22-10-2022, 16:54
Cəmi 370 aktiv koronavirus xəstəsi qalıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 56 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, nəticələri müsbət çıxan iki nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 822 908 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 601 nəfər müalicə olunaraq sağalıb, hazırda 370 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 540, bu günə qədər isə ümumilikdə 7 303 826 test icra olunub.
22-10-2022, 16:52
Mina qurbanlarının sayı 261 nəfərə çatıbVətən Müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 261 nəfərə çatıb. Bunu Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva twitter hesabında yazıb. Qeyd edək ki, oktyabrın 21-də Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənov mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, ağır xəsarət alan Elsevər Həmidov bu gün dünyasını dəyişib.
22-10-2022, 16:40
Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıbTürkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək. Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.
22-10-2022, 16:01
Sabaha yağış, qar gözlənilirSabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 11-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsilcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-18° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 4-8° isti olacaq.
22-10-2022, 15:59
Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış - Yaralılar varÖzbəkistanın Müdafiə Nazirliyinə məxsus hərbi anbarda güclü partlayış olub.
Butov.az xəbər verir ki, hadisə Sırdərya vilayətində baş verib. Məlumata görə, partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb. Yaralılardan bəziləri xəstəxanaya yerləşdirilib. Hadisə zamanı yaxınlıqdakı yaşayış evlərinə də ziyan dəyib. Partlayışın ilkin səbəbi hələlik açıqlanmayıb.
22-10-2022, 15:57
Baş nazir iclas keçirdi - Qarabağla bağlı tapşırıqlar verildiOktyabrın 21-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib. Nazirlər Kabinetindən verilən məlumata görə, iclasın gündəliyində Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələrək işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlərin icrası, o cümlədən investisiya təşviqi mexanizmi, Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib məsələlər və növbəti addımlar, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunlarının layihələri, dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması və “AqrarKredit” QSC Bank olmayan Kredit Təşkilatı ilə bağlı bir sıra aktual məsələlər ətraflı müzakirə olunub. İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin məruzələri dinlənilib. İclasın yekununda işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bir sıra layihələr və digər müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
22-10-2022, 15:54
Şuşaya getmək istəyənlərin nəzərinə! - Biletlər satışa çıxarılırŞuşa, Ağdam və Füzuli istiqamətində müntəzəm avtobus reyslərinə noyabr ayına olan biletlər satışa çıxarılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayına olan biletlər 25 oktyabr 2022-ci il saat 15:00-da satışa çıxarılacaq. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri //
yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi vətəndaşlara bir daha tövsiyə edir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar” təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər. Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar. Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib.
22-10-2022, 15:50
Kəlbəcər yenə atəşə tutulduAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub."Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - açıqlamada deyilir.
22-10-2022, 15:46
Zəngilan aeroportunun ilk sərnişinləriZəngilan Beynəlxalq Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.
Butov.az xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndində keçiriləcək “Zəfər yürüşü” triatlon turnirində iştirak edən idmançılar, Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşları, eləcə də media nümayəndələri yenicə istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanına eniş ediblər. Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayan uçuş 45 dəqiqə çəkib.
22-10-2022, 15:43
Rusların itkiləri artırUkrayna silahlı qüvvələri cənubda 17 işğalçını, Qrad MLRS-ni və üç sursat anbarını məhv edib. Bu barədə “Cənub” əməliyyat komandanlığı oktyabrın 21-də əməliyyat şəraitinin yekunlarına dair öz “Facebook” səhifəsində məlumat yayıb. "Aviasiyamız Berislavski və Baştanski rayonlarında, düşmənin hava hücumundan müdafiə sistemlərinin mövqelərinə - həmçinin Kaxovkada toplanan düşmən texnikası və möhkəm nöqtələrinə 10 zərbə endirib. Raket və artilleriya bölmələri 220 atəş tapşırığını yerinə yetirib. Düşmən itkiləri cəbhədə təmin edilib. Berislav vilayətində “Qrad” reaktiv yaylım atəş sistemi, bir tank, bir minaatan, 3 zirehli maşın və 3 sursat anbarı. Daha 6 zirehli texnika və 2 minaatan məhv edilib”, - məlumatda deyilir.