7-12-2022, 16:21
Rusiyayla münasibətlər avtomatik düzəlməyəcək - NATONATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansın Rusiya ilə münasibətlərindən danışıb. O, münasibətlərin normallaşmasının avtomatik baş verməyəcəyini vurğulayıb. “Ukraynadakı münaqişənin başa çatması avtomatik olaraq NATO-nun Moskva ilə münasibətlərinin normallaşmasına gətirib çıxarmayacaq”, - deyə Stoltenberq söyləyib. Qeyd edək ki, bu ilin 24 fevral tarixində Rusiyanın Ukrayna ərazilərinə hücum etməsindən sonra başlayan müharibə hələ də davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Moskvanın bu addımı Qərb ölkələrinin kəskin etirazına səbəb olub.
7-12-2022, 16:12
Sabahın hava proqnozu - 12 dərəcə şaxtaSabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
7-12-2022, 16:09
Yeni cərimələr tətbiq olunacaqMaliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Bu barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsində öz əksini tapıb. Qanuna əsasən, tələblərin pozulmasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə ediləcək.
7-12-2022, 16:05
Rusiyada növbəti səfərbərlik dalğası gözlənilirRusiya prezidenti Vladimir Putin rusları Ukraynada müharibə üçün yeni səfərbərlik elanına hazırlayır. Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin məlumatında qeyd olunub. Bildirilib ki, nə ümumi səfərbərlik, nə də Ukraynaya rəsmi müharibə elan etmək “dünyanın ikinci ordusu”na kömək etməyəcək. Məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi dinc dövrdə iki illik çağırış dövrü ərzində eyni vaxtda 130 mindən çox olmayan çağırışçıya təlim keçə bilər. Beləliklə, peşəkar şəkildə mobilizasiya üçün ən azı üç ay lazım olacaq. Qeyd edək ki, bundan əvvəl Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, hazırda cəbhəyə gələn “mobillər" Putinin qismən səfərbərlik əmrindən dərhal sonra cəbhəyə göndərilənlərdən daha yaxşı hazırlanıb.
7-12-2022, 15:39
Ukraynanın NATO-ya üzv olmasına qarşı səssizlik..Qərb ölkələri Ukraynanın NATO-ya üzv olması məsələsindən yayınmağa çalışır. Bu barədə “Politico” nəşri yazıb. Bildirilib ki, bu mövzu Qərb ölkələri üçün təhlükəlidir və bu səbəbdən NATO üzvü olan ölkələrdən bəziləri Ukrayna ilə bağlı müzakirələrdən yayınmağa çalışır. “Sentyabr ayında rəsmi Kiyevin hərbi təşkilata yenidən müraciət etməsindən sonra alyans yenə də konkret cavab verməkdən imtina edib. Sadəcə 2008-ci ildə Ukraynanın NATO-ya üzv ola biləcəyi ilə bağlı verilən vəd yada salınıb”, - deyə nəşr yazır. “NATO üzvləri Ukraynanın alyansa daxil olmasından qaçır”, - deyə məlumatda əlavə olunub.
7-12-2022, 15:33
Ermənistan idarəçiliyində yeni qaydalarBundan sonra Ermənistan Respublikasının istefada olan prezidentləri və keçmiş baş nazirlərinin dövlət himayəsinə alınması yalnız vəzifədə olan baş nazirin qərarı ilə mümkün olacaq. Bu barədə “Jogovurd” qəzeti yazıb. Bildirilib ki, dekabrın 9-da Ermənistan parlamentinin növbədənkənar sessiyası keçiriləcək. Sessiyanın gündəliyinə “Xüsusi dövlət mühafizəsi altında olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinə dair sənəd zərfi daxildir. Bu layihələrlə respublikanın istefada olan prezidentləri və baş nazirlərinə verilən şəxsi dövlət mühafizəsi müddətlərinin məhdudlaşdırılması təklif edilir. O cümlədən, Ermənistan Respublikası ərazisində prezidentlərə və baş nazirlərə verilən şəxsi dövlət mühafizəsi müddətinin müvafiq olaraq 7 və 10 ilə məhdudlaşdırılması təklif olunur. Həmçinin, istefada olan prezidentlər və baş nazirlərin bir il ərzində ümumi müddəti 20 gündən çox olmayan xarici ölkələrə səfərləri zamanı dövlət mühafizəsi ilə təmin olunmasının hüquqi tənzimləmələri məsələsinə də baxılacaq. Bu layihəyə əsasən, Milli Təhlükəsizlik Xidməti baş nazirə tabe olan orqan statusuna malik olacaq. Beləliklə də, baş nazir Nikol Paşinyan yeni səlahiyyətlərə sahiblənəcək.
7-12-2022, 15:15
Qazi piyadanın həyatına son qoyduİmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Araşdırma aparılır. Qeyd edək ki, N.Məhərrəmov Vətən müharibəsi qazisidir. Onun idarə etdiyi avtomobil qardaşına məxsus olub.
7-12-2022, 15:12
Qazimiz məhkəmə qarşısında - 8 illik hökmUkrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub. Ötən gün keçirilən məhkəmə prosesində azərbaycanlı gənclər adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, milliyətcə erməni olan əcnəbi azərbaycanlıları onu döyməkdə günahlandıraraq polisə şikayət edib. Lakin indiyədək keçirilən məhkəmə proseslərində ittihamı təsdiqləyən heç bir fakt təqdim olunmayıb. Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
6-12-2022, 19:43
Güləşçilərimiz dünya çempionatında iştirak edəcəkAzərbaycanın 2 güləşçisi dekabrın 10-da ABŞ-ın Ayova ştatının Koralvill şəhərində start götürəcək Dünya Kubokunda iştirak edəcək. Federasiyadan verilən məlumata görə, sərbəst və qadın güləşi üzrə 2 gün davam edəcək yarışda ölkəmiz fərdi qaydada təmsil olunacaq. Sərbəst güləşdə Dünya yığmasının tərkibində Osman Nurmaqomedov (92 kq) yer alıb. Bu komanda B qrupunda Yaponiya və İranla mübarizə aparacaq. A qrupunda isə ABŞ, Gürcüstan və Monqolustan çıxış edəcək. Qadın güləşində isə Dünya yığmasının heyətində Jalə Əliyeva (57 kq) qüvvəsini sınayacaq. Bu kollektiv B qrupunda Çin və ABŞ-la münasibətlərinə aydınlıq gətirəcək. A qrupunun iştirakçıları Yaponiya, Ukrayna və Monqolustandır. Reqlamentə əsasən, ayın 10-da qrup görüşləri keçiriləcək. Qrup qalibləri finala, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda görüşə vəsiqə qazanacaq. Final və 3-cü yer uğrunda qarşılaşmalar dekabrın 11-də baş tutacaq.
6-12-2022, 19:38
Gürcüstan hökümətindən Ukraynayla bağlı açıqlamaGürcüstan Ukraynaya hərbi yardım edə bilməz və etməyəcək. Bunu Gürcüstan parlamentinin çoxluqda olan “Gürcü Arzusu” fraksiyasının rəhbəri Mamuka Mdinaradze bildirib. Deputat qeyd edib ki, Gürcüstan Ukraynaya tam siyasi dəstək verir və humanitar yardımlar edir, lakin hərbi yardım göstərə bilməz. O, bu qərarın Gürcüstanın özünün Abxaziya və Cənubi Osetiya ilə bağlı problemlərinin olması ilə əlaqəli olduğunu söyləyib.