Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tanınmış hərbi xadimi general Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində tədbirlər davam edir.Martın 17-də Azərbaycan Hərb Tarixi Muzeyində tam artilleriya generalı Əlağa Şıxlinskinin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir ulu öndərimiz Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəmanlarımızın xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməısi ilə başlanıb. Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə yubiley tədbirini açıq elan edib. O, görkəmli hərbi şəxsiyyət general Ə.Şıxlinski adının Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd edərək bildirdi ki, onun rus-yapon müharibəsində və Port-Artur döyüşlərində göstərdiyi döyüş şücaətini, əsl sərkərdəlik məharətini görən çar generalları etiraf etmişdilər ki, “Əlağa Şıxlinski həqiqətən artilleriya allahıdır”. Natiq general Ə.Şıxlinskiyə həsr olunmuş tədbirlər planının muzeydə ilboyu davam edəcəyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Muzeyin elmi işlər üzrə rəis müavini tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və bələdçi-tərcüməçi Türkan Novruzova “Azərbaycanlılar və çar Rusiyası ordusu” “Əlağa Şıxlinski – rus artilleriyasının allahı” adlı mövzularında çıxış ediblər. Qeyd edilib ki, Azərbaycan torpağı tarix boyu görkəmli şəxsiyyətlər, ictimai xadimlər və yenilməz sərkərdələr yetişdirib. Həmin insanlar həyatlarını Vətənin azadlığına və qüdrətlənməsinə həsr etmiş, doğma yurdu bütün dünyada tanıtmağa çalışmışlar. İstər çar Rusiyası, istərsə də Sovetlər birliyi dövründə azərbaycanlıların hərb elminə yiyələnməsini böyük qısqanclıqla qarşılayan o zamankı rejim, müsəlman xalqlarının hərbi ənənələrinin yaranmasına imkan vermirdilər. “Bütün bu qadağalara baxmayaraq o dövrdə Rusiyada hərb sənətinin ən yüksək zirvəsinə çatmış və tam artilleriya generalı adına layiq görülmüş azərbaycanlı sərkərdələr – Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski, süvari generalı Hüseyn xan Naxçıvanski sübut etdilər ki, Azərbaycan xalqı hərb sənətinə yiyələnməyə qadir olan bir xalqdır”, - deyə natiqlər bildiriblər.
Tədbirdə Müdafiə Nazirliyi Mənəvi-Psixoloji və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik Nazim Əhmədov, general Əlağa Şıxlinski haqqında sənədli filmlərin müəllifi Ziya Şıxlinski, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, Hərbi Akademiyanın, veteran təşkilatlarının və şəhər muzeylərinin nümayəndələri iştirak ediblər.
Lalə HÜSEYNOVA