Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 10-03-2016, 12:52
SƏHRA MİRVARİSİ

Rafiq Yusifoğlu,
şair, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi,
filologiya elmləri doktoru, professor.


Biri var bir yer haqqında deyilənləri dinləyəsən, yazılanları oxuyasan, video görüntülərə tamaşa eləyəsən, biri də var həmin yeri öz gözlərinlə görəsən, havasını udasan, suyundan içəsən, xörəyindən dadasan, dənizində çiməsən, insanları ilə ünsiyyətdə olasan… Mən Dubay haqqında həm eşitmişdim, həm oxumuşdum, həm də video görüntülərə tamaşa etmişdim, ancaq gördüyüm, dənizində çimdiyim, səhrasında gəzdiyim Dubay tamam fərqli bir aləm imiş…
Oxuduğum mənbələrdən bilirdim ki, bu şəhər haqqında ilk məlumat verən Əbu Abdulla Əl-Bəkiri 1095-ci ildə özünün məşhur «Coğrafiya kitabı»nda Dubayın adını çəkmiş, 1580-ci ildə venesiyalı tacir Qaspero Belbi buradakı mirvari sənayesi haqqında söhbət açmışdır. Onu da bilirdim ki, XIX əsrdə bu şəhər iki dəfə ağır təbii fəlakətlərə məruz qalmış, yer üzündən silinmişdir. Təbii şəraəitinə, Fars körfəzinin sahilində yerləşməsinə görə Dubayın həmişə xarici tacirlərin diqqətini özünə cəlb etməsindən, bu şəhər sakinlərinin dənizdən mirvari çıxarıb onu ərzaqla dəyişmələrindən də xəbərim var idi. Onu da bilirdim ki, 1940-cı ilə qədər kiçik bir yaşayış mərkəzi olan Dubayın inkişafı, çiçəklənməsi 1971-ci il dekabr ayının 2-də Birləşmiş Ərəb Əmirliklərinin yaranması ilə birbaşa əlaqəlidir. Düzgün, ağıllı iqtisadi siyasət az bir müddətdə bütün regionun, o cümlədən də Dubayın sürətlə inkişafına zəmin yaratmışdır…

SƏHRA MİRVARİSİ
SƏHRA MİRVARİSİ
Ürəyimdən bir duyğu keçdi. Düşündüm ki, bir neçə əmirliyin birləşməsi bu cür qüdrətli bir ölkənin yaranmasına səbəb olubsa, gör dili bir, dini bir bütün ərəb ölkələri, müsəlman dünyası birləşsəydi necə xariqələr yaranardı? Bir daha dərindən başa düşdüm ki, bədxah qüvvələr tərəfindən bütün islam ölkələrində yaradılan qarmaqarışıqlıq birbaşa bu iqtisadi, mədəni yüksəlişin qarşısına almağa yönəldilib…
2015-ci il dekabr ayınn 31-də, ilin son günündə, Bakıda qarın, çovğunun tüğyan elədiyi bir vaxtda təyyarə ilə Dubaya uçduq. Haqqında çox eşitdiyim, ancaq üzünü görmədiyim Təbrizin, Tehranın, İsfahanın, Şirazın üstündən uçmağım məni xeyli duyğulandırdı. Ancaq təəssüf ki, təyyarədən aşağıda olan qalın, bəmbəyaz buludlar yenə də bu doğma yerlərlə mənim arama bir ayrılıq hasarı çəkmişdi elə bil.
Arabir buludları yarıb yuxarı çıxan dağ zirvələri bəmbəyaz qarla örtülü idi. Bir tərəfdən qışın, bir tərəfdən ayrılığın soyuğu məni üşütdüyü bir məqamda təyyarəmiz aşağı enməyə başladı. Fars körfəzini, onun gözəlliyini yuxardan seyr elmək səadəti qismət oldu mənə. Təyyarəmiz Dubayda yerə enəndə isə qış geyimlərimizi çıxarmalı olduq. Çünki burada əsl yay havası idi…

Qışda belə isti olar? –
Çaşıb qalmışam, neynim mən?!
Gödəkcəmi, papağımı
Dubay çıxartdı əynimdən.


Gömrük qeydiyyatından keçəndən sonra taksi ilə Şeraton mehmanxanasına getdik. Maşınımız şütüdükcə elə bilirdim ki, nağıllar dünyasındayam. Göydələnlərə baxdıqca düşünürdüm ki, bir vaxt mirvari satmaqla gün-güzəran keçirən, bir qarın çörəyə möhtac olan insanlar indi ucsuz-bucaqsız qumsallığın üzərində gözəl bir şəhər salıblar, səhra mirvarisi yaradıblar. Elə bir mirvari ki, dünyanın hər yerindən olan gözəllik aşiqlərini maqnit kimi özünə doğru çəkir. Elə buna görə də Dubayda gəzəndə adam özünü Avropa ölkələrində, Amerikada təsəvvür edir… Adamların böyük əksəriyyəti ingilis dilində danışır.
Şəhərlə tanışlığımız mehmanxanamıza bitişik, iri ticarət mərkəzini gəzməklə başladı. Buranın özü də bir neçə mərtəbəli böyük şəhəri xatırladır. Bahalıq olsa da, burada nə istəsən taparsan. Addımbaşı hər növ, hər rəng adamla üzləşirsən. Heç bilmirsən dünyanın hansı şəhərindəsən. Hamı ticarət mərkəzində alver, istirahət edir, yeyib-içir, kinoya baxır. Bu ticarət mərkəzi elə bil insanların yaşadıqları evdir, bütün günlərini orada keçirənlər az deyil…
Axşam tərəfi yeni ili qarşılamaq üçün Bürc Xəlifənin yanına getməyi qərarlaşdırdıq. Dedilər ki, burada çox gözəl, dəbdəbəli bayram atəşfəşanlığı olur. Taksi ilə getsək də meydana yaxın gedə bilmədik. Yolda düşüb piyada getməli olduq. O qədər adam var idi ki, elə bil bütün dünya burda idi. Polislər yolu kəsib adamları meydana buraxmırdılar. Adamlar elə harda gəldi, küçənin ortasında oturub yeni il atəşfəşanlığını gözləyirdilər. Bizi isə meydana buraxdılar polislər. Məlum oldu ki, meydana ancaq ailə ilə gələnləri buraxırlar. Meydan nə meydan… Hər tərəf çil-çıraq… Elə bil milyonlarla ulduzlar sayrışan bir qalaktikanın içinə düşmüsən.
Bu gecə göylərə baş çəkən
Bürc Xəlifənin önündə
möcüzəli bir ömür yaşandı.
Elə bidim ki,
Bu, insan əlləriylə
ucaldılan qüllə deyil,
ulduzları sayrışan
kəhkəşandı.
Bu qüllə heyrətə gətirib
Böyükləri, uşaqları.
Hər gecə ulduzlara qarışır
Bürc Xəlifənin işıqları…

SƏHRA MİRVARİSİ

Şəhərin baş meydanında o başa, bu başa gəzdik. Nəhayət, bir yer tapıb əyləşdik. Saat onun yarısı idi. Birdən qaçhaqaç düşdü. Bir də gördük ki, Bürc Xəlifənin yanındakı 63 mərtəbəli otel od tutub yanır… Hamı telefonla, kamera ilə bu mənzərəni çəkirdi. Polis maşınları siqnal verə-verə ora-bura şütüyürdülər. Ancaq bir dənə də olsun yanğınsöndürən maşın gözə dəymirdi. Binanın bir tərəfə aşağıdan yuxarı yandığı halda, o biri tərəfin işıqlarını heç söndürməmişdilər də…
Baxdıq, baxdıq və bezdik. Nəvəm Sara dedi ki, evə gedək. Mən də ona dəstək oldum. Adamları yara-yara kənara çıxmağa çalışdıq. Ancaq yanğına görə hər yeri bağlamışdılar. Nə yerüstü metroya yaxın düşmək, nə də əsas yola çıxmaq mümkün idi. Bu şəhərdə yerüstü metro istisna olmaqla ictimai nəqliyyat yoxdur. Yolllar bağlı olduğundan, bir dənə də taksi gözə dəymirdi… Piyada o qədər getdik, getdik ki, ancaq nə otelə çata bildik, nə də taksi tapa. Yeni ili küçədə yol gedə-gedə qarşıladıq. Ancaq atəşfəşanlıq hər yerdən görünürdü… Nəhayət, küçədəki hasarı aşıb, yolun o üzünə düşdük və bir taksi ilə otelə getdik.
Bizim otağın pəncərəsindən şəhərin ponoramı, Bürc əl Ərəb, Bürc Xəlifə, hətta yanan bina da yaxşıca görünür. Sonra məlum oldu ki, adamlar həmin binanın 63-cü mərtəbəsindəki restoranda oturub bayram yeməyi yeyən zaman yanğın baş verib. Bir nəfərin burnu da qanamayıb. Hamını 10 dəqiqə ərzində binadan sağ-salamat çıxara biliblər… İki gün sonra o binanın yanına getmişdik. Yanan hissə qalsa da, binanın o biri tərəfindəki otqların hamısında işıq yanırdı…

SƏHRA MİRVARİSİ
Yeni ilin ilk günü, səhər yeməyini yeyib bir az dincələndən sonra otelin 24-cü mərtəbəsinə qalxdıq və buradakı üstü açıq hovuzda çimdik. Hava da, su da isti idi. Yayda olduğu kimi hovuzun sahilindəki adamlar uzanıb günəş vannası qəbul edirdilər. Bu hündürlükdən baxanda şəhər çox gözəl, dəbdəbəli görünürdü…
Yanvarın ikisində səhər yeməyindən sonra otelin avtobusu bizi Fars körfəzinin sahilinə, çimərliyə apardı. Əsl yay havasıdı. Çimərlik adamla doludu. Bir yanımızda dənizin içində tikilmiş Bürc əl Ərəb mehmanxanası, digər tərəfdə körfəzin içinə girən ağ qum təpəsi… Su elə təmiz, elə təmizdi ki… Ömrümün 66 yaşının tamamında Fars körfəzində çimməyi mənə nəsib edən Allaha şükürlər olsün! Bu gün 67 yaşa, ömrümün üçüncü qərinəsinə qədəm qoydum… Min şükür Yaradanıma…
Qızım Gülzar deyəndə ki, bu gün babanın ad gününü eyd eləyirik, nəvəm Sara təəccübləndi:
- Ana, bəs babanın ad gününü dekabrın 28-də qeyd eləmədik?
-Elədik. Bu gün isə babanın rəsmi, pasportunda yazılan ad günüdü.
Sara bic-bic güldi:
-Hamının ad günü ildə bir dəfə olur, babanın ad günü isə iki dəfə…
Bəli, mənim ikinci ad günümü qışın oğlan çağında, yanvar ayının ikisində Fars körfəzində çimməklə qeyd elədik. Doyunca üzdüm, günəş vannası qəbul elədim…
Min şükür Yaradanıma!
Heç zaman öz taleyimdən
küsmədim.
66 yaşımın tamamında
Fars körfəzində
çimmək oldu qismətim…
Səhranın üstünə köçürülən
nağılı xoşladım.
Ömrümün üçüncü qərinəsini
Fars körfəzində
çimməklə başladım…
Qaysaq tutacaq güman ki,
könlümün təzə yarası.
Dənizlə, su ilə başladı
ömrümün təzə erası…

SƏHRA MİRVARİSİ

Saat 2-də avtobus gəlib bizi otelə apardı. Bir az dincələndən sonra axşam tərəfi yerüstü metro ilə şəhərin mərkəzinə getdik. Çox qəribədi. Heç bayıra çıxmağa ehtiyac da qalmır. Liftlə ikinci mərtəbəyə düşdük. Ticarət mərkəzinin içi ilə metro stansiyasına keçdik. Bilet alıb qatara mindik. Qatardan çıxıb Dubay ticarət mərkəzinin binasına daxil olduq… Görünür, havanın istiliyini nəzərə alıb belə şərait yaradıblar adamlar üçün. Heç çölə, günün qızmarına çıxmağa ehtiyac da qalmır… Metronun içi o qədər gözəl, rahatdı ki… Qatar yerin üstündə körpü kimi ucaldılmış estakadaların üstü ilə o başa, bu başa şütüyür. Həmin estakadaların altında isə maşınlar ora-bura hərəkət edir… Yollar da mərtəbə-mərtəbədi elə bil... Birinci mərtəbədə maşınlar, ikinci mərtəbədə isə qatarlar hərəkət edir…
Bilet alıb Dubay ticarət mərkəzində yaradılmış nəhəng akvariuma girdik. Tunellə gedirik, başımızın üstündə nəhəng balıqlar üzür. Burada akuladan tutmuş mikroskopla görünən balıqlara qədər hər cür dəniz canlısına rast gəlmək mümkündür. Balıqlara nəhəng akvariumun yanlarından, eləcə də altından yuxarı, üstündən aşağı da baxdıq… Insan əlləriylə yaradılmış möcüzəli bir balıqlar şəhərciyi…
Ticarət mərkəzindən düz məşhur Dubay fəvvarəsinin yanına çıxdıq. Bürc Xəlifənin, eləcə də digər hündürmərtəbəli binanın işıqları süni gölə düşüb qəribə bir mənzərə yaradır. İyirmi dəqiqədən bir musiqi sədaları altında fəvvarə rəqs edəndə adam özünü sehrli bir nağıllar dünyasında hiss edir…

Dünyanın ən uca binası –
Bürc Xəlifə
Göyün yeddi qatındadı.
Ora qalxıb yerə baxanda
elə bilirsən ki,
dünya ayağının altındadı…
Nələr yaratmağa qadir imiş
insan zəkasının gücü? –
Göylərə ucalan nərdivandı elə bil
Xəlifə bürcü…


Görünməyən bir iş… Gecə səhərəcən Dubayda yağış yağdı. Buralarda yağış nadir halda yağdığı üçün heç yağış kollektorları da tikilməyib. Ona görə yağışdan sonra bizim Bakıdakı kimi gölməçələr əmələ gəlmişdi…
Yanvarın 3-də saat üçdə maşın gəlib bizi səhraya apardı. Bir məntəqədə dayandıq. Nəhəng ciplərin sürücüləri maşınların təkərindəki havanın bir qismini boşaltdılar. Bir az gəzdik, dəvələrə baxdıq. Sonra cip karvanı səhraya üz tutdu… Maşınlar dərə-təpəli səhrada, sərt yamaclarda elə sürətlə hərəkət edirdilər ki, qorxudan səsimizi kəsmişdik… Nəhayət, gəlib bir yerdə dayandılar. Axşamkı yağışdan islanmış səhrada demək olar ki, toz yox idi… Səhranın bu qədər gözəl olduğunu gözümlə görməsəm, təsəvvür eləyə bilməzdim. Səhrada günəşin necə batmasını seyr etmək ayrı bir aləm imiş…
Bizim adamlar ailəsi ilə birlikdə, meşəyə, bulaq üstünə getdikləri kimi, buranın insanları da öz keçmişlərini xatırlamaq üçün səhraya üz tutub orada istirahət eləməyi çox xoşlayırlar. Bu mənzərələr ürəyimdə qəribə duyğular oyatdı və öz-özümə pıçıldadım:
Səhraya sonsuz demə
Elə bilmə o, yatıb.
Leyli Məcnun sevgisi
Bu səhrada boy atıb…

Qaranlıq düşəndə bizi bir ərəb kəndinə gətirdilər. Döşəkçələrin üstündə oturub yemək yedik, çay içdik, göbək rəqsinə tamaşa elədik… Qəribə idi ki, göbək rəqsi edən ərəb yox, rus qızı idi…
Dənizin ortasında böyük zövqlə yaradılmış palma ağacına bənzər ada, onun üstündə salınmış şəhər, Bürc Xəlifə, Bürc əl Ərəb və onlarla buna bənzər dəbdəbəli tikililər adamı heyrətləndirir, düşündürür. Gör insan zəkası, insan fantaziyası nələrə qadir imiş! Ömürləri boyu gözəl-gözəl nağıllar yaradan insanlar öz düşüncələrindəki nağılları qumsal bir səhranın üstündə reallaşdırmağı bacarıblar. Yer üzündə yaradılan bu nağıllar diyarı bütün dünyanın diqqət mərkəzindədir. İmkanı olanların hamısı bu ölkəni ziyarət etmək fürsətini heç zaman əldən vermək haqqında düşünmürlər.
Nəhayət, ayın 4-ü axşam aereporta gəldik. Qeydiyyatdan keçib təyyarəyə mindik…
Gecə təyyarədən Dubaya baxanda mənə elə gəlirdi ki, Hind okeanında mirvari qalmayıb, hamısını çıxarıb asıblar bu şəhərin boynundan, boğazından. Bu mirvarilər elə parlaq şəfəq saçırdı ki, adamın gözlərini qamaşdırırdı. Dubayın üstü ilə uça-uça düşünürdüm ki, mədəniyyət insanın, onun təmsil etdiyi xalqın düşüncəsindən, fantaziyasından doğulur. Min bir gecə nağılını yaradan xalqın öz düşüncəsindəki dəbdəbəli bir aləmi səhranın üstünə köçürə bilməsi məni heyrətləndirdi. Düşündüm ki, bütün dünyanın tanıdağı Dubay nağıllar diyarı, səhra mirvarisidi…
Bu yerin adamları
günəşin istisinə,
qum burulğanının dəhşətinə
dözə bilməyəndə
Allahı öz köməklərinə
çağırmaqla dolanardılar.
Bu yerin adamları
dənizin dərinliyinə baş vurub
mirvari çıxarmaqla dolanardılar.
SƏHRA MİRVARİSİ

Nəhayət, bir gün bu yerin adamları
Qumsalın üstünə asfalt döşəyib,
Səmumun nəfəsini qaraltdılar.
Nağıl yaratmağı sevən ərəblər
Səhranın üstündə
bir nağıllar diyarı yaratdılar…
Indi hər şeyi öz gözləri ilə
görmək istəyənlər,
bu şəhərin daşına, torpağına
toxunmağa gəlirlər.
Dünyanın hər yerindən
bu nağılı oxumağa gəlirlər…
Bu şəhərin simsarı gündüzlər günəş,
gecələr aydı.
Bu nağılın adı səhra mirvarisidi –
Dubaydı…
Dubay. 31.12.2015 – 04.01.2016
"Bütöv Azərbaycan" qəzeti mart 2016-cı il


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!