Mir Cəfər haqqında inanılmaz həqiqətlər... Mir Cəfər Bağırov haqqında çox eşitmişik. Onun haqqında yaxın dostlarımız rəhmətlik Teyyub Qurban " Bağırnamə" və görkəmli yazıçı, filosof, tarixçi Əlisa Nicat "Sarsılmaz Mir Cəfər " romanı yazmış, "Mələklər və iblislər" romanında ona 18-ci fəsli həsr etmiş, həm də onu "100 böyük azərbaycanlı" kitabında 36-cı yerdə (1999-cu il nəşri), həmin kitabın 2024-cü il nəşrində isə 4-cü yerdə qoymuş və onun haqqında xeyli xoş sözlər söyləmişdir. Mir Cəfər haqında verilən "İttihamnamə"də ("Qanun" jurnalı, 2000, №4, 2001, №4-5, 2002, №5-8. Fəxrəddin Ağazadə) Mir Cəfər Bağırovun xalq düşməni kimi səciyyə edilməsinə baxmayaraq, fikirləşirdik ki, qələm düşmən əlində olub, ona görə də onu çoxlu cinayətkar əməllərdə günahlandırıblar. Bəs həqiqət nədən ibarətdir? Mir Cəfər Bağırov doğurudanmı xalq düşməni olub? Yoxsa bizim dostlarımız hədsiz dərəcədə hisslərə qapılıb Mir Cəfər Bağırovu vəsf edərək, onu qəhrəman kimi xalqımıza tanıtmaq istəyiblər? Bir sözlə, Mir Cəfər Bağırov çox ziddiyyətli şəxs olub. Məsələn, “Vikipediya”da qeyd edilir ki, 1945-ci il noyabr ayının axırlarında M.Bağırova ÜİK(b)P MK katibi G.Malenkovdan DQMV-nin Ermənistana verilməsi barədə məktub daxil olur və məktubla tanışlıqdan sonra o, Malenkova belə bir cavab yazır:
“Eyni zamanda ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-nin Ermənistan SSR-nin tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır... Eyni zamanda Gürcüstan SSR-nin Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə qatılması məsələsinə də baxılmalıdır. Nəhayət, biz xahiş edirik ki, Dağıstan MSSR-nin Dərbənd və Qasımkənd rayonları ərazisinin də Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılsın. Keçmişdə bu rayonlar Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil olmuşdur. Bu rayonların əhalisinin əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını Azərbaycan ərazisində yaşayırlar” (Arxiv sənədi).
Azərbaycan xalqını sürgündən xilas etmək üçün azərbaycanlılardan ibarət diviziya yaradıb. Rus dilini bilməməsinə görə cəbhədə vuruşan əsgərləri ölümün cəngindən xilas etmək üçün Nikita Sergeyeviç Xruşşovun qardaşını güllələyib. Cənubi Azərbaycanı Şimali Azərbaycana birləşdirməyə çalışıb. Milli Azadlıq Hərəkatının lideri Məhəmməd Əmin Rəsulzadənin Lahıcda gizlənməsini təşkil edib. Bir Azərbaycanlı qadının məktubuna əsasən Yalamaya gedib sürgünə aparılan 8 vaqon adamı xilas edir və sürgün işinə başçılıq edən erməni mənşəli milis rəisini güllələyir. Yəqin ki, söz sərrafları olan Əlisa Nicat və Teyyub Qurban bu faktlara söykənib Mir Cəfəri qəhrəman kimi təqdim etmişlər. Amma bu yeni faktlar Mir Cəfərin nə qədər ziddiyyətli şəxs olmasını bir daha açıqlayır.
Beləliklə, Qubadan etibarlı mənbənin verdiyi məlumatları və digər arxiv materiallarını oxuculara təqdim edərək , dostlarımızın yanlışlıqlarını (Əslində sadəlövhlüklərini) oxucularımızla bölüşmək istəyirik. İndi əlahəzrət faktlara müraciət edək.
Mir Cəfərin bacısı hesab edilən Seyid Fatimə Mir Abbas qızı Bağırova : “Mir Cəfər mənim doğma qardaşım deyil. Atam Mir Abbas oğlan uşağı istəyirdi, biz isə 2 bacı idik - Məsumə və mən Fatimə. Odur ki, atam Qubanın yetimlər evindən 9-10 yaşlı qarabuğdayı bir oğlan uşağını övladlığa götürdü. Biz seyid nəsli olduğumuz üçün bu oğlanın adını atam sənədləşdirmədə Mir Cəfər yazdırdı. Mir Cəfər bizim ailəyə heç uyğunlaşmırdı, tez-tez harasa gedirdi. Hətta elə vaxtlar olurdu ki, 2-3 gün evə gəlmirdi. Sonra məlum oldu ki, o, vaxtının çox hissəsini kəndimizin kənarında olan erməni kilsəsində erməni keşişinin himayəsindəki 2 nəfər erməni oğlan uşağı ilə keçirir. O, evimizə fasilələrlə gəlməkdə davam edirdi. Evimizə gələndə anam Yaxşı xanım onu yedizdirib-içizdirir, təmiz paltar verərək üst-başını dəyişdirirdi.
Bir müddət sonra mənim kiçik qardaşım dünyaya gəldi. O vaxt anam atama dedi: “Oğul istəyirdin, buda sənə oğul, apar o erməni balasını (“Mir Cəfəri”) götürdüyün yerə qaytar. Bilirsən ki, ermənilər müsəlmanların başına nə müsibətlər gətiriblər (Söhbət 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşi qətillərdən gedir). Bu uşaqdan bizə övlad olmayacaq!” Atam isə cavabında dedi: “O uşaqdır! Baş verən hadisələrin ona aidiyyəti yoxdur. Biz seyid nəsiliyik. Belə hərəkət etmək bizim üçün günahdır. Böyüyəndə hər şeyi başa düşəcək, özü çıxıb gedəcək!”
Bir müddət keçdikdən sonra Mir Cəfər, ümumiyyətlə, daha bizə gəlmədi. Sonra isə onun inqilabçılara qoşulduğunu eşitdik.
1918-ci ildə erməni silahlılarının Qubada törətdikləri qarət və qətillərdə dəstə başçısı quldur Amazaspın yanında Mir Cəfərin də olduğunu kənd sakinlərindən eşitdik, lakin bu xəbərin şayiə olduğunu güman edib inanmadıq. Lakin ermənilərin qonşu kəndləri viran qoyduqları və kənd sakinlərini qətlə yetirdikləri zaman bizim kəndin yaxınlıqlarına 2 erməni atlısı gəldi və kəndimizə kənardan baxaraq çıxıb getdilər, bizim kənddə heç kim qətlə yetirilmədi (erməni olanda nə olar, duz-çörək qədri bilən imiş, bu “Mir Cəfər”. Seyid ailəsində tərbiyyə aldığından hələ Allahını unutmamışmış. Bu da “Mir Cəfərin” daha bir müsbət xüsusiyyəti. Belə müsbət xüsusiyyətlər nadir olsa da, yenə də onu digər vəhşi ermənilərdən fərqləndirirdi). Bu anda biz Mir Cəfərin həqiqətən ermənilərin yanında olduğunu və hətta Amazasp kimi quldurun yanında belə söz sahibi olduğunu bildik.
Mir Cəfəri sonuncu dəfə 1946-cı ilin sonunda gördüm. O, bizim rayona dövlət planının yerinə yetirilməsinin vəziyyətini öyrənmək üçün gəlmişdi. O, bizim həyətə rayonumuzun rəhbərləri ilə birlikdə gəlmişdi. Mən onu evə dəvət etdim. O, imtina etdi, elə həyətdə dayanaraq ətrafı nəzərdən keçirtdi. Papiros yandıraraq “Necəsiz?” - deyə soruşanda mən qardaşım Seyidağanın işsiz olduğunu, evimizin mətbəx tərəfdən damının çökdüyünü və təmir üçün imkanımızın olmadığını bildirdim. O, üzünü rayonumuzun birinci katibinə tərəf çevirdi və katib əlində tutduğu ikiqat bükülmüş kağız vərəqində nə isə yazdı. Mir Cəfər isə bizimlə elə ayaqüstü vidalaşaraq getdi. Ertəsi günü səhər evimizin damının çökən hissəsini təmir etdilər və qardaşım Seyidağanı kolxozun anbardarı vəzifəsinə təyin etdilər (Bu da Mir Cəfərin ikinci müsbət xüsusiyyəti - ailəcanlı imiş). O gündən sonra biz Mir Cəfəri bir daha görmədik”.
Quba, aprel 1956-cı il
Az.TV, sentyabr 1971-ci il Sinifi mübarizə adı ilə Qubada dinc əhalini kütləvi surətdə qətlə yetirən quldur daşnak Amazaspın komanda heyyətinin üzvü olmuş “Mir Cəfər Bağırov”. Bağırov Mir Abbasın doğma övladları: 1. Bağırova Məsumə Mir Abbas qızı (1882-1947)
2. Bağırova Fatimə Mir Abbas qızı (1894 - 1961)
3. Bağırov Seyidağa Mir Abbas oğlu (1906 – vəfat etməsi tarixi barədə heç bir məlumat yoxdur)
Arxiv mənbələrindən üzə çıxarılan digər bir əlahəzrət fakt. “1938-ci ilin sonunda Moskvada Azərvaycan mədəniyyətinin ongünlüyü keçirilirdi. Ongünlükdə Böyük Teatrda “Arşın mal alan” tamaşası və “Koroğlu” operası nümayiş etdirildi. Hər iki tamaşaya baxmağa şəxsən İ.Stalin və Siyasi Büronun üzvləri də gəlmişdilər. Mədəniyyət ongünlüyü sona çatan günü Azərbaycan nümayəndə heyətinin şərəfinə İ.Stalinin göstərişi ilə təntənəli gecə təşkil olundu. Gecədə Səməd Vurğun böyük şövq ilə İ.Stalinə həsr etdiyi “Böyük rəhbərə salam!” şeiri ilə çıxış edir. Şeirə görə İ.Stalin gülümsəyərək S.Vurğuna minnətdarlığını bildirir. Sonra İ.Stalin əlində şərab dolu iki badə ilə Üzeyir Hacıbəyova yaxınlaşır və badənin birini ona verərək Ü.Hacıbəyovu “Koroğlu” operasına görə tərifləyir və əlində tutduğu badədəki şərabı onun sağlığına içir. Bu məqamı diqqətlə müşahidə edən M.Bağırov Bakıya qayıdan kimi Azərbaycan Daxili işlər komissarı Sumbatyana telefon zəngi edərək Ü.Hacıbəyova qarşı “millətçi” ittihamı ilə tərtib edilməkdə olan cinayət işinin dərhal ləğv edilməsinə göstəriş verir.
1940-cı illərin əvvələrində İ.Stalin beşillik planın Azərbaycanda yerinə yetirilməsinin vəziyyəti ilə maraqlanaraq M.Bağırova telefon zəngi edir. Bir qədər sual-cavabdan sonra İ.Stalin M.Bağırovdan “bizim qara oğlan necədir?” – deyə soruşur. İ.Stalin M.Bağırovun duruxduğunu hiss edib, “Səməd Vurğunu” nəzərdə tutduğunu bildirir. M.Bağırov İ.Stalinə Səməd Vurğuna qarşı “millətçi” ittihamı ilə cinayət işinin açıldığını deyir. İ.Stalin M.Bağırova “Onunla işin olmasın!”- deyərək telefonun dəstəyini asır. Beləliklə, İ.Stalinlə təsadüfi şəxsi tanışlıq Azərbaycanın (bəlkə də bütün dünyanın) dahi bəstəkarı Ü.Hacıbəyovu və görkəmli şairi S.Vurğunu “xalq düşməni” adı ilə M.Bağırovun yerinə yetirdiyi erməni xislətli siyasətinin qurbanına çevrilmələrindən xilas edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın siyasi hakimiyyətinin erməniləşməsi məhz Mir Cəfər Bağırovun Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə (1933-1953) geniş vüsət almışır. M.Bağırovun hakimiyyəti dövründə Azərbaycanın 110 000 (yüz on min)-dən artıq siravi vətəndaşı və din xadimi ateizim təbliğatının qurbanı olaraq Sibirə sürgün edilmiş, 70 000 (yetmiş min) vətəndaşı əksinqilabçı adı ilə, onlardan 29 000 (iyirmi doqquz min) ziyalı, ictimai-siyası xadim (onlardan bəziləri, məsələn Əliheydər Qarayev, Davud Hüseynov, Çingiz İldırım, Dadaş Bünyadzadə və s. həqiqətən də Azərbaycan xalqının düşməni olaraq ermənilərə və ruslara xidmət etmişdir. Onları edam etdirməkdə, fikrimizcə, Mir Cəfər Bağırov haqlı idi), 11 (on bir) general olmuşdur.
Proletar beynəlmiləlçiliyi idealogiyasından yararlanmağa can ataraq öz məişət durumunu yaxşılaşdırmağa çalışan bəzi üzdəniraq “vətənpərvər” şairlər yaranmış siyasi vəziyyətdən sui-istifadə edərək hətta ermənilərin Azərbaycan xalqının qədim milli musiqi aləti olan tarı mənimsəyərək təqdim edilməsini dəstəkləyərək, “oxuma tar, səni istəmir proletar” (Süleyman Rüstəm) şeiri ilə ictimaiyyət arasında təbliğata başlamışlar. Bu zaman milli ruhlu 29 yaşlı gənc şair Mikayıl Müşfiq milli müsiqi alətimiz olan tarı erməni müsiqi aləti kimi təqdim edənlərə etiraz edərək, “oxu tar, səni kim unudar?” dillər əzbərinə çevrilən məhşur şeirini yazır. Sumbatyan tərəfindən bu barədə məlumatlandırılan Mir Cəfər Bağırov qəzəblənərək Mikayıl Müşviqin yanına gətirilməsini tələb edir (Sonralar, deyilənə görə, M.Bağırov buna görə peşman olur və “o gənc oğlanın” günahı yox idi deyir. Amma buna adamın heç cür inanmağı gəlmir, bu da yəqin, növbəti erməni riyakarlığıdır). M.Bağırovun kabinetində Mikayıl Müşfiq bu məsələ ilə bağlı sorğu-suala tutularkən o, Azərbaycan xalqının milli dəyərlərindən, musiqi sənətinin, musiqi alətlərinin və poeziyasının qədimliyindən, özünəməxsusluğundan şövqlə danışır. Bunları eşidən M.Bağırov onun üzünə qəzəblə “Ax, ты тюркский щенок!” (Ah, səni türk küçüyü!)-deyə bağıraraq R.A.Markaryana Mikayıl Müşfiqin dərhal həbs edilməsi üçün göstəriş verir. Qeyd edək ki, Məmməd Səid Ordubadi və Mirzə İbrahimov bu hadisənin canlı şahidləri olsalar da, M.Bağırovu fikrindən döndərə bilməmişlər.
Proletar beynəlminəlçiliyi bayrağı altında ermənilərə himayədarlıq edən M.Bağırovun hakimiyyəti dövründə Azərbyacan Daxili işlər xalq komissarının müavini vəzifəsinədək irəli çəkilmiş general-leytenant Ruben Ambarsumoviç Markaryanın təxminən 1938-1939-cu illərdə anasına yazdığı və erməni dilindən rus dilinə tərcümə edilmiş məktubunu dövlət ittihamçısı SSRİ Baş prokuroru R.Rudenko 1956-cı ilin aprel ayında Moskvada Batursk həbsxanasında M.Bağırovun üzərində keçirilən məhkəmə prosesi zamanı ucadan oxudu. Məktubda yazılmışdı: “Əziz anam! Sən məni burada, Azərbaycanda Azərbaycan türklərinə xidmət etdiyimə görə övladlıqdan çıxaracağınla hədələyirsən?! Ana, onu bil ki, mən 1915-ci ildə Türkiyədə öldürülmüş hər bir erməninin başı əvəzinə 15 Azərbaycan türkünün başını kəsirəm, özü də elə başlar ki, Azərbaycan bundan 150 il sonra da özünə gələ bilməyəcək!”
Bunu eşidən Mir Cəfər Bağırov ermənilərə xas olan riyakarlıq nümayiş etdirərək oturduğu kürsüdən dik atılır, başına ikiəlli qapaz vuraraq ucadan: “Məni güllələmək azdır, məni şaqqalamaq lazımdır!”- dedi (Sanki daşnak Amazaspın dəstəsində özünün də iştirakçısı olduğu 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan xəbəri yox imiş?!).
P.S. R.Markaryan 1956-cı ilin may ayının 16-da SSRİ Ali Məhkəməsi kollegiyasının qərarına əsasən güllələnmişdir. P.S.S. Daha bir diqqəti çəkən əlahəzrət fakt. Mir Cəfər Bağırov necə seyiddir ki, iki dəfə evlənib, hər ikisində də ruslarla - Mariya və Yevgeniya Mixaylovna ilə. İki uşağı olub: birinin adı Vladimir, digərinin adı Cen. Axı seyid (Peyğəmbər nəsli) övladları ən azı ərəb və ya azərbaycanlı adları daşımalıydı. Fikrimizcə, bütün göstərilən faktlar Mir Cəfərin azərbaycanlı (türk) olmadığının, xalqımızın əzəli düşməni erməni əslli olmasının əlamətləridir.
Əziz oxucu! Dostumuz Ə.Nicat yazır ki, Bağırov Azərbaycana rəhbərlik edən yeganə adam idi ki, hələ 30-cu illərdə “Mən əvvəlcə Azərbaycan xalqının oğluyam, yalnız sonra kommunistəm”- demişdir (Əslində bu, sonrakı liderlərimizdən birinin sözləri ilə həmahəngdir. Onun da mənşəyinin şübhəli olması hamıya məlumdur). Bağırovun məhkəmə prosesində dediyi “şaqqalamaq” məsələsinin mənası odur ki, xalqımın bəzi düşmənlərinə, ermənilərə, fanatik kommunistlərə inanıb, bəzi əməllərinin mahiyyətini dərk etməmişəm ( “Hürriyyət” qəzeti, 6 fevral 2015-ci il). Yox, əziz Əlisa müəllim, bu, heç də sizin düşündüyünüz kimi deyil. Bu etiraf əslində onu saxlayan, böyüdən Seyid Mir Abbasın ruhu qarşısında öz günahlarını etiraf etmək demək idi. O, bilirdi ki, güllələnəcək, ona aman verilməyəcək, ona görə də sadəlövh Azərbaycan xalqının yenidən ürəyini fəth etməyə çalışırdı. Həm də, göründüyü kimi , buna nail oldu. Sizin kimi nəhəng bir yazıçının, filosofun ona inanması və bəraət verməsi bunun canlı sübutudur.

Fəxrəddin AĞAZADƏ,fəlsəfə elmləri doktoru, biologiya üzrə fəlsəfə doktoru,
Beynəlxalq Aqrar Təhsil Akademiyasının akademiki
Nazim Məmmədov – Sabiq polis işçisi, polkovnik-leytenant