Azərbaycanın sərkərdə oğulları heç zaman unudulmur, həyat və döyüş yolları gələcək nəsillərə təbliğ edilir. Keçən il ölkə Prezidenti İlham Əliyevin generallar Əlağa Şıxlinskinin 150, Cəmşid Naxçıvanskinin 120 və bu günlərdə tam artilleriya generalı Səməd bəy Mehmandarovun 160 illik yubileylərinin keçirilməsi barədə imzaladığı sərəncamlar dövlətimizdə hərb tarixinə verilən diqqətin bariz nümunəsidir.Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından sayılan S.Mehmandarov hər şeydən öncə, hərbi quruculuq prosesinin mahiyyətini, onun dövlət siyasətində yerini müəyyənləşdirməyi və bütün imkanları da bu məsələlərin həllinə doğru istiqamətləndirməyi bacarmışdı. O, yüksək kürsülərdən dəfələrlə bəyan edirdi ki, Cümhuriyyət ordusu siyasətdən kənarda qalmalı, yalnız Azərbaycanın müstəqilliyinin keşiyində dayanmalıdır. Hərbi nazir olduğu müddətdə bu prinsipə dönmədən riayət edən S.Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr tərəfindən də alqışlanır və hökumətdə hərbi nazir postu yalnız ona tapşırılır. Beləliklə, 1918-ci il noyabrın 1-də hökumət hərbi nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən tam artilleriya generalı yenidən hərbi xidmətə çağırılır. O, hərbi nazirin müavini təyin edilərək, həm nazirliyin, həm də ordunun formalaşdırılması məsələlərinə rəhbərlik edir. Görkəmli sərkərdənin peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycan xalqına və dövlətinə sədaqəti tez bir zamanda öz təsdiqini tapır və 1918-ci il dekabrın 25-də o, hərbi nazir vəzifəsinə irəli çəkilir. 1918-ci ilin sonlarında müttəfiq dövlətlər adından Bakıya daxil olan ingilis qoşunlarının komandanlığı Azərbaycan hökuməti qarşısına hərbi qüvvələrin, o cümlədən hərbi nazirliyin Bakıdan çıxarılması tələbini qoyur. Bununla əlaqədar nazirlik Gəncəyə köçürülür. 1919-cu ilin ortalarınadək hərbi nazirlik fəaliyyətini orada davam etdirmək məcburiyyətində qalır. Paytaxtdan ayrı düşmək qarşıda dayanan mürəkkəb vəzifələrin həllinin operativliyinə təsir göstərsə də, S.Mehmandarovun işgüzarlığı, ətrafına topladığı zabitlərin iş keyfiyyətlərindən məqsədyönlü istifadə etməsi mövcud çətinliklərin həllində dönüş yaradır. Kadrlarla işlərin düzgün qurulması onun hərbi nazir kimi uğurlu fəaliyyətini şərtləndirən başlıca amillərdən biri idi. Böyük etimad, yüksək tələbkarlıq və daimi qayğı Əlağa Şıxlinski, Məmməd bəy Sulkeviç, Həbib bəy Səlimov, İbrahim ağa Usubov, İbrahim bəy Vəkilov, Cavad bəy Şıxlinski, Əbdülhəmid bəy Qaytabaşı, Teymur bəy Novruzov kimi onlarca digər generalın, yüksək rütbəli milli zabitlərin təşəbbüskar fəaliyyətinə geniş meydan açdı. Zabit kadrlarının milli zəmin üzərində təkmilləşdirilməsinə önəm verən sərkərdənin təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə praporşiklər məktəbi, sonra isə Hərbiyyə məktəbi açılır. Eyni zamanda
İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Şuşa hərbi-feldşer məktəbi fəaliyyətə başlayır. Qısa müddət ərzində Azərbaycan Ordusunda iki piyada, bir süvari diviziyası, Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılır. Ordunun tərkibində 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi. Şəxsi heyətin sayının 40 min nəfərə çatdırılması və texnika təchizatını gücləndirmək məqsədilə 5 tank, 12 hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil alınması planlaşdırıldı. Artıq Gəncədə bir hərbi zavod işləməyə başlamışdı. Azərbaycanın Avropa ölkələrindən silah alması müşkül idi. Antanta ölkələri Azərbaycanın Osmanlı Türkiyəsi ilə əlaqələrinə qısqanclıq göstərirdi. Çatışmazlıqlara baxmayaraq, ordu xeyli möhkəmlənmiş, yüksək intizamlı ordu yaradılmışdı. 1919-cu ilin sentyabrında Bakıda olmuş ingilis hərbi müxbiri Skotland Liddel öz təəssüratlarında yazırdı: "Mənə deyirdilər ki, burada qarışıqlıqla qarşılaşacağam, amma heç bir qarışıqlıq görmədim... Yolboyu biz Azərbaycan Ordusunun yüzlərlə cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl gördüyüm əsgərlər deyildilər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar. Azərbaycan Ordusu sürətlə təşkil olundu, sürətlə də lazımi şəklə düşdü. Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə yaşaya bilməz. Azərbaycanda dəmir intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur".
Aprel işğalından sonra Moskvaya Daimi Artilleriya komissiyasının üzvü kimi səhra qərargahına göndərilən S.Mehmandarovun öz əli ilə yazdığı qeydləri bu günümüzə gəlib çatan dəyərli faktlardır. "Cümhuriyyət hökuməti əsgəri işlərə əhəmiyyət vermişdir. Hərbiyə nəzarətə general Səməd bəy Mehmandarov təyin olunmuşdu. Onun müavini rus artilleriyasının "Allahı" general-leytenant Əlağa Şıxlinski, baş qərargah rəisi isə general-leytenant Süleyman bəy Sulkeviç idi. 24 min süngü, 6 min piyada, süvari topçu və digər siniflərdən ibarət hər cür silahla yaraqlanmış bir ordu qurulmuş və Xəzər dənizində kiçik bir flot hazırlanmışdır. Düşmən qüvvələr itaət və nizam altına alınmışdır".
Ordu quruculuğunun milli zəmində qurulması S.Mehmandarovun hərbi nazir kimi önəm verdiyi əsas xətt idi. Mövcud tarixi şəraitdə ölkədə türk və rus hərbi təcrübələrinin təsirli olmasına baxmayaraq onların mütərəqqi formalarından məhz milli zəmin əsasında istifadəyə üstünlük verilirdi. Əsgər və zabiti xalqına daha da yaxınlaşdıran, Vətəninə daha dərindən bağlayan dəyərləri əsas götürən S.Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edir. O, azərbaycanlı döyüşçülərin müqəddəs kitabımız Qurani-Kərimin altından keçməklə, Vətənə sədaqət andı içmələrini zəruri sayır, marşların ana dilində oxunmasını tələb edir, milli rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiqləyir. Xalqımızın zəngin hərb tarixinin öyrənilməsinə və hərbi qulluqçular arasında təbliğinə, hətta əsgərlərin qidalanmasında milli xörəklərin üstünlük təşkil etməsinə göstəriş verir.
Yeni yaranan hərbi hissələrdə aşkara çıxan fərarilik, çağırış və səfərbərlik üzrə işlərin düzgün aparılmaması hallarını aradan qaldırmaq, əhalidə orduya inam yaratmaq üçün hərbi nazir general S.Mehmandarovun xalqa müraciəti olur. Onun 1919-cu il fevralın 25-də parlamentdə proqram xarakterli çıxışında, əmr və yazışmalarında imkanlı şəxslərin övladlarının hərbi xidmətdən yayındırılması sərt tənqid edilirdi. Əhalinin hərbi xidmət yaşı çatmış bütün kateqoriyalarının orduya cəlb edilməsinə görə çağırış və səfərbərlik işinin yeni sistemi tətbiq olunur. Fərarilik və xidmətdən yayınmanın əsas səbəblərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır. Mövcud tarixi şəraitdə - Denikin qoşunlarının hücum təhlükəsinin qarşısını almaq məqsədilə Bakı ətrafında və şimal sərhədi boyunca güclü müdafiə sisteminin yaradılması, Lənkəran bölgəsindəki separatçılığın aradan qaldırılması məqsədilə döyüş tapşırığının icrası, 1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və s. general S.Mehmandarovun Vətən qarşısında xidmətlərinin ən yüksək göstəriciləri idi. Qarabağ və Qazax-Tovuz bölgələrində genişlənən erməni daşnak qüvvələrinin hücumlarının qarşısının alınması və qısa vaxtda ölkənin hərbi potensialının formalaşdırılması kimi vəzifələrin öhdəsindən bacarıqla gəlmiş general Mehmandarov xalqımızın sərkərdəlik tarixinə şanlı səhifələr yazıb.
Lalə HÜSEYNOVA