ABŞ Maliyyə Nazirliyi Əfqanıstan sakinlərinə humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün üç yeni ümumi lisenziya təqdim edib.
Bütöv.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
"ABŞ Əfqanıstana ən böyük humanitar yardım göstərən ölkədir. Biz Əfqanıstan xalqını dəstəkləməyə sadiqik, ona görə də Xəzinədarlıq yardımı asanlaşdırmaq üçün əlavə addımları atır", - məlumatda deyilir.
Bu lisenziyalardan ikisi ABŞ-ın və BMT kimi bir sıra beynəlxalq təşkilatların rəsmilərinə "Taliban"ın iştirakı ilə əməliyyatlar aparmağa icazə verir. Əməliyyatlar Vaşinqtonun və ya müvafiq beynəlxalq strukturların rəsmi fəaliyyəti çərçivəsində həyata keçirilir. Üçüncü lisenziya Əfqanıstanda humanitar layihələrdə iştirak edən qeyri-hökumət təşkilatlarının sanksiyalardan azad edilməsini nəzərdə tutur.
Lisenziyalara vergilərin, rüsumların, gömrük rüsumlarının ödənilməsi, icazələrin alınması və ya əldə edilməsi, kommunal xidmətlərin ödənilməsi daxildir.
Pakistan Silahlı Qüvvələri “Babur-1B” qanadlı raketi sınaqdan keçirib.
Bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin bəyanatında qeyd edilir:
“Pakistan 900 km mənzilli “Babur-1B” qanadlı raketin uğurlu sınaq buraxılışını həyata keçirib”.
Bildirilir ki, bu raketin əvvəlki variantı 450 km məsafəni qət edib. Hərbçilər bildiriblər ki, “Babur-1B” qanadlı raketi quruda və suda olan hədəfləri yüksək dəqiqliklə vura bilir.
Raket yerüstü mobil buraxılış qurğusundan buraxılıb.
Pakistan prezidenti Arif Alvi və baş nazir İmran Xan raketin uğurla buraxılması münasibətilə hərbçilərə təbrik ünvanlayıb.
“Babur-1B” raketinin nüvə və adi döyüş başlıqlarını daşıya biləcəyi vurğulanır.
ABŞ Ukraynaya kibertəhlükəsizlik üzrə mütəxəssislər qrupu göndərib.
Ekspertlər ukraynalı həmkarlarına ölkənin enerji şəbəkələrinin, bank sisteminin və digər mühüm infrastrukturun mühafizəsini gücləndirməkdə kömək edəcəklər.
Amerikalı ekspertlər Ukraynaya rusiyalı hakerlərindən kiberhücumların gələ biləcəyini gözləyirlər.
İranın Gülüstan əyalətindəki Azadşəhr bölgəsinin sünni camaatının imamı Mövləvi Məhəmmədhüseyn Qorgicin son cümə xütbələrindən birində dediyi sözlər ölkə miqyasında qalmaqal yaratmaqla bərabər, sünni-şiə ixtilafları və mübahisələrinin qızışmasına səbəb olub.
“Şeyx ət-təfsir” ləqəbi ilə tanınan və İran miqyasında məşhur din xadimi olan Mövləvi Qorgic sözügedən xütbəsində şiələrin xəlifə Ömərə mənfi münasibətinin doğru olmadığını göstərmək üçün özünəməxsus bir dəlildən istifadə etməyə çalışıb.
O deyib ki, xəlifə Ömərin zamanında müsəlmanlar sonuncu Sasani hökmdarı Yəzdigerdin qızlarını əsir götürüb Mədinəyə aparmış və Ömər onlarla yaxşı davranmağın vacibliyini bildirərək, İran şahının Şəhrbanu adlı qızı ilə İmam Hüseynin izdivacını məsləhət görüb. Onların nikah xütbəsini də şəxsən özü oxuyub. Həmin nikahdan İmam Zeynalabdin dünyaya gəlib və daha doqquz imam həmən Şəhrbanunun nəslindəndir. Əgər Ömərin xəlifəliyi sual altına alınarsa, o, zalım və qəsbkar hesab sayılarsa, imamların hansı heysiyyətindən danışmaq olar? İmamların hansı düzgün əsl-nəsəbindən söz açmaq olar?
Diqqəti çəkən məqam budur ki, Mövləvi Qorgicin bu açıqlaması şiələrin Məhəmməd peyğəmbərin qızı Fatimeyi-Zəhraya yas saxladığı dövrün – əyyami-Fatimiyyənin başlanması ərəfəsinə təsadüf edib. Məhz bu dövrdə ilk xəlifələr – Əbübəkr və Ömər şiələrin müxtəlif hücumlarına məruz qalırlar və görünür, Mövləvi Qorgic qeyd olunan fikirləri ilə bunun qarşısını almağa və düzgün olmadığını vurğulamağa çalışıb.
Ancaq xütbədə səsləndirilən fikirlər gözlənilənin əksinə nəticə verib və Mövləvi Qorgicin özü şiələri təhqir etməkdə ittiham olunaraq, müxtəlif şiə mərkəzləri və ruhanilərinin qəzəbinə tuş gəlib. Belə bir tezis ortaya atılıb ki, öz açıqlaması ilə Mövləvi Qorgic guya şiə imamlarının halalzadə olmadığını iddia edib.
Bu üzdən İran mətbuatında və ictimai şəbəkələrdə ona qarşı kəskin tənqidlər irəli sürülüb, səlahiyyətli qurumlardan onun barəsində tədbir görülməsinə çağırışlar edilib.
Sosial şəbəkələrdə rusiyalı mərhum siyasətçi Boris Nemtsovun 2008-ci ildə Rusiyanın gələcəkdə nələrlə üzləşəcəyi ilə bağlı çıxışının görüntüləri yenidən paylaşılıb.
Axar.az xəbər verir ki, Nemtsovun çıxışını rusiyalı biznesmen, YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski də özünün Feysbuk səhifəsində yerləşdirib.
Nemtsov çıxışında qeyd edib ki, rusiyanın özünü Amerika kimi aparması böyük səhvdir və bu səhv ilk növbədə silahlanma uğrunda yarışa gətirib çıxaracaq:
“Hazırda Rusiya silaha 40 milyard dollar vəsait xərcləyir. Bu dövlət büdcəsinin 20%-dir. Tutaq ki, Rusiya bu məbləği iki dəfə artırdı. Bəs onda bu pul hardan götürüləcək? Təqaüdçüdən, müəllimdən, həkimdən. Bu yolla da Rusiyanın əsas problemi məhz yoxsulluq səviyyəsi artacaq. İkincisi, beynəlxalq təcrid. Yəni Rusiyanın böyük səkkizlikdən çıxarılması, AB ilə Rusiya arasında çox böyük münaqişənin yaranması. Mən bundan əminəm. Aydındır ki, Rusiyaya qarşı sanksiyalar olacaq. Ardınca isə biznes. Qərb Rusiya biznesini öz işindən uzaqlaşdıracaq. İndi o “Qazprom”u öz işindən uzaqlaşdırır ki, şirkət Qərbdə nələrisə almasın, harasa qoşulmasın. Hesab edirəm ki, “Qazprom” biznes deyil, siyasətdir. Bu andan sonra isə onlar hesab edəcəklər ki, hər bir xırda rus biznesi siyasətdir. Bununla da biznesə ağır zərbə vurulacaq. Və nəhayət, Rusiya düşmən həlqəsinə düşəndə ölkənin daxilində ksenofobiya güclənəcək”.
Qeyd edək ki, rusiyalı siyasətçi Boris Nemtsov 2015-ci ilin fevralın 27-də qətlə yetirilmişdi. Nemtsovun qətli ilə bağlı 5 nəfər həbs olunmuşdu.
“Ermənistan parlamentinin spikeri təyin edilmiş Alen Simonyan itkin düşən və əsirlərin qohumları ilə görüşür, timsah göz yaşları tökür və deyir ki, onlar gecələr yatmırlar – yalnız əsirləri düşünürlər. Ertəsi gün isə onun Nikol Paşinyanın qaynı və uğursuz “DJ Edo” ləqəbli baş nazir aparatının rəhbəri Eduard Ağacanya Yunanıstanın Mikonos adasına uçurlar və sahil diskotekasında əylənirlər”.
Bütöv.az xəbər verir ki, bu məlumatı Ermənistanı 7or.am saytı yayıb.
“Bu günlərdə Paşinyanın qaynı Qraçın daha bir əndrəbadi diskoteka rəqsi qeydə alınıb. O, Paşinyanın oğlu Aşot, deputat Sisak Qabrielyan və ölüm gətirən keçmiş səhiyyə naziri Arsen Torosyan diskotekada dincəliblər (videoda Sisak Qabrielyan görünür, lakin şahidlər Paşinyanın qaynı Hraçın Arsen Torosyan, Aşotik və Edonun orada olduğunu söyləyir). Şahidlərin dediyinə görə, alkoqol və narkotikin təsiri altında olan üzdəniraqlar “fədakarcasına” rəqs ediblər…”- erməni nəşrinin yaydığı məlumatda belə deyilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus BMT-nin Cenevrə ofisində jurnalistlərlə ilin ilk və son üz-üzə mətbuat konfransı keçirib.
Bütöv.az xəbər verir ki,Tedros Adhanom Qebreyesus bu il 3,3 milyondan çox insanın koronavirus səbəbiylə öldüyünü ifadə edərək, "2022 pandemiyaya son qoyduğumuz il olmalıdır",- deyə açıqlamasında bildirib.
"Heç birimiz 18 ay və daha çox panemiyanın məngənəsində olacağımızı təsəvvür edə bilməzdik. Bu il COVİD-19-dan 3,3 milyon insan öldü. Bu, 2020-ci ildə HİV/QİÇS, malyariya və vərəmdən ölənlərin sayından çoxdur", - deyə baş direktor ölüm hallarının son illərində artmasından narahatlıq keçirdiyini vurğulayıb.
COVİD-19-un "Omicron" variantı ilə bağlı Qebreyesus, "İndi "Omicron"un "Delta" variantından əhəmiyyətli dərəcədə daha sürətli yayıldığına dair ardıcıl sübutlar var. Həmçinin, koronavirusdan peyvənd olunmuş və ya sağalmış insanlarda yenidən yoluxma ehtimalı daha yüksəkdir".
Dünya ölkələrində Yeni il tətillərində böyük izdihamın iştirakının təşkili ləğv edilməsi lazım olduğunu vurğulayan baş direktor, "Ölkələrin festival əsnasında daha diqqətli olması və toplu izdihamı məhdudlaşdırması lazımdır. Bu dövrdə belə təşkilatların təxirə salınması daha çox can qurtaracaq", - deyə ifadə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasının ardınca Türkiyə vaxtı ilə saat 23.00-a olan məlumata görə, 1 ABŞ dollarının məzənnəsi 13,44 lirəyə, 1 avronun məzənnəsi isə 15,23 lirə səviyyəsinə düşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, son günlər Türkiyədə dolların sürətlə artan məzənnəsi Türkiyə Prezidentinin son çıxışından əvvəl 18 lirədən çox olub.
Qeyd edək ki, Türkiyə Prezidenti çıxışında türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələr olacağını bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı iqtisadi model türk lirəsinin sürətlə dəyər qazanmasına səbəb olub.
Bütöv.az xəbər verir ki, Ərdoğanın açıqlamalarından dərhal sonra 1 ABŞ dolları - 15,30 lirə nisbətində olub. Hazırda isə 1 ABŞ dolları - 12 lirə nisbətindədir. Qeyd edək ki, ötən gün bu göstərici 1 ABŞ dolları - 18,01 lirə nisbətində idi. Bu da rekord göstərici idi.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!