20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 23-07-2022, 23:29
"Nur ocağı" Ramilə Əliyevanın şeirlərini təqdim edir:


"Nur ocağı" Ramilə Əliyevanın şeirlərini təqdim edir:

Yaşayır
İnsanoğlu bu dünyaya gələndən,
Bir qəribə güman ömrü yaşayır.
Yüksəkləri fəth eləmək istəyir,
Zirvələrdə duman ömrü yaşayır.
*
Bitmir sözü, tükənməyir arzusu,
Çiçək açır xoş niyyəti, duyğusu.
Məyus olur, bəzən sözün doğrusu,
Parçalanmış talan ömrü yaşayır.
*
Cəhd eyləyər, yuva qurar həvəslə,
Çalış, vuruş bu yuvanı sən bəslə.
Anlamayan, dinləməyən bir kəslə,
Bəzən küskün, yalan ömrü yaşayır.
*
Xatirələr dilləndirər ruhunu,
Təhlil edər yanlış ilə doğrunu.
Sarsılanda bu illərin yorğunu,
Əzrayıldan aman ömrü yaşayır.
*
Arzu sonsuz, ömür qısa, yol yarı,
İnsan qəlbi hey vəsf edər baharı,
Qarlı qışa düşəndə arzuları,
Şaxta çovğun, boran ömrü yaşayır.
*
Sual edər əvvəlini, sonunu,
Hey axtarar taleyinin yönünü.
Tapmayanda, itirəndə yolunu,
Bəlkələrdə qalan ömrü yaşayır...


Bilinməz

Qəribə dünyanın sakinləriyik,
Gecəsi bilinməz, günü bilinməz.
Düyğular qarışıq, hislər rəngbərəng,
Arzunun, istəyin yönü bilinməz.
*
İsıqlı sabahdan güc alan kəsin,
Yıxılan dikələn, ucalan kəsin,
Hər gün qətrə-qətrə qocalan kəsin,
Ömrünün əvvəli, sonu bilinməz.
*
Var-dövlət sahibi olanlar getdi,
Arzusu gözündə qalanlar getdi,
Bağçası baharda solanlar getdi,
O gedən köçlərin önü bilinməz.
*
Dünyanın min cürə gərdişi varmış,
Hər qəlbin duyğusu,vərdişi varmış,
Xeyirxah əməldə mərd işi varmış,
Sədası duyular, ünü bilinməz.


Düzəlmir

Bir bahar ömrünü yaşayır insan,
Taleyin boranı-qarı düzəlmir.
Qəlbində min arzu daşıyır insan,
Yarı düzəlsə də, yarı düzəlmir.
**
Dil açır qəlblərdə duyğu çələngi,
Dəyişir gözlərdə dünyanın rəngi,
Param-parça olmuş könlün ahəngi,
Yüz dəfə cilala, sarı düzəlmir.
**
Sevinc də, kədər də ömür payıdır,
Yorğun fikirlərim məni uyudur,
Ömrümüz bir karvan, sarvan yoludur,
Bağçamız xəzandır, barı düzəlmir.
**
Ey dünya, gəl durma mənim qəsdimə!
Ağrını-acını tökmə üstümə.
Mən qərib mehmanam, sənin qəsrinə,
Gəlmişəm sevincdən sarı,... düzəlmir.
**
Çalsın könüllərin xoş təranəsi,
Bürüsün ətrafı sevgi nəşəsi,
Qəlbində xoş niyyət daşıyan kəsin,
Deməsinlər heç vaxt halı düzəlmir.

Ucal Azərbaycanım
Ana yurdum, çiçəklənən diyarım,
Sənə bağlı duyğum, xoş arzularım,
Qoy var olsun elim, obam, mahalım,
Sabahından güc al, Azərbaycanım!
Ucaldıqca, ucal, Azərbaycanım!

Sən qəlbimin alovusan, odusan,
Sən eşqimin əzəl-axır adısan,
Sən dilimin bal damlayan dadısan,
Keçmişinlə qocal, Azərbaycanım!
Bu gününlə ucal, Azərbaycanım!

Dağlarının zirvəsində qar gözəl,
Yamaclarda gül toplayan yar gözəl,
Bağ-bağçanda heyva gözəl, nar gözəl,
Gözəllikdən bac al, Azərbaycanım!
Yüksəklərə ucal Azərbaycanım!

Çox yanlışlar durdu sənin qəsdinə,
Doğruları itirməyin qəsdi nə?
Mən qurbanam duruşuna, şəstinə,
Düşmənindən öc al, Azərbaycanım!
Sən tarix yaz, ucal Azərbaycanım!

Ey Vətənim, ey Yenilməz millətim,
Var-dövlətim, şan-şöhrətim, sərvətim,
Sənə bağlı saf duyğum, xoş niyyətim,
Zirvələrdə tac ol, Azərbaycanım!
Güdrətli ol, güc ol, Azərbaycanım!


Qocalıram mən
Qəribə istəkdir, qəribə duyğu,
Hər an varlığından güc alıram mən.
Qara saçlarına bəyazlar düşür,
Sən yaşa dolursan, qocalıram mən.
*
Güllərin ətrini verir nəfəsin,
Sənlə gözəlləşir, duyğum, həvəsim.
Ay məni, hər kəsdən qoruyan kəsim,
Sən varsan göylərə ucalıram mən.
*
Bir ömür həsr etdin mənə dünyada,
Bilmirəm neyləyim sənə dünyada,
Könlüm qərib sahil, kimsəsiz ada,
Bu qəmli taledən öc alıram mən.
*
Baxışın ruhuma qol-qanad verir,
Sən varsan həyat da mənə dad verir,
Hər kəs bu dünyaya bir cür ad verir,
Dünyanın yükündən bac alıram mən.
*
Yaşa ey ömrümün yorğun mələyi,
Qayğın, məhəbbətin ruhum gərəyi,
Dərdlərə dərmandı ana ürəyi,
Məlhəmsən sağalıb güc alıram mən!
Sən yaşa dolursan, qocalıram mən.

Ana
Sən mənim ömrümün yorğun mələyi,
Sən mənim damarda qanımsan, ana.
Sənin yoxluğuna dözməz ürəyim,
Saçımda bəyazım, ağımsan, ana.

İsti nəfəsinlə dünyam isindi,
Sevginlə, qayğınla qəlbim sevind,i
Sənsiz bir dünyada olmaq çətindi,
Həyata bağlanan bağımsan, ana.

Birgə addımladıq bu yollarda biz,
Yoruldu fikrimiz, əməllərimiz.
Axı neyləyərəm dünyada sənsiz?
Həm sevinc, həm kədər çağımsan, ana.

Payızda yuvadan köç edər quşlar,
Bir ömür sonlanar, bir ömür başlar,
Yarpaqlar tökülər, yağar yağışlar,
Artıq xəzan görmüş bağımsan, ana
21.10.2021.

ANA ÜRƏYİ
Sevgidən yaranıb sevinc payımdır,
Şeirimdi,nəğməmdi, duyğularımdı,
Gündüzlər günəşim, gecə ayımdı,
Sirli Kəhkəşandır, ana ürəyi.

Qayğısı tükənməz, istəyi sönməz,
Bağçası ətirli, gülləri solmaz.
Çalışar, vuruşar, yoruldum deməz,
Bir sirli məkandır, ana ürəyi.

Sarsılsan, yorulsan, yanlışa uysan,
Bir anda hər şeyin fərqinə varsan,
Hüzura, sevgiyə ehtiyac duysan,
Ən doğru ünvandır, ana ürəyi.

Varlığı dünyanın özü qədərdir,
Yoxluğu hüzündür, qəmdir, kədərdir,
Sakit bir limandır, coşqun Xəzərdir,
Dalğalı ümmandır, ana ürəyi.

Laylası həzindir, duyğusu dərin,
Baxar, hey yollara qəmli gözlərin,
Nigaran baxışın, müdrik sözlərin,
Dərdlərə dərmandır, ana ürəyi.
Təbibdir, loğmandır, ana ürəyi.

Sevgisini səxavətlə paylayar,
Kədərini ürəyində saxlayar,
Gecə-gündüz ümman kimi çağlayar,
Şeirdi, dastandı, ana ürəyi.
Bütöv bir cahandı, ana ürəyi.


07.03.2022.






Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!