Mehriban Əliyevadan Zəngilan paylaşımı - FOTO .....                        Məleykə Abbaszadədən abituriyentlərə çağırış .....                        Arif Hacılıya Müsavatda yeni vəzifə verildi .....                        Ərdoğandan su müharibələri ilə bağlı xəbərdarlıq .....                        Zəngilanda yeni inşa olunan məscidin açılışı - FOTO .....                        Böyük Mərcanlıda 542 nəfər üçün ev tikilir .....                        Şair İnqilab İsaq vəfat etdi .....                        Karxuluda 940 ev tikiləcək .....                        Zəngilanın daxili yol-kommunikasiya şəbəkəsi yenidən qurulur .....                       
Tarix : 9-10-2015, 11:27
Əlövsət Ağalarov: "Arxan Laçınqaya – önün Murovdur"[/center]
Eldar Həsənov – 60

“Hansı yubileydən danışırsan, qardaş?! Vətənində vətənsiz, yurd həsrətiylə qovrulan kimsənin yubiley keçirmək haqqını düşmən tapdağı altında inildəyən doğulduğu yurd-yuva ona halal edərmi?”

Bax, sualıma verdiyi bu cavab altmış illik yubileyinə bir dost sözü yazacağım təbriki də alt-üst, fikirlərimi darmadağın elədi. İndi nə yazacağımı, hansı xatirələrimi yaddaşdan bu cansız kağıza köçürəcəyimi nə əlimdəki qələm, nə də düşüncələrimin cəmləşdiyi qafam bilir... Hələliksə, onu bilirəm ki:
10.10.1955-ci ildə Azərbaycanın füsunkar təbiətli, zümrüd yaylaqlı, buz bulaqlı dağları, qayaları göyün köksünə köklənmiş Kəlbəcərin Laçın kəndində dünyaya mavi gözlü, sarışın bir cocuq göz açdı. Cavan bir ailədə ilk oğul doğuldu. Zaman gələcək, bu oğulun səsi-sədası dövlətimizin uca kürsülərindən, vahid dünyamızın mötəbər təşkilatlarından, ölkələrindən yayılacaq. Hələliksə...
Eldar adı qoyulan bu körpə gözəl bir ailədə böyüməyində, ata-ana tərbiyəsi ilə formalaşmağında... ilk təhsil illəri, əmək vərdişi (baxmayaraq ki, Hümmət müəllim ailəsini övladlarının köməyi olmadan da, o dövrün tələblərinə uyğun normal dolandırırdı): uşaqlarının, xüsusən də oğlanlarının ayağı yer tutandan əməyə alışdırır, qarşılarındakı mürəkkəb həyat məktəbinə hazırlayırdı. Kənddə orta məktəb olmadığı üçün ibtidai sinfi bitirəndən sonra qonşu kəndlərin məktəblərinə aparırdı. Tale elə gətirdi ki, Eldar 5-ci sinifdən bizim oxuduğumuz Qılınclı kənd orta məktəbinə gəldi və bu məktəbi də əla qiymətlərlə bitirib Politexnik İnstitutuna daxil oldu.
İndi yadıma həmin o xoşbəxt və qayğısız illəri salanda yenidən o günlərə qayıtmaq istəyirəm... və yəqin ki, hamı bunu istəyər. Aha, bu məqamda yaddaşım oyandı, deyəsən. Həzin bir xatirə və özü də yubileylə bağlı xatirə:

10.10.1970. Kəlbəcər rayonu, Kazımkəndi

Məktəbimizin direktoru İbrahim Vəliyev çox qayğıkeş və təcrübəli pedaqoq kimi, hər payız yuxarı siniflərin oğlanlarını qışda sinif otaqlarını qızdırmaq üçün odun tədarükünə cəlb edərdi. Oktyabrın 10-da Kazımkəndi deyilən gur meşəlikdə oduna aparmışdılar bizi. O vaxtlar ad günü-zad deyilən məfhumlar da yox idi. Sadəcə, Eldarın 15 yaşı olduğu üçün əvvəlcədən bir balaca “tədarük” görmüşdük: 2 ədəd çaxır (şoğəribin də hərəsi bir litrlik idi), 5-6 banka balıq konservi və 2 “buxanka” çörək. Təsəvvür edin, qızıl payız fəsli meşələr, dağlar İlahinin təbiətə verdiyi bütün gözəlliyə bürünüb: palıdın qızılı, ağcaqayının narıncı-sarı, gərməşovun çəhrayı, cökənin sarımtıl, vələsin qəhvəyi... rənglərinin simfoniyası. Dörd göz lazımıydı tamaşa edəsən. Quşların cəh-cəhi, həmin gün odun növbəsinə gedən bizlərin də “yubiley” keyfi! Bilmirəm əziz qardaşım, 60 yaşlı cavan oğlan o anları xatırlayırmı, amma dünən bizim o “komandadan” olan dostlarımızdan biri Nəsrəddin Əzimovla xeyli xatırladıq... Düz edir Eldar müəllim yubileyini keçirməməklə, yoxsa səhv – onu özü daha yaxşı bilir, amma indən sonra nə qədər yubiley keçirsə də (70, 80, 100), inanmıram ki, 15 illik yubileyinin dadını-tamını versin! O məkan ayrı bir məkan idi... Ən azından o içkilərdən də, o yeməklərdən də yaxşısını tapa bilər, amma Kazımkəndinin o gözəlliyini dünyanın harasında olsa da tapa bilməyəcək. Ona görə də Allahdan ən müqəddəs arzum budur ki, növbəti doğum gününü –10.10.2016-cı il tarixini doğma Kəlbəcərimizdə qeyd edək!
Əslində, bu yazımı yazmağa da yəqin ki, razı olmayacaqdı, ona görə də partizanlıq edib bu gözəl insanın keçdiyi şərəfli və mənalı ömür yoluna bir qardaş gözüylə yenidən baxmaq istədim. İncisə də, inciməsə də...

Eldar Hümmət oğlu Həsənov. 10.10.1955

Təkcə Kəlbəcərin deyil, artıq Azərbaycanın tanınmış oğlu Eldar müəllimi tanımaq, onunla ünsiyyətdə olmaq, özünün sevdiyi bir ifadəsilə desək, bir stəkan çay içmək qarşısındakına bir dünya verir desəm, – yanılmaram. Eldarı çox uzaqdan (zaman anlamında) və yaxından (qəlb anlamında) tanıyan adam kimi deyərdim ki, belə şəxsiyyətlər ümumən insanlıq tarixinə az-az gəlirlər. Yəni konkret rəqəm demək çətindir, çünki hər xalqın tarixinə düşə biləcək, o tarixi şərəfləndirə biləcək insanlar az olmayıb. O cümlədən də, bizim. Eldar mənsub olduğu xalqın tarixini zənginləşdirəcək və şərəfləndirəcək bir soydaşımızdır. Yaxından tanımaq üçün onunla bayaq qeyd etdiyim kimi, bir stəkan çay içmək müddəti kifayət edər. Gözəl həmsöhbət, qayğıkeş tərəfdaş, öz dərin təhlilləri, izahlarıyla qarşısındakını valeh edəcək qədər mükəmməl xarizmaya malik bir insan! Kimsənin haqqını tapdalamağı, qəlbini qırmağı nə özünə rəva bilər, nə də başqasına. Belə məqamlarda dərhal Sücaətin bu bəndini deyər:

Dünyada heç nəyi əbədi bilmə,
Yazığın dərdinə, qəminə gülmə.
Özündən gücsüzün üstünə gəlmə,
Səni də sındırar, bil: həyatdı bu.


Mən tanıyandan, yəni 50 ilə yaxın bir dövrdə mürəkkəb və zəngin həyat yolu keçib. Ta uşaqlıqdan bu günəcən yaddaşımda qalan əhvalatlardan bəzilərini sizinlə bölüşmək istəyirəm.

Yaddaşdan birinci yarpaq

Bir dəfə məktəbdən çıxıb evə gələndə yolda kəndçimiz Həvva xalanın dəyirmanda üyütdüyü un kisəsini belinə şələləyib getdiyini görəndə Eldar oğlanları bir yerə topladı və bu qoca arvadın şələsini növbəylə kəndə qədər aparmağımızı təklif etdi. Birinci özü götürdü və müəyyən məsafədən sonra siyahıyla digərimizə verdi. Həvva xalanın evlərinə qədər o ağır kisəyə əli də dəymədi. Yazıq arvad elə sevinmişdi ki...

İkinci yarpaq

Bizim siniflə Eldargilin sinfi, yəni 9-la 8 futbol oynayırdıq. Top təsadüfən oyuna kənardan baxan qızlardan birinə dəydi, qız da hirslənib topu kənara atdı və məktəb bufetinin şüşəsini sındırdı. O vaxtlar Kəlbəcərdə ən qıt mallardan biri də şüşə idi. Aləm dəydi bir-birinə. Müəllimlər toplaşdı, çək-çevir başladı. Qərar qəbul etdilər ki, kim sındırıbsa, valideyni səhəri gün şüşə tapıb sınanın yerinə salmalıdır. Qızın da atası rəhmətə getdiyindən kasıb yaşayırdılar. Qız ağlayanda Eldar qabağa çıxıb dedi ki, şüşəni mən sındırmışam, qız yox. Hamı bilirdi ki, şüşəni o qız sındırıb. Hətta bir-iki uşaq dedi ki, Eldar yalan deyir, o sındırmayıb. O isə təkidlə özünün sındırdığını və sabah atasının şüşəni gətirib yerinə salacağını vəd etdi və səhəri günü şüşə artıq yerindəydi...

Üçüncü yarpaq

Yenə həmin illər olardı. “Azərbaycan pioneri” qəzetinə bütün şagirdləri məcburən abunə yazdırırdılar. Eldargilin sinfində çox kasıb bir ailənin oğlu oxuyurdu. Eldar onun abunə yazıla bilmədiyi üçün dərsə buraxılmadığını görüb öz abunə pulunu gizlicə ona vermişdi və bir gün dərsə buraxılmamış, növbəti gün Hümmət müəllimin qılığına girib ayrı ad altında pul alıb abunə yazılmışdı...
Deyəsən yaddaşım pis deyilmiş ha! Yadıma saldıqca, yenidən o günlərə qayıdıram və indi o günlərə qayıtmaq nə qədər xoş olsa da, bir azdan əzabını çəkməli olacam... Ona görə də kəlbəcərli xatirələrdən birbaşa Bakıya keçirəm. Çünki Eldar müəllim o qədər zəngin və maraqlı, xalqına, dövlətinə o qədər sədaqətli həyat yaşayıbdır ki, onlardan gənc nəslə ibrət olacağını xatırlatmamaq olmur.

Dördüncü yarpaq

Bakının Nizami rayonunda Milis İdarəsinin rəisi idi. Bir gün mənə zəng vurdu ki, 3 cildlik “Rusca–Azərbaycanca” lüğəti çap etmisiniz, onlardan 10 dəst mənə tapa bilərsənmi?
Dedim, əlbəttə! Lüğətləri tapıb topladım və aparanda soruşdum ki, 10 dəsti neynirsən, özündə var axı. Dedi ki, bizim şöbədə bir neçə rus zabit var, onlar dilimizi bilmirlər, öyrənmələri üçün müəllim tutmuşam, bu lüğətlər də istifadə üçündür. Və sonralar bir dəfə yanında olanda kabinetinə daxil olan rus zabit Azərbaycan dilində elə səlis raport verdi ki, sevinməkdən başqa əlacım qalmadı. Dilimizi onlara sevdirdiyi və öyrətdiyi üçün...

Beşinci yarpaq

Gəncə Milis İdarəsinin rəisiydi. Kəlbəcərin və digər sərhədyanı rayonlarımızın çətin günləriydi. Bir gün Kəlbəcərdə komandir olan rəhmətlik Zaur Rzayev məni yanına çağırtdırdı və silah-sursat çatışmazlığını dedi. Lazım olan silahın siyahısını hazırlatdırdım və birbaşa Gəncəyə gedəcəyimi biləndə Zaur müəllim dedi ki, Eldar Həsənovu hər dəfə narahat etməyin. Axı keçən dəfə də bir neçə “Kamaz” silah-sursat göndərib. Onun problemi çoxdur, qonşu rayonlara da kömək edir. Dedim siz narahat olmayın, o adam bu işi özünə şərəf sayır. Dedim və dərhal Gəncəyə yola düşdüm. Gecə saat 11-12 arası olardı, milis idarəsinin qabağından mehmanxanaya gedirdim. Gördüm kabinetindən işıq gəlir. Maşını saxlatdırıb düşdüm, növbətçidən gəldiyimi xəbər verməsini xahiş etdim. Dedi bağışlayın, deyə bilməyəcəyəm, bir az gözləməlisiniz, yanında deputat və bir neçə adam var. Dedim, ayə, nə deputat, Kəlbəcər əldən gedir (həqiqətən də, 1992-ci il aprel ayının 20-si idi və rayonda şayiələr gəzirdi ki, ermənilər 24 apreldə–qondarma “erməni soyqırımının” ildönümündə Kəlbəcəri işğal edəcəklər). Soruşdu ki, deyim kim gəlib? Dedim deynən Kəlbəcərdən bir nəfər gəlib. Eləcə də məruzə etdi və ayağa qalxıb məni ikinci mərtəbəyə – rəisin otağına apardı. Adam eşidəndə ki, Kəlbəcərdən bir nəfər gəlib, dərhal demişdi ki, qaldır bura. Hələ bilmirdi ki, gələn kimdi, nəylə bağlı gəlib... Kabinetə daxil olanda yanında o zaman deputat olan Şadman Hüseynov və müavini, yaxın dostum Ramiz Cahangirovla bərabər iki nəfər vardı. Ramiz müəllim Kəlbəcərdə işləmişdi deyə, yaxşı tanıyırdım. Mənim gecənin bu aləmində nə məqsədlə gəldiyimi yəqin etdiyindən xətrini çox istədiyi adamlara xitabən ən çox işlətdiyi ifadəni dedi: “gözünü yeyim”, bir çay iç, biz mühüm bir işlə məşğuluq, onu qurtaraq, sonra Kəlbəcər məsələsinə qayıdarıq. Mən nə bilim onlar nə “mühüm” məsələ müzakirə edirlər, hövsələsizlik edib səsimin gur yerinə saldım (çox az hallarda belə hərəkət edirəm) və: "Kəlbəcərin müdafiəsindən mühüm nə olar ki! Bizə təcili silah-sursat lazımdır!" Elə dedim ki, sanki bu adam ölkənin müdafiə naziri, yaxud Kəlbəcərin rəhbəridir... gülümsünüb həmişəki səmimiyyəti ilə dedi ki, başına dönüm, bilirəm, hələ Kəlbəcərdə bir neçə günlük silah-sursat var, amma Naxçıvanda o da yoxdur, axı kim bilməsə də, sən yaxşı bilirsən ki, Naxçıvan blokadadadır, özü də həm düşmənlər tərəfdən, həm də özümüzün bəzi yaramazlarımız tərəfindən. Ona görə də bir az səbirli ol, oraya kömək edək, sonra Kəlbəcərə nə ehtiyacdırsa, göndərək. Həmin gecə Şadman Hüseynovgil Eldar Həsənovun və Gəncə polisinin yığıb topladığı silah-sursat karvanını Naxçıvana apardılar. Sonralar o vaxtlar Naxçıvan Ali Sovetinin sədri mərhum prezident Heydər Əliyevin Eldar Həsənova ünvanladığı minnətdarlıq məktubunu oxuyanda əziz qardaşımın necə mühüm və böyük məsələylə məşğul olduğundan qürur duydum. Və təbii ki, ertəsi gün Kəlbəcərə bir neçə “Kamaz”la silah-sursat apardıq... 1992-ci ilin 19 mayında “Azərbaycanın səsi” qəzetində bununla bağlı böyük bir məqaləm çıxdığından çox təfərrüata varmıram.

Sözü məqamında demək çətindir...

Yaddaş, deyəsən açılır, pardaxlanır. Amma indi anladım ki, yaddaşdakıların onca faizini kağıza köçürsəm, ən səxavətli qəzet redaktoru da onun heç bir faizini dərc etməyə imkan tapmaz. Ona görə də yaddaş yarpaqlarımı burada şərhsiz-filansız sizinlə baş-başa buraxıb, əziz oxucu, 50 illik (bir-iki ildən sonra tanışlığımızın 50 ili tamam olur) dostumun portretindən bəzi ştrixləri diqqətinizə çatdırmağı borc bilirəm. Və bilirəm ki, bu sətirlərlə tanış olmağa dözüm tapmısınızsa, bundan sonrasını yazmağa dəyər. Hər halda, buna əminəm.
Nədənsə, öz yazılarımda sitat gətirməyi adət etməmişəm, amma söhbət dünyaca tanınmış bir insandan getdiyindən bir neçə böyük insanın Eldarla bağlı fikirlərini qeyd etməyə bilmərəm.

Rumın siyasətçisi və akademiki Pop de Popa

Eldar Həsənov Rumıniyaya yenicə səfir təyin olunmuşdu. Azərbaycana rəsmi səfərə gələn prezident İon İliesku özüylə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri akademik Pop de Popanı da gətirmişdi. Rəsmi tədbirlərdən sonra bir yığıncaqda onunla tanış oldum. Müdrik və dərin zəka sahibi olan bu insanla söhbətdən doymaq olmurdu. Mənim də kəlbəcərli olduğumu biləndən sonra bir əhvalat danışdı. Demək, Eldar Həsənov Rumıniyada diplomatik xidmətə başlayandan dərhal sonra bu ölkədəki ən nüfuzlu və hakimiyyətə yaxın adamlarla maraqlanıb. Məqsədi yaradacaq Rumıniya–Azərbaycan Dostluq Cəmiyyətinə sədr axtarışı olub. Və bu böyük şəxsiyyətin üzərində dayanıb. Pop de Popa işinin, yaşının çox olduğunu səbəb gətirsə də, inadkar səfir dediyindən dönmür və bu kişinin “saqqızını oğurlayıb” sədr kürsüsündə əyləşdirir. Sonrasını Pop de Popa özü danışsa, daha yaxşı olar: “Məndən görüş üçün icazə istədi, razılaşdım. Həm ictimai işim – hakim partiyanın rəhbəri və prezident İon İlieskunun, demək olar ki, “sağ əli” hesab olunuram. Eyni zamanda, təbabət üzrə akademik, Ümumdünya Kardiocərrahlar Assosiasiyasının vitse-prezidentiyəm. Sizin soydaşınız və həmyerliniz – indi də bildim ki, uşaqlıq dostunuz (bu yerdə nəzakətlə icazə alıb dedim ki, cənab akademik, öncə bizim atalarımız Ağalaroğlu İbrahim və Məhəmməd oğlu Hümmət yaxın dost olublar, bizim də Eldarla dostluğumuz bu ənənəyə söykənir) cənab Eldar Həsənov məni inandırdı və sanki sehirlədi. Cəmiyyətin sədri vəzifəsinə razılıq verdim. Və elə oradaca yeni iş yerimə gedəcəyimizi təklif edəndə şaşırdım. İndi razılaşdıq, yenicə bu ölkəyə gəlmisiniz – iki, ya üç ay olardı –bir az vaxt verin təşkilatlanaq, ofis-filan tapaq. Xahiş etdi ki, maşına oturaq. O qədər səmimi və ərkyana dedi ki, imtina etmədim və birlikdə bir binanın qarşısına gəldik. Gözlərimə inanmadım: Lövhə asılmışdı və iki dildə – Azərbaycan və rumın dillərində–beləcə də yazılmışdı: Azərbaycan–Rumıniya Dostluq Cəmiyyəti. Əsl heyrət isə içəri daxil olanda baş qaldırdı. Səliqəli otaqlar, indidən oturub işləməyə hər cür şəraiti olan kabinet. Hətta katibə də çay süfrəsi ilə hazır! Sözün həqiqi mənasında özümü itirmişdim... Sonrakı söhbətlərimizdə dövlətini, xalqını, eyni zamanda rumın xalqını necə böyük məhəbbətlə sevdiyinin şahidi oldum. Hətta bir dəfə Rumıniya ATƏT-in həmsədri olarkən prezident cənab İlieskudan xahiş etdim ki, əlində olan səlahiyyətdən maksimum istifadə edib Azərbaycanın doğma torpaqlarının işğaldan azad olunmasına kömək eləsin. Növbəti dəfə təkidlə bu xahişimi təkrar dilimə gətirəndə dedi ki, çalışıram Azərbaycanın haqq işinə kömək edim, amma güclü dövlətlər imkan vermir. Yenə təkrar etdim və dedim ki, Azərbaycanın ölkəmizdəki səfiri Eldar Həsənov da işğal altındakı Kəlbəcər bölgəsindəndir və mən işğaldan azad olandan sonra o rayona gedib Eldar Həsənovun doğulduğu, boya-başa çatdığı yeri tədqiq edib elə qabiliyyətli və mükəmməl insan yetişdirdiyinə görə o torpağa təşəkkürümü çatdırmağa çalışacam...” Təbii ki, qürur duymaqdan və bu səmimi sözlərə görə Pop de Popaya dərin təşəkkürümü bildirməkdən başqa əlacım qalmadı.



Türk dünyasının böyük oğlu,
Rumıniyada yaşayan müsəlman-türk
icmasının sədri Tamer Atalay

Tamer bəy Azərbaycana ilk gəlişində Bəxtiyar Vahabzadəni ziyarət etmək üçün kiminlə əlaqə yaratmaq lazım olduğunu soruşanda Eldar müəllim mənim adımı çəkmişdi və mənə də zəng edib onu hava limanında qarşılayıb Bəxtiyar müəllimlə görüşdürməyi tapşırmışdı. Maşına oturan kimi, söhbətcil və Azərbaycan sevdalısı olduğunu hiss etdim. Soruşdu ki, Eldar bəyi necə və nə vaxtdan tanıyıram. Çoxdan və yaxşı dedim. Dedi ki, yaxşı yox, bu insanı lap yaxşı tanımaq lazımdır. Öz sözlərini olduğu kimi yazım ki, şərhsiz-filansız olsun:
“Eldar Həsənov Rumıniyanın paytaxtında dünya şöhrətli Cümhurbaşqanımız Heydər Əliyevə abidə ucaltdıqdan bir neçə ay sonra rəsmi dövlət qəbullarının birində ziyafət verilən axşam bir olayı diqqətinizə çatdırmaq istəyirəm (Burada bir haşiyə çıxım ki, Tamer bəy Azərbaycanın, Heydər Əliyevin fanatıdır. Bu ilin əvvəlində Azərbaycanda heç bir işi olmadan məxsusən Heydər Əliyevin məzarını ziyarət etmək üçün Rumıniyadan Bakıya gəlmişdi). Demək, ziyafətdir, bizi bir masanın arxasında oturdublar. Rumın parlamentinin erməni əsilli deputatlarından biri bizim masaya yaxınlaşdı və böyük Elçimizə bir sual ünvanladı, kafir özü də türk dilini bilirmiş: Siz Heydər Əliyevə nə cür heykəl qoymusunuzsa, biz də milli qəhrəmanımız Andronik paşaya elə bir heykəl qoyacağıq. Eldar bəyin rəngi anidən qaraldı və dərhal da erməninin sualına sualla cavab verdi: "Əvvəla, sizin bütün başbilənləriniz Heydər Əliyevin çölə atılan dırnağı da deyil! Heykəl nə cür olacaq, təkqulaqlı, yaxud cütqulaqlı?" Təsəvvür etməzsiniz Əlövsət bəy, bu erməni necə bağırdı. Mühafizəçilər dərhal onu uzaqlaşdırdılar. Mən onda bildim ki, azəri türkü Sultan bəy bu alçağın qulağını kəsibmiş. Ziyafət qurtardı və hərəmiz öz evimizə dağılışdıq. Yenicə yorğan-döşəyə girmişdim ki, Eldar bəydən zəng gəldi: "Tamer bəy, arabam sizi gözləyir, zəhmət olmasa səfirliyə gəlin. Səbəbini soruşmadan paltarımı geyinib getdim. Kabinetinə daxil olanda bir sənədi qarşıma qoydu ki, bunu diqqətlə oxuyun, bunlar hər pis şeyə qadirdirlər, deyiblərsə deməli, arxasında əməl durur. İkimizin də imzasıyla ölkə rəhbərliyinə bu alçaq və qəddar Andronikin qanlı əməllərini özündə əks etdirən məktubla müraciət edəcəyini dedi və mən oxumadan onun hazırladığı sənədi imzaladım. Beləliklə, Avropanın göbəyində bir cəllada abidə qoyulmasının qarşısı alındı”.
Yenə də şərhsiz-filansız

Ha istəyirəm uşaqlıq dostum, əziz qardaşım barədə bir-iki cümlə də özümdən yazım, böyük adamların Eldar barədə yazdıqları və yaxud öz qulağımla eşitdiklərim imkan vermir.
Yenə Gəncə, yenə böyük bir şairimizin ona həsr etdiyi bir şeiri:

Bəhmən Vətənoğlu

Eldar Hümmət oğluna
Darıxdım

Axşam da qəribdi, mən də qəribəm,
Nələr ürəyimdən keçdi, darıxdım.
Zalım ayrılığın kamil ovçusu
Ox atdı, sinəmi deşdi, darıxdım.
* * *
Nə kövrək saatdı, nə kövrək andı,
Nəfəsim təngidi, ürəyim yandı.
Kəpəzdən bir çəngə bulud boylandı,
Xəyal uzaqlara uçdu, darıxdım.
* * *
Qoy yazım varağı, qalmasın ağı,
Kim çəkər həsrəti Bəhmənsayağı?!
Çox da müqəddəsdir Gəncə torpağı,
Kəlbəcər yadıma düşdü, darıxdım.
Gəncə, 1991

Bu yaxınlarda dünyasını dəyişmiş böyük şairimiz Məmməd Aslan amansız xəstəliyi ilə ölüm-dirim mübarizəsi apararkən özü dediyi kimi: əzrayıldan aman diləyib Kəlbəcərə qayıtmaq üçün fürsət verməyi xahiş etmişdi. Növbəti dəfə ona baş çəkməyə Bakıya xidməti işiylə bağlı ikigünlük gəlmiş Eldar müəllimlə getdik. Çox xoşhal oldu: “sanki doğulduğumuz Laçın kəndini ziyarət etdim” - dedi və kövrəldi. Bizi də kövrəltdi və Eldara xitabən: “Kim deyirsə, diplomatlar emosiyasız olmalıdır, səhv edir. Diplomat da insandır. Heç son dəfə görüşəcəyimizi bilmirdim, amma ürəyimə nəsə dammışdı. Ona görə də sənə həsr etdiyim bir şeiri oxumadan özünə verirəm, vaxtın olanda oxuyarsan”. Eldar da elə oradaca oxudu və deyəsən şeir xoşuna gəlmişdi:

Məmməd Aslan

“Gərəkli teleçıxışlarına davamlı baxa bildiklrimdən biri də görkəmli diplomatımız və ictimai xadimimiz Eldar Həsənovdur. Dəqiq olaraq diqqət kəsildiyim və yəqin özünün də unutmadığı bir məqam var: bir də görürsən, oxuduğu mətndən gözünü çəkərək, maraqlı bir ricətə çıxır və tamaşaçıya daha çox yaxınlaşmağı bacarır”.

Kürsüdə kağızdan göz çəkdikdə sən,
Söhbət nə qəribə dəyişir, bilsən.
Əvvəl yazdığını bayaq oxuyan
Bəlkə də o natiq sən deyilmişsən.
* * *
Cism ilə canıdır Koroğlu atın,
Hərəsi bir yanı elin-elatın,
Təbiri-caizcə müqayisədə,
Sərrast silahıdır dil diplomatın.
* * *
Hər məqam bir görüş, bir əhd olmalı!
Nitqin hər sözündə bir cəhd olmalı!
Zərgər sənətidir bu söz sənəti!
Diplomat dilçidən sərrast olmalı!
* * *
Sənin pərgar dilin beçənin balı!
Çiçəklərin şəhdi, balın zülalı.
Dağlara bənzərsən, ona görə də,
Hünərlə qalmısan Laçın havalı!

İyul, 2015


Və yaxud:
Möhtərəm ictimai xadimimiz və diplomatımız
Eldar Həsənovun 60 yaşına.
O günü görə biləcəyimə əmin deyiləm, ona görə də indidən yazdım.


Qürbətin qəhrinə erkən alışdın,
Müşkül mətləbləri hünərlə aşdın!
Təkbaşına getdin, xalqtək çalışdın:
Qəlbimizcə ocaq çatdın qürbətdə.
* * *
İki əl üstündə bir baş dikəldi!
Dalbadal müjdələr gəldi, hey gəldi...
Hər uğurun xalqa layiq heykəldi,
İnşallah, laxlamaz taxtın qürbətdə!
* * *
Ovqatın yerində, xislətən şuxdun;
Sakit Göygölüntək gözləri toxdun.
Gahdan Danyerindən Gün kimi qalxdın,
Gah da ildırımtək çaxdın qürbətdə.
22.07.2015
Yenə də şərhsiz...
Bu məqamda uzun illərin müşahidəsinin nəticəsi olaraq Eldarın bəzi xüsusiyyətlərini yenə də sizlərlə bölüşmək istərdim:

Vəfalı dost bərabərdi qardaşa

Gözəl bir yazıçımız vardı: Əlfi Qasımov. Yaşımız arasındakı fərqə baxmayaraq, yaxın dost idik. Onu da deyim ki, "Azərnəşr"də işə gələndə ilk şöbə müdirim olub. O qədər dostcanlı idi ki, onu “Gənclik” nəşriyyatına direktor göndərmək istəyəndə (təxminən, altmışıncı illərin ortalarında) Mərkəzi Komitəyə söhbətə çağırırlar. MK-nın şöbə müdiri və katiblərindən biri söhbət əsnasında deyir ki, Əlfi müəllim, bilirik çoxlu dostlarınız var, özünüz də dostcanlı adamsınız. İndən sonra gərək dostlardan uzaq olasınız. Əlfi müəllim də söz altında qalan adam deyildi. Dərhal cavab verir ki, axı bizim ölkəmiz də dostcanlıdır. Okeanın o tayında Kuba ilə, Afrikada digər qaradərili ölkələrlə necə dostluq edir! Əgər ölkəmiz onlarla dostluqlarını dayandırsa, söz verirəm ki, mən də buradakı dilbir, dinbir dostlarımla əlaqəni kəsəcəm... Beləcə, “Gənclik” nəşriyyatı Əlfi Qasımovsuz qalır... Bu örnəyi ona görə xatırlatdım ki, dostluğa sadiq, əsl dostluğa zərgər dəqiqliyi ilə qiymət verən Eldarın barəsində bir-iki kəlmə yazım. Eldarı tanıyandan bunun şahidi, iştirakçısı olmuşam. Bir adama dost dedisə, birdəfəlik deyir. Əlbəttə, dost dediyi adam tarixin hansı məqamındasa çaşmasa! Yəni dostluğu Eldar yox, naxələflik və namərdlik edən adam poza bilər. Eldar istər dostu olsun, istərsə də bədxahı – sözü elə deyir ki, qarşısındakı suçunu dərhal dərk edir: ya islah olub düz yola qayıdır, ya da rədd olub birdəfəlik gedir! Çünki riyakarlığa, əqidəsizliyə, satqınlığa nifrət edir. Bir dəfə onun barəsində demişdim və təkrar edirəm:
Əlövsət Ağalarov: "Arxan Laçınqaya – önün Murovdur"

Sözü ülgüc tiyəsidir!
Pozitiv də deyəndə, neqativ də... Eldar sözü yerində işlətməyi bacaran, sözdən çox məharətlə istifadə edən adamdır. Füzulinin bu beytini təkrar etməyi xoşlayır:

Kim nə miqdar olsa,
Əhlin eylər ol miqdar söz.

Adicə vurğu işarəsini də elə ustalıqla işlədir ki, adam çaşıb qalır: bu dilçidirmi, hüquqşünasdırmı?! Bircə misal çəkim: deyəndə ki qardaş, 60 il mənalı, məzmunlu və kişi ömrü yaşamısan, gəl bu 60 illiyini qeyd edək, bir yubiley gecəni keçirək. Necə bozardı (inciməsin bu sözümdən, ayrısını tapa bilmədim): "Qardaş! Sən də mənim ailə-uşaqlarım kimi danışırsan. Nə yubiley? Nə məclis? Torpağı işğalda murdar düşmən tapdağı altında olan bizlərə yubileymi yaraşır?!" Susdum. Vurğunun qardaş sözündə «d» və yubiley sözünün «u» hərflərinin üstündə çox qəzəblə işlətməyindən sonra necə inad edim?! Əlbəttə, ərkim çatır ki, bir daha təklif edim, lap tənqid edim… Amma o vurğuların zəhmi qoymadı. İnsaf naminə onu da deyim ki, tənqidə açıqdır, dözümlüdür. Baş prokuror işlədiyi vaxt prokurorluq, yaxud özünün fəaliyyəti haqda obyektiv tənqid yazan jurnalistləri axtarıb tapdırar, söhbətə dəvət edib təşəkkürünü bildirərdi və bu cür davam etmələrini xahiş edərdi. Amma şəxsiyyətinə, qüruruna toxunacaq bircə kəlmə kəsənlərə barışmazdır və hesab edirəm ki, onun barəsində qeyri-obyektiv düşünən və yazan adamlar bircə dəfə onunla üzbəüz oturub açıq söhbət etsə, yanıldıqlarını düşünərlər.
Bütün bu keyfiyyətlərinin formalaşmasında doğulub boya-başa çatdığı ailənin xüsusi rolu olduğunu inkar etməmək şərtilə deyərdim ki, Eldar özü-özünü yetişdirib. Həyatdan, təcrübəli dostlarından, müəllim saydığı insanlardan dərs alıb.
…Anası rəhmətlik Mənzər xanımın yas mərasimində bir masada oturan iki nəfərin söhbətinə qeyri-iradi qulaq asmalı oldum. Söhbətlərindən məlum oldu ki, biri işığa, biri də qaza baxandır:
– Hər dəfə gələndə rəhmətlik Mənzər xala bizi çaysız-çörəksiz buraxmırdı. Bu evə ilk dəfə gələndə darvazanı açan adamdan soruşdu ki, kimdi gələn? Dedilər ki, heç, işıqpulu yığandır. Pəncərə açıq olduğundan səsini yaxşı eşidirdik. Dedi ki, ay bala, pulunu verin, özünü də oturdun çörək yesin. Adam qayıtdı ki, ay xala, qonaq deyil ey, işıqpulu yığanlardır. Rəhmətlik necə hirsləndisə: ay bala, darvazadan içəri keçən adam artıq sənin qonağındır, evinə gəlib, nəyə gəlməyindən asılı olmayaraq qonaqdır. Qonağı çaysız-çörəksiz yola salmazlar. Nə tez unutdunuz adət-ənənəmizi?.. O vaxtdan hər dəfə bu evə gələndə əməlli-başlı qarnımızı doyurub gedirdik. Sonralar bildik ki, bu sadə, xeyirxah qadın ölkənin Baş prokurorunun anasıymış…
Təbii ki, qardaşımın kamilləşməsində, müdrükləşməsində özünün mikrodövlətinin–ailəsinin rolu və təsiri müstəsnadır. Tələbəlik illərindən sevib-seçdiyi həyat yoldaşı Elmira xanımın bu məqamda xidmətlərini vurğulamamaq insafsızlıq olardı. Elmira xanım gözütox, sadə, qohumcanlı olmaqla bərabər, Eldarın əsl tənqidçisi olub. Özü də barışmaz tənqidçi! Və Eldar inciməsin, lap cavanlıq illərindən bu tənqidçi Domokl qılıncı kimi, başının üstündə olmasaydı, bəlkə də bu məqama yüksəlməzdi. Mənə elə gəlir ki, Eldarın ailəsi həm də onun talismanı – qoruyucusudur.
Eldarın bir xoşbəxtliyi də ondadır ki, onu duyan, ona söz-söhbət yaratmayan gözəl və ağıllı övladları var. Azmı görürük günümüzdə valideynlərinə problemlər yaradan harınlamış məmur övladlarını!? Uşaqlarını elə ruhda tərbiyə edib ki, təbii, burada da əsas məsuliyyət və yük Elmira xanımın üzərinə düşüb, «olmazsa-olmaz!» deyimi – Səbinəyə də, Emilyaya da, Anara da hakim kəsilib. Yəni ata-ana razı olmadığı addım atılmaz, ən xırda məsələ belə, onların xeyir-duasıyla həllini tapar. Çünki «ot kökü üstə bitər» məsəli elə-belə yaranmayıb ki! Mən ailənin köklərinə yaxından bələd olduğuma görə belə əminliklə danışıram. Eldarın da ata-anası, Elmira xanımın da valideynləri möhkəm təməl üstündə qurulmuş müqəddəs bir ailənin yönləndirilməsində, mənsub olduqları tarixi ənənənin davam etdirilməsində əllərindən gələni əsirgəməmişlər. Bu iki ailə Eldarla Elmira xanıma mürəkkəb həyat yollarında qoşa addımlamaq, dövlətinə, xalqına layiq şəxsiyyət olmaq, yaxşı övladlar tərbiyə etməklə bağlı daim tövsiyə və tapşırıqlarını vermişlər. Övladları da ata-ana nəsihətini ulu Yaradanın onlara bəxş etdiyi ənam kimi qəbul edərək, əməl edirlər. Bir haşiyə çıxmaq istəyirəm ki, dediklərimin tam həqiqət olduğuna siz də əmin olasınız.
Azərbaycanın böyük el şairi Bəhmən Vətənoğlunu dəfn edib bu günlərdə haqq dünyasına qovuşmuş Məmməd Aslanla Bakıya qayıdırdıq. Yolda Bəhmən adına layiq bir kitabı nəşr etməyi planlaşdırırdıq. Eldar müəllimin böyük qızı həmişəki canıyananlıqla zəng edib Bəhmənin vəfatıyla bağlı başsağlığı verdi və gözləmədiyim halda: "Əlövsət əmi, Bəhmən Vətənoğlu atamın ən çox sevdiyi şairlərdəndir, atama həsr etdiyi «Darıxdım» şeirini uşaqlarımız da əzbər bilir. Soydaş borcu olaraq istəyirəm Bəhmən Vətənoğlunun bir kitabını da mən nəşr etdirim". Təklif o qədər qəfil oldu ki, qəti bir söz deyə bilmədim və təşəkkür edib: «düşünərik» – dedim. Həm də bir az qabaq Eldar da bu təklifi etmişdi və fikirləşərik demişdik. Məmmədə də Səbinə xanımın istəyini bildirdim: Məmməd: «nolar, bir balamızın səmimi istəyinə əməl eləyək». Və Səbinənin sponsorluğu ilə Bəhmən Vətənoğlu haqqında heç qırxı çıxmamış gözəl bir kitab işıq üzü gördü.
İkinci əhvalat da Məmməd Aslanla bağlı idi. Məmmədin amansız xəstəliyinin qarşısını almaq üçün Türkiyəyə həkimə getmişdik. Yol qeydlərini, xəstəxana günlərini cəmləyib «525-ci qəzet»də dərc etdirmişdim.
Səbinə yazını oxuyub zəng vurmuşdu. Həm təşəkkür etdi, həm dərindən təəssüfləndiyini bildirdi, həm də eynən Bəhmənin kitabına kömək etmək istədiyi zərifliklə Məmməd Aslanın da bir kitabının öz vəsaiti hesabına nəşr etdirmək arzusunu dilə gətirdi və mən Məmməddən razılıq alandan sonra sonuncu «Şair səlahiyyəti» kitabı Səbinənin köməyilə şairin sağlığında işıq üzü gördü. Rəhmətlik bu kitaba görə o qədər sevinmişdi ki...
Şərhə ehtiyac varmı?!
Ağayana bir kişinin, mərd bir qadının yetirdiyi övlad belə olur! Bu cür örnəklər o qədərdir ki, sadalamaqla vaxtınızı almaq istəmirəm. Bir-iki epizod da aramızda xeyli yaş fərqinin olmasına baxmayaraq, dostluq etdiyim qardaşoğlu Anar barədə deməsəm, demək, sadiq dost deyilik. Anarı özümə həqiqətən da dost bilirəm. Bilirsiniz niyə? Çünki Anar gəncliyindən ağsaqqallıq missiyasını yerinə yetirməyə qadirdir. Hərdən Eldarı da qınayıram: belə demək mümkünsə, uşağın gəncliyini “oğurlayıb” birbaşa ağsaqqal kürsüsündə əyləşdirib. Orta və ali məktəbi xaricdə bitirib, valideynlərinin gözündən uzaqda bu əxlaqla, bu tərbiyə və ləyaqətlə böyümək, dərin biliyə yiyələnmək indiki zamanda fədakarlıq tələb edir. Səkkizinci sinifdə oxuyurdu. Bir axşam mənə zəng vurdu, hal-əhval tutandan sonra çox nəzakətlə: «Əlövsət əmi, sizə bir əziyyət vermək istəyirəm. Burada bizə Azərbaycan tarixi və ədəbiyyatından heç nə öyrətmirlər. Mən də tətilə gedəndə atamın verdiyi sualların qarşısında qızarmalı oluram. Məndən tariximiz, ədəbiyyatımızla bağlı soruşur, cavab verməkdə çətinlik çəkirəm. Xahiş edirəm, mümkünsə mənə bu sahələrlə bağlı məsləhət bildiyiniz kitabları göndərin». Donub qalmışdım! Uşağın sözünə bax: atamın sualları qarşısında qızarıram… İndi belə övladları əldə çıraqla axtarırlar. Anarın yerinə kim olsa, deyərdi ki, ay ata, mənim günahımdı ki, burada Azərbaycan tarixi və ədəbiyyatı tədris olunmur?Amma Anar o əxlaqın sahibi deyil. Ata dedi – əməl etməlisən! Bax, tərbiyə üsulu budur! Mən də Anara bu xasiyyətinə görə təşəkkür edib xeyli kitab göndərdim. Ata-anasından o tərbiyəni ki Anar alıb, başqa cür ola bilməz!
Onu da deyim ki, Eldarın qızları Səbinə hüquq, Emiliya isə tibb üzrə fəlsəfə doktorlarıdı, Anar da doktoranturada təhsil alır.
Bu cür övladlara görə də Eldar Həsənov xoşbəxt ata, Elmira xanım xoşbəxt ana adını ləyaqətlə daşımağa haqlıdırlar. Eldar bu 60 yaşında hər şeyə nail olub. General-leytenant, professor, Fövqəladə və Səlahiyyətli səfir, bir neçə dərslik və dərs vəsaiti də daxil olmaqla 25 kitabın və 200-dən artıq elmi-publisistik məqalənin müəllifi və… xoşbəxt valideyn! Bundan böyük xoşbəxtlik yoxdur. Təkcə bir çatmadığı arzusu Qarabağımızın, doğma Kəlbəcərimizin, Zəngəzurumuzun, Göyçəmizin azad olunmasıdır. Bu dəqiqələrdə onu düşündürən, qəmləndirən və nigarançılıq hissini yaşadan bu problemin həlli üçün müvafiq beynəlxalq təşkilatlarda dövlətin verdiyi səlahiyyət çərçivəsində əlindən gələni əsirgəmir.
Və hesab edirəm ki, o gün uzaqda deyil! Azərbaycan dövləti, qüdrətli ordumuz müqəddəs bir Qarabağ savaşına qalxıb bizi bu arzumuza qovuşduracaq və əziz qardaşım növbəti doğum gününü istədikləri ilə birlikdə Kəlbəcərdə–Laçınqayanın zirvəsində dalğalanacaq bayrağın altında keçirəcək! Ən azından onun buna haqqı var! Çünki əvvəldə də dediyim kimi: arxan Laçınqaya – önün Murovdur! Ona görə də sənə zaval yoxdu, qardaş!..
P.S. Az qala yadımdan çıxmışdı: Altmış illik yubileyini təbrik edirəm! Cansağlığı və Kəlbəcər arzulayıram!!! Bilirəm ki, özünün də bundan böyük və müqəddəs arzun yoxdur!



ƏLÖVSƏT AĞALAROV
BAKI, 08.10.2015


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!