İstanbulda tarixi görüş - Rusiya ABŞ-la razılığa gəldiFevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatları arasında keçirilən görüşdə iki ölkənin diplomatik missiyalarının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Görüş zamanı tərəflər arasında razılaşmalar əldə edilib.
Görüş İstanbulda, Arnavutköy bölgəsində, Bosfor sahilində yerləşən ABŞ-ın baş konsulunun iqamətgahında keçirilib. Təxminən altı saat yarım davam edən müzakirələr mediaya qapalı şəkildə baş tutub. ABŞ Dövlət Departamenti görüşü "konstruktiv", Rusiya Xarici İşlər Nazirliyi isə "məzmunlu və işgüzar" adlandırıb.
Rusiya nümayəndə heyətinə Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev rəhbərlik edib. Onun tezliklə Rusiyanın ABŞ-dakı yeni səfiri təyin olunacağı bildirilir. ABŞ nümayəndə heyətinə isə Dövlət katibinin müavini, Rusiya və Mərkəzi Avropa siyasəti üzrə kurator Sonata Coulter başçılıq edib.
Görüş 18 fevralda Ər-Riyadda baş tutan yüksək səviyyəli danışıqların məntiqi davamı olub.
Görüşdə əldə olunan əsas razılaşmalar:
- Rusiya və ABŞ diplomatik missiyalarının fəaliyyətinin maneəsiz maliyyələşdirilməsi;
- Diplomatik heyətin rəsmi vəzifələrini icra etməsi üçün lazımi şəraitin yaradılması;
- Bu istiqamətdə danışıqların davam etdirilməsi və əməkdaşlıq formatının inkişaf etdirilməsi.
Görüşdə, həmçinin Rusiya diplomatik mülkiyyətinin ABŞ-dakı vəziyyəti də müzakirə edilib. Xüsusilə, 2016-2018-ci illər arasında ABŞ tərəfindən müsadirə olunmuş altı diplomatik obyektin geri qaytarılması məsələsi diqqət mərkəzində olub. Bundan əlavə, amerikalı diplomatların bank əməliyyatlarına çıxış imkanlarının təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.
Rusiya tərəfi, həmçinin Moskva ilə Vaşinqton arasında birbaşa hava əlaqəsinin bərpasını təklif edib. ABŞ isə öz növbəsində Moskvadakı səfirliyinin stabilliyini təmin etmək üçün diplomatik heyətin daimi və kifayət qədər sayda olmasına nail olmaq istəyir.
Qeyd edək ki, Son illərdə Rusiya və ABŞ arasında diplomatik münasibətlər ciddi gərginliklər yaşayıb. İki ölkə arasında bir neçə dəfə qarşılıqlı olaraq diplomatlar qovulub və diplomatik missiyalar məhdudlaşdırılıb. Xüsusilə, 2016-cı ilin dekabrında ABŞ-ın o zamankı prezidenti Barak Obama tərəfindən 35 rus diplomatın ölkədən çıxarılması ilə başlayan diplomatik böhran illərlə davam edib.
Bundan əlavə, 2017-ci ildə Rusiya ABŞ-dan öz diplomatlarının sayını məhdudlaşdırmağı tələb edib, nəticədə ABŞ-ın Rusiyadakı diplomatik heyəti 755 nəfər azaldılıb. ABŞ isə cavab olaraq San-Fransiskodakı Rusiya konsulluğunu, eləcə də Nyu-York və Vaşinqtondakı bəzi diplomatik obyektləri bağlayıb. 2018-ci ildə isə ABŞ, Sergey Skripal hadisəsindən sonra 60 rus diplomatını qovub və Sietldəki Rusiya konsulluğunu bağlayıb. Buna cavab olaraq, Rusiya da Sankt-Peterburqdakı ABŞ konsulluğunu bağlamaq qərarına gəlib.
Bu fonda İstanbulda keçirilən son görüş, iki ölkə arasında diplomatik münasibətlərin nizamlanması baxımından mühüm addım hesab olunur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bu görüş yalnız bir başlanğıcdır və gələcəkdə bu istiqamətdə daha çox ekspert səviyyəli məsləhətləşmələrin keçirilməsi gözlənilir.
Ekspertlər deyir ki, görüş Rusiya və ABŞ arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni bir mərhələnin başlanğıcı ola bilər. Hər iki tərəf diplomatik əlaqələrin bərpasına və əməkdaşlığın inkişafına dair müəyyən razılaşmalar əldə etsə də, gələcək danışıqların nəticələri daha konkret addımların atılmasına imkan yaradacaq.
Növbəti danışıqların tarixi və formatı barədə məlumat verilməyib. Bununla belə, diplomatlar yaxın gələcəkdə bu mövzuda məsləhətləşmələrin davam etdiriləcəyini vurğulayıblar.