Mahmud Səfəralıyev HƏBS EDİLDİ .....                        Ermənistanda daha bir keşiş tutuldu .....                        Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir .....                        Putin Hindistana getdi .....                        Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI .....                        Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır .....                        DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi .....                        ATƏT-in sədrindən Bakı və İrəvana mesaj .....                        Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi .....                       
26-02-2025, 09:45
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirildi


Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirildi- FOTOLAR

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə dövlət orqanlarına məxsus inzibati binaların qarşısında ucaldılan dövlət bayrağımız yarıyadək aşağı endirilib. Bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.





26-02-2025, 04:11
İnsanlığın faciəsi - Xocalı soyqırımı


Yeganə Qəhrəmanova

ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru.
Azərbaycan-Türk xalqları Qardaşlığı ictimai birliyinin həmsədri, Turan Elçiləri Təşkilatının Azərbaycan Akademik Kurul başqanı

İnsanlığın faciəsi - Xocalı soyqırımı
XIX əsrin sonlarından fəaliyyətə başlamış, adını siyasi partiya qoysalar da, əslində silahlı terror qruplaşması olan “Daşnaksütyun” adlı mənfur təşkilat yarandığı vaxtdan günümüzədək “Dənizdən-dənizə böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədi ilə hər cür qəddarlığa, insanlığa yaraşmayan əməllərə əl atmış, xalqımıza qarşı neçə-neçə faciələr törətmişdir ki, bunların içərisində Xocalı soyqırımı öz amansızlığına görə xüsusilə seçilir. Başqa sözlə, Xocalı soyqırımı xəstə psixologiyalı erməni şovinistlərinin Çar Rusiyası və Sovet dövründən başlayaraq təşkilatlanmış və planlı şəkildə Bakıda, Qubada, Şamaxıda, Gəncədə, Qarabağın müxtəlif hissələrində, o cümlədən Türkiyə və Cənubi Azərbaycan ərazilərində həyata keçirdikləri 31 Mart soyqırımı da içərisində olmaqla çoxsaylı qırğınların, Qərbi Azərbaycandan soydaşlarımızın bir neçə dəfə deportasiya edilməsinin, 1980-ci illərin sonlarından etibarən Sumqayıt, Kərkicahan, Meşəli, Quşçular, Malıbəyli, Qaradağlıda törətdikləri faciələrin, terror aktlarının davamı və ən dəhşətlisi idi. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olmuşdur”. Çünki Xocalı, sözün əsl mənasında, insanlıq faciəsi, soyqırımı idi.
Xocalıya qədər XX əsrdə dünyanın iki yaşayış yerində oxşar qətliamlar törədilmiş, insanlar xüsusi amansızlıq və qəddarlıqla öldürülərək yaşayış məskənləri yox edilmişdi. Bunlardan birincisi, 1941-ci ildə alman faşistləri tərəfindən məhv edilmiş Belarusun Xatın, ikincisi isə Vyetnam müharibəsi zamanı partizanlara dəstək verilməsi bəhanəsi ilə sakinləri uşaqdan-böyüyə tamamilə öldürülmüş Sonqmi kəndi idi. Lakin Xocalı qətliamı dünya tarixinə dinc əhalinin soyqırımı kimi daxil olmuş bu iki faciədən daha dəhşətli, miqyasına və günahsız qurbanlarının sayının çoxluğuna görə heç bir qətliamla müqayisə oluna bilməyən vandalizm aktı idi. Buna baxmayaraq, indiyə qədər dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar bu amansızlığa göz yummuş, qatillərin cəzalandırılması istiqamətində lazımi hüquqi işlər həyata keçirilməmişdir.
Bəs Xocalıya olan bu qəddar münasibətin səbəbi nə idi? Məlumdur ki, yerli və xarici etnoqrafların tədqiqatlarında dünyanın ən qədim yaşayış məskənlərindən olan Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin əhəmiyyəti vurğulanmış, Xankəndindən 10 km şimal-şərqdə, Qarabağ dağ silsiləsində yerləşən Xocalının başdan-başa tarixi-memarlıq abidələri diyarı olduğu göstərilmişdi. Burada e.ə. XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələri, Kurqan çölü, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropol, eramızın əvvələrinə aid alban kilsələri, XIV əsrə aid Hacı Əli günbəzi, 1356-cı ildə tikilmiş dairəvi türbə, XVIII əsrə aid Əsgəran qalası və onlarca başqa tarixi abidələr var idi ki, tanınmış sovet etnoqrafları və yerli tədqiqatçılar qədim dövr abidələrimizi, əsasən, Xocalı və Xankəndi yaxınlığından tapmışdılar. Arxeoloji qazıntılar zamanı bu ərazidən kurqanlar, qəbir daşları və müxtəlif yaşayış məskənləri aşkar edilmişdi. Ən maraqlı tapıntılar arasında qədim Xocalı qəbiristanlığında 11 saylı kurqandan tapılan, Assuriya çarı olmuş Adadnirariyə (e.ə. 1307-1275 ) aid mixi yazılar, eləcə də cürbəcür saxsı qablar, bəzək əşyaları, şüşə muncuqlar və s. diqqəti xüsusilə cəlb edirdi. Bu yazılar Azərbaycan xalqına məxsus qədim əlifba və yazı mədəniyyətindən, yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verirdi. 1920-ci ildən Azərbaycan
alimləri tərəfindən tədqiq edilməyə başlanan Xocalı abidələr kompleksi Ə. Ələkbərovun sözləri ilə desək, Azərbaycan abidələri haqqında dolğun təsəvvür yaratmaq üçün açar rolunu oynayır, tariximizin və maddi və mənəvi abidələrimizn zənginliyini göstərirdi. Ən qədim yurd yerlərimizdən olan Xocalı toponimiyası xalqımızın minilliklərə dayanan məşğuliyyətini, sənətkarlıq və mədəniyyətini, dini baxışlarını, mənəvi dünyagörüşünü əks etdirirdi.
Təəssüflər olsun ki, bu abidələri tədqiq edən alman arxeoloqu E. Resler, rus şərqşünası M. Xanıkov, ingilis F. Beyer, fransız A. Berje və başqaları əldə etdikləri tarixi əşyaları özləri ilə apararaq ayrı-ayrı dünya muzeylərinin eksponatlarını zənginləşdirmişdilər. Bu gün Xocalıda aşkarlanan mədəni, tarixi tapıntılar Paris, Almaniya, London, Sankt-Peterburq muzeylərini bəzədiyi halda, öz muzeylərimiz bu nadir nümunələrdən məhrum olmuş, ən dəhşətlisi isə sovet dövründə bu tapıntıların çox hissəsi Ermənistana daşınıb aparılmışdır.
1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. 1988-ci ildə Ermənistandan, daha sonra Xankəndidən didərgin salınmış xeyli azərbaycanlının, o cümlədən 1989-cu ildə Fərqanədən qovulmuş Məhsəti türklərinin bir hissəsinin də məskunlaşdığı Xocalı elə bir strateji əhəmiyyətə malik idi ki, Qarabağa hava və quru yolları məhz buradan keçirdi. Erməni kəndlərinin əhatəsində qalan, Əsgəranla Xankəndi arasında dayanan Xocalı ermənilərin əl-qol açmasına imkan vermirdi. Ona görə də bu qədim türk yurdu ermənilərin və onların havadarlarının qəzəbinə daha çox tuş gəlmişdi.
1992-ci ilin 18 fevralından başlayaraq Xocalı ətrafındakı ərazilərdən azərbaycanlılar çıxarılmış, bütün yüksək mövqelər ermənilərin əlinə keçirilmişdi. 1992-ci il fevralın 19-da Rusiya prezidenti Boris Yeltsinin Moskvada Ermənistan prezidenti Levon Ter-Petrosyan və rus qoşunlarının komandanı Şapoşnikovla gizli görüşündən sonra bölgədəki hadisələr daha da kəskinləşdi, fevralın 25-dən 26-a keçən gecə erməni terrorçuları SSRİ-nin vaxtilə Xankəndində yerləşdirdiyi 366-cı motoatıcı alayın hərbi heyətinin və zirehli texnikasının köməyi ilə Xocalıda dünyanın gözü görmədiyi soyqırım həyata keçirdilər.
Fevralın 25-i axşam saatlarından zirehli texnikanın güclü atəşinə məruz qalmış şəhərdə dəhşətli yanğınlar başlamış, 5000-dən artıq şəhər sakini Ağdama çatmaq məqsədilə qarlı qış gecəsində evlərindən çıxıb meşələrə üz tutsa da, azğınlaşmış qatillərin hücumlarına məruz qalaraq vəhşicəsinə qətlə yetirilmiş, soyuqdan donaraq ölmüş, yaralanmışdılar. Şəhərin 3 tərəfdən atəşə tutulması dinc əhalini çaş-baş salmış, Əsgəran istiqamətinə qaçan insanların qarşısı meşələrdə qəddar erməni qaniçənləri tərəfindən kəsilmiş, günahsız insanlara xilas olmaq üçün aman verilməmişdi. Uşaqlar, qocalar, qadınlar zirehli texnikanın altında əzilmiş, diri-diri süngüyə keçirilmiş, yandırılmış və daha neçə-neçə ağlasığmaz işgəncələrə məruz qalmışdılar. Avtomatlarla zirehli texnikaya qarşı döyüşən özünümüdafiə batalyonları məhv edilmiş, təpədən dırnağadək silahlanmış ermənilərin müqavimətini qırmaq mümkün olmamışdı. Ağ geyimlərdə meşələrdə gizlənən, vertolyotlarla ətrafı dolaşan ermənilər insanları gizləndikləri yerlərdən çıxarır, dözülməz əzab-əziyyətlərə məruz qoyaraq öldürür və ya əsir götürürdülər.
Fevralın 28-də jurnalistlərdən ibarət qrup vertolyotla cəsədlərlə dolu olan, dəhşət doğuran əraziyə çatsa da, onlara hərəkət imkanı verilməmiş, jurnalistlər yalnız 4 meyiti götürə bilmişdilər. Mart ayının 1-də əraziyə daxil olan xarici və yerli jurnalist qrupunun gördüyü mənzərə isə daha dəhşətli idi: meyitlərin başlarının dəriləri soyulmuş, qulaqları və digər bədən üzvləri kəsilmiş, gözləri çıxarılmış, çoxsaylı bıçaq və güllə yaraları almış, misli görünməmiş vəhşiliklərə məruz qalmışdılar.
Xocalı soyqırımının dəhşətlərini görən xarici jurnalistlər beynəlxalq mətbuatda çoxsaylı məqalələr çap etdirmiş, faciə qarşısında öz heyrət və qəzəblərini gizlədə bilməmişdilər. Həmin məqalələrdən bir neçəsinə diqqət yetirək:
“Sandi Tayms” qəzeti, 1 mart 1992 (London): Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
“İzvestiya”, 4 mart 1992 (Moskva): Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü.
“Tayms” qəzeti, 4 mart 1992 (London): Çoxları eybəcər hala salınmışdır. Körpə qızın ancaq başı qalmışdır.
“Faynenşl tayms” qəzeti, 9 mart 1992 (London): Ermənilər Ağdama gedən dəstəni güllələmişlər. 1200-ə qədər cəsəd sayılmışdır.
“İzvestiya”, 13 mart 1992 (Moskva) Mayor Leonid Kravets: Mən şəxsən təpədə 100-ə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmış qadın, uşaq, qocalar görünürdü.
“Faynenşl tayms” qəzeti, 14 mart 1992 (London): General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır.
“Le mond” qəzeti, 19 mart 1992 (Paris): Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır.
“Valer aktuel” jurnalı, 14 mart 1992 (Paris): Bu “muxtar region”da erməniləri silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livandakı hərbi düşərgə və silah anbarlarından istifadə edən ermənilər 100-dən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağda azərbaycanlıları nəhv etmişlər.
Livanlı kinooperator ölkəsindəki varlı daşnak icmasının Qarabağa silah və adam göndərdiyini etiraf etmiş, İngiltərənin “Fant men nyus” teleşirkətinin hadisə yerində olan jurnalisti R.Patrik “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz!” demişdi.
Rəsmi sənədlərdə 613 nəfər (aralarında 63 uşaq, 106 qadın, 70 qoca olmaqla) göstərilsə də, göründüyü kimi, bölgədə olan xarici jurnalistlərin də yazdıqlarından məlum olur ki, Xocalıda 2500-dən artıq insan xüsusi anansızlıqla qətlə yetirilmiş, 8 nəsil tamamilə məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirmiş, aralarında 76-sı uşaq olmaqla 487 nəfər nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, yüzlərlə adam itkin düşmüşdür.
Araşdırma və təhlillər göstərir ki, Xocalıda törədilmiş əməllər əvvəlcədən düşünülmüş, milli əlamətlərinə görə konkret bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinə xidmət edən, beynəlxalq hüquqi sənədlərə əsasən birbaşa soyqırım anlayışına uyğun gələn cinayət – vandalizm hadisəsi idi. Belə ki, bu qanlı qətliam ən ağır beynəlxalq cinayət aktı kimi sülhün və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayətlər sırasındadır. Bu soyqırımın əsas cinayətkarları erməni silahlı dəstələri və Rusiyanın 366-cı motoatıcı alayının hərbi heyəti, ermənilərə dəstək olan o zamankı Rusiya rəhbərliyidir.
BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, soyqırım dedikdə hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə edilən hərəkətlər nəzərdə tutulur ki, Xocalıda baş verənlər bu deyilənlərə tamamilə uyğun gəlir. Belə ki, Xocalı soyqırımının qanlı hadisələrini təhqiq etmək üçün
yaradılmış istintaq qrupunun 181 nəfərin cəsədi üzərində apardığı məhkəmə-tibbi ekspertiza zamanı məlum olmuşdur ki, ölənlərin çoxu yaxın məsafədən güllələnmiş, əksəriyyəti baş nahiyəsindən vurulmüş, qadınlara təcavüz edilmiş, 2 yaşından 15 yaşına qədər uşaqlar, onlarla qoca və qadın güllələnmiş, bir çox meyitlər eybəcər və tanınmaz hala salınmışdır ki,
bununla da Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruan Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin və bir sıra digər beynəlxalq hüquqi sənədlərin maddələri
vəhşicəsinə pozulmuşdur.
Şükürlər olsun ki, Ali Baş Komandanımızın əmri ilə xalqımızın qəhrəman oğulları 2020-ci ilin 27 sentyabrında 44 günlük Vətən savaşı, 2023-cü ilin sentyabrında isə qısamüddətli antiterror əməliyyatı nəticəsində 30 ildən bəri qətlə yetirilmiş soydaşlarımızın, o cümlədən Xocalı qurbanlarının intiqamını aldılar, torpaqlarımızı düşmən tapdağından xilas edərək xalqımızı möhnət yükündən qurtardılar. Dünya ölkələri Azərbaycan xalqının öz torpaqları uğrunda canından keçməyə hazır olduğunu gördü, canı ilə, qanı ilə tarix yazan oğullarımızın qəhrəmanlığı dillərdə dastan oldu. Aparılan antiterror əməliyyatları nəticəsində bu qanlı soyqırımı törədən Raşid Beqlaryan, Madat Babayan, Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan, Davit Manukyan, David Babayan, Levon Mnatsakanyan, Ruben Vardanyan başda olmaqla bir qrup terrorçu həbs edildi. Lakin 32 il keçməsinə baxmayaraq, dünya ictimaiyyətinin Azərbaycanın Xocalı soyqırımının əsas təşkilatçılarının cəzalandırılması tələbinə göz yumması hər birimizin qəlbində qəzəb doğurur. BMT Təhlükəsizlik Şurasının qərarı ilə beynəlxalq cinayət baş vermiş ölkədə xüsusi
olaraq beynəlxalq cinayət tribunalları yaradılması təcrübəsindən, həmçinin çoxsaylı hüquqi sənədlərin tələblərindən çıxış edərək Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasını, Xocalı qatillərinin dünya ictimaiyyətinin gözü qarşısında cəzalandırılmasını tələb edirik! Çünki Xocalı təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın faciəsi, üz qarasıdır!
Redaksiyadan: Xocalıda azı 3813-nəfər qətlə yetirilib. Qeyd olunan 613 nəfər cəsədləri ələ gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
…Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin, rayonun qırılmış əhalisinin sayı qəsdən az göstərilib.
Bir daha təkrar edirəm, o zaman, yəni işğala qədər Xocalı rayonunda 2944 ailə, 10 302 nəfər Azərbaycan Türkü yaşayıb.
P.S. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım.(Tamxil Ziyəddinoğlu) Dedi:
”Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir. 5 min nəfərədək salamat qutaranımız var”.
Belə anladım ki, Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min 302 nəfərdən xəbər-ətər yoxdur… Qarabağ İşğaldan azad olunandan sonra Xocalı ətrafında və digər yerlərdə tapılan toplu məzarlıqlar qeydlərimizi bir daha sübut edir.
11-02-2025, 09:56
Malıbəyli qətliamından 33 il keçdi

Malıbəyli qətliamından 33 il keçdi

33 il əvvəl, 1992-ci ilin 11 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Malıbəyli kəndi bu gün azaddır.

Qarabağ müharibəsi zamanı erməni vəhşilikləri ilə ən çox üzləşmiş kəndlərimizdən biri olub Malıbəyli. Qonşuluğundakı Yuxarı və Aşağı Quşçular kəndləri ilə birlikdə erməni silahlı dəstələrinin əsas hədəfinə çevrilib. Heç yerdən yardım gəlmədiyini görən 4 minə yaxın kənd sakini doğma torpağını özü qoruyub. Mühasirədə olan kəndin xarici aləmlə yalnız vertolyot vasitəsilə əlaqəsi olub. 1992-ci il yanvarın 28-də Şuşa səmasında vertolyotun vurulmasından sonra isə yeganə əlaqə vasitəsi də kəsilib. Beləliklə,Malıbəyli kəndi tam blokadaya düşüb.33 il öncə ermənilər tərəfindən bu kənddə qətliam törədilib. Kəndin müdafiəsi zamanı xeyli adam yaralanıb, 50-yə yaxın günahsız insan qətlə yetirilib. İndi - 33 ildən sonra isə həmin tarix Malıbəyli kəndinin özündə xatırlanır, Malıbəylidə yad edilir. Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi bu gün Xocalı rayonunun Malıbəyli kəndində də geniş bərpa-quruculuq işləri həyata keçirilir. Kəndin ərazisində təmizlik-abadlıq işləri davam etdirilir. Fərdi evlər və çoxmənzilli binalarla yanaşı kəndin infrastrukturu da yenidən qurulur, qaz xətləri çəkilir.

Qeyd edək ki, 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror əməliyyatları zamanı kənd Azərbaycanın öz nəzarətinə keçib. Əvvəllər Şuşa rayonuna daxil olan kənd 5 dekabr 2023-cü ildə Xocalı rayonunun tərkibinə daxil edilib.
Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 kilometr cənubda, dağətəyi ərazidə yerləşir. Xankəndi şəhərinin isə lap yaxınındadır, cəmi 2,5 kilometr məsafə ayırır.
6-12-2024, 18:24
Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib


BDU-nun professoru Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş "Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları" mövzusunda elmi sessiya keçirilib.
Butov.az xəbər verir ki, tədbirin moderatoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikası tarixində özünəməxsus yeri olduğunu bildirib. Qeyd edib ki, Qulu Məhərrəmlinin adı Azərbaycan televiziyası ilə qoşa çəkilir. Ölkədə onun verilişləri ilə böyüyən bir neçə nəsil var. Televiziya tənqidçisi, jurnalistika bilicisi kimi Qulu Məhərrəmli bu gün də diqqət mərkəzindədir.

BDU rektoru Elçin Babayev yubilyarı təbrik edib, ölkədə “telejurnalistika”, “televiziya tənqidi” deyəndə ilk olaraq yada məhz Qulu Məhərrəmlinin düşdüyünü bildirib: “Qulu Məhərrəmli istedadlı jurnalist, gözəl alim, maraqlı insan, təcrübə ilə nəzəriyyəni uğurla bir araya gətirən əsl pedaqoqdur. 1991-ci ildən BDU-da çalışan Qulu Məhərrəmli Universitetimizin dəyərli professorudur. O, həm də ictimai fəaliyyəti ilə seçilir, Jurnalistika fakültəsindən Azərbaycan Mətbuat Şurasında təmsil olunan iki əməkdaşımızdan biridir”.
Son illər BDU-da aparılan islahatlar çərçivəsində Jurnalistika fakültəsində əsaslı keyfiyyət dəyişikliyinin yarandığını deyən Elçin Babayev gənc jurnalistlərin yetişməsində və əmək bazarının tələblərinə uyğun peşəkar kadr kimi formalaşmasında Qulu Məhərrəmli kimi alimlərin böyük rolunun olduğunu diqqətə çatdırıb.Sonra professor Qulu Məhərrəmlinin elmi-pedaqoji və jurnalistika fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov Qulu Məhərrəmlinin Azərbaycanda televiziya məktəbinin simalarından biri olduğunu bildirib: “Ünsiyyət mədəniyyəti, jurnalist etikası, audiovizual nitq – bunlar bu gün də aktualdır. Biz bütün bu keyfiyyətləri Qulu Məhərrəmlidən öyrənmişik. Qulu Məhərrəmli jurnalistikada sağlam dəyərlərin təməlini qoyanlardan biridir”.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Qulu Məhərrəmlinin publisistikası”, Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Qulu Məhərrəmlinin polifonik yaradıcılıq yolu”, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova “Azərbaycanda televiziya tənqidinin çağdaş durumu”, Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev “Jurnalistika təhsili və müasir dərslik problemi” mövzularında məruzələr ediblər.

Sonda söz yubilyara verilib. Professor Qulu Məhərrəmli elmi-pedaqoji və jurnalist fəaliyyətinə verilən dəyərə görə təşəkkür edib.
Elmi sessiyanın sonunda BDU rektoru Elçin Babayev professor Qulu Məhərrəmliyə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və 70 illik yubileyi münasibətilə Fəxri Fərman təqdim edib.
18-10-2024, 09:33
ODLAR ÖLKƏSİYƏM

ODLAR ÖLKƏSİYƏM
Qafqazın qoynunda ulu bir diyar,
Zəngin bir məmləkət tutubdur qərar,
Azərbaycan, tarixlərdə yeri var!
Ucalıq bəxş edib ona Yaradan,
Varlığnı eyləyib aləmə bəyan.

Burda qəhrəmanlar haqdan güc alıb,
Keşməkeşli tarix şanlı iz salıb,
Müdriklik, alilik pak miras qalıb.
Hər kəs bir-birinə olarlar həyan,
Varlığnı eyləyib aləmə bəyan.

Odlar ölkəsiyəm, gücəm, qeyrətəm,
Hürriyyət eşqiylə yanan millətəm,
İstiqlal himnindən doğan hikmətəm.
Həqiqət atəşi inam və iman,
Varlığnı eyləyib aləmə bəyan.

Soranlar qoy bilsin ağırdır çəkim,
Oğuzlar mülkünə bağlıdır köküm,
Elm dəryasından İncidir yüküm,
Müqəddəs nurlardan çağlayan ümman,
Varlığnı eyləyib aləmə bəyan.

Zəkiyyəyəm, candan əziz bir canım.
Ruhumun qidası şərəfim, şanım,
Milyonlara qucaq açan ünvanım,
Cənnətin özüdür bil, Azərbaycan!
Varlığnı eyləyib aləmə bəyan!

Bayramınız mübarək olsun əzizlərim 👏
Zəkiyyə MUSAQIZI
18-08-2024, 01:43
“...VƏTƏNƏ XİDMƏT ETMƏK ŞƏRƏFDİR!”

“...VƏTƏNƏ XİDMƏT ETMƏK ŞƏRƏFDİR!”
Bu gün sərhədçilərimizin günüdür...
“...indi Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur. Azərbaycan sərhədlərində infrastruktur yaradılır, müasir texnika alınır, Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmlənir və əminliklə deyə bilərik ki, Azərbaycana qarşı təxribat planlarını hazırlayan qüvvələr artıq bilirlər ki, bu planların baş tutması mümkün deyil”
- Müzəffər Ali Baş Komandanın sərhədlərimizin keşiyində duran cəsur sərhədçilər haqqında dediyi bu fikirlər bütöv Azərbaycanımızın dövlət sərhədinin müdafiəsi və mühafizəsinə şübhə ilə yanaşa biləcək qüvvələrə ən tutarlı cavabdır. Ölkəmizin quruda, havada və suda mühafizəsi kimi məsuliyyəti öz üzərinə götürən sərhədçilərimizin peşə bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin yaradılması tarixinə və fəaliyyətinə nəzər salmaq istəyirik.
Oxucularımıza xatırladaq ki, 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul etmişdir.
2002-ci ilin iyul ayının 31-də isə Ulu Öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti yeni mərhələyə qədəm qoydu - müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunması əsas prioritet məsələ oldu.
Ulu Öndər Heydər Əlİyev: “Əvvəl Sərhəd Qoşunları Azərbaycanda müstəqil yaranıbdır. Bir müddətdən sonra Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstəribdir. Ancaq mən bu sahəyə xüsusi əhəmiyyət verərək bir neçə ay bundan öncə qərar qəbul etdim, fərman verdim, onu Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi müstəqil xidmətə çevirdim və ona da Dövlət Sərhəd Xidməti adı verdik. Təbiidir ki, bu, sizin. işlərinizin daha da uğurla aparılmasına kömək edir və edəcəkdir. Ancaq, eyni zamanda bu sizin üzərinizə çox böyük məsuliyyət də qoyur...”
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci ilə qədər Azərbaycanın İran və Türkiyə ilə sərhədlərini Sovet sərhədçiləri qoruyurdu, lakin müstəqillik əldə etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri dövlət sərhədlərinin mühafizəsi idi ki, həmin tarixdən etibarən sərhədlərimizin keşiyində azərbaycanlı sərhədçilər xidmət etməyə başlamışdır.
Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Bu, ölkəmizdə sərhədçi peşəsinə verilən önəmin, dövlətimiz üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etdiyinin təzahürüdür.
Ümummili lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaratmış, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində dinamik inkişafa nail olunması prioritet məsələ kimi qarşıya məqsəd qoyulmuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti daha yüksək mərhələyə çatdırılmış, Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır.
Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilmiş, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilmiş, Dövlət Sərhəd Xidmətinin aparatı ilə sərhəd dəstələri arasında peyk rabitəsi sistemi yaradılmışdır. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılmış, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılmışdır. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıq ilə təchiz edilmiş, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunmuşdur. Bir sözlə, quruda, havada və suda sərhədlərin etibarlı qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür.

Əzəli torpaqlarımızın - sərhədlərimizin bərpa edildiyi 44 günlük döyüşlərdə böyük qəhrəmanlıq və şəxsi şücaət göstərərək Vətən yolunda döyüşən, son nəfəsinə qədər andına sadiq qalan oğulların sırasında sərhədçilərimiz də xüsusi rəşadət göstərmişlər. 30 ilə yaxın müddətdən sonra 132 kilometrlik İran-Azərbaycan sərhədinin sərhədçilərimiz tərəfindən nəzarətə götürülərək sərhəd bütövlüyümüzün təmin edilməsi də peşəkar sərhədçilərimizin çətin və şərəfli əməyinin, döyüş əzminin bariz nümunəsi və sərhəd tarixinin ən şərəfli səhifələridir.
Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Dövlət Sərhəd Xidməti adına qazanılan bütün uğurların arxasında təbii ki, olduqca çətin və şərəfli missiyanın layiqincə həyata keçirilməsinə öz töhfələrini verən komandirlər dayanır. Belə böyük bir Ordunun Komandanı kimi döyüşlərdən qələbə ilə çıxmağı bacararaq adını Hərb tariximizə yazmaq bir ayrı şərəf işidir.
Bu gün Azərbaycan regionda ən güclü Silahlı Qüvvələrə malikdir. Döyüşə-döyüşə ordu qurmağın, 30 il erməni faşistlərinin viran qoyduğu ərazilərimizi işğaldan azad edə-edə sərhəd çəkməyin nə qədər çətin olduğunu Ordumuzun Komandanları, rəhbər şəxsləri daha yaxşı bilirlər. Elə yeni yaradılmış sərhəd zastavalarında qaldırılan Azərbaycan bayrağının altında Ali Baş Komandanımıza raport verməyin də nə qədər şərəfli, nə qədər qürurverici olduğunu onlar bilir O şərəfli anları daha çox yaşamış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hələ 15 yaşından taleyini hərb sənətinə bağlayıb. 1982-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaqla qarşıda onu gözləyən daş-kəsəkli, od-alovlu yollara çıxıb. Hələ Sovet imperiyasının tərkibində olduğumuz zamanların çətin sınaqlarından keçə-keçə müstəqillik əldə etdiyimiz dövrə qədər zabit adının şərəfini qoruyub. Dövlət müstəqilliyimiz bərpa edildikdən bu günədək Azarbaycan Ordusunun keçdiyi çətin, eyni zamanda şərəfli döyüş yolunun yol göstərənlərindən biri olub. Elçin Quliyevin döyüşçü ruhu, dövlətə, dövlətçiliyə sədaqəti ona olan etimadı gündən-günə artırıb. Vətən sevdası onu Sərhəd Qoşunlarının Komandanı vəzifəsinə qədər yüksəldib.
Ömrünün 40 ildən çoxunu hərb sənətinin inkişafına həsr edən, bu yoldakı çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, şərəflə xidmət edən komandan indi Azərbaycanımız üçün özü kimi vətənsevər, güclü və dəyanətli sərhədçilərin yetişdirilməsinə çalışır. Dövlət sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsinə, nəhayət, tarixi sərhədlərimizin bərpa edilməsinə nail olunması istiqamətində cavabdeh şəxs kimi böyük vəzifənin öhdəsindən layiqincə gəlir.
Biz istər DSX rəisi kimi sərhəd zastavalarına etdiyi səfərlər, istər beynəlxalq görüşlər zamanı cənab generalın sadə, səmimi və vətənpərvər çıxışlarının şahidi oluruq. Xidməti vəzifələrinin icrası zamanı yaralanan hər bir sərhədçini şəxsən ziyarət edərək, onlara şəxsi şücaətinə görə, həmçinin belə oğullar böyüdən valideynlərə minnətdarlıq edir, sərhədçi general, zabit və əsgərlərin öz peşəsi və vətənə xidməti ilə qürur duyduğunu xüsusi vurğulayır:
“Biz belə sərhədçilərimizlə qürur duyuruq. Bu oğullar sayəsində dövlət sərhədlərinin təhlükəsizliyi təmin olunur. Hər bir əsgər, çavuş, gizir, zabit, general üçün Vətənə xidmət etmək şərəfdir!”
Dövlət Sərhəd Xidməti gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə Təhsil, Gənclər və İdman nazirlikləri ilə hazırlanmış birgə plan əsasında müxtəlif məzmunlu tədbirlər həyata keçirir. Bu məqsədlə, sərhəd məntəqələrinə ekskursiyalar, DSX-nin aparatında tələbələrlə görüşlər, "Sərhəd" hərbi-idman oyunları, müxtəlif mövzularda təsviri və tətbiqi incəsənət, musiqi və ədəbiyyat müsabiqələri keçirilir, "Sərhədçi" jurnalının xüsusi buraxılışları, DSX-nin fəaliyyətini əks etdirən kitablar nəşr edilir.
DSX-nin mərkəzi aparatında fəaliyyət göstərən Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə mütəmadi olaraq gənclərin ekskursiyaları təşkil edilir. Gənclərin Vətənə, onun sərhədlərinə məhəbbət ruhunda böyüməsində sərhədçi qəhrəmanların şücaətləri, onların xidməti-döyüş yolu barədəki söhbətlər mühüm rol oynayır.

Dövlətçiliyə, xalqa sədaqətini hər zaman nümayiş etdirən hər bir sərhədçi müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur. Vətənimizə şərəflə xidmət edən hər bir sərhədçinin timsalında bu gün xidmətdə olan qəhrəmanlarımıza təbrik ərməğanımızı çatdırır, azadlıq eşqilə bu yolda canından keçən hər bir Şəhidimizin ruhu qarşısında baş əyir, canlı əfsanəyə dönən qazilərimizə Allahdan şəfa və can sağlığı diləyirik. Vətənə xidmətinizlə qürurluyuq!

Gülnar Süleymanlı
Azərbaycan İdman Akademiyasının V kurs tələbəsi
23-06-2024, 08:47
“Ana itirmişəm Ana yaşında”


Əziz qardaşım Füzuli, anaların hamısı birdir. Amma övladların hərəsi fərqli. Yazını üzüntü içində oxudum, necə də dogma hisslərdir. Çünki anaların hamısı öz balasına anan sənə baxan kimi baxır. Təəssüf ki, hər övlad anasına sən anana baxan kimi baxmır. Qardaşım sən vüqarınla, yanım-yatımınla, cəfakeşliyinlə, zəhmətkeşliyinlə ananı şərəfləndirmisən. O şərəfdən dostlarına da pay düşür. Bu itki hamımızındır, başınız sağolsun!
Analarımızın yorğun, nigaran ruhları qarşısında baş əyirəm. Sayğılarla: Tamxil Ziyəddinoğlu


“Ana itirmişəm Ana yaşında”
Füzuli İSMAYILOV


Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm, bəzmi-istirahətdir.
(Cəfər Cabbarlı)

Bu misraların müəllifi olan böyük Cəfər Cabbarlı, eləcə də ulu şairlərimiz Məmməd Araz, Bəxtiyar Vahabzadə və daha kimlər-kimlər analara ədəbi və əbədi heykəl ucaldıblar...
Heyif... 2024-cü il iyunun 6-da saat 23.50 radələrində Anam bu dünyadan köçdü...
Bu köç məni də məndən alıb köçürdü, amma hara köçürdü, bilmirəm! Barmağıma tikan batmasına belə razı olmayan Anam, mənim anasız qalmağıma necə razı oldun və ya razı oldunmu?!
Axı mənim, yaşıma-başıma baxmayaraq, “Ana Uşağı” olduğumu sən bilirdin! Axı, sən mənim bütün dərdlərimin, xəstəliyimin şəfası idin, Anam.
Telefonuna bir az ləng cavab verəndə, ya bir qədər gec zəng vuran kimi həyəcanla soruşurdun: “Sən Allah, yaxşılıqdımı, niyə gec zəng eləmisən, bayaqdan telefon əlimdə sənin zəngini gözləyirdim”. İndi mən telefonu əlimə alıb baxışlarımı sənin nömrənə zilləyib məəttəl qalmışam. Sanki yuxuluyam...\
Duruşun, yerişin, baxışın, zarafatların gəlib keçir gözümün önündən. Həmişə deyərdin ki, sənin adını Füzuli qoydum ki, sən də söz adamı olasan. İndi danışmağa söz tapa bilmirəm. Amma yox, Anam canından çox istədiyi məni yolun ortasında qoyub heç bir yerə getməz, indi gələcək, gülə-gülə deyəcək ki, “sən Allah bu bircə tikəni ye, sonra gedək”. Mən də: “Vallah, yeməyə yerim yoxdur, bayaq verdiyin yeməyi nə vaxt həzm elədim ki?” - deyəcəm.
Lakin...

...Ana! Oda aşiq pərvanədir...
Mənim qayğıkeş, zəhmətkeş, heç vaxt özünü düşünməyən Anam, sən də sözün əsl mənasında, pərvanə idin. Hər kəsdən sonra yatar, hər kəsdən əvvəl qalxardın.
Hamının halına yanardın. Mən də “əsəbiləşərdim” ki, axı sənin bu özünə yük elədiklərin axırıncı dəfə nə vaxt səninlə maraqlanıb? Deyərdin ki, onların işi çoxdur, eybi yox.
Həyatda bir neçə dəfə sağlamlığın səni sınağa çəkmişdi. Hər dəfə sanki mənim dualarımı Allah eşidirdi. Hamıya deyirdin ki, Füzulinin hesabına bir belə yaşamışam. Bu dəfə isə o fəlakət anında “Füzulini çağıraqmı?” deyiləndə dilin tutar-tutmaz niyə “yox” demisən? Bəlkə həmin gün gec zəng elədiyimə görə incimisən?!
Yox, sən məndən inciməzdin, küsməzdin, mən narahat olaram deyə sən həmişə öz xəstələnməklərini məndən gizlətməyə çalışardın.
Xəbəri alandan 7-8 saat sonra, gecə saat 2-də yanındaydım. Gözünü açıb baxdın, amma...
Sübh tezdən həkimlər gəldi, xəstəxanaya qaldırmaq barədə qərarlaşdıq. Ancaq pilləkənlərdən düşürüb ambulansa mindirmək məqamında, çətinliklə olsa da, boynunu arxaya çevirib, evimizə baxmağın və sanki “qoy illərimi verdiyim bu isti yuvamda vidalaşım”, demək istədiyin, amma nitqini cəmləyə bilmədiyin o anı unudammıram. “Narahat olma, sağalacaqsan, deyə-gülə qayıdacağıq evimizə, həmişəki kimi”, - dedim.
Həkimlərin ilkin müdaxiləsi də məni xeyli ümidləndirmişdi. Ertəsi gün tibb bacılarından soruşmuşdum ki, Anam 48 saatdan bəri acdır, ona nə verə bilərik? Təcrübəli bir xanım, yəqin mənim rahatlığım üçün: “Yoqurt al”, - dedi. Tələsik qaçıb iki qutu yoqurt aldım. Tibb bacısının biri isə: “İstəsən, anana qab-qacaq, stəkan, qaşıq da gətir, özününkü olsun”, - dedi. Elə sevinmişdim ki, deməli, anam sağalacaq. Ona görə də dükandan hər şeyin təzəsini aldım. Yoqurtu su ilə durulaşdırıb, səni əzizləyə-əzizləyə, körpə uşaq kimi, çay qaşığı ilə az-az yedizdirən o tibb işçilərinə təşəkkür üçün söz tapmırdım. Hətta həmin gün mən sənin üz-gözündən öpəndə gözlərinə qonan gülüşdən, çöhrənə saçılan nurdan elə ruhlanmışdım ki, istəyirdim deyəm, daha yaxşısan, gedək evimizə...
Amma ertəsi gün nə qədər istədimsə, dünənki ümidi qaytara bilmədim. Səni isə - sağalmamış! - evimizə qaytardım. Əlacsız halda dünyanın ən şirin ətri olan ana nəfəsinin sonuncu istisinə sığına-sığına, içimdə isə qovrula-qovrula qalmışdım. Artıq atəşdən quruyan dodaqlarına səpdiyim suyu belə uda, udquna bilmirdin. Ata, bacı, qardaş, dost, tanış, Anamın harayına yığışan hər kəs sanki məndən nə isə ümid gözləyirdi. Amma həmin gün mən o qədər aciz idim ki, həyatda heç vaxt bu qədər aciz olduğumu bilməmişdim.

Tarixi sınaqdan çıxmış bir deyim var: insanı qoruyan göydə Allah, yerdə anadır. O gün mən təkcə Anamı yox, duaçımı itirdim...
Yola çıxanda uğuruma özü çıxardı, arxamca su səpərdi...
Telefonu açanda birinci “caaan” kəlməsini indi sükut əvəzlədi...
Mənim analı dünyamdan sonra yuvarlandığım bu boşluq dolası deyil!
Bəxtiyar Vahabzadənin bu misraları ilə desəm:
Sən məni dünyaya gətirdin, ana.
Mənsə yola saldım, dünyadan səni.
Dostlardan biri Anamı cümə günü haqqa uğurlamağımızın təsəllisi ilə sakitləşdirmək istədi məni, biri övlad çiynində son mənzilə getməyin valideyn üçün xoşbəxtlik olduğunu dedi...
Ernest Heminquey “Əcəl zəngi” romanını XVI-XVII əsr ingilis şairi Con Donnun bu sözləri ilə başlayır: “...tufan sənin, ya dostunun evini yerlə-yeksan eləsə - dünya bir ev azalar; eləcə də hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən”.
Bax beləcə...
...Sənsən dünyadan köçən... mənəm dünyamdan köçən!

28-05-2024, 12:11
Tariximizə doğan Günəş!


Tariximizə doğan Günəş!

28 May - Müstəqillik Günü
1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında Şərqdə ilk müsəlman Demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranaraq müstəqillik tariximizdə silinməz iz qoydu və hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır.
Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı müddətdə gördüyü xeyli işlərlə bərabər təhsilimizə də çox böyük tövhəsini verdi. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən 1919-cu ildə yaradılan Bakı Dövlət Universiteti və 1930-cu ildə ondan ayrılan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) gənclərimizin zəkasına nurlu çıraq oldu. Savadlı gənclərimiz ali təhsil alaraq gələcəyin böyük ziyalılarına çevrildilər. Bununla da gənclər həmin universitetlərdən bəhrələnərək yüksək elmi zirvələri fəth etdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin fəal qurucularının hər biri çox böyük şəxsiyyətlər olub, vətən uğrunda canlarından keçiblər. Bizim generallarımız-Səməd bəy Mehmandarov, Əli Ağa Şıxlinski Rusiyada, Ruminiyada, Fransada böyük nüfuz qazanıblar. 1917-ci ildə Əliağa Şıxlınskini ”Rus artilleriyasının atası” adlandırıblar. Səməd bəy Mehmandarov isə brilyantlarla bəzədilmiş Georgi silahı ilə təltif olunub. Bu gün polad iradəli ordumuz Səməd bəy Mehmandarovun, Əliağa Şıxlınskinin iradəsindən güc alaraq onlardan bizə sərvət qalan bayrağımızı döyüş meydanında şərəflə dalğalandırırlar.
Vətən yolunda azadlıq çırağı
Düşmənə hər zaman olar göz dağı
Yüksəklərdən gələr səsi-sorağı
Müqəddəsdir, Azərbaycan bayrağı!

Azərbaycan Xalq Cümhuriyyətinin tövhələrindən biri də sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyova aid olan Azərbaycan himni hər bir Azərbaycan vətəndaşının qəlbində böyük sevgi ilə yaşayır.
Eyni zamanda, yaşadığı bu qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyəti daxili və xarici siyasətlə bərabər mədəniyyətimizə də öz tövhəsini vermişdir. 1918-ci ilin oktyabrında Dövlət Teatrı təşkil olunaraq “Bakı uğrunda müharibə”, “Azərbaycan” əsərləri tamaşaya qoyuldu.
Türk-müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə qadınların hüquq bərabərliyinin təmin edilməsi, qadınlara seçib-seçilmək hüququ verilməsi Azərbaycan qadınına verilən xüsusi diqqətin təcəssümü idi. Çünki, bir ölkədə qadının söz haqqı varsa, o dövlət daha güclü olar. AXC-nin sosial siyasət proqramına əsasən əsas diqqət müəssisələrdə 8 saatlıq iş gününün tətbiqinə və gecə növbəsinin ləğvinə yönəldildi. Qadınlara sağlamlığa ziyan vuran işlərdə çalışması qadağan edildi. Qadınlar işləyən müəssisələrdə körpələr evinin açılması nəzərdə tutulurdu. Azərbaycanda bu gün mövcud olan gender bərabərliyinin əsasını da Azərbaycan Xalq Cümhuriyyəti qoymuşdu.
“Azərbaycan Xalq Cümhuriyyəti doğma Vətənizimizin üzərində parlayan müstəqillik günəşidir.” (Hacı Zeynalabdin Tağıyev)
“Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir!!! Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-ci ilin 28 May-ı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin!” (Məmməd Əmin Rəsulzadə)
Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, F.Xoyski, N.Yusifbəyli, H.Ağayev, M.Hacınski, M.Y.Cəfərov, X.Sultanov, Ə.Şıxlınski, S.Mehmandarov, S.Sulkeviç, H.Səlimov kimi qəhrəmanlarımız günəş kimi əbədi parlayacaqlar!
Bu gün 1920-ci ildə yarımçıq qalan Azərbaycan-Türkiyə arzuları reallaşır…

Hər qarış torpağın əzizdir bizə
Ürəkdən könüldən sevirik səni.
Vətən deyiləndə ürək titrəyir,
Yox olur başından dumanı, çəni.

Gün gələcək birləşəcək vətənim.
O taylı, bu taylı Azərbaycanım.
Torpağın da "Vətən" - deyib güləcək
Çiçəklənən mənim doğma diyarım.


Aytac Mübarizqızı (Babayeva)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qiyabi və Əlavə Təhsil Mərkəzinin Ekologiya ixtisasının tələbəsi

27-04-2024, 16:08
Sən təkcə mənim anam deyildin


Sən təkcə mənim anam deyildin

Bəzən mənə elə gəlir ki, dünyada baş verən bütün yaxşılıqlar, xeyirxahlıqlar anaların üzü suyuna, onların xeyir-duası ilə baş verir. Hardasa bir pislik, qan-qada varsa, deməli orda anaların xətrinə dəyən, onların ruhunu incidən nəsə var. Hərdən də elə bilirəm ki, qadınların özləri ana olandan sonra, kişilər isə anasız qalanda anaların qədrini bilməyə, qiymətini daha yaxşı anlamağa başlayırlar. Mən bu dəfə öz anamdan söhbət açmaq istəyirəm. O anadan ki, təkcə mənə yox, mənimlə eyni kənddə doğulanlara, mənimlə bir məhəllədə oynayan rəfiqələrimə, mənimlə birgə məktəbə gedən sinif yoldaşlarıma da eyni dərəcədə analıq qayğısı, ana nəvazişi göstərib.
Nədənsə son dövrlər uşaqlıq illərimi tez-tez xatırlayıram. Bəlkə də ona görə ki, uşaqlıq illəri ömrümün tumurcuqlayan, gənclik illərim isə çiçəklənən dövrü olub... Yaş ötdükcə borana-qara düşmüş, tufanlardan keçmiş bir ağaca bənzəyir insan... O da gah yağışda islanan, gah küləkdən üşüyən, bəzən də günəşin istisindən qovrulan yarpaqlar kimi solaraq torpağa qarışır... Həmişə öz özümə sual verirdim. Görəsən nə üçün insan ən çox uşaqlıq illərinin həsrətini çəkir?...
Üç ildir-anamı itirəndən o sualın cavabını tapmışam. Çünki uşaqlıq illəri insanın analı illəridir. O illərdə saçlarında ana əli gəzir, hörüklərində ana barmaqlarının, yanaqlarında ana dodağının hərarəti qalır. Bizlərdən yarım əsr uzaqlaşan o illəri nə geri qaytara bilərsən, nə də nəyəsə dəyişə bilərsən. Sadəcə qayğısız, atalı-analı illərin həsrətini çəkərsən, vəssalam...
Əziz oxucular, anam yaşasaydı sabah 100 yaşı tamam olacaqdı. Bu münasibətlə ürəyimdən keçdi ki, onu sizlərə də tanıdım:
Şəkərəliyeva Saçlı Əli qızı 1924-cü il 27 aprel tarixində Qərbi Azərbaycanın Qafan rayonunun Pürülü kəndində anadan olub. Uşaqlıq, məktəb illəri Pürülü kəndində keçib... 1931-ci ildə Pürülü ibtidai məktəbində 1-ci sinfə gedib. 1935-ci ildə həmin məktəbi bitirərək Gığı kənd orta məktəbinə daxil olub. 1941-ci ildə Gığı məktəbində orta təhsili başa vuraraq həmin ildən eyni məktəbdə müəllimlik fəaliyyətinə başlayıb. 1955-ci ildən 1973-cü ilə qədər müəllimlik fəaliyyətini Pürülü kəndindəki ibtidai məktəbdə ibtidai sinif müəlimi kimi davam etdirib. Hər bir müəllim kimi anam da şagirdlərin təhsil həyatında mayak idi, təhsil verdiyi səxslər günümüzün alimləri, həkimləri, müəllimləridir. Kəndimizdən pərvazlanan, hərəsi öz peşəsində fərqlənən, insanlara müxtəlif sahələrdə xidmət göstərən o kəslərin bir çoxu Saçlı müəllimənin yetirmələridir.
Saçlı xanım görkəmli riyaziyatçı, öz dövründə Qərbi Azərbaycanda sayılıb seçilən, pedaqoji cameədə sayğı göstərılən Həsən Şəkərəliyevlə ailə həyatı qurmuşdu. Şəkərəliyeva Saçlı o zamankı çətin dövrün şərtlərilə zəmanəsinin qayğıkeş müəllimi olmaqla bərabər, həm də gözəl ailə sahibi idi. Dövrün bilikli şagirdlərini yetişdirən Saçlı Şəkərəliyeva eyni zamanda valideyn kimi cəmiyyətə 7 layiqli övlad bəxş etmişdir. Böyük oğlu Abbas Şəkərəliyev ali təhsilli coğrafiya müəllimi, həm də tanınmış musiqiçi idi. Müxtəlif dövrlərdə dünyanın müxtəlif ölkələrində keçirilən musiqi festivallarında mükafatlar almışdı.


Ortancıl oğlu Firudin Şəkərəliyev də atamızla Abbasın yolunu seçmiş alı təhsilli riyaziyyat müəllimidir. Kiçik oğlu Yaqub isə geoloqdur. Böyük bacımız Elena tez ailə qurduğundan orta təhsillə kifayətlənmiş, Gülara Şəkərəliyeva tibb bacısı, Dilarə Şəkərəliyeva alı təhsilli fizika müəllimidir. Ailəmizin kiçik qızı, tibb bacısıyam.(2010-2015 cü illərdə ictimai fəaliyyətlə məşğul olmüşam, Mehdiabad Bələdiyyəsinin üzvü secilmişdim.)
Anam gözəl pedaqoq, fədəkar ana olmaqla bərabər ictimai işlərdə də fəal iştirak edib. Onun nur çöhrəsi üzündən evimiz həmişə qonaq-qaralı olub. Kimsənin qəlbinə toxunmayan Saçlı anam qapımıza diləyə gələnləri də heç vaxt əliboş yola salmazdı. Gözəl və səmimi qonşuluq- qohumluq münasibəti saxlayar, adət ənənələrimizin qorunmasında özünəməxsus sədaqət nümayiş etdirərdi. Allaha yaxın olmaq üçün namaz- niyazından da qalmazdı.
1988 ci ilin keçməkeşli əzablı qaçqınlıq dönəmini yaşamış Saçlı xanım 2021-ci ildə aprel ayının 9-da dünyasını dəyişib. Çaylı kənd qəbirisatnlığında dəfn olunub. Həm bir müəllim, həm də bir şəxsiyyət kimi ən yüksək insani dəyərlərin nümunəsi olan canım Anam, 100 ilik yübileyin cənnətdə mübarək olsun!
Harda olmasından asılı olmayaraq, analar duyar. Bilirəm sənin ruhun da məni duyur. Sağlığında eşitmək istədiklərini indi deyirəm. Çünki bir gün sənsiz qalacağımı heç ağlıma gətirməmişdim.
Əziz anam, sən mənim yaddaşımda nəcib, dürüst, səmimi, ləyaqətli, şəfqətli və mərhəmətli olaraq həmişə yaşayacaqsan. Sənin o qədər təmiz ürəyin vardı ki, nəinki heç kəsin arxasınca danışmazdın, heç kəs barədə pis düşünməyi belə ağlından keçirməzdin.
Sənin kimi bir şəxsdən öyüd aldığım, ana qayğısı gördüyüm, analıq öyrəndiyim üçün çox şanslıyam, qürur mənbəyim, anam! Nigaran olma, səndən aldıqlarımı sevə-sevə bəslədiyin nəvələrinə, nəticələrinə, kötücələrinə elə həm də yadıcalarına ötürməyə çalışacağam. Hər zaman gözünü üstümdə, özünü qəlbimdə hiss edirəm, gözəl, xanım-xatun Anam! Səni anaya ən çox ehtiyacım olan vaxtda itirdim. Bu sınıq könlüm səni hər an anır, gözəl Anam!..
Üç ildən adladı dünyadan köçdüyün.... Sənin yoxluğuna alışmaq çox çətindir. Ana, Anacan bir bilsəydin sənin üçün necə darıxıram! Daha yoxsan, nəfəsin, səsin gəlmir. O nurani çöhrəni hər məclisdə, hər yerdə çox axtarıram. Bilirəm tapmayacağam, çünki səndən birdə olmayacaq, Allah sənə rəhmət eləsin, qayğıkeş, mehriban Anam! Sənin simanda bütün Analara rəhmət diləyirəm...
Ruhun şad olsun!
Ruhuna ehtiramla

Suvarə HƏSƏNQIZI
30-12-2023, 22:25
Azərbaycan Respublikasının Prezidentinə A Ç I Q   M Ə K T U B


Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Heydər oğlu Əliyevə

yazıçı-jurnalist Miraslan Məcnun oğlu Bəkirli tərəfindən
A Ç I Q M Ə K T U B
Çox hörmətli cənab prezidentimiz, qalib sərkərdəmiz, Siz mənim və Azərbaycanı sevən hər kəsin arzu və xəyallarını gerçəkləşdirdiyiniz üçün min kərə Sizə “Sağ olun”, – deyirəm. Mən Aztv-də verilişlər hazırlayanda (1992-ci ildən 2018-ci ilə qədər) sonluqda həmişə Şuşaya, Kəlbəcərə, Göyçəyə, İrəvana qayıdacağımızı vurğulayanda bəzən məndən soruşurdular ki, “Sən doğrudan bu qayıdışa inanırsan?” Onda mənim bir cavabım olurdu: – Bu qəhrəman xalqı, milləti düşmən üstünə aparan sərkərdənin olacağına öz varlığım kimi inanıram. Siz təkcə mənim yox, bizim – Bütöv Azərbaycanın, dünya azərbaycanlılarının və bizi sevənlərin sərkərdəsisiniz, prezidentisiniz, rəhbərisiniz. Mən dəfələrlə şəhidlik zirvəsinə tərəf getmişəm, amma o mənə nəsib olmayıb (qaynar nöqtələrdən “Cəbhədən qayıtmışıq”, “Qılınc qolun davamıdır” verilişlərini hazırlamışam, bir neçə dəfə risq edib “ermənistan” adlandırılan ata-baba yurdlarımıza gedib, gördüklərimi lentin yaddaşına köçürüb Aztv-də efirə vermişəm). Qarabağın işğalda olan bölgələri və Qərbi Azərbaycanla bağlı yüzlərlə veriliş eləmişəm... Sizin sərkərdəliyiniz sayəsində torpaqlarımız işğaldan azad olunandan sonra illərlə həsrətində olduğumuz qələbə sevincini yaşadıq və buna görə Sizə minnətdaram ki, milyonlarla mənim kimi Vətən övladının yarasına məlhəm qoydunuz.
Bir il əvvəl – ötən ilin dekabrında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşdə Siz tarixi bir məqama da müdrik imzanızı atdınız və millətlə, xalqla bir yerdə olmağınızı bir daha sübut etdiniz. Ad gününüzdə “ailəmlə bir yerdəyəm”, – deməyinizlə milyonlarla qəlblərdə bir daha özünüzə yer elədiniz və bizim çiynimizə məsuliyyətli bir vətəndaş vəzivəsi qoydunuz. Mən indi Qərbi Azərbaycan İcmasında çalışıram və kollektivin hər üzvü kimi, Sizin etimadınızı doğrultmaq üçün əlimdən gələni edirəm. Qərbi Azərbycan İcmasında hörmətli Ədalət Vəliyevin sizə təqdim etdiyi yüzlərlə saat arxiv materialları olan kaset və diskləri mən 1992-ci ildən yığıb saxlayıram. İndi də, multimediyanın rəhbəri kimi, Qərbi Azərbaycandan məcburən köçürülən, işgəncələrə, haqsızlıqlara məruz qalan sahidləri lentin yaddaşına köçürürəm. Təkcə Azərbaycanda yox, Qazağıstanda, Türkiyədə, Gürcüstanda yaşayan erməni-bolşevik zülmünə məruz qalan soydaşlarımızı – yaşayan tarixi – sürgünlərə, deportasiya və soyqırımlara məruz qalan insanları arxivləşdirməkdəyəm. Heç bir təmənna güdmədən, böyük həvəs və istəklə əlimdən gələni etməyə çalışmışam ki, dədə-baba torpaqlarımız, tariximiz unudulmasın və tarixi haqsızlıqları dünya ictimaiyyətinə catdıra bilək, urvatla, ədalətlə, ləyaqətli şəkildə ata-baba torpaqlarımıza qayıda bilək. Mənim həmişə bircə təmənnam olub: Azərbaycanı bütöv görmək. Gərgin əməyiniz, müdruk siyasətinizlə bu müqəddəs bütövlük amalı üçün məqsədyönlü işinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Kollektivimizlə, Qərbi Azərbaycanlılarla həmişə Sizin yanınızdayıq.
Mən təkcə telejurnalist kimi hazırladığım verilişlər, filmlərlə yox (“Vətən qürbətdə qaldı”, “Ağrı”, “Qafqaz türklərinin soyqırımı”, “Burda bir el vardı”, “Həsrət”, “Kəlbəcər faciəsi” “Durnalar qayıdanda”, “Yurd yeri”, “Şahidlər və şəhidlər”, “Ağdaban faciəsi”, “Xocalı şəhid şəhər”, və s. silsilə verilişlər və filmlər), yazıçı kim də Azərbaycan tarixindəki haqsızlıqları bədii sözün gücü ilə ədəbiyyata gətirən nasirlərdənəm. “Sürgün”, “Mübariz”, “Kəlbəcər ağrısı”, “Bir gecənin gəlini” romanlarda, “Yiyəsizlər”, “Qara Canavar”, “Tanrı yazısı”, “Kərənti səsi” povestlərdə və onlarla hekayə, mənsur şeirlərdə tarixi həqiqətləri bədiiləşdirmişəm. Bu əsərlərin hər biri tam və qısametrajlı filmlər üçün dəyərli mənbədir. Bədii filmlər üçün yazdığım ssenarilərlə Azərbaycan həqiqətlərini əks etdirməklə yaşadığımız tarixi haqsızlığları ekran əsərləri vasitəsiylə dünya xalqlarına çatdıra bilərik və son vaxtlar yaxşı ekran əsərləri gözləyən tamaşaçıları da sevindirə bilərik.
Çox hörmətli Prezidentimiz, Qalib Sərkərdəmiz inanıram ki, dünyada tanınmış siyasətçi –H.Əliyev ailəsində böyüyən(burda, “Ustad oğlundan şəyird olmaz”, – məsələsi yerinə düşərdi), müasir siyasi müstəvidə müdrikliyi, siyasi çevikliyi, təfəkkürü, bir neçə dildə səlis danışığı ilə jurnalistləri və tamaşaçıları heyran qoyan İlham Heydər Oğlu Əliyev bizi daha möhtəşəm qələbələrə aparacaq. Bu yolda Sizə uğurlar arzulayıram. Sizi Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə təbrik edir, Azərbaycanımızın firəvan sabahı naminə Sizə yeni ildə yeni-yeni nəaliyyətlər arzu edirəm.

Dərin hörmət və ehtiramla:
Miraslan Məcnun oğlu Bəkirli

31 dekabr 2023-cü il
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!