Ulu Öndər Heydər Əliyev: Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Dəyərli dostlar! Bu gün 18 oktyabr Müstəqilliyin Bərpası Günüdür! Sizi bu müqəddəs gün münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm! Ümummilli Lider hələ 7 mart 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Yeni İttifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak edib, etməmək barədə fikrini açıq söyləyir: "Hörmətli xalq deputatları! Yeni İttifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimi mən də bildirmək istəyirəm. 1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz. Biz hamımız bu İttifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu İttifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu İttifaq daxilində görmüşük. Mən və mənlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım İttifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu İttifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik. Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların İttifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri İttifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır. Ölkənin rəhbərliyi yetmiş il mövcud olan İttifaqın yarasız olduğunu bəyan edərək, respublikaları yeni İttifaq yaratmağa dəvət edir... hər dövrün öz hökmü var. Biz də, demək olar ki, bu salonda oturanların hamısı, o hökmün təsiri altında olmuşuq. İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir İttifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirəm." Bəli, Azərbaycanın müstəqilliyinin qaçılmaz olması barədə Ümummilli Liderin mövqeyi qəti idi. Təbii ki, Müstəqilliyin Bərpası Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 12-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr apardı. Nəhayət, 18 oktyabr 1991-ci il tarixində Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 29 dekabr 1991-ci il tarixində ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. Bir daha Bayramımız mübarək!
Sadiq Qurbanov - Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri