“ Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan!”
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bir müddət sonra – 1918-ci ilin 26 iyununda Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə təməli qoyulmuş müasir Azərbaycan Silahlı Qüvvələri çətin, əzablı, amma şərəfli bir inkişaf yolu keçmişdir. Silahlı Qüvvələrin yaradılmasından ötən bu illər ərzində ordumuzun potensial imkanlarının genişləndirilməsi və peşəkar hərbi kadrların hazırlanması sahəsində böyük işlər görülmüşdür.
Bu gün də Azərbaycan hərbi anda və nizamnamələrə sadiq qalaraq, Vətənə, xalqa, dövlətə sədaqətlə qulluq edən, işğal altında olan ərazilərimizin azad edilməsinə hər an hazır olan, müasir tələblərə cavab verən qüdrətli bir orduya sahibdir. Müharibə şəraitində olan Azərbaycan Respublikasında ordu quruculuğuna böyük önəm verilir, onun inkişaf tempi daim diqqət mərkəzində saxlanılır və fəxrlə deyə bilərik ki, Silahlı Qüvvələrimiz son illərdə regionda öz sözünü deməyə qadir olan ən qüdrətli hərbi gücdür.
İyunun 24-də Silahlı Qüvvələrin yaradılmasının 96 illiyi münasibəti ilə Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilmişdir.
Tədbirdə Müdafiə Nazirliyindən, ali hərbi məktəblərdən, veteran şuralarından, Qarabağ müharibəsi veteranları, hərbi hissələrdən, şəhər muzeylərindən, Türkiyənin Azərbaycanda yerləşən Hərbi Atteşeliyinin iyirmi nəfər nümayəndəsi və digər müəssisələrdən nümayəndələr iştirak etmişdir.
Tədbiri müzeyin rəisi e.o.polkovnik Sahib Qarayev açaraq qonaqları salamladı və Silahlı Qüvvələrin 96 illiyi ilə əlaqədar onları təbrik etdi.
Tədbirdə Ordumuzun 1918-20ci illər tarixinə həsr olunmuş maraqlı çıxışlar, məruzələr səsləndi. Muzeyin Arxiv-fond və ekspozisiya üzrə rəis müavini Lalə Hüseynovanın “ Heydər Əliyev və Ordu quruculuğu” adlı məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi. Muzeyin elmi işlər üzrə rəis-müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Hacı Həsənov, müzeyin elmi işçisi Ərəstun Baxışəliyev, Azərbaycan Milli ordusunun yaranması tarixindən, ordunun uğurlu əməliyyatlarından danışdılar. Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş “Yazılsın tarixə bir qızıl xətlə” adlı sənədli filmin nümayişi oldu. Diqqət çəkən məqamlardan biri də, tədbirdə iştirak edən qonaqların maraqlı, vətənpərvərlik hissləri aşılayan çıxışları idi. Qonaqların diqqətini daha çox cəlb edən, gurultulu alqışlara səbəb olan çıxışlardan biri Azərbaycan Respublikası Daxili Qoşunları müşaviri polkovnik Eyyub Şekərin çıxışı oldu. O, çıxışına, böyük Atatürkün “ Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı ilə başlayaraq, iki xalqın birgə bağlılıqlarını nəzərə çatdıraraq, “ Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan” söyləyərək çıxışını bitirdi. Tədbiri yekun sözü ilə muzeyin rəisi e.o.polkovnik Sahib Qarayev bağlayaraq bir daha Azərbaycan xalqını Silahlı Qüvvələr günü münasibəti ilə təbrik etdi, tezliklə torpaqlarımızın düşməndən azad olunmasını arzuladı.
Nuranə Nəcəfova