Qısa müddətdə azad ticarət zonası açılacaq - İlham Əliyev
Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq. Ümid edirik ki, həmin azad ticarət zonası istehsalat və şirkətlər üçün sərmayə qoyuluşu baxımından münasib məkan olacaq. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, əlbəttə, biznes mühitinin yaxşılaşdırılması uğurun əsas amillərindəndir. Çünki dünyada bütün ölkələrin, hətta ən inkişaf etmiş dövlətlərin əlavə sərmayəyə ehtiyacı var. Ancaq, sadəcə, biznes mühiti kifayət deyil. Ölkələr arasında münasibətlər nadir vəziyyət yaradır - qlobal miqyasda ən yüksək dostluq şəraiti. Mən Azərbaycan və Gürcüstan, Azərbaycan və Türkiyə, Gürcüstan və Türkiyə, habelə bizim üçtərəfli əlaqələrimizi nəzərdə tuturam.
Moldova hərbi yardım üçün Qərb ölkələrinə müraciət etdi
Moldova müttəfiqlərindən müşahidə və hava hücumundan müdafiə sistemləri tələb edir. Bu barədə Moldova prezidenti Maya Sandu "Reuters" agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Avropa İttifaqı ölkələri ilə danışıqlar aparılır. "Biz havadan müşahidə və müdafiə sistemləri tələb etdik. Biz başa düşürük ki, Ukrayna prioritetdir, lakin biz də onlardan bəzilərini alacağımıza ümid edirik”, - Sandu deyib. Prezident qeyd edib ki, Rusiya Moldovada hökuməti, parlamenti və prezidenti devirmək üçün həqiqətən də korrupsiyalaşmış qrupları və rusiyayönlü partiyaları səfərbər etməyə çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Dövlətimizin başçısı panel iclasının moderatorunun suallarını cavablandırıb.
Krımın və dörd regionun Rusiyaya daxil olmasını tanımırıq - İran XİN
İran Rusiya ilə yaxşı münasibətləri olsa da, Krımın və dörd regionun Rusiyaya daxil olmasını tanımır. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “TRT World”ə müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, Tehran beynəlxalq hüquq çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyır. "Bu səbəbdən biz Krımın və digər 4 regionun Rusiyaya daxil olmasını tanımırıq”, – iranlı nazir deyib. Xatırladaq ki, Rusiya Ukraynanın Krım bölgəsini 2014-cü ildə, Luqansk, Donetsk, Xerson və Zaporojye bölgələrini 2022-ci ildə ilhaq edib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Bu barədə Ukrayna lideri teleqramda yazıb. Zelenski Mişelle səmərəli müzakirə apardığını bildirib: “Bizim əlaqələrimizin güclənməsi istiqamətində mühüm nəticələr əldə edilib. Biz daha böyük nailiyyətlərə nail olmaq üçün çalışırıq”. Qeyd edək ki, Mişel Kiyevdə səfərdədir. O, səfər çərçivəsində hərbi hosbitala baş çəkib, yaralı əsgərlərlə görüşüb.
Avropa Parlamenti SEPAH-la bağlı qətnaməni qəbul etdi
Avropa Parlamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror qruplaşması kimi tanınmasını tələb edən qətnaməni qəbul edib. Bu barədə qurumun saytında məlumat yer alıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Silahlı Qüvvələri, Bəsic Könüllü Qüvvələri və SEPAH Qüds Qüvvələri "qara siyahı"ya daxil olunub. Parlament Avropa İttifaqını sanksiyalar siyahılarını İslam İnqilabının lideri Ayətullah Əli Xamenei, Prezident İbrahim Rəisi, baş prokuror Məhəmməd Cəfər Montazeri və İran parlamentinin 227 deputatı da daxil olmaqla, bir çox fiziki və qurumları əhatə edəcək şəkildə genişləndirməyə çağırıb. Bildirilib ki, İnqilab Keşikçiləri Korpusunun üzvlərinə və ya filiallarına Avropa ərazisində hər hansı iqtisadi və maliyyə fəaliyyətini həyata keçirmək qadağan olunacaq. Qətnamədə Avropa Parlamenti Böyük Britaniyanın SEPAH-ı terror təşkilatları siyahısına daxil etməyə hazırlığını alqışlayıb və bütün həmfikir ölkələri də bunu etməyə çağırıb.
Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. Məlumatı Kremlin mətbuat xidməti yayıb. "Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. İkitərəfli münasibətlərin aktual məsələləri, o cümlədən enerji və nəqliyyat sektorlarında əməkdaşlıq müzakirə edilib", - məlumatda deyilir. Telefon danışığında Suriyadakı vəziyyətə toxunulub: "Suriyadakı vəziyyətə də toxunulub. Suriya nizamlanmasının təşviqi üçün əsas mexanizm kimi Astana prosesi çərçivəsində sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd edilib". Tərəflər həmçinin müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, bir neçə gün əvvəl Putin Rəisi ilə Rusiya-İran gündəmindəki məsələləri müzakirə edərək, ikitərəfli əməkdaşlıq kompleksinin daha da gücləndirilməsinə diqqət çəkmişdilər.
Avropa İttifaqından 20 yanvarla bağlı başsağlığı mesajı
“Avropa İttifaqı (Aİ) sülhdolu, sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır”. Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko twitterdə yazıb. O, Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin məzarını ziyarət etdiyini bildirib. “Bu gün Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər xiyabanına gül dəstələri düzərək, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - o vurğulayıb.
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq münasibətlərinin olduğu qeyd edilib. Ölkələrimiz arasında turizm, investisiyalar və enerji sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Dövlət başçısı Cənubi Qafqaz regionundakı vəziyyət barədə məlumat verib, Ermənistanın müxtəlif yalan məlumatlar əsasında bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı təbliğat apardığını qeyd edib. Prezident İlham Əliyev həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolundakı vəziyyət barədə də Monteneqro Baş nazirinə məlumat verib. Dritan Abazoviç qeyd edib ki, Monteneqro hər zaman Azərbaycanı dost ölkə hesab edir. Baş nazir Monteneqronun Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Aşkarlanan məxfi sənədlər Baydenin reytinqinə təsir edib
“Reuters” Agentliyi ABŞ prezidenti Co Baydenin buhəftəki reytinqi ilə bağlı sorğu keçirib. Sorğunun nəticəsi C.Baydenin ictimaiyyət arasındakı reytinqinin 40%-ə düşdüyünü göstərib. 13-15 yanvar tarixlərində keçirilən sorğuda 1035 nəfər iştirak edib. Agentliyin məlumatına görə, bu, ABŞ prezidentinin evində onun vitse-prezident olduğu dövrə (2008-2016) aid məxfi sənədlərin aşkarlanması ilə bağlıdır. CNN mənbələri bildiriblər ki, sənədlərdə Ukrayna, İran və Böyük Britaniya ilə bağlı kəşfiyyat məlumatları var.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!