Erməni deputatdan etiraz aksiyalarıyla bağlı məlumat
Ermənistan parlamentində müzakirələrdən sonra müxalifət qüvvələri ölkədə yeni etiraz aksiyalarına start verilməsini gündəmə gətirib. Bu barədə müxalif “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan danışıb. “Vəziyyət ümidsiz deyil, baxmayaraq ki, vətəndaşların bir qismi arasında apatiya var, onu dəyişmək olar”, - deyə Xaçatryan söyləyib. Ölkədə etiraz aksiyalarının keçiriləcəyini vurğulayan deputat dəqiq tarix barədə məlumat verməyib.
Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tanklar, artilleriya batareyaları, təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib. Birgə təlim iki ölkə Silahlı Qüvvələrinin əməkdaşlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır. Dekabrın 6-da soyuq və qarlı havada həyata keçirilən təlim çərçivəsində ilk olaraq artilleriya batareyaları ilə müəyyən edilmiş hədəflərə atəş açılıb. Hədəflər dəqiqliklə vurulduqdan sonra tank atışlarına başlanılıb. Sonra T-72 və T-90 tankları müəyyən edilən hədəfləri məhv etdikdən sonra ikinci dəfə artilleriya batareyaları atəş açıb. Artilleriya atəşindən sonra isə zirehli bölmələrin hücumları başlayıb. Təlimin növbəti hissəsində yaralılar helikopterlə təxliyyə olunub, eyni zamanda panton körpülərlə çaydan keçmə əməliyyatı icra edilib, artilleriya batareyalarının köçürülməsi həyata keçirilib. Bütün bu proses Hərbi Hava Qüvvələri elementlərinin hava dəstəyi ilə reallaşdırılıb. "Qardaş yumruğu" təlimi planda nəzərdə tutulan hədəflərin tutulması ilə uğurla başa çatıb.
İrəvan Bakıdan sülh müqaviləsiylə bağlı təkliflər alır - Aqacanyan
“Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər almışıq”. Bunu Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Eduard Aqacanyan deyib. “İrəvan yaxın vaxtlarda Bakıdan sülh müqaviləsi ilə əlaqədər təkliflər alıb. İlin sonuna qədər iki ölkə liderlərinin və ya XİN başçılarının görüşünün keçirilməsi istisna deyil”, - deyə deputat söyləyib.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ölkəsinin Ukrayna ilə danışıqlar aparıb-aparmayacağı məsələsinə münasibət bildirib. Peskov bunun üçün perspektivlərin olmadığını deyib. “Hazırda biz Ukrayna ilə danışıqların perspektivini görmürük. Vəziyyətin həlli üçün Rusiyanın apardığı xüsusi əməliyyatın (Rusiya tərəfi Ukrayna ilə müharibəni belə adlandırır) məqsədlərinə çatması vacibdir”, - deyə sözçü bəyan edib. Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumundan sonra başlayan müharibə davam etməkdədir.
Ukraynanın müharibə itkiləriylə bağlı yeni rəqəmlər
Rusiya tərəfi Ukraynanın müharibə itkilərilə bağlı yeni rəqəmlər açıqlayıb. Bu barədə Rusiya KİV-lərində məlumat yer alıb. Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib ki, Ukrayna noyabrda 8,3 mindən çox hərbçi itirib. Onun sözlərinə görə, Kiyevin itkiləri 8,3 mindən çox hərbçi, 5 təyyarə, 10 helikopter, 149 tank və 300-dən çox zirehli texnikadan ibarət olub.
Tıxacların aradan qaldırılması üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir. Bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. M.Ağayev xatırladıb ki, oktyabrın 3-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müzakirələr nəticəsində Bakıda tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər planı hazırlanıb və qurumlar qarşısında bir sıra tapşırıqlar qoyulub. "Bunlar əsasən Bakıda ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi, yolların buraxıcılıq imkanlarının artırılması, ictimai nəqliyyatın daha səmərəli olması ilə bağlıdır. Daha doğrusu 7 A müntəzəm marşrut xəttinin keçdiyi küçə və prospektlərdə əlavə avtobus zolaqlarının olmasıdır. Son aylar Bakının nəqliyyat sistemində sıxlıqlar, dayanacaqlarda sərnişinlərin keçirdiyi əsəb, stress, avtobusların hərəkət intervalında gecikmələr şəhər nəqliyyatı ilə bağlı prioritetlərin dəyişdirilməsini ortaya qoyur. Dayanıqlı şəhər mobilliyi üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir", - M.Ağayev bildirib.
Son günlər ərzində İran mediasında Azərbaycana qarşı təxribatlar artıb. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov məsələ qaldırıb. “Xüsusilə qeyd edək ki, “Səhər” kanalı və digər radio qurumları Azərbaycana qarşı təxribat xarakterli məlumatlar verir. Hətta son vaxtlar İran sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif millətlərin adından istifadə edərək gərginlik yaratmaq istəyir. Həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır. Bu baxımdan “Səhər” kanalının peyk vasitəsilə yayımının qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir”,- deyə deputat vurğulayıb.
Evlərinə istilik verilmir, amma adlarına xeyli borc yazılıb. Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsindəki binanın sakinləri mövcud vəziyyətdən narazıdırlar. Sakinlərdən biri "Xəzər TV"yə bildirib ki, mənzilində 7-8 il istilik olmasa da adına 170 manat borc yazılıb. Sakinlər istiliyə olan borclarının silinməsi üçün adiyyəti qurumlara müraciət etdiklərini deyiblər.
Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldovanın Briçansk rayonu ərazisinə düşüb. Bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, raketin düşməsi nəticəsində itki və dağıntı olmayıb.
Payız əkin mövsümü çərçivəsində ölkənin bütün regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Şəki, Qəbələ, Şamaxı, Şabran, Sabirabad və Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində sözügedən rayonların meşə ərazilərində ümumilikdə 15 000-dən artıq müxtəlif növ ağac əkilib, 1 ton toxum səpilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!