Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 18-01-2016, 10:21
DÜNYANIN O ÜZÜ VƏ YA MÖCÜZƏLƏR DIYARI AMERIKA


Bakı, Azadlıq prospekti, 111. Mənim sirli-sehrli Amerika ilə əsl tanışlığım məhz bu ünvandan başlayır. Burada Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi yerləşir. Yaşlı nəsil yaxşı xatırlayır ki, bir zaman bu prospekt Sovet hökumətinin yaradıcısı V.I.Leninin adını daşıyırdı. Viza almaq üçün bu ünvana gələndə istər-istəməz düşündüm ki, Lenin prospekti 111-də heç vaxt Amerika Birləşmiş Ştatlarının səfirliyi ola bilməzdi. Nə mən, nə də digər soydaşlarımız yatsaq yuxumuza da girməzdi ki, nə vaxtsa Amerikaya, eləcə də dünyanın digər ölkələrinə səyahət edə biləcəyik. İnana bilməzdim ki, mənim oğlum Amerikada magistraturanı bitirəcək, doktaranturada oxuyacaq. Inana bilməzdim ki, mənim nəvələrim Amerikada məktəbə gedəcək, orada yaşayacaqlar…
Deməli, azadlıq sözün hər mənasında dünyanın qapılarını, pəncərələrini bizim üzümüzə açıb. Imzalar içində imzamız, bayraqlar içində bayrağımız olması qəlbimi iftixar hissi ilə doldurur. Buna görə biz öz azadlığımıza, müstəqilliyimizə, suverenliyimizə minnətdar olmalıyıq. Bizi ölkəmizə görə sevirlər, ölkəmizə görə dəyərləndirirlər. Ona görə hamımızın müqəddəs borcudu ki, dünyanın harasında oluruqsa olaq, vətənimizi ləyaqətlə təmsil edək, onun adına, imicinə kölgə sala biləcək heç bir hərəkətə yol verməyək.
DÜNYANIN O ÜZÜ VƏ YA MÖCÜZƏLƏR DIYARI AMERIKA
DÜNYANIN O ÜZÜ VƏ YA MÖCÜZƏLƏR DIYARI AMERIKA

Övladlarım orada yaşadıqlarına görə Amerika, xüsusən onun Koliforniya ştatı, həmin ştatın birinci, ölkənin isə ikinci böyük şəhəri olan Los Anceles haqqında çox oxumuşdum. Bilirdim ki, Koliforniya Amerikanın zəngin, iqtisadi qüdrətinə, həm də mədəni həyatına görə ən öncül ştatlarından biri, daha doğrusu, birincisidir. Hətta təkcə Koliforniyanın iqtisadiyyatının dünyanın ərazi etibarilə ən böyük dövləti olan Rusiyanın iqtisadiyyatına bərabər tutulması məni heyrətləndirmişdi və buna inanmağım gəlməmişdi. Sonradan aydın oldu ki, sən demə Koliforniya ştatı ayrılıqda iqtisadi göstəricilərinə görə dünya ölkələri ilə sıralamada altıncı yeri tuturmuş.
Öyrənmişdim ki, Los Anceles dünyanın ən nəhəng mədəni, elmi, iqtisadi, kino, musiqi, televiziya, kompüter mərkəzlərindən biridir. Oxumuşdum ki, XVI əsrə qədər burada tonqva, içumaşi kimi hindu qəbilələrinin nümayəndələri yaşamışlar. 1542-ci ildə Meksikadan üzərək Los Anceles sahillərinə yan alan iki gəmi bu yerləri özlərinə əbədi yaşayış məskəni seçəcək ilk insanları – gəlmələri gətirmişdir. Gəminin kapitanı Xuan Rodriges bir il sonra dünyasını dəyişmiş, San Migel adasında dəfn olunmuş, onun xatirəsini əbədiləşdirmək məqsədilə sonradan bu yerə Xuan Rodriges adı verilmişdir. 227 il sonra buraya yeni insan axını başlamışdır. Meksika-Amerika müharibəsindən sonra müqaviləyə əsasən Koliforniya Amerikaya verilmiş, 1850-ci ildə şəhər satatusu alan Los Anceles sürətlə inkişaf eləməyə başlamışdır. Los Ancelesə dəmir yolunun çəkilməsi, burada nəhəng təyyarə zavodunun tikilməsi və sair şəhərin əhəmiyyətli dərəcədə böyüməsinə, əhalinin artmasına zəmin yaratmışdır. 1932-ci ildə Los Anceles X yay Olimpiya oyunlarına ev sahibliyi etmişdir. Ikinci dünya müharibəsi şəhərin yeni vüsətlə inkişafına təkan vermişdir. Bu zaman canını faşizmdən qurtaran bir sıra görkəmli elm və mədəniyyət xadimləri Los Ancelesə köçmüşlər. 1984-cü ildə burada ikinci dəfə yay Olimpia oyunları keçirilmişdir. 1992-ci ildə Los Ancelesdə kütləvi qarmaqarışıqlıq, millətlararası qarşıdurma yaranmış, 1994-cü ildə isə güclü zəlzələ şəhərə böyük ziyan vurmuşdur. Elə buna görə də indi bu şəhərdə zəlzələyə davamlı taxta evlər, villalar tikməyə daha çox üstünlük verilir.
San-Qabriel, Santa Monika və Santa-Ana dağları regiona xüsusi gözəllik verir. Ən hündür yer Elsi Bacıları zirvəsi (1548 m.), ən böyük çay Los Anceles çayıdır. Başlanğıcını San-Fernando vadisindən götürən bu çayın suyunun böyük hissəsi betondan çəkilmiş kanal vasitəsilə axır, quraqlıq zamanı suyu azalır, bəzən də quruyur. Dağlar, dərələr, çaylar, Sakit okean, bataqlıqlar bu zonanın canlı, xüsusən bitkilər aləminə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Şəhərin küçələrində saysız-hesabsız nadir ağaclar, ekzotik kollar, güllər vardır.
DÜNYANIN O ÜZÜ VƏ YA MÖCÜZƏLƏR DIYARI AMERIKA

Böyük Los Ancelesin 80-dən çox rayonu vardır. Şəhər şərqi Los Anceles, qərbi Los Anceles, Doun Taun (şəhər mərkəzi), Hollivud, Venis, Marina del Rey, Santa Monika və s. hissələrdən ibarətdir. Əhalinin tərkibi də rəngarəngdir. Şəhərin
elə hissəsi var ki, ora kiçik Tokio, elə hissəsi də var ki, kiçik Pekin adlanır. Burada çin, yapon, koreya və s. mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Əhalinin böyük əksəriyyəti ingilis və ispan dilində danışır. Ancaq öz ana dilində danışmaq heç kəsə yasaq edilmədiyindən 224 dildə sərbəst şəkildə danışanlar var. Ən yaxşı cəhət odur ki, burada milli və irqi ayrıseçkilik yoxdur. Bu yerlərin iqlimi də fərqlidir. Sərin yay və isti qış əhalinin rahat yaşamasına şərait yaradır.
Los Anceles aereportu dünyanın ən iri və daim işlək hava limanlarından biridir. Təyyarələr bir-birinin ardınca havaya qalxır. Burada əsas nəqliyyat vasitələrindən biri də avtomobillərdir. Şəhərdə iki milyondan çox nəqliyyat vasitəsi olsa da, Los Ancelesdə tıxac problemi yoxdur. Ona görə ki, küçələr, yollar, avtomagistrallar günün tələblərinə cavab verən şəkildədir. İctimai nəqliyyat saat kimi dəqiq işləyir. Dəmr və dəniz yolları ən müasir səviyyədədir. Los Ancelesdə xeyli sayda müxtəlif dillərdə qəzet və jurnal çap olunur, televiziyalar fəaliyyət göstərir. Orta məktəblər, kolleclər yetərincədir. Koliforniya universiteti, Cənubi Koliforniya tibb universiteti, Koliforniya texnoloji institutu, kino, arxitektura və s. institutlar Los Ancelesdəki təhsilin səviyyəsi haqqında az söz demir. Bu şəhərdə kino, musiqi, təsviri sənət yüksək səviyyədə təqdim və təbliğ olunur. Muzeylər, teatrlar, kitabxanalar daim işlək vəziyyətdədir. Şəhərin binaları onun arxitekturası haqqında dolğun təsəvvür yaradır.
DÜNYANIN O ÜZÜ VƏ YA MÖCÜZƏLƏR DIYARI AMERIKA
DÜNYANIN O ÜZÜ VƏ YA MÖCÜZƏLƏR DIYARI AMERIKA

…Təyyarə ilə Istanbula, oradan da Los Ancelesə uçduq. On dörd saatlıq uçuş vaxtı mənə on dörd il qədər uzun göründü. Doğulduğum torpağı, Qubadlı rayonunun Çardaxlı kəndini, uşaqlığım keçən Xocamsaxlını xatırladım, orada keçən xoşbəxt günlərim kino lenti kimi gözlərim önündə canlandı. Təpənin üstündəki evimizin altından keçən poçt yolu canlandı gözüm önündə. O zaman heç ağlıma da gəlməzdi ki, dünyanın bir çox ölkələrinə, o cümlədən də Amerikaya səyahət eləmək var imiş alın yazımda…
Nəhayət, təyyarəmiz Los Anceles təyyarə limanında yerə endi. Pasport qeydiyyatı, baqajın-çomodanların alınması kimi üzücü prosedurlardan sonra Amerika torpağına qədəm qoyduq. Həyəcanlı anlar yaşayırdım. Nəvəm Fatehin bizi görəndə söylədiyi «salam» kəlməsi, balaca Fatimənin boynuma sarılması,
oğlum Gurselin sevinc dolu təbəssümü içimdəki qərib diyar xofunu əridi. Mənə elə gəldi ki, öz elmə, öz obama gəlmişəm.
Taksidə gedə-gedə küçəyə, yol boyu sıralanan evlərə baxırdım. Açığını deyim ki, Amerikanı bir qədər başqa cür, dəbdəbəli təsəvvür edirdim. Ancaq yol boyu gedə-gedə ilk ağlıma gələn fikir bu oldu ki, dünyanın hər yeri elə bir-birinə bənzəyir…
Nəhayət, taksi Venis bulvardakı 1620 №li binanın qarşısında dayandı. Girəcək qapısındakı kodu yığıb içəri girdik, liftlə ikinci mərtəbəyə qalxdıq, Gurselgilin yaşadığı 202-ci otağın qapısını üzümüzə gəlinim Kəmalə açdı. Hamımız sevincli anlar yaşayırdıq. Elə bil ki, özümüzlə bu evə Azərbaycanın bir parçasını gətirmişdik…
Burada qaldığım 20 gün müddətində Sakit Okean sahillərini, Los Ancelesin, Hollivudun, Santa Monikanın, Venisin, Marina del Reyin, Culversitinin görməli yerlərini gəzdim, tarixi yerlərə, bəzi muzeylərə baxdım, həftə bazarına, bazar günləri məktəbin həyətində təşkil edilən köhnə şeylərin, əşyaların satıldığı «bit-birə bazarına» baxdım, kitabxanaya, kitab mağazasına, məktəbə, Koliforniya universitetinə, Venis, Santa Monika, Marina del Rey çimərliklərinə, bəzi ticarət mərkəzlərinə getdim. Bütün bunlar Amerika həyat tərzi haqqında təsəvvürlərimi əhəmiyyətli dərəcədə genişləndirdi…
Doğrudan da, bu yerlərin təbiəti çox füsunkar imiş. Bir tərəfdə Sakit okean, digər tərəfdə Kardaley sıra dağları… Çox qəribədi ki, dağlarla dənizlər həmişə bir-birinin qonşuluğunda olur. Biri dərinlik, o biri ucalıq simvoludur. Dağlar okeanların, dənizlərin qarşısında Allahın yaratdığı təbii bəndlərdi. Bu bəndlər olmasa Yer kürəsi Su kürəsinə çevrilərdi… Bütün canlıların əşrəfi olan insanlar isə həmişə özlərinə Yer kürəsinin ən gözəl guşələrini məskən seçiblər. Koliforniya da belə yerlərdən biridir.
İspan dilindlə olan Los Anceles sözünün lüğəvi mənası mələklər deməkdir. Dünyanın ən böyük şəhərlərindən biri olan Los Anceles mələklər şəhəri anlamına gəlir. Burada məskunlaşan insanlar hazırda fəaliyyətdə olan kilsənin ətrafında özlərinə ilk evlər tikmişlər. Vaxt, zaman keçdikcə dağların ətəyində tikilən evlər
sıralana-sıralana gedib Sakit okeanın sahillərinə çıxmış, beləliklə də nəhəng bir şəhər yaranmışdır. Mərkəzdə hündürmərtəbəli, metal konstruksiyalı, kərpiclərdən hörülmüş evlər olsa da, burada bir və iki mərtəbəli evlər daha çoxluq təşkil edir. Bu evlərə baxanda, şəhərin geniş, rahat, səliqəli, təmiz, yaşıllıqlara qərq olmuş küçələri ilə gəzəndə ilk ağlıma gələn bu oldu ki, Los Anceles kənd evlərindən yaranmış nəhəng, bənzərsiz bir şəhərdir. Özü də bu evlərin böyük əksəriyyəti taxtadan tikilib. Özü də bu evlər, tutalım Rusiyada şalbanları üst-üstə qoymaqla tikilən evlərə bənzəmir, onun divarları nəinki taxtadan, hətta fanerlərdən ibarətdir. Bircə həftəyə gözümün önündə tikilən binaları görməsəydim, bəlkə də üstü suvanmış, rənglənmiş bu yarlı-yaraşıqlı villaların necə yarandığından xəbərim olmazdı…
Yaşayış sahəsi olan ərazilərdə enli, gözəl küçələrin o üzündə, bu üzündə bir və ya ikimərtəbəli binalar sıralanıb. Qəribədi ki, bu evlərin heç biri digərinə bənzəmir, ancaq onların arasında nəsə gözəgörünməz bir oxşarlıq var. Küçədən sonra ağac, ya güllər əkilmiş yaşıllıq zolağı, sonra beton piltələrdən yaradılmış piyada yolu var. Piyada zolağından sonra isə fərdi evlərin küçəyə baxan həyəti gəlir. Bu həyətlərin dizaynı da bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Kimi kaktuslar, kimi gül-çiçək, kimi ağac əkib. Kimi yerə dekorativ daşlar döşəyib, kimi heykəlciklər qoydurub. Əksər həyətlər yamyaşıl çəmənlərdən ibarətdir və hasarsızdır. Ara-sıra gözə dəyən hasarlar isə simvolik səciyyəlidir. Heç birmərtəbəli evlərin pəncərə və qapılarında belə evi qorumaq məqsədilə dəmir məhəccərlər, torlar yoxdur. Hətta evlərdə pərdələrdən belə istifadə olunmur. Ancaq heç kəsin ixtiyarı yoxdur ki, icazəsiz bu əraziyə girsin, bu evlərin içinə boylansın. Ev sahibinin çağrılmamış qonaqları güllələməyə belə ixtiyarı var…
DÜNYANIN O ÜZÜ VƏ YA MÖCÜZƏLƏR DIYARI AMERIKA

Ancaq bu o demək deyil ki, burada oğrular yoxdur. Bəzi həyətlərdə saxlanılan maşınların sahibləri nəqliyyat vasitələrinin qapısını o məqsədlə açıq saxlayırlar ki, oğrular ova çıxanda heç olmasa maşınların şüşələrini qırmasınlar, qapıları sındırmasınlar…
Los Ancelesin Botanika bağı ərazicə o qədər də geniş deyildir. Ancaq burada çoxlu nadir ağaclar, bitkilər qorunur. Arxa bənzər kiçik çayın içində iri balıqlar,
tısbağalar yaşayır. Ancaq şəhərdə o qədər gözəl dekorativ, eləcə də meyvə ağacları, kollar, bitkilər, güllər var ki, Los Anceles özü elə nəhəng bir botanika bağını xatırladır. Ağacların, kolların qol-budağı xüsusi qayda ilə kəsilir. Elə buna görə də hər bir ağac təzəcə gəlinlik paltarı geyinən bir gözələ bənzəyir. Kəsilən qol-budaq xüsusi maşın vasitəsi ilə xırda-xırda doğranıb, «üyüdülüb» yük maşınlarına doldurulur və daşınır. Eşitdiyimə görə bu yonqarlardan da istifadə edir, ya kağız, ya fanerlər düzəldirlər, ya da yonqarları ağacların dibindəki torpağın üstünə səpirlər ki, qum küçəyə dağılmasın, şəhərdə toz-torpaq azalsın…
Burada ekoloji tarazlığa xüsusi diqqət yetirilir. Okean sahilindəki böyük bir ərazidəki bataqlıq qorunub saxlanır. Bu, həm həmin yerlərin ilkin təbiəti haqqında təsəvvür yaradır, həm də köçəri quşların önündə daim yaşıl işıq yandırır, onları perikdirib bu yerlərdən qaçaq salmağa qoymur. Sakit okean sahillərində bizdə olduğu kimi restoranlar, kababxanalar sıralanmayıb, hasarlar çəkilməyib. Okean, bu yerlərin təbiəti varlısından, zənginindən tutmuş, kasıbına, evsiz-eşiksizinə qədər hamıya məxsusdur. Çimərlik ərazisində nəinki spirtli içki içmək, hətta siqaret çəkmək belə qadağandır. Çimərliyin təmizliyinə xüsusi diqqət yetirilir. Sahil boyu uzanıb gedən çimərlik ərazisi ucsuz-bucaqsız qum səhrasını xatırladır. Sakit okeanın suyu isə tərtəmizdir, o qədər də duzlu deyil. Külək, fırtına olmasa belə sahildə həmişə dalğa olur. Orta hissələr isə daim masmavi, sakitdir. Günəşin şəfəqləri altında cilvələnən nəhəng gözəl isə adamın ağlını başından alır, elə bil onu da sakitliyə, gözəlliyə, duruluğa, təmizliyə səsləyir.
Santa Monikadakı karuselə minəndə gözəl bir aləm göz önündə canlanır. Okeanın böyüklüyü, Los Anceles və ona bitişik şəhərlərin ponoramı adamda xoş ovqat yaradır. Okeanın içinə uzanan Venis estakadasının üstündən dağlar, onun ətəklərindən üzü Okeana sarı sıralanan evlər, şəhərin ümumi mənzərəsi görünür, adamı heyran qoyur. Okeandan şəhərin içinə – Marinə del Reyə daxil olan «körfəz»lərin başlanğıcı mənzərəni bir az da tamamlayır, təsəvvürü dolğunlaşdırır.
Marina del Rey ispan dilində padşah dənizi deməkdir. Sakit okandan şəhərin bu hissəsinə daxil olan kanallar adamı heyran qoyur. Ancaq bu, bizim düşündüyümüz adi kanallar deyil, səkkiz yerə şaxələnib şəhərin içinə daxil olan
«körfəzlər»dir. Burada gəmilər, yaxtalar, katerlər üzür. Yay aylarında «su avtobusu» deyilən nəqliyyat vasitəsi ilə bu şaxələr boyu üzmək, ətrafda sıralanan evlrə tamaşa eləmək adama ləzzət verir. Körfəzllərlə yarımadaların qol-boyunluğu gözəlliyi daha da artırır. Adama elə gəlir ki, yarımadalarda sıralanan evlər adi evlər yox, elə nəhəng Sakit okeanda lövbər salan iri gəmilərdi. Yeri gəilmişkən onu da deyim ki, xeyli sayda zəngin adamlar var ki, elə yaxtalarda yaşayırlar. Hətta sahildəki binalardan heç nəyi ilə fərqlənməyən üzən evlərə baxanda buranın yaşayış tərzi haqqında adamda müəyyən təsəvvür yaranır. Marina del Reydə – Padşah dənizində elə padşah kimi yaşayan insanlar az deyil…
Buranın insanları çox sadə, təvazökar, mehriban insanlardı. Üz-üzə gələndə hamı gülümsəyir, hamı bir-birinə salam verir. Ancaq bütün bunlara baxmayaraq hərənin öz fərdi dünyası var. Insanların bir-birinə qaynayıb qarışmaq, daim toylarda, şənliklərdə olmaq, birlikdə əylənmək istəyi arxa plandadır. Bahalı villalarında Robinzonvari həyat sürənlər o qədər çoxdu ki… Los Ancelesin okana yaxın hissəsində, Venisdə, Venesiya deyilən ərazidə su küçələrinin ətrafında tikilən bahalı villalar gecə və gündüz sükut içindədi. Bu hissəyə maşınların girməyinə yer yuxdu. Kanal boyu sıralanan hər villanın qarşısında qayıqlar var və onlar cilovlu atlar kimi sahildəki mıxa bağlanıb. Sahibi nə vaxt istəsə ona minib bu su küçəsi ilə hara istəsə gedə bilər… Gecələr kanal boyu sıralanan evlərdən düşən işıqlar suda elə gözəl bərq vurur ki, burada gəzən adam lap özünü nağıllar dünyasında hiss edir. Burada insanlar şəhərin mərkəzindəki kimi qışqırıb hay haray salmır, rep oxumur, burada ancaq sükut, sakitlik, gözəllik danışır…
Şəhərdə La Brea deyilən bir yer var. La Brea ispan mənşəli sözdür və mənası qır deməkdir. Bu şəhərdə bataqlıqlar qorunduğu kimi, qır gölləri də qorunub saxlanılır. Vaxtlə bu ərazidə zəngin neft yataqları olub. Bu qır gölləri də o günlərdən yadigar qalıb. Yeraltı qaraj tikərkən bu göllər üzə çıxıb. Məlum olub ki, bu qır göllərIndə saysız-hesabsız nadir heyvan, o cümlədən momont skeletləri var. İndi bu sür-sümük əsasında regionun qədim canlı aləmi haqqında tədqiqatlar aparılır. İndi ərazi gözəl, yaşıllıqlara qərq olan bir istirahət guşəsinə çevrilib.
Hasara alınan qır gölləri isə elə bil keçmişə açılan pəncərədir. Qəribədir, heyvanları öldürən qır onların qalıqlarını əsrlərcə qoruyan bir vasitəyə çevrilib.
Los Ancelesdəki Koliforniya universiteti ölkənin ən nüfuzlu təhsil ocaqlarındandır. Universitetin ərazisi çox genişdir. Bir-birini tamamlayan binalar, korpuslar kompleksi bu elm şəhrciyi haqqında dolğun təsəvvür yaradır. Bura əslində şəhər içində bir şəhərdir. Mağaza, xəstəxana, kitabxana, avtomobil, velosiped dayanacaqları… Bu universitetin qapıları təkcə tələbələrin yox, balaca məktəblilərin də üzünə açıqdır. Məktəblilər burada imtahan verib ayrı-ayrı dərnəklərdə iştirak etmək hüququ qazanırlar. Balacalıqdan bu mühitə alışmaq gələcək uğurların rəhninə çevrilir, əsl istedadların üzə çıxmasına zəmin yaradır.
Los Ancelesin kompüter sənayəsinin beşiyi olması hamıya məlumdur. Ancaq ən maraqlı cəhət ondan ibarətdir ki, bu ölkədə kitaba böyük maraq var. Koliforniyada müasir dövrün tələblərinə cavab verən kitab mağazaları çoxdur. Istər universitet, istərsə də şəhər kitabxanalarının qapıları nəinki böyüklərin, hətta balacaların da üzünə daim açıqdır. Uşaqlar hələ balaca yaşından kitab oxumağa həvəsləndirilir. Nəinki kitab oxumaq, eləcə də oxunan əsər haqqında yığcam mülahizələr hazırlamaq uşaqların elmi və bədii təfəkkürünün formalaşmasında mühüm amilə çevrilir. Müəllimlər oxunan kitablar, onun haqqında yazılan yığcam mülahizələrə istinadən uşaqların zəhmətini dəyərləndirir, onları kitabla mükafatlandırırlar ki, bu da öz müsbət nəticəsini verir.
Kitabxanalardan başqa küçələrdə ayrı-ayrı həvəskarlar tərəfindən kitab köşkləri yaradılıb. Istənilən adam buradakı istənilən kitabı götürüb aparır, oxuyandan sonra yenidən öz yerinə qaytarır. Bütün bunlar isə cəmiyyət üçün səviyyəli adamlar hazırlamaq missiyasını yerinə yetirir. Oxumuş, bilikli, zəngin dünyagörüşünə malik insanlarla bir şəhərdə, bir ölkədə yaşamaqdan gözəl nə ola bilər?![center]DÜNYANIN O ÜZÜ VƏ YA MÖCÜZƏLƏR DIYARI AMERIKA
Istər parklarda, istərsə də çimərliyə yaxın ərazilərdə istirahət mərkəzləri, uşaqlar üçün əyləncə, böyüklər üçün oyun meydançaları çoxdur. Burada futbol, basketbol, tenis və s. oynamaq mümkündür. Yeyib-içmək, əylənmək, banket üçün xüsusi stollar da az deyil. Hər stolun yuxarı başında istifadə üçün hazır manqallar
da quraşdırılıb. Özü də bunların hamısı pulsuzdur. Ancaq bu tipli yerlərdə nəinki spirtli içkilər içmək, hətta siqaret çəkmək belə qadağandır.
Bu ölkədə yollar geniş və rahatdır. Nəqliyyat vasitələri çox olsa da tıxaclar yoxdur. Ona görə ki, hərəkət kompüterlər vasitəsi ilə tənzimlənir. Bizdə olduğu kimi bir piyadaya görə 50-60 maşın dayanıb gözləmir, sıxlıq yaratmır. Piyada küçəni yalnız onun üçün ayrılmış yerdən keçə bilər. Küçəni keçmək üçün xüsusi düyməni basıb gözləmək lazımdır. Özü də piyadalar bizdə olduğu kimi küçəni nazlana-nazlana, bir-birinin ardınca qarışqa kimi düzülə-düzülə keçə bilməzlər. Yaşıl işıq sənə küçənin enindən asılı olaraq 20, yaxud 30 saniyə vaxt verir. Həmin vaxtda keçiddən keçə bilməsən, dayanıb növbəti icazə vaxtını gözləməlisən. Bu qayda hərəkətin daimi axarını təmin edən əsas amillərdən birinə çevrilir, həm sürücünün, həm də piyadanın məsuliyyətini artırır.
Bəli, Amerikada gəzməli-görməli yerlər, öyrənməli şeylər çoxdur.
Müxtəlif yozumlu, müxtəlif deyimli sözlər var. Bəziləri deyirlər ki, çox yaşayan çox bilməz, çox gəzən çox bilər. Bəziləri isə çox gəzən çox bilməz, çox oxuyan çox bilər qənaətindədir. İndi dövr, zaman elə dəyişib ki, çox bilmək üçün çox yaşamaq da, çox gəzib görmək də, çox eşitmək də, çox oxumaq da eyni dərəcədə zəruridir. Ancaq bir məsələ də var ki, istifadəsiz bilik kimə lazımdır? Bilik insana öz həyatını daha mənalı qurmaq üçün bir vasitə olmalıdır…
Rafiq YUSIFOĞLU,
şair, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.

"Bütöv Azərbaycan" qəzeti


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!