Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 6-03-2015, 18:03
Dağlarda qalan səs

İlham Məmmədli
Bəd xəbərin atı yaman yüyrək imiş. Torpaqlarımız ermənilər tərəfindən yağmalanandan bəri qara xəbər lap yel atına minib. Artıq iyirmi ildən çoxdur ki, hər gün Azərbaycanın yüzlərlə kəndinə, şəhərinə səpələnmiş soydaşlarımızdan birinin, bəzən də bir neçəsinin qara xəbərini almağa öyrəncəli olmuşuq. Zalım ayrılıq yurdundan didərgin düşmüş, ürəyi nisgilli insanlarımızı dəyirman kimi üyüdür. Ölüm lap ağını çıxarıb, Vallah! İndi adamlar öz əcəliylə də ölə bilmir. Bir də dərd bir olar, iki olar... Son illər dərdin sayını-hesabını da itirmişik.
Eh, Aşıq Qardaşxan da Əzrayıla can verərmiş! O Qardaşxan ki, meydana girəndə yerişindən yer titrəyər, toyda-nişanda elə bir dövran açardı ki, deyərdin elə Koroğludur Çənlibeldə dəliləri başına yığıb xanlara, paşalara qan uddurduğu növbəti səfərindən söhbət açır. Aradabir də elə nərə çəkər, zəngulə vurardı ki, dağ-daş lərzəyə gələrdi. Onu da deyim ki, tale bir aşıq kimi ona hər gözəlliyi də qədərincə vermişdi. Yaraşıqlı boy-buxun, məlahətli gur səs, sazı dilləndirən incə barmaqlar, məclisi ələ almaq bacarığı və s.
Bir də insanlıq yaranandan bəri dünyanın sirrindən kim baş açdı ki? Əvvəli şəkər, sonu qəhər zalım dövran hansı atlını atdan salmadı ki? Taleyin qədərinə bax ki, yeriyəndə quş kimi səkən, bəbir kimi sarvaxt, qorxu nə olduğunu bilməyən bu cəngavər insanın həyatı ağır faciəylə sona çatdı. Hansısa uğursuz bir sürücünün diqqətsizliyi üzündən qocaman aşıq avtomobil qəzasına düşdü. “Aşıq Qardaşxanı maşın vurub, xəstəxanada komada yatır” xəbərini eşidəndə qulaqlarıma inanmadım. Xəbəri gec eşitdiyimdən çox pis oldum. İçimdə özümü qınayan bir ağrı da keçdi. Axı neçə vaxt idi ki, onunla görüşməyə məqam axtarırdım. Ozan-aşıq sənətimizin əvəzsiz nümayəndələrindən olan ustad aşıqla görüşüb onun sinəsində yatan söz boxçasına baş vurmaq, saz sənətimizlə bağlı onun fikirlərinə qulaq asmaq, sonradan gələcək yazılarımda və tədqiqatlarımda yeri düşdükcə bunlardan istifadə etmək istəyim baş tutmadı. Neyləməli ki, qəzadan qaçmaq mümkün deyil.
Aşığın ölüm xəbərini Gəncəyə - Kəlbəcərin daha bir dəyərli insanı Hüsü Əhmədovun (Allah rəhmət eləsin) hüzr məclisində iştirak etmək üçün getdiyim Bakı-Gəncə avtobusunda eşitdim. Beynimdə neçə təəssüflər, gümanlar bir-birinə qarışdı. Xəyal məni bir anlıq xoşbəxt Kəlbəcərli günlərimə çəkib apardı...
...Onda Kəlbəcərin başqa bir dünyası, toy-şənliklərinin isə özgə bir şirinliyi, ləzzəti vardı. Məni qınamayın, o illərdə Vallah, günlər, aylar da beləcə yel qanadında, qaçdı-qovduda, göz qırpımında keçmirdi. Zaman öz ləngərli axarıyla davam edirdi. İnsanlar da sabaha böyük ümidlə, min bir arzuyla baxar, yalnız gündəlik məişət qayğılarıyla yaşayardılar. Düşünürəm ki, bunun başlıca bir səbəbi onunla bağlıydı ki, o illərdə insanlarda bir gözütoxluq vardı. Cəmiyyət də bu qədər çirklənməmişdi, insanlarda bunca tamahkarlıq, acgözlük, təbəqələşmə, soyğunçuluq, saxtalıq, harama meyl yox idi. Bunun nəticəsiydi ki, insanlar arasında bir səmimiyyət, etibar, qarşılıqlı hörmət vardı.
Xatırlatdığım kimi, o illərdə xalqın ən xoş, yadda qalan günləri elə toy-nişan şənlikləri idi. Toylar da indiki kimi belə bayağı, süni, sərvət toplamaq hərisliyi ilə keçirilmirdi. Hər toy bir bayrama, el şənliyinə çevrilərdi. Bir kənddə toy olanda ətraf kəndlərin hamısına hay düşərdi. Təklifçi atını minib bütün kəndlərə xəbər çatdırardı ki, bəs, filan ayın filan günündə filankəsin oğlunun toyudur. Bircə xəbər bəs edərdi ki, insanlar toyda elliliklə iştirak etsin. Ağlım kəsəndən də kəndlərimizdəki bütün toyların yaraşığı kimi elə Aşıq Qardaşxanı görmüşdüm.
Aşıq Qardaşxan Kəlbəcərin Zar kəndində doğulub boya-başa çatsa da son illər payız-qış aylarında Bərdə şəhərində yaşayırdı. Ancaq yazın nəfəsi duyular-duyulmaz aşığın köçü doğma kəndinə - Zarın yuxarı başındakı Avasın təpəsinə yol alardı. Aşıq bu yeri heç də təsadüfi seçməmişdi. Bu təpə üç kəndin – Zar, Bəzirxana və Mollabayramlı kəndlərinin baxış bucağının kəsişdiyi yerdə, yəni bu kəndlərin düz qənşərində yerləşirdi. Görünür el aşığı da hər üç kəndə eyni doğmalığını göstərmək üçün bu yeri seçmişdi. Hər üç kənddən baxanda onun evi əl içi kimi görsənərdi. Yaz-yay aylarında hər səhər tezdən aşığın gənclik şövqü ilə, böyük bir həvəslə gimnastika hərəkətləri, idman eləməsi adamda xoş duyğular yaşadırdı. O illərdən yadımda qalan şirin səhnələrdən biri də aşığın hərdənbir əlini qulağına atıb: “Mamedov heyyy!!! (rəhmətlik əmim Sadığa bu cür müraciət edərdi), ayə, dur gəl nərd oynayaq”- deyə çəkdiyi nərə idi.
Bərdədən aşığın köçünün kəndə gəlməsiylə hamının yadına ilk növbədə toylar düşərdi və insanların qəlbində xoş duyğular baş qaldırardı. Çünki Kəlbəcərin ağır qışının qarğaşasından çıxaraq toy-nişan üçün darıxan insanlar yaxşı bilirdilər ki, Aşıq Qardaşxanın gəlişi elə toyların da gəlişi deməkdir. Hamı da toy-nişan mərasimlərini Aşıq Qardaşxanın gələcəyi günlərə planlaşdırardı. Yuxarı kəndlərdə də elə bir toy-şənlik olmazdı ki, onu Aşıq Qardaşxansız keçirəydilər. O, bir növ toyların şəriksiz simvoluna çevrilmişdi.
Dağlarda qalan səs

Aşıq Qardaşxan olduqca əyar, şux, deyib-gülən, hər kəslə öz dilində danışmağı bacaran bir insan idi. Ətrafındakı dostları da özü kimi zarafatcıl, bir dəqiqənin içərisində böyük şənlik yaratmağı bacaran şəxslər idi. Yadıma gəlir ki, indi bir çoxları haqq dünyalarında olan Mahmud dayı, Qənəhət dayı, Şirin dayı, İsmayıl dayı, Ziyad, Mehdixan müəllim, Qarakişi və başqları bir yerdə olanda toy başdan-başa toy içində bir toya çevrilərdi. Onların bir-birləri ilə elədikləri şux zarafatlar, hər biri bir dastanlıq mövzu olan atmacalar toya başqa bir ab-hava gətirər, ətrafdakılarda da xoş bir aura yaradardı.
Qardaşxan yaradıcığı bir aşıq idi. Aşıq şeirinin əksər formalarında şeirləri də var. Şeirlər kitabı da işıq üzü görmüşdü. Ancaq onun ifaçı bir aşıq kimi əvəzi yox idi. Toyun bütün qayda-qanunlarına klassik aşıq sənətindən gələn ənənələrlə əməl edərdi. Saz havalarının əksər formalarında ifa etdiyi mahnılar insanı valeh edərdi. Toyu ustadnamə ilə başlayıb, duvaqqappa ilə tamamlayardı. Seçdiyi şeirlər də əksərən klassik ustadlardan olardı. Hələ onun oxuyanda vurduğu zəngulələri, boğazları demirəm. Onun səsi də çox nadir səs olaraq hər aşıqda yox idi.
Aşıq Qardaşxan Azərbaycanda barmaqla sayılacaq aşıqlardan biri olsa da heç vaxt özünü reklam eləməyi sevməzdi. Ekran-efirə çıxmağın çox zaman hansı “dolayı” yollardan keçdiyini yaxşı bildiyindən kimlərinsə minnətini götürməkdənsə öz sənətiylə məşğul olmağı üstün tutardı.
Bu cəngavər insana Tanrı həm də bir şir ürəyi vermişdi. Ana tərəfdən keştəkli pəhləvan Haqverdinin törəməsi olduğundan özü də fitrətən bir pəhləvan gücünə və cəsarətinə sahib olduğundan cavanlığından onun qoluna yapışan olmamışdı. Dəfələrlə olmuşdu ki, hansısa qafil kəslər ünvanı səhv salaraq ona qarmaq atmaq istəyəndə səhvlərinin əvəzini birə on qat ödəməli olmuşdular.
Tale Aşıq Qardaşxanı ömrün ahıl çağlarında ağır imtahana çəkdi. Qolunu on nəfərin bura bilməyəcəyi böyük oğlu Fəqaninin gənc yaşında faciəli ölümü aşığın növrağını pozdu. Bu hadisə onun sənət dünyasında da böyük zəlzələ yaratdı. Bir ömür boyu ona sədaqətlə xidmət göstərmiş sədəfli telli sazından ayrı düşüb, ayağını toylardan kəsdi. Aşıq Ələsgəri qoca yaşlarında yandıran çərxi fələk onun da sinəsinə övlad dağı çəkdi.

Ələsgər qəlbinə saldın işığı,
Məclislər zinyəti, el yaraşığı,
Əzizliklə saxladığın aşığı
Zəlilliklə imtahana çəkirsən.


Amansız tale Aşıq Qardaşxanın nəşinin doğma yurdda torpağa qovuşmasını da ona qismət eləmədi. Sənət dostlarının və qohum-əqrəbanın çiynində son mənzilə yollanan Aşıq Bərdə qəbiristanlığında əbədi mənzilinə qovuşdu. Dəfn mərasimində aşığın sənət dostları, uzun illər onunla yaxın münasibətlərdə olan insanlar çıxış edərək Aşıq Qardaşxanın Azərbaycan ozan-aşıq sənətindəki böyük yerini qeyd edərək bu ağır itki münasibəti ilə xalqımıza baş sağlığı verdilər. Şair Məhəbbət Kəlbəcərlinin aşığa həsr etdiyi şeir isə bu böyük sənətkarın yerinin həmişə görünəcəyindən, onun səsinin hələ illərlə qulaqlarımızdan getməyəcəyindən xəbər verirdi. Bir daha Kəlbəcər dağları Aşıq Qardaşxanın şirin səsinin ləzzətini duymayacaqdı. O səs əbədi olaraq dağların daş yaddaşında yaşayacaqdı. Allah rəhmət eləsin! Yeri behişt olsun!



QALDI

Azərbaycanın görkəmli sənətkarı Aşıq Qardaşxan Mehdiyevin
ölməz xatirəsinə dərin hüznlə ...

Köçür məclislərin cəsur pələngi,
Dili qayaların dilində qaldı.
Keytiylə, Dəlidağ gəlsin baş-başa,
Adı zirvələrin tilində qaldı.

Əyilməz vüqarlı, igid sayğılı,
Zili hönkürtülü, bəmi qayğılı.
Ədalət barmaqlı, Habil yanğılı,
Duyğusu sazının telində qaldı.

Sındı Kəlbəcərin budağı—desin,
Meydan fədaisi, “çırağı”—desin.
Deyin Tərtər nənəm bir ağı desin,
Avazı çağlayan selində qaldı.

Gəzər şimşəklərdə kükrəyən səsi,
“Seygah” sızıltısı, “Şur” zümzüməsi.
Bulaqda “nəfəsi”, çayda nəğməsi,
Cəh-cəhi bülbülün gülündə qaldı.

Qartal qanadıyla uçdu dünyadan,
Sənət köhlənində keçdi dünyadan.
Deməyin biryolluq köçdü dünyadan,
Qardaşxan O “Göyçə gülü”ndə qaldı.

Məhəbbət Kəlbəcərli


Paylaş



Bölmə: Köşə / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!