"Bax, Miçotakis, eşitmişəm ki, sağda-solda danışırsan. Bunu yaxşı bil, əgər səhv eləsən, çılğın türklər gələcək, bunu biləsən". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Esenyurtdakı təməlqoyma mərasimində çıxışı zamanı deyib. "Deyirlər ki, Türkiyə "Tayfun" adlı raket istehsal edib. Bunu Afinaya atsa, nə olar? Bizim Afinaya raket atmaq niyyətimiz yoxdur. Yetər ki, ağıllı olun. Adaları silahlandırsanız, boş duracağıq?", - deyə Ərdoğan bildirib. Türkiyənin təhsil sahəsindəki uğurlarından danışan ölkə prezidenti müvafiq sahədə büdcənin artırıldığını deyib. O, müxalifətdən də danışıb: "Bilirsiniz, açılış mərasimlərinə çox qatılmıram. Kemal Kılıçdaroğlu isə su kranı açılmağına da gedir".
İrəvan Bakı ilə daha intensiv danışıqlara hazırdır - Mirzoyan
"Ermənistan, Gürcüstan və Azərbaycan dövlət başçılarının görüşü ideyası nəzərdən keçirilir". Bunu Ermənistan XİN başçısı Ararat Mirzoyan "Armenpress"ə müsahibəsində bildirib. "Ermənistan tərəfi artıq buna hazır olduğunu açıqlayıb. Ancaq sadə birgə bəyanat barədə belə razılaşmaq olmayanda belə görüş effektiv və perspektivli görünmür”, - nazir söyləyib. "İrəvan Bakı ilə danışıqlar prosesinə konstruktiv yanaşır və daha intensiv danışıqlara hazırdır. Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişaf etdirilməsində maraqlıdır və Tbilisi platformasının potensial və imkanlarını nəzərdən keçirir", - deyə o əlavə edib.
Ermənistan yalnız suveren ərazilərdə minalanma həyata keçirir - Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizi ilə mina daşınmasına münasibət bildirib. Mirzoyan bu barədə "Armenpress"ə müsahibəsi zamanı danışıb. O, faktı təkzib edib. "Ermənistan yalnız öz suveren ərazilərində və özünümüdafiə məqsədi ilə minalama həyata keçirir", - deyə XİN başçısı söyləyib. Mirzoyanın sözlərinə görə, hərbi eskalasiya ehtimalı xeyli yüksəkdir. Qeyd edək ki, Azərbaycan Laçın dəhlizi vasitəsilə Ermənistan istehsalı olan minaların daşınması ilə bağlı faktlar aşkarlayaraq buna son qoyulmasını tələb etmişdi.
Fransa prezidenti Emmanuel Makron ölkəsinin hərbi sahədəki hədəfləri barədə danışıb. Makron ordunu gücləndirməyin vacib olduğunu bəyan edib. Onun sözlərinə görə, nüvə sahəsində də yeniliklərə ehtiyac var. "Biz Fransanın nüvə potensialını gücləndirəcəyik. Bunun üçün işlər görüləcək", - deyə Makron vurğulayıb.
Zurabişvili Rusiya ilə hava əlaqəsinin bərpasına qarşı çıxdı
Gürcüstan prezidenti Rusiya Federasiyası ilə hava əlaqəsinin bərpasına qarşı çıxıb. Bu barədə TASS məlumat yayıb. Salome Zurabişvili həmçinin Rusiya vətəndaşlarının respublikada qalmaları üçün şərtləri sərtləşdirməyə çağırıb. "Rusiya ilə hava əlaqəsinin bərpasına qarşıyam", - deyə o bildirib. "Mən hava əlaqəsinin bərpasını alqışlamıram! Bütün tərəfdaş ölkələr sözdə və ya əməldə Ukraynanın fədakar mübarizəsi ilə maksimum həmrəylik ifadə etdiyi bir vaxtda mənim üçün və əminəm ki, cəmiyyətin əksəriyyəti üçün hökumətin və hakim partiyanın mövqeyi yumşaq desək, anlaşılmazdır”, - deyə Gürcüstan prezidenti əlavə edib.
Səlahiyyətin kimdə olduğunu bilməyən cahillərlə üz-üzəyik - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "The Economist" nəşrinin üz qabığında Türkiyədəki seçkilər barədə təsvirə münasibət bildirib. Ərdoğan bu barədə cümə namazından çıxarkən danışıb. "İndi siz türk mediasına mənsub olanlar kimi "The Economist"in şərhinə "hə" deyirsiniz? Yəni millətiin taleyini onlar təyin edir? Mənim millətim təyin edir. Millət nə desə, Türkiyədə o olur. Türkiyənin taleyini ingilis jurnalı təyin edə bilməz", - deyə o söyləyib. Seçkilər mövzusuna da toxunan Türkiyə prezidenti müxalifətin 14 may tarixindən danışmasını xeyirli əlamət adlandırıb: "Səlahiyyətin kimdə olduğunu bilməyən cahillərlə üz-üzəyik. Türkiyənin prezidenti Ərdoğandır. Konstitusiyada səlahiyyətlər bəllidir. 60 gün əvvəl seçki elan oluna bilər". Ərdoğan Yunanıstanı razılaşmalara uyğun olmayan addımlardan çəkinməyə çağırıb. Qeyd edək ki, "The Economist"in üz qabığında Ərdoğan əleyhinə təsvir yer almışdı.
Ermənistanın ərazi bütövlüyünə hörmət edilməlidir - İran səfiri
"Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir". Bunu Sünik vilayətinə səfəri zamanı İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri deyib. "Tehran bütün qonşuları ilə münasibətdə müxtəlif sferalarda əməkdaşlığın inkişafına yönələn siyasət yürüdür. Ermənistan bizim dost olan qonşularımızdandır və ona münasibətdə də belə siyasət yürüdülür. Xarici işlər nazirimizin qeyd etdiyi kimi, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir", - deyə səfir söyləyib. Qeyd edək ki, bu yaxınlarda İran və Ermənistanın paytaxtları - Tehran və İrəvan rəhbərliyi arasında şəhərlərin qardaşlaşması haqqında anlaşma imzalanıb.
Lazım olduğu qədər Ukraynanı dəstəkləməkdə qərarlıdır - ABŞ naziri
ABŞ-ın Almaniyada yerləşən Ramşteyn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun səkkizinci iclası başlayıb. Bu barədə “Ukrinform” məlumat yayıb. İclasda 50-yə yaxın ölkənin müdafiə idarələrinin rəhbərləri, NATO-nun baş katibi Yens Stoltenberq, ordunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov iştirak edir. Tədbir iştirakçıları Brovaridə helikopter qəzasında həlak olanların xatirəsini ehtiramla yad ediblər. İclasın açılış nitqini ABŞ müdafiə naziri Lloyd Ostin edib. “Biz 50 dövlət lazım olduğu qədər Ukraynanı dəstəkləməkdə qərarlıyıq... Putin həm Ukraynanın, həm də bizim qətiyyətimizlə hesablaşmadı. Hazırkı vəziyyət Ukrayna və bütün dünya üçün həlledici məqamdır”, - müdafiə naziri Lloyd Ostin deyib.
“TRT Haber” agentliyi 20 Yanvar hadisələriylə bağlı məqalə dərc etdi
Türkiyənin "TRT Haber" agentliyi 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı məqalə dərc edib. Eləcə də video formatda məzmun hazırlanaraq Türkiyə ictimaiyyətinin hadisə ilə bağlı məlumatlandırılması üçün diqqətə çatdırılıb. "Azərbaycan müstəqillik yolunda çox canlar itirdi. Sovet ordusu ermənilərin qızışdırması ilə 20 Yanvar 1990-cı ildə Bakıya girərək onlarla Azərbaycan türkünü şəhid etdi. Məqsədləri bir milləti sındırmaq idi, amma Azərbaycan Qara Yanvardan müstəqilliklə çıxdı", - deyə yazıda qeyd olunub. Məqalədə həmçinin hadisənin təfərrüatları barədə ətraflı məlumatlar geniş tarixi rakursdan türk oxucusuna təqdim olunub.
Yataqların talanmasında Ermənistanla yanaşı, digər ölkələr də var - Nazir
Qarabağda faydalı qazıntı yataqlarının talan edilməsində tək Ermənistan iştirak etməyib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, sərvətlərin talanmasında başqa ölkələrin də şirkətləri iştirak edib: “Biz dəqiq ad deyə bilmərik hansı ölkələrdir, amma məlumdur ki, digər ölkələrin də iştirakı olub. Buna beynəlxalq hüquq müstəvisində qiymət veriləcək”.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!