Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub .....                        Naxçıvanda 5 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR .....                        İran uranı zənginləşdirməyə davam edir .....                        Yenidən dünya çempionu oldu .....                        Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı .....                        Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək .....                        COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir - Prezident .....                        COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                       
Tarix : 1-06-2016, 17:22
Rəşid Təhməzoğlunun yeni şeirləri

Rəşid Təhməzoğlu


Qanımla ürəyə yazıldı adın!

Döşdə qar üstünə yazmışdım onu,
Günün işığından pozuldu adın.
Qumlu sahillərə cızmışdım onu,
Külək qanadında toz oldu adın!

Yazmağa, cızmağa əlim yatırdı,
Günümə, ayıma ilim yatırdı,
Tez-tez söyləməyə dilim yatırdı,
Dilimdə ən dadlı söz oldu adın!

Günəşdən qorudum, yanırdı, yoxsa,
Sazaqdan qorudum, donardı, yoxsa,
Sevgi güzgüsündə sınardı, yoxsa,
Qanımla ürəyə yazıldı, adın!

***

Günün işığından pozuldu adın,
Onu qar üstünə yazmazdım gərək!
Külək qanadında toz oldu adın,
Onu qum içinə cızmazdım gərək!

Dilimdə ən dadlı söz oldu adın,
Dilimə qadağa qoyardım gərək!
Qanımla ürəyə yazıldı adın,
Onu qabaqcadan duyardım gərək!

Adın yaxın oldu, sevgindən qabaq,
Sevincimi aldı bu yaxınlığın.
Mən səndən sevgimi umsam da, ancaq,
Quru adı qaldı bu yaxınlığın.

***

Çağ ötür, keçənlər çözələndikcə
Sənin uzaqlığın tez bəlli olur.
Yaddaş varaqları təzələndikcə
Mənə quru adın təsəlli olur!..

26-31.01.2016

Yaz gəlir…

Yaz gəlir… Əlində qış soyuqluğu;
Titrəyir soyuqdan, donur soyuqdan.
Yolların köksündə daş soyuqluğu;
Üstünə toz-torpaq qonur soyuqdan,
Titrəyir soyuqdan, donur soyuqdan!

Yaz gəlir… Gözündə yayın istisi;
İsinir istidən, qızır istidən.
Bulağın istisi, çayın istisi,
Torpağın qatına sızır istidən,
İsinir istidən, qızır istidən!

Yaz gəlir… Üzündə güz dumanlığı;
Bürünür dumana, girir dumana.
Dərə dumanlığı, düz dumanlığı
Yaşıl köynəyini sərir dumana,
Bürünür dumana, girir dumana!

Yaz gəlir…. Alnında qış qırışları;
Soyuq baxışından qışa bənzəyir.
Yaz gəlir… Yolları daş qırışları;
Özü də köçəri quşa bənzəyir,
Soyuq baxışından qışa bənzəyir!

Günəşli günlərə – «yaydır!» - deyərsən,
Gözünü açmamış, yayla görüşər.
«- Ətrini dörd yana «yaydır!» - deyərsən,
Günlərə əl verər, ayla görüşər,
Gözünü açmamış, yayla görüşər!

Dumanlı çağları-güz çağlarıdır,
Bu yazın özünə oxşarlığı yox!
Söyləmək olmaz ki, yaz çağlarıdır,
Bu yazın özündə yaşarlığı yox,
Bu yazın özünə oxşarlığı yox!

Yumulu tumurcuq oyana bilmir,
Nəfəsi istidən tıncıxar deyə.
Lalə ayaqüstdə dayana bilmir,
Bürkülər onu da tez sıxar deyə,
Nəfəsi istidən tıncıxar deyə!

Yaz gəlir… Gülüşü körpə gülüşü,
Bəs niyə qocaya bənzəyir özü?!
Gözündən torpağa işıqlar düşür,
Qatı dumanlarda işarır gözü,
Bəs niyə qocaya bənzəyir özü?!

Yaz gəlir… Nədəndir gur yağışında,
Yumur Qarabağın qan köynəyini?!
Yaz gəlir… Nədəndir sərt baxışında,
Uyutmur yurdumun bu göynəyini,
Yumur Qarabağın qan köynəyini?!

Bu yazın gəlişi sual doludur,
İstidən, soyuqdan doğur suallar.
Bu yazın gəlişi sual yoludur,
İsti cavabları boğur suallar,
İstidən, soyuqdan doğur suallar!

Yaz gəlir.. Kəsilmir atəş səsləri,
Torpağın köksünü mərmilər yarır.
Torpaqlar üstündə düşən bəhsləri
Bir ölüm çalarlı sarılıq sarır,
Torpağın köksünü mərmilər yarır...
Bu yazın özünə oxşarlığı yox,
Bu yazın özündə yaşarlığı yox!

18.03.2016

Mən yuxu yozmağa öyrəşməmişəm!

Deyirsən: «- Yuxumda görmüşəm səni!»
Mən yuxu yozmağa öyrəşməmişəm!
Çağlarca incitməz könlüm kimsəni,
Mən yuxu yozmağa öyrəşməmişəm!

Çox da ki girirsən yuxuma mənim,
Duyğular qatırsan duyğuma mənim,
Qorxu artırırsan qorxuma mənim,
Mən yuxu yozmağa öyrəşməmişəm!

Gəl bu yuxuları ataq bir yana,
Tapınaq sevgiyə biz yana-yana,
Sevinc bağışlasın yanan-yanana,
Mən yuxu yozmağa öyrəşməmişəm!

Məni yuxuda yox, görüşlərdə gör,
Bir sevgi uğrunda yerişlərdə gör,
Görüş çağlarını saçlarına hör,
Mən yuxu yozmağa öyrəşməmişəm!

Tərsinə yozulan gərəyim deyil,
İşıqda pozulan gərəyim deyil,
Gözümdə sozalan gərəyim deyil,
Mən yuxu yozmağa öyrəşməmişəm!

27.03.2016


«Yenə qayıdaram, bir sözün olsa!»

Liftlə düşürdüm. Mərtəbələrin birində qapılar açıldı. Bir qız oğlanla dayanmışdı. O, oğlana dedi: «Yenə qayıdaram, bir sözün olsa!» Sonra liftə mindi. Bu şeir həmin sözlərdən yarandı…

Müəllif

Deyən, deyiləsi sözün qalıbdır,
«Yenə qayıdaram, bir sözün olsa!»
Yoxsa gözlərimdə gözün qalıbdır,
«Yenə qayıdaram, bir sözün olsa!»

O hansı sözdür ki, deyə bilmirsən,
Sözün qapısını döyə bilmirsən?!
Sevgini sevgitək öyə bilmirsən,
«Yenə qayıdaram, bir sözün olsa!»

İstəsən, durarıq göz-gözə bir də,
Yanılma, gəlmərik söz-sözə bir də.
Ürəklər alışar od-közə bir də,
«Yenə qayıdaram, bir sözün olsa!»

Sənə söz vermişəm, sözdən qaçmaram,
Sevgidə saldığım izdən qaçmaram.
Təzə alışdığım düzdən qaçmaram,
«Yenə qayıdaram, bir sözün olsa!»

Könlümün sözünü gizlətmərəm mən,
Səni addım-addım izlətmərəm mən,
Gözlə, söyləsəm də gözlətmərəm mən,
Gözlə qayıdaram, bir sözün olsa!».

03.04.2016

Sən incik düşməyəsən!


Gözünə baxmamışam,
gözlərin sulanmasın,
Sevgidən doymamışam,
ürəyim talanmasın,
Başına dolanmışam,
bu Varlıq dolanmasın,
Daha nə etmədim mən,
Sən incik düşməyəsən?!

Bir sözünü de haçan,
mən iki eyləmişəm,
Yoxsa açıq dikini
dağ diki eyləmişəm?!
Dinməmisən, sözümü
daşlara söyləmişəm,
Daha nə etmədim mən,
Sən incik düşməyəsən?!

Sözsüz örtüb gözünü
inciklik dumanlığı,
Qurudubdur dilini
ayrılıq dumanlığı
Acılıqmı arada
törətdi yamanlığı?!
Daha nə etmədim mən,
Sən incik düşməyəsən?!

Məni çox incitmisən,
illər boyu o ki var,
Bəlkə, suç arayırsan
aralıqda o ki var?!
Sil ürəkdən büsbütün
hisi-pası nə ki var;
Daha nə etmədim mən,
Sən incik düşməyəsən?!

Demirsən, incik düşsən,
mən də incik düşərəm,
Sevənlərin yanında
üzdən-gözdən düşərəm,
Sevgim uğrunda qalxıb,
Varlıqla öcəşərəm,
Daha nə etmərəm mən,
Sən incik düşməyəsən,
sən incik düşməyəsən?!

22.04.2016


Şeir deyə-deyə öləcəyəm mən…

Kiməsə, nəyəsə acığım tutsa,
Acıq soyutmağa şeir deyirəm!
Kimisə, nəyisə qınağım tutsa,
Qınaq uyutmağa şeir deyirəm!

Gecələr gözümdən qaçsa yuxular,
Səhəri gözümdə açsa yuxular,
Üstümü kəsəndə qara-qorxular
Dözüm uyutmağa şeir deyirəm!

Gözəllik önündə ürəyim əsir,
Ağrılar hər yerdə qarşımı kəsir.
Ayrılıq əlində qalanda əsir,
Sevincə batmağa şeir deyirəm!

Varlığın yaşamı tükdən asılı,
Qoşanın yaşamı təkdən asılı,
Duyanda ucalıq kökdən asılı,
Ona əl qatmağa şeir deyirəm!

Günlərim köklənir sözün üstündə,
Yaşamım təklənir sözün üstündə,
Düşüncəm yüklənir sözün üstündə,
Sözü ucaltmağa şeir deyirəm!

Qarabağ bu yurdun yanan bağrıdır,
Qarabağ ağrısı yaman ağrıdır!
Bu ağrı məni də yaman ağrıdır,
İstəyə çatmağa şeir deyirəm!

Bilirəm, şeirlə sağalmaz yara,
Bu qalın hörgünü gərək güc yara!
Ölümlə qalıma açılıb ara;
Qalım uzatmağa şeir deyirəm!

Şeirsiz ötüşən, keçən günləri,
Şeirli günlərlə böləcəyəm mən!
Bir duyğu dolaşır haçandan bəri;
- Şeir deyə-deyə öləcəyəm mən!

23.05.2016

Sevgi ona deyərəm…

(bayatılar)

Sevənim, qala bilsin,
Diləkdə qala bilsin.
Sevgi ona deyərəm,
Ürəkdə qala bilsin!

Sevənim, baş aparma,
Yüyən çək, baş aparma.
Çox baş aparan çökdü,
Sən də çök, baş aparma!

Sevənim, dilə tutdum,
Filanı dilə tutdum.
Çalmağa fürsət güdən,
İlanı dilə tutdum.

Sevənim, dağ ağ oldu,
Qar yağdı, dağ ağ oldu.
Bağrımı dağ-dağ etdin,
Daha bu dağ ağ oldu.

Sevənim, başa çatdı,
Gödəlib, başa çatdı.
Yaşam nə qısa imiş,
Tez gəlib, başa çatdı?!

Sevənim, gün uzandı,
Ay batdı, gün uzandı.
Gecə gödək ötəndə
Dan atdı, gün uzandı.

Sevənim, əl çəkmərəm,
Küssən də, əl çəkmərəm.
Əlim ətəyindədir,
Kəssən də, əl çəkmərəm.

Sevənim, balta çaldı,
Başıma balta çaldı.
Acılıq sevgimə yox,
Yaşama balta çaldı.


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!