətinə sonra illərlə Məhəmmədsadıq Aran qatlaşmışdır. Müştərək təsanüdlü çalışma ilə çox şeylər edildi o zamanlar.
İndi isə 10-15 ildir ki, mərhum Əmin bəylə aramızda bəzi görüş və fikir ayrılıqları oldu və biz ayrı-ayrı qruplara bölündük. İxtilaf işlərimizin sövq və idarəsinə aid zehniyyət və görüş fərqindən irəli gəlirdi. 1935-ci ildən bəri partiya cəbhəsində bir qrup dostlarla (mən də daxil olmaqla) Əmin bəyin qrupu arasında ixtilaf baş verdi və Müsavat Partiyası da iki qrupa ayrıldı. Fəqət bunlara rəğmən rəhmətlik Əmin bəylə aramızda olan qarşılıqlı hörmət və təqdir sarsılmadı. Seyrək də olsa, ara-sıra görüşür və ümumi işlərimiz bəhsində dərdləşirdik. Mühitimizdəki bu ayrılıqların, qruplaşmaların mübarizəmizə nə qədər zərərli olduğunu hər ikimiz də başa düşürdük. Və bəzi dostlarımızın vasitəçiliyi ilə də ölümündən əvvəlki həftələrdə Əmin bəylə birlikdə aradakı ixtilafları ortadan götürmək və bir milli vəhdət qurmaq üçün yol və çarələr axtarmağa başlamışdıq. Bu yoldakı müzakirə və görüşlərimiz xeyli irəliləmişdi. Fəqət nə yazıq ki, əcəldən macal olmadı və bu iş hələlik yarımçıq qaldı.
Əmin bəy ta gənc yaşlarından ölümünə qədər milli mübarizə və məsələlərimiz uğrunda çalışıb-vuruşmuş qiymətli bir cəbhə yoldaşımızdır, onun bu yolda əmək və xidməti çoxdur, xüsusilə də yazı və mətbuat sahəsində. Və şübhəsiz ki, Əmin bəyin şəxsində milli mübarizəmiz qüvvətli bir rüknünü itirdi.
Hər hansı bir mərsiyə söyləmək adətim deyil. Bu, obyektiv düşüncə və hisslərimin səmimi bir ifadəsidir. Neçə illik köhnə dostum Əmin bəyin xatirəsi önündə hörmət və minnətlə əyilərək ona cənabi-Haqdan rəhmət diləyirəm...
Bu mühüm tarixi anlarda aramızdakı ixtilaflara bir an əvvəl nəhayət verməyimiz zəruridir. Rəhmətlik Əmin bəylə başlamış olduğumuz bu iş uğrunda mübarizəmizə candan bağlı bütün dostlarla birlik quraraq davam etməliyik. Bu, bizim üçün tarixi və milli bir borcdur. Bağrıyanıq bütün azərbaycanlıların də ümumi arzu və əməlləri budur. Fəqət hər siyasi mühitdə olduğu kimi, aramızda da bəzi fürsətcil, heç bir xidməti olmayan siyasi tüfeylilər də var. Onların da sevdası bambaşqadır! Kiçicik mühacirət gölməçələrindən partizanlıq zehniyyətilə dərya kapitanı olmaq istəyərlər və bu zavallı xülyaları arxasından qaçaraq suyun durulmasını deyil, əksinə, bulanmasını istəyərlər. Bu daxili keşməkeşlərimizdə ətrafdan bir qardaş kömək əli uzansa barı. Bu da yoxdur.

Bizlər buralarda qəribik, yoxsa yox? Həm qəribik, həm yox. Fərd olaraq hər birimiz ayrı-ayrı heç də qərib deyilik, öz Ana Vətənimizdə ayrı-seçkilik görmədən ziraətdə, ticarətdə, məmurluqda qardaş mühiti içində sərbəst çalışırıq. Hətta çox vaxtlar da tərcihli və imtiyazlı rəftar görürük. Fəqət siyasi baxımdan, milli mübarizəmiz və onun vacibləri nöqteyi-nəzərdən hələ də qəribik. Bunu açıq və səmimi söyləməyimizə icazə verilsin. Bir də qərib quşun yuvasını Allah tikərmiş deyirlər.
Mustafa Vəkiloğlu
“Türk yolu” jurnalı, 1955-ci il, 8-ci sayı
31-01-2025, 13:43
Xocalıya növbəti köç oldu


Xocalıya növbəti köç oldu - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Xocalı rayonunun Ballıca kəndinə, respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 22 ailə - 94 nəfər köçürülüb. Bu gün kəndə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, Ballıca kəndində bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbi qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.
Xatırladaq ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə dörd köç karvanı olub. Kənddə 90 ailə ( 467 nəfər) məskunlaşıb.





31-01-2025, 13:22
Körpükənd – yüz illərin arasına körpü salan kənd

Körpükənd – yüz illərin arasına körpü salan kənd

Zərdab rayon Körpükənd kənd sakini, naşir, Azərbaycan Jurnalistlər birliyinin üzvü Elman Qasımovun təşkilatçılığı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Faiq Şükürbəylinin müəllifliyi ilə “Körpükənd – yüz illərin arasına körpü salan kənd” kitabı işıq üzü görmüşdür.
Öncə deyim ki, mən bu kitabın ərsəyə gəlməsində hər zaman bu insanların yanında olmuşam. Kitabın materiallarının toplanması üçün ən azı beş dəfə mən, bir o qədər Faiq müəllim, bir o qədər Fazil Kərimov bu kəndə gəlmişik. Hər dəfə də Elman müəllim hər kəslə fərdi görüşlər təşkil edib, arayışlar toplamışdır. Faiq müəllim Azərbaycan, Gürcüstan, İran və Rusiya Federasiyasının arxivlərindən lazımi sənədləri toplayıb, rus dilindən tərcümə edib kitabda cəmləşdirərək onu zənginləş¬dirmişdir. Burada bir nəfərin yox, bir ensklopedik redaksiyanın işləri görülmüşdür.
Kəndin tarixi sənədlər əsasında, xronoloji qaydalara uyğun olaraq nizamlı şəkildə ardıcıllıqla verilmişdir. Hər bir coğrafi məkanın, kəndin, şəhərin, yaşayış məntəqəsinin insanlar kimi öz taleyi vardır. Xoş günləri, acı günləri, sirli xatirələri, kontrastlı bir taleyi vardır. Bütün kəndlər haqqında çoxlu rəvayətlər mövcud olub. Tarix keçdikcə isə assimulyasiya olaraq itib gedir və gələcək nəslə ötürülməmək təhlükəsi yaranır. Bu lazımı kitabı ərsəyə gətirməklə, belə böyük məsuliyyəti öz üzərinə götürməklə Elman Qasımov, təsəvvür edin ki, insanlarda olduğu kimi Körpükənd kəndinin şəxsiyyət vəsiqəsini tərtib etmişdir. Kəndin tarixi pasportunu yaratmışdir. Pasporta daxil olan bütün parametrlər çox şəffaf şəkildə tərtib edilmiş, demək olar ki, hər kəsə və dövrə yer ayrılmışdır. Belə ki, kəndin ziyalıları, fədakar və zəhmətkeş əhalisi, dövlət işlərində çalışan tanınmışlar, VDNX (ümumxalq sərgi) iştirakçıları, kəndi təmsil edən hər kəsi kitabda xüsusi olaraq işıqlandırmışdır. Ən əsası Qarabağ müharibəsi iştirakçıları, şəhidləri və qaziləri haqqında rəngarəng materiallar toplanmışdır. 1990-cı ilin qanlı yanvarında şəhid olan bacı-qardaşlarımız haqqında xalq şairi B. Vahabzadə belə yazmışdır: hər tökülən şəhid qanı torpağa əkilən tumurcuqlardır. O, mütləq pöhrələnib bəhrəsini verəcəkdir.

44 günlük müharibədə və 19 sentyabr 2023-cü ildə həmin tumurcuqlar Ali Baş Komandanın rəhbərliyi və milli xalq dəstəyi ilə 30 illik ədalətsiz müharibədə bizi Böyük Qələbəyə – Zəfərə qovuşdurdu. Biz hər zaman şəhidlərimizi hörmət və ehtiramla anırıq. Bütün ömrümüz boyu onlara borcluyuq. Bu mənada kitabda şəhidlərimizə və qazilərimizə, eləcə də müharibədə iştirak edən hər kəsə xüsusi yer ayrılmışdır. Ruhları şad olsun şəhidlərimizin.
Kitaba son söz yazan E.Qasımov xalq şairi Fikrət Qocadan sitat gətirir: “adətən belə kitablarda müəllif öz kəndini, şəhərini, məşhur qohumlarını və yaxud adlı-sanlı həmyerlilərini mədh edər, bəlağətli sözləri zər kimi şəhərin, kəndin, insanların üstünə səpərdi. Bir sözlə hap-gop”.
Elman Qasımov və Faiq Şükürbəylinin araya-ərsəyə gətirdikləri kitab isə sanki Körpükənd kəndinə güzgü tutmuşdur. Hər şeyi olduğu kimi, orijinal şəkildə şəffaflıqla ortaya qoya bilmişlər. Körpükənd kəndinin bir dostu kimi həm sevinirəm, həm də Faiq Şükürbəyli və Elman Qasımovu bu işin öhdəsindən layiqincə gəldiklərinə görə təbrik edirəm. Böyük Azərbaycan yazıçısı İsa Hüseynov (Muğanna) deyir ki, bəzən səni kimi rənginə, kimi ətrinə, kimi boynu bükük olduğuna görə sevir. Mən isə onu Vətən gülü, çiçəyi olduğu üçün sevirəm. Mən də Elman Qasımovu Körpükənd kəndinin bənövşəsi olaraq sevirəm. O gülü hansı səbəbdən olmasına baxmayaraq hamı sevir. Hər kəs onun cazibəsinə düşür. Elman da elə. Daim cazibə qüvvələri tükənmir. Biz sizinlə fəxr edirik, qürur duyuruq. Xeyirli uğurlu olsun!
Kitaba Milli Məclisin deputatı, professor Jalə xanım Əliyeva ön söz yazmışdır.

Hacı Məmmədov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!