20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 23-11-2022, 18:44
Azərbaycan-İran münasibətlərində Şuşanın mövqeyi barədə


Səməd Bayramzadə


Azərbaycan-İran münasibətlərində Şuşanın mövqeyi barədə

SSRİ-nin dağılması ilə regionda, xususilə Cənubi Qafqazda strateji mövqeyini, xammal mənbələrini və təchizat bazalarını itirmək təhlükəsi qarşısında dayanan Rusiya ermənilərin əlilə Qarabağ məsələsinə rəvac verdi. Belə bir şərait İranın da karına gəldi. Yeni islam rejimi də azərbaycançılıq ideyalarının güclənməsindən, onun özü üçün fəsadlarından ehtiyatlanaraq Azərbaycan birliyi ideyasının qarşısını almağa və bu işdə rus-erməni amilindən məharətlə istifadə etməyə başladı.
Elə müstəqilliyin ilk illərindən (18 oktyabr 1991) Azərbaycan çox mürəkkəb və çətin dövr yaşamalı oldu. Belə ki, bir tərəfdən Ermənistan torpaqlarımızı işğal edirdi, digər tərəfdən isə keçmiş sovet sistemin çökməsi ilə əlaqədar iqtisadiyyat iflic vəziyyətinə düşmüş, hakimiyyət uğrunda mübarizə nəticəsində ölkədaxili sabitlik pozulmuşdu. Müstəqilliyin ilk illərində xarici siyasətdə konseptual yanaşmanın olmaması da Azərbaycanın bir sıra ölkələrlə, xüsusən Rusiya və İran kimi qonşu ölkələrlə münasibətlərinin kəskinləşməsinə səbəb olmuşdu. Nəticədə Azərbaycan torpaqlarının 20%-i (Dağlıq Qarabağ və ona bitişik 7 rayon) erməni qəsbkarları tərəfindən zəbt edildi və 30 ilə yaxən bir müddət ərzində erməni işğalı altında qaldı.
1992-ci ilin mayında, Dağlıq Qarabağda erməni silahlı qüvvələri ilə Azərbaycan milli ordusunun yeni təşkil olunmuş hərbi dəstələri arasında qızğın döyüş əməliyyatlarının getdiyi bir vaxtda, İranın o zamankı prezidenti Əkbər Haşimi Rəfsəncaninin təşəbbüsü ilə İran hökuməti münaqişə tərəflərini müharibəni dayandırmaq və sülh danışıqları aparmaq üçün Tehrana dəvət etdi. May ayının 7–dən 8–nə keçən gecə Azərbaycan prezidenti vəzifəsini icra edən Yaqub Məhəmmədov və Ermənistan prezidenti Levon Ter Petrosyan Tehrana səfər etdilər. Həmin görüş və müzakirələrin nəticəsi olaraq Tehranda döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyannamə imzalandı, lakin az sonra erməni silahlı birləşmələri hücuma keçərək 8 may günü Şuşa şəhərini işğal etdilər. Yaqub Məhəmmədovun elə təyyarə limanından İran prezidenti Rəfsəncaniyə bu xəbəri çatdıraraq qəti surətdə öz etirazını bildirməsinə, təcili olaraq Ter–Petrosyanla əlaqə saxlayıb bu məsələnin həll olunmasını tələb etməsinə baxmayaraq, İran prezidentindən heç bir müsbət cavab ala bilmədi..." Təəssüflər olsun ki, İran Tehranda imzalanan məlum sənədin şərtlərinə uyğun öhdəsinə götürdüyü məsuliyyəti yerinə yetirə bilmədi.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi noyabr ayının 8-də Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Vətən müharibəsinin 43-cü günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini verdi və Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi oldu.
Prezident Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd olunur: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”. Əslində İlham Əliyevin bu ifadəsi Ulu öndər H.Əliyevin uzaqgörən siyasətinin, Şuşaya verdiyi önəmin və dəyərinin təsdiqi ifadəsi idi. Belə ki, Ulu öndər Şuşa barədə demişdir: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir... Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
“Şuşa İli” elan olunması barədə Prezidentin Sərəncamı əslində onun 2021-ci ilin may ayının 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə imzaladığı Sərəncamın məntiqi davamı idi.
22 aprel 2022-ci il tarixində dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V qurultayı eyni zamanda Zəfər Qurultayı adlandırıldı. Qurultayda Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoyuldu, xaricdəki azərbaycanlılarının növbəti beş ildə fəaliyyəti üçün Yol xəritəsi müəyyənləşdirildi, Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun himayədarlarına mühüm mesajlar verildi. Prezident İlham Əliyevin “Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq” kimi fikirləri bır sıra dairələrin, xüsusilə də 35-40 milyon nəfərə yaxın soydaşımızın yaşadığı qonşu İranda fars şovinizmi ideyasının yayılıb möhkəmlənməsinə, şahdan miras qalan azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinin davamçıları və təbliğatçıları olan qrupların, eləcə də hakimiyyətdə təmsil olunan anti-azərbaycan yönümlü siyasət yürüdən dövlət məmurlarının diqqətini xüsusi olaraq çəkdi, hətta onların ciddi narahatlığına belə səbəb oldu.
Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddini Dünya Azərbaycanlılarının Şuşada keçirilən qurultayı İrana qarşı müharibə elanı və təxribat adlandırdı. O, özünün şəxsi Twitter hesabında yazdı ki, bu tədbirin Qarabağda “Dünya Azəriləri Konqresi” adı altında keçirilməsi İrana açıq mesajdır, İran millətinə qarşı müharibə elanı və sərhəd divarında təxribat deməkdir. İranın Ana yasasına görə, Xarici İşlər Nazirliyinin vəzifəsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Əks halda ordu müdaxilə etməlidir”. Azərbaycan tərəfin bu məsələdə sülhsevər mövqeyindən çıxış edən Beynəlxalq münasibətlər üzrə azərbaycanlı ekspert Əziz Əlibəyli isə bu cür ittiham və böhtanlara cavab olaraq bildirdi ki, İranın Şuşada keçirilən “Zəfər” Qurultayından ciddi bir narahatlığı olmamalıdır. Belə ki, Azərbaycan heç vaxt İranın ərazi bütövlüyünə qəsd edəcək addım atmayıb və bu yöndə açıqlama verməyib. “Sepah” və digər bu kimi mərkəzlərə bağlı qüvvələr tərəfindən nümayiş etdirilən narahatlıq və nigarançılıq İran rəsmilərinin düşüncələrində Azərbaycana qarşı böyük qısqanclıq hissinin olduğunu göstərir. Onların qorxusu da məhz Qarabağdakı müharibənin qələbə ilə nəticələnməsi, bütün dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirməsi, eyni zamanda vahid qalib azərbaycanlı simasını bərpa etməsi ilə bağlıdır".
İran 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin şərtlərinə də çox qısqanclıqla yanaşır. İslam rejimi düşünür ki, Azərbaycan Respublikası ərazisindən Naxçıvana onların istədikləri Zəngəzur dəhlizi (İran onu “Turan” dəhlizi adlandırır) yaradılarsa, şübhəsiz ki, İranın Ermənistanla sərhədi əhəmiyyətsiz bir əraziyə çevriləcək, praktiki olaraq İran İslam Respublikasının Qafqaz regionuna çıxışı kəsiləcəkdir. Bu da İranı Şimal-Qərb sektorunda çıxılmaz vəziyyət və praktiki fəaliyyətsizliklə üz-üzə qoyacaqdır. Bunun nəticələrindən biri də İranın Mərkəzi Asiya və Qafqaz regionunda malların, enerjinin və məlumatların ötürülməsi və tranzit imkanlarından kənarda qalmasıdır”.
“Şuşidən Stepankertə bir tarix qədər məsafə vardır və bu da gələcəkdə başqa kritik böhrana səbəb ola biləcək bir məsələdir” deyən Münaqişə və Əməkdaşlıq Qrupunun Direktoru, Xüsusi İşlər üzrə katib Dr.Seyid Möhsün Mustafəvi Milad İranın bu bu münaqişənin həllinə münasibətini sərgiləyərək deyir: “Qarabağ böhranında məğlub olan və rusların xəyanətinə məruz qalan Ermənistan tərəfi başqa bir ölkənin dəstəyinə ehtiyac duyur. Bu, İran üçün Ermənistanı dəstəkləməklə Cənubi Qafqaz regionunda Türkiyə-Azəri birliyinə qarşı balans yaratmaq və regionun gələcək inkişafında daha fəal iştirak etmək üçün yaxşı fürsətdir (təbii ki, İranla Ermənistan arasındakı münasibətlər keçmişdə də çox güclü olub)”.
44 günlük Qarabağ müharibəsinin İran üçün nəticələrini dəyərləndirən Yaxın Şərqdə Münaqişə və Əməkdaşlıq Departamentinin katibi Dr.Nəcme Məlekian isə bildirir ki, “Belə bir vəziyyətdə Tehran öz maraqlarını qorumaq üçün Cənubi Qafqaz kimi gərgin və həssas bir bölgədə sərhədlərinin təhlükəsizliyini qoruya biləcək daha fəal siyasət formalaşdırmalıdır”.
Strateji Araşdırmalar üzrə adı bəlli olmayan iranlı ekspert TV müsahibəsində Nədim adlı aparıcının Zəngəzur koridoru ilə bağlı sualına cavab olaraq bildirir: "Bu koridor yaradıldığı və işə salındığı təqdirdə bir sıra hadisələr baş verəcəkdir. Birincisi, İran Xəzər enerji hövzəsindən tamamilə çıxarılacaqdır; ikincisi, İranın regiondakı iqtisadi nəfəs yolu tamamilə bağlanacaqdır; üçüncüsü, Azərbaycan NATO-ya üzv olacaqdır; dördüncüsü, qonşu dövlətlərin təhriki ilə İranın parçalanması baş verəcəkdir və nəhayət, Ermənistan tamamilə işğal ediləcək, ermənilər qaçqın kimi başqa ölkələrə yayılacaqlar və Türkiyə də öz növbəsində Azərbaycanı “işğal” edəcək, beləliklə də Xəzər dənizinə kimi böyük bir ərazini tutmuş olacaqdır. Belə bir vəziyyətdə İran dövləti müşahidəçi qismində qala bilməz. İran gərək Azərbaycan ərazisdinə daxil olsun. Böyük zərər çəksək də, minlərlə itki versək də üstünlüyü, sonda qələbəni əldə etməliyik. ... Bizim deputatlardan biri gəlib parlamentdə deyir ki, “əgər siz belə bir işə qol qoysanız, o zaman 40 milyonluq Azərbaycan xalqı İran hökuməti əleyhinə ayağa qalxacaq”. Mən də deyirəm ki, gərək bu şüursuz deputatın qulağından tutub atsınlar eşiyə. Sən Əliyevin nümayəndəsisən, yoxsa Təbriz şəhərinin?"
Artıq İranda, xüsusilə də Güney Azərbaycanda bu gün baş verən etiraz aksiyalarında azərbaycanlıların səsləndirdikləri milli məzmunlu şüarlar, divarlara yapışdırılan podkatlar artıq İlham Əliyevin azərbaycanlılar arasında nüfuzunun nə dərəcəcdə yüksək olduğunu, milli-demokratik azadlıqlar uğrunda ümidləri doğruldacaq bir şəxs, sima olduğunu təsdiqləməkdədir.
Prezident İlham Əliyev 2022-ci il aprelin 29-da ADA Universitetindəki “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçıları ilə görüşü zamanı Tehrandakı Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin baş elmi işçisi, doktor Vəli Kalecinin Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı zamanı tədbirdə çıxış edən bəzi İran azərbaycanlıları tərəfindən bütöv Azərbaycanı formalaşdırmaq, Araz çayının iki hissəsini birləşdirmək kimi ideyaların səsləndirilməsinə, həmin sözlərin İranın şimal-qərb hissəsində, Azərbaycan bölgələrində separatizmə, İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı çıxışlara səbəb olması barədə mövqeyinə tam açıq və aydın, amma çox qətiyyətli cavab vermiş və demişdir: “Hər iki ölkənin ərazi bütövlüyü ilə bağlı bizim hökumətimizin və İran hökumətinin mövqeyi yaxşı məlumdur və sual doğurmur. Dəfələrlə biz və bizim iranlı həmkarlarımız bunu ictimai şəkildə bəyan etmişik. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə. Şuşa açıq şəhərdir, oraya minlərlə insan gəlir və iradəsini ifadə edir. Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə hər hansı şəxsin iştirakı belə bir reaksiyaya səbəb olmamalıdır. İstər Azərbaycan, istərsə də İran rəsmilərinin bəyanatlarında mənim dediklərim yer alır. Ərazi bütövlüyü qırmızı xətdir. Bizim ərazi bütövlüyümüz hər zaman Ermənistan tərəfindən şübhə altına alınırdı. Hesab edirəm ki, biz diqqətimizi bura yönəltməli və Azərbaycana heç bir aidiyyəti olmayan ifadələrə əhəmiyyət verməməliyik”.
İranı narahat edən məsələlər sırasında 15 iyun 2021-ci il tarixli Şuşa bəyannaməsi də var. Şuşa Bəyannaməsinin imzalanması dost ölkələri sevindirdiyi halda, ölkəmizin güclənməsini gözü götürməyən, ermənilərə havadarlıq edən dövlətləri məyus etdi, onlar üçün çox ciddi narahatlıq yaratdı. Şuşa Bəyannaməsi Qarabağ məsələsinin başa çatdığını, münaqişənin tamamilə həll olunduğunu qətiləşdirildi. "Şuşa bəyanatı” ilə təsdiqləndi ki, torpaqlarımıza hücum olarsa, Türkiyə bizi qeyd-şərtsiz dəstəkləyəcək. Müəyyən ziddiyətlərin olmasına baxmayaraq, ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətləri qarşılıqlı əlaqələndirmək məqsədilə “Altılıq platforması” çərçivəsində Rusiya və İran da əməkdaşlığa dəvət olundular. Nəticədə, Şuşa bəyanatı kiminsə, o cümlədən Rusiyanın, İranın və ya Ermənistanın əleyhinə deyil, regionda sülhün və sabitliyin təmin edilməsi naminə qarşılıqlı əməkdaşlıq məsələlərini təsbit edən etibarlı və əsaslı bir sənəddir.
Şuşa qalasının çox mühüm starteji əhəmiyyətə malik olmasını Tehran molla rejimi də çox gözəl bilir. Amma nədənsə 28 il yarım erməni işğalı altında olan Şuşaya İran lazım olan qədər diqqət yetirmədi, onun tarixi, mədəni, dini və strateji mövqeyi İran üçün bir əhəmiyyət kəsb etmədi. Belə ki, Qarabağ münaqişəsinin həllində əsas vasitəçi olmaq iddiasında olan İranın gözü qarşısında Ermənistan silahlı qüvvələri Şuşanın 25 məktəbini, 31 kitabxanasını, 17 klubunu, 8 mədəniyyət evini, 4 texnikumunu, 2 institut filialını, 7 uşaq bağçasını, 4 kinoteatrını, 5 mədəniyyət və istirahət parkını, 2 sanatoriyasını, turist bazasını, 2 mehmanxanasını, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialını, Şuşa Dövlət Dram Teatrını, Şuşa Televiziyasını, Şərq musiqi alətləri fabrikini, Dövlət Rəsm Qalereyasını, Uşaq sağlamlıq məktəbini talan etdilər, yandırdılar və dağıtdılar. Yalnız şəhərdəki bir məscidi, fars məscidi deyə, alayarımçıq təmir etdilər ki, ora gələn iranlılar öz dini etiqadlarına "sadiq qalaraq" orada namazlarını qılsınlar. Bununlada onların Qarabağdakı quruculuq iləri bitmiş oldu. Bunun müqabilində isə bir sıra İran şirkətləri işğal olunmuş ərazilərdən ələ keçirilən malları və əmlakı erməni qəsbkarlarından çox ucuz qiymətlərə alaraq öz ölkələrinə daşımaqla məşğul oldular. Bununla da Qarabağın 30 ilə yaxın işğal altında qalan əraziləri yerla-yeksan oldu, quru çöllərə, səhralara çevrilmiş oldu, Azərbaycana və xalqına milyardlarla maddi ziyan vuruldu, insanlığa sığmayan, heç bir ölçüyə gələ bilməyən mənəvi sarsıntılar yaşadıldı.
Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının Vətənin azadlığı uğrunda apardığı ədalətli müharibədə onun iradəsi, doğma diyarına sevgisi, Ali Baş komandana inamı qalib gəldi. Şuşanın düşməndən azad edilməsi Azərbaycan xalqının qürurunu bərpa etdi, başını ucaltdı.
Bu şəhəri özünün adına çıхmağa çalışanların arzuları ürəklərində qaldı. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal еtsələr də, кənd-кəsəкlərinə yalançı adlar qоysalar da, оnu hеç vaхt özününкüləşdirə bilmədilər.

23 noyabr 2022


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!